Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-507/2024 13.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Dəvəçi rayonu Beynəlmiləl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, 3cü qrup əlilliyi olan, Şabran rayonu Ağalıq kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 22,811 qram çəkidə narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 avqust 2023cü il tarixdə saat 12:45-də Şabran rayonu Ağalıq kəndində yerləşən yaşadığı evinin yaxınlığında saxlanılaraq Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 13:45-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan ağ rəngli şalvarın sol yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə ümumi təmiz çəkisi 22,811 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1992-ci ilin Qarabağ müharibəsi əlilidir.13-14 il bununla bağlı təqaüd almış, daha sonra təqaüdün verilməsi dayandırılmışdır. Təqaüdünün verilməsi dayandırılmış şəxslərlə birlikdə Bakı şəhərində Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinə getmişlər və orada onlara bildirmişlər ki, onlar kimi xəstələrin təqaüdü Avropa standartlarına uyğun olaraq kəsilmişdir. Daha sonra 2 nəfər şəxs intihar etmiş, onlardan biri damarını kəsmişdir. O özü də psixoloji dərmanlar qəbul edirmiş və həmin vaxt əsəbləşmiş, “Tik-tok” sosial şəbəkəsində çəkiliş edərək dövlətə qarşı etiraz etmişdir. Daha sonra polis əməkdaşları onu yaşadığı evdə saxlayaraq polis idarəsinə aparmışlar. Polis idarəsində onun qarşısına narkotik vasitə qoyaraq boynuna götürməsini tələb etmişlər. O, polis əməkdaşlarının tələbi ilə razılaşmadıqda ona fiziki təsir göstərmişlər, məcburiyyət qarşısında qalaraq narkotik vasitəni boynuna götürmüşdür. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Onun üçüncü qrup əlilliyi olmuş və bunu təsdiq edən sənədləri var. Polis əməkdaşları ona ailəsi ilə hədə-qorxu gəlmişlər. O, 4-5 dəqiqəlik video çəkərək “Tik-tok” sosial şəbəkəsində paylaşmışdır. Psixi vəziyyəti yaxşı olmadığı üçün həmin videoda xoşagəlməz ifadələr işlətmişdir. Onun barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə hakimə həqiqəti danışmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığından sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən bir neçə müddətdir ki istifadə edir. 03 avqust 2023-cü il tarixdə, saat 12:45 dəqiqədə Şabran rayonu, Ağalıq kəndində yerləşən evinin yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Şabran Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Şabran Rayon Polis Şöbəsində dəvət olunmuş müdafiəçinin, yəni Əfqan Orucovun iştirakı ilə o şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan ağ rəngli şalvarın sol yan cibindən 1(bir) ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroin kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan "Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Heroin elektron tərəzidə çəkilmiş, heroin kütləsinin çəkisi 25 (iyirmi beş) qram olmuş, sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon bu barədə izah verildikdən sonra götürülmüşdür. Qeyd etmişdir ki, üzərindən aşkar olunmuş kütlə özünə məxsusdur. Aşkar olunmuş həmin narkotik vasitəni Şabran şəhərində avtovağzalın yaxınlığında tanınmadığı şəxsdən 2 (iki) gün əvvəl, yəni təxminən avqust ayının əvvəlində 50 (əlli) manat ödəməklə alaraq istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Narkotik vasitəni aldığı şəxsi isə tanımır. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir (cild 01, iş vər. 58- 60). İfadəsi elan olunaraq tədqiq olunduqdan sonra təqsirləndirilən şəxs məcburiyyət qarşısında qalaraq polis əməkdaşlarının dediyi məzmunda ifadə verdiyini və hazırda həmin ifadəni təsdiq etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında daxil olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Şabran rayonu Ağalıq kəndində piyada hərəkət edən zaman saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində xidməti otaqların birində şəxsin üzərinə video çəkilişlə şəxsi axtarış keçirilən zamanı üzərində olan narkotik vasitə heroini könüllü şəkildə təqdim etmişdir. Ona ünvanlanan suallara cavab olaraq şahid ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, şəxsin üzərindən narkotik vasitə olan heroinin aşkar olunduğunu, əməliyyat məlumatının Şahid3 daxil olduğunu, təqsirləndirilən şəxsə qarşı heç bir təsir və ya təzyiqə yol verilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfi etiraz etmədiyindən, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis kapitanıdır. Şabran rayonu Ağalıq kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşımasında və külli miqdarda narkotik vasitələrin satışında şübhəli olduğundan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid3 və Şahid2 iştirakı ilə keçirilən tədbir zamanı xx.xx.2023-cü il tarixdə saat 12:45-də Təqsirləndirilən şəxs Şabran rayonu Ağalıq kəndində yerləşən evinin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmişdir. Şabran Rayon Polis Şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zamanı dəvət edilmiş müdafiəçisi Əfqan Orucov, o və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid3 və Şahid2 iştirak etmişdir. Şəxsi axtarış video çəkilişlə aparılmış və şəxsi axtarışa başlamazdan əvvəl Samirə narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirməsində və külli miqdarda narkotik vasitələrin satışında şübhəli olması elan edilməklə, hüquq və vəzifələri izah edilməklə vəkil Əfqan Orucov ona təqdim edilmişdir. Samirə üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi bildirilmiş, Samir də əynində olan şalvarın sol yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqdim edilmiş bükümün içərisinə baxılmış və içərisində açıq qəhvəyi rəngli kütlə olması müəyyən edilmişdir. Aşkarlanmış büküm qablaşdırılaraq götürülmüşdür. Həmçinin Samirin əynində olan şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkarlanmışdır. Samir üzərindən aşkarlanmış narkotik vasitəni tanımadığı şəxsdən 50 manata istifadə etmək məqsədilə aldığını və üzərində saxladığını bildirmiş, bu barədə videoçəkiliş aparılmışdır (cild 01, iş vər. 82-83). Məhkəmə istintaqı zamanı həmçinin müdafiə tərəfi etiraz etmədiyindən, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi də elan olunaraq tədqiq olunmuş və onun da Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur (cild 01, iş vər. 84-85). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən xx.xx.1969-cu ildə Dəvəçi rayonu, Beynəlmiləl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Şabran rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1969-cu ildə Dəvəçi rayonu, Beynəlmiləl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Şabran rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 03 avqust 2023-cü il tarixdə, saat 12:45 dəqiqədə Şabran rayonu, Ağalıq kəndində yerləşən evinin yaxınlığında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Şabran RPŞ-nin inzibati binasına gətirilmişdir (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan ağ rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunan kütlə elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 31-32). Cinayət işinin materiallarında olan materialların fiziki-kimyəvi eskpertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/4145 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan, "Təqsirləndirilən şəxs üzərindən ..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədə zərfdə bir ədəd bükümdə təmiz çəkisi 22,811 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 38-42). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli, 5923 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Naromaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 124-125). Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2766 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində keçirilmiş kəllə-beyin travması müəyyən edilir.Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməkl və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındandır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özündən uydurmağa və təlqinə qapılmağa meyillilik əlamətləri müşahidə edilmədi, əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmadı, yaddaş pozuntusu müəyyən edilmədi (cild 01, iş vər. 126-129). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Oktay oğlunun əməlində CM-in 234.1-1 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığından, onun barəsində həmin maddələr ilə cinayət işinin başlanması redd edilmişdir (cild 01, iş vər. 140-144). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1969-cu ildə Dəvəçi rayonu, Beynəlmiləl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Şabran rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, Təqsirləndirilən şəxs 03 avqust 2023-cü il tarixdə, saat 12:45 dəqiqədə Şabran rayonu, Ağalıq kəndində yerləşən evinin yaxınlığında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddə materialların fiziki-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəla həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, habelə şübhəli şəxs qismində ifadə verərkən, daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən aşkar olunan narkotik vasitələrin ona aid olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin onun üzərindən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Ağalıq kəndində qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, iş vər. 120-121). Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuş sənədlərin sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının müdafiəsi zamanı travma almış, 3-cü qrup əlildir. Məhkəmə Təqsirləndirilən şəxs 3-cü qrup əlili olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 96). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Şabran Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 14, 66-72). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 22,761 qram qalmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 22,761 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd diskin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-507/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-507/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver