Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-506/2024 07.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1964-cü il tarixdə Cəbrayıl rayonu, Mahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış və barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 22 may 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 01 ədəd sellofan bükümdə 4,700 qram çəkidə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Saray qəsəbəsi, «Üfüq» marketin qarşısına daşımış, həmin gün saat 15 radələrində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “Üfüq” marketin yaxınlığında saxlanılaraq, Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə gətirilmiş, həmin gün saat 18:10-da polis bölməsində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli parça şalvarın sağ yan cibindən külli miqdarda 01 ədəd sellofan bükümdə 4,700 qram çəkidə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o yalnız ibadətlə məşğul olmuş, namaz qılmış, bir neçə dəfə İrana getmişdir. Narkotik vasitə ilə heç bir əlaqəsi olmamışdır. 22 may 2023-cü il tarixində saat 14:00 radələrində tutulmuşdur. Nəvələrini məktəbə qoymuş, maşını bir mağazanın qarşısında saxlamış, düşüb mağazadan çörək almış, bu zaman onu polislər saxlayaraq üstündə narkotik vasitə olduğunu demişlər, o da “nə narkotik, mən siqaret çəkməyən adamam, narkotik nə çəkmirəm, nə almıram, nə satmıram” demişdir. İki nəfər polis gəlmiş, onu bölməyə aparmışdılar. Tutulmağının səbəbini soruşduqda ona demişdirlər ki, iranlılarla iş gördüyü, “meşok” alıb qoyduğu barədə onlarda məlumat var. O da bu dediklərini necə sübut edəcəklərini soruşmuş, narkotik vasitəni kimə satdığını, hara qoyduğunu soruşmuşdur. Polis əməkdaşları onun tutulmalı olduğunu demişdirlər. Saat 20:00-a işləmiş üstünü axtarmış, ona boynuna almasa gedib evindən narkotik vasitə çıxaracaqlarını demişdirlər. Ağsaqqal olduğu üçün ona Abşeronda məhkəmədə kömək edəcəklərini demişdirlər. Bir vəkil olmuşdur, ona demişlər ki, onun vəkilidir, nə sualı olsa verə bilər. O isə necə ola bilər ki üstünə baxış keçirilməmiş yazıb pozduqlarını, onun üstündən nə çıxıb-çıxmayacağını onların bilib-bilmədiyini soruşmuşdur. Polis əməkdaşları isə onlarlıq bir şey olmadığını, siyahıda adının olduğunu, çalışıb ona köməklik edəcəklərini demişdirlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 may 2023-cü il tarixdə saat 14 radələrində özünə məxsus avtomobillə Saray qəsəbəsində yerləşən “Üfüq” marketə çörək almağa getmişdir. Həmin vaxt 3-4 nəfər tanımadığı şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını və Saray PB-nə getməli olduğunu demişlər. O, səbəb soruşduqda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər. O, həmin şəxslərə üzərində heç nə olmadığını və üzərinə baxış keçirə biləcəklərini desə də həmin şəxslər israrla bölməyə getməli olduqlarını bildirmişlər. Daha sonra onun mobil telefonunu alıb söndürərək onu özlərinə məxsus avtomobillə Saray PB-nə aparmışlar. Bölməyə çatdıqdan sonra təxminən yarım saat koridorda gözləmişdir. Həmin vaxt sonradan adının Ramal olduğunu öyrəndiyi polis əməkdaşı da onun yanında gözləmişdir. Daha sonra onu xidməti otaqlardan birinə salmışlar. Daha sonra sonradan adlarını öyrəndiyi Azad və Yaqub adlı polis əməkdaşları da otağa daxil olmuşdur. Xidməti otaqda polislər onu sorğu-sual etdikdən sonra onu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham etdikdə o, bütün ittihamları təkzib etmişdir. Təxminən bir saat söhbət etdikdən sonra Yaqub və Azad adlı polis əməkdaşları çıxıb getmişdir. Ramal adlı polis əməkdaşı isə yenə də onun yanında qalmışdır. Təxminən bir saat sonra Yaqub və Azad yenə də həmin otağa qayıtmışdır. Azad onu artıq sənədləşdirdiklərini və etiraz etməməyini tələb etmişdir. Onlar yenə də bir qədər söhbət etdikdən sonra Azad və Yaqub çıxıb getmişdir. Həmin gün saat təxminən 18 radələrində Azad, Yaqub və bir neçə digər əməkdaş yenidən otağa daxil olmuşlar. Azad əlində balaca sellofan bükülünü ona uzadaraq cibinə qoymağını tələb etmişdir. O, etiraz etdikdə polis əməkdaşları ona psixoloji təzyiq göstərməyə başlamışdır. Təxminən yarım saat müddətində o, etiraz etsə də sonradan polislərin ailəsinə qarşı hansısa qanunsuzluq edəcəyindən qorxduğu üçün həmin sellofan bükülünün cibinə qoyulmağına etiraz etməmişdir. Azad həmin bükülünü əynində olan parça şalvarın sağ yan cibinə qoyaraq onu sənədlərə qol çəkmək barədə tənbehləmişdir. Daha sonra o, polis əməkdaşları ilə birlikdə digər otağa keçmişdir. Təhqiqatçının otağında təzədən onun cibinə qoyulmuş sellofan bükülüdəki kütlə götürülərək qablaşdırılmış, o da sənədləri imzalamış və sənədlərə qol çəkdikdən sonra ona vəkili təqdim edilmişdir. ( Cild 1 iş vərəqə 236-238) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş sabiq əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 22 may 2023-cü il tarixdə Abşeron RPİ-nin Saray PB-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin üzərində gəzdirməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə onun, polis baş leytenantı Şahid2 və polis serjantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində saxlanılmış və barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, gəzdirilməklə saxlanılması və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Abşeron RPİ-nin Saray PB-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədən Abşeron RPİ-nin Saray PB-nə getmişdir. Abşeron RPİ-nin Saray PB-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra dəvət olunmuş vəkilin və dəvət edilmiş iki nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşyanın omadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zaman sonuncunun əynində olan qara rəngli parça şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş içərisində kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra həmin büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə qablaşdırılmış, zərfə qoyularaq möhürlənib, üzərində qeydlər aparılmaqla imzalanıb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs həmin maddələrin nə olması və onu haradan əldə etməsi soruşulduqda üzərində aşkar edilmiş bükülünün nə olmasını bilmədiyini və ona aid olmadığını bildirmişdir. Göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə etməsi, saxlaması və üstündə gəzdirməsi barədə ilkin məlumat daxil olsa da, sonradan əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs ətrafında keçirilmiş tədbirlər zamanı onun bilavasitə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə də əməliyyat məlumatı əldə edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdi ki, 22 may 2023-cü il tarixdə saat 17:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “Ucuz” marketin qarşısında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını və xidməti zərurətlə əlaqədar hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə getmişdir. Orada xidməti otaqlardan birində sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin üzərinə şəxsi axtarış keçiriləcəyi, onun da hal şahidi qismində şəxsi axtarış və götürmədə iştirak edəcəyi elan olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olubolmaması, olduğu halda onları könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olmamasını bildirmişdir. Daha sonra onun da iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman Elşadın əynində olan qara rəngli parça şalvarın sağ yan cibindən çıxan 01 ədəd sellofana bükülmüş içərisində kristal formalı kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etməsini və nə üçün üzərində gəzdirməsini soruşduqda həmin maddənin ona məxsus olmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş kristal şəkilli kütlə qablaşdırılmış, üzəri tərəflərindən imzalanaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokolu imzalamış və getmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid5 ifadəsindən görünür ki, o Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir.( iş vərəqə 154-156) Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin sahə polis əməkdaşı polis serjantı Şahid3 sabiq əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsindən görünür ki, o Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir.( iş vərəqə 148-150) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə haqqında” 22 may 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1964-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, Abşeron rayonu, Saray qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələrin qəbulu, saxlanması və üzərində daşıması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqi 4) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 22 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli parça şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. (cild 1, iş vərəqi 28-29) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 may 2023-ci il tarixli, 6/2964 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “ Azərbaycan Respublikası DİN Zərflər üçün №175 dairəvi möhür əksi olan, “...5) (imza) Verdiyev...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 4,700 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə 39-42) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4478 nömrəli rəyi göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 160-161) Cinayət işinin materiallarından görünür ki, 4,700 qram psixotrop maddə metamfetamin və xx.xx.2023-cü il tarixdə evdə axtarış aparılması prosesinin köçürüldüyü bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra bir ədəd zərfdə qalıq çəkisi - 4,650 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmış, bir ədəd DVD diski iş materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 230) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( cild 1, iş vərəqə 157-158) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamış və daşımışdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən psixotrop maddəni satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, psixotrop maddənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olduğu halda, onun üzərində daha çox həcmdə psixotrop maddə, eləcə də elektron tərəzi aşkar oluna bilərdi. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, psixotrop maddənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində ümumiyyətlə psixotrop maddə olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar aşkar edilmədi. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 22 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qərarı ilə onun barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti Abşeron rayon məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarla 02 ay, yəni 23 noyabr 2023-cü il tarixə kimi uzadılmışdır. 23 noyabr 2023-cü il tarixdə Abşeron rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay müddətinə , yəni 23 dekabr 2023-cü il tarixədək uzadılmışdır. 23 dekabr 2023-cü il tarixdə Abşeron rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay müddətinə, yəni 23 fevral 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 22, 60-61, 79-80, 141-144, 176-180, 64-66, 200-203) Bundan başqa, cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd olunan iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,650 qram metamfetamin məhv edilməli, evdə axtarış aparılması zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 22 may 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutlar saxlama otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 4,650 qram psixotrop maddə metamfetamin məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-506/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-506/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver