Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-471/2024 25.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X10 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin nümayəndəsi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Qubadlı rayonunun Göyərcik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsili, fərdi əməklə məşğul olan, Qubadlı rayonunun Göyərcik kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında müvəqqəti məskunlaşmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində yerləşən 4 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə, saat 09:30 radələrində Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən icarə əsasında işlətdiyi ət satışı mağazasında tanışı Zərərçəkmiş şəxs ilə aralarında olan borcla əlaqədar yaranmış mübahisə zamanı ət doğrayan kötüyün üzərində olan bıçağı götürərək Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq, sonuncunun qalxan çənbər bağırsaq müsaqirəsinin zədələnməsi ilə müşayiət olunan qarının sağ yan divarının qarın boşluğuna keçən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası ilə nəticələnən, yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 8 il əvvəl Zərərçəkmiş şəxs 3500 ABŞ dolları borc pul götürmüş və həmin borca görə ayda ona 350 ABŞ dolları əlavə faiz və 5 kq tikə, yəni sümüksüz ət vermişdir. Sonradan Əsəd 3500 ABŞ dolları pulu tam olaraq geri istəyərək əks halda faiz borcunu həftəlik alacağını demiş, o isə çarəsiz qalıb Əsədlə razılaşmış və artıq həftəlik olaraq ona 350 ABŞ dolları pul verməyə başlamışdır. Lakin Əsəd bununla da kifayətlənməyib hər həftə gəlib işlədiyi qəssabxanadan 350 ABŞ dolları pulu götürərkən həmçinin 6-7 kiloqram sümüksüz əti də havayı almışdır. Həmçinin, axırıncı dəfə Əsəd ona bir çəpiş kəsdirtmiş və pulunu verməmişdir. Əsəd hər həftə bir dəfə, bəzi həftələr isə iki dəfə gəlib ondan ət almışdır. O, Əsədə “dayı” deyə müraciət etmiş və hər zaman hörmətini saxlamış, aralarında söz-söhbət olmamışdır. Əsəd dəfələrlə ona borcu qaytarmadığına görə hədə-qorxu gəlmişdir. Onun Zərərçəkmiş şəxs bıçaqlamaq niyyəti olmamış, hadisə günü Əsədin bacısı oğlu maşından düşərək içəri girən zaman özünü qorumaq məqsədi ilə Əsədə xəsarət yetirmişdir. O, heç vaxt Əsədə söyüş söyüb onu təhqir etməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs 10 ildən artıq müddətdir ki, tanıyır. Ət mağazası işlətdiyi müddətdən Əsəd mütəmadi olaraq ondan ət almışdır. Birinci dəfə Əsəddən faizlə 2000 manat pul borc almışdır. O, hər dəfə Əsəddən borc alarkən faizlə vermişdir. 2000 manat borcu atası Əsədə qaytarmışdır. 3500 ABŞ dolları borc pul götürən zaman 10 faizini hər ay ödəmək barədə razılaşmışlar, amma sonradan hər həftə 350 ABŞ dolları faiz ödəmişdir. 8 ildir ki 3500 ABŞ dolları borcunu faizlə ödəyir. Mübahisə günü Əsəd pulu qaytarmasını, 3500 ABŞ dolları və aylıq faizi ödəməsini tələb etmişdir. Əsədin bacısı oğlu maşından düşərək içəri gələn zaman onun üzərinə gəldiklərini düşünərək qorxmuş və özünü qorumaq məqsədi ilə əlində işlətdiyi bıçaqla Əsədə xəsarət yetirmişdir. Son vaxtlara kimi Əsədlə münasibətləri normal olmuş, son vaxtlar Əsəd ona hədə-qorxu gəlməyə başlamışdır. Polis bölməsində olan zaman Əsədin bacısı oğlu bildirmişdir ki, dayısı ilə dalaşdığı üçün onu vurmuşdur. Əsəd ona ət kəsən zaman xəbər verməsini tapşırmış və o, hadisə olan gün tezdən zəng edərək ət kəsdiyini, gəlib aparmasını söyləmişdir. Əsəd əti adətən həftənin 2ci və 6-cı günləri götürmüşdür. Hadisə günü Əsəd gəlib içəri girən zaman, o, əlində ciyər kəsirmiş və Əsəd onunla salamlaşaraq soyuducunun yanındakı stulda əyləşmişdir. O, mağazada olan digər müştəriyə ət verərək yola saldıqdan sonra Əsəd kötüyün yanına keçmiş, o isə Əsədin ətini kəsməyə başlamış, Əsədə bir dəfə də hamının aldığı kimi sümüklü ət almasını söyləmiş, Əsəd isə cavabında elə razılaşdıqlarını bildirmişdir. O, Əsədə bu qədər insafsızlıq olmadığını, ondan aldığı pulun müqabilində Əsədə həm pul, həm də ət verdiyini deyərək şikayətlənmişdir. Söhbət etdikləri vaxtda Əsəd ona “səninlə danışığımız belə olub, mən pulu belə faizə verirəm, istəmirsən onda mənim pulumu bu dəqiqə qaytar” demiş, bu vaxt Əsədin bacısı oğlu içəri girmişdir. Onun Əsədə ancaq 3500 ABŞ dolları borcu olmuş, sonradan ondan borca pul almamışdır. Hadisə günündən 1-2 həftə qabaq Əsədlə telefonda borc üstündə mübahisələri olmuşdur. Hadisə günü Əsədin bacısı oğlu ona vurmuş, o da onların iki nəfər onun üstünə gəldiyini görüb, qorxudan Əsədi bıçaqlamışdır. Bıçaqladıqdan sonra qaçıb getmişdir. O, özünü qorumaq məqsədiylə Əsədi bıçaqlamışdır. Hazırda barışmağa cəhd etsələr də, zərərçəkmiş şəxs ona olan borcunu qaytarmadan barışmayacağını bildirir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisənin baş vermə mexanizmi ilə bağlı göstərdiyi xüsusatlarla ibtidai istintaq zamanı verdiyi ifadəsində hadisənin necə baş verməsi ilə bağlı göstərdiyi xüsusatlar arasında müəyyən ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin qeyd edilən hissəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində təqsirləndirilən şəxs göstərmişdir ki, ... 29 avqust 2023-cü il tarixdə, saat 09-30 radələrində işlədiyi qəssabxanada olarkən Əsəd özünə məxsus “Lexus” markalı avtomaşınla qəssabxananın yanına gəlib ətin hazır olubolmadığını soruşanda onun ironiya ilə danışığı xətrinə dəydiyindən ona “Əsəd dayı, sən lap ağın çıxartmısan, məni müflis etmisən, heç olmasa camaat necə alır, sən də sümüklü ət götür” deyəndə Əsəd “Sən mənə 9 kiloqram ət verməlisən, 2 kiloqramın çıxıram, 7 kiloqram sümüksüz ət ver” demişdir. Həmin vaxt ona “axı bu qədər faiz olmaz, sən həm həftəlik 350 ABŞ dolları faiz götürürsən, həm də hər həftə 7-8 kiloqram ətimi havaya alırsan” dedikdə, Əsəd “Mən beləyəm, pulu faizlə belə verirəm, xoşun gəlmir, 3500 dollarımı qaytar, səninlə hesablaşaq” dediyi üçün aralarında mübahisə yaranmışdır. Əsəd üstünə cumanda kötüyün üstündə olan məişət bıçağını götürüb bir dəfə Əsədin qarın nahiyyəsindən vurmuşdur. Bıçaq dərinə getməmiş və yalnız üst tərəfdən cüzi miqdarda, təxminən 1-2 sm qarına girmişdir. Həmin vaxt içəriyə sonradan Əsədin bacısı oğlu olduğunu öyrəndiyi Vüsal adlı şəxs girmiş və dayısı ilə dalaşdığım görüb Vüsal tərəfindən kənara itələnərək nalayiq söyüş işlədib nəyə görə dayısını vurduğunu soruşmuşdur. Həmin vaxt Vüsala dayısı tərəfindən bezdirildiyini bildirdikdə, Vüsal Əsədi xəsarətlənmiş vəziyyətdə mağazadan çıxartmış və onlar avtomaşına oturub getmişlər (cild 01, iş vər. 156-157) Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 10 ildən artqdır ki, tanıyır. Təqsirləndirilən şəxs qəssabdır və Ayazdan mütəmadi olaraq ət alır. O, dəfələrlə Təqsirləndirilən şəxs borc pul vermiş və müqabilində ondan ət almışdır. Sonuncu dəfə 2023-cü ilin iyul alında 5000 ABŞ dollarıda borc pul istəmiş və 1 həftə sonra qaytaracağını bildirmişdir. 1 həftə sonra borcu istəyən zaman Xızıda heyvan saxladığını, borcu qaytara bilməyəcəyini bildirmişdir. Bir gün Ayaza zəng vurub 10 kiloqram ət sifariş vermiş və Ayaz təzə ət gətirəndə xəbər edəcəyini bildirmişdir. Bir gün Ayaz zəng vuraraq təzə mal kəsdiyini bildirib gəlib əti götürməyi xahiş etmiş, o, normalda 6-cı günlər ət aldığı üçün ona hal-hazırda evdə yatdığını 6-cı gün gəlib əti götürəcəyini bildirsə də, Ayaz israr etmiş, evdən çıxıb qəssabxanaya gəlmiş, əti götürüb yerə qoyan zaman bir də görmüşdür ki, onu qan götürüb, heç nə başa düşməyərək donub qalmışdır. Həmin vaxt içəriyə təsadüfən yoldan keçən bacısı oğlu Vüsal daxil olmuş və qarın nahiyyəsində olan xəsarəti görüb xəstəxanaya aparmaq istəmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, uzun müddətdir ki, Təqsirləndirilən şəxs borc pul vermişdir. Birinci dəfə səhv etmirsə 3000 ABŞ dolları miqdarında borc pul vermişdir. Ayazla razılaşmalarına əsasən Ayaz hər dəfə ona pulsuz ət vermişdir. Hadisə günü aralarında heç bir mübahisə olmadan Ayaz ona xəsarət yetirmişdir. Birinci dəfə həkimlərə bağda yıxılaraq xəsarət aldığını bildirmiş, sonradan bıçaqlandığını söyləmişdir. O, təqsirləndirilən şəxsə faizə pul verməmişdir. Hazırda təqsirləndirilən şəxsin ona 16.700 ABŞ dolları borcu qalmışdır. O, razılaşmalarına əsasən 5 kiloqramdan yuxarı ət alan zaman pul ödəmişdir. Təqsirləndirilən şəxs ona əvvəllər də 2000 manata yaxın borcu olmuş, amma Ayazın atası pul verərək borcunu bağlamışdır. Borcu bağladıqdan 1 il sonra Ayaz Babayev ondan yenidən borc almışdır. Ayaz sonuncu dəfə ət üçün heyvan olduğunu bildirib 5000 ABŞ dolları borc almışdır. Sonuncu dəfə borc alan zaman 1 həftəyə qaytaracağını bildirmişdir. O, qəssabxanaya əti götürməyə getdiyi zaman Ayaz əti çəkib hazırlamamış, Ayaza müraciət edərək ətin sümüksüz yerlərindən verməyi xahiş etmişdir. Ayaz əti sümüksüz edəndə ona ziyan olacağını bildirəndə ona sümüyü ətdən ayırdıqdan sonra sümüyü da ayrıca çəkməsini və həmin çəkiyə uyğun da pulunu verəcəyini bildirmişdir. 4-5 kq ət çəkdikdən sonra, o əti götürüb yerə qoyan zaman Ayaz ona ət doğradığı bıçaqla xəsarət yetirmişdir. Xəstəxanaya gedən zaman avtomobili özü idarə etmişdir. Ayazın işlədiyi qəssabxana Sumqayıt şəhərində yerləşir. Borc pul verən zaman və ya borcu qaytarmadığı zaman onlar arasında heç bir mübahisə və təhqir olmamışdır. Ayaz ona zəng vuraraq gəlib əti götürməsini söyləyən zaman normal səs tonu ilə müraciət etmiş, onlar arasında heç bir mübahisə olmamışdır. Əti götürən zamanda onlar arasında mübahisə yaranmamış, durduq yerə onu bıçaqlamasının səbəbini bilməmişdir. İbtidai istintaq zamanı müstəntiqə ifadə verən zaman da hadisələri olduğu kimi danışmışdır. Ayaz ona xəsarət yetirdikdən sonra bacısı oğlunun içəri girməsini görməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir və yalnız borcunu qaytaracağı təqdirdə təqsirləndirilən şəxslə barışmağa hazır olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı həmçinin Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şəxs göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur və Təqsirləndirilən şəxs 10 ildən artqdır ki, tanıyır. Təqsirləndirilən şəxs qəssabdır və onun Sumqayıt şəhəri 51-ci məhəllə ərazisində ət dükanı vardır və həmin vaxtlardan Ayazdan mütəmadi olaraq ət alır. Bundan başqa ondan Ayaz təxminən 7-8 ildir ki, mal-qara almaq üçün mütəmadi olaraq ondan borc pul alır və təxminən 1 il əvvələ kimi aldığı borcları gec də olsa qaytarmışdır. Lakin təxminən 2023-cü ilin əvvəllərində Ayaz ona müraciət edərək topdan alıb-satmaq üçün xeyli mal-qara almaq niyyətində olduğunu, bunun üçün pulunun çatmadığını bildirib 3000 ABŞ dolları borca pul istəyərək 1 həftə ərzində qaytaracağını bildirdiyindən, etraz etməyərək Ayaza 3000 ABŞ dolları pul vermişdir. Bundan bir neçə gün sonra Ayaz iş görmək üçün pulunun çatmadığını bildirib əlavə 3200 ABŞ dolları borc pul istədiyindən həmin məbləği də ona verdikdən sonra Ayazın ona 6200 ABŞ dollar borcu yaranmışdır. Ayaz borc pul alarkən həmin pulu bir həftə ərzində qaytaracağına söz vermiş, lakin üstündən aylar keçməsinə baxmayaraq Ayaz müxtəlif bəhanələr gətirib borcunu qaytarmaqdan yaymdıqdci onun iş gördüyünə inanıb borca görə çox sıxmayaraq mütəmadi olaraq da ondan evinə ət almışdır. Təxminən 2023-cü ilin iyul ayının ortalarında Ayaz müraciət edərək əvvəlki işdə ziyan etdiyini, bu səbəbdən də, borcunu qaytara bilmədiyini, hal-hazırda yenidən işini qurub borcu qaytaracağım bildirib əlavə 5500 ABŞ dollarıda borc pul istədiyindən əvvəlki pulları qaytarması naminə ona 6500 ABŞ dolları borca verməklə Ayazın ümumi borcu 11.700 ABŞ dollara çatmışdır. Lakin 2023-cü ilin avqust ayının əvvəllərində Ayaz əlavə 5000 ABŞ dolları da pul götürərək cəmi 16.700 ABŞ dollarını avqust ayının 10-na kimi qaytaracağını, əks halda yaşadığı evi banka girov qoymaqla kredit götürüb verəcəyini bildirmişdir. Pullarının geri qaytarılması üçün başqa çarəsi olmadığından sonuncu dəfə 5000 ABŞ dolları pulu da borc kimi Ayaza vermişdir. Lakin Ayaz dediyi vaxtda borcunu qaytarmamış və tez-tez onun işlədiyi ət dükanına gedib pulunu geri tələb edəndə o, hər dəfə yazıq görkəmi alıb bir qədər də vaxt verməyi xahiş etmişdir.Ayaza yazığı gəldiyindən ona bir neçə gün də vaxt vermiş və bununla bərabər Ayazdan mütəmadi olaraq pulunu ödəmək şərti ilə ət almaqda da davam etmişdir. 28 avqust 2023-cü il tarixdə Ayaza zəng vurub 10 kiloqram ət sifariş vermiş və Ayaz təzə ət gətirəndə xəbər edəcəyini bildirmişdir. 29 avqust 2023-cü il tarixdə, səhər saat 09 radələrində Ayaz zəng vuraraq təzə mal kəsdiyini bildirib gəlib əti götürməyi xahiş etmiş, ona hal-hazırda evdə olmaqla işinin olduğunu bildirib bir neçə gündən sonra gəlib ət alacağını bildirsə də, Ayaz israrla “Dayı gəl, bu kəsdiyim mal cavandır, əti də dadlıdır, hər dəfə belə ət olmur” deyəndə evdən çıxıb Ayazın işlədiyi qəssabxanaya gəlmiş və ona müraciət edərək ətin sümüksüz yerlərindən verməyi xahiş etmişdir. Ayaz əti sümüksüz edəndə ona ziyan olacağını bildirəndə ona sümüyü ətdən ayırdıqdan sonra sümüyü da ayrıca çəkməsini və həmin çəkiyə uyğun da pulunu verəcəyini bildirmişdir. Ayaz razılaşaraq əti çəkərkən ona borcunu nə vaxt qaytaracağını soruşanda Ayaz gözləmədiyi halda kötüyün üstündə olan bıçağı götürüb “Məni bezdirmisən” deyərək ünvanına nalayiq söyüş ifadələri işlədərək həmin bıçaqla bir dəfə qarın nahiyyəsindən vurmuşdur.Həmin vaxt içəriyə təsadüfən yoldan keçən bacısı oğlu Vüsal daxil olmuş və qarın nahiyyəsində olan xəsarəti görüb Ayazı kənara itələyərək nəyə görə onu vurduğunu soruşanda Ayaz Vüsalın da ünvanına söyüş ifadələri işlədib dükandan çıxaraq getmişdir. Həmin vaxt Vüsal onu xəstaxanaya aparmaq isdədikdə Vüsala xəsarətinin ciddi olmadığını və öz maşını ilə gedəcəyini deməklə avtomobilinə oturub birbaşa Sumqayıt şəhər xəstəxanasına gəlmişdir. Yolda qan itirdiyindən halı pisləşmiş və xəstəxanaya çatdıqdan sonra həkim nə baş verdiyini soruşanda xəsarətinin cüzi olduğunu düşünərək Ayazın tərəfindən vurulmasını bildirməyərək yıxılaraq xəsarət aldığını bildirmişdir. Lakin bir qədər sonra vəziyyəti ağırlaşmış və huşunu itirmiş, ayılanda xəstəxananın palatasında olmaqla əməliyyat olunduğunu öuyrənmişdir. Həkimlər bıçaqlanma nəticəsində ciddi xəsarət aldığını, həyatını itirməyinin riskli olduğunu bildirdikdə, hadisə barədə olduğu kimi məlumat vermək qərarına gəlmişdir (cild 01, iş vər. 37-40) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, hadisə günü uşağını bağçaya aparmış, qayıdan zaman qəssabxananın qarşısından keçərkən dayısı Əsədin avtomaşınının qəssabxananın qarşısında dayandığını görüb onunla görüşmək üçün avtomaşınını saxlayıb və maşından düşüb qəssabxananın qapısına yaxınlaşarkən oradan səs-küy eşitmiş və qəssabxananın içərisinə baxarkən görmüşdür ki, Əsədlə Ayaz üz-üzə durub, Ayazın sol əlində bıçaq olduğunu dayısı isə bir əli ilə qarın nahiyyəsini tutduğunu görmüşdür. Həmin vaxt dayısı Əsədin Ayaz tərəfindən vurulduğunu başa düşüb Ayazın üstünə gedib onun əlindən bıçağı almağa çalışdıqda, Ayaz bıçağı yerə atıb qəssabxandan qaçaraq getmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, səhv etmirsə bıçaq təqsirləndirilən şəxsin əlindən düşmüşdür. Saat 8-9-a işləmiş dayısının avtomobilini görmüşdür. Qəssabxanaya girən zaman Ayazın əlində bıçaq və dayısının küncə çəkildiyini görmüşdür. Bir nəfər şəxs isə kötüyün qarşısında dayanmışdır. Ayazı uzaqlaşdırıb çölə çıxarmaq məqsədi ilə itələmişdir. Əvvəllər bir dəfə ət alan zaman Ayazı görmüşdür. Həmin vaxt Ayaza söyüş söyməmiş, onu vurmamışdır. Baxçaya gedən zaman həmin yoldan getmədiyi üçün dayısının avtomobilini görməmişdir. Hadisə gününə kimi dayısı ilə Ayaz arasındakı borc məsələsindən xəbəri olmamışdır. İbtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qəssabxanada kömək edir. Hadisə olan günü qəssəbxanaya gec gəlmiş və Ayazın qanıqara olduğunu görmüş, səbəbini soruşduqda Ayaz hər şeyin qaydasında olduğunu bildirmiş, daha sonra Əsəd qəssəbxanaya gələrək 12 kilo ət alacağını, əti sümükdən çıxararaq çəkmələrini söyləmiş və onlar da ət çəkmişlər. Ayaz Əsədə əgər əti sümükdən çıxarıb alsa ona ziyan vermiş olduğunu söyləmiş və söhbət əsnasında Ayaz Əsədə əsəbləşərək onu bezdirdiyini, hər şeyin yeri olduğunu söyləmişdir. Ayazla Əsəd danışan zaman o başını aşağı salaraq ət doğrayırmış və birdən Əsədin böyrünün qanadığını görmüş və ona aparmağı təklif etmiş, Əsəd isə ehtiyyac olmadığını bildirib çıxıb getmişdir. Ayazla Əsədin hər zaman mehriban olduqlarını gördüyü üçün aralarındakı ədavətin nə olduğundan xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Ayazın Əsədi bıçaqladığı anı görmədiyini , həmin vaxt içəridə ət doğradığını, içəridə heç bir hadisənin baş vermədiyini, onların mübahisələrini eşitmədiyini, Ayazla Əsəd arasındakı borc məsələsindən xəbərinin olmadığını, Əsədin aldığı ətə pul verib-verməməsindən xəbərinin olmadığını, Ayazın Əsədə məni bezdirmisən deməsindən sonra Əsədin cavabında “pulumu ver çıxım gedim” demesini, daha sonra onların mübahisə etdiklərini, Vüsal adlı şəxsi görmədiyini, Ayazın şokda olduğunu və bıçağı yerə ataraq “mən getdim” söylədiyini, ibtidai istintaqda ifadə verən zaman ona heç kimin təzyiq göstərmədiyini, hadisə vaxtı saatın təxminən 11:00 olduğunu bildirmişdir. Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, uzun illərdir ki, Sumnqayıt şəhəri 51-ci məhəllə ərazisində icara götürdüyü obyektdə qəssab kimi fəaliyyət göstərir və müəllim işləsə də təxminən 6 ildir ki, boş vaxtlarında Ayaz adlı şəxsə qəssabxana işlərində köməklik göstərir və həmin vaxtdanda Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs tez-tez gəlib Ayazla görüşür və bəzən də 8-10 kiloqram ət aparır, lakin Əsədlə Ayazın arasında olan söhbətlərdən xəbəri olmamışdır. 29 avqust 2023-cü il tarixdə, saat 09-30 radələrində işlədiyi qəssabxanaya gəldikdə içəridə Əsədlə Ayazın birbirindən yapışıb əlbəyaxa olduqlarını və həmin vaxt Ayazın kötüyün üstündən götürdüyü bıçaqla Əsədin qarın nahiyyəsindən bir dəfə vurduğunu görmüş, həmin vaxt içəriyə ilk dəfə gördüyü sonradan adının Vüsal olduğunu öyrəndiyi şəxs daxil olaraq Ayazın üstünə cümüb ondan bıçağı almaq istəyərkən, Ayaz bıçağı yerə atıb qaçaraq mağazadan çıxmışdır. Əsəd isə qarın nahiyyəsindən xəsarət aldığından qarnını tutaraq öz avtomaşınına oturmuş, Vüsal adlı şəxs də öz avtomaşınına oturub Əsədin avtomaşınının arxasınca avtomobilin sürərək getmişdir. Əsdlə Ayaz arasında yaranmış mübahisənin səbəbini, eləcədə Ayazın Əsədə borclu olmasından xəbəri olmamışdır (cild 01, iş vər. 46- 47). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, 29 avqust 2023-cü il tarixdə saat 11:25-də Sumqayıt Şəhər Polis İdarəsinin növbətçi hissəsinə Sumqayıt şəhər X19 Xəstəxanasından Sumqayıt şəhər, 14-cü məhəllə, yaraımtikili binada yaşayan xx.xx.1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qarnının ön divarının kəsilmiş-deşilmiş yara xəsarəti ilə Sumqayıt şəhər X19 Xəstəxanasına müraciət etməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Arayış”dan görünür ki, xəstə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 10:00-da Sumqayıt şəhər X19 Xəstəxanasına “qarnının sağ-yan divarının kəsilmiş-deşilmiş yarası” dioqnozu ilə gətirilmişdir (cild 01, iş vər. 05). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri olan Sumqayıt şəhəri 51-ci məhəllə ərazisində yerləşən qapısının üst hissəsində təzə ət yazılmış Təqsirləndirilən şəxs işlətdiyi ət dükanına Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq aşkar edilərək götürülmüş, qablaşdırılmaqla protokol tərtib edilərək cinayət işinə əlavə edilmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 9- 12). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1608 nömrəli rəyindən görünür ki, X8 bədəni üzərində aşkar olunmuş xəsarətlərqalxan çənbər bağırsaq müsariqəsinin zədələnməsi ilə müşayət olunan qarının sağ yan divarının qarın boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, deşici-kəsici alətin, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın və ya ona oxşar digər bıçaqların təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 01, iş vər. 67-70). Cinayət işinin materiallarında olan məhkəmə soyuq silahların kriminalistik ekspertizasının 20 noyabr 2023-cü il tarixli 3- 16-16-/2-3/1873 nömrəli rəyindən görünür ki, tədqiata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşiçi xassəyə malik olan təsərüfat-məişət təynatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan düzəlişlər edilməmişdir (cild 01, iş vər. 117-119). Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023cü il tarixli 3343 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onarı idarə etmək iktidarında olmamışdır. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iktidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 120- 122). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 29.120.1 və 221-ci maddələri ilə nəzərdə tutulan cinayət tərkibinin olması müəyyən edilmədiyindən, həmin maddələr ilə onun barəsində cinayət təqibinin başlanması rədd olunmuşdur (cild 01, iş vər. 139-145). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq cinayət hadisəsinin baş verməsi ilə bağlı, habelə həmin cinayət hadisəsinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı gəldiyi qənaətlə razılaşsa da, ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşmır və Təqsirləndirilən şəxs qarşı CM-nin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olmadığı nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Həmin cinayət əməlinin xuliqanlıq niyyəti ilə törədilməsi CM-nin 126.2.4-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Şəxsin CM-nin 126.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün vacibdir ki, cinayətin məhz xuliqanlıq motivi ilə törədilməsi təsdiq olunsun. Xuliqanlıq niyyəti təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində qəsdən cinayət əməli törətmədə ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə törədilən cinayət əməli kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Bu qəbildən olan cinaytlərin törədilməsində motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın cinayət əməli törətməzdən əvvəlki, həmin cinayətin törədiməsi prosesində və cinayət törədildikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Nəzərə alınmalıdır ki, motiv (xuliqanlıq motivi) bu qəbildən olan cinayət əməllərini nəzərdə tutan maddələrdə cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Odur ki, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya davadalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Hazırkı iş üzrə ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə CM-nin 126.2.4-cü madəsi ilə ittiham irəli sürərkən belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə, saat 09:30-radələrində Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən icarə əsasında işlətdiyi ət satışı mağazasında, kənar şəxslərin gözü qarşısında, tanışı Zərərçəkmiş şəxs ilə aralarında borcla əlaqədar yaranmış mübahisə zəmnində, sonuncunun ondan borcunu nə vaxt qaytaracağını soruşmasını özü üçün qəbul edilməz hal kimi qiymətləndirərək bunları bəhanə edib öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək özünü ətrafdakılara qarşı qoymaqla xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan ət doğrayan kötüyün üzərində olan bıçağı götürərək Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq, sonuncunun qalxan çənbər bağırsaq müsaqirəsinin zədələnməsi ilə müşayiət olunan qarının sağ yan divarının qarın boşluğuna keçən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası ilə nəticələnən, yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə hərəkət edərək öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək özünü ətrafdakılara qarşı qoymaqla zərərçəkmiş şəxsə ağır dərəcəli bədən xəsarəti yetirməsi qənaətinə gələrək təqsirləndirilən şəxsin əməlini CM-nin 126.2.4cü maddəsi ilə tövsif etsə də, xuliqanlıq motivinin nədən ibarət olduğunu, qeyd olunanların özünü nədə biruzə verdiyini, hansı hərəkətlərin cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər olduğunu, hansı hərəkətlərin cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq normalarına qarşı saymazlıq olduğunu konkretləşdirərək ittiham aktında əks etdirməmiş, yəni gəldiyi nəticəni əsaslandırmamışdır. Halbuki, hazırkı işdə məhkəmə istintaqı nəticəsində müəyyən olunan hal ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs hadisə vaxtı heç də xuliqanlıq motivi ilə hərəkət etməmiş, öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək özünü ətrafdakılara qarşı qoymaqla cinayət əməli törətməmiş, sadəcə uzun zamandan bəri zərərçəkmiş şəxsə olan borcunun (onun deməsinə görə faizə verilən pulun) müqabilində zərərçəkmiş şəxsin ondan hər həftə həm pul, həm də pulsuz ət almasına (bu halı zərərçəkmiş özü də etiraf etmişdir) görə aralarında yaranmış narazılıq həmin günü sözlü mübahisəyə çevrilmiş, davamında da söyüşlərlə edilən qarşılıqlı təhqir, dartışma, yəni təmaslı hərəkətlər, habelə borcun zərərçəkmiş şəxs tərəfindən dərhal istənilməsi fonunda yaranan gərginlik nəticəsində Təqsirləndirilən şəxs kötüyün üstündə olan məişət bıçağını götürüb bir dəfə Əsədin qarın nahiyyəsindən vurması ilə nəticələnmişdir ki, bununla da Təqsirləndirilən şəxs mübahisə zəminində yaranmış situasiya çərçivəsində hərəkət edərək Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmaya aid edilən xəsarət yetirmişdir. Lakin nədənsə ibtidai istintaq orqanı şəxsi xarakterli konkret səbəbin olmasına baxmayaraq bunu “heç bir əsaslı səbəbin olmaması” kimi qiymətləndirib, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında xuliqanlıq niyyətinə dalələt edən “səbəbsiz” və “cüzi səbəbin bəhanə edilməsi” kimi, əslində təqsirkarın öz əməlinə subyektiv münasibətini xarakterizə edən halları, “əsaslı səbəbin olmaması” kimi dəyərləndirməklə, Təqsirləndirilən şəxs məhz bu motivdən, yəni xuliqanlıq motivindən çıxış etməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla aralarında yaranan mübahisə ilə bağlı sonuncuya bıçaqla bir dəfə xəsarət yetirdikdən dərhal sonra hadisə yerini tərk etmişdir. Hadisənin bu cür inkişaf etməsi Təqsirləndirilən şəxs cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə açıqca hörmətsizlik etmədiyini, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərmədiyini, ictimai qayda və hamılıqla qəbul edilmiş əxlaq normalarını pozmadığını, əksinə şəxsi münasibətlər zəminində törədildiyini göstərir. Belə olan halda onun hərəkətləri xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma kimi deyil, şəxsi münasibətlər zəminində baş vermiş hadisə kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, bu cür yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin özünün qəbul etdiyi qərarlarında sərgilədiyi hüquqi mövqe və yaratdığı məhkəmə təcrübəsi ilə də uyğunluq təşkil edir. (Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında icmal) Beləliklə, qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilir və ona görə də, onun əməli CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə ədalətli cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin təqsirli bilindiyi müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə çıxışı zamanı müdafiəçi təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına əslində az ağır xəsarət yetirildiyini bildirməklə onun əməlinin CM-in 127.1-ci maddəsinə tövsif olunmasını xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023cü il tarixli 1608 nömrəli rəyindən görünür ki, X8 bədəni üzərində aşkar olunmuş xəsarətlər-qalxan çənbər bağırsaq müsariqəsinin zədələnməsi ilə müşayət olunan qarının sağ yan divarının qarın boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası - yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 01, iş vər. 67-70). Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin çıxışında göstərdiyi xüsusatlar subyektiv fikirlərdən irəli gələn hallar olduğundan, əsaslı sayılaraq təmin oluna bilməz. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə (hadisənin baş verməsi məqamı ilə bağlı bildirdiklərinə münasibətdə) gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri şəxsin müdafiə xarakterli ifadəsi kimi qəbul edir və onunla razılaşmır. Əksinə heç bir təsir və təzyiqə məruz qalmadan ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəni əsaslı sayaraq ona elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs Qubadlı rayonu, Göyərcik kəndində qeydiyyatdadır və ailəsi ilə (arvadı, 2015 və 2016-cı il təvəllüdlü iki azyaşlı uşağı ilə) birlikdə müvəqqəti olaraq ünvan 1 ünvanında məskunlaşmaqla yaşayır. Onun barəsində yaşadığı yer üzrə heç bir ərizə və şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 135- 136). Cinayət işinin materiallarına əlavə edilmiş arayışın surətindən görünür ki, Qubadlı rayonu Göyərcik kənd sakini X2 mərhum qardaşı X6 27 aprel 1997-ci il tarixdə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 134). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, qohumunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmasını, özünün Qubadlı rayonundan məcburi köçkün olmasını, yaşayış yeri üzrə müsbət səciyyələnməsini, zərərçəkmiş şəxslə barışığa cəhd etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 48, 97-99) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan bir ədəd təsarüfat-məişət təynatlı bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 64 AZN (altmış dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan bir ədəd təsarüfat-məişət təynatlı bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 64 AZN (altmış dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-471/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-471/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver