Məhkəmə qərarları › İş №1(124)-493/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-493/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-493/2025 26.11.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri X4 (sədrlik edən), X3 və X2 ibarət tərkibdə, Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi X1 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Özbəkistan Respublikası, Zaolensk rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Abşeron Rayonu, Novxanı Ərazi Dairəsi Novxanı kəndində qeydiyyatda olmaqla, Abşeron Rayonu, Novxanı ərazi dairəsi, Novxanı kəndi, Lütfi Məmmədzadə küçəsi nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində CM) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində yerləşən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 6 saylı məhkəmə iclas zalında açıq şəkildə keçirilən məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına 24 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs CM-in 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İşin hazırlıq iclasında dövlət ittihamçısı vəsatət verərək cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyta keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1, 303.3.3 və 303.3.6-cı maddələrinin tələblərinə tam əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmiş, ittiham aktı Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmamış, bu da sonda təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxsin müdafiəçisi dövlət ittihamçısının vəsatəti ilə razı olduğunu, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğunu nəzərə alaraq cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin fikrini dinləyərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli və cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş konkret kobud prosessual pozuntulara gəldikdə məhkəmə kollegiyası bildirir ki, ilk növbədə təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək hüququ, beləliklə də, müdafiə hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Həmin Məcəllənin 223.3-cü maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyətinin mütləq şəkildə əks etdirilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan cinayət prosessual qanunvericiliyin qeyd edilən normalarının tələblərinə əsasən elan olunan ittihamda cinayətin baş vermə mexanizminin (cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər və s.) dəqiq və ətraflı göstərilməsi, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu aydın şəkildə anlaması və nədə təqsirləndirildiyini dərk etməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, sözügedən tələblərin qeyd edilən qərarlarda əks etdirilməsi yolu ilə qanunverici hüquqları məhdudlaşdırılan həmin şəxsə nəyə görə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarın qəbul edilməsinin labüdlüyünü izah edir, eyni zamanda həmin şəxsə hansı əməli törətməsi, nədə təqsirləndirildiyini dərk etməsi və ona qarşı irəli sürülən ittihamın mahiyyətinin ona tam aydın olması üçün imkan yaradır. Qanunverici məhz bu cür təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsini qanunu tətbiq edənin üzərinə vəzifə olaraq qoymuşdur. Eyni tələblər həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində də öz əksini tapmışdır. Belə ki, qeyd edilən beynəlxalq sənədin həmin normasında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir. Bu norma təqsirləndirilən şəxsə yalnız ittihamın əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın xarakteri, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumatın verilməsini təmin edir. Hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən 17 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs CM-in 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qarşı yekun ittiham irəli sürülmüşdür (cild 01, iş vər. 67) Lakin ibtidai istintaq orqanı tərəfindən qəbul olunan həmin qərarda əks olunan ittihamın məzmununun tərtibində təəssüf ki, qeyri-peşakarlıq və səriştəsizliyə yol verilmiş, bu da yekunda həmin qərarla ittiham altına düşən təqsirləndirilən şəxsdə anlaşılmazlıq yaratmaqla dolayısı ilə də onun müdafiə hüququnun pozulması ilə nəticələnmişdir. Belə ki, təqsirləndirilən Hikmət Mehtiyevə qarşı verilmiş ittiham öyərnilərkən, ona 2022-ci ilin noyabr ayının ortalarında zərərçəkmiş şəxsə qarşı yol verdiyi seksual xarakterli zorakılıq hərəkətləri ilə əlaqədar və 2024-cü il tarixinədək zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməklə əlaqədar ittihamın verildiyi müəyyən olunur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamın birinci hissəsində onun zərərçəkmiş şəxsə qarşı hansı formada seksual xarakterli zorakılıq hərəkətləri etməsi göstərilməmiş, 2024-cü il tarixinədək verilmiş ittihamda isə ümumiyyətlə seksual xarakterli zorakılıq hərəkətlərinin baş verdiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3cü maddəsinin dispozisiyasına və sanksiyasına dəyişiklik edilmişdir. Qeyd olunan halı, araşdırılan ittihama münasibətdə qiymətləndirdikdə aydın görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı “2024-cü il tarixinədək” ittiham verilərkən Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin nə vaxtadək qüvvədə olmuş redaksiyasına istinad etdiklərini müəyyən etmək mümkün deyil. Göstərilən hallar təbii olaraq təqsirləndirilən şəxsə elan olunan ittihamı qarışıq və anlaşılmaz etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan ziddiyyətli halların ibtidai istintaq orqanı tərəfindən qanunvericiliyə uyğun şəkildə aradan qaldırılmaması təqsirləndirilən şəxsin ittihamın xarakteri və əsasları haqqında ətraflı məlumatlandırılmaq kimi X8 Konvensiyasının 6-cı maddsində təsbit edilmiş hüquqlarının da, pozulmasına gətirib çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin ibtidai istintaqını aparan müstəntiq cinayət prosessual qanunvericiliyin ona verdiyi prosessual imkandan səmərəli istifadə etməmiş, kifayət qədər vaxta və imkana sahib olduğu halda, bir növ etinasızlıq göstərərək ibtidai istintaqın yekunlaşdırılması ilə bağlı tələsik nəticəyə gəlmiş və yekunda təqsirləndirilən şəxsə qarşı belə qeyri-müəyyən ittiham irəli sürmüşdür. Odur ki, qeyd edilən bu pozuntu bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Həmçinin məhkəmə qeyd edir ki, yuxarıda göstərilən qeyri-müəyyən ittiham cinayət təqibinin gedişində dəyişdirilməmiş, müstəntiq tərəfindən dəqiqləşdirilməmiş və yekunda ittiham aktı tərtib olunanda da göstərilən nöqsanlar diqqətdən kənar qalmaqla cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələri və ya 296.2-ci maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla yekunda CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Bundan başqa cinayət işinin materialları araşdırılarkən müəyyən olunur ki, cinayət işinin araşdırılmağa başlandığı dövrdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Elxan Əbdürrəhimov olsa da, ittiham aktı Ceyhun Mirzəyev tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 120-ci maddəsində göstərilmişdir ki, cinayət prosesini həyata keçirən orqan cinayət prosesində iştirak edən şəxslərə hüquq və vəzifələrini, onların həyata keçirilməsi imkanlarını izah etməlidir. Həmin məcəllənin 120.2.2-ci maddəsində qeyd olunmuşdur ki, etiraz edilə bilən şəxslərin soyadları və bu şəxslər barədə digər zəruri məlumatlar cinayət prosesinin iştirakçılarına bildirilməlidir. Lakin cinayət işinin materialları öyrənilərkən müəyyən olunur ki, istintaqın gedişində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dəyişsə də, təqsirləndirilən şəxsə etiraz hüququ izah olunmamışdır. Bunula da ibtidai istintaq orqanı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 303.3.3-cü maddəsinin tələbini pozmuşdur. Təəssüf ki, bu hallar ibtidai istintaqa prosessual rəhərliyi həyata keçirən prokurorun da diqqətindən yayınmış və ittiham aktı təsdiq olunmaqla baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində göndərilmişdir. Müstəntiqin yol verdiyi nöqsanlar bununla da bitməmişdir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli Raporta əsasən həmin tarixdə Qusar Rayon Polis Şöbəsinı təhvil verilmişdir. Lakin cinayət işinin materiallarında olan tutma barədə qərardan və protokoldan təqsirləndirilən şəxsin xx.xx.2025-ci il tarixdə saxlanıldığı müəyyən olunur. Təqsirləndirilən şəxsin xx.xx.2025-ci il tarixdə Qusar RPŞ-yə tahvil verildikdən sonrakı aqibəti qeyri müəyyən olaraq qalmışdır. Bundan başqa təqsirləndirilən şəxsin tutulması haqqında protokolda tarix ümumiyyətlə səhv göstərilsə də, ibtidai istintaq orqanı bu halı cinayət prosessual məcəllənin tələblərinə uyğun həll etməkdənsə sadə qələmlə düzəliş etmişdir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs, şübhəli şəxs qismində tutulma qərarının surətinin, hüquq və vəzifələri barədə yazılı bildirişin verilməsi, tutma protokolu ilə tanış etmə, hüquq və vəzifələrinin izah edilməsi haqqında protokoldan və təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb barədə qərarın surətinin, hüquq və vəzifələri barədə yazılı bildirişin verilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulması haqqında protokolda Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə şübhəli bilinməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi protokolunda da həmçinin Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilməsi göstərilmişidir. Beləliklə, yuxarıda göstərilələri ümumiləşdirdikdə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq zamanı CPM-nin 303.3.1, 303..3.3 və 303.3.6-cı maddələrinin nəzərdə tutulmuş kobud pozuntularına yol verildiyinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin hazırlıq iclasında müvafiq qərar qəbul edilərkən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri də müzakirə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığına, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığına dair qərar çıxarır. 306.2.2-ci maddəsinə əsasən cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. 159.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə məhkəmənin qərarı ilə əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla barəsində xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Sumqayıt Ağır Cinayətlər məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə məhkəmə hazırlıq iclasının keçirilmək müddəti uzadılmış və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin müddəti məhkəmənin hazırlıq iclası keçirilənədək uzadılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin ağır cinayətlər kateqoriyasına aid olması, həmin əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, ibtidai istintaqın və gələcəkdə məhkəmə baxışının normal gedişatına mane olacağını ehtimal etməyə əsas verir ki, belə olan halda məhkəmə kollegiyasının qənaətincə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmaqla müddəti 02 ay, yəni xx.xx.2026-ci il tarixə kimi uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 300, 303 və 306-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 (iki) ay yəni, xx.xx.2026-cı il tarixə kimi uzadılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar