Məhkəmə qərarları › İş №1(124)-470/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-470/2024

23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-470/2024 23.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Gədəbəy rayonu, Heriknaz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Heriknaz kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonunda fərdi yaşayış evində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroini əldə edib, daşıma cinayətini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, külli miqdarda, 01 (bir) ədəd qara rəngli sellofan bükümdə, təmiz çəkisi 2,875 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq, satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq saxlamış, 06 noyabr 2023-cü il tarixdə, saat 03:55 radələrində Sumqayıt ŞPİnin PPXT-nin 2- ci bölüyünün əməkdaşları tərəfindən Sumqayıt şəhəri, BTZ bağlar massivində yerləşən “Brend” marketin yaxınlığında saxlanılmaqla Sumqayıt ŞPİ-nin 5-ci PB-yə aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı 01 (bir) ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 2,875 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki boz rəngli gödəkçəsinin sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən suallara cavab olaraq göstərdi ki, o narkotik istifadəçisi olduğuna görə istifadə etmək üçün narkotik vasitəni Abbas adlı tanışından alıb pulu da onun kartına atırdı. Hadisə baş verən gün o Bakı şəhərindən taksi ilə Sumqayıta, BTZ bağları deyilən yerdə tanışı Abbasla birlikdə narkotik vasitə qəbul etmək üçün gəlmişdir. Lakin Abbasla görüşə bilməmişdir. O əsasən narkotik vasitə olan heroindən istifadə edirdi. O əvvəllər İran İR vətəndaşının kartına 200 manat pul vurub ondan narkotik vasitə alsa da polislər onu saxlayarkən onun üstündə narkotik vasitə olmamışdır. O taksi ilə gecə vaxtı Sumqayıta narkotik vasitə almaq üçün gəlirdi. Lakin hələ narkotiki almamış onu polislər tutdular. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234-1.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən bir aydır ki, narkotik vasitələrdən istifadə edir. Belə ki, narkotik vasitə olan heroini siqaret kimi çəkir. Təxminən 3-4 gün əvvəl, yəni 02-03 noyabr 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı olan Rasim adlı şəxslə tanış olmuşdur. Həmin şəxsdən öz istifadəsi üçün narkotik vasitə olan heroin istəmiş, həmin şəxs də 200 manat pula ona 4-5 qram narkotik vasitə satacağını demişdir. Həmin vaxt Rasim narkotik vasitəsinin hazırda olmadığını, olan kimi ona xəbər edəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Rasim onunla əlaqə saxlayıb, hesabına 200 manat pul göndərdikdən sonra ona narkotik vasitə verəcəyini demişdir. O, da öz mobil telefonunda olan “M10” ödəmə sistemində ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçdiyi hesabdan Rasim adlı şəxsin dediyi “M10” hesabına 200 manat pul göndərmiş və ödəniş qəbzinin fotoşəklini də Rasimə göndərmişdir. Rasim bir neçə saata ona ünvanı konum vasitəsilə göndərəcəyini və həmin ünvandan narkotik vasitəni götürəcəyini demişdir. Lakin xeyli vaxt keçməsinə baxmayaraq Rasim ona konum göndərməmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 02:30 radələrində Rasim ona Sumqayıt şəhəri ərazisində bir konum göndərmiş, narkotik vasitəni həmin yerdə olan işıq dirəyinin yanına qoydurduğunu bildirmişdir. O da yaşadığı Bakı şəhəri, Sabunçu rayonu ərazisindən tanımadığı bir taksiyə minərək, konumda göstərilən ünvana, yəni Bakı- Sumqayıt yolunun Ceyranbatan qəsəbəsini keçdikdən sonra yolun sağ tərəfində yerləşən fərdi yaşayış evlərinin ara küçələrinə getmişdir. Həmin vaxt təxminən saat 03:30 radələri olardı. Konumda göstərilən işıq dirəyinin yanından 01 ədəd qara rəngli sellofana bükülmüş içərisində narkotik vasitə olan heroini götürüb, əynindəki açıq boz rəngli gödəkçəsinin sağ yan cibinə qoyaraq piyada hərəkət etməyə başlamışdır. Bu vaxt yoldan keçən PPX əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək, onunla söhbət etməyə başlamışlar. Söhbət zamanı polis əməkdaşları ondan üzərində qeyri-qanuni bir əşya olub-olmadığını soruşmuşlar, o da polislərə üzərində narkotik vasitə olduğunu bildirmişdir. Buna görə də polis əməkdaşları onu Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinə aparmışlar. Polis Bölməsində otaqlanın birində polis əməkdaşlarının və ona təqdim olunmuş vəkilin iştirakı ilə və onun razılığı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan açıq boz rəngli parça godəkçənin sağ yan cibindən qara rangli sellofana bükülmüş içərisində narkotik vasitə olan heroini, həmin gödəkçəsinin sol yan cibindən içərisində şəxsiyyət vəsiqəsi, iki ədəd bank kartı, ödəniş qəbzi, dərman resepti, iki manat pul olan qara rangli dəridən pul kisəsini və əynində olan açıq boz rəngli idman şalvarının sağ yan cibindən isə üzərində ***-***-**-** və ***-***-**-** nömrələri olan “Samsung A3” markalı mobil telefonunu polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 01 bükümdə olan narkotik vasitə onun iştirakı ilə elektron tərəzidə çəkilmiş və 4,34 gram olması müəyyən olunmuşdur. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq bu barədə protokol tertib olunmuşdur. Şəxsiyyət vəsiqəi, iki ədəd bank kartı, ödəniş qəbzi və “Samsung A3” markalı mobil telefonu protokola əlavə olunmuş, içərisində dərman resepti və iki manat pul olan pul kisəsi isə özünə qaytarılmışdır. Protokol tartib olunduqdan sonra isə ucadan oxunmuş və o digər iştirakçılarla birlikdə protokola imza etmişdir. O, həmin narkotik vasitədən heç kimə satmamış və ya pay verməmişdir. Həmin narkotik vasitəni özü istifadə etmək üçün Rasim adlı İran İslam Respublikasının vətəndaşından 200 manata alaraq üzərində saxlamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 06 noyabr 2023-cü il tarixdə, təxminən saat 03-04 radələrində postaçı yoldaşı Şahid2la birlikdə xidməti işlə əlaqədar olaraq xidməti avtomobillə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivindən BTZ bağlar massivi ərazisinə doğru getmişlər və orada “Brend” marketin yaxınlığında olduqları zaman Təqsirləndirilən şəxs xidməti avtomobili görüb özünü şübhəli aparmağa başlayaraq avtomobildən gizlənməyə çalşıdğını hiss etmişlər. Onlar avtomobili saxlayaraq Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, sonra isə ondan adını, soyadını, harada yaşamasını soruşub üzərində qanunla qadağan olunmuş əşya və ya maddə olub-olmamasını maraqlanmışlar. Təqsirləndirilən şəxsla bir neçə dəqiqə sorğu-sual etdikdən sonra o üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-yə dəvət etmişlər, o da etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. 5-ci polis bölməsində xidməti otaqların birində kriminalist Orxan Aslanovun videogörüntüyə alması və müdafiəçinin iştirakı ilə təhqiqatçı Zaur Ağayev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuş və ona əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs özü əynində olan gödəkçəsinin cibindən 01 ədəd qara rəngli sellofan bükülünü, digər cibindən qara rəngli dəridən pul kisəsini və şalvarının cibindən 01 mobil telefonu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülü açııldıqda içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs məxsus pul kisəsinə baxış keçirilən zaman içərisində sonuncuya məxsus şəxsiyyət vəsiqəsinin, "xxxx" ASC-nin bank kartlarının, 02 ədəd bir manatlıq pulun, 01 ədəd ödəniş qəbzinin və dərman reseptinin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan «heroin» olduğunu, internetdə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan tanımadığı şəxsdən aldığını, həmin şəxsin «M10» hesabına 200 manat pul ödədiyini, daha sonra sonuncunun onun mobil telefonuna göndərdiyi ünvana (konuma), yəni Sumqayıt şəhəri ərazisində yerləşən işıq dirəyinin yanına yaxınlaşaraq narkotik vasitəni oradan götürdüyünü, özü istifadə etmək məqsədilə üzərində saxladığını, həmin narkotik vasitədən heç kimə satmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bank kartları, şəxsiyyət vəsiqəsi, qəbz və mobil telefon təhqiqatçı tərəfindən götürülmüş, pul kisəsi və 02 manat pul onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, sonra protokol tərtib olunmuş, ucadan oxunmuş və imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri Şahid2 Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 2,875 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki boz rəngli gödəkçəsinin sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarışın əks olunduğu video görüntü DVD diskə köçürülərək protokola əlavə olunuşdur. Həmin DVD disk məhkəmə baxışında nümayiş etdirilib tədqiq edilərkən yuxarıda protokolda qeyd edilənlər və şahidlərin ifadələrindəki xüsusatlar öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin telefon “Samsung A3” markalı olmaqla qara rənglidir, mobil telefonun arxa hissəsində zavod üsulu ilə “SAMSUNG” sözü yazılmışdır, telefonun ön şüşəsi zədəli vəziyyətdədir. Mobil telefonda quraşdırılmış “Whatsapp” tətbiqinə və “Kontaktlar” tətbiqinə daxil olduqda “Rasim” adı altında İran İslam Respublikasının ölkə kodu ilə başlanan +**********93 saylı mobil telefon nömrəsinin qeyd olunması müəyyən olunmuşdur. Bundan başqa mobil telefonda iş üçün əhəmiyyət kəsb edən mətnlər, fotoşəkil və ya video görüntülər müəyyən olunmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5924 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 124” dairəvi möhür əksləri olan, “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 2,875 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 2,875 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 2,825 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7446 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər MTE və PA şöbəsin tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1824 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,875 qram narkotik vasitə olan heroindən ekspertiza keçirildikdən sonra qalıq qalmış 2,825 qram narkotik vasitə olan heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan 05 fevral 2024-cü il tarixdə DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən gələn tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il qərarının 34-cü bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, azdlığın faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-nin tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətlərinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində deyil, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərarı ilə əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 65 (altımış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,825 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarından birinə qaytarılmalı və 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,825 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə maddi sübut olan diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 65 (altımış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar