Məhkəmə qərarları › İş №1(124)-465/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-465/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-465/2024 07.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1974-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Siyəzən şəhəri, F.Bayramov küçəsi, ev 11 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış: məqsədi olmadan 5,977 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuananı qanunsuz olaraq əidə edib üzərində daşımaqla yaşadığı evdə saxlamış, 23 may 2023-cü il tarixdə saat 10 radələrində Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri zamanı yaşadığı evin qarşısında saxlanılaraq yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı sonuncunun yaşadığı evdə çarpayıda döşəklərin altında bir ədəd kibrit qutusunda təmiz çəkisi – 5,582 qram və həmin kibrit qutusunun içərisində 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,395 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 5,977 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə saat 14:30 radələrində Siyəzən rayonunun Cəndahar kəndi yaxınlığındakı X14 torpaqlarında meşəlik kolluq sahədə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən əkilmiş, ümumilikdə 50 (əlli) ədəd yaş vəziyyətdə ümumi təriniz çəkisi - 70,0 qram tərkibində narkotik maddələr olan çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə elan olunan ittiham üzrə özünü qismən (CM-in 237.2.3-cü maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, yerdən tapdığı kibrit qutusunda olan narkotik vasitə marixuana toxumlarını öz şəxsi istifadəsi üçün təsadüfi seçdiyi bir yerdə əkmişdir. Toxumları sulamaq üçün qonşusu Kamran adlı şəxslə həmin əraziyə gedərkən polis əməkdaşları tərəfindən tutulmuşlar. Evindən çıxan narkotik vasitə isə, ona məxsus olmamış, polis əməkdaşlarının fiziki təzyiqi nəticəsində məcbur qalıb, ona məxsus olduğunu qəbul etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, 2-3 ildir ki, narkotik vasitə marixuana istifadə etmiş, toxumları məhəllədə yerdə olan kibrit qutusunun içindən tapmış, əkdiyi yeri təsadüfi olaraq seçmişdir. Toxumları dibçəkdə və ya vedrədə əkməmiş, yalnız torpağa əkmişdir. Polis əməkdaşlarının ona fiziki təzyiq etməsi barədə müstəntiqə, barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə və rayon prokurorunun qəbulunda olarkən prokurora bildirməmiş, hər hansı dövlət orqanına şikayət etməmişdir. Kamran adlı şəxs onun qonşusu olmuş, birinci dəfə özü toxumları əkməyə getmiş, ikinci dəfə sulamaq üçün əraziyə gedəndə, birlikdə tutulmuşlar. İbtidai istintaq dövründə toxumlara Kamran adlı şəxslə qulluq etməsi barədə heç nə deməmişdir. Həmin şəxs də tutulandan sonra, 6 ay həbs cəzası almışdır. Əvvəlcə, təsadüfi seçdiyi yeri kollardan təmizləmiş, toxumları əkmiş, ikinci dəfə sulamaq üçün gedəndə tutulmuşlar, həmin vaxt Kamran ona heç bir kömək edə bilməmişdir. Evindən çıxan narkotik vasitə ona məxsus olmamış, polis əməkdaşları tərəfindən evinə qoyulmuşdur. Polis əməkdaşları ilə düşmənçiliyi, ədavəti olmamışdır. Yalnız, narkotik vasitə marixuana istifadə etmişdir. Döyülmə nəticəsində onun üzərində xəsarət qalmamış, 3 saylı istintaq təcridxanasına daxil olarkən də, polis əməkdaşları tərəfindən döyüldüyünü bildirməmişdir. Marixuana toxumlarını heç kimdən almamış, yerdən tapmışdır. Toxumlardan neçəsinin alınacağını bilmədiyi üçün, çoxlu sayda əkmişdir. Narkotik vasitə əkməyinin cinayət məsuliyyətinə səbəb olacağını bilmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şəxs həmin ifadəsində özünü ona elan olunan ittiham üzrə tam təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan və tiryəkdən istifadə edir. 070 *** ** ** saylı mobil nömrə ona məxsusdur. Təxminən 3-4 gün əvvəl yaşadığı məhəllədə yolun kənarında daşın altında bir ədəd kibrit paçkası tapmışdır. Həmin kibrit paçkasını açdıqda içərisində narkotik vasitə marixuana olmasını görmüş və istifadəçisi olduğu üçün tanımışdır. Həmin kibrit paçkasının içərisində bir ədəd də ağ rəngli kağız bükülü olmuşdur. Həmin kağız bükülünü açdıqda içərisində narkotik vasitə marixuana olmasını görmüşdür. Həmin kibrit qutusunu cibinə qoymuşdur ki, sonra istifadə etsin. Evinə gəlmiş və həmin kibrit qutusunu evində giriş dəhlizindən sol tərəfdə olan otaqda çarpayının içində döşəklərin altına qoymuşdur. 23 may 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı evin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb evində narkotik vasitə olmasında şübhələr olmasını, evinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi izah edilmişdir. Baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra evində qanunla qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulmuşdur. Evində çətənə toxumları olduğunu demişdir. Müstəntiq ona həmin toxumların yerini göstərməyini bildirmişdir. Həyətə daxil olmuş və həyətdə sol tərəfdə pilləkənin altında çaynikin içində sellofan torbada olan bükülünü təqdim etmişdir. Həmin bükülü müstəntiqin göstərişi əsasında əməliyyat müvəkkili tərəfindən açıldıqda içərisində çətənə toxumlarının olması görülmüşdür. Bundan sonra həmin toxumların olduğu sellofan torbanın ağzı bağlanmışdır. Digər sellofana yerləşdirilmişdir. Həmin sellofanın da ağzı bağlandıqdan sonra digər üzərində yazılar olan selofana yerləşdirilmişdir. Bundan sonra həmin sellofan bükülü bir ədəd ağ rəngli zərfə yerləşdirilmişdir. Daha sonra müstəntiq tərəfindən evdə digər qanunla qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulmuşdur. Heç bir qanunla qadağan edilmiş predmetin olmadığını bildirmiş və evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən verilmiş göstərişə əsasən evinə baxış davam etdirilmiş, əvvəlcə öz qaldığı otağa baxış keçirilmişdir. Orada heç bir qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Daha sonra girişdən sol tərəfdə olan digər otağa keçilmiş və həmin otaq axtarılan zaman əməliyyat müvəkkili tərəfindən çarpayının altında olan döşəkdən bir ədəd kibrit qutusu tapılmışdır. Həmin kibrit qutusu açıldıqda içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kibrit qutusunun içərisində digər ağ rəngli bükülü olmuşdür. Həmin bükülü açıldıqda içərisində narkotik vasitə marixuanaya bənzər kütlə müəyyən edilmişdir. Daha sonra evinə baxış keçirilsə də digər qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Həmin kibrit qutusu müstəntiq tərəfindən bir ədəd ağ rəngli boş zərfə yerləşdirilmiş və qablaşdırılmaqla götürülmüşdür. O, həmçinin bildirmişdir ki, Cəndahar kəndi ərazisində yolun kənarında böyürtkən kollarının arasında çətənə kolları əkmişdir. Müstəntiq tərəfindən həmin yeri göstərib göstərə bilməyəcəyi soruşulduqda göstərə biləcəyini demişdir. Daha sonra polis əməkdaşları və müdafiəçi ilə birlikdə qeyd edilən əraziyə getmişlər. Ərazidə baxış keçirilməyə başlanılmışdır. Bundan sonra müstəntiq tərəfindən çətənə bitkilərini əkdiyi ərazi göstərilməsi təklif edilmişdir. Həmin ərazinin durduqları yerdən bir qədər aralıda olmasını, yolunun pis, tikanlı, kolların arası ilə gedildiyini bildirmişdir. Ona görə müstəntiq tərəfindən qeyd edilən əraziyə getmək üçün baxış dayandırılmış, bu barədə qeyd edilmişdir. Bundan sonra kolların arasından keçərək onun göstərdiyi əraziyə gəlinmişdir. Həmin yer hər tərəfi ağaclarla və kollarla əhatə edilmişdir. Qeyd edilən yerdə baxışın keçirilməsi davam etdirilmişdir. Kolların arasında]olan torpağa və vedrəyə əkdiyi bitkiləri göstərmiş və həmin bitkilərin çətənə bitkiləri olmasını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən verilmiş göstərişə əsasən həmin bitkilər polis əməkdaşı tərəfindən kökündən çıxarılmış, 42 ədəd torpaqdan 8 ədəd vedrədən çətənə bitkilərinə bənzər bitkilər çıxarılmışdır. Bundan sonra mütəxəssis həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini bildirmişdir. Evindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı təxminən 3-4 gün əvvəl yaşadığı məhəllədə yolun kənarında daşın altından tapmışdır. Həmin narkotik vasitəni öz istifadəsi üçün götürüb evində saxlamışdır. Həmin bitkiləri öz istifadəsi üçün əkmişdir. Həmin bitkiləri təxminən 1 ay bundan əvvəl əkmişdir. Həmin toxumları təxminən 2-3 ay bundan əvvəl dəniz kənarından tapmışdır. Ona qarşı hər hansı fiziki və digər zorakılıq halı baş verməmişdir. Əvvələr heç kimdən narkotik vasitə almamış və heç kimə narkotik vasitə satmamışdır (cild 01, iş vər. 73-76). İfadəsi elan olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, həmin ifadəni müstəntiqin və polis əməkdaşlarının fiziki, psixi təsiri, azyaşlı övladı ilə bağlı hədə-qorxu gəlmələri nəticəsində vermişdir. Vedrədə əkilmiş narkotik vasitələr ona məxsus olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və yaşadığı ünvanda saxlaması barədə daxil olan əməliyyat məlumatı əsasında, 23 may 2023-cü il tarixdə səhər saat 10 radələrində şəxsi yaşadığı ünvanın qarşısında saxlamış və ona narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirmişlər. Şəxs videoçəkiliş vasitəsilə evinə baxış keçirilməsinə etiraz etməmiş, baxış zamanı şəxs könüllü olaraq, evində olan pilləkanın aşağı hissəsində saxladığı çayniki təqdim etmiş, çaynikin içində saxladığı bükümün içərisindən çətənə bitkisinin toxumları aşkar olunmuşdur. Həmin büküm müvafiq olaraq, qablaşdırılaraq götürülmüşdür. Daha sonra, şəxsin yataq otağına baxış zamanı döşəyin altından bir ədəd kibrit qutusunun içində qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, şəxs barəsində əməliyyat məlumatı həmin gün daxil olmuş, daxil olan əməliyyat məlumatının məzmunu şəxsin narkotik vasitə istifadə etməsi və evində saxlaması barədə olmuşdur. Təxirəsalınmaz tədbir keçirildiyi üçün, şəxsin evinə baxış keçirilməsi ilə bağlı məhkəmə qərarı alınmamışdır. Onlar tərəfindən şəxsin evinə narkotik vasitə qoyulmamışdır. Şəxsə qarşı heç bir təzyiq, təsir olmamış, şəxs saxlanılarkən müqavimət göstərməmiş, onun barəsində əvvəllər əməliyyat məlumatı daxil olmamış, daxil olan əməliyyat məlumatı əsasında, əməliyyat-qeydiyyat işi açılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdə əməliyyatçılar tərəfindən yaşadığı evin qarşısında saxlanılmış, ona evində qanunla qadağan olunmuş əşya varsa, təqdim etməsi təklif olunmuş və şəxs mənzilinə baxış keçirilməsinə etiraz etməmişdir. Evinə baxış zamanı kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Şəxs özü həmin narkotik vasitəni Cəndahar kəndində tikanlıq ərazidə əkibbecərdiyini bildirmişdir. Bundan sonra, həmin ərazi uzaqda olduğu üçün videoçəkiliş dayandırılmış, tərəflərindən həmin əraziyə gedilmiş, yenidən videoçəkiliş vasitəsilə şəxsdən narkotik vasitələri dəqiq harada əkdiyi soruşulmuş və şəxs könüllü surətdə narkotik vasitələri əkdiyi yerləri göstərmişdir. Əraziyə baxış zamanı 42 ədəd yerdə, 8 ədəd dibçəkdə olmaqla, ümumilikdə 50 ədəd əkilmiş narkotik vasitə kolu aşkar olunmuşdur. Kollardan ən kiçiyinin ölçüsü 2 sm, ən böyük kolun ölçüsü isə, 70 sm olmuşdur. Müstəntiq tərəfindən təyin olunmuş bitki üzrə mütəxəssis aşkar olunmuş kolların narkotik vasitə olduğunu və aqrotexniki üsullarla qulluq olunduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, əməliyyat müvəkkili olmuş, şəxsin evinə baxış zamanı əməliyyat qrupunda iştirak etməmiş, yalnız narkotik vasitələrin əkildiyi əraziyə baxış zamanı iştirak etmişdir. Şəxsə qarşı heç bir təzyiq, təsir olunmamış, şəxs aşkar olunmuş narkotik vasitələrin sayını mübahisələndirməmiş və hamısının özü tərəfindən əkildiyini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində Şahid1 və Şahid4 Şahid2 və Şahid3 ilə eyni məzmunlu ifadə verərək onların göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, yaşadığı ünvanda saxlaması və Siyəzən rayonu, Çandahar kəndində dəniz kənarı sahədə narkotik vasitə çətənə kollarını əkib-becərməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır(cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Siyəzən şəhəri, F.Bayramov küçəsi, ev 11 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1974-cü il təvəllüdlü Salamov X4 Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saat 10 radələrində yaşadığı evin yaxınlığında saxlanıldıqdan sonra yaşadığı ünvana baxış keçirilmiş və daha sonra Siyəzən Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 01, iş vər.04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı Siyəzən şəhəri, F.Bayramov küçəsi, ev 11 ünvanında yerləşən evinə baxış keçirilmiş və baxış zamanı yaşadığı evdən çətənə bitkisinin toxumları, habelə evdə çarpayıda döşəklərin altında bir ədəd kibrit qutusunda təmiz çəkisi – 5,582 qram və həmin kibrit qutusunun içərisində 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,395 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 5,977 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, video çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 24-27) Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, müdafiəçinin, mütəxəssis-aqronomun və Təqsirləndirilən şəxs iştirakı ilə Siyəzən rayonunun Cəndahar kəndi yaxınlığındakı X14 torpaqlarında meşəlik kolluq sahədə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən əkilmiş, ümumilikdə 50 (əlli) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinə bənzər bitkilər aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, video çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 39-41) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis-aqronomun rəyindən görünür ki, həmin tarixdə Siyəzən rayonunun Cəndahar kəndi yaxınlığındakı X14 torpaqlarında meşəlik kolluq sahədə keçirilmiş baxış zamanı ümumilikdə 50 ədəd əkib-becərilməsi qanunla qadağan edilmiş tərkibində narkotik maddələr olan çətənə bitkisinin kolları aşkar edilmiş, həmin bitkilərə aqrotexniki qulluq edilmişdir (cild 01, iş vər. 44). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, 7/769 nömrəli məhkəməbioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş “Şübhəli şəxs Təqsirləndirilən şəxs imza....” yazı və imzalar olan zərfdə 1 ədəd kibriti qutusunda təmiz çəkisi- 5,582 qram və 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,395 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin rəyə əsasən tədqiqata təqdim edilmiş “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə çətənə toxumuna bənzər kütlə....” yazı və imzalar olan zərfdə 1 ədəd sellofanın içərisində nəm parça kəsiyində tətniz çəkisi 10,317 qram bitki toxumları əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələrin siyahısına daxil deyildir. Həmin rəyə əsasən tədqiqata təqdim edilmiş “Şübhəli şəxs Təqsirləndirilən şəxs..." yazı və imzalar olan zərfdə 50 (əlli) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 70,0 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir (cild 01, iş vər. 52-55). Cinayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(059)-27/2023 saylı qərarı ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Siyəzən Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili X9 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 01, iş vər. 87). Cinayət işinə əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4996 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Lakin hal-hazırda narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 150). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.2-ci maddəsinin tərkibi olmadığından, barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 152-163). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarında göstərilmişdir ki, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində verilmişdir. Həmin maddədə qeyd edilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Həmin siyahı görə 16 ədəddən 800-dək çətənə kolunun əkilməsi külli miqdarı əhatə edir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü, evdən aşkar olunan narkotik vasitənin ona məxsus olmadığını, təzyiq nəticəsində məcbur qalıb həmin maddəni qəbul etdiyini bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, o, həm şübhəli şəxs qismində saxlanılarkən və evinə baxış keçirilərkən, şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni yaşadığı evdən aşkar olunan narkotik vasitənin ona aid olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmişdir. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitələrin onun yaşadığı evdən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət işinin materiallarına əlavə olunan arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi (arvadı və biri azyaşlı – 2018-ci il təvəllüdlü olmaqla iki uşağı ilə ) birlikdə hazırda Siyəzən şəhəri, F.Bayramov küçəsi, ev 11 ünvanında yaşayır, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir, 2006-cı il təvəllüdlü oğlu Murad Salamov xx.xx.2024-cü il tarixdə həqiqi hərbi xidmətə göndərilmişdir (cild 01, iş vər. 115-116). Cinayət işinə əlavə edilmiş X5 X15 Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PHŞ-6-69/2-342/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsində 2017-ci ildən “Qısa müddətli depressiv pozuntu” diaqnozu ilə ruhiəsəb xəstəsi kimi qeydiyyata alınmışdır (cild 01, iş vər. 104). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 106). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayyət məsuliyyətinə cəlb olunmasını, ruhi-əsəb xəstəsi kimi qeydiyyatda olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ağırlığını və ictimai təhlükəliliyini, həmçinin şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını, eyni zamanda həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu ilə qəti azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 19). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli Siyəzən Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 90-92). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmamış və xx.xx.2023-cü il tarixdə azadlığa buraxılmış, onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 117). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin olunan cəzaya hesablanmaqla çıxılmalı, cəzasının başlanğıcı isə hökm çıxarıldığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında həbsə alınmalı, habelə onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın rəyində göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsində göstərilən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Siyəzən Rayon Polis Şöbəsində saxlanılan 5,877 qram qurudulmuş marixuana və 69 qram çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD diskin cinayət işinin matriallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 70 AZN (yetmiş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 4 (dörd) ay müddət ona təyin olunan cəzaya hesablanmaqla çıxılsın və üzərində 03 (üç) il 02 (iki) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Siyəzən Rayon Polis Şöbəsində saxlanılan 5,877 qram qurudulmuş marixuana və 50 ədəd ümumi təmiz çəkisi 69 qram çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD diskin cinayət işinin matriallarında saxlanması nəzərə alınsın. İş üzrə 70 AZN (yetmiş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar