Məhkəmə qərarları › İş №1(124)-508/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-508/2025

29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-508/2025 29.01.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X10 (sədrlik edən), X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi- X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi –Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslərin hüquqi varisi – X3 iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Xırdalan şəhəri «KFC»-də fəhlə işləyən, Qobustan rayonu, Ərəbşahverdi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə saat 22:40-da etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21074” markalı, “**-CL-***” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 21,7-ci kilometrliyində, Şamaxı rayonu istiqamətində soldan birinci zolaqla təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib hərəkəti istiqamətində yolu sağdan sola keçən X6 və qucağında olan 2023-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyadalar 2023-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 onurğa beyninin zədələnməsi ilə müşayiət olunan 2-ci və 3-cü boyun fəqərələrinin sınıqları, sağ çiyin qurşağı nahiyəsinin, sol çiyin qurşağı nahiyəsinin, sol bazunun, döş qəfəsinin sağ yarısının, sağ ayaq pəncəsinin sıyrıqları, sol baldırın əzilmiş-cırılmış yarasından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərindən onurğa beyninin zədələnməsi ilə müşayiət olunan 2-ci və 3-cü boyun fəqərələrinin sınıqları fonunda inkişaf etmiş travmatik şok zərərçəkmiş şəxsin hadisə yerində ölümünə, X5 baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, diafraqmanın cırılmış yarası, sol bazunun qapalı yerdəyişən sınığı, çanaq sümüklərinin sınıqları, alın nahiyəsinin hematoması, sol dirsək oynağı nahiyəsinin, sol mil-bilək oynağı nahiyəsinin, sol qoltuqaltı nahiyənin, sağ baldırın sıyrıqları, sol bazunun, sol budun, sol diz oynağı nahiyəsinin, sol aşıq-baldır oynağı nahiyəsinin, sağ budun, sağ baldırın qançırlarından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərindən müştərək travmalarla müşayiət olunan baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar zərərçəkmiş şəxsin xx.xx.2025-ci il tarixdə saat 03:30-da stasionar müalicədə olduğu X17 ölümünə, yəni iki şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 02 avqust 2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi özünə məxsus və texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21074” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı yolu ilə Bakı şəhərindən Şamaxı istiqamətində hərəkətdə olarkən həmin yolun Abşeron rayon ərazisindən keçən 21,7-ci kilometrliyində avtomobili soldan birinci zolaqda 60 km/saat sürətlə hərəkət etdirərkən bir anda ondan sağda eyni istiqamətə hərəkətdə olan avtomobillər dayanmış, o, sol zolaqda hərəkətini davam etdirmiş və bu zaman yolu sağdan sola doğru keçən 2 böyük və 3 azyaşlı piyadalardan piyada qadını avtomobilin ön hissəsi ilə vurmuş, həmin vaxt avtomobil qadının yanındakı kişiyə də sürtünmüş, onlar asfalt üzərinə yıxılmışlar. O, dərhal avtomobili saxlayıb yerə düşmüş, vurduğu qadını və qucağında olan azyaşlı uşağı yanındakı kişinin köməyi ilə avtomobilə qoyub xəstəxanaya aparmışdır. Hadisə nəticəsində həm uşaq, həm də qadın rəhmətə getmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, hadisə ilə əlaqədar onun valideynləri və yaxın qohumları zərərçəkənlərə yas və dəfn xərcləri ilə əlaqədar maddi köməklik etmişlər. Törətdiyi qəzaya görə səmimi peşmandır, lakin həmin yerdə yerüstü keçid olduğu halda həmin şəxslər yolu bu formada keçmiş və nəticədə istəmədiyi halda hadisə baş vermişdir. Həmin vaxt özündən sağda gedən avtomobil saxlasa da, o, işdən çıxıb yorğun olduğu üçün yolu keçən şəxsləri gec görmüş və nəticədə avtomobili vaxtında saxlaya bilməmişdir. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələb yoxdur. Bunların nəzərə alınmasını və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 02 avqust 2025-ci il tarixdə saat 22:40-da Bakı-Şamaxı-Yevlax yolunun 21,7-ci kilometrliyində o, arvadı və üç azyaşlı uşağı ilə birlikdə sərnişin qismində əyləşdikləri avtobusla hərəkətdə olarkən hərəkət hissəsinin sağ kənarında dayanacaqda avtobusdan düşmüş, arvadına yolüstü keçiddən keçmək lazım olduğunu bildirsə də, mərhum arvadı yorğun olduğunu, tez bir zamanda yolu qaçaraq keçə biləcəklərini söyləmiş, o da onunla razılaşıb, iki qız uşağını qucağına götürmüş və arvadı da oğlu Azəri qucağına götürərək yolu keçməyə çalışmış, bu zaman yolu orta ayırıcı beton zolağa çatdıqda onlardan solda rayon istiqamətinə tərəf gələn ağ rəngli «VAZ 2107» markalı avtomobil onun sol ayağına toxunmuş və elə həmin an ondan sağda və bir qədər arxada olan arvadı Ülviyyəni vurmuş, zərbədən arvadı Ülviyyə qucağında olan oğlu Azər ilə birlikdə asfalt örtük üzərinə yıxılmışlar. Sürücü dərhal avtomobili saxlayıb onları təcili tibbi yardıma aparmışdır. Lakin tibbi yardıma baxmayaraq həm oğlu, həm də arvadı xəstəxanada vəfat etmişdir. Təqsirləndirilən şəxsin yaxınları onlara maddi anlamda köməklik etmiş, dərfn xərclərini çəkmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini məhkəmədən xahiş edir. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:40 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 21.7-ci kilometrliyində 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21074” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı istiqamətində hərəkətdə olarkən yolu keçən piyadalar 1993-cü il təvəllüdlü X9 və 2023-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 vurmuşdur (cild 01 iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli «Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə baş verən ərazidə avtomaşın yolu asfalt örtüklü olmaqla, Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 21,7-ci kilometrliyində baş vermişdir. Həmin yerdə yol örtüyünün ümumi eni 11,1 metr, hərəkət hissəsinin eni 11,1 metrdir. Hadisə yerində avtomaşına məxsus tormozlanma izi və təkərlərin sürtünmə izləri aşkar edilməmişdir. Protokola həmçinin, hadisəyə dair sxem, hadisə yerinin və avtomobilin foto şəkilləri əlavə edilmişdir (cild 01, iş vər. 06-13). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan” tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs həmin gün ayıq vəziyyətdə olmuşdur (cild 01, iş vər. 16). Cinayət işinin materiallarında olan “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nin və “Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair Etibarnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X11 məxsus “VAZ 21074” markalı **-CL- *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2034-cü ilədək idarə etmək səlahiyyətində olmuşdur (cild 01, iş vər. 26-27). Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-13-16/2-159756 saylı məktubdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (xx.xx.2034-cü il tarixədək etibarlı olan) BD 071670 nömrəli “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (cild 01, iş vər. 40). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 133 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitinin bədəni üzərində onurğa beyninin zədələnməsi ilə müşayiət olunan 2-ci və 3-cü boyun fəqərələrinin sınıqları, sağ çiyin qurşağı nahiyəsinin, sol çiyin qurşağı nahiyəsinin, sol bazunun, döş qəfəsinin sağ yarısının, sağ ayaq pəncəsinin sıyrıqları vardır. Sol baldırın əzilmiş-cırılmış yarası həyatidirlər, küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb onurğa beyninin zədələnməsi ilə müşayiət olunan 2-ci və 3-cü boyun fəqərələrinin sınıqları fonunda inkişaf etmiş travmatik şok olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, mərhumun ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2025-ci il, saat 10:30-dan) təxminən 10-14 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 01, iş vər. 68-72). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 132 nömrəli rəyindən görünür ki, X5 meyitinin bədəni üzərində baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, diafraqmanın cırılmış yarası, sol bazunun qapalı yerdəyişən sınığı, çanaq sümüklərinin sınıqları, alın nahiyəsinin hematoması, sol dirsək oynağı nahiyəsinin, sol mil-bilək oynağı nahiyəsinin, sol qoltuqaltı nahiyənin, sağ baldırın sıyrıqları, sol bazunun, sol budun, sol diz oynağı nahiyəsinin, sol aşıq- baldır oynağı nahiyəsinin, sağ budun, sağ baldırın qançırları xəsarətləri həyatidirlər, ölümündən az əvvəl olmaqla küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2025-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər. X1 ölümünə səbəb müştərək travmalarla müşayiət olunan baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, mərhumun ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2025-ci il, saat 09:30) təxminən 6-8 saat əvvəl baş vermişdir ki, bu da onun adına olan xəstəlik tarixində bioloji ölümün tarixi kimi qeyd olunan xx.xx.2025- ci il saat 03:30-a uyğun gəlir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 01, iş vər. 73-79). Cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 15 sentyabr 2025-ci il tarixli, 8/1832 nömrəli rəyindən görünür ki, “VAZ 21074” markalı, **- CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 01, iş vər. 80-83). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 264-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir (cild 01 iş vər. 87-90). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə baş verən gün «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni həmin normanın tələblərinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vsaitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, o, sözügedən qanunun tələblərinə əməl etməmiş, belə ki həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tədbirləri görməmiş və nəticədə yuxarıda qeyd olunan yol nəqliyyat hadisəsi baş vermişdir. Yəni təqsirləndirilən şəxsin əməli ilə baş vermiş yol nəqliyyat hadisəsi arasında, o cümlədən də hər iki şəxsin ölümü arasında (məhkəmə tibbi ekspertizasının rəyləri ilə) səbəbli əlaqə yaranmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı özünün vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən CM-nin 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimaifaydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxslərin hüquqi varisi X8 təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbləri yoxdur (cild 01, iş vər. 54). Cinayət işinin materiallarında olan sənədlərdən (xasiyyətnamə, arayış və s.) görünür ki, Nuri X12 rayonu Ərəbşahverdi kəndində qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, Qobustan Rayon Mərkəzi Xəstəxanasına narkoloji xəstəliklə bağlı müraciət etməmişdir, Psixi Sağlamlıq Mərkəzində qeydiyyatda deyil və psixiatriya yardımı almaq üçün müraciət etməmişdir (cild 01, i.ş vər. 58, 62-63, 85-86). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını CM-in 59.1.12-ci maddəsinə əsasən, hadisədən dərhal sonra xəsarət alan şəxsləri xəstəxanaya aparmaqla onlara tibbi yardımın göstərilməsinə səy göstərməsini, cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət səciyyələnməsini isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı ilə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən çoxsaylı cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cinayət hadisənin ehtiyatsızlıqdan baş verməsini və hazırda heç bir şikayət və tələbin olmamasını, təqsirləndirilən şəxsin hadisədən dərhal sonrakı hərəkətlərini (xəsarət alan şəxsləri xəstəxanaya aparmasını), eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərini də nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrumetmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, hazırda təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisəsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə və təyin olunan cəzanın da məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsinin təmin edilməsi ilə cəzanın məqsədinə nail oluna bilər və bu hal Təqsirləndirilən şəxs gələcəkdə islah olunmasına xidmət edə bilər. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona CM-nin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 01 iş vər.110-112). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.1-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə növündə əsas cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə 100 AZN (yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21074” markalı, **- CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “VAZ 21074” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə 100 AZN (yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar