Məhkəmə qərarları › İş №1(124)-475/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-475/2024

30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-475/2024 30.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X5 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X12 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Şabran rayonu, Uzunboyad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şabran rayonu, Uzunboyad kəndində qeydiyyatda olmaqla Şabran rayonu, Məliklər kəndində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 66 ədəd çətənə (kannabis) bitkisinin toxumlarını istintaqla müəyyən edilməyən vaxtda, mənbədən və miqdarda qanunsuz olaraq əldə edib 2023-cü ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən gündə həmin toxumların 19 ədədini yaşadığı Şabran rayonu, Məliklər kəndində yerləşən evinin qarşısındakı həyətyanı sahədə, 46 ədədini yaşadığı evin hasarının yaxınlığında, 01 ədədini isə dəmir qabda əkərək onlara xüsusi qaydada qulluq edib ümumilikdə 66 ədəd külli miqdarda çətənə bitkilərini yetişdirməklə kultivasiya etdikdən sonra həmin bitkilərin yarpaqlarını toplayıb qəsdən satış məqsədi olmadan şəxsi istifadəsi məqsədilə qurudaraq ümumilikdə təmiz çəkisi 20,33 qram olan istehlak miqdarından artıq miqdarda marixuananı hissələrə bölüb 3,8 qramını 01 ədəd ağ rəngli kağıza bükülmüş formada və 1,97 qramını 01 ədəd “Pall Mail” markalı qara rəngli siqaret qutusunda olmaqla yaşadığı evin həyətindəki yardımçı tikilidə olan kombinzon formalı şalvarın içərisində, 14,56 qramını 01 ədəd göy rəngli sellofan torbada həmin evin yataq otağındakı taxtın üzərindəki döşəyin altında gizlədərək tərkibində narkotk maddələr olan çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən marixuananı qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamış, 16 sentyabr 2023-cü il tarixdə RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən külli miqdarda 66 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış ümumi təmiz çəkisi 20,33 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittihamlarda özünü qismən, yəni yalnız 237.2.3-cü maddəsi ilə təqsirli bilərək sərbəst ifadəsində göstərdi ki, bağının aşağı hissəsində narkotik tərkibli çətənə bitkiləri əkib, bağı suvaranda həmin bitkiləri də suvarıb və onlara qulluq edib. Lakin ittihamda göstərilən evinin yataq otağından çıxmış marixuana ona məxsus deyil, onu həmin yerə polis əməkdaşları qoyublar. Belə ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşalrı onu yaşadığı evin yaxınlığında saxlayaraq Şabran RPŞ-nə aparıblar. Orada üzərində baxış keçirilən zaman heç nə aşkar edilməyib, daha sonra özü həyətində narkotik vasitə olan çətənə bitkisi əkibbecərdiyini demiş və polis əməkdaşalrı və müdafiəçisi ilə birlikdə evinə, həyətyanı sahəsinə və həyətdəki yarımtikiliyə baxış keçirilən zaman həyətindən 66 ədəd çətənə bitkisi, həyətdəki yarımtikilidən və evindən qurudulmuş marixuana aşkar edilib. Lakin evindəki yataq otağındakı döşəyin altından aşkar edilmiş marixuana ona məxsus deyil. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, narkotik vasitə olan marixuana istifadə edib. O, 66 ədəd çətənə bitkisini əkib, lakin onların hamısı istifadəyə yararlı olmayıb, çoxu toxumlamış vəziyyətdə olub. Öz istifadəsi üçün həyətdə olan tövlədə kombinzonun cibində qurudulmuş marixuana saxlayıb. Onun barəsində olan cinayət işinə ağır cinayətlər məhkəməsində baxılsın deyə evdə döşəyin altından aşkar edilmiş marixuananı polis əməkdaşları qoyublar. İbtidai istintaq zamanı ona qarşı hər hansı təsir və təzyiq olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Şabran rayonu Məliklər kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib - becərməsi, eləcə də qanunsuz olaraq yaşadığı evdə saxlaması ilə bağlı Şabran RPŞ-nə əməliyyat məlumatı daxil olub, həmin məlumat əsasında xx.xx.2023-cü il tarixdə o, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5, polis serjantları Şahid4, Şahid3 və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonu, Məliklər kəndində yerləşən evinin qarşısında saxlanılaraq RPŞ-nə gətirilib. RPŞ-də müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərində narkotik vasitə və yaxud qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet aşkar edilməyib. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkdiyini səmimi olaraq etiraf edib. Bundan sonra Təqsirləndirilən şəxs Şabran rayonu, Məliklər kəndində yerləşən evinin həyətinə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən 19 ədəd və dibçəkdə əkilmiş 01 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinin daha 46 ədəd narkotik tərkibli çətənə bitkilərini yetişdiriyini bildirərək həmin yerdə xüsusi qaydada əkib yetişdirdiyi narkotik tərkibli çətənə bitkilərini təqdim edib. Təqsirləndirilən şəxs yaşdığı evin həyətindən ümumilikdə 66 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək müvafiq qaydada götürülüb. Daha sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki yarım tikiliyə baxış keçirilən zaman tikilinin içərisində 01 ədəd kombinizon formalı şalvarın içərisindən 01 ədəd kağız bükümdə və 01 ədəd siqaret qutusunun içərisindən narkotik vasitə hesab edilən qurudulmuş marixuana, həmçinin divardan asılmış vəziyyətdə 01 ədəd sənədsiz ov silahı, 04 ədəd patron aşkar edilərək müvafiq qaydada götürülüb. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı evin qonaq otağındakı uşaq arabasından 05 ədəd toxum, evin yataq otağındakı döşəyin altından içərisində narkotik vasitə olan 01 ədəd sellofan torba, evin ərzaq saxlama otağından 01 ədəd sellofan torbanın içərisində 01 ədəd kibrit qutusu və 01 ədəd patron aşkar edilib. Məhkəmə iclasında şahid ona verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsin evinə narkotik vasitə qoymaqda onların heç bir marağı yoxdur, aşkar olnmuş bütün narkotik vasitələr təqsirləndirilən şəxsin özünə məxsus olub. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4, Abdullayev X6 Babakişiyev ilə eyni məzmunlu ifadə verərərk Şahid1 göstərdiyi halları təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, üzərində daşıması, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən daxil olmuş məlumata əsasən, xx.xx.2023-cü il tarixdə keçirilmiş ƏAT-i zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:20-də Şabran rayonu Məliklər kəndində yaşadığı ünvanın qarşısında saxlanılaraq Şabran RPŞ-nə gətirilmişdir. İş materiallarından görünür ki, 15 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürülmüş və 1,32 qramı tədqiqata sərf edilməklə təmiz çəkisi 27989,23 qram 66 ədəd narkotik təkibli çətənə (kannabsi) bitkisi, Təqsirləndirilən şəxs məxsus evin yataq otağından aşkar edilmiş 01 ədəd göy rəngli sellofan bükülüdə, eləcə də evin həyətindəki yarımtikilidən aşkar edilmiş və 0,06 qram tədqiqata sərf edilməklə təmiz çəkisi 20,27 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Şabran RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş, Yusif Musafayevin yaşadığı evin həyətindən əkib becərilməsi qadağan olunmuş 66 ədəd çətənə ( kannabis) bitkisinin, yaşadığı evin həyətində yerləşən yarım tikilidən, eləcə də yaşadığı evdən ümumi təmiz çəkisi 20,33 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananın aşkar edilərək müvafiq qaydada götürülməsini özündə əks etdirən 03 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, istintaq zamanı Şabran RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Əli Abidli tərəfindən 16 sentyabr 2023-cü il tarixdə saat 17:20 dəqiqədə Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonu, Məliklər kəndində yerləşən evinin həyətinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus 66 ədəd əkib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə ( kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonu, Məliklər kəndində yerləşən evinin həyətinə baxış başa çatmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış zamanı aparılmış video çəkiliş 03 (üç) ədəd CD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, istintaq zamanı Şabran RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Əli Abidli tərəfindən 16 sentyabr 2023-cü il tarixdə saat 18:10 radələrində Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonu Məliklər kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki yarım tikiliyə baxış keçirilmiş, oradan ümumi təmiz çəkisi 2,09 qram narkotik tərkibli çətənə ( kannabis) bitkisinin hissələri, 1 ədəd kağız bükülüdə təmiz çəkisi 3,80 qram, 01 ədəd Palmall siqaret qutusunda təmiz çəkisi 1,97 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasaitə qurudulmuş marixuana, 01 ədəd 1 manatlıq əskinaz və divardan asılmış halda 01 ədəd sənədsiz ov silahı aşkar edilərək götürülmüşdür. Bundan sonra X1 yaşadığı Şabran rayonu, Məliklər kəndində yerləşən evinin həyətindəki anbara ( tikiliyə) baxış başa çatmışdır. Təqsirləndirilən şəxs yaşadığı evinin həyətindəki anbara (tikiliyə) baxış zamanı aparılmış video çəkiliş 01 (bir) ədəd CD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, istintaq zamanı Şabran RPŞ-nin İB-nin müstəntiqi, polis kapitaı Əli Abdili tərəfindən 16 sentyabr 2023-ci il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonu, Məliklər kəndində yerləşən evinə baxış keçirilmiş, baxış zamanı evin qonaq otağındakı uşaq arabasından ümumi çəkisi 10,14 qram olan 05 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətən (kannabis) çətənə bitkisinin toxumları, evin yataq otağında, taxtın üzərindəki döşəyin altından 01 ədəd sellofan torbada təmiz çəkisi 14,56 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) vitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana,evin ərzaq saxlama otağında yastıqların altından içərisində 01 ədəd kibrit qutusunda ayrıayrılıqda 01 ədəd salfet və 01 ədəd kağız bükülüdə təmiz çəkisi 4,60 qram əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətən (kannabis) çətənə bitkisinin toxumları və 01 ədəd patron aşkar edilərək götürülmüşdür. Bundan sonra X4 yaşadığı Şabran rayonu, Məliklər kəndindəki evində baxış başa çatmışdır. MustafayevYusif Nadir oğlunun evinə baxış zamanı aparılmış video çəkiliş 01 (bir) ədəd CD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış aparılmasını, təqsirləndiirlən şəxsin yaşadığı evə, həyətdəki yarımtikiliyə və evin həyətyanı sahəsinə baxış keçirilməsini əks etdirən və məhkəmədə tədqiq edilən videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən yuxarıdakı protokollarda qeyd olunan hallar və şahidlərin ifadələrində qeyd etdikləri xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil 17 sentyabr 2023-cü il tarixli məhkəmə-bioloji ekspertizasının 3-16-16/2-7/1308 №-li ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş ümumi sayı 65 (altımış beş) ədəd, ümumi çəkisi 27990,0 qram bitki nümunələri əkilib - becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunmuş 01 ədəd diçəkdən çıxardılaraq götürülmüş 01 ədəd təmiz çəkisi 0,55 qram bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Təqsirləndirilən şəxs həyətindən və həyətdə dibçəkdən çıxarılmış çətənə bitkilərinin ümumi sayı 66 ədəd, ümumi çəkisi 27990,55 qramdır. Aqronomun (mütəxəssisin) rəyinə əsasən 66 ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim edilmiş bitki nümunələri eyni növ çətənə (kannabis) bitkiləridir. Təqsirləndirilən şəxs yataq otağından aşkar edilmiş 01 ədəd göy rəngli sellofan bükülüdə təmiz çəkisi 14,56 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 ədəd kağız bükülüdə təmiz çəkisi 3,80 qram, 01 ədəd Pallmall siqaret qutusunda təmiz çəkisi 1,97 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş marixuanaların ümumi çəkisi 20,33 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidirlər. Çətənə (kannabis) bitkilərində və həmin növ bitkilərdən hazırlanmış marixuanaların tərkibində olan kannabinoidlər komponentlərə görə eynilik təşkil edirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji xx.xx.2023-cü il tarixli, 7873 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal hazırda abstinensiya, intoksitaksiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü və xx.xx.2013-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Şabran RİHB-nın Uzunboyad İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə az ağır və ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı evinin yataq otağında döşəyin altından aşkar edilmiş marixuananın ona məxsus olmaması barədə bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsinə həmin hissədə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusat iş materialları ilə öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, ekspertiza rəyi, protokollar və videogörüntülər və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 234.1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin (CM-nin 234.1 və 237.2.3-cü) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şabran Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şabran rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 27989,23 qram olan narkotik təkibli çətənə (kannabis) bitkisi və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20,27 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş materiallarında olan disklər hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Şabran rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 27989,23 qram olan narkotik təkibli çətənə (kannabis) bitkisi və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20,27 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 05 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar