Məhkəmə qərarları › İş №1(124)-47/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-47/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-47/2022 29.03.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri: Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş şəxs iştirakları ilə,

1. xx xxxxxxx 1990-cı il tarixdə Dəvəçi (Şabran) rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Siyəzən rayon məhkəməsinin 16.08.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 3000 manat miqdarında cərimə cəzası və 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə,

2. xx xxxxxxxx 1986-cı il tarixdə Dəvəçi (Şabran) rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 özgənin əmlakını talamaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib 28 aprel 2021-ci il tarixdə saat 17 radələrində Siyəzən rayonu Zarat kəndində yerləşən “Sahil market” adlanan ərzaq malları satılan mağazaya daxil olmuş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən satıcı Zərərçəkmiş şəxs qollarını tutaraq hərəkətlərini məhdudlaşdırmaqla ona həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmiş, qardaşı Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs gözünün qarşısında mağazanın kassasından 126 manat məbləğində nağd pulu açıq yolla talamaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını talamaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib 28 aprel 2021-ci il tarixdə saat 17 radələrində Siyəzən rayonu Zarat kəndində yerləşən ərzaq malları satılan “Sahil Marketə” mağazaya daxil olmuş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən qardaşı Təqsirləndirilən şəxs2 satıcı Zərərçəkmiş şəxs qollarını tutaraq hərəkətlərini məhdudlaşdırmaqla ona həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmiş, özü isə Zərərçəkmiş şəxs gözünün qarşısında mağazanın kassasından 126 manat məbləğində nağd pulu açıq yolla talamaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 04 iyun 2021-ci il tarixdə saat təxminən 15:30 radələrində Siyəzən rayonu Zarat kəndində yerləşən ərzaq malları satılan “Sahil Marketə” daxil olaraq marketdə istifadə olunan qara rəngli bıçağı əlinə əlaraq silah qismində tətbiq etməklə hücuma məruz qalmış satıcı Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılığın tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək ona sol said nahiyəsinin sıyrığı ilə nəticələnən dərəcəsi təyin olunmayan xəsarət yetirərək mağazanın kassasından 80 manat nağd pulu ələ keçirib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 11 iyun 2021-ci il tarixdə saat təxminən 17 radələrində Siyəzən rayonu Zarat kəndində yerləşən ərzaq malları satılan “Sahil Marketə” özü ilə əvvəlcədən gətirdiyi 04 iyun 2021-ci il tarixdə həmin marketə basqın zamanı oradan götürüb özündə saxladığı qara rəngli bıçaqla daxil olmuş, marketə daxil olduqdan sonra Zərərçəkmiş şəxs özünü müdafiə üçün əlinə aldığı marketdə istifadə olunan digər sarı rəngli bıçağı sonuncunun əlindən almaqla hər iki bıçağı sağ əlində tutaraq silah qismində tətbiq etməklə hücuma məruz qalmış satıcı Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılığın tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək mağazanın kassasından 26 manat nağd pulu ələ keçirib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 oğlu işin mahiyyəti üzrə ifadə verməkdən imtina edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs2 ifadəsindən görünür ki, 28 aprel 2021-ci il tarixdə saat təxminən 16 radələrində yaşadığı evin həyətində qardaşı Elşənlə oturmuşdur. Elşən onunla qonşuluqda yaşamış və tez-tez onun yaşadığı ünvana gəlib getmişdir. Maddi vəziyyət pis olduğundan və cibimində pul olmadığından Elşən Zarat kəndində yerləşən mağazaların birindən gedib pul götürməyi təklif etmişdir. O həmin təkliflə razılaşmışdır. Pul götürmək üçün evlərinin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs işlədiyi mağazaya getməyi planlaşdırmış və belə razılaşmışlar ki, o, Xəqani tutacaq, Elşən isə mağazada olan kassadan pulları götürəcəkdir. Mağazaya daxil olan kimi Xəqaninin mağazanın içərisində sol tərəfdə dayandığını görmüş və ona yaxınlaşaraq barəsində söyüş söydüyünü bildirmişdir. Bundan sonra, bir əli ilə onun qolundan tutmuşdur ki, Elşən mağazaya girib kassada olan pulları götürsün və o, Xəqaninin qolundan tutan anda Elşən mağazaya daxil olub kassada olan pulları götürmüş və bundan sonra mağazanın çıxış qapısına doğru getmişdir. Həmin vaxt o, Xəqaninin qolundan əlini çəkmişdir. Xəqani onlara pulları qaytarmalarını və belə etməməyi bildirsə də, onlar Xəqaniyə məhəl qoymamış, əvvəlcə Elşən ardınca isə o, mağazadan çıxıb bağçanın içərisi ilə qaçaraq getmişlər və pulları sayaraq götürdükləri pulun 126 manat olduğunu görmüşlər. Daha sonra o, hadisə ilə bağlı polisin oraya gəlməsi və onlarla bağlı şikayət olması barədə xəbər tutmuşdur. Bundan sonra o, və Elşən Xəqaninin atası Familin yanına getmiş və mağazadan götürdüyü pulun bir hissəsini 70 manat məbləğində pulu ona qaytarmışlar. Məhkəmədə Təqsirləndirilən şəxs1 işin mahiyyəti üzrə ifadə verməkdən imtina edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 181.2.2 və 181.2.5-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs1 ifadəsindən görünür ki, heç bir yerdə işləmədiyindən və narkotik vasitə istifadəçisi olduğundan pula ehtiyacı olmuşdur. 28 aprel 2021-ci il tarixdə saat təxminən 16 radələrində qardaşı Turxangilin yaşadığı qonşuluqda yerləşən evə getmiş və Turxanla həmin evin həyətində oturduqdan sonra o, Turxana Zarat kəndində yerləşən mağazaların birindən gedib pul götürməyi təklif etmişdir. Turxan həmin təkliflə razılaşmışdır. Pul götürmək üçün evin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs işlədiyi mağazaya getməyi planlaşdırmışlar və belə razılaşmışlar ki, Turxan Xəqanini tutacaq, o isə kassadan pulları götürəcəkdir. Onlar birlikdə evin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs işlədiyi mağazaya doğru getmişlər. İlk öncə Turxan mağazaya daxil olaraq Xəqani ilə söhbət etməyə başlamışdır. Sonra Turxanın bir əli ilə Xəqanin qolundan tutduğunu görmüş və həmin anda mağazaya daxil olmuşdur. O, kassada olan pulları götürmüş və bundan sonra mağazanın çıxış qapısına doğru getmişdir. Həmin vaxt Turxan Xəqaninin qolundan əlini çəkmişdir. Xəqani onlara pulları qaytarmalarını və belə etməməyi bildirsə də, onlar Xəqaniyə məhəl qoymadan getmişlər. Yolda pulu sayıb 126 manat olduğunu görmüşdülər. Polisin gəlməsini və onlardan şikayət olunmasını bildikdən sonra pulun 70 manatını Xəqaninin atası Familə qaytamışlar. Sonra polisdə araşdırma getmiş və Turxan həbs olunmuş, onu isə məhkəmə həbs etməkdən imtina etmişdir. 04 iyun 2021-ci il tarixdə yenidən maddi çətinlikləri olduğu üçün Zərərçəkmiş şəxs işlədiyi Famil Eldarova məxsus mağazaya gedərək oradan pul götürmək qərarına gəlmişdir. Bu məqsədlə həmin gün saat təxminən 15:30 radələrində mağazaya gedərək Zərərçəkmiş şəxs mağazada kassanın qarşısında piştaxtanın arxasında dayandığını görüb ona yaxınlaşaraq 60 manat, Xəqani pulunun olmadığını bildirdikdə isə 50 manat məbləğində pul istəmişdir. Həmin vaxt Xəqani çöldə olan İbrahim adlı şəxsi köməyə çağırmışdır. Xəqani ona pul vermədiyindən mağazada piştaxtanın üzərində olan qara dəstəkli bıçağı əlinə götürmüş və onu hədələyərək pul verməsini tələb etmişdir. Zərərçəkmiş şəxs ona pul verməyəcəyini bildirmiş və bu zaman o, əlini kassaya ataraq oradan ovucuna yerləşəcək qədər pul götürərək mağazadan qaçıb getmiş, həmin qara dəstəkli bıçağı da özü ilə aparmışdır. Mağazadan uzaqlaşdıqdan sonra götürdüyü pulları saydıqda 80 manat pul olduğunu görmüşdür. Lakin təxminən 15 dəqiqədən sonra mağazadan götürdüyü pulları geri qaytarmaq üçün mağazaya getmiş və həmin pulları mağazaya daxil olaraq piştaxatanın üzərinə ataraq oradan qaçıb getmişdir. Mağazadan qaçaraq gedərkən özü ilə götürdüyü bıçağı isə ata evinə aparmış və orada olan əsas tikiliyə bitişik əlavə tikilidə girişdən sağ tərəfdə olan taxtaların altında gizlətmişdir. 12 iyun 2021-ci il tarixdə yaşadığı Siyəzən rayonu Zarat kəndində yerləşən ünvanda olarkən yenidən həmin mağazaya gedərək oradan pul götürmək qərarına gəlmişdir. Bu məqsədlə o, evdən çıxaraq saat təxminən 17:00 radələrində ata evinin qarşısında yerləşən Zərərçəkmiş şəxs satıcı kimi işlədiyi mağazaya getmişdir. Mağazaya gedərkən özü ilə 04 iyun 2021-ci il tarixdə mağazadan götürüb gizlətdiyi qara dəstəkli bıçağı da özü ilə aparmışdır. Mağazaya girib Xəqaniyə yaxınlaşmış və kassadan pul götürmək istəmişdir. Zərərçəkmiş şəxs buna icazə vermədiyindən onu bıçaqla hədələmişdir. Bu zaman Zərərçəkmiş şəxs piştaxtanın üzərində olan sarı dəstəkli bıçağı götürmüşdür. O, həmin bıçağı Xəqaninin əlindən almış və o, bıçağı da sağ əlində qara dəstəkli bıçaqla birlikdə tutmuşdur. O, Zərərçəkmiş şəxs hədələyərək həmin vaxt kassadan 26(iyirmi altı) manat məbləğində pulu götürüb qaçaraq oradan uzaqlaşmışdır. Sonra polis əməkdaşları onu tutmuşlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Siyəzən rayonu Zarat kəndi ərazisində atası Familə məxsus ərazaq mallarının satıldığı mağazada satıcılıq edərək atasına kömək etmişdir. 28 aprel 2021-ci il tarixdə saat 12 radələrində atası bir qədər istirahət etmək üçün evə getmiş, o isə həmin vaxt mağazada qalmışdır. Saat təxminən 17 radələrində Siyəzən rayonu Zarat kəndində yaşayan Təqsirləndirilən şəxs2 mağazaya daxil olmuşdur. O, həmin vaxt mağazanın girişi qapısından sol tərəfdə dayanaraq mağazada olan malları yerləşdirmişdir. Turxan mağazaya daxil olaraq 1-2 dəqiqə mallara baxmış və bu zaman onunla söhbət etməyə başlamışdır. Turxan ona barəsində söyüş söydüyünü demiş və sonra onun qolundan tutaraq mağazanın girişindən sol tərəfdə olan soyuducunun üzərinə doğru sıxmışdır. Bu zaman Turxan onun qarşısını kəsmişdir. Bundan istifadə edən Turxanın qardaşı Təqsirləndirilən şəxs1 mağazaya daxil olmuş və pulları yığmaq üçün istifadə olunan mebel siyirtməyə doğru getmişdir. Təqsirləndirilən şəxs1 oradan pulları götürmüş və bundan sonra o, və qardaşı mağazadan çıxıb qaçaraq getmişlər. Daha sonra o bu barədə zəng vuraraq polis əməkdaşlarına məlumat vermişdir. Bundan başqa 04 iyun 2021-ci il tarixdə saat 12 radələrində atası istirahət etmək üçün evə gedəndə o, mağazada qalmış və saat 15:30 radələrində Təqsirləndirilən şəxs1 gəlmişdir. Elşən ondan 70 manat, sonra isə 60 manat məbləğində pul istəmişdir. Elşənə pulu verməyəcəyini dedikdə o, kassaya tərəf gedərək oradan pul götürmək istəmiş, buna mane olmaq istədikdə isə Elşən onu yumruqla vurmaq istəmiş və bu zaman o səs-küy salaraq mağazanın qarşısında dayanmış X2 çağırmışdır. Bu zaman Elşən arxaya çəkilərək mağazada rəfin üzərində olan qara dəstəkli bıçağı götürüb onu vurmaq üçün üstünə gəlmişdir. O isə Elşənin onu bıçaqla vuraraq xəsarət yetirəcəyindən qorxaraq geriyə çəkilmişdir. Elşən də mağazanın kassasından 80 manat pulu götürüb qaçaraq getmişdir. O isə dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bu hadisədən təxminən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs1 yenidən mağazaya daxil olmuş və əlində olan 3 ədədi 10 manatlıq və 6 ədədi 5 manatlıq əskinas formasında olan ümumilikdə 80 manat pulu rəfin üzərinə ataraq qaçıb getmişdir. Daha sonra 11.06.2021-ci il tarixdə Elşən yenidən onun işlədiyi mağazaya gəlmişdir. Həmin vaxt Elşənin əlində qara dəstəkli bıçaq olmuşdur. Elşən əlində olan qara dəstəkli bıçaq ilə onu hədələyərək kassadan ona pul verməsini tələb etmişdir. O həmin vaxt piştaxtanın üzərində olan sarı dəstəkli bıçağı əlinə götürərək özünü qorumaq üçün kassadan arxaya tərəf çəkilmişdir. Həmin vaxt Elşən onun üzərinə gələrək əlində olan sarı dəstəkli bıçağı ondan almış və həmin bıçağı da sağ əlində qara dəstəkli bıçaq ilə birlikdə ona tərəf tutmuşdur. Daha sonra Elşən kassadan 26 manat məbləğində pulu götürərək qaçıb mağazadan uzaqlaşmışdır. 28.04.2021-ci il tarixdə hadisə baş verən vaxt o mağazada tək olmuşdur, Elşən və Turxan mağazaya daxil olduğu vaxtda Siyəzən rayonu Zarat kəndində yaşayan Şahid1 mağazanın qarşısına gəlmiş, lakin yetkinlik yaşına çatmayan olduğundan qorxaraq mağazaya daxil olmamışdır. İbrahim hadisəni əvvəldən görməsə də, Elşən pulları kassadan götürərkən mağazanın giriş qapısının qarşısında olmuşdur. 28.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə satıcı qismində işlədiyi mağazaya daxil olarkən onun və Turxanın əlində heç bir silah və ya silah qismində istifadə oluna biləcək əşya olmamışdır. Həmin vaxt Turxan mağazaya daxil olaraq onun qolundan tutmuş Elşən isə mağazanın kassasından 126 manat məbləğində pul götürmüşdür. 04.06.2021-ci il tarixdə Elşən mağazaya daxil olan vaxt o kömək üçün İbrahim adlı şəxsi çağırmış və İbrahim içəri daxil olaraq Elşəndən çıxıb getməsini istəmişdir. Həmin vaxt Elşən kassadan pulları götürürək qaçıb getmişdir. 04.06.2021-ci il tarixdə Elşən mağazaya pul götürmək məqsədi ilə gəldikdə piştaxtanın üzərində olan qara dəstəkli bıçağı oradan götürmüş və həmin bıçaqla onu hədələyərək kassadan 80 manat məbləğində pul götürməklə bıçağı da özü ilə apararaq mağazadan uzaqlaşmışdır. Sonradan Elşən 04.06.2021-ci il tarixdə kassadan götürdüyü 80 manat pulu qaytarmışdır. O, DİN-in 102 xidmətinə məlumat verərkən və ərizə ilə Siyəzən RPŞ-nə müraciət edərkən dəqiq hesablamaları hələ aparmadığından həmin məbləği təqribi qeyd etmişdir. Dəqiqləşdirmələr apardıqdan sonra o, həmin pulun 150 manat deyil, 80 manat olmasını müəyyən etmişdir. 04 iyun 2021-ci il tarixdə baş vermiş hadisə zamanı o, sol qolundan xəsarət almışdır. Belə ki, həmin tarixdə Elşən kassadan pul götürmək istəyərkən o, buna icazə verməmiş və Elşəni tutaraq kassadan pul götürməsinin qarşısını almışdır. Həmin vaxt Elşən onunla tutuşmuşdur. Həmin vaxt o, sol qolundan xəsarət almışdır. 11.06.2021-ci il tarixdə Elşən mağazaya daxil olduqda əlində mağazaya 04.06.2021-ci il tarixdə mağazaya daxil olarkən oradan götürüb özü ilə apardığı qara dəstəkli bıçaq olmuşdur. Elşən mağazaya daxil olaraq qara dəstəkli bıçağı ona tərəf tutmuş, daha sonra o piştaxtanın üzərində olan sarı dəstəkli bıçağı özünü müdafiə etmək üçün əlinə götürmüş, bunu görən Təqsirləndirilən şəxs1 həmin bıçağı da ondan almış və həmin bıçağı da sağ əlində olan qara dəstəkli bıçaq ilə birlikdə sağ əlində tutaraq ondan pul tələb etmişdir. 11.06.2021-ci il tarixdə isə mağazaya 04.06.2021-ci il tarixdə mağazadan götürdüyü bıçaqla daxil olaraq kassadan 26 manat pul götürmüşdür. Təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyan ödənilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 04 iyun 2021-ci il tarixdə təxminən saat 15:30 radələrində siqaret almaq üçün Familə məxsus olan mağazaya getmişdir. Qeyd olunan mağazanın qarşısında olan zaman isə mağazada satıcı kimi işləyən Familin oğlu Xəqanin onu “kömək edin” deməsini eşitmişdir. Mağazaya daxil olduqda Siyəzən rayonu Zarat kəndində yaşayan qonşusu Təqsirləndirilən şəxs1 Xəqani ilə dava etdiyini görmüşdür. O, dərhal müdaxilə edib Elşəni kənara çəkmiş və ona ağıllı olmasını bildirərək mağazadan getməsini istəmişdir. Elşən arxaya çəkilən zaman isə rəfin üstündə olan qara dəstəkli bıçağı götürüb Xəqanin üstünə hücum etmişdir. Xəqani isə Elşənin onu vurub xəsarət yetirəcəyindən qorxduğu üçün arxaya çəkilmişdir. Elşən isə kassaya tərəf gedib kassadan pulları götürüb qaçaraq çıxıb getmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən Şahid1 ifadəsində göstərmişdir ki, Siyəzən rayonu Zarat kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 28.04.2021-ci il tarixdə saat təxminən 17 radələrində çörək almaq üçün kənddə yerləşən Famil Eldarova məxsus mağazaya getmişdir. Mağazanın giriş qapısının qarşısına çatdıqda Təqsirləndirilən şəxs2 mağazanın içərisində Xəqaninin qollarında tutaraq onu soyuducuların üzərinə sıxdığını görmüşdür. O, həmin vaxt Turxanın qardaşı Elşənin mağazanın kassasına tərəf getdiyini görmüşdür. O, qorxaraq qapıdan uzaqlaşmış və pəcnərəyə tərəf gedərək oradan içəriyə baxmağa başlamışdır. Həmin vaxt o Turxanın Xəqaninin qollarında tutaraq soyuduculara tərəf sıxmaqla saxladığını, Elşənin isə kassadan pulları götürdüyünü görmüşdür. Elşən pulları götürdükdən sonra Turxan Xəqaninin qollarını buraxmışdır. Bu zaman Xəqani Elşəni tutaraq pulları qaytarmasını ona bildirmişdir. Elşən isə Xəqaninin əlindən çıxaraq mağazadan uzaqlaşmış və ondan sonra Turxan da mağazadan çıxmışdır. Elşən və Turxan hər ikisi mağazanın yanında olan bağdan keçərək qaçıb getmişlər. Mağazanın kassasında olan pulları Təqsirləndirilən şəxs1 götürmüş, həmin vaxt Turxan Xəqaninin qollarından tutaraq saxlamışdır. Həmin vaxt mağazada Turxan, Elşən və Xəqanidən başqa heç kim olmamışdır. (Cild 1, iş vərəqləri 34-36). Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs onun oğludur. Siyəzən rayonu Zarat kəndində ərzaq malları mağazası vardır. Həmin mağazanın ona məxsus olmasına baxmayaraq o, həmin mağazaya cavabdehliyi oğlu Xəqaniyə həvalə etmişdir. Həmçinin oğlu mağazada satıcı kimi işləmiş və digər məsələlərdə də, o səlahiyyətləri Xəqaniyə vermişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə 28.04.2021-ci il tarixdə onlara məxsus mağazaya daxil olaraq Xəqani mağazada olarkən oradan sonradan apardıqları hesablamalara görə 126 manat pul götürmüşlər. Bundan başqa Təqsirləndirilən şəxs1 04.06.2021-ci il və 11.06.2021-ci il tarixlərdə də, oğlu Xəqani mağazada olarkən oraya daxil olmuş və Xəqanini bıçaqla hədələməklə oradan 04.06.2021-ci il tarixdə 80 manat, 11.06.2021-ci il tarixdə isə 26 manat məbləğində pul götürmüşdür. O, əksər vaxtlarda mağazada olmamışdır. Belə ki, həmin mağazanın idarəçiliyini oğluna həvalə etdiyindən hadisələrin baş verdiyi vaxtlarda o yaşadığı ünvanda istirahət etmişdir. (Cild 1, iş vərəqləri 243-245). Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılmasına 03 avqust 2021-ci il tarixli protokoldan görünür ki, o, ifadəsində qeyd etdiyi xüsusatları bilavasitə hadisə yerində göstərməklə həmin xüsusatları təsdiq edib dəqiqləşdirmələr aparmışdır. (Cild 2, iş vərəqləri 72-78). Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılmasına 03 avqust 2021-ci il tarixli protokoldan görünür ki, o, ifadəsində qeyd etdiyi xüsusatları bilavasitə hadisə yerində göstərməklə həmin xüsusatları təsdiq edib dəqiqləşdirmələr aparmışdır. (Cild 1, iş vərəqləri 208-210). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 09 iyun 2021-ci il tarixli, 107 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs bədəni üzərində sol said nahiyəsinin sıyrığı aşkar edilmişdir. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi şəraitdə yarana bilər, öz əlinin çatdığı nahiyədə yerləşir. Yaranma müddəti 4-6 günə qədərdir. Müayinə olunanın göstərdiyi 04 iyun 2021-ci il tarixə uyğundu və sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. (Cild 1, iş vərəqləri 212-213). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 31 iyul 2021-ci il tarixli, 2591 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin birgə qəbulu nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2016-cı il tarixli 39 saylı “Nakotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs2 İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 46-47). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 31 iyul 2021-ci il tarixli, 2593 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin birgə qəbulu nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 48-49). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 31.07.2021-ci il tarixli 1673 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, Azərbaycan Respublikasının 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (Cild 2, iş vərəqləri 50-51). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 31.07.2021-ci il tarixli 1674 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, Azərbaycan Respublikasının 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (Cild 2, iş vərəqləri 52-53). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə ballistik ekspertizasının 02 avqust 2021-ci il tarixli 3/1298 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş “1” və “2” rəqəmi ilə işarələnmiş 02(iki) ədəd bıçaq zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (Cild 2, iş vərəqləri 54-57). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 04 avqust 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması prosesinin video görüntülərinin yaddaşına köçürüldüyü 01(bir) ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işi materiallarına əlavə olunmuş, bundan əlavə 11 iyun 2021-ci il tarixdə hadisə yerinə baxış keçirilən zaman hal şahidlərinin iştirakı ilə götürülmüş 01(bir) ədəd sarı dəstəkli bıçaq və 12 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması zamanı video çəkiliş vasitəsilə götürülmüş 01(bir) ədəd qara dəstəkli bıçaq silah qismində istifadə edildiyinə görə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (Cild 2, iş vərəqləri 79-94). Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiələri üçün hər hansı bir dəlil gətirməmiş, özlərini irəli sürülmüş ittihamlar üzrə təqsirli bilmişlər. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr işin hallarına uyğun olduğundan, iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Bu ifadələrdə göstərilən xüsusatlar işin halları ilə, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə öz təsdiqini tapır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 23-cü bəndinə əsasən həyat və ya sağlamlığ üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək(əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Həmin Qərarın 25-ci bəndinə əsasən şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa, (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlərlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, məhkəməyə verildikləri maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 120). Bundan başqa, tələbnamədən və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Siyəzən rayon Məhkəməsinin 16.08.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 67.1 və 68.2-ci maddələrinə əsasən 02 il azadlıqdan məhrumetmə, 3000 manat cərimə cəzasına məhkum edilmişdir. 02 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (Cild 1, iş vərəqləri 121-128). Siyəzən rayon İcra və Probasiya şöbəsinin 09 mart 2022-ci il tarixli 536/2022-64-1 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən cərimə cəzasının ödənilməmiş qalan 1.845 manat hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədiyindən o, hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. Bundan əlavə, cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 03.01.2011-ci il təvəllüdlü X3, 23.07.2013-cü il təvəllüdlü X5 və 07.10.2018-ci il təvəllüdlü X8 adlı 3 azyaşlı uşağı vardır. (Cild 1, iş vərəqləri 136-139). Cinayət işinin materiallarında olan arayış, nikah və ölüm haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 arvadı X6 21 noyabr 2021-ci il tarixdə ölmüşdür. Cinayət işinin materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi filialı tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 3-cü dərəcəli əlilliyə görə aylıq sosial müavinət alır. (Cild 2, iş vərəqi 43). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi və 3-cü dərəcəli əlil olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməllərində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən cinayətlər törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivinin olması müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 barəsində Siyəzən rayon məhkəməsinin 05 may 2021-ci il tarixli qərarı ilə əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, daha sonra həbsdə saxlanılma müddəti uzadılmış və məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 111-112, Cild 2, iş vərəqləri 38-42) Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 05 may 2021ci il tarixdə tutularaq həbs qətimkan tədbirinin seçilməsi üçün Siyəzən rayon məhkəməsinə aparılmış və məhkəmənin həmin tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin edilməmiş, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Daha sonra, qətimkan tədbirinin şərtlərini pozan Təqsirləndirilən şəxs1 barəsində Siyəzən rayon məhkəməsinin 14 iyun 2021-ci il tarixli qərarı ilə əvvəli 12 iyun 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 113-117, 237- 239) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 05 may 2021-ci il tarixdə tutulduğu 01 (bir) gün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı və qəti cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 isə azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməsi müddətinin başlanğıcı 05 may 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan ekspert rəylərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs2 isə 3-cü dərəcəli əlil olduğundan barəsində məcburi müalicə tədbirlərinin tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyləri və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halın olduğunu nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, Turxan Fərzliyevin barəsində isə bü növ müalicə tədbiri tədbiq edilməməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən etməmişdir. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması yerində saxlanılan: 02 ədəd bıçaq məhv edilməli, 01 ədəd “DVD” formatlı disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən ekspertiza tədqiqatı Təqsirləndirilən şəxs1 aid olduğundan 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci ondan tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 05 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 01 (bir) gün ona təyin edilmiş qəti cəza müddətinə hesablanmaqla çıxılsın və üzərində 08 (səkkiz) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 12 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 02 ədəd bıçaq məhv edilsin, 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar