Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-487/2024 07.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Xaçmaz rayonu, Sayad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Xaçmaz rayonu, Mürsəliqışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.4, 29, 120.2.9 və 157.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsə qarşı yivsiz odlu ov silahından istifadə etməklə, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma xəsarətləri yetirmiş və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq edib mənzilə daxil olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan guya 2002-ci ildə ögey bacısı Şahid3 Zərərçəkmiş şəxs1 tərəfindən zorlandığını bəhanə edib sonuncunu xuliqanlıq niyyəti ilə cəzalandırmaq qərarına gələrək öz niyyətini həyata keçirmək məqsədi ilə ovçular mağazasından aldığı 02 ədəd 16 kalibrli patronun içərisindəki qırmaları çıxarıb həmin patronları duzla dolduraraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi 1948-ci ildə Tula silah zavodunda istehsal edilmiş, 16 kalibrli, “E” modelli, 56130-48 №-li qoşalüləli tüfəng olan yivsiz odlu ov silahını duzla doldurduğu patronlarla birlikdə özü ilə götürüb 29 avqust 2023-cü il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 Xaçmaz rayonu, Sayad kəndi ərazisindəki kənd məscidindən 200 metr cənub istiqamətində yerləşən fərdi yaşayış evinin yaxınlığına gedib duzla dolu olan patronları silaha daxil edərək atəşə hazır vəziyyətə gətirdikdən sonra havanın işıqlanmasını gözləyib həmin gün saat 08 radələrində evin giriş qapısının qarşısında Zərərçəkmiş şəxs2 zor tətbiq etməklə sonuncunu itələyib yerə yıxaraq Zərərçəkmiş şəxs2 “hər iki bud nahiyəsinin qançırları” kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirib zərərçəkmiş şəxsin iradəsi ziddinə mənzilə daxil olub evin qonaq otağında döşəmədə yatmış, aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 həmin silahdan həyat üçün təhlükəli olan baş nahiyəsi istiqamətində qəsdən bir dəfə atəş açıb sonuncuya “sol gözündə buynuz qişanın yaralanması, travmatik katarakta, sol göz qapaqlarının hematoması” kimi bir gözdə görmənin tam itməsi - əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vuran xəsarət yetirmiş, bununla da o, aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 yivsiz odlu ov silahından istifadə etməklə, xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurma xəsarətləri yetirmiş, habelə zor tətbiq etməklə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq etməklə mənzilə daxil olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamlar üzrə qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs1 uşaqlıq vaxtlarından Xaçmaz rayonu, Sayad kənd sakini kimi tanıyır. 2002-ci ildə Seyidağa ilə eyni maşında yol gedərkən Seyfiağa ortaq tanışları olan bir şəxs barəsində nalayiq ifadələr işlətdiyindən onlar arasında mübahisə yaranıb. Sonradan həmin gün Seyidağa ögey bacısı Şahid3 zorlamışdır və buna görə də Seyidağa ilə arasında ədavət yaranıb. Bir müddət Rusiya Federasiyasında yaşadığı və səhhətində problemlər yarandığı üçün Seydağanın cəzasını verə bilməyib. 2022-ci ildə Seyidağa başqa şəxslərə qarşı da qeyri-əlxalqi hərəkətlərə yol verdiyi üçün onun qarşısını almaq və cəzalandırmaq məqsədilə Xaçmaz rayonunda yaşayan tanımadığı şəxsdən qoşalüləli, 16 kalibrli ov tüfəngini alıb yaşadığı evdə saxlayıb. Hadisədən bir neçə gün əvvəl Xaçmaz şəhəri ərazisində yerləşən mağazadan 2 patron alıb, evdə patronların qırmasını boşaldıb içərisinə duz doldurub və duz patronun içindən tökülməsin deyə şamı əridərək patronların arxa hissəsinə töküb. 29 avqust 2023-cü il tarixdə, saat 04 radələrində silahı və patronları idman çantasına yığıb tanımadığı taksi ilə Xaçmaz rayonu, Sayad kəndinə yola düşüb. Sayad kəndinə çatdıqdan sonra Seyidağagilin evinin həyətinə keçərək silahı hazır vəziyyətə gətirib səhərin açılmasını gözləyib. Saat 08 radələrində Seyidağanın arvadı Mamaqız qapını açıb çölə çıxanda qapının qarşısında əlində silahı görüb qışqırmağa başlayıb. O, Mamaqızın çiyninə dəyib, yəni onların çiyni sürtüşüb və o, evə daxil olub, bu zaman Mamaqıza heç bir xəsarət yetirməyib. Evin qapısından daxil olanda qarşısına dəhliz çıxıb və dəhlizdəki sol tərəfdəki otaqda Seyidağanın oturduğunu görüb. O, silahı Seyidağaya tərəf tuşlayıb və silahdan bir dəfə atəş açıb, lakin o Seyidağanın üzünə atəş açmayıb, əgər elə olsaydı, sonuncu daha ağır xəsarət alardı. Seyidağa sifət nahiyəsini tutub qışqıraraq yan üstə yerə uzanıb. O, Seyidağaya xəsarət yetirdiyini anladığı üçün hirsi soyuyub və evi tərk edərək həyətə çıxıb. Daha sonra silahı söküb idman çantasına qoyaraq tanımadığı taksi ilə yaşadığı kəndə gəlib. O, cinayət əməli törətdiyini etiraf edir, lakin ona verilən ittiham çox ağırdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən barəsində daha yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, ögey bacısını Zərərçəkmiş şəxs1 zorladığını gəzən söz söhbətlərdən eşidib. Bildiyinə görə bu hadisə 2002-ci ildə baş verib və heç kim hüquq-mühafizə orqanlarına müraciət etməyib. Məqsədi Zərərçəkmiş şəxs1 qeyri-əxlaqi hərəkətlərinin qarşısını almaq, onu qorxudub cəzalandırmaq olub. Hadisə baş verən vaxtı o və Seyidağa ayrı kəndlərdə yaşayıblar. O, Seyidağanın evinə taksi ilə gedib. Onun Seyidağanı öldürmək niyyəti olmayıb. Silahda 02 ədəd patron olub, patronların da içində qırma olub. O özü patronların içini boşaldıb və duzla ilə doldurub. Seyidağanı öldürmək niyyəti olsaydı patronlardakı qırmaları boşaltmaz və içərisinə xörək duzu qoymazdı. Duzla adam öldürmürlər ki, ona görə o, patronların içinə duz doldurub. Bundan başqa, hadisə zamanı silahın içərisində əlavə bir patron da olub. Həmin patronla Seyidağaya atəş aça bilərdi, yəni buna imkanı olub, ancaq buna lüzum qalmayıb, çünki fikri Seyidağanı cəzalandırmaq və sonuncudan hirsini çıxmaq olub. İkinci patronu da atmağa imkanı olub, ona mane olan olmayıb, lakin o özü atmaq istəməyib. O, Mamaqızı itələməyib, onun yanından çiyninə dəyib keçib, Mamaqızın yıxılmasını hiss etməyib. O, otağa daxil olanda Seyidağa yatmayıb, oyaq vəziyyətdə yataq yerində oturmuş vəziyyətdə olub. Ola bilsin ki, Seyidağa o, evə daxil olana qədər yatıbmış, lakin səs-küyə oyanıb, lakin o, artıq otağa daxil olanda Seyidağa oyaq olub. O atəş açanda Seyidağa ilə arasındakı məsafə 2-3 metr olub. O, yalnız bir dəfə atəş açıb. Onun niyyəti Seyidağanı öldürmək deyil, yaralamaq və sonuncunu cəzalandırdırmaq olub. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Sayad kəndində doğulan həmkəndlisi kimi tanıyır. Raqiflə arasında dostluq və düşmənçilik münasibəti olmayıb. Raqifin atası Əskər Manafovla arasında uzun müddət ailəvi dostluq münasibəti olub və ara-sıra onların evlərinə ailəvi olaraq qonaq gedib. 29 avqust 2023-cü il tarixdə, saat 08 radələrində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə gəlib, arvadı Zərərçəkmiş şəxs2 ilə rastlaşıb və Mamaqızı itələyərək içəriyə daxil olub. O isə olanlardan xəbərsiz olaraq yataq otağında döşəmədə yatılı vəziyyətdə olub. Təqsirləndirilən şəxs yataq otağının qapısını açdıqda səsə oyanıb və qarşısında Raqifi görüb. Bundan sonra Raqif özü ilə gətirdiyi qoşalüləli ov tüfəngi ilə onun üz sifət nahiyəsinə bir dəfə atəş açıb və o, sol göz nahiyəsindən xəsarət alıb və huşunu itirib. Daha sonra o, xəstəxanaya aparılıb. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, gözündən aldığı xəsarətə görə ona 3-cü qrup əlillik təyin edilib, lakin o, yaşa görə pensiya aldığı üçün əlilliyə görə pensiya almaqdan imtina edib. Gözündən aldığı xəsarətə görə indi də müalicə alır. Həmin gözü kor olub. Raqifin bacısı Zabitəni də tanıyır, lakin onlar arasında hər hansı münasibət olmayıb, Raqifin onlar haqqında dedikləri sonuncunun uydurmasıdır. Raqif ancaq bir dəfə atəş açıb və çıxıb gedib. Onun ikinci dəfə atəş açmağa imkanı olub, heç kim Raqifə mane olmayıb, lakin Raqif bir dəfə atəş açdıqdan sonra özü könüllü olaraq çıxıb gedib. Raqif ona atəş açanda Mamaqız və ya başqa heç bir şəxs həmin otaqda olmayıb. O, düşünür ki, Raqifin niyyəti onu öldürmək olub. Raqifin silahla onun hansı nahiyyəsini nişan aldığını görməyib, çünki Raqif otağa girən kimi atəş açıb. Təqsirləndirilən şəxs şikayətçidir, onun barəsində qanunamüvafiq ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs atası Əskər Manafovla onun həyat yoldaşı Seyidağa arasında uzun müddət dostluq münasibətləri olub və ara-sıra onların evlərinə ailəvi olaraq qonaq da gediblər. 29 avqust 2023-cü il tarixdə, saat 08 radələrində yaşadıqları evin həyətində Təqsirləndirilən şəxs əlində silahla görüb. Raqif onun üstünə gəlib və onu itələyib, o yerə yıxılıb və qulağındakı eşitmə cihazı da yerə düşüb sınıb. Bundan sonra qorxduğu üçün həyətə doğru qaçaraq qışqırıb qonşuları çağırıb, Raqifin ardınca evə daxil olmayıb. Bir müddət keçdikdən sonra qonşuları ilə birlikdə ərinin yanına gedib və Seyidağanın odlu silahdan açılan atəş nəticəsində üz nahiyəsinin və sol gözünün xəsarətlər aldığını görüb və Seyidağa Raqifin silahla onu vurduğunu deyib. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs Seyidağanı silahla vurmasını görməyib. Onun yıxıldığı yerlə Seyidağanın yatdığı yer arasında təxminən 20 metr məsafə olub. Raqifin haqqında həm ailəsi, həm də kənd əhalisi arasında mənfi rəy olduğu üçün onlar da həmişə Raqifdən qorxublar. Təqsirləndirilən şəxs şikayətçidir, onun barəsində qanunamüvafiq ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Raqif tutulana qədər Xaçmaz rayonu, Mürsəlqışlaq kəndində tək yaşayıb. Guya bacısı Şahid3 Zərərçəkmiş şəxs1 tərəfindən zorlanması barədə Təqsirləndirilən şəxs göstərdikləri yalandır. Bacısı təxminən 15-20 il bundan əvvəl ərə gedib və hazırda Xaçmaz rayonunda ailəsi ilə birlikdə yaşayır. Raqif onunla da Zabitənin zorlanması barədə danışıb, lakin o özü də Zabitədən bu barədə soruşanda Zabitə inkar edib. O, sonradan eşidib ki, qardaşı Raqif guya Seyidağanın bacısı Zabitəni zorlamasını bəhanə gətirərək içinə duz doldurduğu patronu yerləşdirdiyi silahla 29 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 vurub. Zabitənin Raqifə nəsə deyib-demədiyini bilmir. Raqif ona heç vaxt Seyidağanı cəzalandırmaq istədiyini deməyib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. O, birbaşa hadisənin şahidi olmayıb. Sonradan 29 avqust 2023-cü il tarixdə qardaşı Raqifin silahla Seyidağanı gözündən vurduğunu, Seyidağanı vurduğu patronu Raqifin duzla doldurduğunu eşidib. O isə 20 ildir X5 ilə evlidir və həmin evlilikdən 2 qız və 1 oğlan övladı vardır. Seyidağanın onun atası Əskər Manafov ilə dostluq münasibətləri olub. Zərərçəkmiş şəxs1 ilə onun arasında heç bir münasibət olmayıb, qardaşı Raqifin bu barədə dedikləri həqiqəti əks etdirmir. Məhkəmədə iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər, yəni təxminən 20-25 il bundan qabaq onların kəndində yaşamışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun qonşularıdır və onların övladı yoxdur. 29 avqust 2023-cü il tarixdə səhər saat 08 radələrində yaşadığı evin həyətyanı sahəsində işləyərkən Zərərçəkmiş şəxs2 qışqırıq səslərini eşidərək dərhal onların evinə getmişdir. Zərərçəkmiş şəxs2 yaxınlaşaraq nə üçün qışqırmasının səbəbini soruşduqda Mamqız Təqsirləndirilən şəxs əlində tüfənglə onların evinə daxil olduğunu və Zərərçəkmiş şəxs1 vurduğunu demişdir. Zərərçəkmiş şəxs2 ilə birlikdə evə daxil olduqda evin yataq otağında Zərərçəkmiş şəxs1 yerdə uzanmış vəziyyətdə olmasını və sonuncunun sol göz nahiyəsinin qan olduğunu görmüşdür. O, Seyidağadan nə baş verdiyini soruşduqda sonuncu, bir neçə dəqiqə əvvəl Xaçmaz rayonu, Mürsəlqışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs evin yataq otağına daxil olduğunu və əlindəki ov tüfəngi ilə Seyidağanın göz nahiyəsinə atəş açdığını bildirmişdir. O, Mamaqızgilə polis və təcili tibbi yardıma müraciət etməli olduqlarını dedikdən sonra Zərərçəkmiş şəxs2 DİN-nin 102 xidmətinə, daha sonra isə təcili tibbi yardıma zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” 29 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadıqları ev Xaçmaz rayonu, Sayad kəndində həmin kəndin mərkəzində yerləşən kənd məscidindən 200 metr aralı cənub istiqamətində yerləşir. Evin yerləşdiyi həyətyanı sahə mişar daşı ilə hasarla əhadə edilmişdir. Həyətin sağ tərəfində uçuq və yaşayış olmayan evin olması müşahidə olunur. Qarşı tərəfdən kiçik həyətə daxil olmaq üçün qapı və sol yan tərəfdən isə birbaşa evə daxil olmaq üçün nəzərdə tutulmuş qapı vardır. Yaşayış evi bir mərtəbəli olmaqla mişar daşı ilə inşa edilmişdir. Evin sol yan tərəfində fındıq ağacları və kol-kosun olması müşahidə olunur. Evin sol yan tərəfindən evə daxil olduqda orada evin mətbəxi vardır. Mətbəxi keçdikdən sonra oradakı dəhlizin sol tərəfində evin yataq otağı vardır. Zərərçəkmiş şəxs2 ərinin Təqsirləndirilən şəxs tərəfindən tüfənglə həmin otaqda vurulduğunu bildirdi. Yataq otağında yerdə 01 ədəd matras, yəni döşək və balınc vardır. Balıncın üzərində qanabənzər ləkələrin olması müşahidə olunur. Bundan başqa, oradakı divanın ayağında və divarda zədələrin olması görünür. Heç bir qırma aşkar edilməmişdir və 01 ədəd üzərində qanabənzər ləkələr olan balınc üzü götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “əşyaya baxış keçirilməsi haqqında” 29 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tüfəng, 01 ədəd giliz, 01 ədəd patron və 01 ədəd lüləaltı yatağa baxış keçirilmiş və həmin predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının 04 oktyabr 2023-cü il tarixli, 585 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət - sol göz almasının zədələnməsi ilə sol göz yuvasının toxunub keçən odlu silah yaralanması odlu silahdan yaxın məsafədən atılmış atəş təsirindən əmələ gələ bilərdi, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə bir gözdə görmənin tam itməsi - əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının 31 avqust 2023-cü il tarixli, 558 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - hər iki bud nahiyəsinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının 16 sentyabr 2023-cü il tarixli, 2643 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, anamnezində kannabiodlərdən sui-istifadə etməsi müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və başqa şəxslərə zərər yetirilməsi təhlükəsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə araşdırma üçün əhəmiyyətli olan halları adekvat qavramaq və onlar haqqında obyektiv ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə araşdırma üzrə zəruri olan hərəkətlərdə iştirak etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks məhkəmə-ballistik və trasoloji ekspertizasının 25 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah 1948-ci ildə, Tula silah zavodunda istehsal edilmiş, patronluqlarının uzunluğu 70 mm olan, 16 kalibrli, "5" modelli, 56130-48 №-li, lüləaltı yatağı eyni modeldən olan, lakin 51738-48 №-li başqa silahdan götürülüb komplektləşdirilmiş, xarici çaxmaqlı, qoşalüləli tüfəngdir yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, hər iki lüləsindən atəş açmaq üçün yararlıdır və atılmış növbəti patronların gilizləri konstruksiyasına uyğun olaraq silahin patronluqlarından avtomatik deyil, bilavasitə əl ilə çəkilib çıxarılmaqla kənar edilirlər. Təyinatına uyğun olaraq təqdim edilmiş 16 kalibrli, "5" modelli, 56130-48 №-li, lüləaltı yatağı 51738-48 №-li silahdan götürülüb komplektləşdirilmiş qoşalüləli ov tüfənginin də aid olduğu yivsiz odlu ov tüfənglərindən zavod üsulu ilə hazırlanmış patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uça, patrona doldurulmuş "konteyner" tipli polietilen tıxaclar təxminən 10 metrədək məsafəyə uça, atəş açılan patrondakı tam yanmamış barıt hissəcikləri təxminən 2 metrədək məsafədə hədəfin üzərinə hopa bilərlər, qırmaların hədəf üzərində yayılma radiusu isə, hədəfədək olan məsafədən, qırmaların sayından, ölçülərindən və s. xüsusiyyətlərdən asılı olaraq dəyişə bilərlər və atəş açılarkən, qırmalar silahın lüləsinin ağız kəsiyindən başlayaraq təxminən 1,5-2 metr məsafəyədək yığcam (kompakt) şəkildə - yayılmadan hərəkət edirlər, 1,5-2 metrdən 3-5 metrə qədər məsafədə nisbətən yığcam (kompakt) şəkildə kiçik radiusda yayılırlar, 3-5 metr məsafədən başlayaraq isə onların yayılma sahəsi tədricən artır (genişlənir). Lakin yivsiz ov silahlarının patronlarına doldurulması üçün nəzərdə tutulmayan kənar predmetlərdən - müxtəlif texniki məqsədlərlə işlədilən metal predmetlərdən, detallardan, o cümlədən dənəvər duz maddəsindən və s. istifadə olunmaqla, kustar üsulla mərmi kimi istifadə doldurulmuş patronlardan istifadə etməklə atəş açılarkən isə, olunmuş predmetlərin uçma məsafəsi, hədəfə zədəyetirmə qabiliyyəti, hədəf üzərində yayılma radiusu və tam yanmamış barıt hissəciklərinin hədəf üzərinə hopması atəş açılan patrona doldurulmuş barıt atımının miqdarından, mərmi kimi doldurulmuş predmetlərin xassələrindən, ölçülərindən, sayından, atəşin hansı bucaq altında açılmasından və s. müxtəlif xüsusiyyətlərdən asılı olur və belə atəş prosesində hansısa ballistik dəyişiklikliyin baş verib-verməməsi də patrona doldurulan predmetlərin, maddələrin xassələri ilə bilavasitə əlaqəli ola bilər. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah detalı - 1953-cü ildə, zavod üsulu ilə hazırlanmış, qoşalüləli, yivsiz odlu ov tüfənginin komplekt hissəsidir - lüləaltı yatağıdır, təqdim edilmiş 56130-48 No-li, lüləaltı yatağı eyni modeldən olan, 51738-48 No-li başqa silahdan götürülüb komplektləşdirilmiş, qoşalüləli tüfəngin komplekt hissələrinə aid deyildir, lakin üzərindəki zavod işarələrinin bir qismi dərin sürtülüb məhv edildiklərinə görə, onun hansı seriya-nömrəli silahın komplekt hissəsi olduğunu müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd patron - 16 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə olunmaq üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış gilizə malik, lakin zavod üsulu ilə hazırlanmış, mərkəzdən alışan "jevelo" tipli piston, "Sokol" tipli tüstüsüz barıt atımı, "konteyner" tipli polietilen tixac, ağ rəngli, xırda-dənəvər xassəli, süfrə duzuna oxşar maddə doldurulub, ağzı bağlanaraq, üstündən ağımtıl-şəffaf rəngli, parafinə oxşar maddənin ərintisi tökülüb bərkidilməklə, kustar üsulla doldurulmuş patrondur, istifadəyə atəşə yararlıdır və təyinatına və kalibrinə uyğun olaraq, həmçinin tədqiqata təqdim edilmiş 16 kalibrli, "5" modelli, 56130-48 №- li, lüləaltı yatağı 51738-48 komplektləşdirilmiş qoşalüləli ov tüfəngində də istifadə oluna bilər. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd giliz - zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir - gilizidir. Həmin giliz, təqdim edilmiş 16 kalibrli, "5" modelli, 56130-48 No-li, lüləaltı yatağı 51738-48 No-li silahdan götürülüb komplektləşdirilmiş qoşalüləli ov tüfənginin sağ lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş, 16 kalibrli, "5" modelli, 56130-48 No-li, lüləaltı yatağı 51738-48 No-li silahdan götürülüb komplektləşdirilmiş qoşalüləli ov tüfənginin lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan sonuncu təmizləmədən sonra atəş (atəşlər) açılmışdır, lakin müvafiq elmi metodika olmadığından, sonuncu dəfə açılan atəşin vaxtını müəyyən etmək mümkün deyildir. - Tədqiqata təqdim edilmiş üzərində "... Xaçmaz rayonu Sayad kəndində yaşayan Zərərçəkmiş şəxs1 seyidbaba oğlunun yaşadığı evdən götürülmüş onun özünə məxsus 01 (bir) ədəd balınc üzü qablaşdırlmış qayadada; müstəntiq :imza" yazı əlavəsi olan polietilen bağlamada olan 01 ədəd yastıq üzünün səthi üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəcikləri vardır, lakin odlu silahdan açılan atəş nəticəsində güllənin və onun hissələrinin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Tədqiqata təqdim edilmiş, 01 ədəd boş patron gilizinin içərisində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəcikləri vardır. Tədqiqata təqdim edilmiş üzərində "... Xaçmaz rayonu Sayad kəndində yaşayan Zərərçəkmiş şəxs1 seyidbaba oğlunun yaşadığı evdən götürülmüş onun özünə məxsus 01 (bir) ədəd balınc üzü qablaşdırlmış qayadada; müstəntiq :imza" yazı əlavəsi olan polietilen bağlamada olan 01 ədəd yastıq üzünün səthi üzərindən aşkar edilmiş atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəcikləri ilə rənginə və təbiətinə görə (cinsi əlamətlərinə görə) 01 (bir) ədəd boş patron gilizinin içərisində olan barıt hisəcikləri ilə eynilik təşkil edirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən əlavə məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 589/2023 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 qeyd olunan "Sol gözündə buynuz qişanın yaralanması, travmatik katarakta, sol göz qapaqlarının hematoması" xəsarətlərinin xarakterini, əmələgəlmə mexanizmini nəzərə alaraq demək olar ki, patronu xörək duzu ilə doldurulmuş qoşalüləli, yivsiz, odlu ov silahından 1,5-2 metr məsafədən açılan atəşin zədələyici faktoru patronun başlıq hissəsinə bərkidilmiş tıxacın mexaniki təsirindən yaranmışdır. Qoşalüləli, yivsiz, odlu ov silahına mərmi kimi xörək duzu doldurulmuş patrondan istifadə etməklə lülədən hədəfədək 1,5-2 metr məsafədə atəş açdıqda silahdan çıxan duzların və patronun başlıq hissəsinə bərkidilmiş tıxacın insanın ölümünə səbəb olub-olmaması bədən nahiyəsindən (baş, döş qəfəsi) asılı olaraq mümkündür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Xaçmaz RİHB-nin Hülövlü kənd İƏD üzrə nümayəndəliyindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsə qarşı CM-nin 29, 120.2.2, 29, 120.2.4, 29, 120.2.9-cu maddələri ilə irəli sürülmüş ttihamdan qismən imtina etdiyini, cinayət təqibinin CM-nin 126.2.3, 126.2.4. və 157.2-ci maddələri ilə davam etdirilməklə Təqsirləndirilən şəxs CM-nin 126.2.3, 126.2.4. və 157.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş etdi. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə, yəni xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən həyatdan məhrum etməyə cəhd etməsi ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-nin məhz 29, 120.2.2, 29, 120.2.4 və 29, 120.2.9-cu maddələri ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli, 3 №-li Qərarına əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Bu zaman təhlil edilən cinayətin başa çatdırılmaması səbəbləri müxtəlif ola bilər və şəxsin qəsdən adam öldürməyə cəhd etməsi barədə nəticəyə gəlmək üçün ilk növbədə onun etdiyi hərəkətlərin nəticəsini qabaqcadan görməsinin və bu nəticəni arzu etməsinin sübuta yetirilməsi tələb olunur. Belə sübutlar əldə edilmədikdə, digər tərəfdən isə təqsirkarın öz əməlləri ilə zərər çəkmiş şəxsin sağlamlığına hər hansı zərər vurması müəyyən edildikdə isə həmin əməllər baş vermiş nəticələrə əsasən sağlamlıq əleyhinə cinayət kimi qiymətləndirilməlidir. Qəsdən adam öldürməyə cəhd etmə əməlinin sağlamlığa bu və ya digər zərər vurma əməlindən fərqləndirmək üçün həmçinin təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilməli, bunun üçün isə işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri və davranışı nəzərə alınmalıdır. Həmin Qərarda göstərilmişdir ki, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin Qərarın 8-ci bəndinə əsasən, təqsirkarın əməlini xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. İş materiallarından, məhkəmədə təqsirləndirilən şəxsin və Zərərçəkmiş şəxs1 ifadələrindən görünür ki, 2002-ci ildə ögey bacısı Şahid3 Zərərçəkmiş şəxs1 tərəfindən zorlandığını bəhanə edib sonuncunu cəzalandırmaq qərarına gələrək öz niyyətini həyata keçirmək məqsədi ilə ovçular mağazasından aldığı 02 ədəd 16 kalibrli patronun içərisindəki qırmaları çıxarıb patronları duzla dolduraraq 29 avqust 2023-cü il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs1 Xaçmaz rayonu, Sayad kəndi ərazisində yerləşən fərdi yaşayış evinin yaxınlığına gedib patronları silaha daxil edərək atəşə hazır vəziyyətə gətirdikdən sonra havanın işıqlanmasını gözləyib həmin gün saat 08 radələrində evin giriş qapısının qarşısında Zərərçəkmiş şəxs2 itələyib yerə yıxaraq sağlamlığa zərər vurmayan xəsarətlər yetirib zərərçəkmiş şəxsin iradəsi ziddinə mənzilə daxil olub evin qonaq otağında döşəmədə yatmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 yivsiz odlu ov silahından həyat üçün təhlükəli olan baş nahiyəsi istiqamətində qəsdən bir dəfə atəş açıb sonuncuya “sol gözündə buynuz qişanın yaralanması, travmatik katarakta, sol göz qapaqlarının hematoması” kimi bir gözdə görmənin tam itməsi - əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vuran xəsarət yetirmişdir, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ikinci dəfə atəş açmaq imkanı olmasına baxmayaraq, artıq zərər çəkmiş şəxsi cəzalandırdığını düşünüb hər hansı kənar müdaxilə və təsir olmadan hadisə yerindən çıxıb getmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi ibtidai sitintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi qəsdən öldürmək niyyətində olmasına dair hər hansı sübut əldə edilməmiş, bu hal məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Beləliklə, təqsirləndirilən şəxsin patronlara duz doldurması, onun yalnız bir dəfə atəş açması və ikinci dəfə atəş açmasına imkan və şərait olmasına baxmayaraq öz iradəsi ilə hadisə yerini tərk etməsi və cinayət işinin digər faktiki halları göstərir ki, Təqsirləndirilən şəxs niyyəti Seydiağa Əhmədovu öldürmək deyil, konkret olaraq sonuncunun qəsdən sağlamlığına ağır xəsarət yetirməkdən ibarət olmuşdur. Odur ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara və yuxarıda göstərilən Plenum Qərarının mövqeyinə əsaslanaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 29, 120.2.2, 29, 120.2.4, 29, 120.2.9-cu maddələrindən CM-nin 126.2.3, 126.2.4-ci maddələrinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 126.2.3, 126.2.4. və 157.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq və məhkəmədə verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 120.2.2, 29, 120.2.4, 29, 120.2.9-ci maddələrindən həmin Məcəllənin 126.2.3, 126.2.4-cü maddələrinə tövsif edilməli və ona CM-nin 126.2.3, 126.2.4 və 157.2-ci maddələrin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 126.2.3, 126.2.4 və 157.2-ci maddələrində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir və CM-nin 61.1.10-cu maddəsinə əsasən cinayətin odlu silahdan istifadə etməklə törədilməsi təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin (CM-nin 126.2.3, 126.2.4. və 157.2-ci) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 sentyabr 2023-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şübhəli şəxs kimi tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinin tələblərini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan ******* nömrəli qoşalüləli tüfəng – yivsiz odlu ov silahı, 01 ədəd lüləaltı yataq, 01 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə maddi sübut olub Xaçmaz Rayon Prokurorluğunda saxlanılan 01 ədəd yastıq üzü və Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd giliz hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 465 (dörd yüz altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 157.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 126.2.3 və 126.2.4-cü maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 157.2-ci maddəsi ilə 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan ******* nömrəli qoşalüləli tüfəng – yivsiz odlu ov silahı, 01 ədəd lüləaltı yataq, 01 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olub Xaçmaz Rayon Prokurorluğunda saxlanılan 01 ədəd yastıq üzü və Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd giliz hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 465 (dörd yüz altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-487/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-487/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver