Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-490/2024 31.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri X3 (sədrlik edən), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Vahid oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, müəyyənetdi: 17 yanvar 2024-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs Vahid oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair 1(124)–490/2024 saylı cinayət işi daxil olmuşdur. Cinayət işi üzrə ittiham aktı 15 yanvar 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin iş üzrə cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Vahid oğlu telefon vasitəsilə tanış olduğu istintaqa məlum olmayan Məhəmməd adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitələr və psixotrop maddələri 300 manat pul və müəyyən miqdarda öz şəxsi istifadəsi üçün verilən narkotik vasitə müqabilində deyəcəyi yerdən götürüb başqa şəxslərə verməklə satışda vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 14 sentyabr 2023-cü il tarixdə günorta saatlarında bir qrup şəxs halında həmin şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən Məscidin yaxınlığında qoyduğu 69,384 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 7,012 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 112,022 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək, 2,37 qram çəkidə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, təsiredici maddəsinin təmiz çəkisi 0,28 qram olan 07 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş narkotik vasitə metadon dərman tabletləri götürüb, satış məqsədi ilə qanunsuz əldə edərək daşımış, içərisində təsiredici maddəsinin təmiz çəkisi 0,28 qram olan üzərində “Methadone 40... Faran” yazıları olan blister kəsiyində ümumilikdə 07 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş narkotik vasitə metadon dərman tabletləri, 01 ədəd sellofan bükümdə çəkisi 2,37 qram olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, çəkisi 7,012 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, çəkisi 5,031 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini ayırıb üzərində, 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 51,944 qram, 12,409 qram, ümumi çəkiləri 64,353 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 01 ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 112,022 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəki etibarnamə ilə idarə etdiyi “KİA RİO” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 17 sentyabr 2023-cü il tarixdə saat 00:20-də Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş və orada həmin günü saat 01:40-dan 01:55-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən “Winston” markalı siqaret qutusunun içərisində təsiredici maddəsinin təmiz çəkisi 0,28 qram olan üzərində “Methadone 40... Faran” yazıları olan blister kəsiyində ümumilikdə 07 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş narkotik vasitə metadon dərman tabletləri, 01 ədəd sellofan bükümdə çəkisi 2,37 qram olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, çəkisi 7,012 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, çəkisi 5,031 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra 17 sentyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron rayon polis idarəsinin həyətində onun idarə etdiyi “KİA RİO” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə saat 02:10-dan 02:26-a kimi keçirilən baxış zamanı avtomobilin salonunda saxlanc yerində göy rəngli əl çantasının içərisində 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 51,944 qram, 12,409 qram, ümumi çəkiləri 64,353 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 112,022 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək, üzərində narkotik vasitə heroinin izləri olan metal qaşıq, kiçik metal qayçı, cib bıçağı və gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Cinayət-hüquq nəzəriyyəsinə əsasən cinayətin «başa çatması» anlayışı hərəkət və ya hərəkətsizlikdən ibarət olan ictimai təhlükəli əməlin (formal cinayət tərkibləri üzrə) edilməsini, yaxud da hərəkətdən, hərəkətsizlikdən doğan ictimai təhlükəli nəticənin baş verməsini nəzərdə tutur. Şəxsin hərəkəti, yaxud da hərəkətsizliyi ilə başlayan və azçox müəyyən müddətə fasiləsiz olaraq davam etdirilən konkret cinayət uzanan cinayətdir. Hazırkı cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Vahid oğluna istinad edilən ictimai təhlükəli əməlin törədilməsi - külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitələr və psixotrop maddələri şəxsiyyəti istintaqa məlum olmayan Məhəmməd adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, sonuncunun qanunsuz olaraq əldə edib ona göndərdiyi külli miqdarda narkotik vasitəni 300 manat və müəyyən miqdarda öz şəxsi istifadəsi üçün verilən narkotik vasitə müqabilində deyəcəyi yerdən götürüb başqa şəxslərə verməklə satışda vasitəçilik etməsi barədə ümumi razılığa gəlməsi ilə başlanmışdır. Onun cinayət tərkibini yaradan əməli uzanan cinayət kimi fasiləsiz olaraq törətməsi Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı 17 setyabr 2023-cü il tarixdə saat 00:20-də Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsində saxlanılmasilə başa çatmışdır. Yəni, Təqsirləndirilən şəxs Vahid oğlunun fasiləsiz olaraq kriminogenlik mənbəyi kimi mövcudluğu məhz Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsində göstərilən vaxtda və tarixdə bitmiş, kriminal vəziyyətə - uzanan cinayətə şəxsin iradəsindən asılı olmayan səbəblə - daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanması anı ilə son qoyulmuşdur. Təqsirləndirilən şəxs Vahid oğlu saxlanaraq faktiki tutulduğu andan polis əməkdaşlarının bilavasitə nəzarətində olmuş, azadlığı məhdudlaşdırılmışdır. Ona görə də sərbəst hərəkət etmək imkanından tam məhrum edildiyindən, saxlandığı andan sonrakı bütün hərəkətlər, o cümlədən onun və avtomobilinin Abşeron rayonuna aparılması onun iradəsi xaricində olmuşdur. Bu səbəbdən də saxlandığı andan sonrakı müddətdə, yəni Bakı şəhərindən Abşeron rayonuna aparılarkən yola sərf olunmuş vaxt ərzində polis əməkdaşlarının tabeliyində və nəzarətində olduğundan şəxsin cinayət törətməkdə davam etməsinin israrı istisna olunur. Bununla da məhkəmə qeyd edir ki, istintaq hərəkətinin aparıldığı yer cinayətin törədildiyi yer kimi qəbul edilə bilməz. Həmin istintaq hərəkətinə qədər cinayət artıq törədilmiş, cinayəti törətməkdə şübhəli bilinən şəxs isə saxlanılmışdır. Buna görə də şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığı yer cinayətin törədildiyi son yer kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə bu qənatə gəlir ki, Təqsirləndirilən şəxs Vahid oğluna istinad edilən cinayət əməlinin törədildiyi yer aşkar müəyyəndir, yəni Bakı şəhəri ərazisidir. Məhkəmə gəldiyi bu qənaəti qanuni, əsaslı və mübahisəsiz hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri Səbail Rayonu Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Vahid oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(124)–490/2024 saylı cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.5-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi barədə məsələlərə baxılır. Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 19.09.23-cü il tarixli qərarından müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barədə 4 ay yəni 17 yanvar 2024-cü ilədək həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbirinin müddəti sonradan uzadılmamışdır. Həmçinin cinayət işinin materiallarında olan Binəqədi rayon məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmünə əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Vahid oğlu barəsində cəzanın əvvəli 31.10.23-cü il tarixdən hesablanmaqla 01(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Təqsirləndirilən şəxs hazırda həmin cəzanı çəkir və təqsirləndirilən şəxsin dediklərindən müəyyən olunur ki, o, Binəqədi Rayon Məhkəməsinin hökmündən şikayət verməmiş və hazırda 14 saylı cəzaçəkmə müəssisəsində həmin cəzanı çəkir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,hazırki iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs Vahid oğlu barəsində qətimkan tədbiri ilə əlaqədar məsələyə münasibət bildirilməsinə zərurət yoxdur və ona Binəqədi rayonməhkəməsinin yuxarıda qeyd olunan hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi hazırki iş üzrə cinayət işinin aidiyyəti məhkəməyə daxil olması və iş üzrə hazırlıq iclası təyin edilib keçirilənədək sərf olunacaq müddətə kifayət edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu, 69-cu, 74-cü, 75-ci, 299.3.1 və 300.1.4-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs Vahid oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(124) - 490/2024 saylı cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Sədrlik edən Nurəddin Hüseynli Hakim Elçin Məmmədov Hakim Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(124)-490/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-490/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver