Məhkəmə qərarları › İş №1(124)-501/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-501/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-501/2024 17.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1996-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs edilənədək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdə yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsində istintaqa məlum olmayan mənbədən 1 ədəd şəffaf sellofan bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxil edilmiş 8,109 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib Abşeron rayonu, Mehdiabad qəsəbəsində daşımaqla üzərində saxlamış, 28 iyun 2023-cü il tarixdə saat 11 radələrində Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə daxil olmuş məlumat əsasında polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin inzibati binasına gətirilib orada həmin gün saat 12:00-dan 12:12-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan açıq boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 8,109 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 28 iyun 2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən yaşadığı evdə olarkən əməliyyat müvəkkilləri gəlib onu polis bölməsinə dəvət edərək, bölmə rəisinin onunla görüşmək istədiyini bildirmişlər. O, polis bölməsinə gəlmiş və polis əməkdaşları onu tutulmalı olduğunu bildirmişlər. Bunun səbəbi barədə onlardan soruşduqda, ona İran İslam Respublikasına getdiyini demişlər. O, onlara İran İslam Respublikasına sadəcə ziyarət üçün getdiyini desə də, bunun heç bir nəticəsi olmamışdır. Onlar onun avtomobilindən bayraq, silah və narkotik vasitə aşkar edəcəklərinə dair rəsmiləşdirmə həyata keçiriləcəyini bildirib ondan qeyd olunanlardan birini seçməyini tələb etmişlər və narkotik vasitənin daha yüngül cəzalı olacağını izah etmişlər. Onlar ona ibadət edib namaz qıldığı üçün tutulduğunu demişlər. Polis əməkdaşları onu 28 iyun 2023-cü il tarixdə saat 09:00 radələrində onu tutmuşlar. Onlar onu ailəsi ilə hədələdikləri üçün dedikləri ilə razılaşmışdır. Onun atası narkotik vasitə istifadəçisi olmuşdur. Polis əməkdaşları ona fiziki olmasa da, təzyiqlər göstərmişlər. Polis əməkdaşları onu ailə üzvlərini dövlətə xəyanət etmələri barədə rəsmiləşdirmə edib tutacaqları ilə hədələmişdilər. Əməliyyat müvəkkilləri ona polis bölməsinin rəsinin onun 1-2 dəqiqəlik işi olduğunu bildirmişlər. Onlar 2 nəfər idilər. Cavid adlı polis əməkdaşı polis bölməsinə onun avtomobili ilə, digər polis əməkdaşı isə təkcə getmişdi. Polis bölməsinə gəldikdən sonra polis bölməsinin rəisi ilə hər hansı görüşü olmamışdır. Cavid adlı polis əməkdaşı onu xidməti otaqların birinə salmışdı. Daha sonra polis əməkdaşları İran İslam Respublikasına getdiyi üçün tutulmalı olduğunu bildirmişlər. O, 2020-ci il tarixdə İran İslam Respublikasına Məşhəd ziyarətinə getmişdir. Polis əməkdaşları onu avtomobilindən İran İslam Respublikasının bayrağı, silah, narkotik vasitə aşkar olunması ilə hədələmişlər və buna dair şahidlərin də olacağını bildirmişlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ilkin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. 8 ilə yaxındır ibadətlə məşğul olur. Bəzi vaxtlar isə etibarnamə əsasında idarə etdiyi avtomobbillə taksi xidməti göstərir. 26 iyun 2023-cü il tarixdə yaşadığı Mehdiabad qəsəbəsi «20 yanvar» küçəsində olan zaman yerdə bir ədəd kiçik ölçülü şəffaf sellofan bağlama görüb içərisində nəsə olması diqqətini çəkdiyi üçün götürmüşdür. Həmin sellofan bağlamanın içərisinə baxdıqda psixotrop maddə metamfetamin yəni el arasında şüşə kimi deyilən kristal formalı maddə olduğunu görmüşdür. Həmin sellofan parçasını cibinə qoymuşdur ki, küçədə yaşayan sakinlərin, əsasən də uşaqların əlinə keçməsin. O, həmin maddəni polisə təqdim etmək üçün cibinə qoymuşdur. X2 narkotik aludəçisi olmuşdur. Atasının narkotikdən əziyyət çəkməsini bildiyi üçün, başqa şəxslərin də həmin metanfetamini tapıb istifadə etməsini istəməmişdir. Bu səbəbdən həmin sellofan bağlamanı şalvarının cibində saxlamışdır ki, vaxtı olanda polis bölməsinə və ya hansısa polis əməkdaşına versin. Ancaq işləri olduğuna görə həmin psixotrop maddəni polisə verə bilməmişdir. 28 iyun 2023-cü il tarixdə .saat 11 radələrində yaşadığı küçədə piyada gedərkən iki nəfər mülkü geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları olduğunu deyib onun üzərində qanununla dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixatrop maddə olmasına dair onlarda əsaslı şübhələrin olduğunu, buna görə də onlarla birlikdə polis bölməsinə getməyi bildirmişlər. O, etiraz etmədən onlarla birlikdə Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin inzibati binasına gəlmişdir. Daha sonra xidməti otaqların birində təhqiqatçının, müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə ona şübhəli şəxs kimi hüquq və vəzifələrim izah olunmuşdur. Daha sonra təhqiqatçı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet varsa təqdim etməsini bildirmişdir. O, əynindəki açıq boz rəngli şalvarmın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılıb baxılanda içərisində ağ rəngli kristallik hissəciklər olduğu görünmüşdüp. Bu vaxt təhqiqatçı ona həmin bükümün içərisindəki kütlənin nə olduğunu və hardan nə məqsədlə əldə etdiyimi soruşanda o, həmin bükümü 26 iyun 2023-cü il tarixdə yaşadığı küçədə yerdən tapdığını, psixotrop maddə olduğu üçün küçə sakinlərinin, xüsusən də uşaqların əlinə keçməsin deyə götürüb polisə təqdim etmək məqsədi ilə şalvarının cibinə qoyub saxladığını bildirmişdir. Bundan sonra üzərində polis əməkdaşları axtarış aparmışlar və başqa hər hansı bir qanunsuz əşya və predmet aşkarlanmamışdır. Daha sonra həmin büküm təhqiqatçı tərəfindən onun, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə qablaşdınlaraq ekspertiza təyin edilməsi üçün götürülmüşdüp. Ona polis idarəsində heç bir fiziki güc və zorakılıq olunmamışdır. İlkin araşdırma zamanı tərtib edilmiş prosessual sənədlərdəki imzalar özünə məxsus olub heç bir təzyiq olmadan çəkmişdir. Atası əvvəllər narkotik vasitə və psixatrop maddələrdən istifadə etdiyi üçün və televizorda göstərilərkən görüb tanımış, lakin, istifadə etməmiş, həmçinin satışı ilə də məşğul olmamışAbip. 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 8,109 qram olan metamfetamin əynindəki açıq boz rəngli şalvarının sağ yan cibindən şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüşdür. 1 ədəd şəffaf sellofan bükümü Mehdiabad qəsəbəsində yaşadığı 20 yanvar küçəsində yerdən tapıb başqalarının əlinə keçməsin deyə polisə təqdim etmək üçün cibində saxlamışdır. Lakin vaxtı olmadığı üçün polisə təqdim edə bilməmişdir.Həmin psixotrop maddədən istifadə etməmiş və başqa şəxslərə verməmişdir. (Cild 1, iş vərəqləri 61-62) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 2023-cü ilin iyun ayında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Həmin əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsi Mehdiabad Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis bölməsinə gəlmişdir. Bölmədə onun üzərində şəxsi axtarış həyata keçirilməsində o iştirak etməsə də, sonradan öyrəndiyinə görə onun üzərindən külli miqdarda metamfetamin növündə psixotrop maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılması zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs İran İslam Respublikasına səfər etməsinə görə polis əməkdaşları tərəfindən saxlanılmağı və s. barədə bildirdikləri həqiqəti əks etdirmir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Həmin əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsi Mehdiabad Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs bizimlə birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərində hər hansı qanunsuz vasitələr olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs saxlanılması əməliyyatı zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitələri daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Həmin əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsi Mehdiabad Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis bölməsinə gəlmişdir. Təqsirləndirilən şəxs polis bölməsinə özünün idarə etdiyi avtomobili ilə gəlmişdir. Onunla birlikdə ya Şahid2, ya da Şahid3 getmişdir. Polis bölməsində müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni 2-3 gün əvvəl tapdığını demişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 iyun 2023-cü il tarixli protokoldan görünür ki, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 8,109 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 32-33) Həmin istintaq hərəkətləri videoçəkilişlə aparılmış və istintaq hərəkətlərinin qeydə alındığı bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və mopedə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəq 34) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3565 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində imza «Təqsirləndirilən şəxs... soy ad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd selofan paketdə təmiz çəkisi 8,109 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. (Cild 1, iş vərəqləri 44-45) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 daxil olmuş xx.xx.2023-cü il tarixli, 4686 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 140-141) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1298 saylı rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilməmişdir. (Cild 1, iş vərəq 104) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 08 yanvar 2024-cü il tarixli qərardan görünür ki, 8,059 qram metamfetamin maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 183-191) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin əldə etdiyi psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən isə təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair müvafiq qərarına istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı təqsirləndirilən şəxsə verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, narkotik vasitənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğu halda, onun üzərində daha çox həcmdə narkotik vasitə və psixotrop maddə, eləcə də elektron tərəzi aşkar oluna bilərdi. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 8-ci bəndində göstərilmişdir ki, qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, psixotrop maddənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Satış məqsədi olmadan şəxsi istehlak üçün də məhz külli miqdarda psixotop maddənin əldə edilməsinin mümkünlüyünü nəzərə alaraq, qanunverici Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsini cinayət qanununa əlavə etmişdir. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Məhkəmə, təqsirləndirilən şəxsin onda psioxtrop maddənin olmaması, polislər tərəfindən İran İslan Respublikasına getdiyi üçün üzərinə qoyulması və polis əməkdaşları tərəfindən ailə üzvlərinin tutulması ilə hədələnməsinə görə psixotrop maddənin onda olması ilə bağlı etirafedici ifadə verməsi bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 82) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 28 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 30 iyun 2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 21 oktyabr 2023-cü il tarixli və 25 yanvar 2024-cü il tarixli qərarları ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 8,059 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 65 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 8,059 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar