Məhkəmə qərarları › İş №1(124)-463/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-463/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-463/2024 27.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - X5 (sədrlik edən), X8 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Xaçmaz rayonu, Qırağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonu, Qusarçay kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Qırağlı kəndində yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt məhkəmə kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2022-ci ilin may ayının ortalarında yaşadığı Xaçmaz rayonu, Qırağlı kəndində yerləşən evin həyətyanı sahəsində və həmin kənddə yerləşən bağ sahəsində qanunsuz olaraq əkdiyi külli miqdar təşkil edən 96 (doxsan altı) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, bu fakt 14 iyun 2022-ci il tarixdə saat 11:10-11:35 müddətində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Xaçmaz rayonu, Qırağlı kəndində, həmin kənd mərkəzindəki “13-cü market” adlı mağazadan cənub-şərq istiqamətində 200 metr aralı məsafədə yerləşən evin həyətyanı sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 45 qram olan 74 (yetmiş dörd) ədəd, həmin gün saat 11:45-12:30 müddətində Xaçmaz rayonu Qırağlı kəndinin giriş hissəsindən cənub-qərb istiqamətində 300 metr aralı məsafədə Qusar çayının kənarında yerləşən icarə müqaviləsi əsasında arvadı X2 adına rəsmiləşdirilmiş, lakin özünün istifadəsində olan bağ sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 55 qram ola 22 (iyirmi iki) ədəd çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri küllü miqdarda kultivasiya (əkmə, yetişdirmə) etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, hadisə son zəng günü baş vermişdir. Elə həmin gün polis əməkdaşları ona son zəngdə olan zaman polislərə daxil olan məlumat əsasında gəldiklərini bildirmişlər. Daha sonra polis əməkdaşları ona, gedib əraziyə baxmağı təklif etmişlər. Oda etiraz etməmiş və ərazini nəzərdən keçirdikdə narkotik tərkibli bitkilər aşkar olunmuşdur. Bundan sonra o təqsirini boynuna almış və onu polis şöbəsinə aparmışlar. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyi üçün həmin narkotik vasitə qurudulmuş marixuananın toxumlarını yığaraq özündə saxlamış və əldə etdiyi toxumları uyğun bir vaxtda əkmək qərarına gəlmişdir. 2022-ci ilin may ayının ortalarında əldə etdiyi çətənə bitkisinin toxumlarını yaşadığı Xaçmaz rayonu Qırağlı kəndində yerləşən evinin həyətyanı sahəsində olan 2 ədəd dəmir vedrələrdə, 1 ədəd dəmir qazanda, 1 ədəd plasmas vedrədə və 3 ədəd qara rəngli plasmas yeşiklərdə və yaşadığı Xaçmaz rayonu Qırağlı kəndi ərazisində yerləşən həyat yoldaşının adına icarəyə götürdüyü Xaçmaz rayonu Palçıqoba kənd bələdiyyəsinə məxsus bağ sahəsində yadında qalmadığı eyni gündə torpaqda əkmişdir. Həmin əkdiyi toxumları mütamadi olaraq suvarmaqla onlara gübrə verib və qulluq etmişdir. Bağ sahəsində əkdiyi çətənə toxumlarını arxların üzərində və ağacların diblərində rahat sulanması üçün əkmişdir. 14 iyun 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı evdə olduğu zaman evin həyət qapısı döyülmüş və küçəyə çıxdıqda orada polis əməkdaşlarının olmasını görmüşdür. Həmin şəxslər özlərini Xaçmaz rayon PŞ-nin polis əməkdaşları olduqlarını və yaşadığı evin həyətyanı sahəsində qanunusuz olaraq küllü miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməkdə şübhəli olmasını ona bildirmişlər. Bundan başqa polis əməkdaşları onun yaşadığı evin həyətyanı sahəsinə aqronomun iştirakı ilə video görüntü ilə baxış keçirmək istədiklərini ona dedikdən sonra buna etiraz etməmişdir. Belə ki, razılığı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə başlanmışdır. Polis əməkdaşları yaşadığı evdə narkotik tərkibli bitkilər olduğu halda onları təqdim etməsi ona təklif etdikdə özü könüllü olaraq yaşadığı evin həyətyanı sahəsində olan içərilərində çətənə bitkilərini əkərək yetişdirdiyi ümumilikdə 7 ədəd dibçək kimi istifadə etdiyi qabları təqdim etmişdir. Həmin 7 ədəd qabların içərisinə baxıldığı zaman oradan ümumilikdə 74 ədəd tərəfindən əkilmiş çətənə bitkiləri aşkar edillərək polis əməkdaşları tərəfindən qablarla birlikdə müvafiq qaydada götürülərək ekspertə göndərilməsi üçün qablaşdırılmışdır. Bundan əlavə bağ sahəsindəki çətənə bitkiləri əkməsini polis əməkdaşlarına dedikdən sonra bağ sahəsində həmin narkotik tərkibli bitkiləri təqdim etmişdir. Polis əməkdaşlarının və aqronomun iştirakı ilə bağ sahəsinə baxış keçirildiyi zaman bağ sahəsində əkərək yetişdirdiyi 22 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Baxışda iştirak edən aqranom Şahid3 ona məxsus həyətdə və bağ sahəsində əkdiyi ümumilikdə 96 (doxsan altı) ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edildiyini təsdiq etmişdir. Həmin bitkiləri əkməkdə məqsədi onları qurudaraq marixuana əldə edib və sonra isə istifadə etmək olmuşdur. Bundan sonra onun həyətyanı sahəsinə və bağ sahəsinə baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokollarla tanış olduqdan sonra protokolları imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda əməlinin cinayət olduğunu başa düşdüyünü, peşiman olduğunu, himayəsində yetkinlik yaşına çatmayan uşağının olduğunu, oğlunun 44 günlük vətən müharibəsi iştirakçısı olduğunu nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, ibtidai araşdırma zamanı doğru ifadə vermiş, həmin ifadəni təsdiq edir. Şahid1 bildirdi ki, Xaçmaz rayonu Qırağlı kəndində yaşayan xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri yaşadığı evin həyətyanı sahəsində və həmin kənddə yerləşən bağ sahəsində əkərək yetişdirməsi barədə məlumat əməliyyat aparatına daxil olduğu üçün əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. 14 iyun 2022-ci il tarixdə saat 11 radələrində RPŞ-nin CAB-nin əməliyyat müvəkilləri Şahid2, X6, Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfat İdarəsinin baş aqranomu Şahid3 və RPŞ-nin İB-nin müstəntiqi X11 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Qırağlı kəndində yerləşən evinə getmişlər. Kəndə çatdıqda Təqsirləndirilən şəxs yaşadığı evin Xaçmaz rayonu Qırağlı kəndinin mərkəzindəki “13-cü market” adlı mağazadan 200 metr aralı cənub-şərq istiqamətində yerləşməsi onlara məlum olmuşdur. Şamil Bayaramovun evinin darvazasının döyərək onu evdən çağırdıqdan sonra o, küçəyə çıxmışdır. Xaçmaz RPŞ-nin polis əməkdaşları olmaqlarını ona bildirib, yaşadığı evin həyətyanı sahəsində qanunusuz olaraq küllü miqdarda narkotik tərkibli bitkiləri kultivasiya etməkdə onun şübhəli olmasını və həyətinə vidoçəkilişlə baxış keçirmək istədiklərini Təqsirləndirilən şəxs bildirmişlər. Təqsirləndirilən şəxs onları həyətinə dəvət edib və evinin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazı olmadığını demişdir. Bundan sonra onun yaşadığı evin həyətyanı sahəsinə videoçəkilişlə baxış keçirməsinə başlanmışdır. Vidoçəkilişi əməliyyət müvəkkəili Hikmət Kərimov özünə məxsus «Redmi Note 10 pro» markalı mobil telefonu vasitəsi ilə etmişdir. Narkotik tərkibli bitkiləri olduğu halda onları təqdim etməsi Təqsirləndirilən şəxs təklif olunduqda o, könüllü olaraq evinin arxa hissəsində həyətyanı sahəsində 2 ədəd dəmir vedrələri, 1 ədəd dəmir qazanı, 1 ədəd plasmas vedrəni və 3 ədəd qara rəngli plasmas yeşikləri ümumilikdə isə 7 ədəd dibçək kimi istifadə etdiyi qabları təqdim etmişdir. Həmin qabların içərisinə baxıldıqda orada narkotik tərkibli çətənə bitkilərinə bənzər bitki kollarının olması müəyyən olunmuşdur. Ev sahibi Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının ortalarında narkotik tərkibli çətənə bitkisinin toxumlarını həmin 7 ədəd dibçək kimi istifadə etdiyi qablarda əkdiyini və onlara qulluq etdiyini bildirmişdir. Baxışda iştirak edən mütəxəssis (aqronom) Şahid3 həmin qablarda əkilmiş bitkilərin narkotik tərkibli çətənə bitkilər olduğunu, diblərinin yumşaldılmaqla gübrələndiyi, suvarıldığını və həmin bitkilərə ümumilikdə aqrotexniki qaydada qulluq edildiyini demişdir. Təqsirləndirilən şəxs əkdiyi ümumilikdə 7 ədəd qablarda olan bitkilər kökündən çıxarılmaqla sayıldıqda onların cəmi 74 (yetmiş dörd) ədəd olması məlum olmuş və həmin bitkilər müvafiq qaydada qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı kənddə yerləşən bağ sahəsində narkotik tərkibli bitkilər əkdiyini etiraf etmişdir. Kəndinin giriş hissəsindən 300 metr aralıda yerləşən Təqsirləndirilən şəxs məxsus bağ sahəsinə gedərək həmin bağ sahəsinə onun özünün iştirakı ilə baxış keçirdikdə oradan daha 22 ədəd narkotik tərkibli bitkilərə bənzər kollar aşkar edilmişdir. Şamil Baramov həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və onları 2022-ci ilin may ayının ortalarında əkdiyini bildirmişdir. Baxışda iştirak edən aqranom Şahid3 həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və onlara aqrotexnirki qaydada qulluq edildiyini təsdiq etmişdir. Aşkar edilmiş 22 ədəd narkotik tərkibli bitkilərə bənzər kollar götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həyətinə və bağ sahəsinə baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokollarla tanış olduqdan sonra protokolları imza ilə təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 işin halları ilə bağlı Şahid1la eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Həmçinin məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid3 da şahidlər Şahid2 və Şahid1 ifadələrində göstərdikləri xüsusatları bildirməklə onlara uyğun ifadə verdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Xaçmaz Rayon Polis Şöbəsinə Xaçmaz rayonu Qıraqlı kəndində yaşayan xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər evin həyətyanı sahəsində və özünə məxsus pay torpağında kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Xaçmaz rayonu Qırağlı kəndində yerləşən evinin həyatyanı sahəsində və eyni kənddə yerlşən bağ sahəsində qanunsuz olaraq tərkibində narotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi ilə bağlı xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2022-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü, Xaçmaz rayonu Qıraqlı kəndində yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Xaçmaz rayonu Qırağlı kəndində RPŞ-nin İB-nin müstəntiqi X9, Xaçmaz RPŞ-nin polis əməkdaşları Şahid1, Şahid2 və Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfat İdarəsinin baş aqranomu Şahid3 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Qırağlı kəndində yerləşən evin həyətyanı sahəsinə baxış keçirilərkən o, həyətində 7 ədəd qablarda əkərək yetişdirdiyi ümumilikdə 74 (yetmiş dörd) ədəd narkotik tərkibli bitkiləri təqdim etmiş və həmin bitkilər müstəntiq tərəfindən götürülərək qablaşdırılmışdır. “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli digər protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Xaçmaz rayonu Qırağlı kəndində yerləşən bağ sahəsinə baxış keçirilərkən o, bağ sahəsində torpaqda əkərək yetişdirdiyi ümumilikdə 22 (iyirmi iki) ədəd narkotik tərkibli bitkiləri təqdim etmiş və həmin bitkilər müstəntiq tərəfindən götürülərək qablaşdırılmışdır. Məhkəmə bioloji ekspertizasının 15 iyun 2022-ci il tarixli 7/635 saylı rəyinə əsasən 1 ədəd ağ rəngli kağız poketdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş yaş vəziyyətdə ümumi sayı 74 (yetmiş dörd) ədəd ümumi çəkisi 45,0 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş 1 ədəd ağ rəngli torbada Təqsirləndirilən şəxs bağ sahəsindən aşkar edilmiş yaş vəziyyətdə ümumi sayı 22 (iyirmi) ədəd ümumi çəkisi 55,0 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Təqsirləndirilən şəxs həyətyanı sahəsindən götürülmüş 74 ədəd və bağ sahəsindən götürülmüş 22 ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən 96 ədəd bitki nümunələrinə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 26 iyul 2022-ci il tarixli 4082 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərdən və alkoqoldan sui-istifadə edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya, alkoqolizm xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Xaçmaz Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 oktyabr 2022-ci il tarixədək, yəni 04 (dörd) ay müddətinə “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir. 20 noyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” növündə qətimkan tədbirinin müddəti bitdiyindən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Çinartala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışa əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmamış uşağı vardır. Doğum və nikah haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X7 təqsirləndirilən Təqsirləndirilən şəxs övladıdır. Medalların vəsiqələrinin surətindən müəyyən olunur ki, X7 44 günlük Vətən müharibəsində fəal iştirak etməklə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Xaçmaz Rayonu Mənzil Kommunal Təsərrüfat İdarəsinin baş aqranomu Şahid3 tərəfindən tərtib edilmiş rəydən müəyyən olunur ki, aşkar edilmiş 74 ədəd və 22 ədəd, yəni cəmi 96 ədəd bitkilər çətənə (kannabis) bitkilərinə oxşar bitkilərdir. Onların dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində və özünə məxsus pay torpağında tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə “Baxış keçirilməsi barədə” qərar qəbul olunmuş, Xaçmaz rayonu Qıraqlı kəndində yaşayan Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə və pay torpağına polis əməkdaşları və aqronomun iştirakı ilə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı həmin hər iki ərazidən ümumilikdə 96 ədəd narkotik təbiətli çətənə bitkilərinə bənzər bitki aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2022-cü il tarixdə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə və pay torpağına video çəkilişlə baxış keçirilərək narkotik tərkibli birkilərin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı verdikləri və elan olunmaqla araşdırılmış ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, oğlunun 44 günlük Vətən müharibəsi zamanı fəal iştirak etməklə medallarla təltif edilməsini ( CM-nın 59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2022ci il tarixədək ev dustaqlığı növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti bitdiyindən, sonradan başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməli, cəzasını çəkməsinin əvvəli 27 mart 2024-cü il tarixdən hesablanmaqla, barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs 14 iyun 2022-cü il tarixdən 15 oktyabr 2022-cü il tarixədək ev dustaqlığında qaldığı müddət, yəni 04 (dörd) ay Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 72 (yetmiş iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE **********0002088501 Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş, Xaçmaz Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ümumi qalıq çəkisi 98,08 qram təşkil edən ümumi sayı 96 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 7 ədəd dibçək kimi istifadə edilmiş qablar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdən 15 oktyabr 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddət, yəni 04 (dörd) ay Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanaraq üzərində 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 mart 2024-cü il tarixdən hesablanmaqla, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 72 (yetmiş iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE **********0002088501 Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş, Xaçmaz Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ümumi qalıq çəkisi 98,08 qram təşkil edən ümumi sayı 96 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 7 ədəd dibçək kimi istifadə edilmiş qablar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar