Məhkəmə qərarları › İş №1(124)-457/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-457/2024

20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-457/2024 20.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X5 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 28,214.2.1, 28,214.2.3, 214-2, 220.2, 228.3, 233, 278, 279.1, 281.2, 283.2.3, 315.2-ci maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2445 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 31 avqust 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 21,289 qram çəkidə narkotik vasitə heroin əldə edib Abşeron rayonu, Mehdiabad qəsəbəsinə daşımış və üzərində saxlamış, 31 avqust 2023-cü il tarixdə saat 19:25 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən “İrşad Telecom” mağazasının yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin günü saat 20:55-dən 21:04-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə çəkisi 21,289 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamla təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, illərdir xalq üçün mübarizə apardığından ictimai sferada tanınır. 2015-ci ilin əvvələrindən müsəlman təşkilatının qurucularından biri olub və həmin təşkilat qurulduğugündən müxtəlif təzyiqlərə məruz qalıb. 2015-ci ildə Nardaran hadisələri zamanı tutulub və 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Lakin o, heç kimi kütləvi iğtişaşlara dəvət etməyib. 2021-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılıb və yenidən ictimai fəaliyyətlə məşğul olmağa davam edib. Şəhid və qazi ailələrini, həmçinin dəstəyə ehiyacı olan digər ailələri mütəmadi ziyarət edərək onlara köməklik edib. Şəhid və qazi ailələrini ziyarət etdiyi üçün o, tez-tez müvafiq dövlət orqanlarına dəvət edilərək təzyiqlərə məruz qalıb, şəhid və qazi ailələri ilə görüşməməsi tapşırılıb. Bundan 1 il sonra xeyli dost-tanışını bu cür şərləyib, həbs ediblər və onlardan biri də odur. Onun üstünə narkotik vasitə qoyub onu şərləyiblər. Baş Narkotiklərlə Mübarizə İdarəsində ona bildirilib ki, onun tutulması barədə sifariş gəlib. 31 avqust 2023-cü il tarixdə axşam 7-8 radələrində onu saxlayan polis əməkdaşları əvvəlcə ona yaxınlaşaraq 18 manat cəriməsi olduğunu deyib və ona xidməti maşına yaxınlaşmasını istəyiblər. Maşına yaxınlaşdıqda isə onun əllərini arxadan tutub əməliyyat tədbiri keçirdiklərini deyib, onu Mehdiabad PB-nə aparıblar. Orada gecəyarısı saat 2-ə qədər polis əməkdaşları tərəfindən qeyri-insani rəftara, fiziki zorakılığa məruz qalıb, həmçinin ailəsi ilə təhdid olunaraq psixi təsir və təzyiqlərə məruz qalıb ki, üzərinə qoyduqları narkotik vasitənin ona məxsus olduğunu boynuna alsın. O da məcburiyyət qarşısında qaldığından etirafedici ifadə verib. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, ittiham aktında qeyd olunan tarix və ünvan doğrudur, lakin saat düzgün göstərilməyib. Hər şey əvvəlcədən hazırlandıqdan sonra videoçəkiliş aparılıb. Videoçəkiliş zamanı isə müqaviləlli vəkili olmasına baxmayaraq başqa vəkil iştirak edib. Onu “İrşad-Telecom”un yanında 10-15 nəfər, təqribi 3-4 maşından ibarət polis əməkdaşları özlərini təqdim etmədən saxlayıblar. Çəkiliş zamanı “narkobiznes”in əməkdaşları olduqlarını bildiriblər. Birinci onu maşında saxlayıblar, hava qaraldıqdan sonra bölmənin inzibati binasına aparıblar. Əməliyyatın rəhbəri, Ələkbər müəllim olub, ən çox təzyiq göstərən isə Anar adlı polis əməkdaşı olub. Amma çəkilişdə isə hamısı olmayıb. Vəkil o, tutulandan bir neçə saat sonra gəlib. Saxlanılmağı barədə heç kimə məlumat verilməyib. 15 gün sonra yoldaşı DİN-ə müraciət etdiklərini və onun Kürdəxanıda olduğunu öyrəndiklərini deyib. Dövlət hesabına olan vəkili bir videoçəkiliş zamanı, bir də sanksiya məhkəməsində görüb. Bakı İstintaq Təcridxanasına gəlməmişdən qabaq bir gün MSY-də saxlanılıb, səhəri gün təcridxanaya qəbul olunanda məruz qaldığı təzyiqləri müayinə zamanı deyib. Tutulduğu vaxta qədər şərlənib həbs olunan dostlarının ailələri ilə görüşüb, tədbirlərə gedib, şəhid ailələri ilə görüşlər keçirib. Rəsmi əmək haqqı aldığı yer olmayıb, fərdi əməklə məşğul olub. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 1 ildir ki, müxtəlif narkotik vasitələr və psixotrop maddələr istifadə edir. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində piyada gəzən zaman yerdən 01 ədəd büküm tapmışdır. Bükümü açmış və içərisində narkotik vasitə olduğunu aşkar etmişdir. Həmin bükümü şalvarının sağ yan cibinə qoymuşdur. 31 avqust 2023-cü il tarixdə, saat 19:25 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən “İrşad Telecom” mağazasının yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 01 ədəd içərisində ***-***-**-** və ***-***-**-** simkart nömrələri olan “Samsung” markalı mobil telefon, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd üzərində 4169 7388 2860 8038 nömrəsi olan plastik bank kartı və 40 (qırx) manat pul aşkar edilmişdir. Sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd bank kartı və 01 ədəd sürücülük vəsiqəsi bu barədə ona izah verildikdən sonra götürülmüş, 40 (qırx) manat pul isə özünə geri qaytarılmışdır. Sorğu sual zamanı üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində xx.xx.2023-cü il tarixdə tapdığını, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını, polis əməkdaşlarına təqdim etmək üçün üzərində saxladığını, lakin təqdim etməmişdən əvvəl saxlandığını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra ona verilən suallara cavab olaraq bildirdi ki, əgər o, bir ildir ki, narkotik vasitə istifadəçi olsa idi, bükümün üzərində onun əl izi olardı, ya da ekspertiza rəyində qanında narkotik çıxardı. Elan olunan ifadəni məcbur qalıb imzalayıb. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 31 avqust 2023-cü il tarixdə, saat axşamüstü 7-8 radələrində əməliyyat qrupu üzvləri ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən “İrşad Telecom” mağazasının yaxınlığında piyada hərəkətdə olarkən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək onu Abşeron RPİ-nin Mehdiabad PB-nə gətiriblər. Polis bölməsində müdafiəçisinin də iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılıb. Təqsirləndirilən şəxs özü əynində olan şalvarın cibindən 01 ədəd bükümü təqdim edib. Həmin büküm açılaraq içərisində narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilib. Sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, kütləni həmin gün tapdığını, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını bildirib. Şahid1 ona verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndiirlən şəxs saxlanılanda yanında yox, amma ətrafda başqa insanlar olub. Əməliyyat məlumatına əsasən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunub. Mobil telefonu təqsirləndirilən şəxs saxlanılarkən deyil, sonradan Mehdiabad PB-də götürülüb. Təqsirləndirilən şəxs saxlanılarkən gözlə görünən hər hansı xəsarəti olmayıb. Şəxsi axtarış keçirilənə qədər təqsirləndirilən şəxsdən heç bir izahat alınmayıb və heç bir sənəd imzalamayıb. Təqsirləndirilən şəxsi saxlamağa 1 maşında 3 nəfər gediblər. Narkotik vasitə təqsirləndirilən şəxsin əynində olan şalvarının sağ yan cibindən aşkar edilib. O və ya digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təzyiq göstərilməyib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edilib müvafiq rəsmiləşdirmə işləri həyata keçirildikdən sonra 31 avqust 2023-cü il tarixdə, saat 19:00-da əməliyyat qrupu üzvləri ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən “İrşad Telecom” mağazasının yaxınlığında piyada hərəkətdə olarkən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək onu Abşeron RPİ-nin Mehdiabad PB-nə gətiriblər. Polis bölməsində müdafiəçisinin də iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılıb. Təqsirləndirilən şəxs özü əynində olan şalvarın cibindən 01 ədəd bükümü təqdim edib. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilib və əynində olan həmin şalvarın cibindən 01 ədəd “mobil telefon, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd plastik bank kartı və 40 manat pul aşkar edilib. Bundan sonra büküm açılaraq içərisində narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilib. Sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində həmin gün tapdığını, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını, polis əməkdaşlarına təqdim etmək üçün üzərində saxladığını, lakin təqdim etməmişdən əvvəl saxlandığını bildirib. Şahid2 ona verilən suallara cavab olaraq bildirdi ki, əməliyyat qrupuna o, Şahid1 və Şahid3 daxil olub, əməliyyat məlumatı ona daxil olub. Şəxs saxlanılarkən və ya polis bölməsində olarkən ona qarşı heç bir psixi və ya fiziki təsir və təzyiq göstərilməyib. Əməliyyat məlumatı 30 avqust 2023-cü il tarixdə daxil olub, əməliyyat tədbiri isə 31 avqust 2023-cü il tarixdə keçirilib. Əməliyyat məlumatının mötəbərliyi yoxlanıldıqdan sonra əməliyyat tədbiri keçirilib. Təqsirləndirilən şəxs barəsində əməliyyat qeydiyyat işi açılmayıb. Təqsirləndirilən şəxsin harada olması və digər məlumatlar əməliyyat məlumatında qeyd olunub, təqsirləndirilən şəxsə yaxınlaşanda yanında heç kim olmayıb. Təqsirləndirilən şəxsin üzərinə baxış saxlanıldığı yerdə deyil, polis bölməsində keçirilib. Təqsirləndirilən şəxsin saxlanıldığı otağa başqa şəxslər daxil olmayıb, müdafiəçini təhqiqatçı dəvət edib. Təqsirləndirilən şəxsin gözlə görünən hər hansı xəsarəti olmayıb. Şəxsi axtarış qurtardıqdan sonra şəxs Abşeron RPİ-nə təhvil verilib. İbtidai istintaq zamanı ifadəni özü verib, digər şahidlərlə ifadəsinin eyni olması normaldır, çünki hər üçü eyni hadisənin şahidi olublar. Təqsirləndirilən şəxs saxlanılarkən əynində olan paltarların rəngi yadında deyil. Təqsirləndirilən şəxsi 3 nəfər saxlayıb. O və ya digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə heç bir fiziki təzyiq göstərilməyib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək şahidlər Şahid1 və Şahid2 göstərdiklərini mahiyyəti üzrə eynilə təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli raportlardan görünür ki, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında 31 avqust 2023-cü il tarixdə, saat 19:25-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən “İrşad Telecom” mağazasının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasına gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 31 avqust 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında’’ protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 01 (bir) ədəd içərisində 077 ***-**-** və 050 680 03-63 simkart nömrələri olan “Samsung” markalı mobil telefon, 01 (bir) ədəd sürücülük vəsiqəsi, 01 (bir) ədəd üzərində 4169 7388 2860 8038 nömrəsi olan plastik bank kartı və 40 (qırx) manat pul aşkar edilmişdir. Sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd “Samsung” markalı mobil telefon, 01 (bir) ədəd bank kartı və 01 (bir) ədəd sürücülük vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 40 (qırx) manat pul isə şübhəli şəxsin özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində bu gün tapdığını, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını, polis əməkdaşlarına təqdim etmək üçün üzərində saxladığını, lakin təqdim etməmişdən əvvəl saxlandığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə protokola əlavə edilmiş diskdəki videogörüntü nümayiş etdirilmiş və həmin videogörüntü ilə şahidlərin ifadələrində göstərdikləri xüsusatlar və protokolda qeyd olunanlar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-dən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 01 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4632 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs təqdim etdiyi...» sözləri və olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 21,289 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi – 21,289 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 21,239 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 7933 nömrəli ambulator-məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3375 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM- nın 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin müraciəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsindən daxil olmuş qərara əsasən aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasından daxil olmuş və cinayət işi materiallarına əlavə edilərək tədqiq olunan, xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-4328/2024 saylı məktubdan və həmin məktuba əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı istintaq Təcridxanasına daxil olmuş və ilkin tibbi müayinə zamanı ondan xəsarət aşkar olunmamış, eləcə də o, müayinə zamanı zədə almadığını və şikayəti olmadığını bildirmişdir. “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunaraq cinayət işi materiallarına əlavə olunan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il və xx.xx.2015-ci il təvəllüdlü iki uşağı vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərilərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 21,239 qram çəkidə olan narkotik vasitə heroin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Abşeron RPİ-də maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Həmçinin təqsirləndirilən şəxslərin üzərinə şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 28,214.2.1, 28,214.2.3, 214-2, 220.2, 228.3, 233, 278, 279.1, 281.2, 283.2.3, 315.2-ci maddələri ilə təqsirli bilinərək 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2445 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.5-ci maddəsinə əsasən sonuncu törətdiyi xüsusilə ağır cinayət əməlinə görə əfv olunduğu gündən 08 (səkkiz) il müddət keçmədən yenidən ağır cinayət əməli törətdiyi üçün Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir və onun əməli cinayətin xüsusi təhlükəli residivi kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-nin 18.3.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin xüsusi təhlükəli residivini yaradır. Həmin Məcəllənin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından görünür ki, 08 dekabr 2023-cü il tarixdə ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbə barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarının 34-cü bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamış daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ilkin ifadələrində onun üzərindən aşkar edilmiş narkotik vasitəni heç kimə satmaq niyyətinin olmadığını bildirmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin, qərarın məzmunundan görünür ki, müstəntiq heç bir əsaslandırma aparmamış, heç bir möbətər sübuta istinad etməmişdir Müstəntiq tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarda və tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmələrini təsdiq edən heç bir möbətər sübuta istinad etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşımasına dair əməli törətməsi onun özünün ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri (narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsinə dair hissədə), mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində ilk dəfə dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Həmçinin onun polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı qeyd etdikləri hazırkı cinayət işi materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla, eyni zamanda BİT-dən daxil olmuş sorğuya cavab məktubu və tibbi kitabça ilə təkzib olunur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, onun həmin ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ilkin ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı ilkin verdiyi ifadəsini qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsi öz təsdiqini tapmadığından onun əməli Azərbaycan CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən, həmçinin himayəsində bir yetkinlik yaşına çatmamış uşağının olması isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edildi. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin xüsusi təhlükəli residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, yuxarıda qeyd edilən müddəaları, eləcə də işin faktiki hallarını, eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və xx.xx.2023-cü tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı dövründə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınıb, Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 21,239 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 21,239 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar