Məhkəmə qərarları › İş №1(124)-467/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-467/2024

26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-467/2024 26.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X6 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X12 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fəhlə işləmiş, Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs əvvəllər qonşuları olmuş Şahid4 ilə aralarında sevgi münasibətlərinin olması və arvadının ona qarşı saymazyana münasibət göstərməsi səbəbindən qısqanclıq motivi ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən "Həyat” marketdən 20 metr şimal-şərqdə yerləşən yaşadıqları yataqxana tipli evin ikinci mərtəbəsindəki yataq otağında əvvəlcədən şalvarının sağ arxa cibində gizlətdiyi zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən, ümumi uzunluğu 215 mm olan, məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs kürək nahiyəsinə qəsdən bir zərbə vurduqdan sonra həmin bıçaqla arvadının boğaz nahiyəsini kəsib sonuncuya “sağ kürəküstü nahiyədə döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara” kimi sağlamlığa yüngül zərər vuran, "boynunda öndə qırtlaq, yuxu arteriyası və venaların zədələnməsi ilə kəsilmiş yara” kimi sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə kəskin qanaxmadan yaranan posthemorragik şok nəticəsində Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni həmin şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək hadisədən sonra özünə də xəsarət yetirdiyindən danışmağa çətinlik çəkdiyindən ifadə vermək istəməmiş, lakin ona ünvanlanan sualları cavablandırarkən göstərdi ki, 2006- cı ildə ünvan 2 Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nikahlarından Aytən adlı qız, Elnur adlı oğul övladları dünyaya gəlmişdir. O fəhləlik edib ailəsini dolandırmışdır. Son zamanlar Aynurənin ona xəyanət etməsindən şübhələnmişdir. Aynurə ona qarşı soyuq olmuşdur. Aynurə ona xəyanət etdiyinə görə onu öldürmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Aynurəyə öz yaşadıqları evdə bıçaqla xəsarətlər yetirib onu öldürmüşdür. Aynurəyə bıçaqla xəsarət yetirib onu öldürərkən bu hadisəni görən olmamışdır. Aynurəni öldürəndən sonra öz boğazını da kəsmişdir. Uşaqlarına görə törətdiyi cinayətdən peşimandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs tam ifadə vermədiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edib tədqiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqdakı ifadələrində göstərmişdir ki, o xx.xx.1982-ci ildə Quba şəhərində anadan olmuş və Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində daimi qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamışdır. O Dövlət Sərhəd Xidmətinin Şəmkir rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində hərbi xidmətini keçmişdir. Heç bir psixi xəstəlikdən əziyyət çəkməmiş və narkoloji və ya psixiatrik dispanserlərdə qeydiyyatda olmamışdır. Xaçmaz rayonu, Çubuqlu kəndi ərazisində yerləşən “Grand Garden" MMC-də fəhlə işləmişdir. 2006-cı ildə ünvan 2 Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nikahlarından Aytən adlı qız, Elnur adlı oğul övladları dünyaya gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində əvvəllər qonşusu olmuş Babək və onun qardaşı Nizami onlara qonaq gəlmişdirlər. Babək, Nizami, anası Rəsmiyyə və Aynurə ilə birlikdə süfrədə oturmuşdurlar, uşaqlar isə həyətdəki qonaq otağında olmuşdurlar. Babəklə birlikdə onun gətirdiyi spirtli içkidən qəbul etmişdirlər. Spirtli içki qəbul etdikdən sonra Babək ona “Aynurəyə güldən ağır söz desən, ona əl qaldırsan məndən incimə. Mən Aynurəni sevirəm, onun arxasında mən durmuşam” sözlərini deyəndə şoka düşmüş və əsəbləşib ayağa qalxmışdır. Anası da bu sözləri eşidərək bir anlıq təəccüblənmiş və Aynurənin üstünə gedərək bunun nə məsələ olduğunu Aynurədən soruşub qışqırmağa başlamışdır. O da Babəkin üstünə qışqırdığı üçün səs-küyə qonşular onlara toplaşmışdır. Babəkin sözlərindən sonra Aynurə heç bir reaksiya verməmiş və susub oturmuşdur. Artıq Aynurənin bu hərəkətindən arvadının Babəklə münasibətdə olmasını təsdiq etdiyini anlamışdır. Qonşular səs-küyə onlara gəldikdən sonra Babək Nizami ilə evi tərk edib getmişdir. Bu söz-söhbətdən bir neçə ay əvvəl işdən evə tez gəlmiş və Aynurənin mətbəxdə telefonla danışığını tutmuşdur. Aynurəyə bildirmədən telefon danışığına qulaq asanda sonuncunun Babəklə danışmasından əmin olmuşdur. Aynurənin kiminlə danışdığını soruşanda o, atası, daha sonra isə qardaşı oğlu ilə danışdığını ona bildirmişdir. Həmin vaxt Aynurənin üstünə çox getməmiş və lazımi anı gözləyib Babəklə münasibətdə olmasını Aynurəyə sübut etmək istəmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Aynurə əlindəki ləyəni ona tərəf atıb “yaxşı eliyirəm, mən səni saymıram, ürəyim istədiyi kimi yaşayaram" sözlərini deyib onunla mübahisə etməyə başlayanda Aynurənin saçlarından tutub dartmış və anası onları aralaşdırmışdır. Artıq Aynurə ilə ərarvad münasibəti tamam korlanmış və aralarındakı hörmət də itmişdir. Aynurə bu barədə zəng edib atasına, daha sonra sahə rəisi Ədalətə məlumat vermişdir. O da qaynatasına zəng edib Aynurənin namussuz hərəkətlərə yol verdiyini demişdir. Bir müddət sonra yaşadıqları evə qaynatası Abdulla və sahə rəisi Ədalət gəlmişlər. Onların da yanında Aynurə Babəklə münasibətdə olduğunu bir daha etiraf edərək atası ilə bir yerdə getməyəcəyini demişdir. Abdullagil gəldikdən sonra mübahisə səngimiş və onlar getdikdən sonra Aynurə uşaqlar üçün kitab-dəftər almaq üçün mağazaya getmişdir. O isə həyətdə oturub Aynurənin bu hərəkətlərinin nəticəsinin necə olacağını düşünmüşdür. Aynurə kitabdəftər alıb gəldikdən sonra qonşuları Lauragilə getmişdir. Aynurə Lauragilə gedib qayıtdıqdan sonra evin ikinci mərtəbəsindəki anasının qaldığı otağa keçmişdir. Təxminən saat 17 radələri olmuşdur. O, isə mətbəxdən bıçağı götürüb şalvarının sağ arxa cibinə qoyaraq Aynurənin yanına getmişdir. Oraya getməkdə məqsədi Aynurə ilə söhbət edib hər şeyi yoluna qoymaq, əks təqdirdə Aynurəni öldürmək olmuşdur. Otaqdan içəriyə daxil olanda Aynurə yerdə uzanıb yatmışdır. Aynurəni oyatdıqdan sonra Aynurə yerin içində oturmişdur. O da Aynurənin sol tərəfində sonuncu ilə yan-yana eyni vəziyyətdə oturmuşdur. Aynurəyə “belə etmə, uşaqlarımız var, bu yoldan qayıt, əvvəlki kimi normal ailə münasibətlərimizə davam edək" sözlərini deyəndə Aynurə “həyat mənimdi, özüm bilərəm. Babəklə də, başqaları ilə də danışıram, yaxşı edirəm” sözlərini ona bildirmişdir. Artıq Aynurə ilə hər hansısa söhbət etməyin mənasız olduğunu və Aynurənin həyatına son qoymaqla namusunu təmizləməli olduğumu anlamışdır. Çünki Aynurəyə söz batmamış və sonuncu ilə normal danışdıqca Aynurə daha da irəli getmiş və arsızlaşmışdır. Aynurənin bu sözlərindən sonra fikrini daha da qətiləşdirmiş və arxa cibindən çıxardığı bıçağı sağ əli ilə tutub Aynurənin kürək nahiyəsinə bıçaqla bir zərbə vurub çıxartmışdır. Daha sonra Aynurəni itələyib beli üstə yerə yıxdıqdan sonra bıçaqla sonuncunun boğaz nahiyəsini 2-3 dəfə irəli- geri edərək kəsmişdir. Aynurənin boğaz nahiyəsini kəsdikdən sonra dizi üstə çökərək sağ əlindəki bıçaqla öz boğazını kəsmişdir. Boğazını kəsdikdən sonra özündən getmiş və gözlərini açanda Xaçmaz RMX-da olduğunu anlamışdır. Azyaşlı uşaqlarına görə Aynurəni öldürdüyü üçün peşman olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Babəkgil onlara gələn vaxta kimi Aynurə ilə münasibətləri normal olmuşdur. Babəkin arvadı ilə münasibətdə olmasını ona açıq şəkildə, qorxmadan deməsindən sonra Aynurə ilə münasibətləri pozulmuşdur. Aynurənin boğaz nahiyəsini kəsməklə sonuncunu öldürmək niyyəti olmuşdur. Aynurəni Babəklə münasibətdə olaraq ona xəyanət etməsi və namusunu ləkələməsinə görə öldürmüşdür. Aynurəni öldürərkən istifadə etdiyi bıçağı yaşadıqları evin mətbəxindən götürmüşdür. Həmin bıçağın ölçülərini dəqiq olaraq bilməmiş. Dəstək hissəsi ağ, qırmızı və göy rəngli olmuşdur. Həmin bıçaqdan çörək kəsmək üçün istifadə etmişlər. Hadisə zamanı Aynurə ilə ondan başqa yataq otağında heç kim olmamışdır. O, hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaqdakı ifadəsi elan olunduqdan sonra o həmin ifadəsini təsdiq etdiyini bildirərək Aynurəni ona xəyanət etdiyinə görə öldürdüyünü bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamışdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə teleqramla müraciət edərək ailə vəziyyəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyini, ibtidai istintaqdakı ifadəsini təsdiq etdiyini, işə onun iştirakı olmadan baxılmasını və təqsirləndirilən şəxsə qanuna uyğun ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Aynurə istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsindən istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək Şamillə dalaşdığını, əri ilə yola gedə bilmədiyini və gəlib onu yaşadığı evinə aparmağını demişdir. Aynurənin telefon danışığından sonuncunun həyəcanlı halda olduğunu hiss etmişdir. Yaşadığı evdən çıxaraq Aynurəgilə getmişdir. Oraya gedib çatanda Aynurə qollarını ona göstərərək Şamilin döydüyünü, Şamilin şər ataraq guya başqa kişilərlə Şamilə xəyanət etməsini bildirdiyini və ərindən boşanmaq istədiyini demişdir. O, Şamili danlayaraq böyük uşaqlarının olduğunu, belə bir iş tutmamasını, arvadını istəmədiyi halda Aynurədən boşanmasını bildirmişdir. Həmin gün təxminən saat 12 radələrində öz evinə qayıdıb gəlmək istəyəndə Aynurəgilə adını bilmədiyi, mayor rütbəli sahə rəisi olan polis əməkdaşının gəldiyini görmüşdür. Aynurə polis əməkdaşına zəng edib məlumat verdiyi üçün sonuncu onların evinə gəlmişdir. Polis əməkdaşı evə gəldikdən sonra Aynurəyə bu məsələ ilə bağlı şöbəyə gəlib İzahat verməsini bildirmişdir. Polis əməkdaşı bu kimi sözləri deyib çıxıb getmişdir. O da Aynurəgildə sakitçiliyin olmasından əmin olub öz evinə qayıtmışdır. Həmin gün saat 18 radələrində nəvəsi Aytən ona zəng edərək Şamilin Aynurənin başını kəsib sonuncunu öldürdüyünü və daha sonra isə bıçaqla öz boğaz nahiyəsini kəsdiyini demişdir. O da bu barədə dərhal arvadı Rozaya məlumat vermiş və sonuncu ilə birlikdə Aynurəgilə getmişlər. Onlar oraya çatanda polis əməkdaşları hadisə yerində olmuş və Aynurənin meyitini morqa aparmışlar. Abdulla Koroğluyev verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günü Aynurə səhər saatlarında ona zəng edib əri ilə yola getmədiyini və boşanmaq istədiyini demişdir. O, onların evinə gedəndə Aynurənin qollarında xəsarət izlərini görmüşdür. Bundan başqa, Aynurə əvvəllər əri ilə arasında dava-dalaş, mübahisənin olması barədə ona məlumat verməmişdir. Şamilin Aynurənin qollarına nə vaxt xəsarət yetirdiyini bilməmişdir. Bu barədə Aynurədən heç nə soruşmamışdır. Şamilin Aynurəni hansı səbəbdən öldürməsini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur, Aynurə onun gəlini idi. Qonşuluqda yaşayan Babəkin gəlini Aynurə ilə münasibətdə olmasından şübhələnmişlər. Çünki Babək bir dəfə söhbət zamanı “ay xala adamın ürəyini çıxarıb göstərmək mümkün olsaydı, çox yaxşı olardı" sözlərini ona bildirmişdir, lakin Babəkin nə deməsini başa düşməmiş, sonradan bilmişdir ki, Babək gəlini Aynurə ilə arasındakı münasibətdən bəhs edirmiş. xx.xx.2023-cü il tarixdə axşam vaxtları Babək qardaşı ilə onlara qonaq gəlmişdir. Aynurə də həyətdə süfrə açmış və hamısı stulda əyləşmiş, uşaqlar isə həyətdəki evin qonaq otağında oturmuşlar. Şamil Babəklə bir yerdə araq içib söhbət edən zaman Babək üzünü Şamilə tutub “eşitsəm ki, arvadına güldən ağır söz demisən, onu vurmusan, məndən incimə. Mən Aynurəni sevirəm" sözlərini deyəndə mübahisə yaranmışdır. O, bu sözləri eşidib gəlininin üstünə gedib qışqıraraq bunun nə məsələ olduğunu soruşduqda Aynurə heç nə deməmişdir. Sonradan bilmişdir ki, Babəklə Aynurənin arasında olan münasibətdən qonşuların da məlumatı olmuş və Şamil də bunu eşitmişdir, lakin oğlu bu barədə ona heç nə deməmişdir. Süfrədə mübahisə yarandıqdan sonra Babək və qardaşı çıxıb getmiş, bundan sonra Şamil şillə ilə Aynurənin bədənin müxtəlif nahiyələrinə vuranda onları aralamışdır. Sabahı səhər saatlarında Aynurə əlindəki ləyəni Şamilə tərəf atıb “kef mənimdi özüm bilərəm, səni istəmirəm, səni saymıram” sözlərini deyəndə yenə onların arasında mübahisə başlamış və Şamil arvadının saçından tutub dartışdıranda onları aralamışdır. Aynurə bu barədə sahə rəisi Ədaləti və atası Abdullanı zəng edib evə çağırmış və onlar gəldikdən sonra Abdullaya axşam baş verənləri danışmış, Abdulla qızını danlayaraq evinə bir daha gəlməməsini demiş, Aynurə isə “sənin evinə gəlməyəcəm, gedib kefimi çəkəcəyəm” sözlərini demişdir. Onlar getdikdən sonra Aynurə uşaqlar üçün kitab almağa ordan isə qonşu Lauragilə getmiş, o isə uşaqlarla həyətdəki otaqda olmuşdur. Həmin gün saat 17 radələrində nəvəsi Aytən ikinci mərtəbəyə qalxdıqdan sonra onun qışqırıq səslərini, onu çağırdığını eşitmişdir. Dərhal ikinci mərtəbəyə qalxanda ona məxsus yataq otağının daxilində Aynurə və Şamilin yerdə qan içində uzanmış vəziyyətdə olduğunu görmüş, Aynurə artıq ölmüş, Şamil isə yerdə xırıldayan vəziyyətdə idi. Şamil Aynurənin boğaz nahiyəsini bıçaqla kəsdikdən sonra öz boğazını da kəsib özünə xəsarət yetirmişdir. Artıq səs-küyə bütün qonşular oraya yığışmışdır. Hadisə barədə dərhal polis əməkdaşlarına və təcili tibbi yardıma məlumat vermişlər. Evə gələn təcili tibbi yardım həkimləri oğlunu xəstəxanaya aparmışlar, Aynurə isə artıq ölmüşdür. O hadisənin şahidi olmamışdır. Şamil Aynurəni öldürmək istəməsi ilə bağlı əvvəllər onlara heç nə deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, atası ilə anasının münasibəti əvvəllər normal olmuşdur. xx.xx.2023-cü il tarixdə 19 radələrində qonşuları Babək onlara qonaq gəlmiş və anası onlar üçün süfrə açmışdır. Süfrədə anası, atası, nənəsi və Babək oturmuşdur. O, isə yan otaqda oturub televizora baxmış və süfrədə edilən söhbətləri eşitmişdir. Babək ilə atası spirtli içki qəbul edərək söhbətləşirmişlər. Söhbət zamanı Babək Aynurəni sevdiyini bildirəndə atası ilə Babəkin arasında mübahisə yaranmış və Babək evi tərk edib getmiş, Babək getdikdən sonra söz-söhbət daha da böyümüş və mübahisə zamanı atası anasına şillə vurub onu döyməyə başlamışdır. Səhəri gün yenə bu məsələ ilə bağlı atası ilə anasının arasında mübahisə düşmüşdür. Buna görə babası Abdulla Koroğluyev və sahə rəisi Ədalət onlara gəlmiş, onlar gəldikdən sonra atası ilə anası sakitləşmişlər. Evdə sakitçilik olduqdan sonra babası və Ədalət çıxıb getmişdirlər. Həmin gün təxminən günorta saatlarında anası mağazaya, daha sonra isə Laura adlı qonşuya getmiş, atası da küçəyə çıxmışdır. O isə nənəsi və qardaşı ilə birlikdə bağdakı qonaq otağında oturmuşlar. Həmin gün saat 17 radələrində evdə sakitçiliyin olmasından şübhələnmiş, atasıgilin yataq otağına getmişdir. Yataq otağının qapısını açıq vəziyyətdə görüb ora daxil olanda anasının yerdə uzanmış vəziyyətdə boğazının qan içində olduğunu, atasının isə anasının yanında boğazından xəsarət aldığını görüb qışqırıb kömək çağırmış, qışqırıq səslərinə nənəsigil və qonşular toplaşmışdır. Hadisə barədə dərhal polis əməkdaşlarına və TTYX-nə məlumat vermişdirlər. Evə gələn həkimlər atasını xəstəxanaya aparmış, anasının isə öldüyünü bildirmişlər. Məhkəmə iclasında qanuni nümayəndəsi, yəni nənəsi Şahid3 iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Şamilgilə qonaq getmiş və özü ilə spirtli içki də aparmış və Şamillə bir yerdə spirtli içki qəbul etmişdirlər. Aynurə bir qonşu kimi Şamilin spirtli içki qəbul edib onu incitdiyini ona danışmışdır. Onun Aynurə ilə heç bir yaxın münasibəti olmamışdır, qonşu kimi onu və digərlərini sahəyə işləmək üçün aparmışdır. Həmin gün süfrədə Aynurə "mən həmişə Babəkə qardaş demişəm. Babək, Şamil hər gün içib mənimlə mübahisə edir” sözlərini demiş, o da Aynurənin sözlərindən sonra Şamili danlayaraq spirtli içkidən bir qədər uzaqlaşmasını demişdir. Şamil onun bu sözlərindən əsəbiləşərək ailə işlərinə qarışmamağını demiş və onu qucaqlayaraq ağlamışdır. O, Şamilə təsəlli verərək hər şeyin düzələcəyini demişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində uşaqları ilə gəzib kəndə qayıdanda kənd camaatından Şamilin bıçaqla Aynurənin başını kəsərək onu öldürdüyünü, daha sonra isə bıçaqla öz boğazını kəsdiyini eşitmişdir. Zərərçəkmiş şəxs ilə arasında sevgi münasibətləri olmamışdır. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Babəklə bir yerdə Şamilgilə qonaq getmiş və sonuncunun ailəsi ilə bir yerdə süfrə arxasında oturmuşdur. Süfrəyə 0.5 litrlik araq da qoyulmuş və Şamillə bir yerdə spirtli içki qəbul etmişlər. Şamil özü Babəki evinə qonaq dəvət etmişdir. Lakin oraya gedəndə Şamil gəlməmişdən əvvəl pivə içdiyini və içkili olduğunu bildirmişdir. Süfrə başında əyləşən zaman Aynurə “mən həmişə Babəkə qardaş demişəm. Babək, Şamil hər gün içib mənimlə mübahisə edir” sözlərini Babəkə demişdir. Aynurənin sözlərindən sonra Babək Şamili danlayaraq belə iş tutmamağını bildirmişdir. Bu zaman Şamil ayağa qalxaraq əsəbi halda Babəklə sözlü mübahisə edib sonradan Babəyi qucaqlayaraq ağlamışdır. Şamilə təsəlli verərək səbrli olmağını, hər şeyin düzələcəyini demişlər. Daha sonra isə süfrə yığışdırılmış və çay içdikdən sonra Babəklə evi tərk edib çıxıb getmişlər. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Babək işlədiyi bağa gələrək Şamilin bıçaqla Aynurənin başını kəsərək sonuncunu öldürdüyünü, daha sonra isə bıçaqla öz boğazını kəsdiyini bildirmişdir. Şahid5 verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında əvvəllər dava-dalaş, mübahisə olub-olmamasının dəqiq bilməmiş, bu halın şahidi olmamışdır. Şahid4 Zərərçəkmiş şəxs ilə arasında sevgi münasibətlərinin olub-olmamasını dəqiq bilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən "Həyat” marketdən 20 metr şimal şərqdə yerləşən yataqxana tipli yaşayış evinin yataq otağıdır. Yaşayış evi 2 mərtəbəlidir, həmin yaşayış evinin hər otağında fərqli bir ailənin yaşaması müəyyən olundu. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yaşadıqları otaq yaşayış evinin ikinci mərtəbəsində yerləşir. Yaşayış evinin ikinci mərtəbəsinə 13 pilləli pilləkən vasitəsilə qalxılır. Pilləkandan qalxdıqda sağda yerləşən üçüncü otaqda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yaşamışdır. Həmin otağın qapısı taxta materialdan olmaqla göy rənglidir. Otağa daxil olduqda Zərərçəkmiş şəxs meyitinin yerdə uzanılmış vəziyyətdə olması və üzərində qanabənzər ləkələr olan bıçağın sonuncunun sağ tərəfində olması görünür. Həmin otağın uzunluğu 3.75 metr, eni 3.22 metr, hündürlüyü isə 2.70 metrdir. Zərərçəkmiş şəxs meyiti otağın qapısından 2.40 metr, soldakı divardan 0.99 metr, sağda yerləşən divardan 1.32 metr, otağın giriş qapısı ilə üzbəüz olan divardan 1.50 metr, yataqdan isə 0.40 metr məsafədə yerləşir. Zərərçəkmiş şəxs meytindən 0.13 sm məsafədə bıçaq vardır, həmin bıçaq şərti T’ rəqəmi ilə işarələnmişdir. Üzərində qanabənzər ləkələr olan bıçaq tiyə və dəstək hissədən ibarətdir. Bıçağın ümumi uzunluğu 20 sm-dir. Bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Hadisə yerində olan Zərərçəkmiş şəxs meyiti, üzərində qanabənzər ləkələr olan dəsmal, üzərində qanabənzər ləkələr olan döşək üzlüyü və üzərində qanabənzər ləkələr olan yastıq üzlüyü müvafiq olaraq şərti “2”, ''3", “4” və “5” rəqəmi ilə işarələndi. Döşək üzlüyünün aşağı hissəsində olan qanabənzər ləkə şərti “6” rəqəmi ilə işarələnmişdir. Üzərində qanabənzər ləkələr olan dəsmal, üzərində qanabənzər ləkələr olan döşək üzlüyü və üzərində qanabənzər ləkələr olan yastıq üzlüyü müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təşrih masası üzərində əynində qara rəngli qısaqol pambıq materialdan kofta, açıq qəhvəyi rəngdə sintetik materialdan büsqalter, qara rəngdə cins şalvar, firuzəyi rəngdə sintetik materialdan tursiy, ağ rəngdə sintetik materialdan corab olan qadın cinsli meyit qoyulmuşdur. Bütün paltarlar qana bulaşmışdır. Meyit düzgün bədən quruluşlu, kafi qidalıdır, boyunun uzunluğu 160 sm-dir. Gözləri bağlıdır, gözlərin ağlı qişası və birləşdirici toxuması bozumtul ağdır, qansızma yoxdur. Burun sümüklərinin və qığırdaqlarının tamlığı əllədikdə pozulmamışdır. Burun dəlikləri və qulaq keçəcəkləri sərbəstdir. Ağzı yarımaçıqdır, dil ağız boşluğundadır. Üst və alt çənədə dişləri təbiidir, zədəsizdir. Boynu adi uzunluqla və yoğunluqdadır, patoloji hərəkətsizdir. Döş qəfəsəi simmetrik və silindrikdir, əllədikdə qabırğaların tamlığı pozulmamışdır. Qarnı döş qəfəsi səviyyəsindədir, az gərgindir. Xarici cinsiyyət üzvləri qadın cinsinə uyğun düzgün formalaşmış və inkişaf etmişdir. Arxa keçəcək bağlıdır, təmizdir, zədəsizdir, ətraf sümüklərin tamlığı əllədikdə pozulmamışdır. Meyit qacıması bütün qrup əzələlərdə yaxşı inkişaf etmişdir. Meyit ləkələri gövdənin arxa hissəsində olub bənövşəyi rənglidir, barmaqla basdıqda avazıyır, öz əvvəlki rəngini 30-40 saniyə sonra alır. Meyitin xarici müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi: Boynunda öndə soldan sağa köndələn istiqamətdə kənarları hamar, qurtaracaqları iti, tünd qırmızı, qanlı ifratazatla 3 sm-ə qədər dərinlikdə, dəri, dərialtı toxuma, yumşaq toxumalar, boyun arteriya və venalarının tam kəsilməsi, qırtlağın ortasına qədər kəsilərək mənfəzinin xaricə çıxması ilə 12x3 sm ölçüdə yara vardır. Sağ kürəküstü sahədə kənarları hamar, qurtaracaqlarından biri iti digəri küt, tünd-qırmızı qanlı ifrazatla 1.7x0.3 sm ölçüdə yara qeyd edilir. Həmin yaraya mili saldıqda yara kanalının istiqaməti yuxarıdan aşağı arxadan önə və bir qədər sağdan soladır. Yara kanalının dərinliyi 3 sm-ə yaxın olub yumşaq toxumalarda kor qurtarır. Sağ bazunun orta 1/3-nin bayır səthində qeyri-müəyyən formada, bənövşəyi rəngdə 5x4 ölçüdə qançır qeyd edilir. Eyni xarakterdə qançır sol bazunun yuxarı 1/3-nin bayır səthində 4x3 sm ölçüdə və sol budun orta 1/3-nin bayır səthində 4x4 sm ölçüdə aşkar olunur. Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol kofta qara rənglidir, üzərində qanabənzər ləkələr vardır. Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar qara rənglidir. Zərərçəkmiş şəxs məxsus 01 ədəd büstqalter çəhrayı rənglidir, üzərində qanabənzər ləkələr vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “paltarlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus, tibb işçisi X5 tərəfindən təqdim edilən 01 ədəd qısaqol kofta boz rəngli olmaqla zədəsizdir. Köynəyin üzəri qanabənzər mayeyə bulaşmş vəziyyətdədir. Təqdim edilmiş 01 ədəd şalvar qara rəngli rəngli olmaqla zədəsizdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərməklə ətraflı təsvir və təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, tanınmalı olan mətbəx bıçağı eyni növdən olan nömrələnmiş vəziyyətdə aşağıda göstərilən əşyalar arasında təqdim edildi: 1 №:.ümumi uzunluğu ümumi uzunluğu 21,5 sm, dəstəyi 3 ədəd metal pərçimlər ilə bərkidilmiş qırmızı, göy və ağ rəngli plastik materialdan olan lövhələrdən ibarətdir, dəstəyin uzunluğu 9,5 sm, eni 1,5 sm, qalınlığı 1 sm, tiyəsinin uzunluğu 12,5 sm, eni dəstəyə bitişik hissədə 2,1 sm, eni mərkəz hissədə 2 sm, bir tərəfi kəsici, digər tərəfi nisbətən küt olmaqla ucu deşici xassəyə malik bıçaq; 2 №: ümumi uzunluğu 18 sm, tiyəsinin uzunluğu 8 sm, tiyənin bir kənarı iti, digəri küt, tiyəsinin eni mərkəz hissədə 1,5 sm, dəstəyə birləşik hissəsində isə 1,5 sm olan, dəstəyi qara və gümüşü rəngli olmaqla dəmir materialdan olan, dəstəyin uzunluğu 10 sm, eni 1 sm, qalınlığı 0,5 sm olan bıçaq; 3 №:. ümumi uzunluğu 16 sm, dəstəyi qara rəngli olmaqla dəmir materialdan olan, dəstəyin uzunluğu 8 sm, eni 2 sm, qalınlığı 0,5 sm, tiyəsinin uzunluğu 8 sm, eni dəstəyə bitişik hissədə 1 sm, eni mərkəz hissədə 1 sm, bir tərəfi kəsici, digər tərəfi nisbətən küt olmaqla ucu deşici xassəyə malik bıçaq; 4 №: ümumi uzunluğu 15 sm, tiyəsinin uzunluğu 6,5 sm, tiyənin bir kənarı iti, digəri küt, tiyəsinin eni mərkəz hissədə 1 sm, dəstəyə birləşik hissəsində isə 1,5 sm olan, dəstəyi qara və qəhvəyi rəngli olmaqla taxta materialdan olan, dəstəyin uzunluğu 9,5 sm, eni 1,5 sm, qalınlığı 1 sm olan bıçaq. Tanıyan şəxsə onun tanıya bildiyi əşyanı göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olundu. Tanıyan şəxs Təqsirləndirilən şəxs təqdim edilən mətbəx bıçaqlarını nəzərdən keçirib 1 nömrəli bıçağı göstərərək bildirdi ki, ifadəsində qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən yaşadığı fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs məhz həmin bıçaqla xəsarətlər yetirərək öldürmüşdür, bıçağı məhz dəstəyinin rəngindən və formasından tanımışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" X13 məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı boynunda öndə qırtlaq, yuxu arteriya və venalarının zədələnməsi ilə kəsilmiş yara, sağ kürəküstü sahədə döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara, daxili müayinəsi zamanı daxili üzvlərin azqanlığı aşkar edilmişdir ki, bu da kəsici əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən vaxta, yəni 08 sentyabr 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni bıçaqla yetirilə bilər, dərəcəsinə görə boyun nahiyəsindəki yara canlı şəxslərdə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurma əlamətlərinin, sağ kürəküstü nahiyədə olan boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yara sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurma əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı onun sağ və sol bazu, sol bud nahiyələrində hərəsində bir yerdə qançır aşkar edilmişdir ki, bunlar da küt əşyanın (əşyaların) təsirindən törənməklə ölümündən əvvəlki vaxta uyğun gəlir, canlı şəxslərdə sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlərin əlamətləri malikdir və baş vermiş ölümlə səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülən qanın məhkəmə-kimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs xəsarətlər yetirilərkən o, müxtəlif vəziyyətlərdə, o cümlədən ayaqüstü, oturaq və arxası üstə yerə uzanmış vəziyyətdə ola bilərdi, xəsarət yetirildikdən sonra o, çox qısa müddətə sağ qala bilərdi və hər hansı məqsədyönlü hərəkət etməsi az inandırıcıdır. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb boyunun ön səthində yuxu arteriyası və venalarının kəsilməsi nəticəsində törənən kəskin qanaxmadan yaranan posthemorragik şok olmuşdur, ölüm meyit müayinə olunan vaxtdan 4-6 saat əvvəl baş verməyə uyğundur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" X13 xx.xx.2023-cü il tarixli, 680 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- boynunda öndə yumşaq toxumaların və qan damarlarının zədələnməsi, həmçinin traxeyanın ön divardan arxa divara kimi kəsilməsi kəsici əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 08 sentyabr 2023-cü il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" X13 xx.xx.2023-cü il tarixli, KEŞ-682 saylı komisyon məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs mütəxəssis müayinəsi zamanı larinqoskopiya müayinəsi aparılmış və qırtlağın tam hərəkətli olduğu müəyyən edilmişdir. Traxeostomik boru traxeya yox qırtlağın mənfəzinə qoyulduğu üçün traxeostomik boru xəstənin danışmağına mane ola bilər. Lakin dekonyulyasiya etdikdən sonra danışmağında problem olmamalıdır. Təqsirləndirilən şəxs hazırkı sağlamlıq vəziyyəti ilə əlaqədar onunla istintaq hərəkətlərinin aparılması mümkündür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 xx.xx.2023-cü il tarixli, 2880 saylı komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hadisə vaxtı situasiya ilə əlaqədar depressiv reaksiya keçirmişdir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir.aparılmış eksperimental psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Qərarın təsviri hissəsində qeyd olunan cinayət əməli törətməzdən öncəki dövrdə Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs ona xəyanət etməsini müəyyən etmiş, bu barədə onunla mübahisə edən zaman sonuncunun “yaxşı eliyirəm, mən səni saymıram, ürəyim istəyən kimi yaşayıram” və s. kimi ifadələr işlətməsi, Babək adlı şəxslə münasibətinin olmasını etiraf etməsi səbəbindən Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsini öncədən planlamış, yuxarıda sadalanan hallar hadisə zamanı onun davranışınlarını istiqamətləndirmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" X13 xx.xx.2023-cü il tarixli, 625/2023-MTBŞ saylı məhkəmə-tibbi biologiya ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Balfa/H/(lll). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: AB(İV)./qərarın təsviri hissəsindəki məlumata əsasən. Ekspertizaya təqdim edilmiş A.A.Talıbovaya məxsus bir ədəd liftçik, qısaqol kofta və şalvar, Ş.M.Talıbova məxsus bir ədəd qısaqol köynək və idman şalvarı, yorğan üzü, yastıq üzü, əl-üz dəsmalı, bir ədəd bint kəsiyinə hopdurulmuş maddə ləkəsi və bir ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq etdikdə “B” və “H" antigentləri, A.A.Talıbovaya məxsus bir ədəd lifçik və qısaqol kofta yastıq üzü, bir ədəd bint kəsiyinə hopdurulmuş maddə ləkəsində həmçinin alfa aqqlyutinini də alındı. Bu qan ləkələri balfa/H/(lll) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Bu ləkələrdə Təqsirləndirilən şəxs qanının olması inkar olunur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" X13 xx.xx.2023-cü il tarixli, 451-MTKŞ/2023 saylı məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin orta yuxarı nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus şalvar və büstqalter üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş hadisə yerindən götürülmüş döşək üzünün şərti sol yuxarı kənarında aşkar olunmuş bir ədəd cırılma zədəsi döşək üzlüyününü müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim olumuş hadisə yerindən götürülmüş dəsmal və yastıq üzlüyü üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçaq istifadə üçün yararlıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə elan olunaraq tədqiq edilən şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü və xx.xx.2008-ci il təvəllüdlü 02 yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikası Cinayət Qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 yetkinlik yaşına çatmayan uşağının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 23 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 sentyabr 2023-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 03 ay 15 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 23 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz Rayon Prokurorluğunda saxlanılan cinayətin aləti olan 01 ədəd bıçaq, hadisə yerindən götürülmüş 01 ədəd dəsmal, 01 ədəd yastıq üzlüyü və 01 ədəd döşək üzlüyü, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qısaqol kofta, 01 ədəd şalvar və 01 ədəd büstqalter, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qısaqol kofta və 01 ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd “CD” formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur və mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Xaçmaz Rayon Prokurorluğunda saxlanılan cinayətin aləti olan 01 ədəd bıçaq, hadisə yerindən götürülmüş 01 ədəd dəsmal, 01 ədəd yastıq üzlüyü və 01 ədəd döşək üzlüyü, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qısaqol kofta, 01 ədəd şalvar və 01 ədəd büstqalter, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qısaqol kofta və 01 ədəd şalvar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd “CD” formatlı disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar