Məhkəmə qərarları › İş №1(124)-46/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-46/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-46/2024 18.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Dəvəçi rayonu Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, Siyəzən rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzası 03 il 06 ay müddətə endirilmiş, xx.xx.2021ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 0,127 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı, 0,504 qram psixorop maddə metamfetamini və külli miqdarda, yəni, ümumi təmiz çəkisi 7,691 qram narkotik vasitə olan heroini yaşadığı ünvanda saxlamış, 18 iyul 2022-ci il tarixdə saat təxminən 17 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin saxlanılmasında və qanunsuz dövriyyəsində şübhəli olduğu üçün yaşadığı ünvanın qarşısında saxlanılmış, üzərində keçirilən şəxsi axtarış zamanı qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamış, lakin yaşadığı ünvana keçirilən bvaxış zamanı evin dəhlizində olan dolabın üzərindən 1 (bir) ədəd kardon qutunun içərisində 1 (bir) ədəd gümüşü rəngli kağızı bükülüdə 0,504 qram ağ rəngli psixotrop maddə metamfetamin, 2(iki) ədəd kağız bükülülərdə hər birinin ayrı-ayrılıqda çəkiləri 0,052 qram və 0,075 qram olmaqla 0,127 qram narkotik vasitə olan qurudulmuş marixuana, üzərilərində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd sınıq şüşə ampula və 1 (bir) ədəd pambıq tamponu, digər otaqda olan stolun altından 1 ədəd işlək vəziyyətdə üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan “Diamond” markalı elektron tərəzi və tərəzinin üzərində şəffaf rəngli selofan bükülünün içərisində 7(yeddi) şəffaf rəngli bükülülərdə ayrı-ayrılıqda çəkiləri 5,850 qram, 0,805 qram, 0,260 qram, 0,213 qram, 0,196 qram, 0,189 qram, 0,178 qram olmaqla ümumilikdə 7,691 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları onu yaşadığı evin içərisində saxlamışlar. Həmin vaxt onun qızı da yanında olmuşdur. Təxminən 15-20 nəfər polis əməkdaşı ondan razılıq almadan yaşadığı evə daxil olmuşlar, onlar mənə fiziki təzyiqlər göstərmişlər. Yaşadığı evə baxış keçirmişlər, əvvəlcə heç bir qanunsuz vasitə aşkar etməmişlər. Ondan aşkar olunduğu qeyd edilən qanunsuz vasitələri daha sonra özləri qoymuşlar. Evdəki sellofanların sadəcə birində 1,5 qram miqdarında narkotik vasitə olmuşdur. Digər sellofanlar boş olmuşdur. Yaşadığı evdə elektron tərəzi də var idi. Həmin tərəzini kürü alış-satışı ilə məşğul olduğu üçün onun miqdarının ölçülməsində istifadə edirdi. Onda heroin növündə narkotik vasitə olmuş, metamfetamin növündə psixotrop maddə olmamışdır. Polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmışdır. Hətta bu barədə şikayətlər də yazmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, həbs olunanadək Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə bilrikdə yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Təxminən 16 ilə yaxındır ki, narkotik vasitə heroin və qurudulmuş marixuanadan istifadə etmişdir. İstifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Salxanıldığı vaxtdan təxminən 20 gün əvvəl Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən Beşbarmaq pirinin altında olan çayxanaların birində oturub çay içərkən bir nəfər “Tir” markalı dövlət nömrə nişanını bilmədiyi yük avtomobilini idarə edən İran islam Respublikasının vətəndaşı olan Məhəmməd adlı şəxslə tanış olduqdan sonra onunla söhbət zamanı narkotik vasitədən istifadə etdiyini bildirmiş və Məhəmmədə İrandan onun üçün narkotik vasitə təşkil edə biləcəyini soruşmuşdur. Məhəmməd onun üçün narkotik vasitə heroin təşkil edəcəyini deyərək təxminən 7 gün sonra Beşbarmaq pirinin altına gələcəyini bildirmiş və narkotik vasitə heroinin 1 qramını 20 manata olmaqla təşkil edəcəyini deyərək ondan ayrılmışdır. Təxminən 7 gün sonra o, Beşbarmaq pirinin altına gəlmiş və ilk əvvəl Məhəmmədlə görüşdüyü çayxanada oturub Məhəmmədin gəlməsini gözləmişdir. Həmin gün saat təxminən 16 radələrində Məhəmməd onun olduğu çayxanaya gələrək görüşmüş,bir ədəd sellofan bükülünü ona verərək içərisində 8 qrama yaxın heroin, bir qədər qurudulmuş marixuana və bir qədər də şüşə olduğunu demiş və bunun müqabilində ondan yalnız heroinin pulunu, yəni 160 manat pul almış, digər narkotik vasitə olan şüşə və qurudulmuş marixuananı pay verdiyini bildirmişdir. Bundan sonra o, Məhəmməd adlı şəxsdən aldığı sellofan bükülünü yaşadığı ünvana, Siyəzən rayonu Zarat kəndində yerləşən evə gətirmişdir. Daha sonra həmin bükülünü açanda içərisində heroin, bir qədər qurudulmuş marixuana və bir qədər şüşə olduğunu görmüşdür. Bundan sonra həmin narkotik vasitə olan qurudulmuş marixuana və heroini bükümlərə ayırıb bir hissəsini dəhlizdə şkafın üzərində olan kardon qutunun içərisinə, qalan heroin bükümünü isə 6 ədəd xırda bükümlərə ayırıb, bir böyük bükümlə birlikdə Bakı şəhərindən aldığı “Diamond” markalı elektron tərəzinin üzərinə qoyub həmin tərəzi ilə birlikdə otaqların birində stolun altında gizlətmişdir. Psixotrop maddə metamfetamini isə bükülülərə ayırmamışdır. Bundan sonra aldığı heroindən gündə 3 dəfə olmaqla təxminən 1 qramını istifadə etmişdir. 18 iyul 2022-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı ünvanın qarşısında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və bundan sonra onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu deyərək üzərinə şəxsə axtarış və yaşadığı ünvana baxış keçirəcəklərini bildirmişlər. Sonra müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş hər hansi bir əşya aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları ondan yaşadığı evdə qanunla qadağan olunmuş əşyanın olub- olmadığını soruşmuşlar. O, polis əməkdaşlarına yaşadığı ünvanda narkotik vasitə olduğunu deyərək onları evə dəvət etmişdir. İlk öncə dəhlizin giriş qapısı ilə üzbəüz olan otaqda stolun altında gizlətdiyi “Diamond” markalı elektron tərəzi və tərəzinin üzərində şəffaf rəngli selofan bükülünü, daha sonra isə dəhlizdə şkafın üzərində olan 1 (bir) ədəd kardon qutunu təqdim etmişdir. Bundan sonra təqdim etdiyi Diamond” markalı elektron tərəzinin üzərində şəffaf rəngli selofan bükülü açıldıqda içərisində şəffaf rəngli sellofan bükülünün içərisində 7(yeddi) şəffaf bükülülərdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Bundan başqa həmin 7 ədəd sellofan bükülü 1 ədəd zərfdə müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri 96 saylı möhürlə möhürləndikdən sonra o və bütün digər iştirakçılar zərfin doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra kardon qutunun içərisinə baxış zamanı oradan 3 ədəd şəffaf sellofan bükülüdə və 1 ədəd gümüşü rəngli kağızı bükülüdə ağ kristal şəkilli metamfetaminə bənzər kütlələr, 1 ədəd tünd göy rəngli kağız bükülüdə narkotik vasitə olan heroinə bənzər kütlə, 2 ədəd kağız bükülüdə yaşıl rəngli spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlə, 1 ədəd sınıq şüşə flakon, 1ədəd şəffaf rəngli sellofan bükülüdə pambığın üzərində qara rəngli kütlə aşkar olunmuş və həmin bükülülər bir ədəd ağ zərfdə müvafiq qaydada qablaşdırıldıqdan sonra möhürlənmiş, o və bütün digər iştirakçılar qablaşdırmanın doğruluğunu imzalarla təsdiq etmişlər. Həmçinin yaşadığı evdən aşkar olunmuş işlək vəziyyətdə olan bir ədəd Diamond” markalı elektron tərəzi və stolun üzərində olan Redmi markalı mobil telefon ayrı ayrılıqda zərflərə qoyulmuşdur. (Cild 1, iş vərəqləri 66-70) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Siyəzən Rayon Polis Şöbəsinin Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, hadisənin üzərindən xeyli müddət keçdiyi üçün tam olaraq xatırlamır. Xatırladığı qədəri ilə, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 18 iyul 2022-ci il tarixdə o, Babək Güləliyev, Tural Cəfərov və s. əməliyyat qrupunun digər iştirakçıları ilə birlikdə keçirilən əməliyyat tədbirləri zamanı xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaşadığı evin qarşısında yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onun üzərinə və yaşadığı evə baxış keçiriləciyi qeyd edilmişdir, eyni zamanda onun bu barədə razılığı alınmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı oradan elektron tərəzi, narkotik vasitələr və psixotrop maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin qanunsuz vasitələri könüllü olaraq təqdim etmişdir. Aşkar olunmuş qanunsuz vasitələrdən heroin növündə narkotik vasitə və elektron tərəzi bir otaqda, digər narkotik vasitə və psixotrop maddə isə ayrı otaqda aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılması əməliyyatı zamanı ona qarşı hər hansı bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, məhkəməyədək icraat zamanı verdiyi ifadədə səhvən Təqsirləndirilən şəxs 10 manat müqabilində heroin növündə narkotik vasitə aldığını demişdir. O, Təqsirləndirilən şəxs 10 manat məbləğində pulu vermiş, lakin müqabilində heroin növündə narkotik vasitə almamışdır. 10 manat məbləğində pulu sadəcə xərcləmək üçün vermişdir. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, Siyəzən rayonu, Qalaşıxı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olur. İstifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Həmin mobil telefon nömrəsini təxminən 2-3 il müddətdir ki, istifadə edir. Təxminən 1 il müddətdir ki, düşəndə narkotik vasitə olan heroindən çəkmə üsulu ilə istifadə etmişdir, llyasov Ədalət Eyvaz oğlu onun bacanağıdır, onunla aralarında olan münasibətlər normalıdır, heç bir ədavət və düşmənçilikləri olmamışdır. O, Ədalət flyasovdan bir dəfə narkotik vasitə heroin almışdır. O, Ədalət ilə qohum olduğu üçün aralarında çoxsaylı zənglər olmuşdur. O, xx.xx.2022-ci il tarixdə saat 15-16 radələrində ilqarın yaşadığı ünvana getmişdir. Həmin vaxt Ədalət ona yaşadığı ünvanın qarşısında 10 manat əvəzində 1 büküm narkotik vasitə olan heroin vermişdir. (Cild 1, iş vərəqləri 157- 160) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış, şəxsi axtarış, götürmə aparılması haqqında” 18 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı üzərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Siyəzən rayonu, Zarat kəndində yaşadığı ünvana keçirilən baxış zamanı evin dəhlizində olan dolabın üzərindən 1 (bir) ədəd kardon qutunun içərisində 1 (bir) ədəd gümüşü rəngli kağızı bükülüdə 0,504 qram ağ rəngli psixotrop maddə metamfetamin, 2 (iki) ədəd kağız bükülülərdə hər birinin ayrı-ayrılıqda çəkiləri 0,052 qram və 0,075 qram olmaqla 0,127 qram narkotik vasitə olan qurudulmuş marixuana, üzərilərində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd sınıq şüşə ampula və 1 (bir) ədəd pambıq tamponu, digər otaqda olan stolun altından 1 ədəd işlək vəziyyətdə üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan “Diamond” markalı elektron tərəzi və tərəzinin üzərində şəffaf rəngli selofan bükülünün içərisində 7(yeddi) şəffaf rəngli bükülülərdə ayrı-ayrılıqda çəkiləri 5,850 qram, 0,805 qram, 0,260 qram, 0,213 qram, 0,196 qram, 0,189 qram, 0,178 qram olmaqla ümumilikdə 7,591 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 27-30) “Baxış, şəxsi axtarış, götürmə aparılması haqqında” 18 iyul 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və yaşadığı evə baxış keçirilən zaman protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 iyul 2022-ci il tarixli, 6/3887 №-li rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №96” dairəvi möhür əksi və “Ə.E.İİyasovun yaşadığı evində olan otaqdan aşkar edilərək götürülmüş 7 ədəd sellofan bükümdə olan heroinə bənzər kütlə..., yeddi- imza; tərtib etdi: müstəntiq-imza..."yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 07(yeddi) ədəd bükümlərdəki təmiz çəkiləri- 5,850 qram, -0,805 qram, -0,260 qram, - 0,213 qram, - 0,196qram, -0,189 qram, -0,178qram, ümumi təmiz çəkisi- 7,591 qram olan qəhvəyi rəngli tozşəkilli maddə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №96” dairəvi möhür əksi və “Ə.E.İİyasovun yaşadığı evin dəhlizindən şkafın üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr yeddi-imza; tərtib etdi: müstəntiq-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01ədəd bükümdəki ümumi təmiz çəkisi- 0,504 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 03(üç) ədəd bükümlərdəki təmiz çəkiləri- 1,628 qram ağ rəngli xırda kristallardan ibarət maddənin və 01 ədəd bükümdəki təmiz çəkisi - 0,297 qram açıq qəhvəyi rəngli tozşəkilli maddənin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli madddələrin komponentləri yoxdur. 01 (bir) ədəd sınıq vəziyyətdə olan şüşə ampulada və 01 (bir) ədəd pambıq tamponunda narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər maddələrlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №96” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs yaşadığı evin otağından götürülmüş “Diamond” markalı elektron tərəzi... yeddi- imza; tərtib etdi: müstəntiq- imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01(bir) ədəd “Diamond” markalı elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. (Cild 1, iş vərəqləri 38-42) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 19 iyul 2022-ci il tarixli, 7/784 №-li rəyinə əsasən, vət. Təqsirləndirilən şəxs evindən götürülmüş iki ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,052 qram və 0,075 qram, ümumi çəkisi 0,127 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 43-45) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4877A nömrəli ekspert rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabiodilərin birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtitacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 154-155) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasnın xx.xx.2022-ci il tarixli, 2300 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs anlaqlıdır, onda hər hansı bir psixi pozuntu və ya xəstəlik müəyyən edilməmişdir. Əqli-intellektual imkanlarına görə iş üçün əhəmiyyətli halları düzgün qavramaq, hadisə zamanı öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. (Cild 1, iş vərəqləri 161- 164) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 7,241 qram narkotik vasitə heroin, 0,454 qram psixotrop maddə metamfetamin, 01 (bir) ədəd sınıq vəziyyətdə olan şüşə ampulanın, 01 (bir) ədəd pambıq tamponunun, 0,087 qram narkotk vasitə qurudulmuş marixuana, 01 ədəd “Diamond” markalı elektron tərəzi maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nə təhvil verilmişdir. 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir.(Cild 1, iş vərəqləri 171-187) Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı evin içərisində saxlanılması, həmin vaxt onun qızının da yanında olması, ancaq heroin növündə narkotik vasitə olmuş, metamfetamin növündə psixotrop maddə olmaması, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, İlyasov X3 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, Təqsirləndirilən şəxs 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 03 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən o, hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən cinayətlər törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivinin olması müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edilir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Siyəzən rayon məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.(Cild 1, iş vərəqləri 83-85) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməklə hesab edir ki, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Siyəzən RPŞ-də saxlanılan 7,241 qram narkotik vasitə heroin, 0,454 qram psixotrop maddə metamfetamin, 01 (bir) ədəd sınıq vəziyyətdə olan şüşə ampulanın, 01 (bir) ədəd pambıq tamponunun, 0,087 qram narkotk vasitə qurudulmuş marixuana məhv edilməlidir. 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 164 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbrilər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Siyəzən RPŞ-də saxlanılan 7,241 qram narkotik vasitə heroin, 0,454 qram psixotrop maddə metamfetamin, 01 (bir) ədəd sınıq vəziyyətdə olan şüşə ampulanın, 01 (bir) ədəd pambıq tamponunun, 0,087 qram narkotk vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd “Diamond” markalı elektron tərəzi xüsusi müsadirə edilərək əvəsiz olaraq dövlət nəfinə alınsın. 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 164 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar