Məhkəmə qərarları › İş №1(124)-5/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-5/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-5/2024 23.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Xaçmaz şəhəri N.ünvan 1 ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 18 radələrində qaranlıq və yağışlı hava şəraitində ƏN-V No 652792 nömrəli etibarnamə və AE seriyalı, 607402 nömrəli, B dərəcəli sürücülük vəsiqəsi əsasında özünə məxsus “Vaz 21154 minik” markalı, Az ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə edib 60 km/saat sürətlə Xaçmaz rayonu ərazisində, Gəndob-Xaçmaz-Yalama yolu ilə Xaçmaz şəhəri istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riayət etməmiş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozub avtomobili hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə etməklə sərxoş vəziyyətdə idarə edib həmin yolun Xaçmaz şəhərində yerləşən “Çənlibel” parkı yaxınlığından keçən 22-ci kilometrliyində Xaçmaz şəhəri istiqamətində götürdükdə yolun sağ kənarında özünə məxsus “Mercedes Benz C180 minik” markalı Az ** VP *** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb düşərək avtomobilinin arxasında dayanmış piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ağ ciyər arteriayısının tromboemboliyası ilə nəticələnən sol baldırın hər iki sümüyünün açıq sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq ölməsinə və “Mercedes Benz C180 minik” markalı Az ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi, mərhum Zərərçəkmiş şəxs 3145 (üç min yüz qırx beş) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuş, bununla da o, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda avtomobil idarə edərək yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydasını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o hadisə günü yağışlı havada Xaçmaz rayonu istiqamətində hərəkət etmişdir. Onun avtomobilinin sağ tərəfi yolun hərəkət hissəsində dayanmış vəziyyətdə olan “Mercedes” markalı avtomobilin sol tərəfini vurmuşdur. Qəza baş verdikdən sonra zərər çəkmiş şəxs ayaqüstə olmuş, hətta ona “nə oldu, görmədin məni” deyə sual vermiş, o isə zərər çəkmiş şəxsə onu görmədiyini bildirmişdir. Təcili tibbi yardım avtomobili hadisənin baş verdiyi yerə bir az gec gəlmiş, daha sonra zərər çəkmiş şəxs xəstəxanaya aparılmışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq hadisə günü 100 qram spirtli içki qəbul etdiyini, törətdiyi əməldən çox peşman olduğunu və vicdan əzabı çəkdiyini bildirmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin suallarına Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, hadisənin baş verdiyi yer işıqlı olmamış, hadisə zamanı onun avtomobilinin işıqları yanılı olmuşdur. Hadisədən təxminən 5 dəqiqə sonra təcili tibbi yardıma tanış bir şəxs zəng vurmuş, onun telefonu olmamış və özü də xəsarət almışdır. O, pis vəziyyətdə olduğu üçün zərər çəkmiş şəxsi xəstəxanaya özü apara bilməmişdir. Zərər çəkmiş şəxsin şahdamarı partlamış, lakin qaranlıq olduğu üçün onun aldığı xəsarət görünməmişdir. Həmçinin təcili tibbi yardım gələnədək zərər çəkmiş şəxs onunla söhbətləşmişdir. Polis əməkdaşları təxminən qəza baş verdikdən yarım saat sonra hadisə yerinə gəldikdən sonra o, xəstəxanaya gedə bilmişdir. Hadisə yerinə ilk öncə təcili tibbi yardım, daha sonra isə polis əməkdaşları gəlmişdir. O, hadisə yerindən ayrılmamışdır. Qəza axşam saat 18:09-da baş vermiş, o, hadisə zamanı “Vaz 21154 minik” markalı avtomobillə təxminən 45-50 km/saat sürətlə hərəkət etmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin sullarına cavab olaraq bildirmişdir ki, hadisə zamanı yol qaranlıq olmuş, yolun hər iki tərəfində işıqlar yanmamışdır. Zərər çəkmiş şəxsin avtomobili saxladığı yerdə sarı rəngli xətt olmuşdur. Yanacaq doldurma məntəqəsinin həyətində, hadisənin baş verdiyi ərazidə, yoldan kənar olan hissədə avtomobil saxlamaq üçün yerdə təxminən 7-8 avtomobil üçün yer mövcud olmuşdur. O, hadisə günü spirli içki içmiş, qəza baş verəndə onun təzyiqi qalxmış, hadisə nəticəsində dişləri qırılmış və ağzından qan gəlmişdir. Təcili tibbi yardımın hadisə yerinə gəlməsi təxminən 30-40 dəqiqə çəkmişdir. Xəstəxanadakı həkim içkili olmuş və zərər çəkmiş şəxsin şahdamarının partladığını bilməmişdir. Hətta xəstəxanada olan şəxslər ona zərər çəkmiş şəxsin ölməsinin həkimin təqsiri olduğunu bildirmişdirlər. Bununla yanaşı, həkim müstəntiqə həmin sahənin onun səlahiyyətində olmadığını demişdir. Həmin həkimin adı Samir olmuşdur. O, əvvəllər məhkum olunmamış, ll qrup l Qarabağ müharibəsi əlili olmuş, ayağından və qarnından ağır güllə yarası almışdır. Onun üç övladı var. Oğlanları da “Aprel döyüşləri” və “Vətən müharibəsi”nin iştirakçıları olmuşlar. O, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmağa çox cəhd etmiş, lakin zərər çəkmiş şəxsin hüquqi varisi barışmaqdan imtina etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı tam etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. 30 dekabr 2021-ci il tarixli qərarla zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X6 ifadəsində göstərmişdir ki, saat 18:12-də eltisi ona zəng edərək “Rüfət qəzaya düşüb, onu xətəxanaya aparırlar” demiş və qaynı Raminin gəlib onu götürəcəyini bildirmişdir. O isə eltisinə “sizin kənddən gəlməyiniz gec olacaq, mən özüm xəstəxanaya gedəcəm” demişdir. O, xəstəxanaya çatdıqdan sonra yaxınlarına zəng etmiş və yanına gəlmələrini xahiş etmişdir. Həmin vaxt xəstəxanada növbətçi həkim Zaur olmuş, Samir həkimi isə onun qohumları həmin xəstəxanaya gətirmişdir. Daha sonradan o, hadisə yerinə getdiyi zaman orada polis əməkdaşlarının olduğunu, həmçinin Rüfətin avtomobilinin olmasını görmüşdür. O, polis əməkdaşları ilə danışmış, polislər ona narahat olmamasını demişdirlər. Hadisə yerində xeyli miqdarda laxtalanmış qan, həmçinin suya qarışmış qan olmuşdur. O, “Rüfət bu qədər qan itiribsə, sağ qalmaz. Niyə bu qədər vaxta kimsə onu xətəxanaya çatdırmayıb” deyə bildirmişdir. Hadisənin baş verdiyi yol işıqlandırılmış, həmçinin orada olan parkda da işıqlar olmuşdur. Təqsirləndirilən şəxs ilkin ifadəsində avtomobil vurduğunu zənn etdiyini, sonra da getdiyini, daha sonradan gələrək adam vurduğunu gördüyünü demişdir. Rüfət avtomobil onu vurduqdan sonra yıxılmışdır, belə ki, morqdan çəkilmiş şəkillər də bu faktı təsdiq etmişdir. Rüfət özünə gəldikdən sonra onun bacısının ərinə “mən yarım saatdır ki buradayam” demişdir. Təqsirləndirilən şəxs barışıq üçün cəhd etmiş, lakin o, barışmamışdır. O, təqsirləndirilən şəxsin cəzalanmasını istədiyini bildirmişdir. Hadisə yerinə getdiyi zaman təxminən saat 19 radələrində sadəcə olaraq iki polis əməkdaşı, bununla yanaşı, Rüfətin avtomobili orada olmuş, əri orada olmamışdır. Zəngin gəlməsi ilə onun hadisə yerinə getməyi arasında nə qədər vaxt fərqi olduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hadisə günü xidmət üzrə başqa ərazidə olmuş, yol qəzası barədə daxil olan məlumat əsasında isə hadisə yerinə təxminən 15-20 dəqiqə sonra yaxınlaşmışdır. O, hadisə yerinə çatdığı zaman nə xəsarət alan şəxsi, nə də ki qəzaya səbəb olan şəxsi görməmişdir. Dərhal hadisə barədə rəhbərliyə, həmçinin növbətçi hissəyə xəbər vermiş və sonra evakuator çağıraraq hadisə yerində olan avtomobilləri kənara çəkdirmişdir. O, hadisə yerinə çatanda zərər çəkmiş şəxs orada olmamış, artıq xəstəxanaya aparılmışdır. Hadisə yerinə çatdıqdan təxminən 10 dəqiqə sonra təqsirləndirilən şəxsi görmüşdür. O, hadisə yerinə gəldiyi zaman hər iki avtomobil orada olmuş, lakin nə zərər çəkmiş şəxs, nə də təqsirləndirilən şəxs orada olmamış, təqsirləndirilən şəxs daha sonra həmin yerə gəlmişdir. Qəzanın baş verdiyi yer tam işıqlı olmamış, işıq hadisə yerinə uzaqdan düşmüşdür. Hadisə günü hava az yağışlı olmuşdur. O, hadisə yerinə təxminən saat 20-21 radələrində gəlmiş, hadisə yerində təqsirləndirilən şəxsi görə bilməmişdir. Çünki həmin vaxt yolu bağlamaq, hadisə yerinin şəkillərini çəkməklə məşğul olmuş, oraya gəldikdən təxminən 5-10 dəqiqə sonra təqsirləndirilən şəxsi görmüşdür. Heç kim ona təqsirləndirilən şəxsin hadisə yerindən qaçması barədə məlumat verməmişdir. Hadisənin olduğu yerdə dayanma və ya durma nişanı olmamışdır. Hadisə yerindəki yolun üzərində sarı rəngli xətlər olmuş, buna görə də orada avtomobil saxlamağa icazə olmamışdır. Bulaqdan 50-70 metr aralı məsafədə yanacaq doldurma məntəqəsi olmuş, orada avtomobil saxlamağa icazə olmuşdur. O hadisə yerinə getdiyi zaman işıq dirəkləri yanılı vəziyyətdə olmuşdur. Həmin yol üzrə təxminən 10 metrdən bir işıq dirəkləri olmuşdur. Hadisə yerinə iki nəfər getmiş, o, avtomobilin şəkillərini çəkdiyi zaman, ola bilsin ki digər polis əməkdaşı Şahid1 təqsirləndirilən şəxsi görmüş, o isə Təqsirləndirilən şəxs sonradan görmüşdür. Hadisə yerinə təxminən 15 nəfər toplanmışdır. Hadisə yerinə gəldikdən 5-10 dəqiqə sonra avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xidmətdə olarkən daxil olan məlumat əsasında hadisə yerinə yaxınlaşmışdır. Hadisə günü hava çiskinli, yer isə bir az yaş olmuşdur. O, hadisə yerinə çatdığı zaman zərər çəkmiş şəxs orada olmamış, təcili tibbi yardım avtomobili onu aparmışdır. Təqsirləndirilən şəxs müayinə edildikdə isə onda “orta dərəcədə sərxoşluq” müəyyən edilmişdir. Həmçinin onlar avtomobillərin duracağa yerləşdirilməsini təmin etmişdirlər. O, hadisə yerinə gəldiyi zaman təqsirləndirilən şəxs orada olmuşdur. Hadisənin baş verdiyi yer kifayət qədər işıqlı olmuş, həmin yolda sarı xətt olduğu üçün orada avomobil saxlamağa icazə olmamışdır. Məlumat daxil olduqdan 5-6 dəqiqə sonra o hadisə yerinə çatmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, ona hadisə günü xidmətdə olarkən Bakı prospektində avtomobil qəzası baş verməsi barədə məlumat verilmişdir. Həmin gün hava yağışlı olmuş və o, hadisə yerində çox qalmamış, hadisənin baş verdiyi yerdə qan ləkələri olduğunu və avtomobilin əzildiyini görmüşdür. Ora çatdığı zaman zərər çəkmiş şəxs təcili tibbi yardım avtomobili ilə aparılmışdır. O, hadisə yerinə nisbətən gec, hava qaraldıqda yaxınlaşdığını, lakin tam olaraq saat neçədə çatdığını xatırlamamışdır. Hadisə yerinə gəldiyi zaman polis əməkdaşlarını və oraya toplanan vətəndaşları görmüş, lakin orada təqsirləndirilən şəxsi və zərər çəkmiş şəxsi görməmişdir. Hadisənin baş verdiyi yer kifayət qədər işıqlı olmuş, küçə işıqları yanılı vəziyyətdə olmuşdur. Hadisə yerində dayanma və durmanın qadağan olunması ilə bağlı işarə və sarı xətlər olduğunu görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hadisə günü Təqsirləndirilən şəxs görməmiş, həkimin göstərişi ilə zərər çəkmiş şəxsə tibbi yardım göstərməklə məşğul olmuşdur. Zərər çəkmiş şəxs çox qan itirdiyindən huşu özündə olmamış və çox ağır vəziyyətdə olmuşdur. Hadisə günü Zaur və Samir həkim xəstəxanada olmuş, zərər çəkmiş şəxsə yardım etmişdirlər. O, zərər çəkmiş şəxsin xəstəxanaya nə zaman gətirildiyini xatırlamamışdır. Təqsirləndirilən şəxs onun çalışdığı xəstəxanaya gəlib-getmiş, lakin Əbdüləzizi hadisə günü görməmişdir. Zərər çəkmiş şəxs xəstəxanaya gətirildiyi zaman çox qan itirmiş, həmçinin onun ayağı zədələnmiş, ayaq sümüyü bayıra çıxmış, şahdamarı kəsilmişdir. Zərər çəkmiş şəxsin hansı ayağının zədələndiyini, ayağından başqa hansı nahiyəsində xəsarət olub-olmamasını xatırlamamışdır. Onların ilk vəzifəsi zərər çəkmiş şəxsin qan axmasını dayandırmaqdan ibarət olmuş, zərər çəkmiş şəxs xəstəxanaya gətirildikdən sonra qanaxmanı saxlamışdırlar. Zərər çəkmiş şəxsə tibbi yardım göstərilərkən onun huşu gəlib-getmiş, demək olar ki, özündə olmamışdır. Tibbi yardım göstərilən zaman zərər çəkmiş şəxs ona heç bir söz deməmişdir. Şahid4 məhkəmə iclası zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 1990-cı ildən Xaçmaz RMX-da, son 1 ildir isə Xaçmaz RMX-nın TTYB-nin Acil Şöbəsinin tibb bacısı vəzifəsində işləyir. Onun funksional vəzifəsi gün ərzində acilə gələn şəxslərə, xəstələrə həkimin təlimatı ilə tibbi yardım göstərməkdən ibarətdir. xx.xx.2021-ci il tarixdə növbə cədvəlinə uyğun olaraq iş yoldaşı X9 ilə birlikdə növbədə olmuşdur. Həmin gün təxminən saat 19-20 radələrində Təqsirləndirilən şəxs adlı şəxs Xaçmaz RMX-ya daxil olmuşdur. Təqsirləndirilən şəxs müayinə olunduğu zaman sağ tərəfdən alın nahiyəsinin sıyrılmış yarası kimi xəsarətinin və alkoqol sərxoşluğunun olması müəyyən edilmişdir. Sonuncuya xəstəxanada tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs həmin gün Xaçmaz şəhəri Çənlibel parkının qarşısında yol nəqliyyat hadisəsi zamanı xəsarət almasını bildirmişdir. Bundan sonra həmin tarixdə yəni xx.xx.2021-ci il tarixdə onlar vəzifələrini icra edərək bu barədə Xaçmaz RPŞ-nə məlumat vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X9 ifadəsində göstərmişdir ki, o, hadisə günü Təqsirləndirilən şəxs yanında polislərlə birlikdə xəstəxanada görmüşdür. Polis əməkdaşları ona Təqsirləndirilən şəxs ekspertiza üçün qan almağını demişdirlər. O da təqsirləndirilən şəxsdən qan alaraq ekspertizaya göndərilməsinə kömək etmiş, həmçinin hadisə günü qəza nəticəsində zərər çəkən şəxsin xəstəxana üzrə qeydiyyatını aparmışdır. Zərər çəkmiş şəxs xəstəxanaya gəldiyi zaman vəziyyəti çox ağır olmuş, ona tibbi yardımı tibb bacısı Şahid4 göstərmiş, o isə həmin vaxt cərrah otağında olmamışdır. Təsirləndirilən şəxs xəstəxanaya gətirilən zaman burnunun üzərində yara bandı olmuş, həmin hissə cızılmış və qanamış vəziyyətdə olmuşdur. O, səhər saat 09:00-da növbəyə daxil olmuş, növbə 12 saat olmuşdur. Təqsirləndirilən şəxs xəstəxanaya çox gec gəlmiş, belə ki, o, növbədən çıxana yaxın Əbdüləziz xəstəxanaya daxil olmuşdur. Zərər çəkmiş şəxsin diaqnozu budda açıq sınıq olmuş, onun sümüyü çölə çıxmış, vəziyyəti ağır olmuş və huşu gedib-gəlmişdir. Zərər çəkmiş şəxsə tibbi yardımın göstərilməsi təxminən bir saat çəkmiş, lakin həmin vaxtı dəqiqliklə xatırlamamışdır. Təqsirləndirilən şəxsə tibbi yardım göstərildiyi halda qeydiyyat dəftərinə bu barədə yazılmalı, lakin ona tibbi yardım göstərilib-göstərilməməsini xatırlamamışdır. O, polis idarəsinə ifadə vermək üçün getməmiş, ifadəsinii xəstəxanada imzalamışdır. O, hadisə günü xəstələrin qeydiyyatını aparmış, zərər çəkmiş şəxsin sadəcə olaraq təzyiqini ölçmüş, digər tibbi yardımları göstərməmişdir. Təqsirləndirilən şəxsin təzyiqini ölçüb-ölçməməyi yadında olmamışdır. Zərər çəkmiş şəxsə çox sayda həkim, həmçinin Zaur və Samir həkim də tibbi yardım göstərmişdir. Samir həkim travmatoloq, Zaur həkim isə səhv etmirsə, cərrah olmuşdur. O, həmin otaqda olmadığı üçün zərər çəkmiş şəxsin yarasını hansı həkimin tikdiyini bilməmişdir. Təsirləndirilən şəxsin içkili olub-olmaması ilə bağlı ondan qan götürmüşdür. Şahid X9 ibtidai istintaq zamanı Şahid4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 dekabr 2021-ci il tarixli raportdan görünür ki, Xaçmaz RMX-nın tibb bacısı Məmmədova Xaçmaz RPŞ-nin növbətçi hissəsinə Zərərçəkmiş şəxs “sol baldır sümüklərinin açıq sınığı, baldırın arxa iç səthinin geniş həcmli cırılmış yarası, travmatik və hemoroqin şok ağır dərəcə trobov embalgiya” diaqnozu ilə xəstəxanaya daxil olması və xəstənin deməsinə görə Xaçmaz şəhəri, Çənlibel parkının qarşısında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 dekabr 2021-ci il tarixli raportdan görünür ki, Xaçmaz RMX-nın tibb bacısı Məmmədova Xaçmaz RPŞ-nin növbətçi hissəsinə Təqsirləndirilən şəxs “sağ tərəfdən alın nahiyəsinin sıyrılmış yarası, alkoqol sərxoşluğu” diaqnozu ilə xəstəxanaya daxil olması və xəstənin deməsinə görə Xaçmaz şəhəri, Çənlibel parkının qarşısında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 dekabr 2021-ci il tarixli raportdan görünür ki, Xaçmaz RMX-nın tibb bacısı Məmmədova Xaçmaz RPŞ-nin növbətçi hissəsinə Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən Xaçmaz RMXda ölməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə baxış keçirilməsi haqqında 19 dekabr 2021-ci il protokoldan görünür ki, hadisə yeri baxış keçirilmiş, hadisəsi yerinin sxemi və fotoşəkilləri protokola əlavə edilmişdir. Protokoldan görünür ki, hadisə yeri Gəndob-Xaçmaz-Yalama yolunun Xaçmaz şəhərində yerləşən Çənlibel parkının yaxınlığından keçən hissəsidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 56 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə sərxoş olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/739№-li rəyindən görünür ki, “Vaz 21154 minik” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanımaq haqqında” 12 may 2022-ci il tarixli qərarı ilə təhlükəsizlik kamerası tərəfindən qeydə alınan, baş vermiş hadisənin video görüntüləri olan bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 56 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı aşağıdakı xəsarətlər- sol baldırın hər iki sümüyünün açıq sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarət ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Göstərilən xəsarətlər həyati olub, qərarda qeyd olunduğu kimi xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs ölümünə səbəb ağ ciyər arteriyasının tromboemboliyası olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-3 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs müyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş “Məhkəmə-tibbi Ekspertiza və X14” PHŞ-nin Xaçmaz rayon şöbəsinin rəisi, ekspert X10 ifadəsində cinayət işi üzrə verdiyi ekspert rəyini təsdiq etdiyini bildirib göstərmişdir ki, meyitin müayinəsi zamanı meyitin baldır sümükləri tam sınmışdır. Damarlar qırıldığı zaman qan laxtaları ağciyər arteriyasına yığılaraq qalmış və bu travmalar, yəni damarların qırılması və qan laxtalarının ağciyərdə yığılması Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Mərhumun aldığı xəsarətlərlə ölüm arasında səbəbli əlaqə olmuşdur. Qan laxtasının ağciyərdə toplanması nəfəs almağa mane olmuşdur. Ekspertiza zamanı meyit yarılmışdır. Mərhumun nə qədər qan itirdiyini bilməmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərarı ilə ekspert rəyində ölümün səbəbi kimi göstərilən ağciyər arteriyasının tromboemboliyası ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yetirdiyi xəsarətlərin səbəbli əlaqədə olubolmamasını aşkar etmək məqsədi ilə cinayət işi üzrə komisyon məhkəmə tibbi ekspertizasının təyin edilməsi qərara alınmış, icrası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 ekspertlərinə tapşırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 184/KEŞ saylı rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və meyitinin məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: Zərərçəkmiş şəxs adına Xaçmaz Rayon Mərkəzi Xəstəxanası PHŞ-də ambulator tibbi kitabça olmadığından onda əvvəldən hər hansı bir xəstəliyin olubolmaması haqqında fikir söylənilməsi mümkün olmadı. Zərərçəkmiş şəxs meyitindən götürülmüş biomateriallarda patohistoloji tədqiqatın nəticələri ilə sol baldır damarlarının zədələnməsi səbəbindən tromboflebitin inkişaf etməsi təsdiq edilmədiyindən, o cümlədən damarlarında əvvəlcədən trombların olması ilə əlaqədar tibbi sənədlər olmadığından bu haqda proqnoz verilməsi mümkün deyildir. Lakin nəzərə almaq lazımdır ki, ağciyər arteriyasının tromboemboliyasının inkişafı daha çox orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. Belələliklə, ağciyər arteriyasının tromboemboliyasının inkişafının yol-nəqliyyat hadisəsi ilə bilavasitə səbəbli əlaqəsinin olması məhkəmə-tibbi meyarlara əsasən inkar olunur. Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı aşkar edilmiş xəsarətlərin xarakterinə, xəsarətlərin ağırlığına və travmanın inkişaf mərhələsinin nəticələrinə əsasən, 4-5 saat xəstəxanada sağ qalması şəraitində ona ixtisaslı tibbi yardımlar vaxtında və göstərildiyi halda trombozun aradan qaldırılması mümkün ola bilərdi, lakin qısa vaxt məhdudiyyəti baş verə biləcək ağırlaşmanın qarşısının alınmasına yetərli olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş “Məhkəmə-tibbi Ekspertiza və X14” PHŞ-nin eksperti X18 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixli, 184/KEŞ nömrəli məhkəmə tibbi ekspert rəyinin tərtib olunmasında iştirak edən tibbi ekspertlərdən biri olmuşdur. Qeyd olunan rəyin tərtib olunmasında ondan başqa Cavid Cahangirli və Sənan Aşirov da iştirak etmişdir. Komisyon tibbi ekspertiza rəyində əks olunmuş Zərərçəkmiş şəxs 4-5 saat xəstəxanada sağ qalması məsələsini cinayət işi materiallarından götürmüş, çox güman ki, şahid ifadələrinə əsaslanaraq bu qənaətə gəlmişdirlər. Ümumiyyətlə meyitin histoloji müayinəsinin nəticələri mütləq şəkildə rəydə əks olunmalıdır. Meyitin məhkəmə-tibbi rəyi iş materiallarında olmuş, meyitin müayinəsinin histoloji nəticələri isə meyitləri müayinə edən ekspertin arxivində olmuşdur. Məhkəmə-tibbi ekspert rəyində meyitin histoloji müayinəsinin nəticələri əks olunmasa da, orada meyitin sağ ağciyərinin arteriyasında 1,5x1 sm ölçüdə qan laxtası, yəni tromb olduğu qeyd olunmuşdur ki, rəy tərtib olunarkən patohistoloji tədqiqat zamanı bu məlumata əsaslanılmışdır. Meyit müayinə olunarkən patohistoloji müayinənin nəticələri mütləq şəkildə götürülmüş və patohistoloji müayinənin cavabları onların arxivində saxlanılmışdır. Meyitin müayinəsini aparan ekspert havadan emboliyanın qana keçdiyini söyləyə bilməz. Trombozun yaranmasının üç səbəbi olmuşdur: birincisi qanın laxtalanma sistemi pozulur, ikincisi, damarların divarlarında patoloji dəyişikliklər gedir, divarların qalınlaşması, nazikləşməsi, zədələnməsi və s. patoloji dəyişikliklərə misaldır, üçüncüsü, qan axını zəifləyir. Bütün bunlar xroniki və patoloji proseslər olmuş və trombun əmələ gəlməsi üçün də müəyyən müddət lazım olmuşdur. Trombun yaranma müddəti müxtəlif omuş, insandan insana bu müddət dəyişmişdir. Trombun yaranması xroniki proseslərə əsaslandığından trombun yaranması üçün nisbətən uzun müddət lazım olmuşdur. Lakin konkret müddət söyləmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs trombun yaranmasını konkret olaraq qan axınının zəifləməsi ilə əlaqələndirmək düzgün olmaz. Burada hər bir orqanizmə fərdi qaydada yanaşılmalıdır, çünki insanlarda maddələr mübadiləsi də eyni qaydada getmir. Hansı ki xroniki prosesin formalaşması üçün də müəyyən müddət lazımdır. Trombun yaranması ilə bağlı hər hansı şkala yoxdur. Tromb kütləsi divarda formalaşırsa, kütlə getgedə artır. Tromb kütləsi sonrakı mərhələdə dərin venoz damarlarında inkişaf edir. Daha sonra tromb kütləsi sürətli qan axınında dərin venalardan ürəyə gedir, ürək də tromb kütləsini ağciyər arteriyasına atır. Əgər tromb kütləsi qopubsa, dediyim proseslərdən keçərək ağciyər arteriyasına gəlmiş və ağciyər arteriyasını tutubsa, deməli şəxsin ölüm faizi yüksək olmuşdur. Burada ixtisaslı tibbi yardımın göstərilməsi xəstəxana şəraitindən, oradakı mütəxəssislərdən, avadanlıqlardan və s. amillərdən asılıdır. Trombun qarşısının alınması məsələsində isə hər kəsə individual şəkildə yanaşılmalıdır. Kiminsə yüz faiz trombdan qurtaracağını söyləmək və ya bunu ehtimal etmək mümkün olmamışdır. Əgər tromb ağciyərə düşübsə, bu bədəndə pozulmalara səbəb olur və nəticədə şəxsin ölümü qaçınılmaz olur. Tromb Zərərçəkmiş şəxs hadisədən əvvəl mövcud olmuşdur. Zərərçəkmiş şəxs budunun qırılması və açıq sınığın əmələ gəlməsi, ardınca havayla qanın qarışmasından trombun yaranması mümkün olmamışdır. Trombun yaranması 1 saatlıq proses deyildir. Meyit müayinəsi zamanı Zərərçəkmiş şəxs ağciyərində 1,5x1 sm ölçüdə aşkar olunmuş tromb kütləsi kifayət qədər böyük ölçüdə olmuş, bu tromb kütləsi də birdənbirə yaranmamış, yaranması üçün bədəndə uzun xroniki proseslər getmişdir. Bu səbəbdən də trombun hadisədən əvvəl yarandığını demək mümkün olmuşdur. Yol-nəqliyyat hadisəsi baş verməsəydi, Zərərçəkmiş şəxs trombdan öləcəyini tam dəqiqliklə söyləmək mümkün olmamışdır. İnsan var ki, illərlə trombla yaşayır, lakin elə insanlar da var ki, xəstəlik, patoloji proses və s. nəticəsində onlarda tromb kütləsi qopur. O, yol-nəqliyyat hadisəsinin də tromb kütləsinin qopması üçün bir səbəb ola biləcəyini, bunun da bir ehtimal olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş “Məhkəmə-tibbi Ekspertiza və X14” PHŞ-nin Xaçmaz rayon şöbəsinin rəisi, ekspert X10 təkrar ifadəsində göstərmişdir ki, o, rəyi tərtib edən zaman Zərərçəkmiş şəxs bədənində yol nəqliyyat hadisəsi nəticəsində aldığı travmalardan emboliya əmələ gəldiyini düşünmüşdür. Belə ki, damarlara gedən embol ağciyər arteriyasında ilişib qalmışdır. Yəni, sümüyün sınması və damarların qırılması nəticəsində qanın axmasını fərz etmişdir. Damarlar qırıldığı zaman qan laxtaları ağciyər arteriyasına yığılaraq qalmış və bu travmalar ölümə səbəb olmuşdur. O, trombun ayağın qırılması nəticəsində əmələ gəldiyini düşünmüşdür. Tərtib etdiyi rəydə meyitin sol baldırının hər iki sümüyünün sınması, damarlar qırıldığı üçün qan laxtasının ağciyər arteriyasına yığılıb ölümə səbəb olması, mərhumun aldığı xəsarətlərlə ölümü arasında səbəbli əlaqə olması ilə bağlı göstərdiyi xüsusatları təsdiq etmişdir. Tromb damarda olmamış, çəkilərək gəlib ağciyərdə ilişmiş, bununla da şəxsin nəfəs alması prosesi dayanmış və ölmüşdür. Zərərçəkmiş şəxs bədənində tromboemboliya olmuşdur, lakin yol nəqliyyat hadisəsi keçirməyən adamın da tromobemboliyadan ölə bilməsinin mümkün olduğunu bildirmişdir. O, ekspert olaraq trombu görmək üçün bədənin hər hansı nahiyəsini kəsmədiyini bildirmişdir. O ağciyər arteriyasında tromb olduğunu görmüşdür. Damarlarda tromba meyilliliyi, şəxsin tromboz xəstəliyindən əziyyət çəkibçəkmədiyini gözlə müəyyən etməyin mümkün olmadığını bildirmişdir. Meyitin bədənində tormbu gözlə görə bildiyi üçün onu mikroskopik və ya histoloji tədqiqata göndərməmişdir. Zərərçəkmiş şəxs həyatda olduğu zaman tromboz xəstəliyindən əziyyət çəkib-çəkmədiyini dəqiq demək mümkün olmamışdır. Tromb ağciyər arteriyasında dayanıbsa, ani ölüm verən bir şeydir, onu saxlamaq və ya əritmək mümkün deyildir. Trombun əridilməsi üçün xüsusi dərman preparatları vardır. Lakin trombun əridilməsi hal-hazırkı cinayət işi üzrə keçərli olmamış və buradakı işin hallarına şamil edilməmişdir. Baldır sümüyünün açıq sınığı adi halda da ağır xəsarət olmuşdur. Tromboemboliya xəstəliyinin dərəcəsini ağırlaşdıran halların X24 tərəfindən müəyyən eilib-edilməməsi barədə heç bir məlumatı olmadığını bildirmişdir. Əgər mərhumun bədənindəki tromb köhnə olsa idi, onun çoxdan ölümünə səbəb olacağını bildirmişdir. Elə dərman preparatları vardır ki, gündəlik həyatda istifadə olunur və qanı durulaşdırır, nəticədə trombun qarşısını almağa köməklik göstərir. Bir də elə hal olur ki, şəxsin bədənində tromb olub-olmamasından xəbəri olmur. Şəxsin bədəninin müəyyən bir nahiyəsində ağrı olduqda həkim ağrının xüsusiyyətlərinə görə həmin nahiyədə tromb və ya emboliya olduğunu müəyyən edir. Trombun ölümə səbəb olmaması onun damara düşməsindən, damarların darlığından və s. asılıdır. Tromb harada ilişib qalsa, orada özünü büruzə verir və infarkt əmələ gəlir. Tromb hansısa nahiyədə ilişib qalsa, həmin nahiyəyə oksigen getmir, çürümə prosesi gedir və şəxs infarkt keçirir. Özünü büruzə verməsə, şəxsin trombla yaşaya biləcəyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş “Məhkəmə-tibbi Ekspertiza və X14” PHŞ-nin eksperti X20 ifadəsində göstərmişdir ki, tromb məsələsi, ümumiyyətlə, dünyada çox problemli və müəyyən mübahisələrə yol açmış mövzudur. Tromb özü də iki cürdür: ağciyər arteriyasının trombu və ürək trombu. Ürək tromboemboliyası ani formalaşır. Yəni ürək tromboemboliyası baş verən kimi şəxs ölür. Lakin elə hal da ola bilər ki, şəxs ürək tromboemboliyasından yüngül infarkt keçirsin. Bu hal tromb ürəyin kiçik damarını tutduqda baş verir. Ürək tromboemboliyasında tromb aşağıda formalaşır və aşağı boş venayla gəlib ürəyə düşür. Bunun nəticəsində də şəxs ya ölür, ya da hissəvi infarkt olur. Ağciyər tromboemboliyası isə günlərlə formalaşır. Əgər hazırkı hadisə trombdan ölmə hadisə ilə əlaqələndirilirsə, trombun şəxsin elə hadisə anında ölməsinə səbəb olacağını, hadisədən bir saat qırx dəqiqə sonra trombun ölümə səbəb ola bilməyəcəyini bildirmişdir. Elə şəxslər vardır ki, bədənində tromb var və gündəlik həyatını davam etdirir. Buna “gəzən tromb” deyilir. Bir də “yapışan tromb” vardır. Şəxs yolda olarkən tromb atır və ölür. Bir qrup insanlarda, xüsusən də qadınlarda tromb xəstəliyi vardır. Bu kimi şəxslər illərlə tormba görə müalicə alır. Bunun da genetik səbəbləri vardır. Hazırkı iş üzrə ölüm səbəbinə gəldikdə bu hadisədə ağciyər tromboemboliyası bir saat qırx dəqiqə ərzində formalaşmamışdır. Bir neçə gün ərzində formalaşmışdır. Bu kimi xəstəliyi olan şəxslər travma alır. Qan duruldan dərman preparatları verilmir, tromb da şəxsin ağciyər arteriyasına düşür. Ağciyər arteriyası da iki santimetr qalınlığında çox geniş arteriyadır. Arteriyaya o böyüklükdə tromb düşməlidir ki, o, ağciyər arteriyasını tutsun. İkincisi, aşağı ətraflar cırılarkən qan axını arteriyadan çölə olur, içəri olmur. Qan axını içəriyə doğru olarkən tromb yuxarı qalxır. Ancaq hazırkı iş üzrə arteriya cırıldığı üçün qan çölə doğru axmışdır. Venadan isə qan yuxarı qalxır. Tromb venayla qalxa bilməz, çünki venanın ağzı cırılıb venaya haradansa nəsə girməlidir. Ölən şəxsin aşağı ətraflarında tromb olubolmadığını heç kimin isbat edə bilməyəcəyini qeyd etmişdir. Çünki bununla bağlı heç bir sənəd olmamış və adamın tromb xəstəliyi olub-olmadığını, bununla yanaşı, şəxsin əlavə yan xəstəliklərinin olub-olmadığı, Zərərçəkmiş şəxs əvvəllər trombunun olması və ya həmin trombun yol nəqliyyat hadisəsi zamanı əmələ gəldiyi bilinməmişdir. Əgər mərhumun əvvəllər venoz tromb xəstəliyindən müalicə alması ilə bağlı sənəd olsaydı, dəqiq nəsə deməyin mümkün olacağını bildirmişdur. O, trombun yol nəqliyyat hadisəsi nəticəsində yaranmasını inkar etmiş, ağciyər tromboemboliyasının bir saat qırx dəqiqə ərzində yaranmadığını, bir neçə gün və ya bir neçə saat ərzində yarandığını bildirmişdir. Meyitdə aşkar olunmuş tormb da yertəri qədər böyük bir tromb olmuşdur. O, komisyon ekspertizada nümayəndə olmuş və ekspertizanın aparılmasında iştirak etmişdir. Rəyin 2.3.5-ci bəndində mərhumun bədənində tromboflebitin olub-olmadığını təsdiqləyəcək hər hansı sənədin olmadığını nəzərdə tutmaq istəmişdir. Rəydə “ağciyər arteriyasının tromboemboliyasının inkişafı daha çox orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır” cümləsində tromb xəstəliyinin genetik xüsusiyyətlərdən də asılı olması halı nəzərdə tutulmuşdur. O, mərhumun Xaçmaz rayon Xəstəxanasındakı kartoçkasını, trombla bağlı hər hansı tibbi sənədini görməmiş, elə bir sənədə rast gəlməmişdir. Bakıda belə xəstələrin xəstəxana və ya həkimlər tərəfindən qeydiyyata alınıb sistemə salındığını bildirmişdir. Əgər “xəstəliyi olsaydı, ailəsi tərəfindən xəstəxanaya aparılardı” məsələsinə gəldikdə isə şəxsin bədənində trombun olmasını bilməyərək də yaşaması mümkün olmuş, həmçinin mərhumun başqa bir xəstəyinin olması barədə fikir bildirmək mümkün olmamışdır, mümkündür ki, şəxs başqa bir xəstəlikdən əziyyət çəkməmişdir. Dövlət ittihamçısının suallarına şahid X20 cavab olaraq bildirmişdir ki, aşağı ətraf sümüklərini travmalarından ağciyər tromboemboliyası yarana bilər, amma bir saat qırx dəqiqə ərzində yarana bilməz, lakin sənədlərdən görünür ki, şəxs saat doqquz radələrində xəstəxanaya girib, iyirmi qırxda da ölüm hadisəsi baş vermişdir. Müdafiəçinin suallarına şahid X20 cavab olaraq bildirmişdir ki, əgər şəxs tromboemboliya xəstəliyindən əziyyət çəkirsə, onun bütün bədəni maksimum tromb daşıyıcısı ola bilər. Sadəcə olaraq böyük arteriyalarda tromb olmur. Çünki qan böyük arteriyalarda sürətlidir və trombun orada yapşıb qalma ehtimalı az olur. Tromb damarların həcmindən də asılıdr. Məsələn, şəkər xəstələrində damar daralması olur. Ola bilər ki, adi bir şəxsin damarlarından keçən tromb damarları sıxılan şəkər xəstəsinin damarlarından keçməsin. Arterial atrezkonoz xəstəliyi vardır ki, bir qrup xəstələrdə damarlar genişlənir. Statistikaya da baxsaq, bu gün çox sayda insan qırx-əlli yaşlarında stend qoyulur. Burada daralma gedir, ən kiçik tromblar belə bu damarları tutur. Pulmonar emboliyada, yəni ağciyər arteriyası emboliyasında ağciyər arteriyası tutulduğu üçün insan ani ölüm keçirmir. Yəni insanda təng-nəfəslik olur, ürək pulsesi yüz altmış-yüz səksənə qalxır. Onun praktikasında bir neçə belə xəstəsi olub ki, pulmonar emboliyası olub və tromb ağciyər arteriyasını tutub, ancaq həmin şəxslər vəziyyətdən çıxa bilmişdilər. Belə ki, iyirmi dörd saat ərzində qan durulducular bədənə gedir və tromb orada əriyir. Tromb ağciyər arteriyasını tutduqda insanın tənəffüs sistemi pozulur. Əgər tənəffüs sisteminin pozulması sistemi uzun müddət davam edərsə, tənəffüs sisteminin sıradan çıxması ilə şəxs ölür. O, tərtib etmiş olduğu rəyi təsdiq etmişdir. Trombun yerindən hərəkət etməsinin travma nəticəsində, yoxsa özlüyündən baş verdiyini dəqiq müəyyən etmək mümkün olmamışdır. Bunun üçün ehtimallar və faizlər vardır. Onun bir xəstəsi Şuşada qəza keçirmiş və onun tərəfindən ayağı əməliyyat olunmuşdur. Bundan sonra qol nahiyəsi əməliyyat olunacağını bildirmişdir. Gecəylə klinik şikayət olmuş, yoxlama zamanı adamın pulmonar emboliya keçirdiyi müəyyən edilmiş və tromb yuxarı hərəkət etməsin deyə ona xüsusi stend, setka qoyulmuşdur. Hazırkı cinayət işindən fərqli olaraq orada şəxsdə pulmonar emboliya yaranan zaman hadisənin üzərindən iyirmi dörd saatdan artıq müddət keçmişdir. Məhkəmə tərkibinin suallarına cavab olaraq X20 bildirmişdir ki, ağciyər emboliyasının yaranması üçün 12 saata yaxın bir müddət lazımdır. Amma ürək trombu və ya insult yerində də yarana bilər, travma vaxtı da yarana bilər, vurulan vaxtı da yarana bilər. Tromb da aşağı ətraf sümüklərində ən çox ona görə yaranır ki, aşağı ətraf sümükləri borulu sümüklərdir, burada laxtanın əmələ gəlməsi halı daha çox olur. Məsələn, bir insanın ayağına bıçaq vursanız, orada da laxta əmələ gələcəkdir, amma kiçik tromb olduğuna görə trombdan ölmür. Ona görə ədəbiyyatda trombun ən çox aşağı ətraf sümüklərinə görə əmələ gəlməsi qeyd olunur ki, borulu sümüklərin mənfəzində qanın qatılığı çox olur. Ağciyər tromboemboliyasının yaranması üçün sırf on iki saat lazımdır demək olmaz, müxtəlif ədəbiyyatlarda müxtəlif saatlar göstərlir. O praktik cərrahdır və bu işlə on ildir ki, məşğul olur. Karyerası ərzində dörd dəfə ağciyər emboliyası görmüş və bunların heç biri 24 saatdan tez formalaşmamışdır. Ağciyər emboliyası ilə bağlı söylədikləri tibb ədəbiyyatında da əks olunmuşdur. Tromb coğrafi mövqe, insanlara görə dəyişiklik göstərə bilmiş, məsələn, Amerikan ədəbiyyatı tromba görə onlarda altmış yaşdan yuxarı insanların öldüyünü qeyd etmişdirlər, çünki oranın əhalisi hər ay tibbi müayinəyə getmişlər. Ancaq burda o rəqəm qırx yaşa düşür, çünki heç kim gedib könüllü şəkildə müayinələrdən keçmir. Ola bilər ki, bir insanın ayağında, baldır əzələlərində tromb olsun. Əgər həmin şəxsin baldırı masaj edilsə, tromb ata bilər. Çünki masaj zamanı damar əzilir və bu, damarın mənfəzindəki trombu qıcıqlandırır. Ona görə rəydə trombla yol nəqliyyat hadisəsi arasındakı səbəbli əlaqəni inkar etmişdir, ağciyər arteriyasında bir santimetrdən böyük tromb bir saat qırx dəqiqə ərzində yarana bilməz. Hazırkı trombun ağciyər arteriyasını tutma mexanizmini söyləmək olmamışdır. İnsan var ki, yatdığı, oturduğu, harasa getdiyi yerdə infarkt olur və ya insult olur. Nəyinsə tromba dəyməsi, onun da gedib ağciyər arteriyasına düşməsi xüsusatını o təsdiq edə bilməmişdir. Tromb təkcə baldır nahiyəsində deyil, boyun arteriyasında və digər nahiyələrdə də ola bilər. Bud sümüyünün sınması, havanın qanla qarışması nəticəsində qanın laxtalanması və tromb əmələ gəlməsi, trombun gedib ağciyər arteriyasını tutması halı hazırkı cinayət işi üzrə keçərli olmamışdır, çünki bu proses hazırkı iş materiallarında göstərilən kiçik zaman dilimi ərzində gedə bilməzdi. Ürək damarlarının genişliyi insandan insana dəyişir. Ən böyük damar aortadır, ürəkdən çıxıb qanı ətraflara qovur. Qayıdan damar venadır. Venanın və ağciyər damarlarının ölçüsü insandan insana fərqlidir. Ürək damarlarının ölçüsünün ağciyər damarlarının ölçüsünə nisbəti barədə araşdırma yoxdur. Statistikaya əsasən hər min insandan doqquz yüzündə ürək emboliyasıdır, yüzündə ağciyər emboliyasıdır. Haızrkı iş üzrə tromb ağciyərdən qabaq ürəkdən keçsə idi, hər halda ürəkdə daha çox emboliya verərdi deyə bildirmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, 184/KEŞ nömrəli məhkəmə tibbi ekspert rəyinin nəticə hissəsində ziddiyyətli məqamların olması, zərər çəkmiş şəxsdə ağciyər tromboemboliyasının yaranma səbəbi dəqiq müəyyən edilməməsi, həmçinin rəydə hansı patohistoloji tədqiqatın nəticələri, hansı tarixli patohistoloji akta əsasən bu qənaətə gəlinməsinin qeyd edilməməsi, ekspertlər komissiyasının ağciyər arteriyasının tromboemboliyasının inkişafının daha çox orqanizmin fərdi xüsusiyyətlərindən asılı olması, zərər çəkmiş şəxsdə ağ ciyər arteriyasının tromboemboliyasının inkişafının yol-nəqliyyat hadisəsi ilə bilavasitə səbəbli əlaqəsinin olmasının məhkəmə-tibbi meyarlara əsasən inkar olunması barədə gəldiyi nəticənin ümumi və mücərrəd xarakter daşıması, yəni, rəydə bu fərdi xüsusiyyətlərin nədən ibarət olması, məhz konkret hansı məhkəmə-tibbi meyarlara görə şəxsdə ağciyər arteriyasının tromboemboliyasının inkişafının yol-nəqliyyat hadisəsi ilə bilavasitə səbəbli əlaqəsinin olmaması qənaətinə gəlinməsi göstərilməməsi səbəbilə iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması və düzgün hüquqi nəticəyə gəlinməsi məqsədi ilə təkrar komisyon məhkəmə-tibbi ekspertizanın təyin edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 780/KEŞ saylı rəyində 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib olunmuş məhkəmə-tibbi ekspertizası rəylərinə və iş materiallarındakı məlumatlara əsaslanaraq, qərarda hadisə haqqında göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir: Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş “Sol baldırın hər iki sümüyünün açıq sınığı və baldırın iç tərəfinin əzilmiş-cırılmış yarası”-nın həcmindən, xüsusiyyətlərindən, zədələnən nahiyənin anatomik quruluşundan asılı olaraq ölüm həm travmanın bilavasitə özündən (qanitirmə, şok, piy emboliyası), həm də travmanın fəsadlarından (sepsis, tetanus, pnevmoniya) baş verə bilərdi. Lakin travma zonasında açıq sınıqlarla əlaqədar koaqulyasiya və antikoaqulyasiya sistemləri arasında qanın reoloji xüsusiyyətlərinin dəyişilməsi fonunda kompensator funksiyaların səfərbər olması hesabına venoz qan dövranında orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq ağciyər arteriyasında trombemboliya (tromblaşma) səbəbindən ölüm baş vermişdir. Belə ki, Zərərçəkmiş şəxs ölümünə səbəb olan ağciyər arteriyasının trombemboliyası nəticəsində inkişaf edən kəskin ağciyər çatışmazlığı ilə travmanın xarakteri, ağırlığı, gedişi arasında bilavasitə səbəbli əlaqə yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Məhkəmə-tibbi Ekspertiza və X14” PHŞ-nin eksperti X2 ifadəsində göstərmişdir ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ölüm faktına dair təqdim olunmuş tibbi sənədlər cinayət işi materiallarındakı digər məlumatlar ora aid olan tibbi sənədlər, yəni meyitin məhkəmə tibbi müayinə protokolunda göstərilənlər və eləcə də aparılmış ilkin komissiyon məhkəmə-tibbi ekspertiza rəyində göstərilənləri nəzərə alaraq, növbəti komisssional nəticəyə gəlinmiş, eləcə də, onun iştirakı ilə aparılan məhkəmə tibbi müayinə rəyində, burada qarşıya qoyulan sualların cavablandırılması üçün istifadə edilmiş ədəbiyyatlara da istinad olunmuşdur. Eləcə də, praktikada aparılan indiyə qədər görülən meyit müayinələrinin praktik verdiyi nəticələri də nəzərə almaqla, burada baş vermiş travma, xəsarət belə müəyyən olunmuşdur: Sol baldırın hər iki sümüklərin açılması, baldırın iç tərəfinin əzilmiş, cırılmış kimi xəsarəti olmuşdur. Bu xəsarət ilkin müayinələr vaxtında Sovet dönəmində başqa cür qiymətləndirilmiş, həyat üçün təhlükəlilik əlamətlərinə əsaslanaraq, ağır xəsarət kimi qiymətləndirilmişdir. Daha sonra sonrakı məhkəmə tibbi-təbabətin azalma dərəcəsinə istinadən bu artıq həyat üçün təhlükəlilik əlamətinə görə yox, yetirilən xəsarətin sağlamlığa ağır zərər vurması kimi o əlamətlərə aid edilmişdir. Bu xəsarətləri aldıqdan sonra həmin şəxs 4-5 saat müddətində tibbi müəssisəyə təxliyə olunmuş və orada ona müəyyən müvafiq tibbi tədbirlər görülmüşdür. Aparılmış tibbi tədbirlərin nəticələrinə baxmayaraq, şəxsdə ölüm faktı-bioloji ölüm baş vermişdir. Meyitin müayinəsi zamanı ağciyər arteriyasının şaxəsində tromboloniya ilə bağlı patoloji prosesin olması ilkin meyit müayinəsində aşkar olunmuşdur və o nəticəyə gəlinmişdir ki, ölümə səbəb həmin tromboloniyanın nəticəsində inkişaf edən kəskin ağciyər çatışmazlığı olmuşdur. Ağciyər çatışmazlığı ölümün səbəb olmuşdur. Hər xəstəlikdən, məsələn, “Covid”dən sonra hər bir orqanizmin qoruyucu funksiyaları vardır. Həmin funsksiyalar orqanizmi qorumaq üçün səfərbər olur və nəticədə həmin nahiyəyə toplanır. Qeyd olunan pozuntu o deməkdir ki, vena qoruyucu funkiyanı yerinə yetirir. Zədələnmiş nahiyədə toxumalar eləcə də piy toxuması zədələnir.Travmadan baş vermiş ölüm zorakı əlamətlə nəticələnir. Piy toxuması zorakı ölüm hesab olunur. Tromboloniya isə ancaq patoloji proseslərin, xəstəliklərin nəticəsində baş verən göstəricidir. Zərər çəkmiş şəxsin hüquqi varisi X6 məhkəmə istintaqı zamanı verilmiş ekspert rəyləri ilə razı olmadığını bildirib, ibtidai istintaq zamanı zərər çəkmiş şəxsin meyitinin məhkəmə-tibb ekspertizasının müayinəsindən keçmədiyini, meyitin yarılmadığını göstərmiş, həqiqətin müəyyən edilməsi üçün meyitin qəbirdən çıxarılması-ekshumasiya barədə vəsatət vermiş və əlavə ifadəsində bildirmişdir ki, meyit evə gələndə heç onu görməmiş, onun üçün travma olduğundan maraqlanmamışdır. Meyit yuyularaq yeznəsigil tərəfindən kəfənlənib daha sonra gətirilmişdir. Sonra evdə söhbət gedəndə oğlu ona atasının meyitində heç bir kəsik olmadığını bildirmişdir. Təkcə ayağında xəsarət olmuş, onu da kəfənə qan keçməsin deyə bacısının əri İlhamgil skoç və s. gətirib bağlamışdırlar. O, həmin vaxt meyitin yarılmadığını bilmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X21, X13, X16 və X11 da ifadələrində zərər çəkmiş şəxsin hüquqi varisi X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2024-ci il tarixli qərarı ilə zərər çəkmiş şəxsin hüquqi varisi Xəyalə Səlimovanın vəsatəti təmin edilmiş, cinayət işi üzrə mərhum Zərərçəkmiş şəxs meyiti dəfn olunduğu yerdən-Xaçmaz rayonu “Üryan baba qəbirstanlığı” deyilən qəbiristanlıqdakı qəbrindən çıxarılması və təkrar komisyon məhkəmətibbi ekspertizasının təyin edilməsi qərara alınmış, qərarın icrası Xaçmaz rayon prokurorluğuna tapşırılmışdır. Lakin Xaçmaz rayon prokurorluğu meyitin qəbirdən çıxarılması (ekshumasiya olunması) ilə bağlı cinayət prosessual qanunvericiliyinə uyğun tədbirlərin görülməsi (meyitin qəbrdən çıxarılmasına dair protokolun tərtib edilməsi) barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarını hər hansı əsaslı bir səbəb göstərmədən icra etməkdən imtina etmiş və bu barədə məhkəməyə məktub yazmaqla kifayətlənmişdir. Daha sonra zərər çəkmiş şəxsin hüquqi varisi X6 12 sentyabr 2024-cü il tarixdə teleqram ünvanlıyaraq zərər çəkmiş şəxsin meyitinin qəbirdən çıxarılması və təkrar məhkəmə-tibb ekspertizasının keçirilməsi barədə verdiyi vəsatətindən imtina etdiyini, ekshumasiya aparılmasına etiraz etdiyini bildirmişdir. Zərər çəkmiş şəxsin nümayəndəsi məhkəmə iclası zamanı təqdim etdiyi ərizədə də vəsatətdən imtina etdiyini bildirərək təqsirləndirilən şəxslə barışmadığını, ona dəymiş ziyanın hər hansı bir formada ödənilmədiyini, sadəcə verdiyi vəsatətdən imtina edərək məhkəmə baxışının növbəti iclaslarında iştirak etmək istəmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı mütəxəssis qismində ifadə vermiş “Məhkəmə-tibbi Ekspertiza və X14” PHŞ-nin Sumqayıt şəhər şöbəsinin eksperti X17 ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxsin meyitinin qəbirdən çıxarılması halında belə hadisədən uzun müddət keçdiyi üçün meyitdə tromboliyanı təyin etmək mümkün olmayacaqdı. Hal-hazırda ola bilsin ki, Zərərçəkmiş şəxs orqanları homogen şəkildədir və eynicinslidir. Daxili orqanlarda çürümə ilə əlaqədar olaraq vaxt çox keçmişdir. Bu, mərhumun basdırıldığı yerin şəraitindən, temperaturdan asılıdır. Hazırki məsələdə şəxsin ölümündən uzun müddət keçdiyi üçün ekshumasiya halında belə meyitdə tromboemboliyanın müəyyən etməyin mümkün olmayacağını, 2 il ərzində meyitdə bütün toxumaların çürümüş vəziyyətdə olacağını bildirmişdir. Ekskumasiya halında ancaq meyitdə olan sınıqları, ümumiyyətlə sümükdə olan bütün travmatik dəyişiklikləri görməyin mümkün ola biləcəyini, daxili orqanlar bağlı hansısa halı aşkar etməyin isə mümkün olmayacağını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti MKT idarəsindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır və yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı öz ifadəsində xəstəxanadakı həkimin içkili olmasını, zərər çəkmiş şəxsin şahdamarının partladığını bilməməsini, hətta xəstəxanada olan şəxslərin ona zərər çəkmiş şəxsin ölməsinin həkimin təqsiri olduğunu bildirməsi, bununla yanaşı, həkimin müstəntiqə həmin sahənin onun səlahiyyətində olmadığını deməsi barədə göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər yuxarıda sadalanan sübutlarla tam təkzib olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 127.3-cü maddəsində qeyd olunmuşdur ki, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Məhkəmə hesab edir ki, “Məhkəmə-tibbi Ekspertiza və X14” PHŞ-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 56 saylı rəyi və həmin rəydə olan ziddiyyətləri aradan qaldırmaq üçün qeyd olunan rəyi vermiş məhkəmə tibb eksperti X3 məhkəmə istintaqı zamanı verdiyi ifadələri yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə uzlaşdığından əsas götürülməlidir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, başa çatmış cinayət olmaqla ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onu səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hərbi biletinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonu ərazisində döyüş əməliyyatında xx.xx.1993-cü il tarixdə odlu silahla yaralanmışdır. “Elektron məhkəmə sistemi”ndən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyi müəyyən edilmiş, hal hazırda pensiya alır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Azərbaycan Respublikası Medalının Vəsiqəsi”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X12 “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ürəyin işemik xəstəliyindən və qeyri-stabil stenokardiyadan əziyyət çəkməsini də onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə hesab edir ki, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın icrasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməlidir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilisin və ona 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və bu cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəsissəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. İş üzrə maddi sübut olan 1 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar