Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-463/2025 30.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X4 (sədrlik edən), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Talib oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Talib oğlunun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına 03 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Talib oğlunun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İşin hazırlıq iclasında dövlət ittihamçısı vəsatət verərək cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinə tam əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmiş, ittiham aktı Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmamış, bu da sonda təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə tərəflərin fikrini dinləyərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli və cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş konkret kobud prosessual pozuntulara gəldikdə məhkəmə kollegiyası bildirir ki, ilk növbədə təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Talib oğlunun 30 may 2025-ci il tarixli ərizəsinə əsasən həmin tarixli “müdafiəçi təyin etmək barədə” qərarla ona dövlət hesabına ikinci müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Quba rayon Vəkil Bürosunun vəkili X7 təyin edilmiş, həmin müdafiəçinin cinayət işi üzrə müdafiəçi qismində iştirakına xitam verilməməsinə baxmayaraq onun Təqsirləndirilən şəxs Talib oğlunun barəsində olan istintaq hərəkətlərinin aparılmasında istirakı təmin edilməmiş, həmçinin “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 23 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, müdafiəçi X7, ümumiyyətlə, cinayət işinin materialları ilə də tanış edilməmişdir. (cild 1, səhifə 141) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.16-cı maddəsinə əsasən vəkilin cinayət prosesində müdafiəçi qismində iştirakına müvafiq icraatda iştirak etmək üçün onun səlahiyyətləri olmadıqda; şübhəli və ya təqsirləndirilən şəxs ondan imtina etdikdə (onunla müqaviləni pozduqda); cinayət prosesini həyata keçirən orqan müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halları aşkar edib onu kənarlaşdırdıqda xitam verilmiş hesab edilir. Müvafiq cinayət işi üzrə göstərilən əsaslardan heç biri olmamış, həmin vəkil müdafiəçi qismində cinayət prosesində iştirakı davam etsə də onun prosessual hərəkətlərdə iştirakı müstəntiq tərəfindən təmin edilməmişdir ki, bu da təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud surətdə pozulmasına səbəb olmuşdur, bu hal isə (təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən isə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarın çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 223.3-cü maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyətinin mütləq şəkildə əks etdirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Bu baxımdan cinayət prosessual qanunvericiliyin qeyd edilən normalarının tələblərinə əsasən elan olunan ittihamda cinayətin baş vermə mexanizminin (cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər və s.) dəqiq və ətraflı göstərilməsi, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu, nə zaman, harada və hansı cinayət əməlini törətməsi ilə bağlı ona qarşı irəli sürülən ittihamın məzmunu aydın şəkildə anlaması və nədə təqsirləndirildiyini dərk etməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, sözügedən tələblərin qeyd edilən qərarlarda əks etdirilməsi yolu ilə qanunverici hüquqları məhdudlaşdırılan həmin şəxsə nəyə görə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarın qəbul edilməsinin labüdlüyünü izah edir, eyni zamanda həmin şəxsə nə zaman və harada hansı əməli törətməsi, nədə təqsirləndirildiyini dərk etməsi və ona qarşı irəli sürülən ittihamın mahiyyətinin ona tam aydın olması üçün imkan yaradır. Qanunverici məhz bu cür təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsini qanunu tətbiq edənin üzərinə vəzifə olaraq qoymuşdur. Təsadüfi deyil ki, eyni tələblər həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 6cı maddəsində də öz əksini tapmışdır. Belə ki, qeyd edilən beynəlxalq sənədin həmin normasında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir. Bu norma təqsirləndirilən şəxsə yalnız ittihamın əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın xarakteri, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumatın verilməsini təmin edir. Hazırkı cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən 30 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Talib oğlu CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş, 22 sentyabr 2025-ci il tarixdə ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir.(01 cild iş vərəqə 47-48; 128- 129) Lakin, ibtidai istintaq orqanı tərəfindən qəbul olunan həmin qərarlarda və ittiham aktında əks olunan ittihamın məzmununun tərtibində təəssüf ki, qeyri-peşəkarlıq və səriştəsizliyə yol verilmiş, bu da yekunda həmin qərarlarla ittiham altına düşən təqsirləndirilən şəxsdə anlaşılmazlıq yaratmaqla dolayısı ilə də onun müdafiə hüququnun pozulması ilə nəticələnmişdir. Belə ki, Təqsirləndirilən şəxs Talib oğluna qarşı irəli sürülən ittihamda cinayətin törədilməsi ehtimal olunan yer dəqiq göstərilməmiş, qeyd olunan sənədlərdə Qudyalçay çayının sahili qeyd edilsə də, həmin çayın təxminən 100 kilometrdən uzun olub iki rayon ərazisindən keçdiyi nəzərə alınarsa cinayətin törədildiyi yeri müəyyən etmək ağlabatan olmamış, nəticədə isə Təqsirləndirilən şəxs Talib oğlu tərəfindən törədilməsi istinad olunan cinayətin törədildiyi yeri dəqiq müəyyən etmək mümkün olmamışdır. Bu hal təbii olaraq təqsirləndirilən şəxsə elan olunan ittihamı qarışıq və anlaşılmaz etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan ziddiyyətli halların ibtidai istintaq orqanı tərəfindən qanunvericiliyə uyğun şəkildə aradan qaldırılmaması təqsirləndirilən şəxsin ittihamın xarakteri və əsasları haqqında ətraflı məlumatlandırılmaq kimi X12 Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş hüquqlarının da, pozulmasına gətirib çıxarmışdır. Göründüyü kimi, işin ibtidai istintaqını aparan müstəntiq cinayət prosessual qanunvericiliyin ona verdiyi prosessual imkandan səmərəli istifadə etməmiş, kifayət qədər vaxta və imkana sahib olduğu halda, bir növ etinasızlıq göstərərək ibtidai istintaqın yekunlaşdırılması ilə bağlı tələsik nəticəyə gəlmiş və yekunda təqsirləndirilən şəxsə qarşı belə qeyri-müəyyən ittiham irəli sürmüşdür. Odur ki, qeyd edilən bu pozuntu bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, yol verilən nöqsanlar bununla da bitməmiş, həmin qeyri-müəyyən ittiham cinayət təqibinin gedişində dəyişdirilməmiş, müstəntiq tərəfindən dəqiqləşdirilməmiş və yekunda ittiham aktı tərtib olunanda da bu məsələ diqqətdən kənar qalmaqla cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələri və ya 296.2-ci maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla yekunda CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin də pozulması ilə nəticələnmişdir. Təəssüf ki, qeyd olunan bu hallar ibtidai istintaqa prosessual rəhərliyi həyata keçirən prokurorun da diqqətindən yayınmış və ittiham aktı təsdiq olunmaqla baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində göndərilmişdir. Bundan başqa, “tutma haqqında” 27 may 2025-ci il tarixli protokola əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Talib oğlunun tutulması haqqında ailə üzvlərinə məlumat verildiyi göstərilsə də, necə, hansı üsulla və kimə (hansı telefon nömrəsi vasitəsilə) məlumat verildiyi qeyd edilməmişdir. (cild 1, səhifə 16) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 153.2.4-cü maddəsinə əsasən tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqan tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək hüququnu təmin etməlidir. Bundan başqa, yuxarıda qeyd olunan (“təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 23 sentyabr 2025-ci il tarixli protokolda) müvafiq cinayət işinin neçə cild və vərəqədən ibarət olması natamam şəkildə qeyd edilmiş, protokolun giriş hissəsində cild və vərəqələrin sayı qeyd edilməmiş, həmçinin cinayət işinin dəqiq olaraq hansı məhkəməyə göndəriləcəyi də göstərilməmişdir. (cild 1, səhifə 141) Həmçinin, Təqsirləndirilən şəxs Talib oğluna ittiham aktının təqdim edilməməsinə baxmayaraq cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki, 14 oktyabr 2025-ci il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Talib oğlu ittiham aktının ona təqdim edilməyini bildirdiyindən məhkəmənin hazırlıq iclası təxirə salınaraq qeyd olunan halın araşdırılması üçün şəxsin saxlanıldığı istintaq təcridxanasına “ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluq orqanı tərəfindən Təqsirləndirilən şəxs Talib oğluna təqdim edilməsi üçün ittiham aktının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilib-göndərilməməsi barədə” 16 oktyabr 2025-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən sorğu göndərilmiş, həmin istintaq təcridxanasının 28 oktyabr 2025-ci il tarixli sorğuya cavab məktubundan isə görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluq orqanı tərəfindən ittiham aktı təqsirləndirilən şəxsə təqdim edilməsi üçün istintaq təcridxanasına, təəssüf ki, göndərilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 292.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsə və onun müdafiəçisinə imza etdirməklə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş surətlərinin verilməsini təmin etməlidir. İttiham aktına və onun əlavələrinə dəyişikliklər edildiyi halda ittiham aktı yalnız sonuncu redaksiyada verilir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan ziddiyyətli halların ibtidai istintaq orqanı tərəfindən qanunvericiliyə uyğun şəkildə aradan qaldırılmaması təqsirləndirilən şəxsin ittihamın xarakteri və əsasları haqqında ətraflı məlumatlandırılmaq kimi X12 Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş hüquqlarının da, pozulmasına gətirib çıxarmışdır. Qanunverici məhz bu cür təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsini qanunu tətbiq edənin üzərinə vəzifə olaraq qoymuşdur. Belə ki, qeyd edilən beynəlxalq sənədin həmin normasında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir. Bu norma təqsirləndirilən şəxsə yalnız ittihamın əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın xarakteri, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumatın verilməsini təmin edir. Məhkəmə onu da bildirməyi zəruri hesab edir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı yol verilən pozuntular bununla da bitməmiş, cinayət işinin ibtidai istintaqını aparan müstəntiq tərəfindən qətimkan tədbirinə münasibətdə cinayət-prosessual qanunvericiliklə tələb olunan müddət gözlənilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 290.1-ci maddəsinə əsasən, ittiham aktını imzaladıqdan sonra müstəntiq onu həmin gün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, ittiham aktı həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 20 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Həmin Məcəllənin 292.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, cinayət işi həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 15 gün qalmış məhkəməyə göndərilməlidir. Cinayət işinin materiallarından görünür ki, işin ibtidai istintaqını aparan müstəntiq tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin bitməsinə 05 gün qalmış-25 sentyabr 2025-ci il tarixdə ittiham aktı tərtib olunaraq baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, iş rayon prokurorluğuna daxil olarkən həbs qətimkan tədbirinin müddətinin bitməsinə 05 gün qaldığından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən Təqsirləndirilən şəxs Talib oğlu barəsində həbsdə saxlama müddətinin uzadılması üçün rayon məhkəməsinə təqdimat verilməsi zərurəti yaranmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Talib oğluna satış məqsədi olmadan, qanunsuz olaraq, külli miqdarda narkotik vasitə əldə edərək saxlama və daşıma cinayətinə görə ittiham irəli sürülmüş, ancaq şəxsin üzərindən digər narkotik vasitələrlə yanaşı, təmiz çəkisi 1000 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 800 qram müəyyən edilmişdir. Göründüyü kimi, şəxsin üzərindən xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilsə də, ona qarşı külli miqdarda narkotik vasitə saxlama və daşıma cinayətinə görə ittiham irəli sürülmüş, bu qeyri-müəyyənlik təqsirləndirilən şəxsə elan olunan ittihamı qarışıq və anlaşılmaz etmişdir. Cinayət prosessual qanunvericiliyin qeyd edilən normalarının tələblərinə əsasən elan olunan ittihamda cinayətin baş vermə mexanizminin dəqiq və ətraflı göstərilməsi, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu, nə zaman, harada və hansı cinayət əməlini törətməsi ilə bağlı ona qarşı irəli sürülən ittihamın məzmunu aydın şəkildə anlaması və nədə təqsirləndirildiyini dərk etməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, sözügedən tələblərin qeyd edilən qərarlarda əks etdirilməsi yolu ilə qanunverici hüquqları məhdudlaşdırılan həmin şəxsə nəyə görə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarın qəbul edilməsinin labüdlüyünü izah edir, eyni zamanda həmin şəxsə nə zaman və harada hansı əməli törətməsi, nədə təqsirləndirildiyini dərk etməsi və ona qarşı irəli sürülən ittihamın mahiyyətinin ona tam aydın olması üçün imkan yaradır. Hazırkı cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən 30 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Talib oğlu CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qarşı həmin maddə ilə yekun ittiham irəli sürülmüşdür (cild 01, iş vər. 47-48, 128-129) Lakin, ibtidai istintaq orqanı tərəfindən qəbul olunan həmin qərarda əks olunan ittihamın məzmununun tərtibində təəssüf ki, qeyri-peşəkarlıq və səriştəsizliyə yol verilmiş, bu da yekunda həmin qərarla ittiham altına düşən təqsirləndirilən şəxsdə anlaşılmazlıq yaratmaqla dolayısı ilə də onun müdafiə hüququnun pozulması ilə nəticələnmişdir. Beləliklə, yuxarıda göstərilələri ümumiləşdirdikdə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq zamanı CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin nəzərdə tutulmuş kobud pozuntularına yol verildiyinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin hazırlıq iclasında müvafiq qərar qəbul edilərkən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri də müzakirə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 306-cı maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Talib oğlu 27 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 may 2025-ci il tarixdə RPŞ-nin MSY-dən azad edilmiş, 30 may 2025-ci il tarixdə Quba rayon məhkəməsinin qərarı ilə barəsində əvvəli həmin tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(İ.v. 47-48, 74-75) Cinayət işi xx.xx.2025-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş, 14 oktyabr 2025-ci tarixli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs Talib oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin məhkəmənin hazırlıq iclası keçirilib hazırlıq iclası üzrə yekun qərar qəbul olunanadək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Talib oğlunun barəsində həm həbsin seçilməsi üçün əsas olmuş hallar, həm də həbsin müddətinin uzadılması üçün əsas olmuş hallar aradan qalxmamışdır. Eyni zamanda, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin ağır cinayətlər kateqoriyasına aid olması, həmin əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi sonuncunun azadlıqda qalacağı təqdirdə ibtidai istintaqın və gələcəkdə məhkəmə baxışının normal gedişatına mane olacağını ehtimal etməyə əsas verir ki, belə olan halda məhkəmə kollegiyasının qənaətincə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixə kimi uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299-301 və 303-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Talib oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs Talib oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri 30 dekabr 2025-ci il tarixədək uzadılsın.
Məhkəmə qərarları › İş №1(124)-463/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-463/2025
30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver