Məhkəmə qərarları › İş №1(124)-476/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-476/2023

25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-476/2023 25.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü “Prospekt” vəkil bürosunun vəkili Müdafiəçi2 Aslan oğlunun və “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Naxçıvan MR Şərur rayonu, Zeyvədüdəngə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi işlə məşğul olan, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 12/35, mənzil 50-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdə, saat 14:30 radələrində Sumqayıt şəhəri 10-cu mikrorayon 29 saylı binanın yanında yerləşən "xxxx" MMC-nin inzibati binasının 2-ci mərtəbəsində həmin MMC-nin təsisçisi və direktoru olan Zərərçəkmiş şəxs xidməti otağına daxil olaraq əvvəllər həmin MMC-də mühasib işləmiş sevgilisi Şahid1 işdən çıxarılması ilə bağlı onunla söhbət etməsi üçün çölə çıxmasını bildirərkən, sonuncunun ona yanında adam olmasını və çöldə gözləməyini deməsini özü üçün qəbul edilməz hal kimi qiymətləndirərək bunları bəhanə edib öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək özünü ətrafdakılara qarşı qoymaqla xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan yumruqla üç dəfə Zərərçəkmiş şəxs sifətinin sol hissəsindən vuraraq ona sol gicgah və almacıq sümüklərinin yerdəyişən sınıqları, baş beynin yüngül dərəcəli əzilməsi, sol gicgah və sol almacıq nahiyəsinin qançırları ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə, xuliqanlıq niyyəti ilə zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, hadisə zamanı üzərində bıçaq və ya hansısa kəsici alət olmamışdır. 2021-ci ilin avqust ayında "xxxx" MMC şirkətinə usta kimi düzəlmişdir. Bir müddət orada işləmişdir. 2022-ci ilin avqust ayında öz ərizəsi ilə işdən çıxmışdır. İşlədiyi müddət ərzində həmin şirkətdə kimləsə mübahisəsi və ya münaqişəsi olmamış, hamının hörmətini saxlamışdır. Hətta işlədiyi dönəm ərzində ona “ilin ən səmimi işçisi” mükafatını da vermişdirlər. Qısacası, işlədiyi müddətdə heç kimlə konfliktə girməmişdir. İşdən öz ərizəsi ilə çıxmasının səbəbi də idman fəaliyyətini davam etdirmək istəyi olmuşdur. Sumqayıtda zal götürərək orada taekvando idman növü üzrə fəaliyyətə başlamışdır. Bu səbəbdən işdən çıxmışdır. İşlədiyi müddət ərzində həmin şirkətdə işləyən Mehriban xanımla tanış olmuşdur. Evlənmək qərarına gəlmişdir. İşdən çıxandan iki ay sonra da yenə "xxxx" MMC-yə gedib-gəlmişdir. "xxxx" MMC reklam şirkəti olduğundan zalın reklam işlərini həmin şirkətdə həll etmişdir. Oktyabrın 18-i Mehriban xanım ona zəng etmiş, zəngi açdıqda Mehriban xanım ağlamışdır. Daha sonra görüşmüş, onu çox pis vəziyyətdə görmüş, üzülmüşdür. Mehribanın anası xərçəng xəstəsi olmuş, atası rəhmətə getmişdir. Bütün bunlar ona mənfi təsir etmişdir. Mehriban ona işdə müdirinin onu işlə həddindən artıq yüklədiyini, bu səbəbdən işləri çatdıra bilmədiyini bildirmişdir. Mehribanı sakitləşdirmək üçün yolu keçib birlikdə oturub söhbət etməyi təklif etmişdir. Oturub söhbətləşən zaman Mehriban ona işdən çıxacağını, bir daha işə getməyəcəyini bildirmişdir. Mehribanı yola salmış və ona müdiriylə görüşəcəyi barədə heç nə deməmişdir. Səhəri gün sifariş etmiş olduğu reklamı götürmək üçün "xxxx" MMC-yə getməli olmuşdur. Orada Mikayıl müəllimin avtomobilini görmüşdür. Avtomobili görəndə hadisə yadına düşmüş, əsəbiləşmişdir. Reklam yaddan çıxmış, Mikayılın kabinetinə qalxmışdır. Mehribanın yerinə başqa bir qız işə düzəlməyə gəlmişdir. Mikayıla onunla iki dəqiqəlik söhbətimin olduğunu bildirib bayıra çıxmasını demişdir. Əsəbi halda olduğundan ikinci dəfə də Mikayıla hörmətsizlik etmək istəmədiyini bildirərək bayıra çıxmasını söyləmişdir. İkinci dəfə dedikdən sonra Mikayıl üzünə baxmayaraq əliylə gözləməyinə dair işarə etmişdir. Mikayılın bu hərəkəti ona pis təsir etmişdir. Bu səbəbdən içəri daxil olmuş, Mikayıla yaxınlaşan zaman ona çox kobud şəkildə salam vermişdir. Özündən çıxmış, ona üç şillə və almacıq sümüyünə yarımçıq yumruq vurmuşdur. Daha sonra həmin şirkətin işçiləri içəriyə daxil olmuş və onu sakitləşdirməyə çalışmışdırlar. Aşağıya düşmüşdür. Haradasa iyirmi dəqiqə gözləmişdir ki, polis əməkdaşları gəlsin. Daha sonra polis əməkdaşları gəlmişdir. Mikayılı vurmaq və ya ona xəsarət yetirmək niyyəti olmamışdır. Sadəcə Mikayıla hüznlü insana qarşı düzgün bir hərəkət etmədiyini başa salmaq istəmişdir. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, görüş zamanı Mehriban ona bildirmişdir ki, müdir onu həddən artıq işlə yükləmiş və işi çatdıra bilməmişdir. Mehriban bundan sonra müdirə işin çoxluğu barədə bildirmiş, ona işi çatdırması üçün köməkçi verməsini xahiş etmişdir. Müdiri ona köməkçi verməyə razılaşsa da, köməkçi verməmişdir. Heç Mehribanın atasının qırxı çıxmamış, bu səbəbdən də həmin vaxt psixoloji vəziyyəti yaxşı olmamışdır. Mehriban Mikayıla işi çatdıra bilmədiyini söylədikdə, sonuncu onun üzərinə qışqırıb, onu hamının içərisində təhqir etmişdir. Mehriban o dərəcədə gərgin olub ki, kompüteri götürüb işdən çıxmışdır. Mehriban Mikayılın ona dediklərini təhqir kimi qəbul edib ki, işdən çıxıb. Hadisə günü içəri daxil olub Mikayıla yaxınlaşmışdır. Mikayıla yaxınlaşanda da söhbət etmək istəmişdir, onu vurmaq niyyəti olmamışdır. Sadəcə olaraq Mikayılın biədəb salamı onu özündən çıxartmışdır. Mikayılın yanına gedəndə tək olmuş, Mikayılın da yanında bir nəfər xanım olmuş, üçündən başqa kimsə olmamışdır. Mikayıl ona müqavimət göstərməmiş, oturaq vəziyyətdə olan zaman ona zərbə endirmişdir. Müdafiə tərəfinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Mehriban xanımla söhbət edən zaman və ya reklamı götürmək üçün "xxxx" MMC-yə gedən zaman Mikayıla xəsarət yetirməklə bağlı beynində hər hansı ssenari qurmamış, fikir formalaşdırmamışdır. Mehribanın başına gələnləri kişiliyinə sığışdırmadığı üçün qərara gəlmişdir ki, mütləq şəkildə Mikayılla görüşüb söhbət etməlidir. Mikayıla qarşı hörmətsizlik etməmiş, onun da ona qarşı hörməti olmuşdur. Hadisəyə kimi də aralarında ədavət olmamışdır. Mikayılın yanına getməkdə məqsədi söhbət etmək olmuşdur. Həmin şirkətin işçiləri Əzizlə İlqar otağa daxil olanda onunla Mikayıl arasındakı münaqişə artıq bitmişdir. İlqargil münaqişədən sonra səsə gəlmişdirlər. Münaqişə olanda nahar vaxtı olmuş, şirkətin normal iş fəaliyyəti pozulmamışdır. Zərər çəkmiş şəxslə barışmışdır. Həqiqətən də törətmiş olduğu əməldən peşman olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. 16 noyabr 2022-ci il tarixli qərarla zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, otaqda oturmuş, həmin vaxt otaqda ondan başqa da bir nəfər qadın işçi də olmuşdur. Asim gəlmiş, onu çağıran zaman beş dəqiqə gözləməsini bildirmişdir. Daha sonra Asim içəri daxil olmuş və hadisə baş vermişdir. Hadisədən qabaq Asimlə aralarında heç bir ədavət və s. olmamışdır. Onu həmişə hörmətli işçi kimi tanımış, hamı tərəfindən sevilən şəxs olmuşdur. Bildiyi qədərilə Mehriban xanımla aralarında müəyyən münasibət olmuşdur. Mübahisənin səbəbi də Mehriban xanımın işdən çıxması olmuşdur. Hansı ki işdə müəyyən sənədlər olmuş, Mehriban xanım həmin sənədləri yerləşdirməli olmuşdur. Sənədləri yerləşdirmək də Mehriban xanımın vəzifə borcu olmuşdur. Mehriban xanımın hansı işi görəcəyi də təlimatlarda var. Mehriban xanıma sənədləri yerləşdirməsini tapşırmış, ancaq Mehriban xanım yerləşdirməmişdir. O da Mehriban xanıma bildirmişdir ki, bu, sizin vəzifə borcunuzdur. Mehriban xanım da ona demişdir ki, işi çoxdur. O, da Mehriban xanıma bildirmişdir ki, ilk olaraq sənədləri yerləşdirsin, çünki bu iş tenderlə bağlıdır, çörək pulları əsasən burdan çıxır. Bundan sonra Mehriban xanım hay-küy salaraq əşyalarını yığıb getmişdir. Onu işdən də çıxarmamışdır. İşdən çıxması barədə də onlara heç nə bildirməmiş, hadisədən sonra gəlib ərizə yazaraq işdən çıxmışdır. Mehriban xanımın gedib Asimə nə dediyini də bilməmişdir. Dövlət ittihamçısının suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Asim iki-üç dəfə ona zərbə endirmişdir. Asim sol üz nahiyəsinə xəsarət yetirmişdir. Ofis şüşəli ofisdir və qapılar da həmişə açıqdır. Asim ilk öncə içəri daxil olmaq istəmiş, içəridə xanım olduğuna görə onu bayıra çağırmışdır. Daha sonra Asim içəri doğru gələrək ondan “çıxmırsan çölə?” deyə soruşmuşdur. O, bir daha otaqda başqa bir xanımın olduğunu Asimin diqqətinə çatdırmışdır. Asim də onu oturduğu yerdə vurmuşdur. Hazırda Asimlə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən də xahiş etmişdir ki, Asimin bu əməlini bağışlasınlar. Müdafiə tərəfinin suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə zamanı yanlarında Arzu xanım olmuşdur. Ancaq dediyi kimi, onların ofisində qapılar açıq olmuş, hər kəs hər şeyi eşitmiş və görmüşdür. Hadisəni Arzu xanım gözüylə görmüşdür. Hadisədən sonra bir ay işə getməmişdir. Hazırda da altı aydan bir müayinədən keçir. Asim onlar tərəfindən “ilin ən səmimi işçisi” mükafatına da layiq görülmüşdür. Məhkəmə tərkibinin suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Asim içəri daxil olanda beş dəqiqə gözləməsini bildirməyindən başqa aralarında dialoq olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, "xxxx" MMC-də mühasib vəzifəsində işləmişdir. 2015-ci ildən Mikayıl müəllimin yanında işləmişdir. Son aylarda Mikayıl müəllim onu həddən artıq işlə yükləmişdir. Dəfələrlə iş yükünün çoxluğu ilə bağlı Mikayıl müəllimə narazılığını bildirsə də, sonuncu onun dediklərinə məhəl qoymamışdır. Son ayda da o, artıq dözə bilməmiş və işdən çıxmışdır. Həmin gün də Asimlə görüşmüş, əsəbini Asimin üzərinə tökmüşdür. Asim də gedib həmin adamla söhbət edəcəyini bildirmişdir. Sonra da bu hadisə baş vermişdir. İş prosesində ona qarşı dəfələrlə kobudluq olub, amma işidir deyə keçmişdir. Ancaq son aylarda vəziyyət artıq dözülməz olmuşdur. Hadisənin bilavasitə şahidi olmamış, hadisə barədə sonradan eşitmişdir. Asimin yanına gedib işdə baş verənləri deməkdə məqsədi təsəlli tapmaq, ürəyini boşaltmaq olmuşdur. Asimə hadisəni danışarkən əsəbi olduğundan bir az da şişirtmişdir. Asimə işdə olanlar barədə məlumat verdikdən sonra belə bir hadisənin baş verə biləcəyinə inanmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, səsləri izləyərək Mikayılın otağına doğru qaçmışdır. Otağa daxil olmuş görmüşdür ki, Asim Mikayılın yanında dayanmışdır. Asimlə Mikayılın arasına girərək onları ayırmış və Asimi qırağa çəkmişdir. Asimin Mikayılı vurmasını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, birinci mərtəbədə olmuşdur. Asim gələndə onu görmüşdür. Asim gələrkən əsas qapıdan daxil olmamışdır, hələ hazır olmayan dəmir pilləkənlərlə yuxarıya doğru qalxmışdır. Öz-özlüyündə sual vermişdir ki, nə səbəbə Asim burayla qalxır. Asim də onların şirkətə gedib-gələn adam olmuşdur. Ağlına da gəlməzdir ki, o, Mikayıl müəllimi vurar. O, səs-küy eşitmişdir, Asimin Mikayıla xəsarət yetirməsinin şahidi olmamışdır. Şahid2 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində Sumqayıt şəhəri 10-cu mikrorayon 29 sayılı binanın yanında yerləşən "xxxx" MMC-yə mühasib kimi işə düzəlmək üçün həmin şirkətə getmişdir. Belə ki, şirkətin binasına daxil olub şirkətin rəhbəri Zərərçəkmiş şəxs otağına keçmiş və işlə bağlı Zərərçəkmiş şəxs ilə söhbət edərkən bir nəfər tanımadığı, sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs Mikayıl müəllimin otağına daxil olub Mikayıl müəllimə birlikdə danışmaq istədiyini, ona çölə çıxmasını tələb etmişdir. Mikayıl müəllim isə ona “gözləyin, yanımda xanım var onunla söhbətimizi bitirək sonra sizinlə danışarıq” sözlərini demiş, lakin Asim əsəbləşərək Mikayıl müəllimə əhəmiyyət verməyib ona yaxınlaşaraq yumruqla Mikayıl müəllimin sifət nahiyəsinə 3 dəfə vurmuş, o bunu görüb qışqıraraq köməyə çağırmış, həmin vaxt şirkətin 2 nəfər işçisi içəriyə daxil olaraq onları ayırıb, Asimi otaqdan çıxarıb aparmışlar. Baş vermiş hadisə nəticəsində ofisin iş fəaliyyəti pozulmamış, hadisə çox qısa zamanda baş vermiş, həmçinin hadisə ofisdə nahar vaxtı olduğu üçün başqa işçilər olmamış, kənar otaqda 2 nəfər olduğunu görmüş, o, da səs edib onları çağırmışdır. Təqsirləndirilən şəxs konkret olaraq Zərərçəkmiş şəxs iş kreslosunda oturduğu zaman sifətinin sol hissəsindən 3 dəfə yumruqla vurmuş, hadisə ümumilikidə təxminən 2-3 dəqiqə davam etmişdir, Asimin Zərərçəkmiş şəxs vurması isə 2-3 saniyə davam etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 19 oktyabr 2022-ci il tarixli raportdan görünür ki,19 oktyabr 2022-ci il tarixdə saat 15:30-da Sumqayıt TTYX-dan Məmmədov telefonla Zərərçəkmiş şəxs döyülüb xəsarət alması ilə bağlı məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 19 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt ŞPİ-nin PB-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 noyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha dəqiqliklə göstərmişdir. Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1635 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol gicgah və almacıq sümüklərinin yerdəyişən sınıqları, baş beynin yüngül dərəcəli əzilməsi, sol gicgah və sol almacıq nahiyəsində qançırlarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, onun tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən 19.10.22-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, həmin xəsarətlərin vət. Zərərçəkmiş şəxs özü-özünə yetirməsi inandırıcı deyil. Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 325 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qərarda göstərilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi 03 dekabr 2022-ci il tarixli və məhkəmə istintaqı zamanı verdiyi ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 8 Saylı MİS-dən alınmış arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 12/35, mənzil 50-də qeydiyyatda olmaqla yaşamış və yaşadığı müddətdə 8 Saylı MİS-nə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilməsinə dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, birbaşa qəsdlə törədilən cinayət kimi təsbit olunmuş xuliqanlığı, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı meydana gətirən zəruri şərtlərdən biri təqsirkarın məhz xuliqanlıq motivi ilə hərəkət etməsidir və onun səbəbsiz olaraq zərərçəkmiş şəxsə qarşı qəsdən zorakılıq göstərməsi, əmlakını qəsdən məhv etməsi və zədələməsi bu hərəkətlərin xuliqanlıq motivi ilə edildiyinə dəlalət edən əsas kimi nəzərdən keçirilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs X2 ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinin, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, “hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.” «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, cəzanın cinayət qanununda qeyd olunan məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsinə zərurət yoxdur. Belə ki, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərinin tələblərinə ziddir. Məhkəmə hesab edir ki, əgər təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən islah etmək mümkündürsə, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq etməli, bununla da həm təqsirləndirilən şəxsin özünü, həm ailəsini mümkün məhrumiyyətlərə məruz qoymadan onun islah olunmasına nail olmalıdır. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal azad edilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 07 aprel 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, qətimkan tədbiri məhkəmə baxışı zamanı da dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Qeyd olunan iş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar