Məhkəmə qərarları › İş №1(124)-472/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-472/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-472/2022 24.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1971-ci il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Xaçmaz rayonu, Sibir-oba kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2..4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdə, saat 20 radələrində Xaçmaz rayonu, Sibir-oba kəndində yaşayan, həmkəndlisi Zərərçəkmiş şəxs əvvəllər onun istifadəsində olan mobil telefonuna iki gün ardıcıl olaraq, yəni 16 fevral 2022-ci il tarixdə, saat 06 radələrində və 17 fevral 2022-ci il tarixdə, saat 06 radələrində ona zəng edib telefona cavab verməməsinin səbəbini aydınlaşdırmaq üçün yaşadığı evin mətbəx otağından 01 ədəd soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını özü ilə götürüb sonuncunun yaşadığı Xaçmaz rayonu, Sibir-oba kəndində yerləşməklə həmin kəndin sakini İlqar Rzayevə məxsus ərzaq mağazasından kəndin mərkəzinə doğru 35 metr məsafədə olan evinə getmiş, Zərərçəkmiş şəxs bayıra çağırmış, Zərərçəkmiş şəxs yaşadığı evin həyət darvazasının bayır tərəfinə, darvazanın qarşısına çıxdıqdan sonra sonuncudan nə üçün onun mobil telefonuna iki gün ardıcıl olaraq səhər saat 06 radələrində ona zəng edərək telefona cavab verməməsinin səbəbini soruşduqda cüzi səbəb olan Zərərçəkmiş şəxs ona dolğun cavab verə bilməməsini bəhanə edərək birgə yaşayış normalarına zidd olaraq öz şəxsiyyətini digərlərinin şəxsiyyətləri fövqündə qoyub davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub sonuncu ilə aralarında münaqişə yaratmış, həmin vaxt o, üzərində olduğu mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə qəsdən zərbə vuraraq, sonuncuya daxili qanaxma və posthemorragik şokla müşayiət olunmuş nazik və çənbər bağırsaqların və onların müsariqələrin zədələnməsi ilə qarın boşluğuna nüfuz edən, insan həyatı üçün təhlükəli olan bir ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə, xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, Valehi uzun müddətdir ki tanıyır. Onunla qonşudur. Özü isə balıqçıdır, əvvəllər Valehlə birlikdə balıq tutub satmışlar. 2022-ci il fevralın 15-də Valehə zəng edib “ayın 17-si dənizdən çıxanda xəbər et, gəlim birlikdə dəniz kənarında balıq yeyək” dedikdən sonra Valeh “17-si günorta saatlarında dənizdən çıxanda gələrsən oturub balıq yeyərik” demişdir. Fevralın 16-da saat 06 radələrində yatarkən onun ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng gəlmiş, yuxudan ayılıb telefona baxanda zəng edənin Valeh olduğunu görmüşdür. Valehin zənginə cavab vermiş, lakin Valeh onunla telefonda danışmamışdır. Dəfələrlə Valehin adını çəksə də Valeh cavab verməmişdir. Valehin cavab vermədiyini görüb telefon əlaqəsini kəsmişdir. Təxminən 10 dəqiqə sonra yənə Valehdən ona zəng gəlmiş, telefona cavab verməyə imkan tapmamış zəng dayanmışdır. Səhəri gün Valehə bir neçə dəfə zəng edib danışmaq istəsə də Valehin telefonu söndürülmüşdür. Fevralın 16-da tanımadığı nömrədən zəng gəlmiş, telefona cavab verəndə Valeh ona “telefonum işləmir, balıq yeməyə gələndə bu nömrə vasitəsi ilə mənimlə əlaqə saxlayarsan” demişdir. Həmin gün Valehlə görüşə bilməmişdir. Qonşusu İbrahimin həyətindən dəmir əşyalar oğurlandığı üçün bəzən gecə saatlarında ayılanda qonşunun həyətinə pilləkənlərdən baxırdı. Fevralın 17-də gecə saatlarında evdə yatarkən saat 06 radələrində bayırdan dəmir cingiltisi səsi gəldiyini eşidib yuxudan ayılmış, hava qaranlıq olduğundan heç nə görə bilmədiyi üçün evin pilləkənlərındən İbrahimin evinin həyətinə baxan zaman orada heç kəsi görməmişdir. Evin arxasında olan bağ sahəsinə baxmaq üçün zirzəmiyə düşmüşdür. Zirzəminin pəncərəsindən bağa baxanda telefonuna zəng gəlmiş, həmin vaxt bağa baxarkən bağdan telefon işığının gəldiyini görmüşdür. Ətraf qaranlıq olduğundan həmin şəxsin üzünü görə bilməmişdir. Telefona baxanda zəng edənin Valeh olduğunu görmüş, zəng qısa müddət davam etdiyindən telefona cavab verməyə imkan tapmamışdır. Evdən çıxıb bağ sahəsinə tərəf keçib baxanda bir nəfər şəxsin bağ sahəsinin sonundakı ağaclardan düzəltdiyi hasardan aşaraq qaçıb getdiyini, bir neçə dəqiqə sonra yoldan keçən bir avtomobilin saxladığını, bir nəfər şəxsin avtomobilə mindiyini və sürücünün avtomobili sürüb getdiyini görmüşdür. Evə qayıdıb gün ərzində Valehin nömrəsinə bir neçə dəfə zəng etmiş, lakin telefonu söndürdüyündən Valehlə danışa bilməmişdir. Daha sonra zəng edən şəxsin 17 fevralda gecə saat 06 radələrində həyətinə daxil olan şəxsin Valeh olduğunu anlamışdır. Valehlə bu barədə danışıb, məsələni aydınlaşdırmaq qərarına gəlmişdir. Valehin gecə saatlarında zəng edib cavab verməməsini ona sataşması kimi qəbul etmişdir. Fevralın 19da saat 20 radələrində Valehlə məsələni aydınlaşdırmaq üçün Valehin yaşadığı evin darvazasının qabağına gedib uca səslə Valehi çağırmışdır. Valeh evdən çıxıb darvazanın bayır tərəfində dayanmışdır. “Nə üçün mənim telefonuma iki gün dalbadal zəng edib səsini çıxarmayaraq mənə sataşırsan” deyə sual verəndə Valeh “telefonum xarab olub, öz-özünə zəng gedir, qəsdən zəng etməmişəm” demişdir. Valeh günahkar olduğu üçün ona düzgün cavab vermədiyini zənn edib onun üzünə bir dəfə şillə vurmuşur. Valeh də ona şillə ilə cavab vermişdir. Valehin hərəkətindən daha da hirslənmiş və mətbəx bıçağını çıxarıb Valehin qarnına bıçaqla zərbə vurmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ***-***-**-** saylı mobil telefon nömrəsini təxminən 2 ildən çoxdur ki, işlədir. Fevral ayının ortalarında telefonu xarab olduğu üçün ekranda görüntülər qarışmışdı. Bəzi vaxtlarda telefondan zəng etdiyi nömrələrə öz-özünə qısa zənglər gedirdi. Hətta bir neçə dəfə qardaşı Salehin və Layiqin də mobil telefonlarına qısa zənglər getmişdi. Bir neçə dəfə gecə saat 06 radələrində işə gedən zaman telefonu işə salanda belə hal baş vermişdir. Süleyman bir neçə dəfə işlədiyi dəniz sahilinə balıq yemək üçün də gəlmişdi, 15 fevralda Süleyman onunla görüşüb Quba rayonundan tanışlarının gələcəyini və 17 fevralda dostları ilə birlikdə balıq yemək üçün yanına gəlmək istədiyini demişdir. 16 fevralda saat 06 radələrində işə getmək üçün yuxudan ayılıb telefonun enerji daşını qoyub işə salanda Süleymanın nömrəsinə zəng getdiyini görmüşdür. Əlaqəni kəsmək üçün telefonun düyməsini bassa da telefonun düymələri işləmədiyindən əlaqəni kəsə bilməmişdir. Həmin gün dənizdə olarkən Süleymana iş yoldaşı Layiqin ***-***-**-** saylı mobil telefon nörməsindən zəng edib balıq yemək üçün gəlib-gəlməyəcəklərini soruşmuşdur. Süleyman dostlarının avtomobilinin xarab olduğu üçün dəniz kənarına gələ bilməyəcəklərini demişdir. Həmin gün axşam saatlarında telefon xarab olduğu üçün əsəbiləşib qayığın kənarına vuranda telefonun ekranı sınmışdır. 17 fevralda yenə işə getmək üçün yuxudan ayılıb telefonun enerji daşını telefona qoyub telefonu işə salanda telefonunun ekranında ümumiyyətlə görüntü olmadığını görmüşdür. 19 fevral 2022-ci ildə saat 20 radələrində Süleymanın onu çağırdığını eşidib onu evə dəvət etmişdir. Süleyman onu çölə çağırıb niyə ona zəng etdiyini soruşanda telefonunun xarab olduğunu demişdir. Sonra Süleyman ona bir dəfə şillə vurmuş, ikinci dəfə şillə vurmaq istəyəndə Süleymanın əlini tutub ona bir dəfə şillə vurmuşdur. Mübahisə edəndə Süleyman onu bıçaqlamışdır. Hazırda Təqsirləndirilən şəxslə barışmış, ondan şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-ci il fevralın 19-da saat 20 radələrində həmkəndlisi Şahid4 ona zəng edib Süleymanın Valehi bıçaqla vurduğunu demişdir. Valehin yaşadığı evin qarşısına gedəndə Valehin arxası üstə uzandığını, bir əli ilə qarın nahiyəsini tutduğunu görmüşdür. Dərhal Valehi maşına mindirib Xaçmaz şəhər mərkəzi xəstəxanasına aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Süleyman bacısı Nailənin əridir. Valeh balıqçılıqla, Süleyman isə kənd təsərrüfatı ilə məşğuldur. 2022-ci il fevralın 19-da saat 20 radələrində Valehin evinin yanındakı mağazanın yanında dayanıb söhbət edərkən Valehin evinin qarşısında iki nəfər şəxsin mübahisə etdiyini eşitmişdir. Tural və İlkin ilə Valehin evinin qarşısına getmişlər. Ora çatanda Valehin arxası üstə yerə yıxıldığını və Süleymanın da Valehin üzərində olduğunu görmüşlər. Süleymanı Valehin üzərindən qaldırıb aralaşdırmışlar. Ətraf qaranlıq olduğundan Cəlal əlində olan telefonun işığını yandıranda Süleymanın əlində bıçaq olduğunu görmüşdür. Sonra Süleyman bıçağı cibinə qoymuş, Tural isə Süleymanı evinə aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2022-ci il fevralın 19-da saat 20 radələrində Valehin evinin yanındakı mağazanın qarşısında dayanıb Cəlal və İlkinlə söhbət edərkən Süleyman gəlib onlardan Valehi soruşmuş, sonra Valehin evinə doğru getmişdir. 15 dəqiqə sonra Valehin evinin qarşısından səs-küy eşidib ora getmişlər. Həmin yerə gedəndə Valehin yerə yıxıldığını, Süleymanın isə Valehin üzərində olduğunu görmüşlər. Onları bir-birindən aralamışlar. Qaranlıq olduğu üçün telefonun işığını yandıranda Süleymanın əlində bıçaq olduğunu görmüş, sonra Süleymanı evinə aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2022-ci il fevralın 19-da saat 20 radələrində mağazanın qarşısında dayananda Valehin evinin qarşısından səs-küy eşidib ora gedəndə Süleymanla Valehin yerə yıxıldığını görüb onları aralamışlar. Cəlalla Valehi qaldırıb üzərin təmizləmişlər. Valeh qarnını tutub yerə yıxılmışdı. Telefonla zəng edib Salehə Valehin bıçaqlandığını demişdir. Onları aralayanda Süleymanın əlində bıçaq olduğunu görmüşdür. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid5 ifadəsində göstərmişdir ki, 1982-ci il tarixdən məhkəmətibbi eksperti kimi fəaliyyət göstərir və hal-hazırda da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekpertiza və Patoloji anatomiya birliyi Publik Hüquqi şəxsin məhkəmə-tibbi eksperti vəzifəsində işləyir. Tərəfindən verilmiş Zərərçəkmiş şəxs barəsində olan 117 nömrəli, 22 fevral 2022-ci il tarixli ekspert rəyinin təsviri hissəsində nazik bağırsağın divarının çoxsaylı bıçaq yaralarının tikilməsi, Nazik bağırsaq nahiyəsində 40 sm məsafədən nazik bağırsağın müsariqəsi və tamlığı tam pozulması, bir neçə kəsilmiş yaraların görünməsi, yoğun bağırsağın müsariqəsinin bir neçə yerdən zədələnməsi, xəstənin nazik bağırsağında fizioloji funksiyasını pozan bıçaq yaraları müsariqəni zədələdiyi üçün bağırsaq tamlığı pozulması lakin həmin ekspert rəyinin nəticə hissəsində Zərərçəkmiş şəxs bədəni üzərində qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara olmasının aşkar edilməsi barədə verilən suala cavab olaraq bildirmişdir ki, həmin ekspert rəyinin təsviri hissəsində Zərərçəkmiş şəxs qarın boşluğunun içərisində olan daxili orqanlarında aşkar edilən yaralar, zədələr göstərilmiş, beləki, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirilməsi nəticəsində qarın boşluğuna nufüz edən bir ədəd kesilmiş-deşilmiş yara aşkar ediləsə də xəsarət yetirilən zaman daxilə nüfuz edən bıçaq daxili orqanları, əsasən da nazik və yoğun bağırsaqları və onların müsariqələrini bir neçə dəfə kəsməklə həmin daxili orqanları yaralamış və zədələmişdir. Buna görə də Zərərçəkmiş şəxs qarın boşluğuna bıçaq bir dəfə və bir yeri kəsib-deşərək daxil olsa da qarın boşluğunda olan bağırsaqları və bağırsaqların müsariqələrini bir neçə yerdən yaralayıb zədələdiyindən ekspert rəyinin təsviri hissəsində çoxsaylı yaraların və zədələrin olması rəyin nəticə hissəsində isə bir ədəd qarın boşluğuna nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yara aşkar edilməsi yazılmışdır. (Cild 1, iş vərəqləri 28-30) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 fevral 2022-ci il tarixli protokoldan və on əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Xaçmaz rayonu, Sibiroba kəndində yerləşən, həmin kəndin sakini İlqar Rzayevə məxsus ərzaq dükanından kəndin mərkəzi istiqamətində 35 metr məsafədə yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin həyət darvazasının bayır tərəfindəki yer olmuş, hadisə yerini baxışda iştirak edən Təqsirləndirilən şəxs göstərmişdir. (cild 1, iş vərəqləri 16-18) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Əşyaya baxış keçirilməsi haqqında” 06 mart 2022-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş 01 ədəd “Nokia” markalı mobil telefona baxış keçirilən zaman 16 fevral 2022-ci il tarixdə saat 06:57-də və 17 fevral 2022-ci il tarixdə saat 06:40-da Zərərçəkmiş şəxs istifadəsində olan +**********05 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********62 saylı mobil telefon nömrəsinə cavabsız zəng edildiyini, 16 fevral 2022-ci il tarixdə saat 06:40-da Zərərçəkmiş şəxs istifadəsində olan +**********05 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********62 saylı mobil telefon nömrəsinə zəng edildiyi və 19 saniyə telefon danışığa aparılması müəyyən edilmişdir. (cild 1, iş vərəqləri 77-79) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 20 fevral 2022-ci il tarixli 117 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsrətlər – daxili qanaxma və posthemorragik şokla müşaiyət olunmuş nazik və çənbər bağırsaqların və onların müsariqələrin zədələnməsi ilə qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (bıçağın) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (Cild 1, iş vərəqləri 25-26) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş kompleks komisyon məhkəmə-psixiatrik və psixoloji ekspertizalarının 04 aprel 2022-ci il tarixli 829 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ünsiyyətçillik, hirslilik, emosionallıq, özünə qarşı hörmət tələb etmək, söz götürməmək, inamsızlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə ilə bağlı özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə hadisə zamanı etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malik olmuşdur. Qərarın təsviri hissəsində qeyd olunan əməli törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında hirslilik, gərginlik kimi hallar yaranmış, həmin halların yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır.(Cild 1, iş vərəqləri 129-133) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş kompleks məhkəmə-ballistik və trasoloji ekspertizasının 08 aprel 2022-ci il tarixli 3/341; 3/360 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, üzərində düzəlişlər edilməmişdir və soyuq silah hesab edilmir. Təqdim edilmiş iki ədəd puloverin səthində olan rəyin təsviri hissəsində təsvir edilmiş zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən iki ədəd puloverin səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın (bıçaq tiyəsinin) da təsirindən yaranması mümkündür. Həmin zədələrdə zədə yaradan perdmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin konkret olaraq hansı bıçağın tiyəsi ilə təsir nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Təqdim edilmiş iki ədəd puloverin səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin öndən arxaya istiqamətdə, iti tərəfi zərərçəkmişə nisbətdə sol istiqamətdə olmaqla yetirilmişdir. (Cild 1, iş vərəqləri 135-138) Cinayət işi materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 03 avqust 2022-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 04 avqust 2022-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs məxsus iki ədəd pulover və Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd təsəsrrüfat-məişət təyinatlı mətbəx bıçağı maddi sübut kimi tanınmış, Xaçmaz RPŞ-nə təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 140-142, 144-156) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (Cild 1, iş vərəqləri 73-75) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs könüllü olaraq gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. (Cild1, iş vərəq 7, Cild 2 ) Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin övladı X2 Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpası üzrə müharibədə döyüşməsi, “Vətən müharibəsi iştirakçısı” və “Laçını azad olunmasına görə” müdallarla təltif olunması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması və törətdiyi əməldən səmimi peşmanlıq çəkməsi də onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. (Cild 1, iş vərqlər 125-126) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də, məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X3rşı, § 26). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı zamanı da həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Xaçmaz rayon polis şöbəsində saxlanılan bir ədəd məişət təyinatlı mətbəx bıçağı və ekspertiza tədqiqatından sonra yarasız hala düşmüş iki ədəd pulover məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlundan 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi təqtbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan bir ədəd bıçaq və iki ədəd pulover məhv edilməlidir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar