Məhkəmə qərarları › İş №1(124)-476/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-476/2024

14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-476/2024 14.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, fərdi əməklə məşğul olan, Şabran şəhəri, Sülh küçəsindəki nömrəsiz evdə qeydiyyatda olmaqla Şabran şəhəri, M.Rəsulov küçəsindəki nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə qanunsuz olaraq satış məqsədi olmadan, külli miqdarda 1157,29 qram qurudulmuş marixuananı əldə edərək həmin narkotik vasitədən 1150 qram çəkidə olan qurudulmuş marixuananı yaşadığı Şabran şəhəri, M.Rəsulov küçəsindəki nömrəsiz evin giriş hissəsindən sağ tərəfdə yerləşən tikilidə gizlədib, qalan 7,29 qram qurudulmuş marixuananı isə 02 ədəd kibrit qutusunda olmaqla üzərində daşımaqla saxlamış, DİN-in BMCMİ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri zamanı xx.xx.2023cü il tarixdə saat 19 radələrində Şabran şəhəri, M.Rəsulov küçəsində saxlanıldığı vaxt üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan Şabran RPŞ-nə gətirilməklə xx.xx.2023-cü il tarixdə, saat 22:00-dan 22:26-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 3,92 qram və 3,37 qram olmaqla ümumi təmiz çəkisi 7,29 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə olan qurudulmuş marixuana və həmin tarixdə yaşadığı Şabran şəhəri, M.Rəsulov küçəsi nömrəsiz evə baxış keçirilən zaman evin giriş hissəsindən sağ tərəfdə yerləşən tikilidə stolun üzərindən 01 ədəd sellofan torbada ümumi təmiz çəkisi 1150 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, ona elan olunan ittihamın yalnız evindən marixuana aşkar edilməsi hissəsində təqsirli bilərək, sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 2023-cü ilin iyunun 9-u saat 19 radələrində yaşadığı ünvandan siqaret almağa çıxdığı vaxt polis əməkdaşları ona yaxınlaşaraq onunla birlikdə yaşadığı evə getmişdirlər. Evində narkotik vasitə olub-olmadığı soruşulmuş, daha sonra evində olan bir ovuc narkotik vasitəni də götürüb onunla birlikdə polis şöbəsinə gəlmişdirlər. Onun evində sadəcə bir ovuc marixuana olmuşdur. Polis əməkdaşları ona demişdirlər ki, çəkiliş olduqdan sonra onu buraxacaqlar, ona görə də onların dedikləri ilə razılaşmış, sənədləri imzalamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq, fiziki zor tətbiq olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumamışdır, orada nə yazıldığından məlumatı olmamışdır. Onun narkotik vasitəni satmaq niyyəti olmamış, heç vaxt onun satışı ilə məşğul olmamışdır, yalnız özü marixuanadan istifadə etmişdir. Onun evindən ittihamda qeyd ediləndən az miqdarda marixuana aşkar edilmiş, tərəzi isə olmamışdır. Oğlu İİ Qarabağ Müharibəsi iştirakçısı olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun şübhəli şəxs qismində 10 iyun 2023-cü ildə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, o, 2019cu ildən nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir, istifadə etdiyi maddələri Şabranda yaşadığı evin arxa hissəsində özü əkir və onları qurudub istifadə edir. Şabran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Son dövrlərdə o, yenə də nəşə istifadə edir və istifadə etdiyi maddələri həyətində əkərək qurutduğu maddələrdəndir. Belə ki, keçən ildən hazırladığı yəni, qurutduğu marixuananı evin giriş hissəsində sağ tərəfdə olan yarım tikilidə saxlayırmış və lazım olduqca oradan götürüb istifadə edirmiş. 09 iyun 2023cü il tarixdə axşam 19 radələrində evdən çıxmış və çıxan zaman həmin marixuanadan iki kibrit qutusu götürüb cibinə qoymuş ki, istifadə edər. Yaşadığı Şabran şəhəri, M.Rəsulov küçəsində yerləşən evin yaxınlığında olarkən bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar, o da özünü təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmiş, onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarının təklifi ilə razılaşmış və Şabran RPŞ-yə gəlmiş, polis şöbəsində ona müdafiəçi təqdim edildikdən sonra üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarışa başlamazdan öncə şəxsi axtarışın videoçəkiliş vasitəsilə keçiriləcəyi bildirilmiş, o da buna etirazı olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarışa başlayaraq ondan üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefonu və 30 manat pulu, şalvarının sol yan cibindən 02 ədəd kibrit qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd kibrit qutusunun içərisində nəşə olduğunu bildirmiş, təqdim etdiyi 02 ədəd kibrit qutusuna baxış keçirildikdə içərisində narkotik vasitə qurudulumuş marixuana olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş kütlələri həyətində əkdiyini, həmin kütləni istifadə məqsədi və bəzi tanışlarına pay vermək məqsədilə üstündə saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd kibrit qutusunda olan kütlələr polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Nokia” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Üzərindən aşkar edilmiş 30 manat pul özünə qaytarılmışdır. Şifahi sorğu zamanı həmçinin hazırda yaşadığı ünvanda narkotik vasitə “nəşə” saxladığını bildirmişdir. Hazırda yaşadığı ünvana gedildiyi halda, həmin ünvanda gizlədib saxladığı narkotik vasitələri təqdim edə biləcəyini bildirmişdir. Üzərinə şəxsi axtarış keçirildikdən və bu barədə protokol tərtib edilib imzalandıqdan sonra yaşadığı ünvana baxış keçirilməsi üçün gedilmiş, baxış zamanı yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra iştirakçıları yaşadığı ünvana dəvət etmişdir. Evin giriş hissəsindən sağ tərəfdə yerləşən yarımçıq tikilidə narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirmiş və həmin yarımçıq tikilini açıb stolun üstündə olan 01 ədəd sellofan torbanı və 01 ədəd elektron tərəzini əməkdaşlara təqim etmişdir. Baxış zamanı həmin torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Yaşadığı evə baxış zamanı aşkar olunmuş 01 ədəd sellofan torbada olan narkotik vasitə qurudumuş marixuana və 01 ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxış davam etdirilərkən yaşadığı ünvandan digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra təkrar Şabran RPŞ-yə gəlmişlər və orada evə baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. O, üzərindən və evindən aşkar edilmiş maddəni heç kimdən əldə etmədiyini, özü əkib hazırladığını, həmin maddənin toxumlarını, yəni çətənə bitkisinin toxumlarını çoxdan adını xatırlamadığı şəxsdən əldə etdiyini, sonrakı müddətdə isə əkdiyi maddələrin toxumlarını yığıb saxlayaraq yenidən əkdiyini, marixuanadan başqa heç bir narkotik vasitə və ya psixotrop maddədən istifadə etmədiyini, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını amma, bəzi hallarda dost-tanışlarına verdiyini və bunun əvəzində ona araq, siqaret və s. aldıqlarını bildirmişdir. Üzərində və evdə narkotik vasitə olmasından ailə üzvlərinin və ya başqa şəxslərin xəbəri olmadığını, həmin maddələri evin arxa hissəsində əkdiyini və bundan heç kimin xəbəri olmadığını bildirmişdir. Aşkar edilmiş elektron tərəzini həmin maddələri kibrit qutusuna yığanda tərəzidə çəkib yığmaq üçün istifadə etdiyini bildirmişdir Üzərinə şəxsi axtarış və evinə baxış video çəkilişlə təhqiqatçı tərəfindən aparılmış, təhqiqatçıdan başqa heç kim üzərinə və evinə baxmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman, həmçinin üzərinə şəxsi axtarış keçirilərkən və evinə baxış keçirilən zaman heç bir fiziki yə ya psixi təyziqə məruz qalmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərmişdir ki, 09 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldıqdan sonra 09 iyun 2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Şabran şəhəri, M.Rəsulov küçəsində yerləşən yaşadığı evin yaxınlığında olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 19:50-də həmin küçədə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Şabran RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən Şöbəyə gəlmişdir. Şöbədə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində “nəşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan şalvarın ciblərindən 01 ədəd “Nokia" markalı mobil telefonu, 30 manat pulu və kibrit qutusu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd kibrit qutusunun içərisində nəşə olduğunu bildirmişdir. Təqdim edilmiş 02 ədəd kibrit qutusuna baxış keçirildikdə içərisində narkotik vasitə qurudulumuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələri həyətində əkdiyini, həmin kütləni istifadə məqsədi və bəzi tanışlarına pay vermək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd "Nokia” markalı mobil telefon götürülmüş, 30 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda yaşadığı ünvanda narkotik vasitə “nəşə” saxladığını bildirmiş və yaşadığı ünvana gedildiyi halda gizlədib saxladığı narkotik vasitələri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri, M.Rəsulov küçəsində yerləşən nömrəsiz fərdi evə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizəni imzalamış və həmin evin qarşısına gələrək baxışın keçirilməsinə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs evin giriş hissəsində olan tikilidə narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirmiş və həmin tikilini açıb stolun üstündə olan sellofan torbanı təqim etmişdir. Baxış zamanı həmin torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və stolun üstündən 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı aşkar olunmuş 01 ədəd sellofan torbada olan narkotk vasitə qurudumuş marixuanaya oxşar kütlə və 01 ədəd elektron tərəzi qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxış davam etdirilərkən Təqsirləndirilən şəxs yaşadığı ünvandan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Baxış başa çatdıqdan sonra Şöbəyə geri qayıdılmış və baxışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokol imzalanmışdır. Cəlal Açayevə heç bir təsir təzyiq olmamış, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitənin satığı ilə məşğul olmasına dair konkret fakt, sübut əldə olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmədə dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 da ibtidai istintaq zamanı verdiyi ifadəsində məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə “Cəlal” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə və yaşadığı ünvanda saxlaması, eləcə də daşıması bildirilir. Müəyyən edilmişdir ki, “Cəlal” adlı şəxs xx.xx.1970-ci ildə Şabran (Dəvəçi) şəhərində anadan olmuş, Şabran şəhəri, Sülh küçəsində qeydiyyatda olmaqla Şabran şəhəri, M.Rəsulov küçəsində yaşayan Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı Murad Azayev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “nəşə” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirib, əynində olan şalvarının sağ yan cibindən 01 ədəd “Nokia" markalı mobil telefonu və 30 manat pulu , şalvarının sol yan cibindən 02 ədəd kibrit qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd kibrit qutusunun içərisində nəşə olduğunu bildirmişdir. Təqdim edilmiş 02 ədəd kibrit qutusuna baxış keçirildikdə içərisində yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulumuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələri həyətində əkdiyini, həmin kütləni istifadə məqsədi və bəzi tanışlarına pay vermək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd kibrit qutusunda olan kütlələr 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd "Nokia" markalı mobil telefon götürülmüş, 30 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda yaşadığı ünvanda narkotik vasitə “nəşə” saxladığını bildirmiş və yaşadığı ünvana gedildiyi halda gizlədib saxladığı narkotik vasitələri təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən disk iş materiallarına əlavə olunmuşdur. Qeyd edilən disk məhkəmə iclasında nümayiş etdirilərkən protokolda qeyd edilənlər və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrində göstərdikləri xüsusatlar bir daha təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri, M.Rəsulov küçəsi, nömrəsiz evə videoçəkilişdən istifadə edilməklə baxış aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs iştirakçıları yaşadığı ünvana dəvət etmiş, Təqsirləndirilən şəxs evin giriş hissəsindən sağ tərəfdə yerləşən tikilidə narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirmiş və həmin tikilini açıb stolun üstündə olan 01 ədəd sellofan torbanı təqim etmişdir. Baxış zamanı həmin torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və stolun üstündən 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı aşkar olunmuş 01 ədəd sellofan torbada olan narkotik vasitə qurudumuş marixuanaya oxşar kütlə və 01 ədəd elektron tərəzi qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxış davam etdirilərkən Təqsirləndirilən şəxs yaşadığı ünvandan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Baxış keçirmə və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən disk iş materiallarına əlavə olunmuşdur. Qeyd edilən disk məhkəmə iclasında nümayiş etdirilərkən protokolda qeyd edilənlər və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrində göstərdikləri xüsusatlar bir daha təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Nokia” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 10 iyun 2023-cü il tarixli, 7/837 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “ Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan ..." yazısı və imzalar olan 01 (bir) ədəd polietilen bağlamadakı təmiz çəkisi-1150 qram və üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd kibrit qutusunda ..." yazısı və imzalar olan kağız paketdəki 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,92 qram və 3,37 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi-1157,29 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Qeyd: Marixuananın ümumi çəkisi - 1157,29 qram, tədqiqata istifadə olundu - 0,3 qram, qalıq-1156,99 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2023-cü H tarixli, 4497 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan və “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1156,99 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmaqla Şabran RPŞ-də saxlanılır. Cinayət işinin materiallarında olan Şabran RİHB-nın Şabran şəhər İƏD nümayəndəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs 1974-cü il təvəllüdlü arvadı X5, 1993-cü il təvəllüdlü oğlu Mehran Ağayevdən ibarət ailə tərkibi vardır, Şabran RİHBnın Şabran şəhər İƏD nümayəndəsinin verdiyi xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan DİN-nin BƏSll-dən daxil olmuş tələbnamədən görünür ki, Ağayev X3 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 234.1, 237.1, 66.2, 69.3-cü maddələri ilə məhkum olunmuş və ona 02 il 05 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmiş və xx.xx.2021-ci İl tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış keçirilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-nin məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatqeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsi nəticəsində ümumi çəkisi 1157,29 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, təqsirləndirilən şəxsin üzərindən və evindən narkotik vasitə marixuananın, həmçinin evindən elektron tərəzinin aşkar olunması birmənalı şəkildə onu deməyə əsas vermir ki, təqsirləndirilən şəxsin üzərindən və evindən aşkar olunan maddə məhz satış məqsədi ilə əldə olunaraq saxlanılmışdır. Əvvəla cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni heç kimə satmaq niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişdir. Həmçinin məhkəmə kollegiyası bildirməyi zəruri sayır ki, təqsirləndirilən şəxsin mobil telefonuna və istifadəsində olan mobil nömrəyə dair məlumatları özündə əks etdirən diskə keçirilmiş baxış zamanı narkotik vasitələrin satışına dair hər hansı bir zəng, SMS və digər hər hansı məlumat aşkar edilməmişdir. Bundan başqa, qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarda və tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən heç bir möbətər sübuta istinad edilməmiş və əsaslandırma aparılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda yalnız yuxarıda qeyd olunanlar əsasında təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı qənaətə gəlmək qeyri-mümkündür. Odur ki, məhkəmə kollegiyası ibtidai istintaq orqanının təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması bağlı qənaəti ilə razılaşmır və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə əsaslanaraq Təqsirləndirilən şəxs qarşı irəli sürülən ümumi ittihamın məzmunundan məhz həmin hissəni xaric edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri (şəxsin üzərindən və evindən narkotik vasitənin və elektron tərəzinin aşkar olunması ilə bağlı hissədə), ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin bildirdiklərini müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi kimi qiymətləndirir və onun cinayət məsuliyyətindən yaxa qurtarmağa, həmçinin məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, həm evinə baxış keçirilərkən, daha sonra həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində ifadə verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərində narkotik vasitə olmaması, evindən aşkar olunan narkotik vasitənin miqdarının az olması və evində tərəzinin olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, daha sonra barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də məhkəməyə bu barədə hər hansı məlumat verməmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq mərhələsində müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiqə məruz qalmadan təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin iş materiallarında olan digər sübutlarla üst-üstə düşdüyünü və obyektiv həqiqəti əks etdirdiyini əsas götürərək həmin ifadəni əsaslı sayır və qeyd olunan səbəbdən şəxsin məhkəmə istintaqı zamanı marixuananın az olması və tərəzinin olmamasına dair verdiyi ifadəsini qəbul etməyərək ona elan olunan ittihamın əsasına məhz şəxsin ibtidai istintaq mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.1-1) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 09 iyun 2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, Şabran Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmış və məhkəmə icraatı dövründə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 09 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Şabran RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1156,99 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 03 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 78 (yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı 09 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Şabran rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1156,99 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 03 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar