Məhkəmə qərarları › İş №1(124)-511/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-511/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-511/2024 17.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 və Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Ermənistan Respublikasının Quqark şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, X7 qəsəbəsi, sıra 1, ev 131 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemində istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə və toplamaqla kultivasiya etmiş, habelə satış məqsədi ilə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana hazırlayıb saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi 80 (səksən) ədəd əkib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisi toxumlarını əldə edib 2023-cü ilin aprel ayında ona məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən 21 nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsində əkərək, müntəzəm olaraq suvarmaqla, gübrə verməklə, dibini yumşaltmaqla, aqrotexniki qaydada qulluq edib qanunsuz olaraq tərkibində narkotik maddə olan 80 (səksən) ədəd çətənə kolu bitkilərini külli miqdarda yetişdirib kultivasiya etdikdən sonra əkib becərdiyi 12 (on iki) ədəd çətənə kolu bitkilərini toplayıb qurudaraq, bu yolla satış məqsədi ilə qanunsuz olaraq cəmi 6215 qram (6 kq 215 qram) çəkidə külli miqdarda kustar üsulla narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb, evin yataq otağında çarpayının altında 410 qram açıq formada, mətbəxdə isə ayrı-ayrılıqda 1035 qram, 810 qram, 2365 qram, 545 qram və 1050 qram çəkilərdə 05 (beş) ədəd ağ rəngli plastik qablarda saxlamış, 06 oktyabr 2023-cü il tarixdə saat 14:00-dan 14:55-dək Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən ona məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsi 21 saylı evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahədən kultivasiya olunmuş külli miqdarda 27634 qram (27 kq 634qram) çəkidə 68 (altmış səkkiz) ədəd yaş vəziyyətdə çətənə kolu bitkiləri və evin yataq otağında çarpayının altında 410 qram açıq formada, mətbəxdə isə ayrı-ayrılıqda 1035 qram, 810 qram, 2365 qram, 545 qram və 1050 qram çəkilərdə 05 (beş) ədəd ağ rəngli plastik qablarda saxladığı ümumi 6215 qram (6 kq 215 qram) çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittihamlarda özünü qismən, yəni yalnız 237.2.3-cü maddəsi ilə təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, ancaq öz istifadəsi üçün yaşadığı evin həyətində marixuana əkib, heç vaxt həmin marixunanı satmayıb və ya belə bir niyyəti olmayıb. xx.xx.2023-cü il tarixdə, saat təxminən 12 radələrində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları onu saxlayıblar və Abşeron RPİ-nə aparıblar. Orada üzərinə şəxsi axtarış keçirilib və üzərindən heç nə aşkar edilməyib və onu 3-4 saat həmin idarədə saxlayıblar və daha sonra evinin həyətinə və evinə baxış keçirilən zaman həyətdəki çətənə kolları və evində qablarda olan marixuana aşkar edilib. O, tutulana qədər 3-4 il olar ki, marixuanadan istifadə etmişdir. O, xx.xx.2024-cü il tarixdə saxlanılıb, əkdiyi narkotik vasitələr təxminən həmin ilin oktyabr ayının axırlarında tam istifadəyə yararlı olacaqmış, o, saxlanılanda həmin kollar istifadəyə yararlı deyildi. Evindən aşkar olunan 06 ədəd plastik qabdakı marixuana isə ona məxsus deyil, həmin marixuananın ora necə və kim tərəfindən qoyulduğunu bilmir. O, narkotik vasitə əkəndə bu qədər çox bitəcəyini düşünməyib. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 3-4 ildir narkotik vasitə olan marixuanadan istifadə edir. ünvan 2da yerləşən ona məxsus evin həyətində 2023-cü ilin aprel ayında narkotik vasitə hesab olunan çətənə əkmişdir. Marixuana istifadəçisi olduğu üçün həm özü istifadə etmək, bir hissəsini isə satmaq fikrinə düşmüşdür. xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində həmin evin yaxınlığında olarkən, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələnərək onu Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Abşeron RPİ-nin X8 xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuş, o, üzərində her hansı əşya olmadığını, ancaq ünvan 2da yerləşən evin həyətində narkotik əkib-becərdiyini, qulluq etdiyini, həmin qulluq etdiyi narkotik vasitə olan marixuananı qurudaraq satmaq və istifadə etmək məqsədi ilə 2023-cü ilin aprel ayında əkdiyini bildirmişdir. Əkdiyi narkotik vasitəsi marixuananın isə bir hissəsini yetişdirdiyi üçün yığıb plastik qablarda saxlamışdır. Bundan sonra polis əməkdaşları və digər iştirakçılarla birlikdə onun razılığı əsasında yaşadığı Qobu qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 21 ünvanında yerləşən fərdi yaşayış evinə getmişlər. Əvvəlcə o, həyətdə əkdiyi çətənə kollarını təqdim etmiş, daha sonra həmin kollar toplanıb sayılmış və 68 (altmış səkkiz) ədəd çətənə kolu olması müəyyən edilmişdir. Həmin çətənə kolları ağ rəngli torbalarda qablaşdırılmışdır. Daha sonra ona məxsus evə daxil olmuşlar, əvvəlcə evin birinci mərtəbəsində olan otaqlara baxış keçirilmiş, daha sonra ikinci mərtəbədə yerləşən mətbəx otağında 05 (beş) ədəd plastik boçkada qurudaraq saxladığı marixuana aşkar edilmişdir. Digər otaqlara baxış keçirdikdə yataq otağındakı yatağın altında qurumaq üçün sərdiyi çətənə budaqları aşkarlanmışdır. Daha sonra həmin budaqlar və boçkalar da qablaşdırılmış, üzəri onun, vəkilin və digər iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 06 oktyabr 2023-cü il tarixdə Abşeron RPİ-nin X10 Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olması, Qobu qəsəbəsi, S.Vurğun küçəsində yerləşən evinin həyətində narkotik bitkilər əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə müvafiq sənədləşmə işləri həyata keçirildikdən sonra əməliyyat qrupu yaradılmış və həmin gün Təqsirləndirilən şəxs Qobu qəsəbəsi, S.Vurğun küçəsində saat 12 radələrində saxlayıb, özlərini təqdim edib, ona saxlanılma səbəbini izah edib, onu X10 dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib və o, müdafiəçi ilə təmin edilib. Daha sonra videoçəilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilib və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz heç nə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs Qobu qəsəbəsində yerləşən evinin həyətində narkotik vasitə əkib becərdiyini, bir hissəsini qurudub saxladığını bildirdiyindən evin həyətinə baxışda iştirak etməsi üçün aqronom dəvət edilmiş və Qobu qəsəbəsi, S.Vurğun küçəsi 21 saylı evin qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs razılığı ilə videçəkilişlə evin həyətinə baxış keçirilmiş və baxış zamanı yaşıl rəngli çətənə kollarına bənzər kollar aşkar edilmiş, həmin kollar əkildiyi sahədən çıxarılaraq, həyətə sərilib sayılmış və 68 ədəd olması müəyyən olunduqdan sonra götürülmüşdür. Daha sonra evin içərisinə baxış keçirilmiş, baxış zamanı evin mətbəxində 05 ədəd plastik qabda marixuanaya bənzər maddələr aşkar olunmuş, Təqsirləndirilən şəxs həyətdə əkib becərdiyi kolların bir hissəsini çıxarıb qurudaraq həmin qablara yığdığını bildirmişdir və bundan sonra həmin kütlələr də götürülmüşdür. Sonra yataq otağında çarpayının altında çətənə kolu budaqları aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin budaqları quruması üçün qoyduğunu bildirmişdir, budaqlar torbaya qoyulub götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. “Elektron məhkəmə” informasiya sistemindəki məlumatlara əsasən xx.xx.2024-cü il tarixdə vəfat etmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, şahid həmin ifadəsində göstərmişdir ki, Azərbaycan Kənd Təsərrüfatı Universitetinin meyvə-tərəvəz və üzümçülük fakültəsini bitirmişdir. 06 oktyabr 2023-cü il tarixdə Abşeron RPİ-nin X10 dəvət olunmuş, bölmədə ona şübhəli şəxs kimi saxlanılmış Təqsirləndirilən şəxs evinin həyətinə baxış keçirilməsində iştirak etməsi xahiş olunmuşdur. O, etiraz etməmiş və həmin gün saat 14 radələrində bölmə əməkdaşları, Təqsirləndirilən şəxs, vəkilin və onun iştirakı ilə Qobu qəsəbəsində yerləşən evin həyətinə baxış keçirilmişdir, baxış zamanı evin sol tərəfində yerləşən daş hasara alınmış istixana tipli sahədə spesifik iyindən narkotik tərkibli olduğu bilinən kolların əkildiyi aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən kollar əkildiyi yerlərdən çıxarılıb evin qarşısına qoyulub onun tərəfindən sayılmış, 68 ədəd olması müəyyən edilmişdir. Həmin kolların 15 ədədinin hündürlüyü 2 metr, 25 ədədinin hündürlüyü 1,8 metr, 28 ədədinin isə hündürlüyünün 1,5 metr olması müəyyən edilmişdir. Həmin kolların xüsusi cərgələrdə əkildiyini, diblərinin boşaldılıb, alaqdan təmizləndiyini, ziyan verici həşəratlara qarşı dərmanlandığını və suvarıldığına əsaslanaraq hesab edir ki, kollara aqrotexniki qaydada qulluq göstərilmişdir. Bundan sonra evin içərisinə baxış keçirilmiş, 2-ci mərtəbədə mətbəxdə 5 ədəd ağ rəngli plasmas qablarda spesfik iyindən görünüşündən qurudulmuş marixuana olduğu bilinən maddələr aşkar olunmuş, Təqsirləndirilən şəxs həyətdə əkib becərdiyi kolların bir hissəsini çıxarıb, qurudaraq həmin qablara yığdığını bildirmişdir. Plasmas qablar torbalara qoyulub qablaşdırılıb iştirakçılar tərəfindən imzalanmışdır. Sonra yataq otağında çarpayının altında çətənə kolu budaqları aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin budaqları quruması üçün qoyduğunu bildirmiş, budaqlar torbaya qoyulub qablaşdırılmışdır. Baxış başa çatdıqdan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış keçirildikdən sonra o, işə əlavə olunması üçün rəy yazıb təqdim etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron RPİ-nin Qobu BP-nə xx.xx.1983-cü ildə Ermənistan Respublikasının Quqark şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, X7 qəsəbəsi, sıra 1, ev 131 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində psixotrop maddələri üzərində gəzdirməsi, satışı və istifadəsi ilə məşğul olması, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib yetişdirməsi və kultivasiya etməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində saxlanılaraq Abşeron RPİ-nin Qobu PB-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 06 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:30-dan 13:50-dək videoçəkilişdən istifadə etməklə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsi 21 saylı evin həyətində narkotik vasitə əkib-becərməsini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 06 oktyabr 2023-cü il tarixli “baxış və götürülmə haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:00-dan 14:55-dək videoçəkilişdən istifadə etməklə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsi 21 saylı evin həyətindən mişar daşları ilə hasarlanmış taxta qapısı olan sahədən 68 (altmış səkkiz) ədəd yaşıl rəngli spesifik iyə malik olan kollar aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kolların narkotik tərkibli çətənə kolları olduğunu, həm öz istifadəsi həm də satmaq üçün 2023-cü ilin aprel ayında əkib becərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məxsus evin 2-ci mərtəbəsində yerləşən mətbəxdə 05 (beş) ədəd plastik qabda qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlələrin həyətdə əkdiyi kollardan yığıb qurudaraq yarpaqlarından əldə etdiyi qurudulmuş marixuana olduğunu bildirmişdir. Yataq otağında çarpayının altında kol budaqları aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin budaqların həyətdə əkdiyi çətənə kollarından yığdığını, quruması üçün həmin yerə sərdiyini bildirmişdir. Aşkar olunmuş kollar, platik qablar və budaqlar qablaşdırılıb, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi və götürmə aparılması haqqında protokollara əlavə edilmiş diskdəki videogörüntülər nümayiş etdirilmiş və həmin videogörüntülərlə şahidlərin ifadələrində göstərdikləri xüsusatlar və protokollarda qeyd olunanların həqiqiliyi öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs yaşadığı Abşeron rayon, Qobu qəsəbəsində yerləşən evinə və evin həyətinə baxış və axtarış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil 07 oktyabr 2023cü il tarixli 7/1381 saylı məhkəmə-bioloji ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş...” sözləri yazılmış iki ədəd sintetik torbada ümumi sayı 05 (beş) ədəd ağ rəngli plasmas qablarda ayrıayırılıqda 1) 1035 qram, 2) 810 qram, 3) 2365 qram, 4) 545,0 qram, 5) 1050 qram və ağ kağız üzərində “Təqsirləndirilən şəxs evinin içərisindən aşkar edilmiş...” sözləri yazılmış bir ədəd sintetik torbada təmiz çəkisi 410 qram bitki mənşəli kütlələr öz aralarında eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan - qurudulmuş marixuanadır. Ümumi çəkisi - 6215 qramdır (6kq 215 qram). Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs evinin həyətində aşkar edilmiş....” sözləri yazılmış 08 (səkkiz) ədəd sintetik torbada ümumi sayı 68 (altmış səkkiz) ədəd yaş vəziyyətdə ümumi çəkisi 27634 qram (27 kq 634 qram) olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Çətənə (kannabis) bitkilərində və həmin növ bitkilərdən hazırlanan marixuanada kannabinoidli komponentlər eynidirlər. Təqdim olunmuş aqronom rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən aqronom-mütəxəssis Şahid4 tərəfindən tərtib edilmiş 06 oktyabr 2023-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əkilmiş 68 (altımış səkkiz) ədəd narkotikə bənzər kollara aqrotexniki qaydada qulluq edilmiş, yəni dibləri yumşaldılmış, alaq bitkilərindən təmizlənmiş, suvarılmışdır. Həmin bitki kollarının 15 ədədinin hündürlüyü 2 metr, 25 ədədinin hündürlüyü 1,8 metr, 28 ədədinin hündürlüyü 1,5 metr ölçüdədir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika narkoloji mərkəzi publik hüquqi şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 6933 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası SN-nin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2895 saylı komisyon ambulator məhkəmə psixatrik ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin və və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma” qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən və həmin evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş, ümumi çəkisi 6215 qram narkotik vasitə qurudulmuş marixuana və 68 ədəd yaş vəziyyətdə 27634 qram çəkidə çətənə kolları cinayət işi üzrə maddi sübut kimi tanınmış və qurudulmuş marixuananın 6214,7 qram qalığı, çətənə bitkilərinin 27630,6 qram qalığı məhkəmənin hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası Abşeron RPİ-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il və xx.xx.2014-cü il təvəllüdlü 02 azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə İƏDN tərəfindən verilmiş xaisyyətnamədən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu görünür. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilərək sözügedən kütlələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 21-ci bəndində izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın İİİ siyahısında çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiyi- yəni 6215 qram ququdulmuş marixuananın ona məxsus olmamasına dair dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsinin həmin hissəsinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni evindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmaması barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Əksinə təqsirləndirilən şəxsin evinə baxış keçirilməsi barədə videoçəkilişdən, həmçinin onun ibtidai istintaq zamanı verdiyi ifadələrdən görünür ki, təqsirləndirilən şəxs öz əməlini etiraf etmiş, lakin sonradan törətdiyi cinayət əməlinə görə onu gözləyən cinayət məsuliyyətindan yayınmaq üçün məhkəmədə fərqli ifadə vermişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, verdiyi ifadəsini məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin cinayət işi materiallarında olan protokollar, videoçəkilişlər, özünün ibtidai istintaq və məhkəmədə verdiyi ifadəsi, şahidlərin məhkəmədəki ifadələri ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halın olmasını, habelə törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin (CM-nin 234.4.3 və 237.2.3-cü maddələri) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 06 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 oktyabr 2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimakn tədbirinin müddəti 15 gün, yəni 21 fevral 2024-cü il tarixədək uzadılmış və məhkəməyədək icraat dövründə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinin tələblərini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6214,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 27630,6 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə maddi sübut olan 01 ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 oktyabr 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6214,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 27630,6 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar