Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-48/2023 21.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 05 noyabr 2013-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək Cinayət Məcəlləsinin 29, 120.1 və 128-ci maddələri ilə təqsili bilinərək qəti olaraq 06 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin 10 avqust 2017-ci il tarixli qərarı ilə ona təyin olunmuş cəzadan vaxtından əvvəl şərti olaraq azad olunmuş, Sumqayıt şəhəri, X3 qəsəbəsi, Ə. Vahid küçəsi, ev 21-də qeydiyyatla yaşayan barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-təmiz çəkisi 10,716 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ayrı-ayrılıqda çəkisi 0,270 qram, 0,438 qram, 0,323 qram, 0,340 qram, ümumi təmiz çəkisi 1,371 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2021-ci il tarixdə saat 14:50 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, X3 qəsəbəsi, K.Kərimov küçəsində yerləşən asfalt zavodun inzibati binasının yaxınlığında küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş vəziyyətdə təmiz çəkisi 10,716 qram narkotik vasitə olan heroin, 01 ədəd qara rəngli selofan bükümdə 3 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,270 qram, 0,438 qram, 0,323 qram, 0,340 qram, ümumi təmiz çəkisi 1,371 qram olan psixotrop maddə metamfetamin və bir ədəd qara rəngli üzərində “Digital Scale” yazıları olan elektron tərəzi polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 5-6 aydır ki, narkotik vasitə heroin istifadə edir. Metamfetamin istifadə etməmişdir. 14 noyabr 2021-ci il tarixdə saat 9:00-10:00 radələrində polis əməkdaşları onu evdən tutub polis bölməsinə aparmışlar. Həmin tarixdən təxminən 1 həftə əvvəl eyni məhəllədə yaşadığı Yaşar adlı şəxsdən narkotik vasitə götürmüşdür. Yaşar ona narkotik vasitənin fotoşəkilini göndərmişdir. O da gedib narkotik vasitəni götürmüşdür. Daha sonra, yanacaqdoldurma məntəqəsində avtomobilinə yanacaq doldurarkən, Ayaz və Elçin adlı polis əməkdaşları “Vaz 2107” markalı avtomobil ilə ona yaxınlaşmışlar. Onların avtomobilinə əyləşmiş, ona fotoşəkillər və səsyazılarını göstərmişlər. Həmin fotoşəkillər və səsyazıları polis rəisinə göstərməklə onu hədələmişlər. Onlara axşam görüşmələrini və pul verəcəyini bildirmişdir. Axşamadək pul tapa bilməmişdir. Bir neçə gün sonra polis əməkdaşları gəlib onu evdə tutmuşlar. İttiham aktında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsində yerləşən asfalt zavodunun yaxınlığında saxlanıldığı qeyd olunsa da, onu həmin qəsəbənin “Kosmonavt” deyilən ərazisində saxlamışlar. Onu saxladıqları ev hərbçilər üçün yaşamağa verilən evdir. Polis əməkdaşları onu tutuduqları zaman evdə Zərnigar adlı qadın və Adəm adlı uşaq var idi. Onu tutan polis əməkdaşlarının adları Ayaz, Zaur və Elçin idi. Polis əməkdaşları tərəfindən ona hər hansı fiziki təzyiq olmamışdır. Onu hədələdikləri üçün narkotik vasitələrin hamısının onun üzərindən aşkar olunduğunu bildirmişdir. Məhkəmədə elan olunaraq tədqiq olunan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 234.4.3 maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, X3 qəsəbəsi, Ə.Vahid küçəsi, ev 21 ünvanında qeydiyyatla yaşayır. Əvvəllər iki dəfə məhkum olunmuş, sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 221.3, 126.2.4 maddələr ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Narkotik alüdəçisidir, bir ildir ki, narkotik vasitə olan kakosdan, şüşədən çəkməklə istifadə edir. Demək olar ki, bir gündən bir istifadə edir. Narkotikə olan tələbatını ödəmək üçün narkotiki müxtəlif yerlərdə, tanımadığı şəxslərdən alıb istifadə edir. xx.xx.2021-ci il tarixdə təxminən saat 14:50 radələrində Sumqayıt şəhəri, X3 qəsəbəsi, K.Kərimov küçəsində yerləşən asfalt zavodun inzibati binasının yaxınlığında küçədə olan zaman narkotik vasitələrin qəbulu və üzərində gözdirilməsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə dəvət edilmiş. Polis bölməsində olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Daha sonra, videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman özü əynimdə olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu bir ədəd qırmızı rəngli kiçik ölçülü əl çantasım və bir ədəd qara rəngli üzərində “Digital Scale” yazıları olan elektron tərəzini təqdim etmişdir. Həmin əl çantasının içərisində qara rəngli plastik qutu var idi, plastik qutunun içərisində isə 5 ədəd sellofan bükümlər var idi. Həmin 5 ədəd sellofan bükümlərindən 1 ədəd qara rəngli sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik toz halında maddə, digər 1 ədəd qara rəngli və 3 ədəd şəffaf rəngli sellofan bükümlərdə ağ rəngli kristal şəkilli maddələr var idi. Həmin vaxt üzərindən aşkar olunmuş bükümlərdəki kütlələr üzərində olan şəffaf rəngli sellofanla birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş və həmin maddələr və aşkar olunmuş elektron tərəzi xüsusi qaydada zərfdə qablaşdırılaraq möhürlənmiş və imzalamışlar. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddələr narkotik vasitələrdir, həmin maddələri təxminən 1 ay əvvəl İran vətəndaşından almış, belə ki, həmin şəxsin hesabına 180 manat pul köçürmüş, həmin şəxs narkotik vasitələri Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında 3-cü mkr döngəsinə çatmamış elektrik dirəyinin dibinə qoymuş, oraya gedərək narkotik vasitələri götürmüşdür. Eyni zamanda qeyd etmişdir ki, İran vətəndaşının mobil nömrəsini yolda tanımadığı bir şəxsdən təsadüfən almış. İran vətəndaşını üzdən görməmiş, onu tanımır, onun barəsində heç bir məlumatı yoxdur. Həmçinin qeyd etmişdir ki, narkotik istifadə etdiyini etiraf edir, həmin narkotiki almaqda məqsədi özü istifadə etmək olmuşdur, narkotik satmaq niyyəti olmayıb. Tərəzini də narkotik istifadə edən vaxtdan özü üçün almış, istifadə etdiyi narkotiki çox istifadə etməmək məqsədilə çəkir, ona görə də üzərində gəzdirmişdir. (Cild 1, i. vərəqi 63-65) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirməklə məhkəmədə verdiyi ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsinə dair əməliyyat daxil olmuşdur. Qurulan əməliyyat planı əsasında təqsirləndirilən şəxsi 2021-ci ilin noyabr ayında, günorta saatlarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kərim Kərimov küçəsində saxlamışlar. Onu Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində xidməti otaqların birində videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qanunsuz vasitələri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitələri və tərəzini təqdim etmişdir. Təxminən 4-5 bükümdə narkotik vasitə idi. Təqsirləndirilən şəxs saxlanılarkən müqavimət göstərməmiş və ona heç bir təzyiq göstərilməmişdir. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, X3 qəsəbəsi, Ə.Vahid küçəsi, ev 21 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2021-ci il tarixdə saat 14.50 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, X3 qəsəbəsi, K.Kərimov küçəsində yerləşən asfalt zavodun inzibati binasının yaxınlığında küçədə saxlayaraq Sumqayıt ŞPİ- nin 2-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis bölməsinə vəkil dəvət edilmiş və bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd qırmızı rəngli kiçik öçülü əl çantasını və 1 ədəd qara rəngli üzərində “Digital Scale” yazıları olan elektron tərəzini təqdim etmişdir. Təqdim edilən əl çantasının içində qara rəngli plastik qutu var idi, plastik qutunun içində 5 ədəd sellofan bükümlər var idi. Həmin sellofan bükümlərdən bir ədəd qara rəngli sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir, digər bir ədəd qara rəngli üç ədəd şəffaf rəngli sellofan bükümlərdə isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddələr aşkar edilmşdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün 1 ay əvvəl mobil telefon nömrəsi ilə danışdığı iran vətəndaşından almış, belə ki, həmin şəxsin hesabına 180 manat pul göndərmiş, həmin şəxsin narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında 3-cü mkr döngəsinə çatmamış elektrik dirəyinin dibinə qoymuş, oraya gedərək narkotik vasitəni və psixotrop maddəni götürmüş. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki kütlələr üzərində olan şəffaf rəngli sellofanla birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş. Həmin bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəq 95) Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsinə dair əməliyyat daxil olmuşdu. Qurulan əməliyyat planı əsasında təqsirləndirilən şəxsi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kərim Kərimov küçəsində saxlamışlar. Onu Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində xidməti otaqların birində videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qanunsuz vasitələri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitələri və tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxsin üzərindən heroin və metamfetamin aşkar edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/5050 saylı rəyindən göründüyü kimi, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 125” dairəvi möhür əksi olan 2 ədəd kağız paketdə olan: Üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 10,716 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 4 ədəd bükümdə аyrı-ayrılıqda təmiz çəkisi 0,270 qram, 0,438 qram, 0,323 qram, 0,340 qram ümumi təmiz çəkisi 1,371 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisi müəyyən edilmədi. (Cild 1, iş vərəqləri 35-40) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məcburi ambulator narkoloji yoxlamaya dair ekspertizanın xx.xx.2021-ci il tarixli, 5042 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 116-117) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış keçirilməsi haqqında” 14 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs təklif olunur. O isə əynində olan gödəkcənin sağ yan cibində saxlamış olduğu içərisində narkotik vasitə heroinə bənzər maddə olan 5 ədəd sellofan büküm olan 1 ədəd qırmızı rəngli kiçik ölçülü əl çantasını və 1 ədəd qara rəngli “Digital Scale” yazıları olan elektron tərəzini təqdim etmişdir. (Cild 1, iş vərəqləri 25-26) “Şəxsi axtarış keçirilməsi haqqında” 14 noyabr 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd ”DVD” formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 02 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 10,666 qram narkotik vasitə heroin və 1,251 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlama otağına təhvil verilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı disk iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 125-135) Cinayət işinin materiallarında olan “Cinayət işi materiallarından digər cinayət işinin ayrılması barədə” 03 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi üçün hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəq 136) Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hədələndiyinə görə boynuna alması, ittihamda göstərilən ərazidə deyil, başqa yerdə saxlanılması və üzərində narkotik vasitənin olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin hallarına daha uyğun olan mötəbər sübut kimi qəbul edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 10,716 qram narkotik vasitə heroinin şəxsi istehlak miqdarından təxminən 71 dəfə, külli miqdardan isə təxminən 5 dəfə artıq olması; həmçinin 1,371 qram psixotrop maddə metamfetaminin də şəxsi istehlak miqdarından artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar yoxdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və müvafiq məhkəmə aktının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 10 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 05 noyabr 2013-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 128-ci maddələri ilə təqsili bilinərək qəti olaraq 06 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər rayon məhkəməsinin 10 avqust 2017-ci il tarixli qərarı ilə Elvin Əlivediyev ona təyin olunmuş cəzadan vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. (Cild 1, iş vərəqləri 100-101, 111- 115) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü və 83.3.4-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən o, hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci və 18.2.2-ci maddələrinə əsasən cinayətlərin təhlükəli residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 14 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 76-78) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, onun barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə ilə bağlı məsəllərin həlli ilə əlaqədar qeyd edir ki, hazırkı iş üzrə 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ekspertiza tədqiqatından sonra qalıq qalan 10,666 qram narkotik vasitə heroin və 1,251 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 manat 82 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ekspertiza tədqiqatından sonra qalıq qalan 10,666 qram narkotik vasitə heroin və 1,251 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək dövlət nəfinə alınsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 manat 82 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-48/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-48/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver