Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-500/2024 03.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1985-ci ildə Cəbrayıl rayonu, Sarıcallı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəbrayıl rayonu, Sarıcallı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan “Tahir” adlı İran İslam Respublikası vətəndaşının 400 manat pul müqabilində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksinin yaxınlığında magistral avtomobil yolunun kənarında olan dəmir yol nişanın altında qoyduğu, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 01 ədəd qara rəngli parça materiallı, üzərində “Prada” sözü yazılmış pul kisəsinin içərisində 07 ədəd hər biri şəffaf rəngli sellofan bükümündə ayrı-ayrılıqda çəkiləri 0,252 qram, 0,461 qram, 0,475 qram, 0,468 qram, 0,469 qram, 0,461 qram, 0,485 qram, ümumi çəkisi 3,071 qram olan külli miqdarda ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 02 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 8,152 qram və 0,437 qram ümumi çəkisi 8,589 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf rəngli sellofana bükülmüş 0,178 qram çəkidə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəki götürüb satış məqsədi ilə qanunsuz əldə edərək üzərində saxlamış və daşımış, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində X5 əməkdaşları tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi, 3 nömrəli binanın yaxınlığında saxlanılaraq Mehdiabad polis bölməsinə gətirilmiş və bölmənin inzibati binasında həmin gün saat 13:00-dan 13:20 kimi üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən qara rəngli parça materiallı, üzərində “Prada” sözü yazılmış pul kisəsinin içərisində 07 ədəd bükümdə ayrı- ayrılıqda çəkiləri 0,252 qram, 0,461 qram, 0,475 qram, 0,468 qram, 0,469 qram, 0,461 qram, 0,485 qram, ümumi çəkisi 3,071 qram olan külli miqdarda psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 8,152 qram və 0,437 qram, ümumi çəkisi 8,589 qram külli miqdarda narkotik vasitə olan heroin və bir ədəd şəffaf rəngli sellofan bükümdə 0,178 qram narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisidir. 25 iyun 2023-cü il tarixdə səhər saat 8 radələrində 3 nəfər polis əməkdaşı tərəfindən küçədə deyil, evin içərisində tutulmuşdur. İttiham aktında qeyd olunan polis əməkdaşları tərəfindən səhər saat 11 radələrində küçədə tutulması barədə məlumatlar həqiqətə uyğun deyil. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmədiyinə görə, həmçinin onu evdə yox, küçədə tutduqları ilə bağlı fikirlərlə razılaşmadığı üçün polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmışdır. Ona verilmiş nömrə ilə tanımadığı şəxslə əlaqə saxlayaraq narkotik vasitəni onun qoyduğu yerdən götürmüş, bunun müqabilində həmin şəxsə narkotik vasitə üçün 400 manat pul ödəmişdir. Üzərində narkotik vasitə olan heroin və tiryək olmuş, metamfetamin olmamışdır. Psixotrop maddə olan metamfetamin bölmədə üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, bəzən müxtəlif taksi şirkətlərində taksi kimi fəaliyyət göstərir. Təxminən 2-3 il olar ki, müxtəlif narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri adətən folqa adlanan kağızın üzərində çəkməklə istifadə edir. Həmin maddələrin mütəmadi aludəçisidir. O, istifadəsi üçün narkotik vasitələri adətən tanımadığı İran İslam Respublikasının vətəndaşlarından alır. Həmin şəxslərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə qurur və həmin şəxslər narkotik vasitələri atdığı yerlərin ünvanlarını onun “vhatsaap” nömrəsinə göndərirlər. O, çox vaxt mobil telefon istifadə etməyən zaman evdə olan anasının telefonu ilə və ya başqa üsullarla həmin şəxs ilə əlaqə saxlayır. “Tahir” adlı İran vətəndaşını da təxminən 5-6 ay müddət olar ki, tanımışdır. O, həmin şəxsdən əvvəllər də narkotik vasitə almışdır. Təxminən bir neçə ay əvvəl sosial şəbəkədə təsadüfən özünü İran vətəndaşı kimi təqdim edən “Tahir” adlı şəxslə tanış olmuşdur. Həmin şəxs ona narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin sata biləcəyini demişdir. O da həmin maddələrin aludəçisi olduğu üçün almaq istədiyini bildirmişdir. Ondan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini necə əldə edəcəyini soruşmuşdur. Həmin şəxs də ona öz bank hesab nömrəsini göndərmişdir. Həmin bank hesab nömrəsinə pul göndərdikdən sonra narkotik vasitə və psixotrop maddələri götürə biləcəyini demişdir. O da etiraz eləməyib təkliflə razılaşmışdır. O, bu məsələnin necə olacağını soruşduqda “Tahir” adlı şəxs ona pulu göndərdikdən sonra ətraflı izah edəcəyini bildirmişdir. O da həmin şəxsin ona göndərdiyi kart hesabına pul göndərdikdən sonra istifadə etdiyi mobil telefonda olan vatsapp nömrəsinə müxtəlif məkan və şəkil yollayaraq narkotik vasitə və psixotrop maddələri qoyduğu yerləri göstərmişdir. O da həmin narkotik vasitələri və psixotrop maddələri Tahirin ona göndərdiyi ünvanlardan götürürmüş. Bununla da onların arasında münasibət yaranmışdır. 24 iyun 2023-cü il tarixdə axşam saatlarında sosial şəbəkədə tanış olduğu “Tahir” adlı İran İslam Respublikası vətəndaşının kart hesabına 400 manat pul göndərərək sonuncudan ona şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə göndərməsini istəmişdir. Həmin şəxs də onunla razılaşaraq həll edəcəyini demişdir. Həmin tarixdə saat 22:00 radələrində ’’Tahir” adlı İran vətəndaşı onun mobil telefonuna məkan yollayaraq narkotik vasitə və psixotrop maddəni qoyduğu yeri ona bildirərək istədiyi narkotik vasitələrin orada olduğunu demişdir. Həmin şəxs ona Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant yaşayış kompleksinin yaxınlığında, magistral yolun qırağında olan dəmir yol nişanının altında gizlətdiyi narkotik vasitəni götürməyi bildirmişdir. O da həmin şəxsin dediyi ünvana gəlmişdir. O, oraya gəldiyi zaman həmin yol nişanın altında qara rəngli üzərində “Prada” sözü yazılmış pul kisəsi görmüşdür. O həmin pul kisəsini açıb baxan zaman içərisində bir neçə büküm psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin pul kiəsəsini götürüb əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Daha sonra oradan da yaşadığı ünvana gəlmişdir. Növbəti gün saat 11 radələrində yaşadığı binanın yaxınlığında dayanıb siqaret çəkirmiş. Bu zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində dünən əldə etdiyi narkotik vasitə və psixotrop maddələr olan pul kisəsi olmuşdur. Həmin vaxt 3 nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Onun narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamağda və dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu X5 inzibati binasına dəvət etmişlər. O da etiraz etməyib birlikdə Mehdiabad polis bölməsinə gəlmişdir. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. O da təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. O da şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet varsa təqdim etmək təklif edilmişdir. O da şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd parça materiallı üzərində “Prada” yazılmış pul kisəsini masanın üzərinə qoymişdur. Həmin pul kisəsinin içərisində nə olduğu ondan soruşulmuş, o isə həmin pul kisəsinin içərisində narkotik vasitə və psixotrop maddələr olduğunu demişdir. Həmin pul kisəsində içərisindən ümumilikdə 10 ədəd büküm çıxardaraq onlardan 7 (yeddi) ədədi şəffaf rəngli sellofan bükümdən ibarət olan hər bir bükümün içərisində olan ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzəyən kütlələri, eyni zamanda 02 ədəd şəffaf rəngli sellofandan ibarət olan hər birinin içərisində qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəki çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 56 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı və digər polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra ondan həmin kütlənin kimə məxsus olduğu və həmin kütləni necə və hardan əldə etdiyi, üzərindən başqa hardasa narkotik vasitə gizlətdiyi ondan soruşulmuşdur. O da verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Tahir” adlı şəxsdən 400 manat müqabilində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant şəhərciyinin yaxınlığında magistral yolda yol nişanın altında gizlədilmiş yerdən yalnız şəxsi istifadəsi üçün götürdüyünü, üzərindən başqa heç bir yerdə narkotik vasitə və psixotrop maddə saxlamadığını, narkotik vasitələri və psixotrop maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını və heç kimsəyə satmadığını, daha əvvəl üzərinə baxış keçirilmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Onun polis əməkdaşlarından heç bir şikayəti olmamışdır. Onun üzərinə Mehdiabad PB-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Həmin narkotik vasitə və psixotrop maddələri sosial şəbəkədən tanış olduğu “Tahir” adlı İran İslam Respublikasının vətəndaşının kart hesabına 400 manat pul göndərdikdən sonra həmin narkotik vasitə və psixotrop maddələri atdığı yerdən, yəni Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant yaşayış kompleksinin yaxınlığında magistral yolda olan yol nişanın altından götürmüşdür. Həmin narkotik vasitə və psixotrop maddələri üzərində gəzdirməkdə məqsədi yalnız şəxsi istifadəsi olmuşdur. Həmin narkotik vasitə və psixotrop maddələri sosial şəbəkədən tanış olduğu “Tahir” adlı İran İslam Respublikasının vətəndaşından əldə eləmişdir. O, həmin şəxsin anket məlumatlarını bilməmiş, sadəcə həmin adam özünü ona “Tahir” kimi qələmə vermişdir. O, həmin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Həmin narkotik vasitə və psixotrop maddələri də qeyd etdiyi kimi şəxsi istifadəsi üçün əldə etmişdir. O, təxminən 4-5 ay müddət olar ki, mobil telefondan istifadə etmir. Lakin bundan öncə ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Mobil telefonu olmadığından o, müxtəlif şəxslərin mobil telefonu ilə dostu ilə danışmaq adı ilə həmin şəxslə əlaqə saxlamışdır. Saxlanılarkən də onun üzərində mobil telefon olmamışdır. O, həmin narkotik vasitəni “Tahir” adlı şəxsdən alan zaman da sonuncudan psixtrop maddə metamfetamin və narkotik vasitələrdən yalnız heroin istəmişdir. Ona görə də həmin bükümlərin içərisində olan narkotik vasitələrdən bir bükümünün tiryək olmasından özünün də məlumatı olmadığı üçün ilkin izahatında həmin bükümdə də heroin olduğunu bildirmişdir. (cild 1, iş vərəqə 68-71) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs adlı şəxsin Abşeron rayonu ərazisində psixotrop maddələri və narkotik vasitələri üzərində daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. 25 iyun 2023-cü il tarixdə o və digər polis əməkdaşı Şahid2 Mehdiabad qəsəbəsi, Qaranat şəhərciyində olan zaman orada piyada şəkildə dayanan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra Qaroğlana üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı və videoçəkiliş aparılmaqla xidməti otaqda Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən çıxartdığı pul kisəsinin içərisindən ümumilikdə 10 ədəd olmaqla 07 ədədi bükümdə içərisində psixotrop maddə metamfetaminə bənzər kütləni, 02 ədəd bükümdə olmaqla içərisində narkotik vasitə heroinə bənzər kütləni və 01 ədədi bükümdə olmaqla içərisində narkotik vasitə tiryəkə bənzər kütləni çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində olan pul kisəsindən aşkar olunmuş bükümlərin içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Qaroğlan üzərindən aşkar olunmuş 10 ədəd bükümlərdən 07 ədədinin psixotrop maddə metamfetamin, 03 ədədinin isə narkotik vasitə olduğunu bildirmişdir. Qaroğlan həmin psixotrop vasitə olan metamfetamini və narkotik vasitələri iyunun 24-də onlayn olaraq şəxsi məlumatlarını bilmədiyi “Tahir” adlı İran İslam Respublikası vətəndaşından Mehdiabad qəsəbəsində yerləşən “Qarant” yaşayış kompleksinin yaxınlığında yerləşən dəmir yol nişanın altında atdığı yerdən 400 manat müqabilində şəxsi istifadəsi üçün aldığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin CAŞ üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, hazırda DİN-in Abşeron RPİ-nin Təhqiqat Şöbəsində baş təhqiqatçı vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə növbədə olduğu zaman Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və psixotrop maddələr daşıması və satışı ilə məşğul olması barədə raport daxil olmuşdur. Həmin raport əsasında tərəfindən araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman üzərindən aşkar edilmiş bükümlərə vizual olaraq tərəfindən baxış keçirilmişdir. Həmin vaxt bükümlərdən birinin rəngi narkotik vasitə heroinə bənzədiyi üçün o düşünmüşdür ki, həmin kütlə narkotik vasitə heroin ola bilər. O, həmin vaxt aşkar edilən kütlələrin konkret olaraq narkotik vasitə və ya psixotrop maddə olduğunu demədiyini bildirmişdir. O, sadəcə bükümlərin narkotik vasitə heroinə və psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğunu qeyd etmişdir. Ola bilsin ki, kütlələrdən biri heroinə bənzədiyindən səhvliklə həmin bükümün də heroinə bənzər kütlə olduğunu demişdir. (Cild 1, iş vərəqə 192-194) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” 25 iyun 2023-cü il tarixli qərardan görünür ki, Cəbrayıl rayonu, Sarıcallı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qaranat şəhərciyi, bina 3, mənzil 31-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri, psixatrop maddələri, qəbul etməsi, yaşadığı evdə saxlaması və Abşeron rayonu ərazisində satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.(cild 1, i.v. 5) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 25 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixdə saat 13:00 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksində saxlanılaraq Abşeron RPİ-nin Mehdiabad PB-nə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əlindəki tünd göy rəngli cins şalvarının sağ yan cibində olan qara rəngli, parça materialları üzərində “Prada” sözü yazılmış pul kisəsindən ümumilikdə 10 büküm olmaqla 02 ədəd şəffaf sellofana bükülmüş bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroinə bənzər maddə, 07 ədəd şəffaf sellofana bükülmüş bükümdə ağ rəngli kristallik formalı psixotrop maddə metamfetaminə bənzər maddə və 01 ədəd bükümdə narkotik vasitə olan tiryəkə bənzər maddə aşkar olunaraq götürülmüşdür.(cild 1, vərəqə 31-32) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Abşeron rayon Pİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd ağ rəngli DVD formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2, X5 Cinayət Axtarış üzrə Əməliyyat müvəkkili polis kapitanı Şahid1, X5 Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis mayoru Şahid2, X5 sahənin polis nəfəri polis kiçik serjantı X4 iştirakları ilə Azərbaycan Respublikası CM-in 90cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Abşeron rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Şahid3 tərəfindən izah edildikdən sonra üzərində “Redmi” markalı mobil telefonun videokamerası vasitəsilə aparılan videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olubolmaması soruşuldu. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan qara-göy rəngli cins şalvarın sağ yan cibində saxladığı qara və bənövşəyi rəngli olmaqla üzərində “Pall Mall” sözləri yazılmış siqaret qutusunun içərisindən şəffaf sellofan kəsiyinə bükülmüş, içərisində tünd qəhvəyi rəngli, toz halında olan, spesifik iyə malik kütlə olan 3 ədəd bükümü təqdim etdi və həmin bükümlərin içərilərindəki kütlələrin narkotik vasitə heroin olduğunu bildirdi.Daha sonra həmin pul kisəsinin içərisində olan şəffaf rəngli sellofana bükülmüş, içərisində ağ rəngli, kristalşəkilli, spesifik qoxuya malik kütlə olan 07 ədəd bükümü təqdim etdi. Həmin bükümlərin içərisində olan kütlələrin psixotrop maddə metamfetamin olmasını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs qeyd etdi ki, həmin kütlələri 24 iyun 2023-cü il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşından almış, narkotik vasitəni həmin şəxsin göstərdiyi yerdən, yəni Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksinin ərazisindən yolun kənarında olan yol nişanının altından götürmüş, bunun qarşılığında həmin şəxsə məxsus kartın hesabına 400 manat pul köçürmüş və narkotik vasitələri və psixotrop maddələri şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı şübhəli şəxsin üzərindən dövriyyəsi, gəzdirilməsi və saxlanılması qanunla qadağan edilmiş başqa hər hansı əşya və ya başqa qanunsuz hər hansı kütlə və ya maddə aşkar olunmadı. Ardınca aşkar edilmiş kütlələr elektron tərəzidə çəkildi kağızda qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən möhürlənib təhqiqatçı tərəfindən götürüldü. (cild 1, iş vərəqə 102-103) Şəxsi axtarış və götürmə aparılması haqqında və diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 iyun 2023-cü il tarixli, 7/3547 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 56” möhür əksi olan, “Təqsirləndirilən şəxs təqdim etdiyi” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd qara rəngli pul kisəsinin içərisində 07 (yeddi) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,252 qram, 0,461 qram, 0,475 qram, 0,468 qram, 0,469 qram, 0,461 qram, 0,485 qram ümumi təmiz çəkisi 3,071 qram, olan ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış maddə-metamfetamindir. 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 8,152 qram və 0,437 qram,ümumi təmiz çəkisi 8,589 qram olan qəhvəyi rəngli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,178 qram olan tünd qəhvəyi rəngli maddə narkotik vasitə tiryəkdir. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir.(cild 1, iş vərəqə 39-42) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 26 avqust 2023-cü il tarixli, 5503 nömrəli rəyi göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodilərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhə görülür. (cild 1, iş vərəqə 135- 136) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 04 sentyabr 2023-cü il tarixli, 2521 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyinin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətdiyi zaman və ona qədər xroniki psixi xətəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.(cild 1, iş vərəqə 178-180) Cinayət işinin materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,931 qram çəkidə psixotrop maddə olan metamfetamin, qalıq çəkisi 8,529 narkotik vasitə heroin və qalıq çəkisi 0,148 narkotik vasitə tiryək iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 106-107, 200-210) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 315-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir.(cild 1, iş vərəqə 108-109) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Abşeron rayon, 1 saylı Mənzil- Kommunal İstismar sahəsinin 13 iyul 2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır.(cild 1, iş vərəqə 134) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitələri əldə etməkdə satış məqsədinin olmaması, üzərində ümumiyyətlə, psixotrop maddə olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması və evində tutulması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı narkotik vasitələrin və psixotrop maddənin müxtəlifliyi, külli miqdarda olması, bükümlərə ayrılması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-in CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 26 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 iyun 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 10, 96-99, 173-175) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutlar saxlama otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,931 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 8,529 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,148 qram olan narkotik vasitə tiryək məhv edilməli, 01 ( bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 25 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi subut olub Abşeron RPİ-nin maddi sübutlar saxlama otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,931 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 8,529 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,148 qram olan narkotik vasitə tiryək məhv edilsin, 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-500/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-500/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver