Məhkəmə qərarları › İş №1(124)-47/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-47/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-47/2023 12.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1993-cü ildə Abşeron rayonunda anadan olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, subay, işləməyən, orta təhsilli, Abşeron rayonu Hökməli kəndi, Dağlıq küçəsi ev 18-də qeydiyyatda olmaqla və yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin öz istifadəsi üçün ona ayrılan müəyyən miqdarda narkotik vasitə və psixotrop maddə müqabilində istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə ayrı-ayrı yerlərdə qoymaqla Azərbaycan Respublikası ərazisində satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəlmiş, mobil telefonun «Whatsap» vasitəsi ilə yazışıb narkotik vasitələrin və psixotrop maddələrin olduğu yeri öyrənib 2021-ci ilin avqust ayının ortalarında Abşeron rayonu, Hökməli kəndində yol kənarında qoyulmuş içərisində külli miqdarda ayrı-ayrılıqda təmiz çəkisi 0,140 qram, 4,705 qram, ümumi təmiz çəkisi 4,845 qram psixotrop maddə metamfetamini və beş ədəd bükümdə ayn-ayrılıqda təmiz çəkisi 0,324 qram, 0,397 qram, 0,429 qram, 0,416 qram, 9,758 qram, ümumi təmiz çəkisi 11,324 qram çəkidə narkotik vasitə heroini götürüb qanunsuz əldə edərək, əvvəlcədən razılaşdıqları kimi həmin narkotik vasitələri ayn-ayn yerlərə qoymaqla satışını təmin etmək üçün şəklini çəkib həmin İran İslam Respublikasının vətəndaşına göndərməsi məqsədi ilə üzərində saxlayaraq daşımış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Abşeron RPİ- nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən 19 avqust 2021-ci il tarixdə saat 02 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu Hökməli kəndində saxlanılıb polis bölməsinə aparılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı əlindəki pul kisəsinin içərisindən həmin iki ədəd bükümdə ümumi təmiz çəkisi 4,845 qram psixotrop maddə metamfetamin və beş ədəd bükümdə ümumi çəkisi 11,324 qram narkotik vasitə heroin və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, axşam saatlarında 20-21 radələrində evdə olmuşdur Həmin gün Aşurə günü olmuş və polis əməkdaşları məscidə gəlmişdirlər. Əməliyyat bölməsinin rəisi onu polis bölməsinə aparmışdır. Çantadan 17 qram narkotik vasitə aşkar olunmuşdur. Onun narkotik vasitələrdən xəbəri olmamışdır. Onun üzərində 1-2 qram narkotik vasitə olmuşdur. İran vətəndaşı ilə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Vatsap yazışmaları olmuşdur. Heroin və metamfetamin almışdır. Narkotik vasitələrin qramını 16 manatdan almışdır. Narkotik vasitələrin pulunu milliön ödəmə terminalı vasitəsi ilə ödəmişdir. Polis əməkdaşları onu döymüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsinə təsdiq etməmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs tərəfindən verilən, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, cəza çəkmə müəssisəsindən azad olunan kimi narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməyə başlamışdır. Belə ki, bir gün Hökməli kəndində adı yadında qalmayan şəxslə söhbət əsnasında ondan narkotik vasitə istəmiş, həmin şəxs ona İranlı vətəndaşdan ala biləcəyini deyib onun İranlı nömrəsini vermiş və demiş ki, ancaq Vatsap-la danışa bilər. O, İran nömrəsi ilə əlaqə saxlamış və adını bilmədiyi İranlı ilə danışmış, həmin şəxs ona demiş ki, özünün bank kartına pul oturan kimi narkotikanın olduğu yeri ona deyəcək. Birinci dəfə həmin şəxsin onun telefonuna göndərdiyi kart nömrəsinə yadında qalmayan məbləğdə pul göndərmişdir. İranlı ona bir qədər sonra isə bir ədəd bükümün olduğu yerin şəkilini göndərmişdir. İranlının ona göndərdiyi yerə yəni Hökməli qəsəbəsinə getmiş və küçədə yol qırağında kimsə tərəfindən yol qırağına qoyulan narkotiki götürmüşdür. Bundan sonra hər dəfə pulu olan kimi həmin İranlı ilə əlaqə yaratmış və ondan narkotik almaq üçün kartına pul göndərirmiş,o da ona narkotikin olduğu yerin şəklini göndərirmiş. Şəkildə olan yerə gedib həmin yerdən götürüb istifadə edirmiş. Bir neçə dəfə də ondan xahiş etmişdir ki, həmin narkotikin bir hissəsini başqa bir yerə, yəni bildiyi bir yerə qoysun və şəklini çəkib ona göndərsin. O da İranlının dediyi kimi edirmiş. Özü üçün narkotiki götürüb qalanı isə bildiyi bir yerə qoyub şəklini çəkib telefonuna göndərirmiş və həmin ünvanı ona deyirmiş. Bir neçə gün əvvəl ona yenə narkotik lazım oldu bu məqsədlə İranlıya zəng vurmuş və hazırda yadmda qalmayan məbləğdə pulu onun kart hesabma göndərmişdir.Bir qədər sonra ona narkotikin olduğu yerin şəklini çəkib göndərmişir. O da gedib götürmüşdür. Bağlamaya baxanda həm metamfetamin həm də heroin vardı. 19 avqust 2021-ci il tarixdə gecə saatlarında saat təxminən 02 radələri olardı Hökməli kəndində olan zaman yanına özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər yaxmlaşdı və onu şübhəli kimi saxlayıb Qobu PB-nə gətirmişlər.Qobu PB-də dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş, əlində olan qara rəngli pul qabda olan narkotik vasitə və metamfetamin aşkar edilmişdir. Həmçinin bir ədəd tərəzi də aşkar edilmişdir.O, səmimi olaraq etdiyi əməli etiraf etmişdir. İranlının onun üçün göndərdiyi narkotiklərdən bir hissəsini ölçüb başqa yerə qoyurmuş ki, onun müştəriləri gəlib götürsün. Həmin narkotikləri də həmin tərəzi ilə ölçmüş, iranlı ilə ancaq «Vatsap» vasitəsi İlə danışmış, onun Azərbaycanda tanıdığı adamlardan heç birini tanımamış və ünsiyyətdə olmamışdır. Əlavə olaraq bildirmişdir ki, İranlıdan yalnız öz istifadəsi üçün narkotik vasitə heroin və metamfetamin almış, alanda da az miqdarda olmuşdur. Həmişə də alanda iranlı ona müxtəlif yerlərin yəni yol kənarların şəkillərini çəkib göndərirmiş ki, həmin yerdən götürsün. Ona çəkib göndərilən şəkildə olan yerə gedib öz istifadəsi üçün az miqdarda narkotik vasitə və ya metamfetamin götürmüşdür. Pulu da onun göndərdiyi kart nömrəsinə «Milliön» aparat vasitəsi ilə göndərmişdir. İranlı kimi danışdığı şəxsin dediyi və şəklini ona göndərdiyi yerdən narkotik vasitə və psixotrop maddələri götürsə də ölkə ərazisindən qanunsuz keçirməmişdir. (Cild 1, iş vərələri 57-60.153-155.) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 19 avqust 2021-ci il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğuna görə həmin məlumatın yoxlanılması və əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün bölmənin rəisinə məruzə olunmuşdur. Tədbirin keçirilməsi üçün icazə alındıqdan sonra rəisin qərarı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun tərkibinə daxil olunmuş və qrupun rəhbəri əməliyyat müvəkkili Şahid2 ilə birlikdə həmin günü gecə saatlarında Abşeron rayonu Hökməli kəndində müşahidə apardıqdan sonra Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Ona narkotik vasitələrin və psixotrop maddələrin məşuql olmasında şübhəli olduqlarını bilidirib Qobu PB- nə aparmışlar. Bölmədə raport tərtib edilərək material təhqiqatçıya həvalə edilmişdir. Sonra ona hüquq və vəzifələri izah edilmiş, üzərinə video çəkiliş aparmaqla şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs əlindəki pul kisəsinin içərisindən bir neçə ədəd sellofan bükülü və bir ədəd balaca elektron tərəzi aşkar edilmişdir. Aşkar olunaraq götürülmüş heroinə və metamfetaminə bənzər maddə qablaşdırılmışdır. Şahid Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 avqust 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma ilə məşğul olması barədə Qobu PB-nə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən şəxsi axtarış və götürmə aparılması haqqında 19 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində kakos və şüşə kimi tanınan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin və eletron tərəzini əlində olan qara rəngli pul kisəsindən cıxararaq təqdim etdi. (cild 1, iş vərəqə 30-31) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin "xxxx" MMC-dən götürülmüş məlumatlardan görünür ki, “Atali hardasan esidirsen meni var nese bidene lazim idi yigir sene men ya he ya yox de yanımda adam var isdemirem bilsin”, “Qaqa pul var da”, “Bayra cixma ehdyatdı ol kendi basıblar” məzmunlu smslər müxtəlif nömrələrdən Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə göndərilmişdir. (cild 1, iş vərəqə 126-134) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Telefona baxış keçirilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsn məxsus mobil telefonun yaddaşında “ATAM VACAP” adı ilə +**********30 saylı nömrə olduğu, lakin danışıqların silindiyi müəyyən edilmişdir. (cild 1, iş vərəqə 100) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20 avqust 2021-ci il tarixli 6/3604 №-li məhkəmə ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,140 qram, 4,705 qram ümumi təmiz çəkisi 4,845 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Digər beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,324 qram, 0,397 qram, 0,429 qram, 0,416 qram, 9,758 qram ümumi təmiz çəkisi 11,324 qram olan qəhvəyi rəgli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır.Heroin iz şəklində olduğu üçün onun çəkisi müəyyən etmək mümkün olmadı. (Cild 1, iş vərəqləri 37-42) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3225 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 108-109) Cinayət işinin materiallarından görünür ki Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,124 qram çəkidə narkotik vasitə heroin 4,765 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd üzəriində heroin izləri olan tərəzi iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 137) Təqsirləndirilən şəxs məxsus bir ədəd Samsunq markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 136,137-141.) Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə video çəkilişin olduğu disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 136,137-141.) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, təqsirləndiurilən şəxs Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayətlər Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəza müddətinin sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayətlər törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş hesab edilir. Buna görə də Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası 05 iyul 2021-ci il tarixdə başa çatdığından və bu müddətdən 6 il müddət keçmədiyindən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir və onun əməlində cinayətlərin təhlükəli residivi vardır. (iş vərəqə 97-99) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Hökməli qəsəbə İƏDÜ nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs bələdiyyəyə heç bir şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 82) Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X4 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Məhkəmə, Təqsirləndirilən şəxs tutulduğu vaxt üzərində ittihamda göstərildiyi miqdarda narkotik vasitə olmaması, satış məqsədinin olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır.Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 65-69) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,124 qram çəkidə narkotik vasitə heroin 4,765 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd üzərində heroin izləri olan tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd Samsunq markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalı, 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. (cild 1, iş vərəqləri 136,137-141.) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan qalıq qalmış 11,124 qram çəkidə narkotik vasitə heroin 4,765 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd üzərində heroin izləri olan elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd Samsung markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın, 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Səd rlik edə n:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar