Məhkəmə qərarları › İş №1(124)-498/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-498/2024

26.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-498/2024 26.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində bir azyaşlı uşağı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.713 qram, 0,712 qram, 0,715 qram, ümumi təmiz çəkisi 2,140 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 10:50 radələrində yaşadığı ünvan 2 ünvanının yaxınlığında Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan şalvarının sol yan cibindən külli miqdarda 3 (üç) ədəd bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,713 qram, 0,712 qram, 0,715 qram, ümumi təmiz çəkisi 2,140 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 28 sentyabr 2023-cü il tarixdə səhər saatlarında evində yatan zaman valideynləri gəlib onu oyatmış və polis əməkdaşlarının həyətdə onu gözlədiklərini bildirmişdir. O, əynini geyinmiş və həyətə düşmüşdür. Polis əməkdaşları onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişlər və o da razılaşaraq polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində üzərinə baxış keçirilmiş və üzərindən 0,5 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Daha sonra, üzərindən çıxan narkotik vasitənin çəkisini artırıb, ona aid olduğunu demişlər, lakin o etiraz edib, həmin çəkidə narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Onun önünə elə şərt qoymuşlar ki, məcbur qalıb, narkotik vasitənin ona aid olduğunu qəbul etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları onu polis bölməsinə apararkən, üzərində 0,5 qram heroin olmuş, gecə bir qədər istifadə etmiş, qalan hissəsi yadından çıxaraq üzərində qalmışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən, hakimə əslində, üzərində 0,5 qram heroin olduğunu, heroinin miqdarının sonradan polis əməkdaşları tərəfindən artırıldığını bildirməmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki deyil, psixi təsir olunmuşdur. Önünə şərt qoyduqları üçün, narkotik vasitəni qəbul etmişdir. Polis əməkdaşlarının onun önünə şərt qoymaqlarının məqsədi narkotik vasitəni boynuna almağı olmuşdur. Əvvəllər bir dəfə də polis əməkdaşları tərəfindən tutulmuş, lakin onda üzərində heç nə olmamışdır. Polis əməkdaşlarını əvvəldən tanımış, onlarla düşmənçiliyi və ədavəti olmamışdır. Polis əməkdaşlarının üzərindən çıxan narkotik vasitənin çəkisini artırmalarının səbəbini bilmir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Mütəmadi olaraq narkotik vasitələrdən istifadə edir. Çoxdandır ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşayan Bəhlul adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını bilirmiş və hərdən bir ondan öz istifadəsi üçün narkotik vasitə alıb istifadə etmişdir. Təxminən 3 ay bundan əvvəl yenidən Bəhlul adlı şəxslə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində görüşüb ondan 50 manat dəyərində 3 ədəd bükümdə narkotik vasitə almış və gizlətmişdir. xx.xx.2023-cü il tarixdə gizlətdiyi yerdən narkotik vasitəni götürmüş və üzərində saxlamışdır ki, istifadə etsin. Qeyd olunan tarixdə yəni, xx.xx.2023-cü il tarixdə saat təxminən 10:50 radələrində yaşadığı evin yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşı olduğunu bildirib, onu narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün Sumqayıt Şəhər Polis İdarəsinin, 2-ci Polis Bölməsinə dəvət etmişlər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Bölmədə üzərinə şəxsi axtarış keçirələcəyi bildirilmişdir. Orada xidməti otaqda onu ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o, da əynində olan şalvarının sol yan cibində olan bir ədəd bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində 3 ədəd bükümdə narkotik vasitə “herion”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, aşkar olunan maddənin narkotik vasitə heroin olduğunu, təxminən 3 ay bundan əvvəl qismən tanıdığı Bəhlul adlı şəxsdən 50 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. O, Bəhlulu qismən tanıyır. Bəhlulun təxminən 34-35 yaşı olar. Çoxdandı ki, Bəhlulu görmür. Eşitdiyinə görə təxminən 2 ay olar ki Bəhlul dünyasını dəyişmişdir. Bəhlul adlı şəxsin narkotik vasitələri haradan əldə etməsi barədə heç bir məlumatı yoxdur (cild 01, iş vər. 57-59). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq göstərmişdir ki, o, qeyd edilən formada ifadə verməmiş, məcbur qalıb həmin ifadəni imzalamışdır. Dövlət hesabına təyin olunan vəkilə polis əməkdaşları tərəfindən döyülmədiyini, lakin özü ilə bağlı təhdid edildiyini bildirmişdir. O, tutulan gündən müstəntiqə ittihamda qeyd olunan çəkidə 3 büküm narkotik vasitə heroinin ona aid olmadığını, yalnız 0,5 qram heroinin ona aid olduğunu bildirmişdir. O, saat 10:50-də yaşadığı evdə saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2023-cü ilin sentyabrın axırlarında 2-ci Polis Bölməsinə Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında o, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində piyada hərəkətdə olan zaman şəxsə yaxınlaşmış, özlərini təqdim etmiş və şəxsi polis bölməsinə gətirmişlər. Polis bölməsində təhqiqatçının və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsin üzərinə baxış keçirilmişdir. Baxış zamanı şəxsin üzərindən narkotik vasitə aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, saxlanılarkən şəxsə qarşı heç bir təzyiq, təsir olunmamışdır. Şəxsi H.Z.Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində evinin yaxınlığında saxlamışlar. Saxlanıldığı yer ilə şəxsin evi arasında təxminən 20-30 metr məsafə olar. Şəxsin ifadəsində qeyd etdiyi hal, yəni onun evinin içindən çağırılıb, polis bölməsinə aparılması halı olmamışdır. Hətta şəxsi saxlayanda qardaşı da küçəyə çıxmış, şəxsi saxladıqlarını görmüş və onlar şəxsi polis bölməsinə aparacaqlarını bildirmişlər. Şəxsin üzərindən bir bütöv büküm aşkar olunmuşdur. Həmin bükümün içində 3 ədəd kiçik büküm olmuşdur. Onlar şəxsin saxlandığı yerə dəniz tərəfdən olan yolla getmişdir. Şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuşdur. Əvvəllər onda şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə məlumat olmamışdır. Şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, daxil olan əməliyyat məlumatı ilə bağlı təxirəsalınmaz əməliyyat tədbiri keçirilmişdir. Şəxs saxlanılarkən onlara qarşı müqavimət göstərməmiş, həmçinin, onlar tərəfindən də şəxsə qarşı heç bir təzyiq, təsir göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 28 sentyabr 2023-cü il tarixdə səhər saat 09:30 radələrində qapının zəngi çalınmış, o, qapını açmış və 4-5 nəfər polis əməkdaşının olduğunu görmüşdür. Onlar həyətə girmək istəmiş, lakin o, buna icazə verməmişdir. Ondan qardaşının harada olduğunu soruşmuşlar, o da qardaşının evdə yatdığını bildirmişdir. O, həyətdə it saxlayır. Polis əməkdaşları ondan iti bağlamasını istəmişlər və o, iti bağlayan zaman polis əməkdaşları həyətə daxil olmuşlar. O, qardaşını oyatmış və ona polis əməkdaşlarının onu çağırdığını, lakin səbəbini bilmədiyini söyləmişdir. Daha sonra onlar polis əməkdaşları ilə birlikdə onların avtomobili ilə polis bölməsinə getmişlər. Polis bölməsində qardaşını narkotik vasitələrə görə tutduqlarını öyrənmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, onun qardaşı narkotik vasitələrdən istifadə edirmiş və qardaşı 2016-cı ildə də narkotik vasitələrə görə tutulmuşdur. O vaxt da, onu saxlayan polis əməkdaşları arasında Şahid1 olmuşdur. O, qardaşının narkotik vasitələrdən istifadə etdiyindən xəbərdar olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, 2016-cı il tarixdə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 1, mənzil 21-də qeydiyyatda olmaqla hazırda H.Z.Tağıyev qəsəbəsi, 1-ci məhəllə ev 21-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsi, üzərində gəzdirməsi və alqı-satqısı ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 10:50 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi 1-ci məhəllədə yaşadığı ünvanın qarşısında saxlanılmış və Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə gətirilmişdir (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmiş, həmin büküm açılan zaman içərisində qızılı rəngli siqaret kağızına bükülmüş 3 büküm aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzi vasitəsi ilə çəkildikdə çəkisinin 0,85 qram, 0,61 qram və 0,87 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılmaqla götürülmüş, müvafiq axtarış və götürməni əks etdirən video görüntü CD diskə köçürülərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 26-27). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi eskpertizasının 28 sentyabr 2023-cü il tarixli, 6/5115 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Ş/.ş (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,713 qr., 0,712 qr., 0.715 qr., ümumi təmiz çəkisi 2,140 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3 ədəd bükümdəki narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 33-38). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji eskpertizasının 04 oktyabr 2023-cü il tarixli, 6288 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 89-90). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3, 206, 234.4.1 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 136-143). İş materiallarından görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 1, mənzil 21-də qeydiyyatda olmaqla hazırda H.Z.Tağıyev qəsəbəsi, 1-ci mıhəllə ev 21-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsi, üzərində gəzdirməsi və alqı-satqısı ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sözügedən kütlələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitə heroinin çəkisinin polis əməkdaşları tərəfindən artırılması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində deyil, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Məhkəmə istintaqı zamanı dindirilən şahid X6 ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxs Təqsirləndirilən şəxs yaxın qohumudur (qardaşı). Belə olan halda məhkəmə kollegiyası həmin ifadəyə də tənqidi yanaşır və hesab edir ki, həmin şəxsin təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsi anlaşılandır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş X4 məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü (X8) bir azyaşlı uşağı var (cild 01, iş vər. 134-135). İş materiallarına əlavə edilmiş “X10”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X9 ürəyin xroniki işemik xəstəliyi səbəbi ilə xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 73-74). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, atasının vəfat etməsini isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında göstərilənləri nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 19, 65-66). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 2,040 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 81 AZN (səksən bir manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 2,040 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 81 AZN (səksən bir manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar