Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-456/2024 16.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X12 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Xaçmaz rayonu, Hacılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, Xaçmaz rayonu, Hacılar kəndində qeydiyyatda olan və ünvan 5-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt məhkəmə kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə çəkisi 4,830 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamış və daşımış, 15 sentyabr 2023-cü il tarixdə saat 12:50 radələrində Abşeron RPİnin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib həmin gün saat 15:10-dan 15:20-yə kimi xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibində həmin 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə 4,830 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o, narkotik vasitələrin istifadəçisi olmamış və qeyd edilən maddə ilə yaxından və ya uzaqdan əlaqəsi yoxdur. İttihamda göstərilən ifadələr yanlışdır. Qurma bir ittihamdır. 15 sentyabr bilik günündə saat 11:30-da tutulmuşdur. Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində saxlanılmışdır. Ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Bölməyə getməli olduğunu bildirmişlər. Ona heç bir sənəd təqdim etməmişlər. Polis vəsiqələrini istəsə də onlar göstərməmişlər. Avtomobilin açarını götürmüşlər. Telefonunu götürmüş və onlarda qalmalı olduğunu bildirmişlər. İki nəfər onun qoluna girmişlər. Avtomobilin arxa oturacağında oturmuşlar. Bir nəfər də sürücü öndə oturmuşdur. Saat 12:30-da onu tutmuşlar. 15 dəqiqə və ya yarım saat ərzində polis bölməsinə çatmışlar. Saatın tamamında bölmədə olmuşdur. Üzərində avtomobilinin açarı olmuşdur. Saxlanıldığı zaman orada tanımadığı şəxslər olmuşdur. O, dövlətə xəyanət etməmişdir. Dövləti satmamışdır. Onu polis bölməsində üçüncü mərtəbəyə çıxarmışlar. Birinci o, polisin zirzəmisində olmuşdur. Polis bölməsində telefonuna baxmışlar. Telefonunda heç bir şey aşkar olunmamışdır. Barəsində düzgün araşdırılma aparılmamışdır. Ona çəkilişin gələcəyini və çəkilişdə danışmasını demişlər. Ona çəkilişdə dediklərini deməsini bildirmişlər. O, çəkilişə icazə verməmişdir. Çəkiliş olmamışdır. Onların dediklərinə görə o, tutulmamışdan bir gün əvvəldən onu izləmişlər. Hara getdiyini və haradan gəldiyini, hətta nə geyim aldığını da izləmişlər. Gecəni harada olmağını da ona polis bölməsində onlarla danışanda demişlər. Onlardan onu dünən niyə tutmadıqlarını soruşmuş, onlar da həmin gün yanında övladı olduğu üçün onu tutmadıqlarını cavabını almışdır. Hörmət əlaməti olaraq onu tutmadıqlarını bildirmişlər. O, polislərə çəkiliş etməyə imkan yaratmayacağını bildirmişdir. Yenidən onu aşağı mərtəbəyə düşürmüşlər. Ona vəkil təqdim olunmuş o isə həmin vəkili bəyənməmişdir. Təqdim olunan vəkil yaşlı bir kişi vəkil olmuşdur. O ilk olaraq onlardan vəkil tələb edərək onlara şəxsi vəkilinin olduğunu bildirmişdir. Altı və ya yeddinin yarısı onu təhqiqatçının otağına aparmışlar. Ona vəkildən imtina ilə bağlı kağız vermiş və bununla bağlı yazı yazmağını istəmişlər. O da bu kağızı yazmış və imzalamışdır. Həmin sənəd iş materiallarında olmalıdır. Bu günə kimi həmin sənəd yoxdur. Verilən ifadələrdən imtina etmişdir. Polis əməkdaşı cibindən çıxardığı narkotiki stolun üzərinə qoymuş və həmin narkotikin ona aid olduğunu bildirmişdir. İki nəfər də hal şahidi gətirmişlər. İşin hallarına baxılanda hər şey hər kəsə aydındır. Onun övladı yanında olmuşdur. Övladına geyim almağa getmişdir. Övladının 12 yaşı olmuşdur. Övladını evə yola salmışdır. Saxlandığı yerlə evinin məsafəsi yaxın olmuşdur. Yolun o biri tərəfində onların binası olmuşdur. Şəxsi axtarış videoçəkilişlə olmamışdır. Hal şahidləri iştirak etmişdir. Fiziki təsir olmamışdır. Psixoloji təzyiqlər olmuşdur. Onunla söyüşlə danışıqlar olmuşdur. Onun övladının dərsi saat bir də başlayır. Dünən onu izlədiyini deyən şəxsin adı iş materiallarında göstərilməmişdir. Şahid qismində göstərilən əməkdaş isə ümumiyyətlə onu saxlayan şəxslərin içərisində olmamışdır. Həmin şəxs sonradan gəlmişdir. Əməliyyata aidiyyatı yoxdur. Sonradan əməliyyatçı kimi ora gəlmişdir. O, Abşeron rayon Polis İdarəsindən evə zəng edə bilməmişdir. Ona hüquqları və vəzifələri izah olunmamışdır. Onu öz istədiyi vəkillə təmin etməmişlər. O saat 12-də idarədə olmuşdur. Saat on ikidə üzərində axtarış keçirilmişdir. Şöbəyə əvvəlcə şəxsin üzərini axtarmadan buraxmırlar. Onu aşağıda üç saat yarım gözləyəndən sonra təhqiqatçının otağına aparmışlar. Onu rəisin yanına aparmaq adı ilə saxlamışlar. Oturduğu yerdə hüquqlarını ona demişlər. İlk olaraq o, vəkildən imtina etmişdir. Müstəntiq oxuduqca imzalamaqdan imtina etmişdir. İlkin etapda izah olunmayan hüquqlar sonradan ona izah olunmuşdur. Birinci mərtəbədə yerləşən küncdəki otaqda orada müstəntiqdən əlavə bir nəfər olmuşdur. Onlar sual verməyə başlamışlar. Orada başqa söhbətlər də getmişdir. Ona göstəriş gəldiyinə görə içəriyə getməli olduğunu bildirmişlər. O nəyə görə içəri getməli olduğunu soruşsa da, bu məsələ ona izah olunmamışdır. Ayaqqabılarının içərisinə qədər onu yoxlamışlar. Gödəkcəsini əynindən çıxararaq yoxlamışlar. O altı saat orda olmuşdur. Həmin müddət ərzində gödəkcə onların kabinetində olmuşdur. Gödəkcə onun üzərində olmamışdır. Təhqiqatçının yanında vəkildən imtina ərizəsini yazmışdır. O, vəkildən ərizənin yazılma qaydasını soruşmuşdur. Ərizənin məzmununu vəkil ona demişdir. Vəkildən imtina ediləndən sonra hərəkətlər aparılmışdır. Bir saat aşağıda qalmışdır. Bir saatdan sonra onu yenidən yuxarıya qaldırmışlar. Çəkilişin aparılmasını demişlər. O, çəkilişdən imtina etmişdir. Həmin vəkil sona qədər orada olmuşdur. Aşağıda üzərinə birinci dəfə axtarış ediləndə orada vəkil olmamışdır. Müstəntiq öz cibindən narkotiki çıxarıb masaya qoyanda vəkil buna etiraz etməmişdir. Polislərin onunla belə rəftar etməsini özünün dindar olması ilə əlaqələndirmişdir. O nə vaxtsa narkotik istifadə etməmişdir. Ona dövlətə xəyanətlə içəriyə getmək maddəsinin ağır olduğunu bildirmişlər. Ona hörmət əlaməti olaraq narkotiki təklif etmişlər. Onun qohumlarından tutulan yoxdur. Onun qohumları da din əhlidir. O, molla olduğu üçün onu saxlamışlar. 2002-ci ildən 2012-ci ilə qədər Qum şəhərində Dini təhsil almışdır. Özünə vəkil olaraq Zibeydə xanımı dəvət etmək istəmişdir. Onunla dörd ay əvvəldən müqaviləsi olmuşdur. Hüquqlarının müdafiəsi üçün müqavilə bağlamışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsində, özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, O, Xaçmaz rayonu, Hacılar kəndində qeydiyyatda olmaqla ünvan 5-də ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkumluğu olmayıb və rəsmi olaraq heç bir yerdə işləmir. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2023-cü il tarixdə saat 11:15 radələrində yaşadığı evin yaxınlığında azyaşlı uşağı ilə birlikdə olarkən tanımadığı 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq onlarla birlikdə getməli olduğunu bildirmişlər. Bu zaman o, həmin şəxslərdən onu nə üçün polis idarəsinə dəvət etdiklərini soruşduqda sonuncular ona aparılmasının səbəbini polis idarəsində biləcəyini demişlər. Həmin vaxt bir daha israrla polis əməkdaşlarından onu nə üçün polis idarəsinə dəvət etdiklərini soruşduqda isə ona bildirmişlər ki, «elə eləmə ki, əlinə qandal vurub aparaq». Bundan sonra həmin 3 nəfər polis əməkdaşı onun qolundan tutaraq öz avtomobillərinə əyləşdirib onu Abşeron rayon polis idarəsinə gətirmişlər. Onlar polis idarəsinə gələrkən yolda Samsung A-52 markalı mobil telefonu polis əməkdaşları tərəfindən götürülmüş, onlar polis idarəsinə çatdıqdan sonra idarənin 1-ci mərtəbəsində otaqların birində təxminən 1 saat gözləmişdir. Həmin müddət ərzində də xeyli sayda tanımadığı polis əməkdaşları içəri daxil olub çıxmışlar. Bundan sonra onu polis idarəsinə gətirən 3 nəfərdən 2-si və təhqiqatçı ona vətən xaini olduğunu, vətəni satdığını bildirmişlər. O, həmin vaxt polis əməkdaşlarının bu sözlərinə etirazını bildirmişdir. Bundan sonra rəis kimi təqdim olunan, lakin adını bilmədiyi şəxsin otağına aparılmış, həmin otaqda rəis kimi təqdim olunan şəxs də ona vətən xaini olduğunu demişdir. Təxminən 5-10 dəqiqədən sonra yenidən təhqiqatçının otağına aparılmış, təhqiqatçının otağında ailəsinə və öz müdafiəçisinə məlumat verilməsini bildirsə də təmin olunmamışdır. Bundan sonra da polis əməkdaşları ona bildirmişlər ki, «hörmət əlaməti olaraq səni vətən xaini kimi yox, narkotiklə sənədləşdirəcəyik». O, buna etiraz etdikdə isə polis əməkdaşları bildirmişlər ki, «bu da bizim sənə yaxşılığımız, səni “Band otdelə” də apara bilərdik ki, səni orada ağıllandırsınlar». Bundan sonra da təhqiqatçı tərəfindən dəvət olunmuş müdafiəçinin və 2 nəfər hal şahidlərinin, həmçinin polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Müdafiəçi və hal şahidləri dəvət olunmazdan əvvəl o, polis əməkdaşlarına və təhqiqatçıya bildirmişdir ki, üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkilişdə də üzərində heç bir narkotik vasitənin olduğunu deməyəcəkdir. Bundan sonra polis əməkdaşları ümumilikdə belə qərara gəlmişlər ki, üzərinə şəxsi axtarış hal şahidlərinin iştirakları ilə keçirilsin. Bundan sonra da üzərinə şəxsi axtarış keçirilsə də üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Bir daha bildirir ki, o, narkotik vasitə qəbul etmir və narkomaniya xəstəliyindən əziyyət çəkmir. Üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar olunduğu qeyd edilən həmin narkotik vasitə ona məxsus deyil, həmin narkotik vasitəni masanın üzərinə onu yaşadığı evin yaxınlığında saxlayıb polis idarəsinə gətirən əməkdaşlardan biri öz cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanımışdır. İlin doqquzuncu ayı, səhər saatlarında təxminən 12:00-13:00 arası Təqsirləndirilən şəxs yaxınlaşaraq onu Polis İdarəsinə dəvət etmişlər. Onlar şəxsi evinin yaxınlığında tək olan zaman piyada vəziyyətdə saxlamışlar. Bundan əvvəl onlar şəxsə yaxınlaşmamışlar. Şəxs barəsində onlarda əvvəlcədən əməliyyat məlumatı olmuşdur. Məlumatda narkotik vasitələri üzərində gəzdirməsi və satışı ilə məşğul olması göstərilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuşdur. Ona heç bir təzyiq olunmamışdır. Onun üzərində heroin aşkar olunmuşdur. Şəxsin üzərində şəxsi axtarış hal şahidlərinin iştirakı ilə aparılmışdır. Hal şahidləri İdarənin yaxınlıqlarında olmuşlar. Hal şahidlərini əvvəlcədən tanımamışdır. O, şəxsə yaxınlaşanda digər şəxslə birlikdə olmuş və özlərini təqdim etmişlər. Şəxsə nə barəsində şübhəli olduğu izah olunmuşdur. Bu əməliyyat tədbiri təxirəsalınmaz əməliyyat tədbiri olmuşdur. Məruzə olunmuş və əməliyyata şəxsən özü rəhbərlik etmişdir. İdarədə şəxsin üzərinə şəxsi axtarış və baxış aparılmışdır. Onlar təqsirləndirilən şəxsi çöldə saxlamışlar. Dəqiq saxladıqları yeri hadisənin üzərindən çox vaxt keçdiyi üçün xatırlamamışdır. Şəxs barəsində məlumatın konkret nə vaxt daxil olmasını xatırlamamışdır. Məlumat həmin gün daxil olmuşdur. Raportda qeyd edildiyi kimi şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Şəxsin şəxsiyyəti əvvəlcədən onlara məlum olmuşdur. Şəxsi zahiri görünüşünə əsasən saxlamışlar. Seyrək saqqallı və qulağı qırıq olduğunu bildiklərinə görə şəxsi müəyyən etmişlər. Onlar şəxsi təhqiqatçıya təhvil vermişlər və bundan sonra sənədləşdirmə olmuşdur. Sənədləşdirməni özü aparmamış, sadəcə özünə aid olan sənədləri yazmışdır. Onlar şəxsi İdarəyə gətirdikdən sonra əvvəlcə növbətçi hissəyə təhvil verilmiş ondan sonra təhqiqatçı ayrılmışdır. Təhqiqatçı ayrıldıqdan sonra sənədləşdirmə aparılmışdır. Şəxsi axtarış hal şahidlərinin iştirakı ilə aparılmışdır. Hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitəni ortalığa qoymuşdur. Təqsirləndirilən şəxs narkotiki sağ yan cibindən çıxarmışdır. Hal şahidlərinin iştirakı ilə sənədləşdirilmişdir. Eyni zamanda şəxsin digər ciblərinə də baxılmışdır. Şəxs təhqiqatçıya veriləndən sonra şəxsi axtarışa qədər olan hissə onun səlahiyyətinə aid olan məsələ deyil. Təqsirləndirilən şəxsin öz evinə məlumat verməsini və ya kiminsə onun evinə məlumat verməsini dəqiq xatırlamamışdır. Təqsirləndirilən şəxs sənədləri imza edib-etməməsini dəqiq xatırlamamışdır. Onlar iki nəfər olaraq təqsirləndirilən şəxsi saxlamışlar. Digər şəxsin adı Yaqubov Samir olmuşdur. Təqsirləndirilən şəxsi xidməti avtomobillə aparmışlar. Avtomobilin sağında və ya solunda oturmasını dəqiq xatırlamamışdır. Avtomobili kimin idarəetməsini dəqiq xatırlamamışdır. Təqsirləndirilən şəxs avtomobilin arxa oturucağında əyləşmişdir. Təqsirləndirilən şəxsin yanında Sabir əyləşmişdir. Şəxsi birbaşa İdarəyə aparmışlar. Şəxsin üzərində şəxsi axtarış ilkin sənədləşdirilmədən sonra aparılmışdır. Heç bir gecikmə olmamışdır. Saat 13:00-idi. O, təqsirləndirilən şəxsin telefonunu götürməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Şahid1 təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında qrup yardılmışdır. Onlar məlumatda göstərilən əraziyə yaxınlaşaraq şəxsi saxlamış və Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Şəxsi İdarəyə gətirdikdən sonra əvvəlcədən tanımadığı hal şahidlərinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Üzərindən bir ədəd heroin aşkar olunmuş və narkotik vasitə ekspertizaya yollanmışdır. Onlar şəxsə heç bir təzyiq etməmişlər. Şəxsin özü saxlanılanda onlara tabesizlik göstərmişdir. Şahid1 daxil olmuş əməliyyat məlumatı barədə ona səhər məlumat vermişdir. Onlar Xırdalan şəhərində, səhər saatlarında müşahidə aparmışlar. Şəxsi 12:50-radələrində saxlamışlar. Şəxsin Xırdalan şəhəri 26-cı məhəllə adlanan ərazidə olması müəyyən olunmuşdur. Onlar dərhal əraziyə yaxınlaşmışlar. Şəxs saxlanılan ünvanda tək olmuşdur. Onlar yaxınlaşaraq özlərini təqdim etmiş və şəxsi avtomobilə dəvət etmişlər. Şəxs avtomobilə əyləşmək istəməmişdir. Onlar da bir polis əməkdaşı kimi şəxsi avtomobilə əyləşdirmişlər. Şəxsə qandal vurulmamışdır. Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil verilənə qədər onların yanında olmuşdur. Təhqiqatçının təyin edilməsini öz xidməti otaqlarında gözləmişlər. Təhqiqatçı yuxarı mərtəbədə olmuşdur. Şəxs Şahid1 yanında sənədləri imzalamışdır. Eyni zamanda təhqiqatçının yanında da sənədləri imzalamışdır. Telefonu kimin götürməsini xatırlamamışdır. Ümumiyətlə şəxsin telefonunun olub-olmamasını xatırlamamışdır. Təqsirləndirilən şəxs onların otağında çox qalmamışdır. Bu müddət 10-15 dəqiqə çəkmişdir. Daha sonra təhqiqatçının otağına təqsirləndirilən şəxsi aparmışlar. Onun sağ yan cibindən narkotik vasitə aşkar olunmuşdur. Hal şahidlərini o dəvət etməmişdir. Vəkili təhqiqatçı çağırmışdır. Təqsirləndirilən şəxs ailəsinə kimin məlumat verməsini xatırlamamışdır. Şahid1 ilə eyni gündə ifadə vermişlər. Birinci Şahid1 ifadə vermişdir. Müstəntiq onlardan ifadələri ayrı-ayrılıqda almışdır. İfadəsi onun öz sözləri ilə yazılmışdır. Hadisə eyni olduğuna görə ifadələr arasında eyniliklər olmuşdur. Onun həmin gün diş ağrısı olmamışdır. Avtomobili Şahid1 idarə etmişdir. Özü avtomobilin arxa sağ oturacağında əyləşmişdir. Məhkəmə baxışında hal şahidi qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəldən tanımamışdır. Sentyabr ayında iki polis əməkdaşı onlara parkın yanında idarəyə gedən yolda yaxınlaşaraq bir nəfər şəxsi saxladıqlarını və hal şahidinə ehtiyaclarının olduqlarını bildirmişlər. Polisin təklifinə etiraz etməmişdir. Onları Abşeron rayon Polis İdarəsinə gətirmişlər. Orada təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin sağ cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə aşkar olunmuşdur. Sonra o, evinə getmişdir. Polis əməkdaşları onları dəvət etmişdir. Dəvət edən şəxslərdən biri Şahid1 olmuşdur. O işləmir. Fərdi əməklə məşğuldur. Şəxsi axtarış aparılanda onunla birlikdə digər hal şahidi də iştirak etmişdir. Ümumilikdə orada 5-6 nəfər olmuşlar. Digər hal şahidini əvvəldən tanımamışdır. Parkla idarə arasında 2-3 dəqiqəlik piyada yol olmuşdur. Ona yaxınlaşanda heç kim yox idi. Ona nə üçün çağrıldığı izah olunmuşdur. Tutulan şəxsin cibindən narkotikin aşkar olunmasını görmüşdür. Hüquqları və vəzifələri ona izah olunmuşdur. Polislər ona polis idarəsində gördüklərini bildirməli olduğunu izah etmişlər. Polis əməkdaşı ona öz xidməti vəsiqəsini göstərmişdir. Onun da yanında digər bir polis əməkdaşı olmuşdur. Təhqiqatçının otağında digər şəxslər də olmuşdur. Həmin otaqda protokolu yazan bir nəfər də iştirak etmişdir. Təqsirləndirilən şəxsə vəkil təqdim edilmişdir. Narkotik vasitə şəxsin sağ cibindən aşkar olunmuşdur. Videoçəkiliş olmamışdır. Ən sonda baxışda iştirak edən şəxslərin fotoşəkili çəkilmişdir. Sənədlər ona izah olunmuş və o da həmin vaxt qol çəkmişdir. Gördüklərini müstəntiqə danışmışdır. Digər hal şahidi ondan sonra gəlmişdir. Üzərinə baxış zamanı orada olmuşdur. Ondan sonra digər hal şahidi də ifadə vermişdir. Sonra o getmişdir. Onun verdiyi ifadəsi öz sözləri ilə yazılmışdır. Ona zəng olunmamışdır. O gələndə axşam tərəfi idi. Saat yeddi-səkkiz arası idi. Axşam tərəfi axtarış olmuş və şəxsin cibindən narkotik aşkar olunmuşdur. Təqsirləndirilən şəxs cins şalvar və qara köynək geyinmişdir. Özü Xırdalan şəhərində yaşamışdır. Həmin vaxtı Heydər Parkının yaxınlığında olmuşdur. O əvvəlllər hal şahidi kimi iştirak etməmişdir. O, polis əməkdaşlarını əvvəllər tanımamışdır. Ona təzyiqlər olunmamışdır. O, parkda nərd oynamışdır. Saat altından sonra idi. Polis əməkdaşları sual verəndən sonra narkotiki özü çıxarmışdır. Müstəntiq ona heç bir təzyiq etməmişdir. Təqsirləndirilən şəxs əvvəlcə narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Məhkəmə baxışında hal şahidi qismində dindirilmiş Əliyev Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəldən tanımamışdır. O, Xırdalan şəhərində kənd Xırdalan adlanan ərazidə, Mehdi Hüseynzadə küçəsində yaşamışdır. Orada avtomobil yerində olan zaman Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu hal şahidi olaraq bölməyə dəvət etmişlər. O da buna etiraz etməmiş və onlarla birlikdə bölməyə getmişdir. Bölmədə onları bir otağa salmışlar. Otaqda Təqsirləndirilən şəxs olmuşdur. Otaqdan təqsirləndirilən şəxsdən əlavə digər hal şahidi də olmuşdur. Şəxsin üzərində şəxsi axtarış aparılmışdır. Heç kim şəxsin cibinə girməmiş şəxs narkotiki öz təqdim etmişdir. Üzərində olan narkotiki stolun üstünə qoymuşdur. Sellofan bükümdə narkotik vasitə olmuşdur. Başqa heç nə görməmişdir. Onu hal şahidi kimi polis bölməsinə dəvət edən polislər şahidlər siyahısında olan şəxslərdir. Balaca boy kök adam olmuşdur. Hal şahidi kimi ona hüquqlarının izah olunması yadında deyildir. Bəlkə də izah olunmuşdur. Ondan başqa bir nəfər də olmuşdur. Onlardan başqa polis əməkdaşları da olmuşdur. Şəxsi axtarış aparılanda çəkiliş aparılmamışdır. Səhv etmirsə axırda şəkil çəkilmişdir. O, videoçəkiliş görməmişdir. Vəkil də iştirak etmişdir. Vəkillə bağlı dedikləri onun yadında deyildir. O, hal şahidi qismində ilk dəfə iştirak etmişdir. Həmin günə qədər heç vaxt hal şahidi qismində iştirak etməmişdir. Onun hal şahidi qismində çağırılmağından iki və ya üç ay keçmişdir. Hal şahidi kimi iştirak etməyinə görə ödəniş almamış və ya ödəniş verilməmişdir. Narkotik vasitədən başqa stolun üstünə bir şey qoymamışdır. Pulun çıxmasını görməmişdir. Şəxsin telefonu olmuşdur. Avtomobilin açarını görməyini xatırlamamışdır. Şəxsiyyət vəsiqəsinin olub-olmamasını xatırlamamışdır. Hava çox da qaralmamışdı. Təhqiqat çəkilişi zamanı neçə dəfə aşağı düşüb və yuxarı çıxmaqlarını xatırlamamışdır. İstintaq zamanı müstəntiq tərəfindən dindirilmişdir. Burada dedikləri kimi orada da ifadə vermişdir. Axşam tərəfi olmuşdur. Dəqiq saatı xatırlamamışdır. Saat təxminən dörd-beş arası olmuşdur. Təqsirləndirilən şəxsin dediyi iki dəfə aşağı düşüb və yuxarı çıxmaqlarını xatırlamamışdır. O, şəxsin vəkilə etiraz etməsinin şahidi olmamışdır. Onları polis bölməsinə dəvət edəndə saat dörd və beş arası olmuşdur. Onu hər hansı formada istiqamətləndirən olmamışdır. Heç bir təsir olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinə xx.xx.1981-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Xaçmaz rayonu, Hacılar kəndində qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbulu, satışı ilə məşğul olması və üzərində qanunsuz olaraq gəzdirməsi barədə məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1981-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Xaçmaz rayonu, Hacılar kəndində qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, 15.09.23-cü il tarixdə narkotik vasitə qəbulu, satışı ilə məşğul olması və qanunsuz olaraq saxlamasında şübhəli bilinən xx.xx.1981-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Xaçmaz rayonu, Hacılar kəndində qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə saat 12:50 radələrində Abşeron RPİ-nin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirilən əməliyyat- axtarış tədbirləri zamanı yaşadığı ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Abşeron RPİ-yə gətirilib xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 16 sentyabr 2023-cü il tarixli 3-16/16/2-6/4903 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «....Təqsirləndirilən şəxs üzərindən» sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,830 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 6236 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 2034 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət və onun izi aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(012)-696/2023 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 15.09.23-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Prokurorunun köməkçisi İİİ dərəcəli hüquqşunas X6 420-C-23 saylı yoxlama materialı üzrə qəbul etdiyi xx.xx.2023-cü l tarixli qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi müraciəti əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs psixoloji işgəncəyə məruz qalması barədə göstərdikləri öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən Cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələri və doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2018-ci təvəllüdlü X11, xx.xx.2021-ci il təvəllüdlü X7 adında dörd azyaşlı və xx.xx.2009-cu il təvəllüdlü X9 adlı bir yetkinlik yaşına çatmayan övladları vardır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinə xx.xx.1981-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Xaçmaz rayonu, Hacılar kəndində qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbulu, satışı ilə məşğul olması və üzərində qanunsuz olaraq gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə hall şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və hall şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs narkotik maddəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə küllü miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin, hall şahidlərinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə tövsif edilməlidir. Bundan başqa məhkəmə ibtidai istintaq zamanı hall şahidi qismində iştirak etmiş şəxslərin ifadələrinə şəxsi axtarış və götürmənin aparıldığı saata münasibətdə qiymət verərək qeyd edir ki, hall şahidləri məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Həmçinin hall şahidləri Şahid3 Əliyev və Şahid4 hadisə barədə ifadə verdikləri vaxtdan bir ilə yaxın bir müddətin ötməsini nəzərə alaraq məhkəmə ibtidai istintaq zamanı verilmiş ifadədə göstərilən vaxtın daha əsaslı olması qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsin bütün istintaq müddətində özünü təqsirli bilməməsi ilə əlaqədar verdiyi ifadələri məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara əsasən qiymətləndirməyi zəruri hesab edir. Belə ki, araşdırılan cinayət işi üzrə hall şahidləri ən neytral şəxslərdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinə hall şahidlərinə ətraflı suallar verməklə onların müdafiə mövqeyini əsaslandırmaları üçün şərait yaradılmışdır. Məhkəmə qeyd edir ki, hall şahidləri heç bir tərəddüdsüz və şübhə altına alınmasına əsas olmayacaq şəkildə narkotik vasitənin təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar olunduğunu bildirmişlər. Bundan başqa hall şahidlərinin suallara cavab vermə tərzləri fikirlərini əsaslandırma üslübları məhkəmədə onların səmimi və həqiqətə uyğun ifadələr verdiklərinə dair fikir formalaşdırmışdır. Onların təqsirləndirilən şəxsə qarşı hər hansı bir qərəzli mövqedə olmaları müəyyən olunmamışdır. Bundan başqa məhkəmə əməliyyat tədbirini həyata keçirən polis əməkdaşlarının iş üzrə şahid qismində dindirilməsinin münasibət bildirərək qeyd edir ki, polis əməkdaşlarının sözügedən əməliyyat tədbirini həyata keçirən şəxslər olması səbəbindən məhkəmə bu hala həssaslıqla yanaşmış, həmin şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə iş materiallarında olan sübutları qarşılıqlı olaraq araşdırılmış və yekunda məhkəmə həmin şəxslərin şahid ifadələrinin həqiqəti əks etdirən obyektiv sübut olması qənaətinə gəlmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs özünündə qeyd etdiyi kimi ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona heç bir fiziki təsir göstərilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs psixoloji təsirə məruz qaldığını bildirsədə məhkəmə istintaqı zamanı cinayət işinin materiallarında buna dair heç bir sübuta rast gəlinməmişdir. Həmçinin müdafiə tərəfi buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Əksinə cinayət işinin materiallarını öyrəndikdə aydın görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Porsessual Məcəlləsində nəzərdə tutulmuş hüquqlarından həm ona dövlət hesabına vəkil verildiyi həm də müqavilə üzrə vəkili iştirak etdiyi dövrdə tam şəkildə istifadə etmişdir. Həmçinin müdafiə tərəfinin qeyd etdiyi məsələyə dair Abşeron rayon Prokurorluğunda araşdırma aparılmış və təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatar öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Bundan başqa cinayət işinin materiallarına baxdıqda görünür ki, təqsirləndirilən Qədir Məmməov ona təqdim olunmuş bir çox sənədlərə heç bir səbəb göstərmədən imza etməkdən imtina etmiş və bu barədə hər bir sənədə təhqiqatçı tərəfindən qeyd qoyulmuşdur. Müdafiə tərəfi bu halı təqsirləndirilən şəxsin özünün istədiyi vəkil tərəfindən müdafiə olunmaq istəyi ilə əlaqələndirsə də, cinayət işini materiallarında qeyd olunan hala dair nə təqsirləndirilən şəxsin nə də ki ona dövlət hesabına təyin olunmuş vəkilin belə bir qeydi müəyyən olunmur. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı müqavilə üzrə vəkili Müdafiəçi ilə sonuncunun vəkil orderindən müəyyən olunduğu kimi xx.xx.2023-cü il tarixdə müqavilə bağladığını, müqaviləni həmin tarixdən bağlamaqda məqsədinin barəsində hər hansı bir cinayət işi olduqda hüquqlarının vəkil Müdafiəçi qzı tərəfindən müdafiə olunmaq olduğunu bildirmiş və bunu istintaq orqanının ona qarşı qərəzinin olması ilə əlaqələndirmişdir. Lakin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd etdiyi xüsusat heç bir sübuta əsaslanmır yalnız özünün və müdafiəçisinin fikirləridir. Həmçinin məhkəmə yuxarıda da qeyd etdiyi kimi təqsirləndirilən şəxsin bu cür yanaşması olduğu təqdirdə ona təqdim edilmiş sənədlərə bu barədə yəni hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə olunmasını əks etdirən hər hansı bir qeyd müəyyən olunmur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müdafiə hüquqları pozulmamışdır. Təqsirləndirilən şəxs tutulduğu andan heç bir fiziki və psixi təsirə məruz qalmadan öz hüquqlarından tam istifadə etməklə ona qarşı irəli sürülmüş ittihamı tamamilə rədd etmək kimi müdafiə taktikası seçmişdir. İbtidai istintaq orqanı isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində toplanmış sübutlara istinadən cinayət işini məhkəməyə göndərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələrini təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı ibtidai istintaqda və məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda narkotik maddəni əldə etməsi, saxlaması və daşımasına dair əməli törətməsi hall şahidlərinin, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1- 1-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı (59.1.4) və bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını (59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin saxlanc anbarında saxlanılan ümumi qalıq çəkisi 4,780 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin saxlanc anbarında saxlanılan ümumi qalıq çəkisi 4,780 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-456/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-456/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver