Məhkəmə qərarları › İş №1(124)-49/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-49/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-49/2025 05.03.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxx 2000-ci ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Saatlı şəhəri H.B.Zərdabi küçəsi ev 23-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, 21 dekabr 2023-cü il tarixdə axşam vaxtı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində satış məqsədilə qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil edilmiş bir ədəd qara rəngli polietilen sellofan torbada çəkisi 1160 qram olan külli miqdarda küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 300 manat müqabilində əldə edib, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisinə daşımış və saxlamış, 21 dekabr 2023-cü il tarixdə saat 22 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq, Abşeron RPİ-nin Qobu polis bölməsinə gətirilib, orada həmin gün saat 23:25-dən 23:35-dək şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin altında qarın nahiyəsində gizlətdiyi sellofan torbada həmin 1160 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, təxminən saxlanıldığı vaxtdan 1-2 gün əvvəl, yaşadığı Saatlı şəhərindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən psixiatriya xəstəxanasından əmisini çıxartmaq məqsədi ilə Bakı şəhərinə gəlmişdir. 21 dekabr 2023-cü il tarixdə axşam vaxtı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsindən Abşeron rayonu, Hökməli qəsəbəsinə dostugilə gedən zaman, tanımadığı ərazidə olan zaman taksidən təbii ehtiyacını ödəmək üçün aşağı enib, yarıtikiliyə gedib qayıtdıqdan sonra, mülki formada olan 20 nəfər şəxs ona tərəf gələrək, saxlamış, döyə-döyə maşına oturtmuşlar. Onlardan bir nəfər şəxs avtomobilə yaxınlaşaraq, oradan qara polietilen sellofan götürərək ona verərək, həmin sellofanın onun olduğunu bildirmişdir. Hətta orada olan bir nəfər şəxs yanındakı digər şəxsə həmin şəxs olmadığını demişdir. Həmin şəxs də cavab olaraq “get işinlə məşğul ol, bu bizim işimizdir” demişdir. Daha sonra onu Abşeron RPİ-nin Qobu PB-nə apararaq, orada bölmənin qarşısında yenidən ona verilən polietilen sellofandan böyük sellofan verərək, gödəkçəsinin altında gizlətmişlər. Daha sonra oradan onu döyərək bölmədə xidməti otaqların birinə aparmışlar. Orada həmin polis əməkdaşlarına polietilen sellofanın onun olmadığını bildirmişdir. Həmin vaxt onlar əgər bu polietilen sellofanı götürməsə onun yerinə “patı və kakos” adlı narkotik vasitəni məcbur verəcəklərini bildirmişlər. Yenidən inkar etsə də, adlarını bilmədiyi polis əməkdaşları onu döyməyə başlamışlar. Daha sonra onu yumruqla vurub, həmin polietilen sellofanın ona məxsus olduğunu, həmin polietilen sellofanın içərisində qurudulmuş marixuana olduğunu deməyini istəmişlər. Sonda onlar döyməsinlər deyə o, onların dedikləri ilə razılaşmışdır. Daha sonra vəkilini ora dəvət etmişlər. Videoçəkiliş zamanı məcbur olduğundan onların istədiklərini etmişdir. Həmin narkotik vasitə ona məxsus olmamışdır. Fiziki təsirə məruz qaldığı üçün, həmin narkotik vasitənin onun olduğunu etiraf etmişdir. Əgər marixuananın onun olduğunu etiraf etməsə, “patı və kakos” adlı narkotik vasitə ilə məcbur sənədləşdirəcəyini dedikləri, həmçinin vəkil Vüqarın da onların adamı olduqlarını bildirdikləri üçün qorxusundan müdafiəçisinə heç nə deməmişdir. Döyülməyi barəsində Abşeron rayon Məhkəməsində də, müstəntiqə də demişdir. Polislər onu saxlayanda içlərində çox əməliyyatçı olmuşdur. Narkotik vasitəni üstünə götürməyə görə onu döyüb xəsarət yetirmişlər. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, saxlanılarkən üzərində narkotik vasitə olmamışdır, əlindəki xəsarətləri polis əməkdaşları yetirmiş, narkotik vasitəni üzərinə götürməkdən imtina etdiyinə görə polis əməkdaşları ayaqları ilə onun əllərini sıxmaqla narkotiki əlinə götürmədiyinə görə ona işgəncə vermişlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 dekabr 2023-cü il tarixdə saat axşam radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tanımadığı anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 300 manata bir büküm narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Həmin gün-21 dekabr 2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə və ya psixotrop maddə olubolmamasını sorğu etmişlər. Üzərində narkotik vasitə olduğunu bildirdiyi üçün onu Abşeron RPİ-nin Qobu PB-nə gətirmişlər. Polis bölməsində xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçi təqdim edilmiş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını sorğu etmişlər, varsa təqdim etməyini təklif etmişlər. Əynində olan qara rəngli gödəkçənin altında qarın nahiyəsində saxladığı qara rəngli polietilenə bükülmüş narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə qablaşdırılıb möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. O və iştirakçılar protokolu və zərfi imzalamışlar. Üzərində gəzdirdiyi narkotik vasitə olan qurudulmuş marixuananı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi qəsəbəsi ərazisində tanımadığı anket məlumatlarını bilmədiyi şəxsdən 300 manata şəxsi istifadəsi üçün almışdır və bu səbəbdən üzərində gəzdirmişdir. Narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Aldığı qurudulmuş marixuananı də özü istifadə etmək üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasında vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları tərəfindən üzəri yoxlanılmamışdır.(i/v 67- 69) Təqsirləndirilən şəxs 04 aprel 2024-cü il tarixdə əlavə olaraq vermiş olduğu ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən işgəncəyə məruz qaldığı üçün məcbur olub üzərinə götürdüyünü göstərmişdir.(i/v 228-230) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin baş əməliyyat müvəkkili, polis mayoru X3 ifadəsində göstərdi ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi ilə əldə edərək daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu təşkil edilmişdir. 21 dekabr 2023-cü il tarixdə saat 22 radələrində o və əməliyyat qrupunun digər iştirakçıları Abşeron rayonu, Qobu qəsəbəsi Ç.Mustafayev küçəsində olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra ona üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nin Qobu PB-na dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin altında qarın nahiyəsində gizlətdiyi qara rəngli polietilen sellofana bükülmüş bir büküm maddə qurudulmuş marixuanaya bənzər kütləni çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi qara rəngli polietilen sellofana bükülmüş bir büküm maddə qurudulmuş marixuanaya bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin altında aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır. O, həmin narkotik vasitə olan qurudulmuş marixuananı 21 dekabr 2023-cü il tarixdə axşam radələrində Bakı şəhəri Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən aldığını 300 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Onlar da həmin məlumat əsasında əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Abşeron RPİ-nin Qobu PB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 şahid X3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 dekabr 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində narkotik vasitə marixuananı üzərində gəzdirməsi, satması və istifadəsi ilə məşğul olması barədə Abşeron rayon Polis İdarəsinə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, vərəqə 7-8) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış keçirilməsi haqqında” 21 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Ç.Mustafayev küçəsində saxlanılaraq Abşeron RPİ-nin Qobu PB-nə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin altında qarın nahiyəsində gizlətdiyi 01 ədəd polietilen sellofanda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.(i/v 37-38) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” 31 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin CD diskdə əks edilmiş görüntülər 21 dekabr 2023-cü il tarixdə saat 23:25-də qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPİ-nin təhqiqatçısı, polis kapitanı Tuncay Tağıyevin əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin altında qarın nahiyəsində gizlətdiyi 01 ədəd qara rəngli polietilen sellofana bükülmüş bükümü təqdim edərək, içərisindəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirdi. Daha sonra Təqsirləndirilən şəxs qeyd etdi ki, həmin maddəni Bakı şəhəri Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 300 manat müqabilində almış və şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir.(i/v 151-153) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 22 dekabr 2023-cü il tarixli, 6/5697 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim edilmiş, üzərində ‘Azərbaycan Respublikası DİN Zərflər Üçün № 245 dairəvi möhür əksi, 1 (bir) ədəd qara rəngli polietilen bağlamadakı təmiz çəkisi 1160 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi - 1160 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq - 1159,8 qramdır.(i/v 45-48) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 30 dekabr 2023-cü il tarixli 2815 nömrəli rəyində göstərilmişdir ki, 2000ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində sağ və sol əl nahiyəsinin, sağ dirsək nahiyəsinin sıyrıqları-küt əşya təsirindən törənmişdir. Qərarda qeyd olunan müddətə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə dava dalaş zamanı əl zərbələri təsirindən əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur.(i/v 117) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının 22 yanvar 2024-cü il tarixli 133 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmayıb. O öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. O hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.(i/v 179-181) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 30 mart 2024-cü il tarixli, 2021 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.(i/v 182-183) Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs oğlunun üzərindən götürülmüş, qalıq çəkisi - 1159,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 202-218) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə. i/v 111) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru, baş ədliyyə müşaviri Azad Fətullayev tərəfindən qəbul edilmiş 06 fevral 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs işgəncəyə məruz qalması və döyülməsi faktı ilə bağlı göstərdikləri öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.(i/v 154- 155) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 27 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı zədə aldığını bildirmişdir. Bədəninə baxış keçirən zaman hər iki əlin ovuc səthində, sağ saidin arxa səthində üzəri qərtməkli yaralar aşkar edilmişdir. Məhkəmə, ibtidai istintaq orqanının təqdim etdiyi sübutlar məcmusunun, habelə məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə sübutların tədqiqi nəticəsində ibtidai istintaq orqanının satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərək, saxlamaqla daşıma ittihamının əsaslandırılması üçün təqdim etdiyi sübutların təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirmədiyi qənaətinə gəlir. Məhkəmə qanunu rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməklə bu nəticəyə gəlir. Belə ki, məhkəmə ibtidai istintaq orqanının həmin ittihamı əsaslandırmaq üçün təqdim etdiyi hər bir sübut üzrə gəldiyi nəticəni ayrı-ayrılıqda şərh etməyi zəruri hesab edir. Abşeron RPİ-nin Qobu PB-nin baş əməliyyat müvəkkili, polis mayoru X1 21 dekabr 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarla bağlı ciddi nöqsanları qeyd etməyi zəruri hesab edir. Belə ki, Abşeron RPİ-nin Qobu PB-nin baş əməliyyat müvəkkili, polis mayoru X1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 21 dekabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin müşahidəsi aparılmaqla izlənilməsi və güdülməsi, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstü yoxlanılması, polis orqanına gətirilməsi və üzərinə, ondan aşkar edilmiş əşyalara videoçəkiliş vasitəsilə baxış keçirilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya məhkəməsinin 6(105)-21/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qərarına əsasən, Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli "əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında" qərarı qanunsuz hesab edilmişdir. Həmin qərardan görünür ki, Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməmişdir. Cinayət işinin materiallarında olan Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin rəisi Zaur Babazadə tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 59-1/2-12174 nömrəli məktubdan Təqsirləndirilən şəxs Fəyyaz oğlunun barəsində əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarın qanuniliyi və əsaslılığının yoxlanılması üçün Abşeron Rayon Məhkəməsinə göndərildiyi görünsə də, bu hal iş materialları ilə təsdiq olunmur. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq sorğusuna cavab olaraq Abşeron rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş Təqsirləndirilən şəxs barəsində 2019-2024-cü il dövründə əməliyyat-axtarış tədbirlərinin qanuniliyinin yoxlanması barədə Abşeron Rayon Məhkəməsinin icraatına Abşeron rayon polis idarəsinin qeyd edilən əməkdaşı tərəfindən əməliyyat-axtarış tədbirlərinin qanuniliyinin yoxlanması ilə bağlı qərar daxil olmadığı və baxılmadığı qeyd olunmuşdur. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin üçüncü hissəsində bu maddənin İ hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyataxtarış tədbirləri bu maddənin İV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. göründüyü kimi insanların güdülməsi əməliyyat axtarış tədbiri keçirilməsi məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. Həmin qərar qəbul edirlərkən əməliyyat-axtarış tədbirinin məhkəmənin qərarı olmadan həyata keçirilməsi qərara alınsa da, bunun zəruriliyi əsaslandırılmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair’ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 fevral 2015-ci il tarixli qərarında göstərilmişdir M-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyataxtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyat-axtarış tədbirinin aparılması barədə əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-in 10.5-ci maddəsinə əsasən qanunun qeyd edilən maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərarında həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə əsasən «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Mənkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin edilməklə tələb edilə bilər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Qərarın göstərilən bəndinin mənasına görə məhkəmə nəzarəti qaydasında işə baxan məhkəmə əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materialların, hətta məxfi materialların əldə olunmasının, o cümlədən əməliyyat məlumatının olmasını təsdiq edən əməliyyat-qeydiyyat işinin qanuniliyini ətraflı yoxlamalıdır ki, sonradan həmin materiallar mahiyyəti üzrə işə baxan məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilsin. Əməliyyat-axtarış Fəaliyyəti haqqında Qanunun 16-cı maddəsinin 1-ci və 7-ci bəndlərində təsbit edilmişdir ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarının 31-ci bəndinə əsasən CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar 728-İQ nömrəli Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə yuxarıda şərh olunanlara əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs saxlanması ilə bağlı keçirilmiş əməliyyat-axtrarış tədbirləri Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı qanunsuz hesab edildiyindən, Abşeron RPİ-nin Qobu PBnin baş əməliyyat müvəkkili, polis mayoru X1 21 dekabr 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara əsasən əldə edilmiş bütün materiallar ittihamı təsdiq edən sübut kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası qeyd olunan halları təhlil edərək belə nəticəyə gəlir ki, “şəxsi axtarış keçirilməsi haqqında” 21 dekabr 2023-cü il tarixli protokol mötəbər sübut kimi qəbul edilməməklə, hüquqi qüvvəsi olmayan sübut hesab edilməlidir. Qeyd olunmalıdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Kobiaşvili Gürcüstana qarşı işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 14 mart 2019-cu ul tarixli qərarında məhkəmə qeyd etmişdir ki, ərizəçinin şəxsi axtarışının nəticələri ona qarşı cinayət işinin başlanmasına və məhkəmə icraatında ittiham olunmasına səbəb olan təməl nöqtəsidir. Ərizəçinin şəxsi axtarışına dair sonrakı polis protokolu, həmçinin axtarış aparan iki polis əməkdaşının və axtarışda iştirakı iddia edilən iki şahidin ifadələri ərizəçinin hökmünün əsasına qoyulmuşdur. Beləliklə, ərizəçinin şəxsi axtarışı onun ittiham hökmünü əsaslandıran sübutun əldə edilməsini təmin edən istintaq tədbiridir. Müzakirə edilən şəxsi axtarışın aparılması üsulu və sonradan onun nəticələrinin ərizəçiyə qarşı istifadə edilməsi üsulu məhkəmə prosesinin bütövlükdə ədalətliliyinə təsir edir. Daha sonra həmin qərarda təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş polis əməkdaşlarının ifadələrinin mötəbərliyi barədə göstərilmişdir ki, polis əməkdaşlarına gəldikdə Avropa Məhkəməsi qeyd edir ki, onlar ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Bundan fərqli olaraq ərizəçinin dostlarının ifadələri subyektiv mülahizə xarakterli, şübhə doğuran ifadələr kimi rədd edilmişdir. Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edirdi. Bu hal da yerli məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı geyd edir ki, Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinə aparılarkən tam sağlam olmuş, sonradan bədənində aşkar edilmiş “bədəni üzərində sağ və sol əl nahiyəsinin, sağ dirsək nahiyəsinin sıyrığın”dan ibarət xəsarətləri Abşeron rayon Polis İdarəsində alması ehtimal olunur. Bu hal isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Bu səbəbdən də həmin ifadələr ona elan edilmiş ittihamı təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs istintaq orqanına etiraf xarakterli ifadə vermədiyi, döyülmə və işgəncə nəticəsində özünə qarşı ifadə verməsi ilə bağlı əsaslı ehtimallar onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Abşeron rayon məhkəməsinin 23 dekabr 2023-cü il tarixli qərarı ilə də təsdiq olunur Belə ki, istintaq orqanının tərtib etdiyi təqsirləndirilən şəxsin dindirilməsi protokoluna əsasən 23 dekabr 2023-cü il tarixdə özünə qarşı ifadə verməklə üzərində narkotik vasitə olmasını guya etiraf edən Təqsirləndirilən şəxs bundan dərhal sonra həmin gün hakim tərəfindən dindirilərkən ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək məhkəmədə aşağıdakıları göstərmişdir: üzərində qeyri-qanuni vasitə olmamış və ümumiyyətlə ondan aşkar olunan narkotik vasitədən məlumatlı olmamışdır. Ona polis əməkdaşları tərəfindən zor tətbiq olunaraq, işgəncələr verilmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3-cü maddə); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7-ci maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X2 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Məmmədov Sərdar Cəlaloğlunun Azərbaycana qarşı şikayəti ilə bağlı iş üzrə qəbul etdiyi qərarda (11 yanvar 2007-ci il) Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, “şəxs həbsdə olarkən zədələndiyi hallarda, zədələrin səbəbləri ilə bağlı qənaətbəxş və inandırıcı izahatların təqdim olunması ilə əlaqədar sübutetmə yükü hakimiyyət nümayəndələrinin üzərinə düşür”. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda polis əməkdaşlarının həm istintaqda, həm də məhkəmə baxışlarında verdikləri ifadələrinin sübut növü kimi mötəbərliyinin müəyyən edilməsini zəruri hesab edir. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X4rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Aydın məsələdir ki, baxılan iş üzrə ifadələri alınmış polis əməkdaşları Təqsirləndirilən şəxs polis idarəsinə gətirilməsi, üzərində axtarış keçirilməsi və digər istintaq hərəkətlərinin aparılmasına dair şahid kimi ifadə vermişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bunlarla yanaşı məhkəmə kollegiyası hesab edir ki, adları çəkilən polis əməkdaşları təhqiqat və istintaq aparan orqanda müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baxımından birbirindən asılı olduqları üçün, istintaq hərəkətləri barəsində verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut hesab etmək olmaz. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası Abşeron RPİ-nin Qobu PB-nin baş əməliyyat müvəkkili, polis mayoru X1 və Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili, Şahid3 ifadələrini mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Məhkəmə-kimyəvi ekspertizasının 22 dekabr 2023-cü il tarixli, 6/5697 nömrəli rəyi isə Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən marixuana ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin növü və çəkisi ilə bağlı gəlinmiş nəticə buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə Təqsirləndirilən şəxs cinayət törətməsini sübuta yetirən dəlil kimi qiymətləndirilə bilməz. Məhkəmə-narkoloji ekspertizasının 30 mart 2024-cü il tarixli, 2021 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla həmin ekspert rəyi ilə Təqsirləndirilən şəxs narkotik vasitələrlə hər hansı bir əlaqəsinin olmadığını bir daha təsdiq edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutların məcmusu əsasında yekun qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan edərkən sübut kimi istinad etdiyi hallar məhkəmədə tam, hərtərəfli və obyektiv yoxlanıldıqdan sonra cinayət əməlinin sübuta yetirilməsinin israr edilməsi imkanı istisna olunur. Məhkəmə, mövcud sübutların məcmusu üzrə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma cinayəti ilə bağlı təqsirliliyin sübuta yetirilməməsi ilə bağlı gəldiyi nəticənin qanuni və əsaslı olmasını vurğulayarkən, ibtidai istintaq orqanının ittiham aktında təqsirləndirilən şəxsin ona istinad edilən həmin əməli törətməsinin təsdiqi kimi istinad etdiyi yuxarıda sadalanan sübutları bütövlükdə şəxsin həmin cinayət əməlini törətməsini təsdiq edə biləcək yetərli dəlillər hesab etmir. Qeyd etmək lazımdır ki, bütövlükdə ittiham faktiki olaraq yalnız şəxsi axtarış keçirilməsi haqqında protokola, polis əməkdaşlarının ifadələrinə əsaslanmışdır. Həmin protokol və ifadələr isə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutların məcmusu ilə şəxsin təqsirli bilinməsinə imkan verə biləcək yetərli mötəbər sübut kimi qiymətləndirilməsi imkanı xaricindədir. Beləliklə, məhkəmə bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, ibtidai istintaq orqanının təqdim etdiyi sübutları məhkəmədə araşdırıb bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona istinad edilən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş narkotik vasitənin onunku olmaması barədə məhkəmə iclasında verdiyi ifadələri inandırıcı və düzgün hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə - şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə əsası ilə Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma ittihamı üzrə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs bəraət verilməli olması ilə bağlı nəticəyə gələrkən yuxarıda sadalanan sübutlarla yanaşı aşağıdakılara da istinad edir: Belə ki, “Layıcov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünün şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci və 42.1.4-cü maddələrinin tələblərinə görə, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Təqsirləndirilən şəxs baraət verilməsi ilə bağlı onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və o, həmin Məcəllənin 357.0.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qeyd olunan epizod üzrə qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 1159,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün, cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət veriləcəyindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə bağlı 109 (bir yüz doqquz) manat məbləğində məhkəmə xərcinin aqibətinin müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə müəyyənləşdirilməli olması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal azad olunsun. Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 1159,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün, cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə olan məhkəmə xərcləri ona aid edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar