Məhkəmə qərarları › İş №1(124)-50/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-50/2023

10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-50/2023 10.04.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxxx 1964-cü ildə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayında telefon vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan “Sahib” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni pul müqabilində tapşıracağı yerə çatdırması barədə Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 18 noyabr 2021-ci il tarixdə bir qrup şəxs halında “Sahib” adlı şəxsin Bakı şəhəri, Yasamal rayonu ərazisində qoyduğu 01 ədəd polietilen bağlamada 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” daxil olan 48,792 qram çəkidə külli miqdarda narkotik vasitə heroini və 01 ədəd polietilen bağlamada 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” daxil olan 42,200 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək, əvvəlcədən razılaşdıqları kimi narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini hissələrə bölüb ayrıayrı yerlərə qoymaqla öz növbəsində birgə satışını təmin etmək üçün öz işlədiyi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən avtomobillərin təmiri emalatxanasına gətirməklə daşımış, həmin narkotik vasitə heroinin 47,495 qram çəkidə olan hissəsini, psixotrop maddə metamfetaminin isə 40,351 qram çəkidə olan hissəsini həmin emalatxananın girişdən sol tərəfdə küncdə yerləşən taxta konstruksiyalı dolabın içərisindəki qutuda, narkotik vasitə heroinin 1,297 qram çəkidə olan hissəsini bir bükümdə və psixotrop maddə metamfetaminin 1,849 qram çəkidə olan hissəsini bir bükümdə əynində olan şalvarının sağ yan cibində saxlamış, 22 noyabr 2021-ci il tarixdə saat 03:00 radələrində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında saxlanılaraq Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin inzibati binasına aparılmış, orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ yan cibindən bir bükümdə 1,297 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir bükümdə 1,849 qram çəkidə ağ rəngli kristallik şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin gün saat 04:55 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs işlədiyi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən avtomobillərin təmiri emalatxanasında girişdən sol tərəfdə küncdə yerləşən taxta konstruksiyalı dolabın içərisindən 47,495 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 40,351 qram çəkidə ağ rəngli kristallik şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o saat 11-də iş yerinə gətmiş, işığın yanmadığını görmüşdür. İşığın kartını götürüb pul yükləməyə getmiş, geri qayıdanda polis əməkdaşları onu saxlamışdırlar. İşlədiyi sexi axtarmış heç nə tapmamış, sonra onu evinə aparmış, evində də axtarış aparmış, lakin heç nə tapmamışdırlar. Sonra polis əməkdaşları onu bankomata aparmış, 1400 manat pul çıxartmış, sonra həmin pulun 800 manatını oğluna qaytarmışdırlar. Onun nə üzərində, nə də işlədiyi sexdə, nə də ki, evində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu ailəsi ilə təhdid etmişdirlər. Sahib adlı iranlını tanımamışdır. Onun iranlı ilə narkotik vasitələrin satışı ilə bağlı sövdələşməsi olmamışdır. Onun nə üzərində, nə də sexdə, nə də ki, evində narkotik vasitə olmamışdır. Həbs qətimkan tədbiri seçilərkən, narkotik vasitələrin ona məxsus olmadığını hakimə demişdir. Saxlanılana qədər ***-***-**-** mobil nömrəsini istifadə etmişdir. ***-***-**-** mobil nömrəsi onda olmuşdur. Çəkilişdə vəkil iştirak etmişdir. Onu ailəsi ilə təhdid etmişdirlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs tərəfindən verilən, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. Heç yerdə işləmir. Azərbaycan Respublikası CPM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilir, törətdiyi əmələ görə peşmandır. İttihamın mahiyyəti ona müstəntiq tərəfindən elan edilmişdir, ittihamın mahiyyəti onun üçün tam aydındır. İstifadəsində ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri vardır. O, 22 noyabr 2021-ci il tarixdə saat təxminən 03:00 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında piyada hərəkət edərkən 03 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğumu bildirərək, xidməti vəsiqələrini təqdim etmiş və sonuncu barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış edib Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasına dəvət etmişlər. Abşeron RPİ-nin X3 xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və bu barədə bildiriş təqdim edilmişdir. Daha sonra video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuş, əgər varsa onu təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan şalvarın sağ yan cibindən 01 bir bükümdə narkotik vasitə heroini və 01 bir bükümdə psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuş və sonra həmin kütlələr çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd dərman aparatı, içərisində siqaret dənələri olan siqaret qutusu, 05 ədəd açar, əynində olan şalvarın sol yan cibindən **********066747 nömrəli plastik bank kartı, 02 ədəd “Samsung” markalı özünə məxsus olan mobil telefon, həmin şalvarın arxa sol cibindən 52 manat pul aşkarlanaraq götürülmüşdür. Əlavə şəxsi axtarış zamanı üzərində əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi bükümlər içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün **********066747 nömrəli plastik bank kartı və 02 ədəd “Samsung” markalı mobil telefon götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün isə 01 ədəd dərman aparatı, içərisində siqaret dənələri olan siqaret qutusu, 05 ədəd açar və 52 manat pul özünə geri qaytarılmışdır. Üzərində aşkar edilmiş bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri adını “Sahib” olaraq bildiyi İran İslam Respublikası vətəndaşının vasitəsi ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində deyilən yerdən götürdüyünü, həmin narkotik vasitəni götürdükdən sonra sonuncunun göstərişi ilə deyilən ünvanlara qoyacağını, gördüyü işin qarşılığında “Sahib” adlı şəxsin üzərində aşkar olunmuş plastik bank kartına 1200 manat pul göndərəcəyini, narkotik vasitə aludəçisi olmadığını, əvvəllər məhkum olunduğunu, halhazırda Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən avtomobil təmiri emalatxanasında da narkotik vasitə saxladığını, həmin emalatxanaya da baxış keçirilməsinə etirazı olmadığını, baxış zamanı həmin narkotik vasitələri təqdim edə biləcəyini qeyd etmiş və daha sonra qeyd etdiyi emalatxanaya getmişlər. Emalatxanada baxış keçirilməsi haqqında qərarla tanış olmuş və ona saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra emalatxanada girişdən sol tərəfdə küncdə yerləşən taxta konstruksiyalı dolabdan içərisində 01 ədəd elektron tərəzi, 01 bükümdə heroin və 01 bükümdə metamfetamin olan qutunu təqdim edərək emalatxanada yerləşən masanın üstünə qoymuşdur. Daha sonra həmin bükümlər çəkilərinin müəyyən edilməsi məqsədilə elektron tərəzidə çəkilmiş və həmin bükümlər və elektron tərəzi içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri onun müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra emalatxanaya baxış keçirilmiş və əlavə olaraq olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, həmçinin dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədlər aşkar edilməmişdir. Baxış zamanı aşkar edilmiş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Sahib” adlı şəxsin vasitəsi ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyiləcək ünvanlara qoymaq məqsədilə əldə etdiyini, özünün narkotik vasitə aludəçisi olmadığını, elektron tərəzini isə həmin kütlələrin çəkilərini müəyyən etmək məqsədilə saxladığını, gördüyü işin qarşılığında “Sahib” adlı şəxsin ona məxsus plastik bank kartına 1200 manat pul göndərəcəyini, verilən sualları tam başa düşdüyünü, saxlanılan zaman ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini bildirmişdir. (Cild 1, iş vərələri 72-75) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş AR DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Onlar Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında piyada hərəkət edərkən saxlamış və Abşeron RPİ-nin Mehdiabad PB-nin İnzibati binasına gətirmişdirlər. Bölmədə xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olubolmadığı soruşuldu, əgər varsa onu təqdim etməyi təklif olundu, bu təklifdən sonra, o, əynində olan şalvarın sağ yan cibindən 01 bir bükümdə narkotik vasitə heroinə bənzər kütləni və 01 bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərində aşkar edilmiş bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri adını “Sahib” olaraq bildiyi İran İslam Respublikası vətəndaşının vasitəsi ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində deyilən yerdən götürdüyünü, həmin narkotik vasitəni götürdükdən sonra sonuncunun göstərişi ilə deyilən ünvanlara qoyacağını, gördüyü işin qarşılığında “Sahib” adlı şəxsin onun plastik bank kartına 1200 manat pul göndərəcəyini, narkotik vasitə aludəçisi olmadığını, əvvəllər məhkum olunduğunu, hal- hazırda Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən avtomobil təmiri emalatxanasında da narkotik vasitə saxladığını, həmin emalatxanaya da baxış keçirilməsinə etirazı olmadığını, baxış zamanı həmin narkotik vasitələri təqdim edə biləcəyini qeyd etmişdir. Daha sonra onlar həmin emalatxanaya getmişdirlər. Emalatxanada Təqsirləndirilən şəxs baxış keçirilməsi haqqında qərarla tanış olmuş və saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs emalatxanada girişdən sol tərəfdə küncdə yerləşən taxta konstruksiyalı dolabdan içərisində 01 ədəd elektron tərəzi, 01 bükümdə heroin və 01 bükümdə metamfetamin olan qutunu təqdim edərək emalatxanada yerləşən masanın üstünə qoymuşdur. Daha sonra həmin bükümlər çəkilərinin müəyyən edilməsi məqsədilə elektron tərəzidə çəkilmiş, psixotrop maddə metamfetaminə bənzəyən kütlənin 47,86 qram çəkidə, narkotik vasitə heroinə bənzəyən kütlənin isə 51,27 qram çəkidə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs ailəsi ilə təhdid etməmişdirlər. Təqsirləndirilən şəxsə heç bir zor tətbiq olunmsmışdır. Evinə baxış keçirməmiş, bankomatdan pul çıxartdırmamışdırlar. Oğluna çəkilişlə 800 manat pul qaytarılmasından xəbəri olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 digər polis əməkdaşı Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 noyabr 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə Din BNMİ-nə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Abşeron rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva tərəfindən qəbul edilən xx.xx.2021-ci il tarixli qərardan görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə xx.xx.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 1, iş vərəqə 05-06, iş vərəqə 139-140) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən şəxsi axtarış və götürmə aparılması haqqında 22 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan şalvarın sağ yan cibindən bir bükümdə açıq qəhvəyi rəngli şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroin və bir bükümdə şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. (cild 2, iş vərəqə 32-33) Cinayət işində olan baxış keçirilməsi götürmə haqqında 22 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs işlədiyi Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən avtomobillərin təmiri emalatxanasında girişdən sol tərəfdə küncdə yerləşən taxta konstruksiyalı dolabdan içərisində bir bükümdə psixotrop maddə metamfetamin, bir bükümdə narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. (cild 2, iş vərəqə 37-38) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış keçirilməsi” haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 39) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5153 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər və metamfetaminə bənzər...” yazısı və imzalar olan kağız paketdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,297 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,849 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd elektron tərəzi, 1 büküm heroinə bənzər və 1 büküm metamfetaminə bənzər kütlələr...” yazısı və imzalar olan kağız paketdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 47,495 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1(bir) ədəd bükümdə təmiz çəkisi 40,351 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1(bir) ədəd üzərində “Constant” yazısı olan “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini müəyyən etmək mümkün deyildir. Vətəndaş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 48,792 qramdır və həmin heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Vətəndaş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 42,200 qramdır və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Vətəndaş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş elektron tərəzinin üzərində heroin iz şəklində olduğu üçün bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir və psixotrop maddə metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildir. (Cild 1, iş vərəqləri 124-129) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq məhkəmənarkoloji ekspertizasının 22 dekabr 2021-ci il tarixli, 5243 nömrəli rəyindən görünür ki, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 191-192) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 20 dekabr 2021-ci il tarixli 3030 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (Cild 1, iş vərəqləri 196-198) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə daxil olan və çıxan zənglərin siyahısı və anten dairəsi barədə məlumatlarla əlaqədar "xxxx" MMC-dən alınmış xx.xx.2021-ci il tarixli, BKC/LGL-22536/21 nömrəli məktuba əlavə edilmiş 01 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs sonuncu olaraq 21 noyabr 2022ci il tarixdə saat 23:58-də özünə məxsus ***-***-**-** mobil nömrəsi vasitəsi ilə ***-***-**-** mobil nömrəsi ilə 431 saniyə danışıq aparmış və həmin vaxtı Təqsirləndirilən şəxs mobil telefonunun anten dairəsi Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsi vasitəsi ilə həmin gün saat 23:09-da yenə də ***-***-**-** mobil nömrəsi ilə 199 saniyə danışıq aparmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı və anten dairəsi barədə məlumatlarla əlaqədar "xxxx" MMC-dən alınmış xx.xx.2021-ci il tarixli, AZF/LGL-34255/21 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs sonuncu olaraq 20 noyabr 2022-ci il tarixdə saat 20:37-də özünə məxsus ***-***-**-** mobil nömrəsi vasitəsi ilə ***-***-**-** mobil nömrəsi ilə 75 saniyə danışıq aparmış və həmin vaxtı Təqsirləndirilən şəxs mobil telefonunun anten dairəsi Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində olmuşdur. Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il tarixdə götürülmüş, 1 ədəd zərfdə möhürlənmiş, qalıq çəkisi 48,592 qram olan narkotik vasitə heroin, 42 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılır. Bundan başqa iş üzrə Abşeron RPİ-nin Mehdiabad PB-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk, onun işlədiyi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən avtomobillərin təmiri sexində keçirilmiş baxış zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk, "xxxx" MMC-dən alınmış 01 ədəd DVD disk, "xxxx" MMC-dən alınmış 02 ədəd DVD disk və Təqsirləndirilən şəxs məxsus 01 ədəd plastik bank kartı maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (Cild 1, iş vərəqləri 108) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 iyul 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 28 dekabr 2014-cü il tarixdə cəzanın sonu ilə azad olunub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməli ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayətlər törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş hesab edilir. Buna görə də Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası 28 dekabr 2014-cü il tarixdə başa çatdığından və bu müddətdən 6 il müddət keçdiyindən onun məhkumluğu ödənilmiş hesab olunur. (Cild 1, iş vərəqləri 133-135, 156-160) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Zaqatala şəhər inzibatı ərazi dairəsi üzrə nümyəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs bələdiyyəyə heç bir şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 147) Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X6 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona təzyiq olunması, ailə üzvləri ilə təhdid edilməsi, tutulduğu vaxt üzərində və işlədiyi sexdə narkotik vasitə olmaması, ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır.Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 81-85) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş qalıq çəkisi 48,592 qram olan narkotik vasitə heroin, 42 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk, baxış zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk, "xxxx" MMC-dən alınmış 01 ədəd DVD disk, "xxxx" MMC-dən alınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs məxsus 01 ədəd plastik bank kartı təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmaldır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan qalıq çəkisi 48,592 qram olan narkotik vasitə heroin, 42 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin, 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd plastik bank kartı təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Səd rlik edə n:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar