Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-49/2023 18.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, 17 iyul 2001-ci il tarixdə Dəvəçi (Şabran) şəhərində doğulmuş, Gürcüstan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fəhlə işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Şabran şəhər sakini Şahid3la intim münasibətlərinə girib atası Şahid1 «xəyanət» etməklə ailələrinin dağılmasında səbəbkar hesab etdiyi doğma anası Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum edib «namuslarını təmizləmək» qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə əlverişli məqamın yetişməsini gözləmiş, 2021-ci il 12 noyabr tarixdə, səhər saatlarında anası Zərərçəkmiş şəxs Şabran şəhərində təsadüfən küçədə görəndə belə bir məqamın artıq çatdığını düşünərək şəhər bazarının ərazisində yerləşən mağazaların birindən aldığı mətbəx bıçağı ilə silahlanıb elə həmin günü, saat 13 radələrində, sonuncunun yaşadığı Şabran şəhəri V.Adıgözəlov küçəsində yerləşən nömrəsiz evinə getmiş, evə daxil olmaq üçün qapını döymüş, qapını açan anası Zərərçəkmiş şəxs onunla görüşmək üçün qucaqlamaq istədikdə onu itələyərək özü ilə gətirdiyi bıçaqla bədənin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr endirərək ona döş qəfəsinin sol yarısının arxa divarının plevra boşluğuna nüfuz edən və sol ağ ciyərin zədələnməsi ilə nəticələnmiş, yetirilən an həyat üçün təhlükəli olma əlamətinə görə sağlamlığa ağır zərərvurmaya aid bir ədəd, səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid boynun sol yarısının və sol bazu nahiyyələrinin hərəsinə 2 ədəd, sol qaşüstü, sol çənə bucağı və sol qoltuq çuxuru nahiyyələrinin hərəsinə bir ədəd cəmi isə 8 ədəd deşilmiş-kəsilmiş yaralardan ibarət bədən xəsarətləri yetirib qəsdən həyatdan məhrum etmək istəmiş, lakin var gücü ilə endirdiyi zərbələr nəticəsində silah qismində istifadə etdiyi bıçağın tiyəsinin və tiyənin ucunun əyilərək faktiki olaraq «deşici» xüsusiyyətini itirməsi, eləcə də müqavimət göstərərək hadisə yerindən qaçıb küçəyə çıxmağa nail olan G. Xudaverdiyevaya kənar şəxslərin köməyi hesabına vaxtında ixtisaslı tibbi yardımın göstərilməsi səbəbindən, yəni öz iradəsindən asılı olmayan səbəblərə görə niyyətini başa çatdıra bilməmiş, bununla da digər şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, atası Şahid1lə ünvan 2 ünvanında yaşamışdır. Atası və anası 2000-ci ildə evlənmişlər, 2019-cu ildə, o, həqiqi hərbi xidmətdə olanda boşanmışlar. Onun iki azyaşlı bacısı var. Onlar boşandıqdan sonra anası ilə qalmışlar, o isə atası ilə yaşamışdır. Hərbi xidmətə getməmişdən qabaq anasının Əmirşah adlı şəxslə atasına xəyanət etdiyini bilsələr də anasına bunu sübut edə bilməmişlər.Bu xəyanətinə görə onlar boşanmışlar. 2021-ci ilin iyul ayının 1-də müddətli həqiqi hərbi xidməti başa vurub Şabran şəhərinə qayıtmışdır. Hələ hərbi xidmətdə olanda o, anasını öldürüb ailəsinin namusunu təmizləmək qərarına gəlmişdi. İyul ayında xidmətdən qayıdandan sonra Xaçmazda “Azərsun Holding” in konserv zavodunda fəhlə işlədiyi üçün Xaçmazda kirayədə qalmağa başlamış, sonra Şabran şəhərinə gələrək atası ilə yaşamışdır. 2021-ci il noyabrın 12-də səhər saat 09-10 radələrində Şabran şəhərində təsadüfən yolda anası Gülbaharı görmüş, onu görən kimi əvvəlki hissləri oyanmışdır. Şabran şəhər mərkəzi bazarına gedib bazarın içərisində məişət malları mağazasından 2 manata 1 ədəd mətbəx bıçağını almışdır. Bıçağı şalvarının belində gizlədərək anasını öldürmək məqsədilə həmin günü təxminən saat 12-13 radələrində anasının yaşadığı ünvana gedib evin qapısını döymüş, anası qapını açıb onu qucaqlamaq istəyəndə onu itələmişdir. Həmin vaxt bacıları məktəbdə olmuşdur. O onu ikinci dəfə qucaqlamaq istəyəndə şalvarın belində gizlətdiyi bıçağı çıxarıb onun boğazından və döş qəfəsindən 4- 5 bıçaq zərbəsi vurmuşdur. Bıçaq zərbələrini təsadüfi hərəkətlə vurmuşdur. Anası bacılarına rəhm elə dediyi üçün bir anda dayanmışdır. Anası küçəyə qaçmış, bıçağı oradaca evdə yerə ataraq gedib təslim olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şabran şəhəri, V.Adıgözəlov küçəsində qızları Aynur və Günay ilə birlikdə yaşayır. 2000-ci ildə Şahid1lə evlənmiş, 2019-cu ilin dekabr ayında boşanmışlar. Boşandıqdan sonra qızları ilə birlikdə Rasimə məxsus V.Adıgözəlov küçəsində yerləşən evdə yaşayırdı. Asim isə Rasimlə birgə Şabran şəhərində digər evdə yaşayırdılar. 2021-ci ilin noyabr ayının 12-də yaşadığı Şabran şəhəri, V.Adıgözəlov küçəsində yerləşən evdə tək olarkən qapı döyülmüş, qapını açanda oğlu Asimi görmüşdür. Asimi uzun müddət görmədiyi üçün onu qucaqlamaq istəmiş, lakin Asim onu əli ilə itələmişdir. Onu ikinci dəfə qucaqlamaq istəyəndə Asim belindən çıxartdığı bıçaqla onu bir neçə dəfə bıçaqlamışdır. O, yerə yıxılmış, ondan uşaqlarını yetim buraxmamağı xahiş edəndə Asim dayanmışdır. O, özündə güc taparaq yerdən qalxıb küçəyə doğru qaçmışdır. Küçədə asfaltın üzərində oturub qonşuluqda yaşayan Rəfiqəni çağırmışdır. Bir qədər sonra Rəfiqənin oğlu Tural küçəyə çıxaraq ona kömək etmiş, yarasını sarımış, sonra yoldan keçən bir şəxs təcili tibbi yardım çağırmış, təcili tibbi yardım maşını gəlib onu Şabran RMX-na aparmışdır. Təqsirləndirilən şəxslə barışmışdır. Şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2021-ci il noyabrın 12-də saat 13 radələrində evdə olanda bir nəfər qadının anası Rəfiqəni çağırdığını eşidib evdən küçəyə çıxmış, küçəyə çıxanda qonşusu Gülbaharın qan içində yolda asfaltın üzərində oturduğunu, kömək istədiyini görüb ona yaxınlaşmışdır. Ondan nə olduğunu soruşanda oğlu Asimin onu bıçaqladığını demişdir. Əski parçası götürərək onun boğaz nahiyyəsinə tutmuşdur. Sonradan yoldan keçən bir nəfər şəxs dayanaraq təcili tibbi yardıma məlumat vermişdir. Təcili tibbi yardım maşını gələrək Gülbaharı Şabran RMX-na aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərdi ki, 2021-ci ilin noyabr ayının 12-də Asim səhər saat 10 radələrində evdən çıxaraq özünə köynək alacağını demişdir. Həmin gün saat 13 radələrində Asim onun mobil telefununa zəng edərək onu bağışlamağını xahiş edərək telefonu söndürmüşdür. Sonradan polis əməkdaşları yaşadıqları evə gələrək Asimin anası Gülbaharı bıçaqla vurduğunu demişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 göstərmişdir ki, 2004-cü ildə X2 ilə ailə həyatı quraraq rəsmi nigaha daxil olmuşdur. Fərdi əməklə məşğul olaraq yəni müxtəlif yerlərdə fəhləlik edərək ailəsini dolandırır. Təxminən 2018-ci ildə Zərərçəkmiş şəxs ilə yolda təsadüfən tanış olaraq, onun istifadəsində olan ***-***-**-** mobil nömrəsini almışdır. Onunla münasibətləri normal olmuş, aralarında münaqişə, dava-dalaş olmamışdır. Gülbaharla telefonda danışıb, “vatsap” proqramı vasitəsi ilə mütamadi yazışmışmışdır. O ərdə olmasına baxmayaraq onunla görüşmüş, əri, evdə olmayanda evinə də dəvət etmiş, onunla cinsi əlaqədə olmuşdur. Əri Rasim onların münasibətindən xəbərdar olduqdan sonra Gülbaharla rəsmi olaraq ayrılmışlar. Gülbahar əri Rasimdən ayrıldıqdan sonra onunla münasibətləri daha yaxşı olmuş, demək olar ki, gündəlik olaraq yaşadığı evdə onunla görüşmüşdür. Aralarında olan mübahisəyə görə 2020-ci ilin yanvar ayında Gülbahar ondan şikayət etmiş, Şabran rayon prokurorluğunda bununla bağlı araşdırma aparılaraq müvafiq qərar qəbul edilmişdir. (Cild 1, iş vərəqləri 107-109) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 göstərmişdir ki, Şabran rayon bazar ərazisində yerləşən özünə məxsus mağazada məişət əşyalarının satışı ilə məşğul olur. Mağazanın gündəlik iş rejimi səhər saat 08:00-dan axşam saat 17:00-dəkdir. 12 noyabr 2021-ci il tarixdədə adəti üzrə mağazanı açdığını, bir nəfər cavan oğlana bir ədəd mətbəx bıçağı satdığı yadında qalsa da, gün ərzində müştərilərin çox olması səbəbindən həmin oğlanın sifətini xatırlamadığını bildirmişdir. (Cild 1, iş vərəqləri 93-95) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “hadisə yerinə baxış keçirilməsi haqqında” 12 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs yaşadığı Şabran şəhəri, V.Adıgözəlov küçəsi nömrəsiz evin döşəməsində və divarında qana bənzər izlər aşkar edilmiş, üzərində qan izləri müşahidə edilən mətbəx bıçağı müvafiq qaydada götürülmüşdür. (Cild 1, iş vərəqləri 4-11) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 363 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sol yarısının arxa divarının bir ədəd plevra boşluğuna keçib sol ağ ciyərin zədələnməsi və hetoroks (plevra boşluğuna qan yığıntısı) ilə nəticələnmiş deşilmiş-kəsilmiş yarası, boynun sol yarısının və sol bazu nahiyyəsinin hərəsinin iki ədəd, sol qaşüstü, sol çənə bucağı və sol qoltuq çuxuru nahiyələrinin hərəsinin bir ədəd deşilmiş-kəsilmiş yaraları aşkar edilmişdir. Həmin xəsarətlər deşici-kəsici əşyanın təsirindən törənmişdir, ekspertizaya təqdim olunmuş və yuxarıda təsvir edilmiş bıçaqla və yaxud da buna bənzər digər bıçaqla yetirilə bilər, yetirilmə müddəti qərarda göstərildiyi xx.xx.2021-ci il tarixə uyğun gəlir. Döş qəfəsinin sol yarısının arxa divarının plevra boşluğuna nüfuz edən və sol ağ ciyərin zədələnməsi ilə nəticələnmiş bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, boynun sol yarının, sol qaşüstü, sol çənə bucağı, sol bazu və sol qoltuq çuxuru nahiyyələrinin deşilmiş-kəsilmiş yaraları səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. G.Ş.Xudaveriyevanın bədəni üzərində aşkar olunmuş və yuxarıda qeyd edilmiş xəsarətlər yerləşməsi və xarakterinə görə onun özü tərəfindən yetilməyə uyğun deyil. (Cild 1, iş vərəqləri 138-140) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 318 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində sağ əlin 1-ci barmağının bir ədəd sıyrığı aşkar edilmişdir. Həmin xəsarət bərk küt əşyanın təsrindən törənmişdir, yerləşmə nahiyyəsinə və xarakterinə görə həm özü, həmdə başqası tərəfindən yetirilə bilər, yetirilmə müddəti bir günə qədər olub müayinə olunan göstərdiyi xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəi təyin edilmir. (Cild 1, iş vərəqləri 80-82) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan xx.xx.2021-ci il tarixli 764-2021/MTKŞ nömrəli məhkəmə tibbi-kriminalistik və məhkəmə kriminalistik ekspertizaların rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus puloverin arxa səthinin sol yarısının yuxarı hissəsində 02 (iki) ədəd və sol qolunun ön və arxa səthlərində 02(iki) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdirlər. Ekspertiziya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus poluverin üzərində olan zədələrin arasında qrup əlamətləri üzrə oxşarlıqlar aşkar edildiyinə görə güman etmək olar ki, bu zədələr eyni bir alətin təsirindən törənmişdirlər. Ekspertiziya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus poluverin üzərində olan zədələrin xətti ölçülərinə görə demək olar ki, poluverin səthinə daxil olma səviyyəsində iz törədən alətin 2,3 mm-dən az olmamışdır. Ekspertiziya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus poluver üzərində aşkar olunmuş zədələrin lokalizasiyasına görə demək olar ki, poluverin sol qolunun ön səthində olan zədənin istiqaməti öndən arxaya, poluverin arxa səthində və sol qolunun arxa səthində olan zədələrin lokalizasiyasına görə isə demək olar ki, bu zədələrin istiqaməti arxadan önə doğru ola bilərdi. Ekspertiziya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus poluver üzərində fiziki qüvvənin təsirindən (dartılma, sökülmə, cırılma, qoparılma, qıırlma) əmələ gəlməyə xarakterik heç bir zədə aşkar olunmadı. Ekspertiziya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus büstqalterin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. (Cild 1, iş vərəqləri 141-149) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan xx.xx.2021-ci il tarixli 919/2021-MTBŞ nömrəli məhkəmə tibbi-bioloji tədqiqinə dair ekspertizanın rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan prupu A/11/-dir. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus məxsus kofta, büsqalter üzərində olan ləklərdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız A antigeni alındı. Beləliklə bu qan ləkləri ABO sistemi üzrə A(11) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (Cild 1, iş vərəqləri 150-154) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan xx.xx.2022-ci il tarixli 18 saylı kompleks ambulator məhkəmə-psixatrik və məhkəməpsixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesslərinin, dünya görüşünün, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi pisixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir pisixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındandır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs inadkarlıq, kinlilik, emisonallıq, özünə mıəxsus prinsiplərə malik olmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törətməsini əvvəlcədən planlaşdırmış, hadisə zamanı emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs idrak prosesləri və əqli-intelektual imkanları normaya uyğundur, o, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq iqtidarındadır. (Cild 1, iş vərəqləri 133-137) Cinayət işi materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 03 fevral 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd bıçaq, Gülbahar Xudaverdiyevə məxsus 01 ədəd büzqalter, 01 ədəd jaket maddi sübut kimi tanınaraq Şabran rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir. (Cild 1, iş vərəq 132) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 104) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bıcaqla vurduğu zərbələrin çoxluğunu, intensivliyini, xəsarətlərin lokalizasiyasını və ağırlıq dərəcəsini, o cümlədən xəsarətlərin həyat üçün vacib orqanlara yetirildiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin niyyəti məhz zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəlmiş, lakin hadisə yerində olan şəxslərin köməklik etməsi və zərərçəkmiş şəxsə vaxtında ixtisaslı tibbi yardımın göstərilməsi səbəbindən, təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətinə nail olmaqla cinayəti başa çatdıra bilməmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Həmin əməli o, qəsdən törətmiş və başa çatmamış cinayət olmaqla təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinin tələbi nəzərə alınaraq həmin Məcəllənin 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra h zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələblərinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1 və 63.3-cü maddələrinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 13 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şabran rayon məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 68-70) Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Şabran rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, 01 ədəd büstqalter, 01 ədəd jaket istifadəyə yararsız hala düşdüyündən məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Şabran rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, 01 ədəd məmədan (büzqalter), 01 ədəd jaket istifadəyə yararsız hala düşdüyündən məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-49/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-49/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver