Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-480/2024 11.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, 2-ci qrup əlilliyi olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və qurudulmuş marixuananı, psixotrop maddə olan metamfetamini əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı 1) daxil edilmiş 100,846 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, 670,0 qram çəkidə külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı 2) daxil edilmiş 01 (bir) ədəd sellofan bükümdə 3,391 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini əldə edib yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsi, 34 saylı evinə daşıyaraq, 01 (bir) ədəd sellofan bükümdə 8,502 qram çəkidə narkotik vasitə - heroini və 01 (bir) ədəd sellofan bükümdə 3,391 qram çəkidə psixotrop maddə - metamfetamini ayırıb əynində olan qara rəngli şalvarının sağ yan cibində, 03 (üç) ədəd sellofan bükümlərdə 45,705 qram, 25,906 qram və 20,733 qram çəkilərdə narkotik vasitə - heroini, 01 (bir) ədəd polietilen bağlamada 670,0 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuananı, narkotik vasitələrin və psixotrop maddələrin satışında istifadə etdiyi 01 (bir) ədəd elektron tərəzini 01 (bir) ədəd sellofan torbaya qoyaraq yaşadığı evin dəhlizindəki dolabda saxlamış, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 17 iyul 2023-cü il tarixdə, saat 22:00-da keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb orada xx.xx.2023-cü il tarixdə, saat 00:15dən saat 00:21-a kimi üzərində şəxsi axtarış aparılarkan əynində olan qara rəngli şalvarın sağ yan cibindən həmin 01 (bir) ədəd sellofan bükümdə 8,502 qram çəkidə narkotik vasitə heroin və 01 (bir) ədəd sellofan bükümdə 3,391 qram çəkidə psixotrop maddə metamfetamin, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq xx.xx.2023-cü il tarixdə, saat 01:45-dən saat 01:57-ə kimi yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsi, 34 saylı evdə baxış aparılarkan evin dəhlizindəki dolabda 01 (bir) ədəd sellofan torbada saxladığı həmin 03 (üç) ədəd sellofan bükümlərdə olan 45,705 qram, 25,906 qram və 20,733 qram olmaqla cəmi 92,344 qram çəkidə narkotik vasitə - heroin, 01 (bir) ədəd polietilen bağlamada 670,0 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana və üzərində heroin izləri olan 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, 2023-cü il iyulun 16-sı saat 23 radələrində evinin həyətinə daxil olmaq üçün qapını açmaq istəyəndə sonradan polis əməkdaşları olduğunu bildiyi bir neçə nəfər şəxs onu saxlayaraq minik maşına mindiriblər. Daha sonra həmin polis əməkdaşları özləri evin qapısını açıb evə daxil olublar, həmin vaxt evdə həyat yoldaşı və nəvəsi olub. Daha sonra onu da evə aparıblar və evdən bir ədəd sellofan çıxarıblar. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıblar və həmin sellofanda olan narkotik vasitənin ona aid olduğunu deməsini istəyiblər. O, etiraz etdikdə polis əməkdaşları ona müxtəlif fiziki və psixi təsirlər göstəriblər, o da məcbur qalıb onların dedikləri kimi ifadə verib və tərtib olunmuş sənədləri imzalayıb. Məhkəmədən onun bu işlə bağlılığı olmadığını və oğlu da həbsdə olduğu üçün nəvələrinin kimsəsiz qaldığını nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, onun yaşadığı ev Xırdalanda yerləşir. Onu əvvəlcə 2 nəfər polis əməkdaşı saxlayıb, amma sonradan saxlanıldığı yerə başqa polis əməkdaşları da gəliblər. X7 narkotik vasitələrin dövriyyəsi ilə bağlı tutulub, barəsində hökm də çıxarılıb və hazırda cəza çəkir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində və xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş, həmin ifadələrdə o, göstərmişdir ki, 17 iyul 2023-cü il tarixdə, saat 22:45 radələrində Abşeron rayonu, Xırdalan şəhərində piyada hərəkətdə olan zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşları olaraq təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Naıkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş Narkotiklərlə Mübarizə İdarəsində müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. O, könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 bükümdə qəhvəyi rəngli, narkotik vasitə hesab olunan heroini və 1 bükümdə ağ rəngli, psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sol yan cibindən 2 ədəd göy və qara rəngli Samsung markalı mobil telefonlar, ona məxsus şəxsiyyət vəsiqəsi və 1 ədəd açar aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və çəkisi 10 qram olmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 4 qram olmuşdur. Aşkar olunmuş həmin kütlələr qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, polis əməkdaşları ondan evində narkotik vasitə saxlayıb-saxlamamağını soruşmuşlar. O, polis əməkdaşlarına oğlu Elşadın külli miqdarda narkotik vasitələrin dövriyyəsini təşkil etməsi səbəbindən təxminən beş gün əvvəl Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanıldığını, təxminən iki gün əvvəl yaşadığı evdən oğlu Elşada məxsus olan narkotik maddələri tapdığını, özünün narkotik aludəçisi olduğunu, bu səbəbdən evdən tapdığı narkotiklərin üstündən götürüb istifadə etmək üçün üzərində saxladığını, narkotik maddələrin satışı ilə məşğul olmadığını, evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra müdafiəçisi və polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 2nda yerləşən evə gəlmişlər. Evə baxış keçirilərkən evin girişindən sol tərəfdə yerləşən dəhlizdəki taxta konstruksiyalı dolabda gizlətdiyi 1 ədəd sellofan torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin torbadan 3 bükümdə qəhvəyi rəngli narkotik vasitə heroin, 1 bükümdə yaşıl rəngli qurudulmuş narkotik vasitə olan marixuana və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 103 qram olmuşdur. Qurudulmuş marixuana tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə çəkisi 685 qram olmuşdur. Daha sonra aşkar olunan predmetlər qablaşdırılmışdır. Əməlindən peşman olduğunu, üzərində şəxsi axtarış və götürmə, evində baxış keçirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı zor tətbiq olunmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 17 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Xıradaln şəhəri ərazisində saxlanılaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi bildirilərək BMCMİ-nə dəvət olunmuşdur. İdarədə müdafiəçisinin də iştirakı ilə videoçəkiliş aparılaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman özü könüllü olaraq üzərindəki narkotik vasitə və psixotrop maddəni təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs 2019-cu ildən etibarən narkotik vasitələrdən istifadə etdiyini, həmin maddələri bir neçə gün əvvəl Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış X7 vasitəsilə əldə etdiyini, oğlu tutulduqdan sonra ona məxsus narkotik vasitənin yaşadıqları evdə qaldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs özü evdən marixuanaya və heroinə bənzər maddələrin olduğu bağlamaları, həmçinin elektron tərəzini təqdim edərək onların oğlu Elşad Məmmədova məxsus olduğunu bildirmişdir. Təqdim olunan maddələr və elektron tərəzi protokollaşdırılaraq götürülmüşdür. Şahid1 ona verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və sonradan heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxsin məhkəmədə bildirdikləri özünü müdafiə xarakteri daşıyır, onun üzərinə heç bir polis əməkdaşı narkotik vasitə qoymayıb. Məhkəmədə iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və onun məhkəmədə dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun qeyd etdiyi xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış və götürmə aparılması barədə” protokolda Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 02 (iki) ədəd sellofan bükümdə olan maddələri çıxarıb stolun üzərinə qoyaraq təqdim etməsi, şübhəli şəxsin üzərində şəxsi axtarış aparılarkan əynində olan qara rəngli şalvarının sol yan cibindən 02 (iki) ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və açar aşkar olunması, aşkar olunmuş sellofan bükümlərə açılaraq baxılması və sellofan bükümün birində narkotik vasitə heroinə bənzər kütlə, digərində isə, psixotrop maddə metamfetaminə bəzər kütlənin aşkar olunduğu, Təqsirləndirilən şəxs həmin bükümləri təqdim edərək birində “kakos” deyilən narkotik vasitə heroin, digərində “patı” deyilən psixotrop maddə metamfetamin olduğunu bildirməsi, narkotik vasitəyə bənzər kütlənin qablaşdırma ilə birlikdə elektron tərəzidə çəkildikdə 10 qram, psixotrop maddə metamfetaminə bənzər kütlənin qablaşdırma ilə birlikdə elektron tərəzidə çəkildikdə 4 qram olması, aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin bükümlərinin kağız zərfə qoyularaq qablaşdırılması və üzərində iştirakçılar tərəfindən imzalar edildiyi, aşkar olunmuş narkotik vasitə və psixotrop maddə ilə bağlı şifahi sorğuya cavab verərkən Təqsirləndirilən şəxs oğlu Elşadın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulması, oğluna məxsus narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsi, 34 saylı evdə qaldığını, o, özü narkotik vasitələr və psixotrop maddələr qəbul etdiyinə görə oğluna məxsus narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən götürüb özü qəbul etmək üçün üzərində saxladığını bildirməsi, Təqsirləndirilən şəxs hazırda yaşadığı evində oğluna məxsus narkotik vasitə və psixotrop maddələr qaldığını bildirməsi, evinə baxış keçirilməsinə etirazının olmadığını söyləməsi, təhqiqatçı tərəfindən şübhəli şəxsə ona polis əməkdaşları tərəfindən döymə, təzyiq və digər qanunsuz hərəkətlər edilibedilməməsi soruşulduqda Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən belə hərəkətlərin törədilmədiyini bildirməsi öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilməsi etiraz etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “evə baxış və götürmə aparılması haqqında” protokolda Təqsirləndirilən şəxs evin dəhlizində, sol tərəfdə ağ rəngli plastik qapının yanında olan taxta kobnstruksiyalı dolabdan 01 (bir) ədəd rəngli sellofan torbanı götürüb təqdim etməsi və içərisində narkotik vasitələr olduğunu bildirməsi, təqdim olunan sellofan torbaya evin otağında baxış keçirilməsi, torbadan 01 (bir) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, 02 (iki) ədəd ağ rəngli sellofan bükümdə və 01 (bir) ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə heroin və 01 (bir) ədəd qara rəngli elektron tərəzinin aşkar olunması, narkotik vasitə qurudulmuş marixuana qablaşdırılma ilə birlikdə çəkildikdə 685 qram, narkotik vasitə heroin bükümləri qablaşdırılma ilə birlikdə 103 qram olduğu, aşkar olunmuş narkotik vasitələrin və elektron tərəzinin sellofan torbaya qoyulub qablaşdırıldığı, evin digər otaqları və yaşayış sahələrindən narkotik vasitələr aşkar olunmadığı, aşkar olunmuş narkotik vasitələrlə bağlı şifahi sorğuya cavab verərkən Təqsirləndirilən şəxs oğlu Elşadın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulması və hazırda təqdim etdiyi narkotik vasitələrin oğlu Elşada məxsus olmasını bildirməsi öz əksini tapmışdır. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə və Təqsirləndirilən şəxs yaşadığı evə baxış və götürmə aparılması barədə protokollara əlavə edilmiş disklərdəki videogörüntülər nümayiş etdirilmiş və həmin videogörüntülərlə şahidlərin ifadələrində göstərdikləri xüsusatlar və protokollarda qeyd olunanlar öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 18 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3876 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-Zərflər üçün № 7” dairəvi möhür əksləri olan bir ədəd zərfdə və bir ədəd polietilen torbada qablaşdırılmış: Üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan ...” sözləri, soyad və imzalar olan zərfi açdıqda içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,391 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; l(bir) ədəd bükümdə təmiz çəkisi 8,502 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; Üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olun...” sözləri soyad və imzalar olan torbanın içərisində 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 45,705 qram, 25,906 qram, 20,733 qram, ümumi təmiz çəkisi 92,344 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək və digər bükümlərdə olan heroinlərlə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Təqdim edilmiş bir ədəd zərfdə və bir ədəd torbada ümumilikdə dörd ədəd bükümdə olan heroinlər kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi-100,846 qramdır; heroin və metamfetamin fərqli narkotik vasitə və psixotrop maddə olduğundan onlar arasında müqayisəli tədqiqat aparılmadı. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”- in siyahısına (Siyahı İ) daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə bioloji ekspertizasının 18 iyul 2023-cü il tarixli, 3-16-16/2-7/1030 saylı rəyindən görünür ki, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evindən ...” sözləri yazılmış polietilen bağlamada olan təmiz çəkisi 670,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş bir ədəd elektron tərəzidə bitki mənşəli narkotik maddələrin qalıqları yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi Qaydası”na və şərtlərinə, habelə narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkolji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin verdiyi xx.xx.2023-cü il tarixli, 3028 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlıərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları (diqqət, yaddaş, qavrama, təfəkkür, dərketmə və s) normaya uyğun olması, həmçinin emosional-iradi sferasında hösələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri səbirsizlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə iş üçün əhəmiyyət kəsb edən hallan düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə, həmçinin öz hərəkətlərinin mahiyyətini anlaya bilər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etdiyi mənbənin, habelə onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi üçün əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, əməliyyat tapşırığına əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu müəyyən olunmuşdur. Lakin onun narkotik vasitələri və psixotrop maddələri əldə etdiyi mənbəyi müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən xx.xx.2023-cü il tarixdə aşkar olunmuş 01 (bir) ədəd bükümdə çəkisi 8,502 qram olan narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə çəkisi 3,391 qram olan psixotrop maddə metamfetamin və yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsi, 34 saylı evdən aşkar olunmuş 03 (üç) ədəd bükümdə çəkisi ümumilikdə 92,344 qram olan narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə çəkisi 670,0 qram olan narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs kimdən və hansı mənbədən əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. Ona görə də, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işindən cinayət işi ayrılmışdır və həmin cinayət işi üzrə istintaq davam etdirilir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək ekspertiza tədqiqatından qalıq qalmış 100,446 qram çəkidə narkotik vasitə heroin və ekspertiza tədqiqatından qalıq qalmış 3,291 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq ekspertiza tədqiqatından qalıq qalmış 669,9 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd elektron tərəzi, habelə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, yaşadığı evinə baxış keçirilməsi barədə video çəkiliş görüntülərini əks etdirən 02 (iki) ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 100,446 qram çəkidə narkotik vasitə heroin və ekspertiza tədqiqatından qalıq qalmış 3,291 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq ekspertiza tədqiqatından qalıq qalmış 669,9 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd elektron tərəzinin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, yaşadığı evinə baxış keçirilməsi barədə video çəkiliş görüntülərini əks etdirən 02 (iki) ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron Rayon İcra Hakimiyyətinin 4 saylı MTİİTS-dən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 saylı MTİİTS-nə heç bir şikayət və ərizə daxil olmayıb. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasına, həmçinin “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə əldə olunaraq cinayət işi materiallarına əlavə edilmiş çıxarışa əsasən, Təqsirləndirilən şəxs 2-ci qrup əlilliyi vardır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs 2-ci qrup əlilliyinin olmasını CM-nin 59.2-ci maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində özünün üzərindən çıxarıb təqdim etdiyi narkotik vasitə və psixotrop maddələrin ona məxsus olduğunu demiş, həmçinin ona qarşı hər hansı fiziki və ya psixi təzyiqin göstərilmədiyini bildirmişdir. O, təqsirləndirilən şəxs qismində ilkin dindirilərkən də onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin heç birinin ona aid olmaması, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Əksinə üzərinə şəxsi axtarış və baxış, habelə evinə baxış və götürmə aprılması barədə protokollara əlavə edilmiş videogörüntülərdən, həmçinin onun ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrdən görünür ki, təqsirləndirilən şəxs öz əməlini qismən etiraf etmiş, lakin sonradan törətdiyi cinayət əməlinə görə onu gözləyən cinayət məsuliyyətindan yayınmaq üçün ibtidai istintaqın sonrakı gedişində və məhkəmə istintaqı zamanı özünü ümumiyyətlə təqsirli bilməyərək fərqli ifadə vermişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai araşdırmanın sonrakı mərhələsində və məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır və qeyd edir ki, onun üzərindən və evindən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, onların ayrı-ayrı bağlamalarda olması, evindən elektron tərəzinin də aşkar olunması təqsirləndirilən şəxsin həmin narkotik vasitələri şəxsi istifadəsi üçün deyil, satış məqsədi ilə üzərində gəzdirdiyini ehtiva edir. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsini məhkəmə məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri, ekspert rəyləri, protokollar, videogörüntülərlə və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və 19 iyul 2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, 15 noyabr 2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (iki) ay, yəni 18 noyabr 2023-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək uzadılmış, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 iyul 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkolji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Bundan başqa məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 100,446 qram olan narkotik vasitə heroin, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,291 qram olan psixotrop maddə metamfetamin, ekspert tədqiqatından sonra qalıq çəkisi 669,9 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş materiallarında olan 02 (iki) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 152 (yüz əlli iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 100,446 qram olan narkotik vasitə heroin, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,291 qram olan psixotrop maddə metamfetamin, ekspert tədqiqatından sonra qalıq çəkisi 669,9 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 152 (yüz əlli iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxsə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-480/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-480/2024
11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver