Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-462/2025 06.01.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X5 (sədrlik edən), X6 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Gədəbəy rayonu, Dəyirmandağ kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, Dəyirmandağ kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ilə tanışı Zərərçəkmiş şəxs Almaniya Respublikasından 02 ədəd “DAF XF 460” markalı yük avtomobili və 03 ədəd “Smitch termoking SL 400” markalı soyuducu qoşqu alıb Azərbaycan Respublikasına göndərəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsinə görə tanışı Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən “Osmanlı” restoranının yaxınlığında həmin dövrün Azərbaycan manatı məzənnəsi ilə 64561 manat təşkil edən 35.000 avro pulu, xx.xx.2024-cü il tarixdə isə eyni ünvanda eyni şəxsin vasitəsi ilə Zərərçəkmiş şəxs həmin dövrün Azərbaycan manatı məzənnəsi ilə 73908 manat təşkil edən 40.000 avro pulu əldə etmiş, Şahid2 həmin pulları istintaqa məlum olmayan şəxsin vasitəsi ilə ona göndərməklə o, vahid niyyətlə əhatə olunan qəsdlə həmin pulları ələ keçirib, ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs külli miqdarda, yəni 138469 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir: “Mən Zərərçəkmiş şəxs pulunu Hollandiyanın Amsterdam şəhərindən götürdüm, Köln şəhərində mənim maşınımın təkəri xarab oldu, həmin zaman isə adını bilmədiyim bir gürcü vətəndaşı mənim maşınıma yaxınlaşdı, başımı qataraq mənim pulumu oğurladılar. Mənim maşınımdan 36 000 pul oğurlandığına görə Zərərçəkmiş şəxs borclu qaldım. Oğurlanan vəsaitdə mənim də, Zərərçəkmiş şəxs da və başqa tanışların da pulu var idi. Burada Seymur adlı şəxsə pulu verirdilər, mən Almaniyada adını bilmədiyim şəxsdən götürürdüm. Mən Seymurdan bir dəfə 31 000, bir dəfə 31 500 götürmüşəm. Mən pulla 2 dəfə “qoşqu”, bir də maşın almışam və Zərərçəkmiş şəxs göstərişi ilə Seymur adlı şəxsə vermişəm. Qeyd etdiyim hadisə baş verdiyinə görə isə Zərərçəkmiş şəxs bir maşın, bir “qoşqu” borcum qalıb.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən Seymur adlı şəxs vasitəsilə Zərərçəkmiş şəxs bir dəfə 31 000 avro, bir dəfə 31 500 avro götürmüşəm. Mən bu pulla Zərərçəkmiş şəxs maşın alıb göndərməli idim. Məhz bu qeyd etdiyim vəsait ilə 2 ədəd “qoşqu”, bir dənə maşın alıb göndərmişəm. 11 500, 11 000 və 13 500 məbləğlərində almışam. Köln şəhərində Seymura vermişəm. Qeyd etdiklərim Zərərçəkmiş şəxs gəlib çatmışdır. Dəqiq xatırlamıram, məndən pul vəsaiti 2024-cü ildə, iyul-avqust aylarında, Köln şəhərində oğurlanmışdır. Mən orada hüquq mühafizə orqanlarına şikayət edə bilməzdim, mənə cinayət işi açardılar. Pullar “sənədsiz” göndərilmişdi. Həmin zaman mənim sənədlərim də düzgün deyildi, şikayət edə bilmirdim. Zərərçəkmiş şəxs yalan vədlərim olmuşdur. Həmin vəsait ilə alıb göndərdiklərimi Seymur təsdiq edə bilər. Oğurlanma hadisəsi zamanı maşınımda video-kamera var idi, amma, bilmirəm, maşınım indi Polşadadır. Mənə möhlət verilsə 6-7 aya Zərərçəkmiş şəxs yaranan borcu ödəyə bilərəm. Zərərçəkmiş şəxs qalan borcum 52 000 manatdır. Mən aldığım pul vəsaiti ilə Zərərçəkmiş şəxs 2 ədəd “dartıcı”, 3 ədəd “soyuducu” almalı idim. Mən aldıqlarımı Zərərçəkmiş şəxs göstərişi ilə Şahid3 vermişəm.” Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir: “Mən 12 ildən çoxdur ki, beynəlxalq daşıma ilə məşğul oluram. Mən internetdən 3 ədəd “soyuducu” görmüşdüm, bununla bağlı Şahid3 ilə danışdığım zaman, Seymur özünün Litvada olduğunu, Asif adlı tanıdığı, etibarlı bir şəxs olduğunu bildirdi və mənə Asifin əlaqə vasitəsini verdi. Daha sonra mən Asif ilə əlaqə saxladım. Asifin məndən 75 000 avro aldığını təsdiq edən bütün sənədləri, yazışmaları istintaq orqanına və.s təqdim etmişəm. Mən pulu köçürmələr vasitəsilə vermək istəyirdim, lakin, Asif mənə bu yolla pul itirdiyimi bildirdi və mən onun dediyi adama 35 000 avro və 40 000 avro pul təqdim etdim. Habelə, mən sadəcə “soyuducu” almaq istəyirdim, lakin Asif mənə münasib qiymətə bu soyuduculara 2 ədəd də “qoşqu” alıb göndərməsi təklifi etdi və mən razılaşdım. Mən Asifin aldıqlarının gətirilməsi üçün 6000 avro bir dəfə, 3000 avro da bir dəfə pul vermişəm. Daha sonra Asif mənə yalan vədlər verməyə başladı və 1 il məni əşyaların yolda olduğunu və.s deyərək aldatdı. Mən Asifə pulları onun tanışı Seymur adlı şəxsə vermişdim, o da oradan götürmüşdü. Daha sonra mən məni Asif ilə tanış edən Şahid3 göndərdim Asifin yanına və bununla bağlı onun bütün xərclərini çəkdim. Lakin, bu da nəticəsiz qaldı. Asif ümumiyyətlə, bizim zənglərimizə cavab vermirdi. Daha sonra biz orada otel sahibi olan azərbaycanlı vasitəsilə heç olmasa bizim maşınımızın harada olduğunu öyrənmək istədik və Seymura 6 000 avro verdim ki, gedib maşını götürüb gəlsin. Otel sahibi olan azərbaycanlı ilə danışdıq, maşının Essendən Frankfurta gətirilməsi üçün 550 avro pul verdim. Seymur qoşqunun da yerini öyrəndi. Bundan sonra Seymur maşını və qoşqunu götürüb gəldi. Seymur maşını gətirərkən 700 avro maşının tranzit vaxtı keçdiyinə görə, eksport deklarasiyasının vaxtı keçdiyinə görə Rumıniyada 1200 avro cərimə ödəmişdir. Mənə dəymiş maddi və mənəvi zərər çoxdur. 75 000 avrodan əlavə 6000 avro da maşının gətirilməsi üçün xərcləmişəm.” Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “-75 000 avrodan əlavə 6000 avro da maşının gətirilməsi üçün xərcləmişəm. Dediyinə görə, 2 ədəd kəllə, 3 ədəd qoşqu almalı idi, gətirilmə haqqı da 6000 avro, 6000 avro, 3000 avro ödəmişəm. Almaniyada isə 6000 avro dəyərində 1 ədəd kəllə, 11 000 avro dəyərində 1 ədəd qoşqu almışdır, lakin bunları biz özümüz gedib gətirmişik. 23 000 avro dəyərində əmlak mənə verilib, lakin 6000 avro sürücüyə əlavə haqq vermişəm. Həmçinin orada əlavə xərclərim- 700 avro maşının tranzit vaxtı keçdiyinə görə, eksport deklarasiyasının vaxtı keçdiyinə görə Rumıniyada 1200 avro cərimə, Seymura da 1000 avro pul vermişəm. Dediyinə görə mənə verilən texnikanı Asif alıb. Mənə dəymiş zərərdən 12 000 avro və 11 000 avro ödənilib. Lakin əlavə olaraq texnikanın gətirilməsi üçün xərclərim çıxıb. Əlavə xərcləri hesablamasam, 75 000 avro borcdan 52 000 avro borc qalıb. Mənə 1 qoşqu və 1 kəllə gəlib çatmışdır, onu da yol xərclərini çəkərək özümüz gətizdirmişik.” Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir: “Təqsirləndirilən şəxsi tanıyıram, iş yoldaşım olmuşdur. Asifi Qasım bəylə mən tanış etmişəm. Mənim Litva dövlətində kiçik biznesim var. Ondan öncə də mən maşın gətirilməsi ilə məşğul olmuşam. Qasımla bir neçə dəfə bu əməliyyatı həyata keçirmişik. Sonuncu dəfə Qasım mənə belə bir texnika lazım olduğunu deyəndə vaxtım olmadığını bildirdim. X3 böyük məsafədir və müəyyən xərcdir. Qasım da məndən orada tanıdığım, güvəndiyim biri olub-olmadığını soruşdu. Ondan əvvəl də mən Asiflə Almaniyada oteldə yemək yeyərkən Asif borclarının olduğunu, müştəri olsa ona yönəltməyimi, müştərilərin texnikasını daşıya biləcəyini bildirmişdi. Bu zaman yadıma Asif düşdü, onun nömrəsini Qasıma verdim. Qasıma Asifə zəng etməyini, onunla əlaqə saxlamasını dedim. Qasım məndən bir neçə dəfə Asifin güvənilir adam olub-olmadığını soruşdu. Mən də güvəniliir adam olduğunu təsdiqlədim. Bundan sonra Asiflə Qasım arasında pul alış-verişi oldu. Bir müddət sonra Qasım mənə zəng edib Asifin pulu götürdükdən sonra onun zənglərinə cavab vermədiyini dedi. Mən də Asifə zəng etdim, Asif hər şeyi həll edəcəyini, Qasımla əlaqə saxlıyacağını dedi. Qasım yenidən mənə zəng edərək Asifin onunla əlaqə saxlamadığını dedi. Bir müddət sonra Asif Qasımla əlaqə saxlayaraq hər şeyi həll edəcəyini deyərək bir neçə ay yola verdi. Daha sonra da Asif telefon zənglərinə cavab vermədi. Onları mən tanış etdiyim və məsuliyyət mənim üzərimdə olduğu üçün Qasımın xahişi ilə mən biznesimi bağlayaraq Almaniyaya getdim. Qasıma müəyyən xərclər olacağını bildirdim, o da narahat olmamağımı, xərclərimi ödəyəcəyini dedi, pul göndərdi. Almaniyanın Essen şəhərində Asiflə görüşdüm, görüşdə Asifin çox böyük problemləri olduğunu hiss etdim. Asifin yanında 1 aydan çox qaldım. Bütün xərclərimi Qasım qarşılamışdı. Bu müddət ərzində arada Asif 2-3 günlük itdi, sonra yenidən qayıtdı. Sonda Asif yoxa çıxmışdır.” Şahid3 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Asif mənə 3 qoşqu aldığını dedi və göstərdi. Lakin qoşqulardan yalnız birinin pulunun ödəmiş və əlavə olaraq orada 3500-4000 avro pul qalmışdı. 1 qoşqunun qiyməti 11 min avro olar. Həmin qoşqu 2024-cü ilin yay aylarında gətirilmişdir. Qoşqu biz polis orqanına şikayət verdikdən sonra gətirilmişdir. Asif 1 tır və 1 qoşqu vermişdi. Lakin 2 ədəd tır və 3 ədəd qoşqu gətirilməsi ilə razılaşmışdıq.” Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir: “Təqsirləndirilən şəxsi əvvəlcədən tanımamışam. Mən yatırıcıyam, yalnız pul vermişəm. Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. ” Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Həmin vaxt xarici ölkələrə tır sürmüş və sürücü kimi tanımışdır. Bir neçə ildir ki, Asif Almaniya Respublikasında qalır və avtomobil alveri ilə məşğul olur. Belə ki, Azərbaycandan kimsə internet elanlarından almaniyadan avtomobil bəyənən zaman Asifə bu barədə deyir, Asif də həmin avtomobilə baxıb probleminin olub- olmadığını deyirdi. 2024-cü ilin mart ayında Asif ona zəng edərək almaniyada olan azərbaycanlılardan kimin olub-olmadığını soruşmuş, Asif həmin şəxsdən almaniyada pul götürəcəyini, azərbaycanda isə həmin pulu götürdüyü adamın tanışına verə biləcəyini demişdir. Bundan sonra o, Hollandiyada yaşayan və oranın vətəndaşı olan tanışı Mehmana bu barədə demiş, sonuncu isə pulu olduğunu demiş və o, Asiflə Mehmanı əlaqələndirmişdir. Bundan sonra Asif Holandiyaya pul götürmək üçün getmiş və o, Mehmanın yanında olan zaman ona Sumqayıt şəhərinə getməsini və orada bir nəfər şəxsin pul verəcəyini demiş, bundan sonra Qasım adlı şəxs ona zəng etmiş və Asifə çatası pul olduğunu demiş, o isə məlumatımın olduğunu demiş, bundan sonra o, Sumqayıt şəhərində yerləşən Osmanlı restoranı tərəfə getmiş, orada Qasım həmin vaxt ona 35000 avro pul vermiş, o da Asifə bu barədə demiş, Qasım özü də Asifə bu barədə məlumat vermişdir. Daha sonra həmin gün Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaxınlığında çayxanada Mehmanın hazırda xatırlamadığı tanışı ondan Qasımın ona verdiyi pulu götürmüş, bundan sonra Mehman Hollandiyada həmin pulu Asifə vermiş, bundan bir müddət sonra yenidən eyni qayda ilə eyni yerdə Qasımdan səhv etmirsə 40.000 avro almış və Mehmanın göndərdiyi adama həmin çayxanada vermişdir. Asif də həmin pulu Mehmandan götürmüş, bu dəfə də pulu götürən zaman Asifə bu barədə demiş, Qasım özü də Asifə pulu ona verdiyini demişdir. Bundan sonra Qasımı görməmiş, ancaq bir həftə sonra işlə bağlı Almaniyaya getmiş və orada Asifi görmüşdür. Şahid2 həmçinin ifadəsində Asiflə Qasımın danışığından başa düşmüşdür ki, Asif Qasıma maşın almaq üçün ondan pulu almış, ancaq avtomobil alıb-almadığını bilmədiyini, Mehmanın ondan pul götürən tanışının əlaqə vasitələrini xatırlamadığını bildirmişdir.(i.v. 32-33) Cinayət işinin materiallarında olan: -23 may 2024-cü il tarixli “şikayət ərizəsi”ndən görünür ki, Təqsirləndirilən şəxs ona DAF markalı avtomobil göndərəcəyini bildirdiyi üçün onlar xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində görüşmüşlər və ona ümumilikdə 75.000 avto (139.500 manat) pul vermiş, lakin mütəmadi olaraq “WhatsApp”la əlaqə yaratmış, ona demişdir ki, qısa zamanda maşınlarını göndərəcək, lakin göndərmədiyi üçün məcbur qalıb müraciət etmişdir, Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 04). - “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 02 iyul 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan diskdə 2 ədəd qovluq vardır. Birinci qovluğun adı “foto video”dur. Həmin qovluğa daxil olan zaman 2 ədəd videogörüntü faylı vardır. Həmin fayllar açılan zaman Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsla telefonla danışığı görünür. Zərərçəkmiş şəxs 75000 avro pul verdiyini, Asifin isə həmin pulu yemədiyini bildirir. Sonrakı görüntüdə Asifin yük maşınında yatdığını, yatmağa imkan vermələrini bildirir. Bundan başqa həmin qovluqda iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilmədi. Daha sonra ikinci, yəni “səs 1” adlı qovluğa daxil olundu. Həmin qovluqda Asifin səs yazıları eşidilir. Asif həmin səs yazılarında Qasımdan pul istədiyini və müxtəlif avtomobillər göndərib baxmasını bildirir. Daha sonra Asifin müxtəlif maşınlar barədə Qasıma səs göndərdiyi eşidilir.(i.v. 14) - “Sübutların qiymətləndirilməsi haqqında” qərardan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v. 262-272) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dələduzluq cinayətini ehtiva edir. Etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə CM-in 178.2.1-ci maddəsi, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrar ələ keçirmə CM-in 178.2.2 və 178.2.4-cü maddələri, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə isə CM-in 178.3.2-ci maddəsi ilə məsuliyyətə səbəb olur. CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Həmçinin, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 31-ci bəndində həmçinin göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, o cümlədən cinayət işinin materiallarında olmaqla biri-digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 178.3.2-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilməsinə, Zərərçəkmiş şəxs oğluna 52 000 avro məzənnəsi ilə yox, manat məzənnəsi ilə 52 000 borcunun qalması, ona qarşı dələduzluq etmək niyyətində olmaması, gürcü vətəndaşı tərəfindən onun maşınından 36 000 pul oğurlandığına görə Zərərçəkmiş şəxs borclu qalması və onun pulunu qaytarmaq niyyətində olması barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxsin bu barədə bildirdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır və hesab edir ki, təqsirləndirilən şəxs bu məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Belə ki, təqsirləndirilən şəxs hər nə qədər oğurluq cinayətinin törədilməsinə məruz qaldığını bildirsə bu faktı təsdiq edən hər hansı bir sənəd, sübut cinayət işinin materiallarına əlavə edilməmiş, təqsirləndirilən şəxs tərəfindən polis orqanına bununla bağlı müraciət daxil olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, bu oğurluq cinayəti barədə təqsirləndirilən şəxsin söylədikləri həqiqətə uyğun deyil. Bundan əlavə, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs pulunu qaytarmaq niyyətində olması, ona məhkəmə tərəfindən möhlət veriləcəyi təqdirdə təxminən 6-7 ay ərzində borcu tam ödəyəcəyini bildirsə də, cinayət işinin başlanıldığı andan bu günə kimi- 11 mart 2025-ci il- 06 yanvar 2026-cı il tarixə kimi 10 ay müddət keçsə belə Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı heç bir ödəniş etmədiyindən məhkəmə hesab edir ki, bu məzmunda söylədikləri də ağlabatan deyil. Odur ki, məhkəmə kollegiyası bu hissədə təqsirləndirilən şəxsin ifadələrinə tənqidi yanaşır və onlarla razılaşmır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs X4 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında eyni zamanda göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X8 adında azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (cild 01, iş vər. 41-42). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında əks olunan tövsiyyələri nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Təqsirləndirilən şəxs 08 avqust 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ancaq istintaqdan yayındığından barəsində həmin tarixdə axtarış elan edilərək iş üzrə icraat CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. 10 yanvar 2024-cü il tarixdə qəbul edilmiş qərarla cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmişdir.14 yanvar 2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnterpolun Milli Mərkəzi Bürosundan daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bolqarıstan Respublikasından saxlanılmışdır. 09 may 2025-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasından daxil olmuş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli isə hazırki iş üzrə tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu gündən, yəni 05 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Hökm qanuni qüvvəyə mindikdən sonra 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır . İş üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegyası, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı 05 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın . Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-462/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-462/2025
06.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver