Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-47/2024 29.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1994-cü ildə Salyan rayonunda anadan olmuş, məhkum olunmamış, subay, işləməyən, orta təhsilli, Salyan rayonu,Qaraçala Ə/D, Bəşirbəyli kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Yeni yaşayış massivində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının 19-da Bakı şəhəri,Zabrat qəsəbəsi ərazisində 10 manata istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 0,190 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq Abşeron rayonu Məmmədli kəndi ərazisinə daşımış, 20 iyul 2022-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu Məmmədli kəndində Abşeron RPİnin Mehdiabad PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin 0,190 qram çəkidə psixotrop maddə metamfetamin əlində olan qara rəngli əl çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan Yasin adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə qanunsuz əldə etdiyi külli miqdarda -ümumi çəkisi 2075,911 qram kustar üsulla hazırlamış narkotik vasitə heroini və 330,0 qram çəkidə külli miqdar psixotrop maddə metamfetamini ölkə ərazisində satışını həyata keçirib 1500 manat qazanc əldə etmə barədə razılığa gəldikdən sonra mobil telefonun «Whatsap» tətbiqi vasitəsi ilə yazışıb sonuncunun tapşırığı ilə narkotik vasitələrin olduğu yeri öyrəndikdən sonra 2022-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Balaxanı qəsəbəsində avtomobil yolunun kənarından içərisində külli miqdarda narkotik vasitələri və külli miqdar psixotrop maddələri olan bağlamaları götürüb qanunsuz əldə edib üzərində saxlayaraq əvvəlcədən razılaşdıqları kimi həmin narkotik vasitələri ayrı- ayrı yerlərə qoymaqla satışını təmin etmək üçün şəklini çəkib Yasin adlı şəxsə göndərməsi məqsədi ilə idarə etdiyi Kia Optima markalı 99BR959 dövlət qeydiyyat nişanlı avtomobillə kirayə götürdüyü Abşeron rayonu Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi 22, 16 saylı mənzilə daşımış,daha sonra həmin narkotik vasitələrin bir hissəsini üzərində və icarəyə götürdüyü avtomobilin yük hissəsində saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN-nin Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən 27 iyul 2022-ci il tarixdə saat 19 radələrində həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Bakı- Dairəvi yolu 123/1 ünvanın yaxınlığında saxlanılaraq BNMİ-yə gətirilmiş və üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan şalvarın sol yan cibindən külli miqdarda 30,911 qram çəkidə narkotik vasitə heroin, idarə etdiyi Kia Optima markalı 99BR959 dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən iki ədəd bağlamada ayrı-ayrılıqda çəkisi 710,0 qram,715,0 qram ümumi çəkisi külli miqdar 1425,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bağlamada külli miqdarda 330,0 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əməliyyat tədbirinin davamı kimi həmin gün saat 23-də Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Xırdalan şəhəri,S.Bəhlulzadə küçəsi 22, 16 saylı mənzilə baxış keçirilərkən qonaq otağında olan divanın altından bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi və bir ədəd gümüşü rəngli termosda içərisində çəkisi külli miqdar 620,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onların rayonunda rəhmətə gedən olmuş, ona görə icarəyə maşın götürmüş, Lökbatan dairəsində maşına benzin vurmağa getmişdir. Maşını saxlayıb, benzin üçün ödəniş edəndə polis işçiləri ona yaxınlaşmış, onu öz maşınlarına oturtmuşlar. Onun maşınına yaxınlaşıb baxmamışlar. Maşında öz istifadəsi üçün metamfetamin olmuş, digər göstərilənlər onda olmamışdır. Əsgərlikdən gələndən narkotik vasitə istifadə etmişdir. Heroin istifadə etməmişdir. Onda olan narkotik vasitənin qramı təxmini 02 qram olmuşdur. İranlı ilə arasında onun harasa narkotik vasitə qoyması ilə bağlı razılaşma olmamışdır. O İranlının atdığı narkotik vasitəni özü üçün götürmüşdür. İranlının nömrəsi telefonunda olmuşdur. Adını Yasin kimi qeyd etmişdir. Tutulanda Emin maşının yanında olmuşdur. Maşını götürüb Xırdalana getmişlər, əynini dəyişib yola çıxmışlar. Xırdalandakı onun öz evi deyil. O evə gedib gəlmiş, həmin evdə bir xanımla yaşamışdır. Həmin xanım Eminin bacısıdır. Əynini dəyişəndə Emin onunla evə qalxmamış, maşını evə qədər Emin sürmüşdür. Onun əynini dəyişməyi 10-15 dəqiqə çəkmişdir. Eminin telefon nömrəsini xatırlamır, telefonunda nömrəsi olmuşdur. Onu polislərin maşınında idarəyə aparmışlar. Onun maşınını idarəyə aparanını kim olduğunu bilməmişdir. Ona fiziki xəsarətlər yetirilmiş, sanksiya məhkəməsində bunu demişdir. Məhkəmə onun ekspertizaya aparılması tapşırılmış, amma aparılmamışdır. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs tərəfindən verilən, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, fərdi həyət evdə valideyinlərilə birlikdə yaşayır. Bir neçə aydır ki, psixotrop maddə və narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. 19 iyul 2022-ci il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində tanımadığı şəxsin həyətində elektik qaynağı edib işləmiş və həmin gün, saat 16 radələrində evə qayıdarkən Zabrat qəsəbəsində Zabrat dairəsində tanımadığı şəxsə 10 manat pul verərək bir sellofan bükümdə “şüşə” yəni psixotrop maddə olan metafetamin almış və həmin psixotrop maddənin bükümünü özü ilə gəzdirdiyi qara rəngli əl çantanın içində saxlamış ki, istirahət etdiyi vaxt çəkərək qəbul etsin. Sonra evə getmişdir. Atasına məxsus “Volsvaqen passat” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin elektrik sistemi xarab olduğu üçün avtomaşını təmir etdirmək üçün həmin gün saat 19 radələrində Abşeron rayonu,Məmmədli kəndinə usta Balaşın evinə gətirmişdir. Maşım 20 iyul 2022-ci il tarixə keçən gecə saat 03 radələrinədək təmir etsə də başa çatdıra bilməmişdir. Ona görə də o getmək istəmiş, qapıdan çıxarkan Balaş onun ardınca küçəyə çıxmış ki, onu ötürsün. Həyət qapısından aralanıb onu yola salarkan küçədə üç nəfər polis əməkdaşı onlara yaxınlaşıb şəxsiyyəti barədə sorğu-sual etmiş və gecə vaxtı küçədə nə etdiyini soruşmuşlar. Polis əməkdaşları onlardan şübhələndikləri üçün Mehdiabad polis bölməsinə dəvət etmişlər. Onlarla birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində xidməti otaqların birində onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl şübhəli şəxs kimi hüquq və vəzifələri izah edilmişdir. Sonra üstündə cinayət xarakterli əşya varsa təqdim etmək təklif edilmişdir. O, əlində olan qara rəngli əl çantasında saxladığı bir sellofan bükümdə olan psixotrop maddə metafetamini təqdim etmişdir. Həmin psixotrop maddə ilə bağh sorğu edilərkən psixotrop maddəni Zabrat qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra üstündə şəxsi axtarış keçirilmiş və üstündən cinayət xarakterli başqa heçnə aşkar edilməmişdir. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş,protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Maşın ustası Balaş Quliyevdən eyni vaxtda psixotrop maddənin aşkar olunması təsadüfidir. Birbiri ilə narkotik maddə və ya psixotrop maddələrlə bağh heç bir əlaqəsi yoxdur.Bundan bir neçə gün sonra isə DİN-in Baş narkotkilərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Tutulmamışdan təxminən 4 ay əvvəl yadında qalmayan şəxsin vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan «Yasin » adlı şəxslə internetlə tanış olmuş, onun nömrəsini telefonun Votsap proqramında yaddaşda saxlamışdır. Yasin ona bildirmiş ki, pul qazanmaq istəyirsə ona şəkil atacaq, həmin şəkildə olan yerə gedəcək və ordan içərisində narkotik vasitə olan bağlamaları götürüb onun dediyi və ya özü bildiyi yerlərə qoyacaq. Bunun müqabilində Yasin ona kartına müəyyən miqdarlarda pul göndərəcək. Yasin adlı şəxsin İranlı olduğunu bilsədə onun harada yaşaması barədə məlumatı olmayıb. Dəfələrlə Yasin onun telefonuna şəkillər göndərirmiş və o həmin şəkillər əsasında gedib yol kənarlarında narkotik vasitələr götürüb onun dediyi müxtəlif ünvanlara yol kənarlarına qoyurmuş. Əvəzində isə həm pul həmdə götürdüyü narkotiklərin üstündən də biraz öz istifadəsi üçün narkotik vasitə vəya metamfetamin götürürmüş. Mehdiabad polisi tərəfindən tutulub barəsində polisin nəzarəti altına qətimkan tədbiri seçildikdən sonra öz işlərini həll etmək üçün Bakı şəhəri, Tbilisi prospektində yerləşən salondan Kia Optima markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil günlük icarəyə götürüb idarə edirmiş. 27 iyul 2022-ci il tarixdə axşam saat 19 radələrində icarəyə götürdüyü **-BR-*** dövlət qeydiyyat nişanlı ağ rəngli “Kia Optima” markalı avtomobilin yanında Bakı şəhəri Qaradağ rayonu ərazisində dayanan zaman 3 nəfər mülki geyimli şəxsin yaxınlaşdığını görmüş, onlar özlərini polis əməkdaşı təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu maşmla birlikdə Baş narkotiklərlə mübarizə idarəsinə aparmışlar. Polisdə hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edildikdən sonra hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmiş, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməyi xahiş edilmiş, sonra o əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən şəxsiyyət vəsiqə, “Leo Bank” bank kartı, 1 ədəd avtomobilin açarını, 1 ədəd içərisində “kakos” kimi bildiyi maddə olan sellofan bükümü, sağ yan cibindən isə Abşeron rayonu, Xırdalan şəhərində kirayə tutduğu mənzilin açarım, arxa sağ cibindən isə özünə məxsus içərisində ***-***-**-** GSM nömrəsi olan “Samsung” markalı telefonu təqdim edərək masanın üstünə qoymuşdur. Sonra kirayə götürdüyü avtomaşına baxış keçirilmiş, avtomaşının baqaj yerindən metamfetamin və heroinə bənzər maddələr olan sellofan torba aşkar edilmiş, lakin həmin maddələrin ona heç bir aidiyyəti yoxdur və ora kim tərəfindən qoyulduğunu bilmir. Daha sonra kirayə götürdüyü Xırdalan şəhərində olan evindən qonaq otağında olan divanın altından termos qabının içərisindən heroin və 1 ədəd elektron tərəzi polislər tərəfindən aşkar edilərək götürülmüşdür. Termos qabın içərisində olan heroinin də ona heç bir aidiyyəti yoxdur və ora necə düşdüyünü bilmir. Əvvəlki ifadələrində üzərindən, avtomobildən və evdən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddə Yasin adh şəxs tərəfindən onun üçün göndərildiyini, Balaxanı qəsəbəsində yol kənarından götürüb həm üzərində həmdə icarəyə götürdüyü avtomobildə və evdə saxlaması barədə tutulan vaxtı qorxduğu üçün ona məxsus olduğunu bildirmişdir. (Cild 1, iş vərəqləri 242- 245) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 27 iyul 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı nəticəsində Təqsirləndirilən şəxs saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu Bakı-Dairəvi yolu 123/1 ünvanın yaxınlığında kirayə götürdüyü Kia Optima markalı avtomobilin yanında dayandığını görüb yaxınlaşaraq özlərini təqdim edib onu Baş Narkotiklərlə mübarizə idarəsinə aparmışlar. Baş İdarədə dəvət olunmuş vəkilin iştirakı ilə vidoçəkiliş aparılmağa başlanmışdır. Təqsirləndirilən şəxs cibindən bir büküm narkotik vasitə heroinə bənzər kütləni çıxarıb masanın üstünə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi Kia markalı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin yük yerində iki ədəd bağlama aşkar edilmişdir. Bağlamalar açılanda içərisində üç büküm aşkar edilmişdir, ikisində heroinə bənzər digərində isə metamfetaminə bənzər psixotrop maddəyə oxşar kütlələr aşkar edilmişdir.Sorğu sual zamanı Təqsirləndirilən şəxs demiş ki,Abşeron rayonu Xırdalan şəhərində kirayə tutduğu evdə də narkotik vasitə var.Bundan sonra onun icazəsi ilə kirayə yaşadığı evinə baxış keçirilməsi üçün yaşadığı ünvana getmişlər.Mənzilə Elmarla birlikdə daxil olduqdan sonra Elmar qonaq otağında divanı altından içərisində bir ədəd tərəzi və bir ədəd termos göstərmiş, termosun içinə baxanda içində narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili Şahid1 məhkəmədə ifadəsi alınmış Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 20 iyul 2022-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Məmmədli kəndi ərazisində xidmət apararkan iki nəfər şəxsin küçədə özlərini şübhəli apardığını, yəni onları görərkən üzlərini çevirib yayınmaq istədiklərini müşahidə edib həmin şəxslərə yaxınlaşmış və özlərini təqdim edərək onların şəxsiyyətini müəyyən etmək üçün sənəd istəmişlər. Lakin onların üzərində sənədlər olmadığından həmin şəxsləri Mehdiabad polis bölməsinə dəvət edib birlikdə polis bölməsinə gəlmişlər. Onların şəxsiyyətini müəyyən etdikdə məlum olmuş ki, həmin şəxslər Abşeron rayonu, Məmmədli kəndində yaşayan X2 və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivində yaşayan Təqsirləndirilən şəxsdur. Sorğu zamanı hər iki vətəndaş üzərlərində psixotrop maddə metamfetamin olduğunu bildirmişlər. Ona görə də onların hər birinin üzərinə ayrı-ayrılıqda, bölmənin xidməti otaqların birində baxış keçirilmişdir. Videoçəkiliş aparılmaqla vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs Fəhad oğlunun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan çantasının içərisindən çıxardığı plastik qabda ağ rəngli kristal formada kütlə təqdim edərək psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini Zabrat qəsəbəsində tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. O, ibtidai istintaq zamanı vetrdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri Şahid3 məhkəmədə ifadəsi alınmış Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyul 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.( cild 1, iş vərəqə 5) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış və götürmə aparılması haqqında” 20 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə Abşeron RP əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-yə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əlində olan qara rəngli əl çantasının içərisindən bir ədəd şəffaf rəngli plastik qab içərisində kristalik, spesifik iyə malik, psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. (cild 1, iş vərəqə 122-123) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış və götürmə aparılması haqqında” 27 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. (cild 1, iş vərəqə 29-31) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “avtomobilə baxış keçirilməsi və götürmə haqqında” 27 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Kia Optima markalı 99BR959 dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən iki ədəd bağlamada kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bağlamada külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür.( cild 1, iş vərəqə 34-36) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “baxış keçirilməsi və götürmə haqqında” 27 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Xırdalan şəhəri,S.Bəhlulzadə küçəsi 22, 16 saylı mənzilə baxış keçirilərkən qonaq otağında olan divanın altından bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi və bir ədəd gümüşü rəngli termosda içərisində çəkisi külli miqdar kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 39-40) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 28 iyul 2022-ci il tarixli 6/4063 №-li məhkəmə ekspert rəyindən görünür ki,Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə çəkisi 30,911 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən bir ədəd göy rəngli sellofan bağlamada iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 710,0 qram,715,0 qram ümumi təmiz çəkisi 1425,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Digər bir ədəd bağlamada təmiz çəkisi 330,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -üzərində Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildən bir ədəd qara rəngli sellofan bağlamada bir ədəd gümüşü rəngli termosda təmiz çəkisi 620,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Təqdim olunmuş dörd ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə heroinin izləri vardır.Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamış və digər dörd ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyil. (Cild 1, iş vərəqləri 46-51) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20 iyul 2022-ci il tarixli 6/3930 №-li məhkəmə ekspert rəyindən görünür ki,Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 0,190 qram ağ kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1, iş vərəqləri 134-138) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4501 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 207) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş və üzərində olan ***-***-**-** nömrə olan «Samsunq» markalı mobil telefona baxış zamanı «Yasin» adı ilə +**********7 saylı nömrəni yaddaşında olduğu, Vatsap şəbəkəsində aralarında danışıqların aparıldığı, həmçinin adı qeyd olunmayan İran İslam Respublikasının operatoruna aid +**********74 nömrə ilə danışıq aparıldığı, həmçinin telefonda olan fotoşəkillərdə bir ədəd tərəzi və ayrı- ayrı müxtəlif çəkidə olan bağlamalar müşahidə edildiyindən və iş üzrə əhəmiyyət kəsb etdiyindən həmin telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı evdən aşkar olunaraq götürülmüş və xx.xx.2022-ci il tarixli 64063 nömrəli ekspertiza tədqiqatından sonra qalıq qalmış heroinin ümumi çəkisi 2075,711 qram, psixotrop maddə metamfetaminin ümumi çəkisi 329,95 qram, xx.xx.2022-ci il tarixli 6/3930 saylı ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,140 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına verilmişdir. (Cild 1, iş vərəqi 218) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1, və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ondan qizli keçirərək, üzərində saxlamaqla daşımışdır. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1, və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi az ağır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, və 234.4.3-cü maddələri isə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X4 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan çəkidə narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda və müxtəlif növlərdə olması, narkotik vasitə satışını ehtiva edən yazışmaların mövcudluğu Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 21 iyul 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlandığı MSY-dən azad edilmişdir. (Cild 1, iş vərəqləri 107, 169) İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 27 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 19,76-80) Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 27 iyul 2022-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2075,711 qram narkotik vasitə heroin, 329,95 qram və 0,140 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd Samsung markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmalı, 03 ədəd dsik cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 179 ( yüz yetmiş doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 ( on ) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 10 (on) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2075,711 qram narkotik vasitə heroin, 329,95 qram və 0,140 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd Samsung markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılsın, 03 ədəd dsik cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs 179 (yüz yetmiş doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-47/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-47/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver