Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-473/2024 06.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X10 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Qubadlı rayonu, Mərdanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Abşeron rayon Təhsil şöbəsinin Həmkarlar İttifaqı Komitəsinin sədrinin sürücüsü işləmiş, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Mərdanlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhərində yerləşən Qubadlı hərbi komissarlığının inzibati binasında məskunlaşıb yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs külli miqdarda ziyan vurmaqla oğurluq etmiş, yəni özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talama məqsədilə sürücüsü işlədiyi Şahid yaşadığı Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində yerləşən fərdi yaşayış evində olan zaman 2023-cü ilin aprel ayının axırlarından həmin ilin avqust ayının ortalarınadək olan dövr ərzində müxtəlif vaxtlarda həyətdəki qonaq evinə sərbəst daxil olaraq heç kimin onu görmədiyinə əmin olduqdan sonra otaqda olan divanın altında gizlədilmiş qara rəngli əl çantasından sonuncunun oğlu Zərərçəkmiş şəxs məxsus müxtəlif məbləğlərdə olmaqla ümumilikdə külli miqdarda, 90000 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.3.2-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, ailəlidir və iki azyaşlı övladı vardır. Sumqayıt şəhərində yerləşən Qubadlı hərbi komissarlığının inzibati binasında anası, arvadı və iki azyaşlı övladı ilə birlikdə yaşamışdır. O ögey dayısı Vahidin sürücüsü işləmişdir. Vahid və ailəsi ilə hər zaman səmimi münasibətləri olmuşdur. Təsərrüfat işlərində kömək etdiyi üçün dayısı Vahid ona aylıq maaşdan əlavə pul da vermişdir. Onda yalnız darvazanın və evin giriş qapısının açarları olmuşdur. Vidadinin evə pul gətirməsindən, onu hara qoymasından, ümumiyyətlə, xəbəri olmamışdır. İttiham aktında qeyd olunur ki, guya Vidadi 6 ay əvvəl ev satıbdır. Ancaq belə şey olmayıb. Əgər satıbsa sənədini məhkəməyə təqdim etsin. O Vahidin evindən Vidadiyə məxsus pulu oğurlamamışdır. Oğurluqda onun əli yoxdur. Mərc oyunlarında oynayıb uduzduğu pullar onun öz pulu olmuşdur. Polis əməkdaşları onu polis idarəsinə gətirdikdən sonra ona məlum olmuşdur ki, Vidadinin pulunu oğurlamaqda ittiham olunur. Polis əməkdaşları onu döyərək cinayət əməlini boynuna qoyublar. İş materiallarında olan zərərçəkmişə 3000 manat ödəniş edilməsini təsdiqləyən qəbzlə bağlı bildirir ki, qardaşı ondan xəbərsiz 3000 manat ödəniş edib. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, Sumqayıt şəhərində yerləşən Qubadlı hərbi komissarlığının inzibati binasında məskunlaşıb yaşayır. Ailəli olmaqla iki azyaşlı övladı vardır. Evində anası X2, arvadı X12 və iki azyaşlı övladı ilə birlikdə yaşayır. Övladları 2009-cu il təvəlüdlü Elcan və 2011-ci il təvəllüdlü qızı Xavərdir. Halhazıradək Abşeron rayon Təhsil şöbəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Şahid xidməti sürücüsü işləmişdir. İdarə etdiyi xidməti avtomobil "Hyundai Accent” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobildir. İş vaxtından sonra da avtomobil daimi olaraq onda qalmışdır. Vahid ögey dayısıdır. Belə ki, Vahidin bacısı Gülzar rəhmətə getdikdən sonra onun əri olan atası anası ilə ailə qurmuş və həmin nigahdan doğulmuşdur. Əvvəllər Vahid ilə arasında səmimi münasibət olmuşdur. Heç bir ədavət və düşmənçilikləri olmamışdır. Belə ki, 2022-ci ilin dekabr ayından Vahid müəllimin sürücüsü kimi işə başlamışdır. 2023-cü ilin yanvar ayından isə müqavilə ilə işləmişdir. Aylıq 527 manat məvacib almışdır. Belə ki, gündəlik olaraq Vahid müəllimi avtomobil ilə işə aparıb gətirirmiş. Bundan başqa onun ailə üzvləri yəni yoldaşı Zöhrəni həkimə aparırmış. Vahid müəllimi işə düşürdükdən sonra onun evində müəyyən təsərrüfat işlərində köməklik etmişdir. Bunun qarşılığında Vahid müəllim də ona bəzi vaxtlarda hörmət etmişdir. Vahid müəllimin evi Sumqayıt şəhəri Qurd dərəsi yaşayış massivində kanalın kənarında yerləşmişdir. Vahid müəllimin yaşadığı evin həyətinin və evinin açarlarını da ona vermiş və açarın bir nüsxəsi onda olmuşdur. Həmin evdə adam olmadığı təqdirdə belə həmin evə sərbəst gedib gəlmək icazəsi olmuşdur. Belə ki, onun evində ustalar işlədiyinə görə ustaları evə aparıb gətirirmiş və işlərə nəzarət edirmiş. Evin həyətində Vahid müəllimin özünün istirahət otağı olmuşdur. Vahid müəllim həmin otaqda olan divanın üzərində yataraq istirahət etmişdir. Təxminən 1 il olar ki, internetdə onlayn kazino oyunlarına qurşanmış və internet vasitəsilə onlayn mərc oyunlarında oynayırmış. Müxtəlif məbləğlərdə pul vəsaitlərini özünə məxsus Kapital banka aid kart hesabına yüklədikdən sonra kart hesabından kazino mərc oyunlarında olan balansına köçürmüş və oynayırmış. Az məbləğlərdə pul udsa da böyük əksəriyyət vaxtlarda uduzurmuş. Vahid müəllimin əvvəllər polis işləyən oğlu Vidadi 2023-cü ilin aprel ayının əvvəllərində Vahid müəllimin evində olan zaman əlində olan rezinlə bağlanmış pul vəsaitini Vahid müəllimin yatdığı çarpayını qaldırararaq alt hissəsində olan qara rəngli əl çantasının içərisinə qoymasını görmüşdür. 2023-cü ilin aprel ayının sonlarında mərc oyunlarında oynamaq üçün pul vəsaiti qalmadığına görə divanın altında olan əl çantasından pul oğurlamağı qərarlaşdırmışdır. Həmin ərəfələrdə Vahid müəllimin yoldaşı Zöhrəni xəstəxanadan evə gətirdim. Belə ki, Zöhrə dializ xəstəsi olduğuna görə əksər vaxtlarda evə gəldikdən özünün otağında yatırmış. Zöhrə öz otağında yatdığı zaman həyətdə olan Vahid müəllimin istirahət otağına keçərək qapını açıb içəri daxil olmuşdur. Vahid müəllimin yatdığı çarpayını qaldırıb qara rəngli əl çantasına baxan zaman rezinlə bağlanmış halda çoxlu sayda pul olmasını görmüşdür. Belə ki, pullar hamısı 500, 200 və 100 manatlıq əskinazlardan ibarət olmuşdur. Oradan ilk dəfə 14 ədəd 100 manatlıq pul əskinazları götürmüşdür. Həmin pulları özünə məxsus olan "xxxx"a məxsus olan 4169 7388 9910 8199 saylı kart hesabına yükləmişdir. Daha sonra isə həmin pulları onlayn mərc oyunlarında olan hesabına köçürmüşdür. Həmin hesabdan isə mərc oyunları oynayaraq pulları uduzmuşdur. Bundan iki gün sonra isə yenə də Vahid müəllimin evində olduğu zaman Zöhrə xala öz otağında olduğu zaman həyətdəki otağa daxil olaraq çarpayını qaldırıb əl çantasından 10 ədəd 500 manatlıq pul əskinazları götürmüşdür. Həmin pulu da eyni qaydada mərc oyunlarında olan balansına köçürmüşdür. Yenə də mərc oyunlarında oynayaraq həmin pulları uduzmuşdur. Beləliklə hər dəfə mərc oyunlarında uduzduqdan sonra pulu olmayanda Vahid müəllimin evinə gedərək onun çarpayısının alt tərəfində olan əl çantasından müxtəlif məbləğlərdə pullar götürməyə başlamışdır. Götürdüyü pulların hamısı onlayn mərc oyunlarında olan balansına yükləyərək mərc oyunlarında iştirak etmiş və pulları uduzmuşdur. Sonuncu dəfə 2023-cü ilin avqust ayının ortalarında pul götürmək istəyən zaman divanı qaldırıb çantaya baxan zaman içərisində az məbləğdə pul qalmasını görmüşdür. Həmin pulu saydıqda 1800 manat pul olmasını görmüşdür. Həmin pulu da götürmüşdür. Həmin vaxtı çantanın içərisində pul qalmamışdır. Bundan sonra həmin pulu da onlayn mərc oyunlarında oynayaraq uduzmuşdur. Bu hadisədən bir neçə gün sonra axşam saatlarında Vahid müəllimin evində olduğu zaman Vidadi ona yaxınlşaraq divanın altında olan əl çantasından pul götürüb götürmədiyini soruşmuşdur. Vidadiyə heç bir məbləğdə pul götürmədyini və orada pul olmasından məlumatı olmadığını bildirmişdir. Vidadi onunla söhbət edikdən sonra pullan götürülməsinə görə ondan şübhələndiyini və oğurluq olması ilə bağlı polisə müraciət edəcəyini bildirmişdir. Həmin vaxtı Vidadiyə divanın altından əl çantasından pulları onun götürdüyünü bildirərək polisə şikayət etməməsini və qısa zaman ərzində pulu qaytaracağını bildirmişdir. Vidadi əgər oğurladığı pulları qaytarsa ondan şikayət etməyəcəyini bildirmişdir. Bundan sonra Vidadinin evindən getmişdir. Özündə qalan pulları yenə də mərc oyunlarına qoyaraq ümid etmişdir ki, əgər pul udsa aparıb Vidadinin evindən oğurladığı pulun bir hissəsini qaytarar. Lakin həmin pulları da mərc oynlarında uduzmuşdur. 02 sentyabr 2023-cü il tarixdə Vidadi ilə Karvan ticarət mərkəzinin yaxınlığında görüşmüşdür. Vidadi pulları qaytarmağı ilə bağlı maraqlandıqda pul tapa bilmədiyinə görə Vidadiyə ona pul vermək niyyətində olmadığını bildirmişdir. Vidadi ondan şikayət eliyəcəyini bildirmişdir. Ona görə də Vidadidən uzaqlaşıb getmişdir. Həmin vaxtı məlum olmuşdur ki, Vidadi barəsində Sumqayıt şəhər polis idarəsinə şikayət ərizəsi yazmışdır. Ona görə də bir neçə gün ərzində yaşadığı evə getməmişdir. 12 sentyabr 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinin əməkdaşları onu Sumqayıt şəhəri ərazisində saxlayaraq polis idarəsinə gətirmişlər. Polis idarəsinə gəldikdən sonra da polis əməkdaşlarına törətdiyi oğurluq hadisəsini səmimi olaraq etiraf etmişdir. Həyətdə Vahid müəllimin istirahət otağında olan divanın altından pul oğurladığı zaman Vahid müəllimin arvadı Zöhrə öz otağında yatmışdır. Ondan başqa evdə heç kim olmamışdır. Oğurluq etməyini də heç kim görməmişdir. İstənilən vaxt evə, eləcə də həmin otağa daxil ola bilərmiş. Vahid müəllim evin açarlarının bir nüsxəsini də ona vermişdir. Oğurladığı pullar 100, 200 və 500 manatlıq pul əskinazlarından ibarət olmuşdur. 2023-cü ilin aprel ayının axırlarından 2023-cü ilin avqust ayının ortalarına qədər olan dövr ərzində müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pullar oğurlamışdır. İlk dəfə əl çantasından 1400 manat, ikinci dəfə 5000 manat pul götürmüşdür. Sonrakı vaxtlarda hansı məbləğlərdə pul götürməyini xatırlamır. Axırıncı dəfə çantada qalan pulun hamısını götürmüşdür. Pulu sayan zaman 1800 manat olması yadında qalmışdır. Oğurladığı pulları dəqiq saymasa da, ilk dəfə çantaya baxan zaman içərisində külli miqdarda rezinlə bağlanmış bağlamalarda pullar olmasını görmüşdür. Əl çantasının içərisi demək olar ki, pul ilə dolu olmuşdur. Ona görə də Zərərçəkmiş şəxs oğurlanmış pulların 90000 manat olması bağlı göstəridiklərinə etirazı yoxdur. Pulların qalınlığına görə 90000 manat olması həqiqətə uyğun olduğunu göstərmişdir. Başqa hər hansı bir oğurluq hadisəsi törətməmişdir. Vidadiyə məxsus pulu oğurladıqdan sonra karta yükləyib onlayn mərc oyunlarında oynamış, bəzi vaxtlarda həmin oyunlarda uduşları olmuşdur. Udduğu pulları da təkrarən həmin kart hesabıma köçürərək oradan çıxarmışdır. Lakin sonra təkrar olaraq yenə də həmin pullan uduzmuşdur. İstər saxlanılan zaman, istər də pols idarəsinə gətirildiyi müddətdə, habelə polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsasən təsdiq edərək göstərmişdir ki, Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivindəki bağ evində atası Şahid və anası Zöhrə Əliyeva ilə yaşayır. Məhəbbət atasının rəsmi sürücüsü olmuşdur. Atası Məhəbbətə hər şeyi etibar etmiş, onunla ailələrinin üzvü kimi səmimi münasibət saxlamışlar. Məhəbbətlə aralarında heç bir narazıçılıq olmamışdır. Məhəbbət özü sərbəst şəkildə evə gəlib evdə lazım olan bütün işləri görüb və istədiyi vaxt getmişdir. Təxminən 3 il əvvəl Sumqayıt şəhəri ərazisində anasının adına olan evi satmışlar. Həmin pulu anasının böyrək köçürməsinə sərf etməli idilər, lakin həmin məsələ alınmadığından atası pulu ona vermişdir ki, Qubadlı rayonu artıq işğaldan azad edildiyindən orada nəsə bir iş görər. O da evin satışından əldə olunan 53000 manat pulu atasının evinə aparıb qoymuşdur, çünki həmin ev heç vaxt boş qalmırdı. Sonradan müxtəlif vaxtlarda özündə olan pulları da atasının evinə apararaq evdə olan 53000 manat pulun üzərinə qoymuşdur. Sonuncu dəfə pulu sayan zaman 90000 manat məbləğində olmasını dəqiq bilmişdir. Bundan sonrakı vaxt ərzində pulları saymamışdır. 2023-cü ilin avqust ayının axırlarında özündə olan məbləği həmin pulun üstünə qoymaq üçün aparmışdır. Atasının yatdığı divanı qaldırıb pulu saxladığı əl çantasını götürən zaman çantada pul olmadığını görmüşdür. Dərhal ailə üzvlərini bir yerə toplayaraq pulu kimin götürdüyünü soruşmuş, ailə üzvlərindən heç kim pulu götürmədiyini bildirmişdir. Bundan sonra Məhəbbətdən pulu götürüb-götürmədiyini soruşduqda Məhəbbət də pulu götürmədiyini və xəbərsiz olduğunu bildirmişdir. Məhəbbətin özünü şübhəli apardığını görmüş və onun hərəkətlərindən və danışıqlarından şübhələnmişdir. Həm o, həm də atası Məhəbbətlə sorğu sual etmişlər. Məhəbbət pulları oğurlayıb apardığını boynuna almışdır. Demişdir ki, pulları mərc oyununda uduzub. Məhəbbət özü həm atasına, həm də ona yalvarmışdır ki, şikayət etməsinlər, pulları qaytaracaq. Sonradan Məhəbbət onlardan yayınmış, müxtəlif bəhanələr etmişdir. Bundan sonra rəsmi şikayət etmişdir. Ona vurulan 90000 manat ziyandan cəmi 3000 manat pul ödənibdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, Sumqayıt şəhəri, Qurd dərəsindəki bağ evində həyat yoldaşı Zöhrə Əliyeva ilə yaşayır. Abşeron rayon Təhsil Şöbəsində Həmkarlar İttifaqının sədri işləyir. İşi ilə əlaqədar olaraq dövlət tərəfindən ona xidməti avtomobil verilmişdir. Həmin avtomobili təxminən 1 il olar ki, qohumu Məhəbbət idarə etmişdir. O Məhəbbətin dayısıdır. Məhəbbət ona və xəstə yoldaşına çox diqqət göstərmiş, onların qayğısına qalmışdır. Buna görə də özü yaşadığı həyətdə Məhəbbət üçün də balaca bir ev düzəltmişdir ki, Məhəbbət də ailəsi ilə orada yaşasın. O Məhəbbətə çox inanmış, ona hər şeyi etibar etmişdir. Məhəbbət ilə ailəsinin üzvü kimi səmimi münasibət saxlamışdır. Təxminən 3 il əvvəl oğlu Vidadi Sumqayıt şəhəri ərazisində yoldaşının adına olan evi satmış və evin satışından əldə etdiyi 53000 manat pulu onun yaşadığı evə gətirmişdir. Həmin pulu evin həyətində olan özünün istirahət otağında öz yatdığı divanın alt tərəfinə qoyaraq orada saxlamışdır. Sonradan həmin pulun üstünə Vidadinin verdiyi pulları da qoymuşdur. Orada Vidadinin 90000 manat pulu olmuşdur. Həmin pulun orada olmasından yalnız ailə üzvlərinin məlumatı olmuşdur. Həmçinin Məhəbbət də pulun həmin yerdə saxlanıldığını bilmişdir. O özü Məhəbbətə demişdir ki, onun nə sənəd sünədi varsa oradadır. 2023-cü ilin avqust ayının axırlarında oğlu özündə olan məbləği həmin pulun üstünə qoymaq üçün otağa aparsa da, divanı qaldırıb pulu saxladığı əl çantasını götürən zaman çantada pul olmadığını görmüşdür. Ailə üzvlərindən heç kim pulu götürmədiyini bildirmişdir. Bundan sonra oğlu Vidadi Məhəbbətdən pulu götürüb-götürmədiyini soruşduqda Məhəbbət də pulu götürmədiyini və xəbərsiz olduğunu bildirsə də, özünü şübhəli aparmışdır. X17 sorğu sual edən zaman Məhəbbət sonuncu dəfə həmin pulun üzərinə əlavə pul qoyduqdan sonra hərəkətlərinə fikir verdiyini və həmin vaxtdan sonrakı dövrdə mütəmadi olaraq bir neçə ay ərzində əl çantasının içərisindən pulları oğurlayıb apardığını bildirmişdir. Məhəbbət törətdiyi əməldən peşman olduğunu, pulları mərc oyunlarında uduzduğunu bildirmiş, Vidadidən polisə şikayət etməməyini və uzağı 10 gün ərzində ona məxsus olan 90000 manat pulu gətirib qaytaracağını bildirmişdir. Buna görə də oğlu Vidadi Məhəbbətin barəsində heç bir orqana şikayət etməmişdir. Məhəbbətin dediyi vaxt tamam olduqdan sonra 02 sentyabr 2023-cü il tarixdə oğlu Vidadi onunla görüşmüş, görüş zamanı Məhəbbət pulu xərclədiyini və düzəldə bilməyəcəyini demişdir. Ona görə də Vidadi Sumqayıt ŞPİ-nə gedərək oğurluq olması barədə məlumat vermişdir. Məhəbbət oğurluq etdiyini boynuna alandan sonra hələ təxminən 10 gün ona sürücülük edib bir yerdə işə gettmiş, onunla çox səmimi söhbət etmiş, törətdiyi əmələ görə peşman olduğunu bildirib ağlamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 12:49-da Zərərçəkmiş şəxs DİN-in “102” zəng xidmətinə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun evindən ümumilikdə 90000 manat pul oğurlamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan hadisə yerinə baxış keçirilməsi haqqında 02 sentyabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Sumqayıt şəhəri Qurd dərəsi bağlar massivində yerləşən Zərərçəkmiş şəxs məxsus bağ evində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona məxsus 90000 manat pulu oğurladığı yeri göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 11 dekabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və təqsirləndirilən şəxs pulları oğurladığı yeri göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan "xxxx" ASC-dən götürülmüş Təqsirləndirilən şəxs məxsus ödəniş kartı üzrə çıxarış cədvəllərindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində sonuncunun balans hesabına 183272 manat 68 qəpik mədaxil və məxaric olunmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətinə əsasən məhkəməyə təqdim edilib tıdqiq edilən alqı satqı müqaviləsindən görünür ki, X11 tərəfindən Sumqayıt şəhərində yerləşən 2 otaqlı mənzil 53000 manata satılmışdır. İş vərəqi 158-161-də olan şəxsiyyət vəsiqəsinin surətindən və dindirmə protokolundan müəyyən olunur ki, X11 Zərərçəkmiş şəxs anasıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır. Davam edən cinayətlərin qanunvericilikdə konkret anlayışı olmasa da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bəzi qərarlarında, həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021-ci il tarixli qərarında davam edən cinayətlərin əlamətləri göstərilmişdir. Həmin qərara əsasən bu cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər, cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir, həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Beləliklə, davam edən cinayətlər müəyyən zaman aralığı ilə törədilən və vahid niyyətlə əhatə olunan eyni cinayət əməllərindən ibarətdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin cinayət əməli vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə, habelə yuxarıda istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021-ci il tarixli qərarında göstərilənlərə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Odur ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən zərərçəkmiş şəxsin verdiyi izahat və ifadəsi, şahid ifadəsi və biri-digərinə uyğun gələn digər mötəbər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 177.3.2-ci maddəsi ilə tövsif olunmuşdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Təqsirləndirilən şəxsə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Qubadlı Rayon İcra Hakimiyyəti Başçısının Xəcik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X5, Təqsirləndirilən şəxs himayəsindədirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X8 tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyandan 3000 manat hissəsi ödənilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin himayəsində 02 azyaşlı uşağın olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, ağır cinayət əməli törətməsinə görə Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən isə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub "xxxx" ASC-dən götürülmüş Təqsirləndirilən şəxs məxsus ödəniş kartı üzrə çıxarış cədvəli iş materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan "xxxx" ASC-dən götürülmüş Təqsirləndirilən şəxs məxsus ödəniş kartı üzrə çıxarış cədvəli iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-473/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-473/2024
06.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver