Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-505/2022 02.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1995-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yuxarı Aralıq kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qoşqulu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 28 iyun 2022-ci il tarixdə saat 12 radələrində qoşqulu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi X3 məxsus ağ rəngli «DAF» markalı **-CX-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu özüboşaldan yük avtomobili ilə Abşeron rayonu, Məmmədli kəndi ərazisində Digah kəndi istiqamətində 50-55 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməli, həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən 1.1 üfüqi nişanlanma xəttini (hərəkət istiqamətlərini ayıran ağ bütöv üfüqi nişanlama xətti) kəsib keçmək qadağan olduğu və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə əməl etməyərək, eləcə də qeyd edilən Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan avtomobili idarə edərək qarşıdan əks zolaqda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Ford Transit” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, təpə və sol said sümüklərinin sınıqları, təpə-ənsə nahiyəsinin və sol saidin əzilmiş-cırılmış yaraları, sol budun qançırı və sol diz oynağı nahiyəsinin sıyrığı, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına və baş-beyinin yumşaq qişasına diffuz qansızmalarla və təpə sümüyünün sınığı ilə müşayiət olunan açıq kəllə-beyin travmasından Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2022-ci ilin iyun ayının 28-də qardaşı Rəşidin etibarnamə ilə sürücülük vəsiqəsi olmadan idarə etdiyi saz vəziyyətdə olan “DAF” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Quba rayonuna daş qırıntıları gətirmək üçün getmişlər. Rəşid gecə işdə olduğu üçün yorğun olmuş və “DAF” markalı yük avtomobilinin kabinəsində oturacağın arxasında yerləşən yataq yerinə keçib orada uzanmış, o, isə avtomobili idarə etmişdir. Həmin gün saat 13 radələrində “DAF” markalı yük avtomobili ilə Abşeron rayonu, Məmmədli kəndi ərazisində 50-55 km/saat sürətlə öz yolu ilə, yəni sağ zolaqda hərəkət edərkən 100-150 metr qarşıdan gümüşü rəngli “Ford Transit” markalı avtomobilin öz yolu ilə ona tərəf gəldiyini görmüşdür. Təxminən aralarında 20-25 metr məsafə qalmış qarşıdan gələn “Ford Transit” markalı avtomobilin sürücüsü yolun ortasına tərəf avtomobili sürmüşdür. Avtomobilin bir təkəri yolun orta zolağını ayıran xəttin üzəri ilə gəldiyini görüb dərhal ayağını əyləcə sıxmış və maşını yolun sağ tərəfinə çəkmişdir. Yük maşınını sağa tərəf çəksə də qarşıdan gələn avtomobilin qabaq sol hissəsi ilə onun idarə etdiyi yük avtomobilinin qabaq sol hissəsi toqquşmuşdur. Toqquşmadan əvvəl tormoz vermişdir, ABS tormoz sistemi olduğu üçün təkərin biri tutub, digəri buraxmışdır. Toqquşma nəticəsində idarə etdiyi yük maşını yerində, yolun hərəkət hissəsində, onunla toqquşan “Ford Transit” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil isə aldığı zərbədən istqamətini dəyişərək üzü əks istiqamətə arxa hissəsi səkiyə çıxmış vəziyyətdə yolun hərəkət hissəsində dayanmışdır. Dərhal maşından yerə düşmüş və “Ford Transit” markalı avtomobilə yaxınlaşmışdır. Qardaşı Rəşid də maşından düşüb gəlmişdir. Ətrafa çoxlu adamlar yığılmışdı. Orada olan adamlar təcili tibbi yardıma zəng etmişlər. O, sürücünü maşından çıxarmışdır. Həmin vaxt o, huşsuz olsa da nəfəs almışdır. Lakin təcili tibbi yardım maşını gec gəldiyi üçün zərərçəkmiş şəxs ölmüşdür. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. Fərdi qaydada mebel alqı-satqısı ilə məşğul olduğundan atası Elman özünə məxsus saz vəziyyətdə olan “Ford Transit” markalı **-XG- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə arada onun işlərinə köməklik etmişdir. Həmin gün atası evdən çıxıb ustaya getmişdir. 28 iyun saat 14 radələrində işdə olan zaman qardaşı Elxan zəng edib Məmmədli kəndində atası Elmanın avto qəza keçirdiyini demişdir. Dərhal həmin yerə getmişdir. Hadisə yerinə çatdıqda atası Elmanın avtomobilinin «DAF» markalı **-CX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş vəziyyətdə olduğunu görmüşdür. Atası hadisə yerində ölmüşdür. Sonradan təcili tibbi yardım maşını gəlsə də, onun həyatını xilas etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2021ci ilin may ayının 31-də X1 ağ rəngli “DAF” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və **-ZC-*** dövlət qeydiyyat nişanlı “Carnehi” markalı özüboşaldan qoşqunu etibarnamə əsasında icarəyə götürüb fərdi qaydada yük daşımaqla məşğul olur. 2022-ci il iyunun 28-də saat 12 radələrində Rahiblə evin yanında görüşmüşlər. Rahibə Quba rayonundan şebel və atsep gətirmək üçün sifariş qəbul etdiyini demişdir. Gecə işdə olduğu üçün yorğun olduğunu, idarə etdiyi “DAF” markalı yük avtomobilini onun idarə etməyini xahiş etmişdir. Rahib də etiraz etməyib sükan arxasında əyləşmişdir. O, Rahibin “E” kateqoriyalı sürücülük vəsiqəsinin olmadığını bilirdi. Yorğun olduğu üçün yük maşınının kabinəsində oturacağın arxasında yerləşən yataq yerinə keçərək uzanmış, Rahib də avtomobili idarə etmişdir. Bir qədər getdikdən sonra saat təxminən 13 radələrində sükan arxasında avtomobili idarə edən qardaşı Rahibin yüksək səslə “bu nə edir, bu nə edir” sözlərini eşitmişdir. Aradan 1-2 saniyə keçmiş avtomobilin nəyəsə dəydikdən sonra dayandığını hiss edib uzandığı yerdən qalxmışdır. Rahib avtomobildən yerə düşmüş, o da Rahibin arxası ilə avtomobildən düşmüşdür. Yerə düşdükdə Rahibin idarə etdiyi yük avtomobili ilə “Ford Transit” markalı avtomobilin toqquşduğunu və həmin avtomobilin sürücüsünün xəsarət aldığını görüb ona yaxınlaşmışdır. “Ford Transit” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil aldığı zərbədən istiqamətini dəyişərək üzü əks istiqamətdə arxa hissəsi səkiyə çıxmış vəziyyətdə yolun hərəkət hissəsində dayanmışdı. Avtomobilin sürücüsü sükan arxasında huşsuz vəziyyətdə olmuşdur. Təcili tibbi yardım maşını çağırmış, sürücünü maşından çıxarmışlar, lakin təcili tibbi yardım maşını gec gəldiyi üçün şəxs vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ekspert Şahid2 ifadəsində göstərdi ki, istintaq tərəfindən verilən məlumatlarda göstərilir ki hər iki sürücünün idarə etdiyi maşınların qabaq hissələri toqquşmuşdur. Bununla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəy verilərkən avtomobillər onlara təqdim edilməmişdir. Onların rəy vermək üçün predmetləri hadisə yerinə baxış protokolu, hadisə yerinin sxemi və fotoşəkillərdir. Fotoşəkil və sxemlərdən məlum olur ki hər iki avtomobil 1.1 üfüqi nişanlama xəttini keçərək qanunun tələblərini pozmuşdur. Ford markalı avtomobil onların sərəncamına verilməmişdir. İstintaq tərəfindən təyin edilmiş ekspertiza haqqında qərarda avtomobillə bağlı suallar olmamışdır. Hadisə yerinin sxemi və fotoşəkillərdən görünür ki, Daf markalı avtomobilin sol təkəri 1.1 nişanlama xəttinə paralel şəkildə solda tormoz izi qalmışdır. Avtomobillərin qabaq sol hissələrində toqquşma baş vermişdir. Hər iki avtomobil toqquşma zamanı hərəkətdə olmuşdur. İş üzrə verdiyi ekspert rəyini təsdiq edir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında 28 iyun 2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxem və fotocədvəldən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində Məmmədli-Digah yolunda Digah qəsəbəsi istiqamətində baş vermiş, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «DAF» markalı **-CX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Digah qəsəbəsi istiqamətində hərəkətdə olarkən əks zolaqda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Ford Transit” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə əsas yoldan 0,3 metr məsafə əks zolaqda toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. (Cild 1, iş vərəqləri 7-18) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zaman baş vermiş yol-nəqliyyat hadisəsini hadisə yerində əyani olaraq göstərmiş və istintaqa verdiyi ifadəsini hadisə yerində təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 49-53) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 93 nömrəli rəyində göstərilmişdir ki, 1958-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə, əlavə laborator tədqiqatların cavablarına və tibbi sənəddə yazılanlara əsasən, ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1) Mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edildi: baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar; təpə və sol said sümüklərinin sınıqları; təpə-ənsə nahiyəsinin və sol saidin əzilmiş-cırılmış yaraları, sol budun qançırı və sol diz oynağı nahiyəsinin sıyrığı həyati əlamətlərə malik olmaqla mərhumun ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. 2) Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb – başbeyinin yumşaq qişasına diffuz qansızmalarla və təpə sümüyünün sınığı ilə müşayiət olunan açıq kəllə-beyin travması olmuşdur. İlkin meyitin əlamətlərin inkişaf dərəcəsinə görə əsasən demək olar ki, ölüm onun meyitinin meyitxanadakı (xx.xx.2022. saat 17:00) müayinəsindən təxminən 4-6 saat əvvəl baş vermişdir. 3) Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 57-63) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-yolnəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/1923 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Daf markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Daf markalı avtomobili müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Ford Transit markalı ** XG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (Cild 1, iş vərəqləri 71-74) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, ********* nömrəli arayışda göstərilmişdir ki, Azərbaycan Respublikası DİN-in BDYPİnin mərkəzləşdirilmiş bazasının məlumatına əsasən 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “BC” kateqoriyalı AF 037086 nömrəli sürücülük vəsiqəsi verilmiş və bu günədək sürücülük hüququ məhdudlaşdırılmamışdır. (Cild 1, iş vərəq 108) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli «DAF» markalı **- CX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və Zərərçəkmiş şəxs idarə etdiyi “Ford Transit” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili iş üzrə maddi sübut kimi tanınmış və «DAF» markalı **-CX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Şahid1, “Ford Transit” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin isə zərərçəkmişin hüquqi varisi X6 qaytarılmışdır. (Cild 1, iş vərəqləri 112-117) Cinayət işinin materiallarından görünür ki, mərhum zərərçəkmiş şəxsin oğlu X8 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin ehtiyatsızlıqdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyası həddində əsas və əlavə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 43) Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona dəymiş maddi ziyanı könüllü olaraq ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. (Cild 1, iş vərəq 65) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin evli olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını da onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunun yuxarıda göstərilən tələblərini rəhbər tutub təqsirləndirilən şəxsə təyin ediləcək əsas cəza kimi azadlıqdan məhrum etmə cəzasının həddi və cəzaçəkmə müəssisəsinin növü ilə bağlı müzakirələr aparmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin saksiyası ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddində cəza təyin edilməli və təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin saksiyası ilə əlavə cəza qismində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə, Cinayət Məcəlləsinin 45.1-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə bu növdə əlavə cəzanın da təyin edilməsini əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək əsas və əlavə cəzaların həddi ilə nəticəyə gələrkən “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının izah və tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Plenum Qərarının 21-ci bəndinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X7rşı, § 26). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinin tələblərinə əsasən, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın hesablanmasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinin və icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.6-cı maddələrini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “DAF” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və Zərərçəkmiş şəxs idarə etdiyi “Ford Transit” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut kimi tanınmış, «DAF» markalı **-CX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücü Şahid1, “Ford Transit” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin isə zərərçəkmişin hüquqi varisi X6 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza – nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza üçün müəyyən edilmiş müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilməsi Bakı şəhəri Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-505/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-505/2022
02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver