Məhkəmə qərarları › İş №1(124)-458/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-458/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-458/2024 18.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 29.11,1979-cu il tarixdə Dəvəçi rayonu, Pirəmsən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şabran rayonu, Pirəmsən kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 2,538 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində və yaşadığı mənzildə saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinın əməkdaşları tərəfindən 28 avqust 2023-cü il tarixdə, saat 19:30-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, 11 saylı evin yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan büsqalterin içərisindən həmin narkotik vasitə olan heroinin bir qismi, yəni 02 ədəd bükümdə, hər biri ayrı-ayrılıqda 0,494 qram və 0,741 qram olmaqla, ümumi təmiz çəkisi 1,235 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 11, 10 saylı mənzilə baxış keçirilən zaman mənzilin qonaq otağında olan oturacağın altından üzərində "Lost Mary” yazısı olan elektron siqaret qabının içərisindən həmin narkotik vasitə heroinin digər qismi, yəni 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,258 qr., 0,289 qr.. 0,173 qr., 0,198 qr.. 0,217 qr., 0,168 qr., ümumi təmiz çəkisi 1,303 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olsa da, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis bölməsində müstəntiq işi bağlayan zaman da o imza çəkməkdən imtina etmiş və bunu sənəddə qeyd etmişdir. Polis əməkdaşları onu 28 avqust 2023-cü il tarixdə evdə, uşağının yanında tutmuşlar, üzərində narkotik vasitə olmamış, ancaq 15 manat pul olmuşdur. Elsevər və Ramil adlı polis əməkdaşları onu tutaraq polis bölməsinə aparmışlar, polis bölməsində ona narkotik vasitə verərək aparıb evinə qoymasını söyləmişlər. Bunun qarşılığında hər gün gələrək imza atıb gedə biləcəyini vəd etmişlər, o da razılaşmışdır. Saxlanılan zaman üzərində narkotik vasitə olmamış, evdən götürərək Ramil adlı polis əməkdaşına vermişdir. Evdən aşkar olunmuş 06 ədəd büküm narkotik vasitə ona məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, təxminən bir ildir ki, narkotik vasitələrdən istifadə edirmiş, həmçinin, metamfetamin də istifadə etmişdir. Evdə polis əməkdaşlarına təqdim etdiyi narkotik vasitənin çəkisi yarım qramdan çox olmamış, həmin narkotik vasitəni tutulduğu gün tanımadığı şəxsdən 30 manata əldə etmiş, narkotik vasitəni elə 6 bükümdə almış, həmin narkotik vasitəni öz istifadəsi üçün almış, həmin bükümlərdən istifadə etməmiş, ibtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəni xatırlayır və müstəntiqə həmin narkotik vasitələri öz şəxsi istifadəsi üçün aldığını bildirmiş, amma, ifadəsini olduğu kimi yazmamışlar. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamış, xeyli müddətdir narkomaniya xəstəliyindən əzab çəkir. Narkotikin heroin növündən istifadə edir. Narkotiki tanımadığı ayrı-ayrı şəxslərdən özü şəxsi istifadəsi üçün əldə edir. xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Bakı şəhərinə öz şəxsi işləri ilə əlaqədar getmişdir. İctimai nəqliyyat vasitəsində olduğu zaman bir nəfər 30-35 yaşlarında qadınla tanış olmuşdur. Həmin qadının xarici görkəmindən narkotikdən istifadə etməsini hiss etmişdir. Adını bilmədiyi həmin qadınla birlikdə Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə avtobusdan düşmüşlər. Onunla söhbət əsnasında narkomaniya xəstəliyindən əzab çəkdiyini, həmin vaxt ağrılarının olduğunu deyib onun üçün narkotik vasitə təşkil edə bilibbilməyəcəyini soruşmuş, həmin şəxs isə üzərində 3 qrama yaxın narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni qramı 10 manat olmaqla, ümumilikdə 30 manata satdığını demişdir. O, həmin şəxsə 30 manat pul verərək narkotik vasitəni almış və yaşadığı ünvan 2 ünvanına qayıtmışdır. Almış olduğu narkotik vasitənin bir qismini istifadə edib, digər qismini xırda bükümlərə ayırmışdır. Ayırdığı bükümlərdən iki ədədini əynində olan büsqalterin içərisinə, qalan altı ədəd bükümü isə evin qonaq otağında olan oturacağın altına qoymuşdur. Həmin gün saat təxminən 19 radələrində yaşadığı evdən çıxıb şəhərə doğru getmək istəyərkən elə evin yaxınlığında ona bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşıb polis əməkdaşları olduğunu bildirərək ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirməyində şübhəli olduğunu demişlər və onu polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Orada üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X8 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. O, özü əynində olan büsqalterin içərisində saxladığı 02 ədəd bükümü təqdim etmişdir. Təqdim etdiyi büküm açılan zaman bükümün içərisində narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. O, üzərindən aşkar olunmuş həmin maddəni saxlanıldığı gün Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə tanımadığı şəxsdən 30 manat müqabilində şəxsi istifadəsi üçün aldığını, həmin narkotik vasitənin bir qismini yaşadığı evdə qonaq otağında olan oturacağın altında saxladığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqdim etdiyi narkotik vasitə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmişdir. Bundan sonra müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə müvəqqəti yaşadığı ünvan 3 ünvanına baxış keçirilmişdir. O, həmin mənzildə kirayə yaşayır. Mənzilin açarı üzərində olmuş və qapını özü açmışdır. Bundan sonra polis əməkdaşları onun qeyd etdiyi yerdən, yəni, evin qonaq otağında olan oturacağın altından üzərində "Lost Mary" yazısı olan elektron siqareti aşkar etmişlər. Həmin qabın içərisində 06 ədəd bükümdə narkotik vasitə heroin vardır. Narkotik vasitə heroin xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür (cild 01, iş vər. 128-130). İfadəsi elan edilərək tədqiq edildikdən sonra təqsirləndirilən şəxs evdə uşaq olduğu üçün polis əməkdaşlarının təqdim etdiyi bütün sənədləri imzalamaq məcburiyyətində qaldığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 28 avqust 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və evində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdə, saat 19:30 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində yaşadığı evin yaxınlığında saxlanılmış və Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə gəlmişdir. Polis bölməsində olarkən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və ona dövlət hesabına təyin olunan vəkilin də iştirakıilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan büsqalterin içindən 02 ədəd kağız bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümlər müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən ünvanına gedilmiş, həmin ünvana baxış keçirilən zaman 06 ədəd kağız bükümlərdə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, əməliyyat məlumatı səhv etmirsə Şahid1 daxil olmuş, məzmunu narkotik vasitənin satışı ilə bağlı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi yaşadıqları binanın qarşısında saxlamışlar, ona heç bir təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 28 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və evində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, dərhal rəhbərliyə raportla müraciət etmiş və tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında bölmə rəisi tərəfindən müvafiq əmrlə ondan, 2-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1, 2-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2, kiçik inspektor Şahid3, təhqiqatçı Əlinasir Nəsirli, Sumqayıt ŞPİ-nin Kriminalistik Tədqiqatlar bölməsinin kriminalisti Asəf Həbibovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 28 август 2023-cü il tarixdə, saat 19:30 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində yaşadığı evin yaxınlığında saxlanılmış, onlar daxil olmuş əməliyyat məlumatı ilə bağlı Təqsirləndirilən şəxs məlumat verib onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gəlmişdir. PB- də olarkən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nail Məmmədov dəvət olunmuşdur. Müdafiəçi gələndən sonra Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və üzərində qeyri qanuni əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan büsqalterin içindən 02 ədəd kağız bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda içərilərində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Həmin bükümlər elektron tərəzi vasitəsilə çəkildikdə 0.65 qram və 0,94 qram çəkidə olmaları müəyyən edilmişdir. Sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında 30 Manat pul verməklə şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini, bundan başqa yaşadığı evdə də narkotik vasitə saxladığını və onlarl təqdim edə biləcəyini bildirmişdir. Sonra təhqiqatçı tərəfindən aşkar olunmuş bükümlər qablaşdırılmış, protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına gedilmişdir. Həmin ünvana baxış keçirilən zaman Şəkər Yolciyeva mənzilin qonaq otağındakı oturacağın altından çəhrayı rəngli üzərində “Lost Marry" yazısı olan elektron siqaret qabını çıxarıb təqdim etmişdir. Həmin siqaret qaba baxış keçirilən zaman içərisindən 06 ədəd kağız bükümlərdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzi vasitəsilə çəkildikdə 0,49 qram, 0,29 qram, 0,23 qram, 0,46 qram, 0,29 qram, 0,25 qram, ümumi çəkilərinin isə 1,95 qram olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mənzilindən başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin ona məxsus olduğunu bildirmişdir. Sonra təhqiqatçı tərəfindən aşkar olunmuş bükümlər qablaşdırılmış, protokol tərtib edilmiş və bütün iştirakçılar həmin protokola imza etmişlər (cild 01, iş vər. 82-84). Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, hazırda Sumqayıt şəhər polis idarəsinin YYÇPTB-nin inspektoru vəzifəsində işləyirəm. 28 avqust 2023-cü il tarixdə Yolciyeva Şəkər Seyfulla qızının üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsi hərəkətlərində mən də iştirak etmişəm. Qeyd edim ki, Şəkər Yolciyeva Sumqayıt ŞPİ-nin 2- ci PB-yə gətirildikdən sonra hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nail Məmmədov dəvət olundu. Müdafiəçi gələndən sonra Şəkər Yolciyevaya hüquqları izah olundu və üzərində qeyri qanuni əşya vardırsa təqdim etməsi təklif olundu. Bu zaman Şəkər Yolciyeva əynində olan büstqalterin içindən 02 ədəd kağız bükümü çıxarıb təqdim etdi. Həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda içərlərində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olundu. Həmin bükümlər elektron tərəzi vasitəsilə ölçüldükdə 0,65 qram və 0,94 qram çəkidə olmaları müəyyən olundu. Sonra tərəfimdən Şəkər Yolciyevanın üzərinə şəxsi axtarış keçirildi, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmadı. Verilən şifahi suallara cavab olaraq Şəkər Yolciyeva təqdim etdiyi narkotik vasitələri xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında 30 manat pul verməklə şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini, bundan başqa yaşadığı evdə də narkotik vasitə saxladığını və onları təqdim edə biləcəyini bildirdi. Sonra təhqiqatçı tərəfindən aşkar olunmuş bükümlər qablaşdırıldı, sonra protokol tərtib olundu və bütün iştirakçılar həmin protokola imza etdilər. Daha sonra Şəkər Yolciyevanın yaşadığı ünvan 3 ünvanına gedildi. Həmin ünvanda baxış keçirilən zaman Şəkər Yolciyeva mənzilin qonaq otağındakı oturacağın altından çəhrayı rəngli üzərində «Lost Mary» yazısı olan elektron siqaret qabını çıxarıb təqdim etdi. Həmin siqaret qaba baxış keçirilən zaman içərisindən 06 ədəd kağız bükümlərdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr aşkar edildi. Həmin bükümlər elektron tərəzi vasitəsilə ölçüldükdə 0,49 qram, 0,29 qram, 0,23 qram, 0,46 qram, 0,29 qram, 0,25 qram, ümumi çəkilərinin isə 1,95 qram olması müəyyən edildi. Baxış zamanı Şəkər Yolciyevanın mənzilindən başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmadı. Verilən şifahi suallara cavab olaraq Şəkər Yolciyeva təqdim etdiyi bükümlərin ona məxsus olduğunu bildirdi. Sonra təhqiqatçı tərəfindən aşkar olunmuş bükümlər qablaşdırıldı, sonra protokol tərtib olundu və bütün iştirakçılar həmin protokola imza etdilər (cild 01, iş vər. 89-91). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə xx.xx.1979-cı il təvəllüdlü Təqsirləndirilən şəxs barədə narkotik vasitələrin əldə olunması, üzrində gəzdirməsi və istifadəsi, həmçinin yaşadığı evdə narkotik vasitələrin olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Sumqayıt şəhəri H.Zeynalabidin qəsəbəsi Pirəmsən kəndində qedyiyyatda olan və ünvan 5-da yaşayan xx.xx.1979-cı il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, daxil olan əməliyyat məlumatına əsasən narkotik vasitələrin əldə olunması, üzərində gəzdirməsi və istifadəsində şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi F.Qayıbov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə gətirilmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin də iştirakıilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan büstqalterin içindən 2 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü çıxarıb təqdim etmişdir. Bükülülər açılan zaman içərisində narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu müəyyən edilmiş, həmin bükümlər elektron tərəzi vasitəsilə çəkildikdə çəkilərinin 0,65 qram və 0,94 qram olması müəyyən edilmiş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 28- 29). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin də iştirakıilə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanının qonaq otağında yerləşən oturacağın (kreslo) altından çəhrayı rəngli, üzərində "LOST Mary" yazısı olan elektron siqaret qabı aşkar edilmiş, həmin siqaret qabı açılaraq içərisinə baxış keçirildikdə İçərisindən 6 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş halda narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdə çəkilərinin 0,49 qram, 0,29 qram, 0,23 qram, 0,46 qram, 0:29 qram, 0,25, qram, ümumi çəkilərinin isə 1,95 qram olması müəyyən edilmişdir. Çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 32-33). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4583 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №126...” dairəvi möhür əksi və “... vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 bükümdə kütlə; Təqsirləndirilən şəxs-imza, ...beş- imza, Təhqiqatçı: Ə.Nəsirli-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 02 (iki) ədəd bükümlərdəki təmiz çəkisi 0,494 qram, 0,741 qram, ümumi təmiz çəkici 1,235 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 126...” dairəvi möhür əksi və “... vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş vasitələr; Təqsirləndirilən şəxs-imza, ...beş-imza, Təhqiqatçı: Ə.Nəsirli-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 06 (altı) ədəd bükümlərdəki təmiz çəkiləri 0,258 qram, 0,289 qram, 0,173 qram, 0,198 qram, 0,217 qram, 0,168 qram, ümumi təmiz çəkisi 1,303 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş ümumi 8 (səkkiz) bükümdə olan heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olub, ümumi təmiz çəkisi 2,538 qramdır (cild 01, iş vər. 40-45). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 7819 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 112- 113). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində CMnin 206 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması rədd edilmiş və Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən əldə etməsi faktına görə CM-in 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilmişdir (cild 01, iş vər. 134-143). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə xx.xx.1979-cı il tarixdə Şabran rayonu Pirəmsən kəndində anadan olmuş, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə olunması, üzrində gəzdirməsi və istifadəsi, həmçinin yaşadığı evdə narkotik vasitələrin olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilən zaman 2 bükümdə 0,65 qram və 0,94 qram çəkidə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Daha sonra əməliyyatın davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmişvə həmin baxış zamanı oradan 6 bükümdə, ümumi çəkiləri 1,95 qram narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr məhkəmə-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilərək narkotik vasitə heroin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəla həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən aşkar olunan narkotik vasitənin ona aid olmaması, evdən aşkar olunan narkotik vasitənin çəkisinin az olması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmişdir. Bundan əlavə, onun üzərindən aşkar olunan narkotik vasitə heroin ilə evindən aşkar olunan narkotik vasitə heroin eyni tərkibə malik olmuşdur. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin onun üzərindən və yaşadığı evdən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Məhkəmə Təqsirləndirilən şəxs özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, xırda bükümlərə bölünərək saxlanılması bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə edərək üzərində və yaşadığı evdə saxlamışdır. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 76). Məhkəmə kollegyası Təqsirləndirilən şəxs qadın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı, həmçinin məhkəməyə ünvanladığı yazılı ərizədə himayəsində bir azyaşlı uşağının olduğunu bildirsə də, həmin halı təsdiq edən heç bir sənəd iş materiallarında aşkar olunmamış, habelə müdafiə tərəfindən həmin halı təsdiq edən heç bir sənəd məhkəməyə təqdim olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 20, 72-73). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 2,378 qram qalıq çəkisi qalmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD diksin cinayət işinin matriallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 100 AZN (bir yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 2,378 qram qalıq çəkisi qalmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD diksin cinayət işinin matriallarında saxlanması nəzərə alınsın. İş üzrə 100 AZN (bir yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar