Məhkəmə qərarları › İş №1(124)-455/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-455/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-455/2025 30.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X4, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Fides Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 2008-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2ərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Yetkinlik yaşına çatmayanlar üçün Penitensiar Müəssisədə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, o, 08 mart 2025-ci il tarixdə saat 02:50 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Kristal Abşeron-1” yaşayış kompleksinin yaxınlığında yerləşən “Karizma” adlı geyim mağazasının qarşısındakı pilləkənlərdə əyləşmiş, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs siqaret istəyərkən sonuncunun ona siqaretinin olmadığını bildirdiyi halda, Zərərçəkmiş şəxs yanında sərxoş və yerdə uzanıqlı vəziyyətdə olmuş tanışı, yetkinlik yaşına çatmayan Şahid əlində tutduğu və istifadə etmədiyi siqareti götürməsinə Zərərçəkmiş şəxs irad bildirməsi və sonuncunun ona «sən neynirsən, özbaşına uşağın siqaretini niyə göturursən» deyib pilləkənlərdən ayağa qalxıb siqareti təcili qaytarmağı tələb etməsi və əli ilə onun yaxasından tutub çəkməsi, bu zaman dartınaraq Zərərçəkmiş şəxs əlindən çıxmaq istəyərkən dirsəyi sonuncunun ağız nahiyəsinə dəyərək ona alt dodağın sol yarısının selikli qişasının açıq yarası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurduğuna görə Zərərçəkmiş şəxs yenidən onun üstünə getməsi və anasının ünvanına söyüşlər söyməsi səbəbindən zərərçəkmiş şəxsin təşəbbüsü ilə şəxsi münasibətləri zəminində başlanmış mübahisə zamanı əynində olan şalvarın cibində saxladığı dırnaqtutan alətin bıçaq hissəsi ilə onun qarın nahiyəsinə qəsdən 2 dəfə vurub, ona döş qəfəsinin sol yarısının bir ədəd döş boşluğuna nüfuz edən sol ağciyəri yaralayan, döş boşluğuna qansızma törədən deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər və döş qəfəsinin sol yarısının bir ədəd döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, mart 8-i evinə tez-tez getdiyi sinif yoldaşı ona axşam zəng vurub evdə tək olduğunu, onlara gəlməyini, səhər məktəbə bir getməklərini demişdir. O, evdən çıxanda dırnaqlarını kəsmədiyi üçün dırnaqtutan götürüb evdən çıxmışdır. Yolda motosikletlə gələn iki nəfər tanış adam görmüşdür. Yaxınlaşıb görüşmüşlər, ondan niyə bu saat çöldə olduğunu soruşmuşlar. O da dostugilə getdiyini bildirmişdir. Sonra yolun qırağında geyim mağazasının qarşısında iki nəfər olduğunu, birinin uzanmış, digərinin oturmuş vəziyyətdə olduğunu görmüşdür. O, həmin şəxslərin sərxoş olduğunu görmüş, ilk olaraq yaxınlaşıb, suya və.s nəyəsə ehtiyacları olduğunu soruşmuşdur. Sonra onlara burada oturmamalarını, keçib parkda istirahət etməklərini bildirmişdir. Burada - yolun qırağında qalmaqları həm özlərinə, həm də ətrafdakılar üçün narahatlıq yaratmışdır. Ayxan ona öz işi ilə məşğul olmağını demişdir. O da həmin şəxslərin sərxoş olduğunu bildiyinə görə heç nə deməmiş, sadəcə siqaretlərinin olub-olmaması barədə soruşmuşdur. Ayxan siqaretinin olmadığını demiş, Nizami isə sərxoş vəziyyətdə əlindəki siqareti ona uzatmışdır. Ayxan bunu görəndə ona Nizaminin siqaretini qaytarmasını bildirmişdir. Siqaret çəkilmiş vəziyyətdə olmamışdır. Bundan sonra o ayağa qalxıb üstünə gəlmiş, əlbəyaxa olmuşdurlar. O, qolunu çəkəndə dirsəyi onun ağzına dəymiş, bundan sonra o əsəbiləşmiş, söyüş söyüb üstünə gəlmiş və nə olduğunu bilmədən cibindən dırnaq tutanı çıxarıb üstünə tutmuşdur ki, qorxub üstünə gəlməsin, sonra aralarındakı məsafə qısalmış, sonra oradakı uşaqlar onları aralamış, o da çıxıb getmişdir. O, oradan gedən ana kimi Ayxana xəsarət yetirdiyini bilməmişdir. Dırnaq tutanın üstündə hər hansı qan ləkəsi olmamışdır. Əməlindən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi tədqiq edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəni təsdiqləyərək ifadəsində göstərdi ki, Hadisə günü yəni 8 mart 2025-ci il tarixində gecə saatlarında o, Xırdalanda dostu Nizami ilə görüşmüş, viski almışdır. Dostu ilə parka getmiş, skamyada əyləşmişdirlər. İçki içdikdən sonra biraz gəzməyi fikirləşmişlərdir, lakin dostu Nizaminin halı pisləşmişdir. Onlar yol kənarına çıxdıqdan sonra orada “Xarizma” adlı geyim mağazasının qarşısında pilləkənlərdə oturmuşdurlar. O, ətrafa baxmışdır. Gecə saat 2-3 radələrində Təqsirləndirilən şəxs və arxasınca iki motosiklet gəldiyini görmüş, saxlayıb bir-biriylə görüşmüşdürlər. Görüşdükdən sonra Təqsirləndirilən şəxs onlara yaxınlaşmış və burada əyləşməməklərini, problem yaranacağını demişdir. O da Riada öz işi ilə məşğul olmasını demişdir. Söhbət edəndə Riadın əlində bıçaq görməmişdir. Sonra Riad ondan siqaret istəmiş, lakin onun siqareti olmamışdır. Sonra o digər tərəfə baxan zaman Təqsirləndirilən şəxs Nizaminin siqaretini götürdüyünü görmüşdür. Siqareti Nizaminin özünün təklif etdiyi və ya zorla ondan aldığını görməmişdir. O, həmin vaxtı ona öz başına niyə dostunun siqaretini götürdüyünü demişdir. O söyüş söyərək Riadın üstünə getmiş, siqareti qaytarmasını söyləmişdir. Həmin vaxtı Riadın dirsəyi onun ağzına dəymişdir. O, arxaarxaya getmiş, həm də içkili olduğu üçün başı fırlanmışdır. Sonra təzədən üstünə getmiş, əlbəyaxa olmuşlar və Riadın dostları onları aralamışdır. İçkili olduğu üçün ümumiyyətlə həmin anda onu vurduğunu hiss etməmişdir. Riad getdikdən sonra o keçib Nizaminin yanında oturmuş, bədənində ağrı, sızıltı hiss etmiş, kurtkanı açıb baxanda yaralandığını, köynətində qan olduğunu görmüşdür. Riadın dostları onu taksiyə minib göndərmişdirlər. Barışıq vardır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, həmin vaxt çox içkili olduğu üçün heç nəyi xatırlamamışdır. Həmin gün Ayxanla görüşmüş, içki içməyə qərar vermişdirlər. 1 litr yarım viski içmişdirlər. “Xarizma” geyim dükanının yanına getdiyini və Riadın ora gəlməsini də xatırlamamışdır. İçdikdən sonra ona pis təsir etmiş, sadəcə Ayxana, evə getmək istədiyini demişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” 08 mart 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektindədir. Baxış zamanı yerdən qanabənzər izlər aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 7-10) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 690 saylı rəyi ilə müəyyən edilmişdir ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – döş qəfəsin sol yarısının bir ədəd döş boşluğuna nüfuz edən sol ağciyəri yaralayan döş boşluğuna qansızma törədən deşilmiş-kəsilmiş yarası, döş qəsəsin sol yarısının bir ədəd döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası- iti deşici kəsici alətin təsirindən törənmişdir, qərarda qeyd edilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilərdilər; - Dərəcəsinə görə döş qəfəsin sol yarısının bir ədəd döş boşluğuna nüfuz edən sol ağciyəri yaralayan döş boşluğuna qansızma törədən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir; - döş qəsəsin sol yarısının bir ədəd döş boşluğuna nüfuz etməyən deşilmişkəsilmiş yarası isə – dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Alt dodağın sol yarısının selikli qişasının açıq yarası – bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş zamanı yumruq zərbəsi təsirindən əmələ gəlməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (Cild 1, iş vərəqləri 115-117) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 2147 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, ona hər hansı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olduğu, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya bildiyi müəyyən edilir. Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədərkən öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqləri 200-203) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabı ilə Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müyyən olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət törədərkən yetkinlik yaşına çatmaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, öz əməlindən səmimi peşmanlıq çəkməsi, ona qarşı heç bir şikayət və tələbin olmaması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə də islah olunmasını mümkün hesab edir. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışıq baş verdiyi bir halda, cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq da çəkməsi ilə cəzanın məqsədinə nail olması və sosial ədalətin bərpa edilməsi mümkündür. Cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qərara alınmışdır ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bu məqsədlə Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli Qərarının 2ci bəndinə əsasən Cinayət Məcəlləsinin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayəthüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X1rşı, § 26). Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ictimai təhlükəli olmadığını və azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə islah oluna biləcəyini mümkün hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, şərti məhkum etmə təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 04 aprel 2025-ci il tarixli qərarı ilə barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 22 iyul 2025-ci il və 18 sentyabr 2025-ci il tarixli qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs ümumilikdə 06 ay 27 gün həbsdə olmuşdur. (Cild 1, iş vərəqləri 150-153, 189-193) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən qeyd edir ki, iş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal azad edilsin. Ona təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar