Məhkəmə qərarları › İş №1(124)-481/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-481/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-481/2024 22.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Qubadlı rayonu Abdalanlı kəndində doğulmuş, evli, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 07 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, Qubadlı rayonu, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 2 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 21,330 qram və 6,780 qram ümumi təmiz çəkisi-28,110 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda, 2 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,833 qram və 1,980 qram ümumi təmiz çəkisi 6,813 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 19:50 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 2 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 21,330 qram və 6,780 qram ümumi təmiz çəkisi- 28,110 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda, 2 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,833 qram və 1,980 qram ümumi təmiz çəkisi 6,813 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təzəlikcə azadlığa çıxdıqdan sonra öz həyətində narkotik vasitə satan şəxsi döymüş və sonradan bilmişdir ki, həmin şəxs Samir adlı əməliyyatçının adamıdır. Onu həbsdən çıxması ilə bağlı bəzi sənədlərə imza çəkməli olduğunu bildirərək polis idarəsinə çağırmışlar. O öz xoşu ilə Sumqayıt Şəhər Polis İdarəsinə getmişdir. Əməliyyatçı onu qarşılayaraq otağa aparmış və otaqda polis əməkdaşları ona fiziki təzyiqlər göstərmişlər. O, polis idarəsinə gedən zaman üzərində narkotik vasitə olmamışdır. O, narkotik vasitə istifadəçisidir, amma heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis idarəsində çəkiliş zamanı o, bir neçə dəfə etiraz etdiyi üçün çəkilişi dayandıraraq ona fiziki təzyiq göstərmiş və evindən narkotik vasitə çıxaracaqları barədə hədə-qorxu gəlmişlər. O, məcbur qalaraq polis əməkdaşları ilə razılaşmış və çəkiliş zamanı polis əməkdaşlarının söylədiklərini təkrar etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, təxminən 10 ildir ki, narkotik vasitələrdən istifadə edir. İbtidai istintaq zamanı o, 2 dəfə ifadə vermişdir. Polis əməkdaşı ona yaxınlaşaraq axtarışda olduğunu və müəyyən sənədlərə imza çəkməsi üçün polis idarəsinə gəlməsini təklif etmişdir. O, paltarlarını dəyişərək öz avtomobili ilə polis idarəsinə gətmişdir. Polis idarəsinə gedən zaman onun üzərində narkotik vasitə olmamışdır. Onun üzərində xəsarətlər olmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilən zaman müstəntiq ona kömək edəcəyi barədə söz verdiyi üçün hakimə həqiqəti danışmamışdır. **********39 nömrəsi ona məxsus olmuş və həmin nömrə ilə pul müqabilində narkotik vasitələrin alqı-satqısına dair SMS yazışmaları olmamışdır. Onun döydüyü şəxsin adı Eldar olmuşdur. O, Eldardan narkotik vasitəni həyətində yox, biraz kənarda satmasını xahiş etmiş, Eldar onun xahişinə məhəl qoymadıqda aralarında mübahisə yaranmış və o, Eldarı vurmuşdur. Tutulduğu gündən bir neçə saat sonra Eldarla Vüqar ona mesaj yazaraq harada olduğunu soruşmuş və onu gözlədiklərini bildirmişlər. Tutulmamışdan əvvəl ona narkotik vasitə təşkil etməsi ilə bağlı SMS-lər gəlməmişdir. O, saat 4-5 radələrində polis idarəsinə getmişdir. Həmin vaxt **********39 nömrəli telefon onun üzərində olmuşdur. Polis idarəsinə girən zaman da telefonu üzərində olmuşdur. O, Eldara yumruq vurmuş, Eldar Samirə onun barəsində şikayət etmişdir. Polis əməkdaşlarının təzyiqi altında qalaraq ibtidai istintaq zamanı fərqli ifadə vermişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, təxminən 15 ilə yaxındır ki, narkotik və psixotrop maddələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri Dəmir Yolu vağzalının yaxınlığından keçən zaman yerdə 2 ədəd şəffaf sellofan bükülü görüb götürüb içərlərinə baxanda, bir selofan bükülünün içərisində olan 2 selofan bükümdə heroin, digər selofan bükülünün içərisində olan 2 selofan bükümdə metamfetamin olduğunu görmüş və həmin maddələri özünə qəbul etmək məqsədilə əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyub saxlamışdır. Belə ki, bir neçə saatdan sonra saat 19:50 radələrində Sumqayıt şəhəri 29-cu məhəllə ərazisində olan zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt Şəhəhr Polis İdarəsinin polis əməkdaşları olduqlarını bildirib onu saxlamışlar və onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğunu, bununla bağlı üzərində şəxsi axtarış keçirilməsi üçün polis idarəsinə dəvət etmişlər. Polis İdarəsinə gəldikdən sonra xidməti otaqda təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmağı, bununla əlaqədar ona hüquq və vəzifələri və tutulmağının səbəbi izah edilərək ona Sumqayıt Regional Vəkil Bürosunun vəkillərin siyahısı təqdim edilmişdir. Siyahıdan özünə X5 müdafiəçi qismində seçmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra üzərində iştirakçıların iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulan zaman o, əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 2 ədəd şəffaf sellofan bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülülərin içərisinə baxılan zaman 4 ədəd selofan bükümlər, həmin bükümlərin içərisinə baxılanda isə 2 selofan bükümdə heroin və 2 selofan bükümdə metamfetamin aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş həmin maddələr elektron tərəzidə çəkilmiş, 2 bükümdə olan metamfetamin ümumi çəkisi 7,09 qram, digər 2 ədəd bükümdə olan heroinin ümumi çəkisi 30,31 qram olmuşdur. Həmin maddələr ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdınlaraq möhürlənmiş və tərəflərindən imzalanmışdır. Bundan başqa şəxsi axtarış zamanı üzərindən 1 ədəd ***-***-**-** nömrəli Samsunq markalı və 1 ədəd nömrəsiz Redmi markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Sonra bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzaları ilə təsdiq etmişlər. Üzərindən aşkar edilərək götürülmüş 2 bükümdə heroini və 2 bükümdə metamfetamini xx.xx.2023-cü il tarixdə saxlanmazdan bir neçə saat əvvəl saat 17 radələrində Sumqayıt şəhəri Dəmir Yolu vağzalının yaxınlığından keçən zaman yerdən tapmış, həmin maddələri özünə qəbul etmək məqsədilə üzərində saxlamışdır. Əldə etdiyi həmin heroin və metamfetamindən kiməsə verməmiş, narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmur, özünə qəbul edir (cild 01, iş vər. 61-62). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 24 sentyabr 2023-cü il tarixdə axşam saat 20:00 radələrində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və şəxsin yeri müəyyən olunaraq 29-cu məhəllə ərazisində saxlanılmışdır. Şəxs polis idarəsinə gətirilmiş və polis idarəsində inzibati otaqların birində vəkilin və təhqiqatçının iştirakı ilə şəxsin üzərinə baxış keçirilmişdir. Baxış zamanı səhv etmirsə, şəxsin üzərindən 3-4 bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunmuşdur. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, aşkar olunan bükümlərin çəkisi təxminən, 30 qrama yaxın olmuşdur. Onlar tərfindən şəxsə fiziki təzyiq göstərilməmişdir. Əməliyyat qrupuna o rəhbərlik etmiş, daxil olan əməliyyat məlumatının məzmunu şəxsin narkotik vasitələri üzərində gəzdirməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmuşdur. Şəxsi 29-cu məhəllə ərazisində saxlamışlar. Şəxsin avtomobili ilə deyil, öz avtomobilləri ilə polis bölməsinə getmişlər. Şəxsi piyada hərəkətdə olan zaman saxlamışlar. Şəxsin avtomobili olması və həmin avtomobilin polis bölməsinə gətirilməsi barədə məlumatı yoxdur. Şəxsə qarşı onlar tərəfindən heç bir güc tətbiq olunmamışdır. Şəxs saxlanılanda onlara qarşı müqavimət göstərməmişdir. Şəxs saxlanılanda onun üzərində gözlə görünən hər hansı xəsarət olmamışdır. Şəxsin təcridxanaya daxil olarkən üzərində aşkar olunmuş xəsarətlərin hansı səbəbdən yarandığını bilmir. Bu məsələ ilə bağlı heç bir dövlət orqanına izahat verməmişdir. Şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuşdur. Şəxs barəsində əvvəllər onda məlumat olmamışdır. Daxil olan məlumatla bağlı əməliyyat-qeydiyyat işi açılmamış, təxirəsalınmaz tədbir keçirilmişdir. Şəxsin narkotik vasitələri kimə satmasının sübut olunması məqsədilə əməliyyat tədbirinin davamı kimi heç bir tədbir keçirilməmişdir. Şəxsin evinə və avtomobilinə baxış keçirilməmişdir. O, şəxsin müvəqqəti saxlanma yerinə təhvil verilməsində iştirak etməmişdir. Şəxs müvəqqəti saxlanma yerinə təhvil veriləndə onun topuğunda xəsarət aşkar olunmuş, amma aktlaşdırılması barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə həmin tarixdə Sumqayıt şəhəri ərazisində xx.xx.1983-cü ildə Qubadlı rayonunda anadan olan, Qubadlı rayonu, Abdanalı kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsi, satması və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə Sumqayıt şəhəri ərazisində külli miqdarda narkotik vasitələri üzərində gəzdirməsində, satmasında və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 29-cü məhəllə ərazisində saxlanılaraq aidiyyəti üzrə Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd şəffaf selofan büküm aşkar olunmuş, həmin sellofan bükümlərin içərisində 4 ədəd sellofan bükümlərin olduğu müəyyən olunmuş, həmin bükümlər açılan zaman 2 ədəd selofan bükümlərin hər birinin içərisində psixotrop maddə olan metamfetaminə bənzər, digər 2 ədəd şəffaf selofan bükümlərin hər birinin içərisində narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu müəyyən olunmuşdur. Aşkar olunan kütlə elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 29-30). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/5048 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində“Vət.Təqsirləndirilən şəxs aşkar edilmiş 4(dörd) büküm maddə..." yazı və imzalar olan zərfdə 2 ədəd selofan kəsiyində hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 21,330 qram və 6,780 qram olmaqla, ümumi çəkisi 28,110 qram olan qəhvəyi rəngli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfin içərisində olan 2 ədəd selofan kəsiyi bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4,833 qram və 1,980 qram olmaqla, ümumi çəkisi 6,813 qram olan ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01, iş vər. 37-40). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən əldə olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə dair məlumatları əks etdirən CD diskə baxış keçirərkən xx.xx.2023 - xx.xx.2023-cü il aralıqda aşağıdakı məzmunda SMS-lər aşkar olunmuşdur: xx-xx-2023 10:59:12 1.1.**********39 1.1.**********85 Bildim qaqa men qubadayam istrahete getiribler xx-xx-2023 17:23:40 1.1.**********39 1.1.**********38 Bibi başlva dönerem emiye de meni ylqsln panidor xiyar tapşımışdı xx-xx-2023 17:30:23 1.1.**********39 1.1.**********85 Çavab ver n xx-xx-2023 17:33:55 1.1.**********39 1.1.**********51 **********. ..Zau xx-xx-2023 19:19:44 xx-xx-2023 19:19:44 1.1.**********39 1.1.**********51 Hardasan 30 man var göruşek verim sene bakldan geldim veziyet pisdi xx-xx-2023 11:34:59 1.1.**********39 1.1.**********51 Vüqar seni vurmaq isteyirler demişem sen guya meni görursen mende t xx-xx-2023 11:35:00 xxxx-2023 11:35:00 1.1.**********39 1.1.**********51 urmeye ibişe turala qaraya gönderirem seni ximistroy uşaqlarl artar xx-xx-2023 11:36:50 1.1.**********39 1.1.**********51 İrdlmene tecili zeng vur xx-xx-2023 11:33:10 1.1.**********39 1.1.**********14 Qaqa seni 29 daki bulaqın qabaqında gozleyirik axl xx-xx-2023 22:52:04 1.1.**********39 1.1.**********70 Teli ac basqa isim var xx-xx-2023 23:16:33 1.1.**********39 1.1.**********70 Ne olmuşdu sene zeng xx-xx-2023 23:51:04 1.1.**********39 1.1.**********70 Ne olmuşdu sene zeng xx-xx- 2023 23:57:56 1.1.**********39 1.1.**********70 Zaryatkam yoxldl tezden gelecem evde ol birde torpaq isyeseler tezden indi yatlram var xx-xx-2023 12:45:54 1.1.**********39 1.1.**********36Yeke kiwisen telefonu acda qalmisam yolun ortasinda birdene kendir tap gel hardasan telefonu ac xx-xx-2023 16:47:49 1.1.**********39 1.1.**********70 Qaqa mene cox zeng g xx-xx-2023 14:12:20 1.1.**********39 1.1.**********70 Qaqa 25m vurdum 1-2 xxxx-2023 09:14:13 1.1.**********34 1.1.**********39 Açar qene duşdi bax maşina xx-xx-2023 07:08:21 1.1.**********85 1.1.**********39 Ay brat bu menim teze nömremdi çox adama bildirmirem! Gldar.xx-xx-2023 19:14:59 1.1.**********42 1.1.**********39 Seni gozleyirem xxxx-2023 21:33:33 1.1.**********42 1.1.**********39 Qaqam men seni gozleyimhe yox de bilim xx-xx-2023 17:30:21 xx-xx-2023 17:30:21 1.1.**********85 1.1.**********39 Cavab ver ne oturmuşam burda qijdulaq kimi! Zeng ed mene ! xx-xx-2023 17:33:53 1.1.**********51 1.1.**********39 **********...Zaur xx-xx-2023 11:16:21 1.1.**********85 1.1.**********39 Lazım deil? Eçne? xx-xx-2023 23:16:33 1.1.**********70 1.1.**********39 Ne olmuşdu sene zeng catmir xx-xx-2023 16:47:46 1.1.**********70 1.1.**********39 Qaqa mene cox zeng gelirde tema isdiyen cetnen imkan var eldar yarı versin satim pulunu verim satdiqcan goturum xx-xx-2023 19:28:08 1.1.**********39 1.1.**********39Kamranın evi xx-xx-2023 14:12:16 1.1.**********70 1.1.**********39 Qaqa 25m vurdum 1-2 saata qalan pulu xx-xx- 2023 19:52:56 1.1.**********85 1.1.**********39 Ay qaqa hardasan? xx-xx-2023 21:21:39 1.1.**********51 1.1.**********39 Qardasim bir soz deyin de camaatdan pul alib qelmişik (cild 01, iş vər. 109-111). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 7069 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 124-125). Cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 3-13-58/2- 19386/24 saylı məktubdan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasında quraşdırılmış videogörüntü kameraların arxiv müddəti keçdiyindən videogörüntünü təqdim etmək mümkün olmadığı qeyd olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1 və 234.4.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 153-164). Cinayət işinin materiallarında olan Sumqayıt şəhər prokurorunun köməkçisi, 3-cü dərəcəli hüquqşünas İmran Əhmədov tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tibb-sanitar hissədə müayinəsi zamanı bədəni üzərində xəsarətlərin aşkar edilməsi faktı əsasında toplanmış 616C-23 saylı ilkin yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 106-107). İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə Sumqayıt şəhəri ərazisində xx.xx.1983-cü ildə Qubadlı rayonunda anadan olan, Qubadlı rayonu, Abdanalı kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsi, satması və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 29-cü məhəllə ərazisində saxlanılaraq aidiyyəti üzrə Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən 28,110 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 6,813 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.Götürülmüş maddələr məhkəmə kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitə və psixotrop maddə aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaqın ilkin dövrlərində verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən aşkar olunan narkotik vasitənin və psixotrop maddə metamfetaminin ona aid olmaması, polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması, məcbur qalaraq narkotik vasitəni boynuna alması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmiş, əksinə məhkəmədə özünü törətdiyi əməldə təqsirli bilərək əməlindən peşman olduğunu qeyd etmiş, narkotik vasitəni istifadə etmək üçün əldə etdiyini göstərmişdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman və daha sonra polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qaldığını bildirsə də, həmin xüsusatlar Sumqayıt şəhər prokurorluğunda araşdırılmış, lakin təqsirləndirilən şəxs tərəfindən qeyd edilən xüsusatlar öz təsdiqini tapmadığından, həmin xüsusatlarla bağlı cinayət işinin başlanması rədd edilmişdir. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırmanın ilkin dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitə və psixotrop maddənin onun üzərindən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaqın ilkin dövrlərində verdiyi ifadəsini qoyur. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, şəxsin üzərindən narkotik vasitə ilə yanaşı, psixotrop maddə metamfetaminin aşkar olunması, aşkar olunan narkotik vasitənin və psixotrop maddənin miqdarının külli miqdardan dəfələrlə çox olması, o cümlədən narkotik vasitənin satışına dair SMS-lərin iş materillarında mövcud olması bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni və psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, mənzil 67 ünvanında qeydiyyatda olmaqla yaşayır, Qubadlı rayonundan məcburi köçkündür və qeydiyyatda olduğu yer üzrə normal səciyyələndirilir (cild 01, iş vər. 85-86). Təqsirləndirilən şəxs məcburi köçkün olması CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 ay 07 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmişdir (cild 01, iş vər. 81-82). Belə olan halda, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum oluduğu cinayət əməli az ağır cinayət sayıldığından və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin yarısından az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 20). Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 68-71). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzaçəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 28,01 qram narkotik vasitə heroin və 6,713 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 88 AZN (səksən səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358 -ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 28,01 qram narkotik vasitə heroin və 6,713 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 02 ədəd diskin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 88 AZN (səksən səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar