Məhkəmə qərarları › İş №1(124)-478/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-478/2022

18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-478/2022 18.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi-X4 Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi- X7, xx.xx.2007-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 8-ci sinif şagirdi, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2022-ci il tarixli qərarla barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, əvvəllər rəfiqəsi olmuş xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs arxasınca nalayiq ifadələr işlətməsinə və onu əxlaqsız hərəkətlər etməkdə günahlandırmasına görə Nərmini qorxutmaq üçün tanışından soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağını götürərək üzərində saxlamış, 13 may 2022-ci il tarixdə, saat 12:30 radələrində sonuncunun yaşadığı ünvan 2 ünvanına gələrək onunla söhbət etmək istədiyini bildirib binanın həyətinə dəvət etmiş, Nərmin aşağı düşdükdə binanın qarşısında ona arxasınca nalayiq ifadələr işlətməsinin səbəbini soruşduqda sonuncunun ona kobud cavab verməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış sözlü mübahisə zamanı özü ilə gətirdiyi cib bıçağı ilə üç dəfə zərbə vuraraq, Zərərçəkmiş şəxs sağ bazunun yuxarı 1/3-nin bayır səthinin deşilmişkəsilmiş yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən, həmçinin döş qəfəsinin sol yarısının yan və arxa səthinin iki ədəd boşluğa keçən deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən və yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa qəsədən ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş zərər çəkmiş və şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhərində yerləşən 35 nömrəli məktəbdə 8-C sinifində təhsil alır, Zərərçəkmiş şəxs onunla bir məktəbin 9-cu sinifində oxuyur. Nərminlə 2021-ci ilin iyul ayından rəfiqə olmuş, həmişə səmimi və yaxşı münasibətləri olmuş, bir-bilərinin evinə də gedib gəlmişlər. 2022-ci ilin fevral ayında qəfildən onunla Nərmin arasında münasibətlər soyumağa başlamış və Nərmin daha onu danışdırmamışdır. Sonralar isə Nərmin onun sinif yoldaşı X8 ilə dostluq eləməyə başlamışdır. O, da onların bu hərəkətlərinə məhəl qoymamışdır. Təxminən 07 may 2022-ci il tarixdə Fidanla həmsöhbət olan zaman Fidan ona Nərminin onun arxasınca danışdığını söyləmişdir. Nərmin onun dalınca danışaraq guya onun pozğun qız olduğunu söyləyərək hamıya bu barədə xəbər vermişdir. O, da Fidandan bu sözləri eşidəndə çox əsəbiləşmiş və Nərmindən intiqam almaq qərarına gəlmişdir. Bundan bir neçə gün sonra isə Nərminin tanışı Mədinə hətta onun qabağını gəsərək Nərmindən kənar olmasını söyləmişdir. O, da Nərminlə danışmadığını Mədinəyə demişdir. Bu hadisələr ona pis təsir etdiyindən o, Nərmindən intiqam almaq qərarına gəlmişdir. Fikirləşmişdir ki, bıçaq taparaq gedib Nərmini qorxutsun və Nərmin daha onun arxasınca belə şaiyələr yaymasın. Həmin vaxt onunla bir qonşuluqda yaşayan və eyni məktəbdə oxuduğu 11-ci sinif şagirdi Şahid3 qəfil ağlına gəlmişdir. O, Muradı məktəbdə görmüş və hətta Murad əvvələr ona üzərində bıçaq gəzdirdiyini də söyləmişdir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində təhsil aldığı 35 nömrəli məktəbdə olan zaman tənəffüsdə Murada yaxınlaşmış və ondan üzərində bıçaq olub-olmamasını soruşmuşdur. Murad isə cibindən açılıb bağlanan, qara və göy rəngli dəstəyi olan bıçağı çıxararaq ona göstərmişdir. O, Murada həmin bçaqdan xoşu gəldiyini, əgər mümkünsə ona verməsini istəmişdir. Murad da heç nə soruşmayaraq bıçağı ona vermişdir. O, bıçağı Muraddan alıb cibinə qoymuş, daha sonra sinif otağına keçib həmin bıçağı çantasına atmışdır. Dərsdən qaçıb Nərminin yaşadığı Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazsindəki 22 nömrəli binaya tərəf getmişdir. Həmin vaxt onun yanında heç kəs olmamışdır. Saat təxminən 12:30 radələrində o, Nərminin yaşadığı evə çatmış və onların qapısını döymüşdür. Bu zaman qapını Nərminin anası Səbinə açmış, Səbinəyə Nərmini çağırmasını söyləmişdir. Səbinə də onu tanıdığından heç nə soruşmayıb Nərmini çağırmışdır. Nərmin gələndən sonra sonuncuya söhbət etmək istədiyini deyib binanın həyətinə düşməsini bildirmişdir. Nərmin də ona etiraz etməyib onunla birlikdə yaşadıqları binanın həyətinə düşmüşdür. O, Nərmindən nə üçün onun barəsində şaiyələr yaydığını soruşanda Nərmin ona yaxşı etdiyini bildirmişdir. Bundan sonra Nərminlə aralarında sözlü mübahisə yaranmış və Nərmin onun ünvanına təhqiramiz sözlər işlətmişdir. Nərminə öz iradını bildirsədə sonuncu ona əhəmiyyət verməmişdir. O, Nərminin bu sözlərindən əsəbiləşərək açılıb bağlanan bıçağı açıb Nərmini qorxutmaq məqsədi ilə onun qolundan xəsarət yetirmək istəmiş və bıçağı vuranda Nərminin sinəsinin sol tərəfinə dəymişdir. Növbəti dəfə vuranda isə bıçaq Nərmin sağ qoluna dəymişdir. Nərmin həmin vaxt yerə yıxılmış və o bıçaqla sonuncunun kürəyinin sol tərəfinə də xəsarət yetirmişdir. O, Nərmini bıçaqla vurandan sonra sonuncu yerə yıxılmış və yenədə onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, da əsəbiləşib Nərminə bir dəfə təpiklə vurmuşdur. Bu vaxt orada olan sinif yoldaşının anası Samirə onun qolundan tutub kənara çəkmiş və onu danlamışdır. O, da əlində bıçaqla yola çıxıb tanımadığı şəxsə adam vurduğumu söyləmişdir. Həmin şəxs də polisə bu barədə məlumat vermiş və polis əməkdaşları gəlib onu polis idarəsinə aparmışlar. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, sonuncuya vurulmuş maddi və mənəvi ziyanı tam şəkildə aradan qaldırmasının nəzərə alınmasını və barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər 35 nömrəli tam orta məktəbin 9d sinifində oxuyur. Təqsirləndirilən şəxs onun oxuduğu məktəbin 8-ci sinifində oxuyur, onunla həmişə normal münasibəti olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. Ayla ilə 2021-ci ilin yay aylarından etibarən tanış olmuş və rəfiqə kimi münasibət saxlamışlar. Son vaxtlarda Aylanın hərəkətləri onun xoşuna gəlməmişdir. Beləki o, rəfiqələrindən, eləcədə digər şəxslərdən eşitmişdir ki, Ayla məktəbdə tərbiyəsiz hərəkətlər edir. Buna görə də o, 2022-ci ilin fevral ayından etibarən Ayla ilə əlaqəni tam olaraq kəsmişdir. 13 may 2022-ci il tarixdə təxminən saat 12:30 radələrində yaşadığı evdə olduğu zaman Ayla onların evinə gəlib onu çölə çağırmışdır. O, Ayla ilə yaşadığı binanın həyətinə düşəndən sonra söhbət zamanı onların arasında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı Ayla onun ünvanına təhqiramiz sözlər işlətmiş, o da cavabında Aylanı təhqir etmişdir. Sonra isə Ayla dəstəyi göy rəngli olan bıçaq çıxararaq bir dəfə onun sinəsinin sol tərəfinə, sonra sağ qol nahiyəsinə zərbə endirmişdir. O, Ayladan yaxa qurtarmaq üçün aralanmaq istəyəndə yerə yıxılmış və həmin anda Ayla bıçaqla onun kürək nahiyyəsinə də bir dəfə zərbə vurmuşdur. O, yerə yıxılandan sonra isə Ayla onun bədəninə təpiklə vuraraq ünvanına nalayiq söyüş söymüşdür. Həmin vaxt orada olan qonşuları Rumiyyə onlara yaxınlaşmış və Ayla oradan çıxıb getmişdir. Rumiyyə onu yerdən qaldıraraq yaşadıqları binanın yanında əyləşdirmişdir. Sonra isə təcili yardım çağıraraq onu xəstəxanaya aparmışlar. Hazırda Ayla ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhərində yerləşən 35 nömrli məktəbin 8ç sinifində təhsil alır. Təqsirləndirilən şəxs onun sinif yoldaşıdır, Zərərçəkmiş şəxs ilə isə rəfiqə olmuşdur. Təqsirləndirilən şəxs sifin yoldaşı olsada onunla münasibəti olmamışdır. 13 may 2022-ci il tarixdə, təxminən saat 08 radələrində oxuduğu 35 nömrəli məktəbə getmiş və sinif otağına gedən zaman Təqsirləndirilən şəxs da dərsdə görmüşdür. O, Ayla ilə həmsöhbət olsada sonuncu ilə Nərminlə bağlı heç bir söhbət etməmişdir. Sonuncu dərsdən, yəni 5-ci dərsdən onlar məktəbdən çıxmışlar, təsviri incəsənət dərsinə girməmişlər. Bundan snra Nərmini uzun müddətdir görmədiyindən onunla hal-əhval tutmaq qərarına gəlmişdir. Nərminin yaşadığı evə getmiş və qapını döyəndə qapını anası Səbinə açaraq Nərminin Ayla ilə çöldə söhbət etdiklərini demişdir. O, da aşağı düşəndən sonra Nərminin bədəni üzərində qan ləkəsinin olduğunu və Aylanın yerdə onu təpklə vurmasının şahidi olmuşdur. Bundan qorxub cəld Nərminin yaşadığı evə qalxmış və Nərminin anasına bu barədə məlumat vermişdir. Daha sonra Nərminin anası Səbinə aşağı düşmüşdür. O, da küçəyə çıxanda Aylanı görməmiş və Nərminə qonşuların kömək etdiyini görmüşdür. Aylanın əlində bıçağı görməsədə sonuncunun Nərmini yerdə təpiklə vurmasını görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2005-ci ildə Sumqayıt şəhərində doğulmuş və hazırda Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən təmir-tikinti idarəsində müvəqqəti məskunlaşmışlar. Təqsirləndirilən şəxs oxuduğu 35 ömrəli məktəbdən tanımış, həmçinin ayla onlarla bir məhəllədə yaşayırlar. Ayla ilə münasibəti normal olmuşdur. 13 may 2022-ci il tarixdə, təxminən saat 07 radələrində 35 nömrəli məktəbə gedən zaman 48-ci məhəllədə yerdən bıçaq tapmış və həmin bıçağı cibinə qoymuş, daha sonra məktəbə getmişdir. Yolda bıçağı açan zaman bıçağın qırıq olduğunu görmüşdür. Məktəb yolu ilə gedən zaman yolda Ayla ilə qarşılaşmışdır. Həmin vaxt bıçağı əlində oynatmışdır. Ayla onun əlində bıçağı görüb istəmişdir. O, Ayladan həmin bıçağı nə etdiyini soruşanda sonuncu bıçaqla şəkil çəkdirəcəyini demişdir. O, da bıçağı Aylaya vermiş və ondan ayrılmışdır. Həmin gün dərsdən çıxdıqdan sonra Qusar rayonuna getmişdir. Geri qayıdandan sonra isə Aylanın bıçaqla Nərmini vurmasını eşitmişdir. Aylanın bıçaqla cinayət törətməsindən xəbəri olmamış, Ayla bıçaqla kimisə vuracağını ona deməmişdir. Şahid1 məhkəmədə elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür, Təqsirləndirilən şəxs qonşusu kimi tanımış, onunla ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə, təxminən 12:30 radələrində yaşadığı binanın həyətində olduğu zaman səs-küy eşitmiş və baxanda Aylanın əlində bıçaqla Nərmini vuraraq xəsarət yetirdiyini və Nərminin yanında dayandığını görmüşdür. Tez onlara yaxınlaşıb Aylanı danlayaraq oradan getməsini demişdir. Sonra isə ora gələn qonşuların köməkliyi ilə Nərmin xəstəxanaya aparılmışdır. Həmin vaxt Nərminin bədəninin müxtəlif yerlərdindən qan axmışdır. Sonradan isə ona məlum olmuşdur ki. Hadisə zamanı Ayla bıçaqla Nərminə üç dəfə zərbə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt orada bəzi qonşuları olsada onların adlarını bilmədiyindən deyə bilməmişdir. Ayla və Nərminin arasında baş vermiş mübahisənin səbəbini bilməmişdir. (cild 1, iş vərəqə 21-23) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq açılıb qatlanan bıçaq olmaqla tiyəsi qara rənglidir, uzunluğu 6 sm-dir. Tiyənin sol yan səthində “U.S.A. Columbia” sözləri və “3CR13” rəqəmləri yazılmışdır. Dəstəyi qara rəngli metal korpusdan ibarət olmaqla üzərində təsvirlər olan göy rəngli lövhə vardır, uzunluğu 10 sm-dir. Təqsirləndirilən şəxs təqdim etmiş olduğu bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən n götürülmüşdür. (cild 1, iş vərəqə: 10) Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X1 təqdim etdiyi bir ədəd ağ rəngli alt köynyinin üzərində qana bənzər ləkələr və kəsilmiş zədələr vardır. Həmçinin mavi rəngli qısaqol köynəyin üzərində də qana bənzər ləkələr və kəsilmiş zədə izləri vardır. Səbinə Nuriyevə bildirmişdir ki, hadisə baş verən zaman qızı X5 üzərində həmin paltarlar olmuşdur. Səbinə Nuriyevanın təqdim etmiş olduğu paltarlar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (cild 1, iş vərəqə: 27-29) Cinayət işinin materiallarında olan “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şahid Təqsirləndirilən şəxs istintaqda vermiş olduğu ifadəsini yerində yoxlamaq məqsədilə Sumqayıt şəhər polis idarəsindən çıxaraq sonuncunun göstərdiyi istiqamətlə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən 22 saylı binanın yanına gəldik. Orada Təqsirləndirilən şəxs bir daha istintaqda vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirərək 13 may 2022-ci il tarixdə, saat 12:30 radələrində tanışı Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirmiş olduğu yeri göstərdi. İfadənin yerində yoxlanılması zamanı müəyyən olundu ki, hadisə baş verən yer Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisi olmaqla 22 saylı binanın qarşısıdır. (cild 1, iş vərəqə: 55-56) Cinayət işinin materiallarında olan məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2022ci il tarixli, 338/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: 0/İ/-dir. (şəxsiyyət vəsiqəsinin ksero surətinə əsasən). Ekspertizaya təqdim edilən bıçaq, parça kəsiyi, Zərərçəkmiş şəxs məxsus alt köynəyi üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız H antigeni alındı. Bu qan ləkələri AB0 sistemi üzrə 0/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 1, iş vərəqə: 57-61) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 682 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısın yan və arxa səthinin iki ədə boşluğa keçən deşilmiş-kəsilmiş yaraları, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, öz-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə döş qəfəsinin sol yarısın yan və arxa səthinin iki ədə boşluğa keçən deşilmiş-kəsilmiş yaraları yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarət, yəni sağ bazunun yuxarı 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. (cild 1, iş vərəqə: 62-65) Cinayət işinin materiallarında olan komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1391 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik ümayinənin nəticələri və s. sübut edir. Beləki, Zərərçəkmiş şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri aşkar olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs əqli və psixi inkişafının normaya uyğun olmaqla yaş xüsusiyyətlərinə uyğun olduğu aşkar olunur. Əqli və psixi inkişafı ilə əlaqədar yadda saxlamaq, təsvir etmək, qavramaq, öz hərəkətlərinin mahiyyətini dərk etmək imkanına malikdir. Psixi-emosional vəziyyətində hər hansı dəyişiklik müəyyən edilmir. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs hadisə vaxtında xroniki psixi xəstəlik, psixi fəaliyyətin pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilməyib. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik aşkar edilmir. Zərərçəkmiş şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək, onları idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs əqli-intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyytin xarici aləmə yönəlməsi) daha yaxındır. Əqli və psixi inkişafı ilə əlaqədar qavramaq, yadda saxlamaq, təsvir etmək və ona qarşı edilən hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. (cild 1, iş vərəqə: 69-72) Cinayət işinin materiallarında olan komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1543 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli və psixi inkişafının normaya uyğun olmaqla yaş xüsusiyyətlərinə uyğun olduğu aşkar olunur. Əqli və psixi inkişafı ilə əlaqədar yadda saxlamaq, təsvir etmək, qavramaq, öz hərəkətlərinin mahiyyətini dərk etmək imkanına malikdir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosionallıq, özünə qarşı hörmət tələb etmək, qıcığa qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman əqli-intellektual imkanlarına görə öz hərəkətlərinə cavab vermək, hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət törədən zaman situasiya ilə əlaqəli emosional reaksiya halını keçmişdir. Hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və daşvarnışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (cild 1, iş vərəqə: 73-75) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 273/MTKŞ-2022 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol maykanın (alt köynəyin) arxa səthində və sağ qolunun arxa səthində deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) tiyəsinin təsirindən törənməyə uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus qısaqol maykanın (alt köynəyin) üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs qzının məhkəmə-tibbi ekspertizasına dair ekspert rəyi təqdim edilmədiyindən, təqdim edilmiş qısaqol maykanın (alt köynəyin) üzərində olan deşilmiş-kəsilmiş zədələrlə, onun bədən səthində olan xəsarətlərin üst-üstə düşüb-düşməməsi barədə suala cavab vermək mümkün deyildir. Təqdim edilmiş bir ədəd parça hissəsi üzərində zədə aşkar edilmədi. təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. (cild 1, iş vərəqə: 86-91) İş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq, X1 təqdim etdiyi bir ədəd alt köynəyi, bir ədəd qısaqol köynək iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Təhsil Şöbəsi Vaqif İbrahimov adına 35 nömrəli tam orta məktəbdən verilən xasiyyətnaməyədən görünür ki, Təqsirləndirilən şəxs məktəbi 9ç sinif şagirdidir. Pandemiyadan sonra şagirddə müəyyən problem lər olduğunu hiss olunmuş, davranışlarında oğlansayağıhərəkətlər və aqresiya hiss olunmuşdur. Dərs prosesi zamanı özünü normal aparır, heç bir problem yaratmamışdır. Lakin tənəffüs zamanı özündən yaşca böyük şagirdlərlə yoldaşlıq etdiyini şahidi olunmuş, yoldaşları arasında lider olmağa çalışmışdır. (cild 1, iş vərəqə 93) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (cild 1, iş vərəqə 85) Cinayət işi materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etmiş olduğu ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək öz müdafiəsi üçün dəlil gətirməmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cı maddəsinə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəza təyin edərkən məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi əməldən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilərək Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəza şərti tətbiq edilməlidir. Belə ki, yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 30 uyun tarixli 4 №-li qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) da nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığ hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 1.cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 3. Yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. CM-in 70.1-ci maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasının bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs əməlini səmimi şəkildə etiraf edərək peşman olduğunu bildirməsi, zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması və ən əsası onun cinayət əməlini törədərkən yetkinlik yaşına çatmaması kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə Təqsirləndirilən şəxs 01 (bir) il sınaq müddəti ilə tətbiq edilməlidir. CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələrin qoyulması məqsədə müvafiqdir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. İş materiallarından görünür ki, 16 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan- Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq məhv edilməli, X1 təqdim etdiyi bir ədəd alt köynəyi, bir ədəd qısaqol köynək özünə qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-də saxlanılan- bir ədəd bıçaq məhv edilsin, X2 məxsus bir ədəd alt köynəyi, bir ədəd köynək özünə qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar