Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-461/2024 25.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə saat 17:00-da Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.F.Axundov küçəsində tanışı Zərərçəkmiş şəxs ondan iki gün müddətinə qaytarmaq şərti ilə aldığı 100 manat pulu geri qaytarmaması ilə bağlı aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu cəzalandırmaq üçün qisas niyyəti ilə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəxt bıçağı ilə Zərərçəkmiş şəxs sinə nahiyəsinə qəsdən bir dəfə vuraraq onadöş qəfəsinin ön səthinin sol yarısının plevra boşluğuna nüfuz edən və sağtərəfli hematoraksia (Plevra boşluğuna qanın toplanması) ilə nəticələnən 1 (bir) ədəd kəsilmişdeşilmiş yarası kimi dərəcəsinə görə yetirildiyi anda həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərəçəkən şəxs Zərərçəkmiş şəxs onun uşaqlıqdan tanıdığı qəsəbə sakinidir. Rəhim 2-5 günə qaytaracağını bildirərək ondan 100 manat borc almışdır. 17 gün keçməsinə baxmayaraq borcunu qaytarmamışdır. 3-4 dəfə Rəhimlə görüşmüşlər, sonuncu dəfə görüşdüklərində pulunun olmaması və ona olan borcunu qaytarmaması ucbatından aralarında mübahisə yaranmış, daha sonra o, tikintidən bıçağı götürüb Zərərçəkmiş şəxs zərər yetirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs hansı nahiyəsindən zərər yetirdiyini bilməmiş və ona bir yerdən xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs onunla barışmış, amma şəxsən onun özünü görməmişdir. Anası, qardaşı və əmisi oğlugillə zərərçəkmiş şəxs danışıb barışmışdır. Zərərçəkmiş şəxsi uşaqlıqdan tanıyırmış və onlarla ailəvi tanış olmuşlar. Borcu 5-6 dəfə Rəhimdən istəmiş, Rəhim isə bu gün sabah dəyərək onun başını qatmışdır. Borc verdiyi pul 2 telefonun kredit pulu olmuş, fəhləlik edərək krediti ödəmişdir. Axırıncı gün guya borcu ödəmək məqsədi ilə görüşmüşlər. Onlar arasında başqa vaxt mübahisə olmamışdır. Hadisə günü Rəhim ona zəng edərək filan yerdə gözləməsini bildirmişdir. O, bir müddət gözlədikdən sonra gəlmədiyini görüb Rəhimə zəng etmişdir. Həmin müddət ərzində Rəhim 3 dəfə yerini dəyişmişdir. Rəhim onların məhləsində olduğunu bildirmiş, o isə düşünmüşdür ki, Rəhim tikintidə onu axtarır. İşlədiyi tikinti yerinə daxil olarkən orada olan bıçaq gözünə sataşmış və bıçağı götürərərk öz cibinə qoyaraq M.F.Axundov küçəsinə getmiş, orada Rəhimi gözləmiş və Rəhim mağazadan çıxaraq onun yanına gəlmişdir. Onlar biraz söhbət etmiş, Rəhimdən pulunu tələb etdikdə aralarında mübahisə yaranmış və Rəhim qaçmaq istəyərkən bıçağı çıxararaq ona xəsarət yetirmişdir. Bütün xəstəxana xərclərini çəkmiş, zərərçəkmiş şəxsə təxminən 5500 manat ödəmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə aralarında gözlənilmədən pul üstündə mübahisə yaranmış, o, təqsirləndirilən şəxsdən 100 manat borc pul almış və maaşını aldıqda borcunun yarısını qaytarmaq istəmiş, amma Təqsirləndirilən şəxs borcunu bütöv şəkildə qaytarmasını, banka pul ödəyəcəyini söyləmiş, o isə 4-5 günə ödəyə biləcəyini bildirmişdir. Maaşı gecikdiyi üçün borcunu vaxtında qaytara bilməmiş, Təqsirləndirilən şəxs isə bank pulu tələb etdiyi üçün problem yarandığını bildirmiş və beləliklə aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs ona xəsarət yetirmək niyyəti olmamış, aralarındakı münasibət hər zaman çox yaxşı olmuş, Təqsirləndirilən şəxs 3-cü qrup əlil və əsəb xəstəsi olduğu üçün gözlənilmədən ona xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs xəsarət yetirdikdən sonra onu qaldırdığını və vəziyyəti gördükdən sonra özünü itirdiyini, onu həkimə aparmağı təklif etdiyini, Vüqara hadisə yerindən uzaqlaşmasını söylədiyini, yaxın qohumlarına məlumat verdiyini, ilk əvvəl polis əməkdaşlarına Vüqar tərəfindən bıçaqlandığını bildirmədiyini, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıdığını, aralarında ədavət olmadığını, təqsirləndirilən şəxsdən heç zaman şikayətçi olmadığını, onunla barışdığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı evin yaxınlığında özünə məxsus ərzaq mağazasını işlədir. Təqsirləndirilən şəxs tanıyır, qonşu küçədə yaşayır, onun işlətdiyi mağazadan alver-edir. Vüqarla aralarında olan münasibətləri yaxşı olmuş aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Zərərçəkmiş şəxs tanımır. Bildirmişdir ki, 11 iyul 2023-cü il tarixdə saat 17 radələrində işlədiyi mağazada olan zaman səs-küş eşidib mağazadan çölə çıxan zaman görmüşdür ki, Vüqar qaçararaq mağazanın yaxınlığından uzaqlaşmışdır. Orada olan başqa bir nəfər şəxs isə adını sonradan bildiyi Zərərçəkmiş şəxs isə yavaş-yavaş öz yoluna davam edərək getmişdir. Polis əməkdaşları işlətdiyi mağazaya gələn zaman sonradan bilmişdir ki, həmin vaxt yəni 11 iyul 2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirmişdir (cild 01, iş vər. 166-167). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, 11 iyul 2023-cü il tarixdə saat 17:25-də X10 həkim Qasımova Mehdiabad Polis Bölməsinə zəng edərək xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Elmar oğlunun Abşeron rayonu Mehdiabad qəsəbəsində “Bolmart”ın yaxınlığında döş qəfəsindən bıçaqla xəsarət alması barədə məlumat vermişdir (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan 11 iyul 2023-cü il tarixli, “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində Zərərçəkmiş şəxs Elmar oğlunun xəsarət aldığı küçəyə baxış keçirilmiş və küçənin eninin təxminən 6-7 metr, uzunluğunun 300 metr olması və küçənin ətrafında yaşayış massivinin olması müəyyən edilmişdir (cild 01, iş vər. 09-11). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini hadisə yerində bir daha əyani şəkildə göstərərək təsdiq etmişdir (cild 01, iş vər. 162-165). Cinayət işinin materiallarında olan məhkəmə-kriminalistik, məhkəm-bioloji və məhkəmə-trassaloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 471/2023-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Elmar oğluna məxsus şalvar və bir cüt corab üzərində hər hansı bir zədə aşkar edilməmişdir. Ekspertizaya təqdim edilmiş paltarlar üzərində hər hansı bir zədə aşkar olunmadığından təqdim edilmiş bıçaqla müqayisəli müayinə üçün eksperiment aparılmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəxt bıçağıdır və soyuq silah hesab edilməmişdir (cild 01, iş vər. 140-144). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1650 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Elmar oğlunun bədəni üzərində aşkar olunan xəsarətlər-döş qəfəsinin ön səthinin sol yarısının plevra boşluğuna nüfuz edən və sağtərəfli hematoraksia (Plevra boşluğuna qanın toplanması) ilə nəticələnən 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası iti deşici-kəsici əşyanın (alətlərin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilmişdir (cild 01, iş vər. 168-170). Cinayət işinin materiallarında olan “X15” X13 alınmış xx.xx.2023-cü il tarixli PHŞ-6- 2/2-3685/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixində saat 21:34-də 9 saylı X16 Stansiya Briqadasının müşayəti ilə X14 gətirilmişdir. Xəstənin dediyinə görə tanımadığı şəxslər tərəfindən bıçaqlanaraq xəsarət almışdır (cild 01, iş vər. 88). Cinayət işinin materiallarında olan Abşeron RPİ-nin Mehdiabad PB-nə verilmiş əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən M.F.Axundov küçəsinin kəsişməsində tanışı Zərərçəkmiş şəxs aralarında borc pula görə baş vermiş münaqişə zəmnində üzərində olan bıçaqla qəsdən vuraraq sonuncuya döş qəfəsinin boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan Ağır dərəcəli bədən xəsarəti yetirən zaman hadisəni görən şəxslərin əhatə dairəsini, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən M.F.Axundov küçəsinin kəsişməsində hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olan və hadisədən sonra cıraraq atdığı bir ədəd köynəyin və bir ədəd maykanın yerini müəyyən etmək mümkün olmamışdır (cild 01, iş vər. 172). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 29, 120.1, 126.2.3, 126.2.4, 221.3, 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 173-183). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma -qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə ilə bağlı üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəxt bıçağı ilə Zərərçəkmiş şəxs sinə nahiyəsinə qəsdən bir dəfə vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid (işdə olan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən) olan bədən xəsarəti yetirmişdir. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə, o cümlədən ekspertizanın rəyləri və işdə olan biri-digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədəndən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş əlilin vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlildir. Məhkəməyə təqdim edilmiş “X15” tərəfindən verilmiş “Stasionar xəstənin xəstəlik tarixindən çıxarışdan” görünür ki, Təqsirləndirilən şəxs müştərək qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, sol tərəfli alın-təpə-gicgah nahiyəsində epidural hematoması, üz skeleti sümüklərinin qırığı, sağ budun orta yuxarı 1/3-nin qapalı sınığı diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 106-107). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, 3-cü qrup əlil olmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini və zərərçəkmiş şəxslə barışığın olmasını, özünün 3-cü qrup əlil olmasını nəzərə alaraq, həmçinin CM-in 60-cı maddəsinin tələblərini əsas götürərək ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə yaxın azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını və həmin cəzanın real olaraq çəkilməli olmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(cild 01, iş vər. 34- 35). Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-524/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur (cild 01, iş vər. 60-65). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 66-67). Cinayət işinin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, 4(105)-66/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 98-102). Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-784/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 01, iş vər. 129-135). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, həmçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və xx.xx.2023-cü il tarixdən isə ev dustaqlığında olduğu müddət ona təyin olunan cəzaya hesablanmalı, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla cəzaçəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut, məhkəmə məsrəfinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3(üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzaya hesablanaraq çıxılmaqla üzərində 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-461/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-461/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver