Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-492/2023 28.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Rusiya Federasiyası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası, İrkutsk vilayəti, Taşyet şəhərində pasport qeydiyyatında olan, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 4, mənzil 54-də müvəqqəti qeydiyyatda olan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 77ci məhəllə, ev 193-də faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdə, günorta saatlarında ünvan 1 ünvanda yaşayan qonşusu Zərərçəkmiş şəxs ilə qeyd olunan ünvanda yemək yeyib spirtli içki qəbul etdikdən sonra, Zərərçəkmiş şəxs əvvəlcədən onunla birlikdə elektrik təmir işləri görmək üçün getməyə razılıq versə də sonradan getmədiyini bildirdikdə aralarında şəxsi münasibətlər zəmnində yaranmış söz mübahisəsi zamanı Zərərçəkmiş şəxs onun və arvadı Şahid4 ünvanına küçə söyüşləri söyərək onu həyətdən qovması səbəbindən, Zərərçəkmiş şəxs söydüyü söyüşlərə görə göstərib üzr istətdirmək məqsədilə evindən soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağını götürüb şalvarının bel hissəsində gizlədib küçəyə çıxaraq həmin vaxtı yaşadığı ünvanın qarşısında küçədə olan Zərərçəkmiş şəxs yaxınlaşıb, nəyə görə onun və arvadının ünvanına söyüş söydüyünü soruşduqda sonuncu ona yaxşı etdiyini deyərək yumruqla onun sifətinə zərbə vuraraq fiziki ağrı yetirməsinə görə əsəbləşib, şalvarının bel hissəsində saxladığı bıçağı çıxarıb sonuncunun qarın nahiyyəsinə qəsdən bir dəfə bıçaqla vuraraq ona qarnın ön divarının sol yarısının qarın boşluğuna keçən S-vari və nazik bağırsağı zədələyən kəsilmiş-deşilmiş yarası, sol əlin İ barmağının kəsilmiş yarası ilə nəticələnən, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Kiçikağa oğlunu uzun müddətdir ki, tanıyır və onunla qonşu kimi münasibətləri olmuşdur. 23 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olduğu üçün onun və həyat yoldaşı Şahid4 ünvanına nalayiq ifadələr səsləndirmişdir. Bu ifadələr ona pis təsir etmiş, mətbəx bıçağını götürmüş və onun qarın nahiyəsinin sol tərəfindən həmin bıçaqla zərbə endirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirib, bununla bağlı ərizə təqdim etmiş və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsinə əsasən o, ünvan 2 ünvanda yaşayır. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun qonşuluğunda kirayədə yaşayır, Ariflə uzun müddətdir ki, tanışdır, münasibətləri normal olmuşdur. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Arif onun evinə gəlmiş, o, evdə tək olmuş, Arf demişdir ki, təmir işləri görməyə gedəcəkdir və ona da onunla birlikdə getməyini dedikdə, o, biraz çörək yeyək gedərik demişdir. Ariflə çörək yeyib biraz spirtli içki qəbul etmiş, o, Arifə onunla birlikdə getməyəcəyini demiş, bu sözü Arifin acığına gəlmiş və aralarında mübahisə baş vermiş, o, Arifi söyərək həyətdən qovmuş və özü də siqaret çəkmək üçün küçəyə çıxmışdır. Biraz keçdikdən sonra Arif ona yaxınlaşıb nəyə görə onun və arvadının ünvanına söyüş söydüyünü soruşmuş, o, Arifə yalnız onun özünü söyüdüyünü deyərək əli ilə Arifin sifətindən itələmiş, həmin vaxtı Arif özündə olan bıçaqla onun qarnına bir zərbə vurmuş, o, qışqırmış və əli ilə Arifi itələmişdir. Görmüşdür ki, qarın nahiyəsindən və sol əlinin barmağından xəsarət almışdır, Arifə məni bıçaqladın demiş və Arif kənara çəkilmiş, həmin vaxtı qonşuları Elbiırus və Kəmalə gəlmiş, Elburus Arifi kənara aparmış, sonra tibbi yardım çağırılmış və onu xəstəxanaya aparmışlar. Mübahisə küçədə həyətinin qarşısında baş vermiş, təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxtı onlardan başqa kimsə olmamış, sonradan Elburus və Kəmalə gəlmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisənin bilavasitə şahidi olmamışdır. Hadisə baş verdiyi vaxt o işdə olmuşdu. Sonradan eşitmişdir ki, əri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs ona qarşı dəfələrlə nalayiq ifadələr səsləndirmişdir. O, bu barədə həyat yoldaşı Təqsirləndirilən şəxs məlumat verməmişdir ki, xoşagəlməz hadisə baş verməsin. Sonuncu dəfə də Zərərçəkmiş şəxs onun barəsində nalayiq ifadələr işlətdiyi üçün Təqsirləndirilən şəxs ona bıçaq zərbəsi endirmişdir. Zərərçəkmiş şəxs ilə həyat yoldaşı Təqsirləndirilən şəxs arasında barışıq əldə olunmuşdur. Zərərçəkmiş şəxs digər qonşulara qarşı da nalayiq ifadələr işlədirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisənin bilavasitə şahidi olmamışdır. Evdə oturduğu zaman çöldən səs-küy eşitmişdir. Çölə çıxdıqda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini görmüş və onları ayırmışdır. Təqsirləndirilən şəxs evinə aparmışdır. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı səbəbdən bıçaqla vurduğunu bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisənin bilavasitə şahidi olmamışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında dostluq münasibətləri olduğunu bilirdi. Hadisə 23 noyabr 2022-ci il tarixdə baş vermişdir. Həmin gün Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olmuşdur. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nalayiq ifadələrinə görə bıçaqla vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisənin bilavasitə şahidi olmamışdır. Evdə oturduğu zaman çöldən səs-küy eşitmişdir. Çölə çıxdıqda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini görmüş və onları ayırmışdır. Təqsirləndirilən şəxs evinə aparmışdır. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğu məlum olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "Baxış keçirilməsi və götürmə aparılması haqqında" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş həmin bıçaq dəstəyi açıq bənövşəyi və tiyəsi gümüşü rəngli bıçaqdır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, qonşusu Zərərçəkmiş şəxs həmin bıçaqla xəsarət yetirmişdir. (Cild 1, iş vərəqləri 8-9) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd qara rəngli köynəyin, 1 ədəd üzərində naxışlar olan yun köynəyin, 1 ədəd jiletin və 1 ədəd gödəkcənin sol nahiyyəsində bir ədəd kəsilmiş- deşilmiş zədə izləri aşkar edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin zədə Təqsirləndirilən şəxs ona yetirdiyi bıçağın zədə izidir. (Cild 1, iş vərəqləri 73-76) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 26 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs bıçaqla hansı şəraitdə vurub xəsarət yetirdiyini yerində göstərərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 67-70) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1930 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində-qarnın ön divarının sol yarısının qarın boşluğuna keçərək S-vari və nazik bağırsağı zədələyən kəsilmiş-deşilmiş yarası, sol əlin İ barmağının kəsilmiş yarası aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici alətlə, ola bilsin ki, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən bıçaqla vurulmaqla əmələ gəlmişdir, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-da daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. (Cild 1, iş vərəqləri 115- 118) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1823 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 93-95) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 778/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyət vərəqəsinin kserosurətinə əsasən qan qrupu 0(İ)-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gödəkcə, jilet, köynək, yun köynək üzərində üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alınmışdır. H antigeni 0(1) qrupun əsasını təşkil edir. Bu qan ləkələri ABO sistemi üzrə 0(1) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs da məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində qan aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 124-129) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 612-MTKŞ/2022 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda bir ədəd, poluverin arxa səthində solda bir ədəd, jiletin arxa səthində solda bir ədəd, gödəkçənin arxa səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda bir ədəd, poluverin arxa səthində solda bir ədəd, jiletin arxa səthində solda bir ədəd, gödəkçənin arxa səthində solda olan bir ədəd deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda bir ədəd, poluverin arxa səthində solda bir ədəd, jiletin arxa səthində solda bir ədəd, gödəkçənin arxa səthində solda olan bir ədəd deşilmiş-kəsilmiş zədə onun qarnın ön divarının boşluğa keçən kəsilmiş-deşilmiş yarası ilə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (Cild 1, iş vərəqləri 119-123) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 60 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Həmçinin Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, söz götürməmək, özünə hörmət tələb etmək və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. O, öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuş, onda cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərində hadisə ilə əlaqədar özündən uydurmağa meyilllilik əlamətləri müşahidə edilməmişdir. (Cild 1, iş vərəqləri 133-136) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 113-114) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu normasının tələbi baxımdan hesab edir ki, təqsirləndirilən əməlindən peşmançılıq çəkməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, ona qarşı heç bir şikayət və tələbin olmaması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Xarici vətəndaş, yəni Rusiya Federasiyasının vətəndaşı olan Təqsirləndirilən şəxs barəsində əlavə cəza qismində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının tətbiq edilməsinin mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, həmin Məcəllənin 52.2.2 və 52.2.3-cü maddələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə və Azərbaycan Respublikasında doğulmuş şəxslərə şamil edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olmasını və Azərbaycan Respublikasında doğulmasını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə əlavə cəza qismində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 26 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 30, 65-66, 175-176) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİdə saxlanılan 1 ədəd qara rəngli köynək, 1 ədəd üzərində naxışlar olan yun köynək, 1 ədəd jilet və 1 ədəd gödəkcə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş materiallarından görünür ki, iş üzrə məhkəmə xərci yoxdur, iş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 1 ədəd qara rəngli köynək, 1 ədəd üzərində naxışlar olan yun köynək, 1 ədəd jilet və 1 ədəd gödəkcə məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-492/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-492/2023
28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver