Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-514/2024 10.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X9 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə1, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X5 iştirakları ilə, xx xxxxx 2008-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Biləsuvar rayonu, Ağalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi 13, nömrəsiz fərdi evdə yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 08 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində tanışı X6 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Mirzə İbrahimov küçəsi 5 saylı evin qarşısında küçədə kabab bişirmək üçün ocaq yandırdıqları zaman küçədən onlara salam verərək keçən tanışları Zərərçəkmiş şəxs və Şahid zarafatyana “Özünüz yatıb özünüz dura bilirsiniz?!” deyib soruşduqda Şahid onun həmin sualına eyni sualla cavab verdiyindən, onu kənara çəkib “Sənin başın uje getdi” deyib onun sualına bu formada sualla cavab verməsinə irad bildirib Şahid itələdiyi üçün sonuncu yaranan mübahisə gedişində onun baş nahiyəsinə yumruq zərbəsi endirmiş və onlar arasında dava düşmüş, artıq mübahisənin davaya çevrildiyini görən Zərərçəkmiş şəxs davaya müdaxilə edib onları aralaşdırmaya çalışarkən Təqsirləndirilən şəxs toyuq ətini doğramaq üçün götürdüyü zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağının tiyəsi ilə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin sağ hissəsindən, qarnın sağ yarısından vuraraq ona döş qəfəsinin sağ yarısının sağ plevra boşluğuna nüfuz edən, pnevmohemotoraks (döş boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyatı üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərər, sol qolundan vuraraq ona sol said nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuş və dərhal da hadisə yerindən qaçıb getmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bildiyini qeyd etsə də ifadəsində göstərmişdir ki, hadisə günü axşam saat 6-7 radələrində evdə olan zaman dostu Burhan ona zəng edərək evdə tək olduğunu, darıxdığını söyləmiş və onlara gəlməyini xahiş etmişdir. Belə olub, o, Burhangilə getmiş, Burhangildə biraz oturub çay içdikdən sonra könüllərindən kabab bişirmək keçdiyindən, qapının ağzına çıxaraq tonqal qalamışlar. Həmin vaxt Elşad və Həsən oradan keçmişdir. O, onlara salam verib yanlarına dəvət etmiş və onlar da gəlmişlər. Elşad və Həsənlə onlar hər zaman deyib-gülürmüşlər. O, həyətdə toyuq doğramaqla məşğul olduğu vaxt Elşadla Həsənə üzünü tutub “özünüz yatıb özünüz dura bilirsiz?” deyə zarafatcasına sual vermişdir. Həsən “hə, qardaşım” deyə cavab vermiş, amma ocağın istisinə görə 4-5 metr kənara çəkilən zaman Elşad ona yumruq atmışdır. Daha sonra Həsən də Elşada qoşulmuş və onu yerə yıxaraq döyməyə başlamışlar. Toyuq doğradığı üçün həmin vaxt onun əlində bıçaq olmuş və o, bıçaqla yumruq kimi vurmuşdur. Daha sonra o, Xırdalan şəhərində yerləşən “Heydər parkı”na gedərək səhər saat 6-7 radələrinə kimi orada oturmuş və onun bıçaqla xəsarət yetirməyi barədə məlumatı olmamışdır. Səhər saat 8-9 radələrində evə gəlmiş və saat 10 radələrində ona xəsarət yetirməyi barədə telefon zəngi gəlmişdir. Saat 11 radələrində anası ilə birlikdə Abşeron Rayon Polis İdarəsinə gedərək təslim olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, şəxslərə neçə bıçaq xəsarəti yetirdiyini bilmir. Bıçaq xəsarəti yetirdiyindən xəbərsiz olmuşdur. Zərərçəkmiş şəxslə barışmışdır. Evdəkilərlə polis idarəsinə gedib təslim olmuşdur. Təslim olarkən bıçağı təqdim etmişdir. Hazırda əməlindən peşmandır. Əvvəlcə Elşad onu vurmağa başlamış sonra isə Həsən müdaxilə etmişdir. O, gözündən, başından, burnundan və.s xəsarətlər almışdır. O, bıçağı yumruq kimi atmış, bıçağın dəyəcəyini düşünməmişdir. “Heydər parkı”nda oturaraq evdəkilərə nə deyəcəyini düşünmüşdür. İstintaq zamanı müstəntiqə də bu məzmunda ifadə vermişdir. Onun bıçaqla xəsarət yetirmək niyyəti olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs həmin ifadəsində də CM-in 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, X11 və Şahid Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı vaxtlardan qonşuları kimi tanımış, həmin şəxslərlə münasibəti normal olmuş, heç bir ədavət və düşmənçilikləri olmamışdır. 08 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yaşayan tanışı Burhan ona zəng edərək evdə tək olduğunu və ona yaşadığı ünvana gəlməsini təklif etmişdir. O, bununla razılaşmış və evdən çıxaraq həmin ünvana yollanmışdır. O, Burhanın yaşadığı ünvana gedib çatan zaman saat 19 radələri olmuş, Burhan qapıda onu qarşıladıqdan sonra sonuncu içəri evə daxil olmuşdur. Evdə Burhanın, adını bilmədiyi dayısınında olduğunu qeyd etmişdir. Evdə oturub bir qədər söhbət etdikdən sonra Burhan ürəyindən kabab keçdiyini və kabab yemək istədiyini bildirmişdir. Burhan ondan kabab bişirə bildiyini soruşduqda o, bunu bacardığını bildirmişdir. Bu məqsədlə Burhan toyuğu götürərək doğraması üçün ona vermişdir. O, toyuğu götürərək doğramağa başlamışdır. Doğradıqdan sonra toyuqları şişə çəkmişdir. Kababı bişirmək üçün ocaq yandırmaq lazım olmuş, lakin Burhangilin yaşadığı evdə həyət sahəsi olmadığından ocağı küçə qapısının qarşısında yandırmağı qərarlaşdırmışdırlar. Həmin vaxt oradan əvvəl yaşadığı məhlədən tanıdığı Həsən və Elşad məhlədən keçmişdirlər. O, Həsən və Elşada salam vermişdir. Həsəndə ona cavabında salam vermiş və oradan keçərək getmişlər. Küçədə daşları yerə qoyaraq ocağı yandırdıqdan sonra şişləri ocağın üstünə qoymuşdurlar. Burhan və o, ocağın başında duraraq kababların bişməsini gözləmişlər.Təxminən 15 dəqiqə sonra Həsən və Elşadın qayıtdıqlarını görmüşdür. Həmin vaxt saat təxminən 21 radələri olmuşdur. Həsən və Elşad onların yanına çatdıqda sonuncular qonaq olmalarını bildirmişlər. Həsən və Elşad bununla razılaşaraq orada gəlib onların yanında dayanmışlar. Həmin şəxslərlə zarafatı olduğu üçün Elşad və Həsənə “özünüz yatıb özünüz dura bilirsiz?” deyə zarafatcasına sual vermişdir. Həsən ona cavabında “hə” demişdir. Elşad isə onun verdiyi suala cavab olaraq “bəs sən?” deyə ona sual vermişdir. O, isə sualı Elşada verdiyini bildirmişdir. Ocağın istisi çox olduğundan 4-5 metr kənara çəkilmişlər. Kənarda olarkən o, yenə sualı Elşada verdiyini dedikdə, sonuncu anidən yumruq zərbələri ilə onun sifətinə vurmağa başlamışdır. Həmin vaxt Həsən də təpiklə onu vurmağa başlamış və o, yerə yıxılmışdır. Yerə yıxılan zaman Elşad və Həsən onu yerdə yumruq və təpiklə vurmağa başlamışlar. Burhan araya girərək onları ayırmağa çalışmış, o, gözünün anidən ocağın kənarında olan, toyuğları doğramaqda istifadə etdiyi bıçağa sataşmış və ayağa qalxaraq dərhal həmin bıçağı götürmüşdür. Bıçağı götürdükdən sonra əvvəlcə yaxınlığında olan Elşadın qarın nahiyəsinə iki dəfə bıçaqla vurmuş, daha sonra orada olan Həsənə də eyni bıçaqla iki dəfə qarın nahiyəsindən vurmuşdur. O, etdiyi hərəkətindən qorxduğundan qaçaraq oradan uzaqlaşmış və hadisəni törətdiyi bıçağı özü ilə götürmüşdür. Səhərə qədər Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Ana-Bala” adlanan parkda gecələmiş və səhər açıldıqdan sonra evə getmişdir. O, evə getdikdə artıq anası Qanuni nümayəndə1 törətdiyi əməldən xəbərdar olmuşdur. Səhər saat 11 radələrində anası Yeganə ilə birlikdə hadisəni törətdiyi bıçağı götürərək Abşeron rayon polis idarəsinə gəlmiş və etdiyi əməli səmimi olaraq etiraf etmişdir. (cild 1, iş v. 221-224) İfadəsi elan edilərək tədqiq edildikdən sonra ona ünvanlanan suallara cavab olaraq təqsirləndirilən şəxs göstərmişdir ki, o, hadisə yerindən qaçıb uzaqlaşmış, amma bıçağı götürməmişdir. O, istintaq zamanı məhkəmədə söylədiyi məzmunda ifadə vermişdir. Müstəntiqlə əvvəldən tanışlığı olmamışdır. Müstəntiqlə ədavət və düşmənçiliyi yoxdur. İfadə verərəkən müstəntiq ona heç bir təsir göstərməmişdir. Burada söylədiyi məzmunda ifadə vermişdir. Bıçaqla xəsarət yetirmiş, amma hadisə zamanı bıçağın dəyibdəymədiyindən xəbərsiz olmuşdur. Toyuq doğradığı üçün bıçaq onun əlində olmuşdur. Onları bıçaqla vurmaq istəməmişdir. Zərərçəkmiş şəxsləri əvvəldən tanıyır. Həsən onun zarafatına zarafatla qarşılıq vermiş, amma Elşad onu vurmuşdur. Onu yerə yıxdıqdan sonra o, duran zaman yenə üzərinə gəlmişlər və o, bıçağı ataraq qaçıb getmişdir. Əməlindən peşmandır. Atası 2020-ci ildə rəhmətə getmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 08 sentyabr 2023-cü il tarixdə, axşam saat 10 radələrində məhlədə dostu Şahidlə söhbət edən zaman mədəsinin ağrıdığının fərqinə varmış və Elşadla birlikdə aptekə getmək qərarına gəlmişlər. Aptekə gedən zaman 7-8 ay əvvələ kimi onların məhləsində yaşayan Muxtarı və onun yanında dayanan Burhanı görmüşlər. Onlar ocaq qalamışlar və kabab çəkirmişlər. Yanlarından keçən zaman onlar Muxtargilə salam verib aptekə getmişlər. Aptekdən istədikləri dərmanı tapa bilmədikdən sonra geri qayıdan zaman yenidən Muxtar və Burhanla qarşılaşmışlar. Muxtar ona “bir dəqiqə olar səni?” demiş, o isə heç bir problem olmadığını deyərək onun yanına getmişdir. Onlar dost kimi biraz söhbət etdikdən sonra getmək istəyən zaman Muxtar Elşada “sən necəsən?” demiş, Elşad isə cavabında yaxşı olduğunu bildirmiş və Muxtardan necə olduğunu soruşmuşdur. Daha sonra Muxtar Elşada “özün yatıb özün dura bilirsən?” demiş, Elşad isə cavabında “sən bacarırsansa, mən də bacararam” demişdir. Bundan sonra Muxtar Elşadı itələmiş, Elşad isə özünü qorumaq üçün Muxtara yumruq atmış, Muxtar isə cavabında bıçaqla Elşada xəsarət yetirmişdir. O, dostunu qorumaq üçün onlara yaxınlaşmış, Muxtarın başından vumuş və Muxtar yerə yıxılmışdır. Muxtar ayağa qalxdıqdan sonra ona bıçaqla xəsarət yetirəcəyini düşünməmiş və bıçağı görməmişdir. Daha sonra qolundan və sinəsindən qan geldiyini görmüş və Muxtarı itələmiş, arxa-arxaya gedən zaman Muxtar əlində bıçaq onun üzərinə gəlmişdir. Onun ayağı büdrəmiş və yıxılmışdır. Həmin vaxt Elşadın da ağrısı olduğu üçün artıq yerə yıxılmışdır. O, özünü qorumaq məqsədi ilə Muxtarın qarın nahiyəsinə təpik vurmuş və Muxtar qaçaraq oradan uzaqlaşmışdır. Daha sonra tanımadığı şəxslər gələrək onları avtomobilə mindirmiş və xəstəxanaya aparmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Muxtar və ailəsi xəstəxana xərcləri ilə bağlı onlara heç bir köməklik etməmişlər. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, dostu Həsənin mədəsi ağrıdığı üçün onlar aptekə gedən zaman Muxtar və dostu ilə qarşılaşmışlar. Muxtar onlara “yenə yığılışmısız” deyə söz atmış, amma onlar Muxtarın sözünə əhəmiyyət vermədən yollarına davam etmişlər. Onlar qayıdan zaman Muxtar onun dostu Həsəni yanına çağırmiş, Həsən Muxtarın yanına getmiş, o isə kənarda dayanmışdır. Həsənlə Muxtarın nə danışdıqları barədə məlumatı olmamışdır. Daha sonra Həsən onun yanına gəlmiş və onlar getmək istəyən zaman Muxtar arxadan onun çiynindən tutmuş və “sən necəsən Elşad?” demiş, o da yaxşı olduğunu bildirdikdə Muxtar yenidən “özün yatıb özün dura bilirsən?” deyə ondan soruşmuş, o da cavabında “sən edə bilirsən?” demişdir. Onun bu cavabından sonra Muxtar ona başının qaçdığını və kənara keçmələrini söyləmişdir. Muxtar onun çiynindən tutaraq əl-qol hərəkətləri ilə onu sıxışdırmağa başlamışdır. O özünü müdafiə etmək məqsədi ilə arxaya çəkilmiş və Muxtarın sifətinə yumruq atmışdır. Daha sonra o, Muxtarın da ona yumruq atdığını düşünmüş, amma həmin vaxt Muxtarın əlində bıçaq olmuş və həmin bıçaqla onun qolunu kəsmişdir. O, qolundan aldığı xəsarəti hiss etmiş, amma digər xəsarətləri hiss etməmişdir. Dostu Həsən onları ayırmağa çalışan zaman Muxtar ona da bıçaqla xəsarət yetirmişdir. O, bunu görmüş və huşunu itirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni xatırlayır və həmin ifadəni təsdiq edir. Hadisədən sonra Muxtar hadisə yerindən uzaqlaşmış, daha sonra bir qonşu gələrək onları avtomobilə mindirmiş və xəstəxanaya aparmışdır. Onlar 1 həftə xəstəxanada qalmış, o, əməliyyat olunmuş və həm daxildən, həm də xaricdən yaralarına tikiş atılmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X12 ifadəsində göstərmişdir ki, hadisə günü Muxtar onlara gəlmiş və onlar evdə biraz oturub çay, su içdikdən sonra kabab bişirmək üçün həyətə-qapının ağzına çıxmışlar. O, manqalı qalayan zaman Muxtar içəridə toyuq doğramışdır. Həmin vaxt yoldan Həsənlə Elşad keçmiş və onlar görüşüb bir az söhbət etmişlər. Muxtar Həsənlə zarafatlaşmış və Həsənə “özün yatıb, özün dura bilirsən?” demişdir. Elşad bu zarafatı qəbul etməmiş və Muxtarla kənarda dalaşmağa başlamışlar. Daha sonra Elşad Muxtarı vurmuş və bu zaman Həsən də onların yanına getmişdir. Həmin vaxt Muxtar toyuq doğramaq üçün götürdüyü bıçaqla onlara xəsarət yetirmişdir. O, Muxtarın Həsən və Elşadı vurduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, hadisə günü onlar içkili olmamışlar. İbtidai istintaq zamanı müstəntiqə ifadə verərkən həqiqəti danışmışdır. Hadisə axşam saatlarında onların həyətində baş vermişdir. O, kabab bişirmək üçün Muxtarı evlərinə çağırmışdır. Cinayətin törədildiyi bıçaq Muxtarın öz bıçağı deyil, toyuq doğramaq üçün evdən götürdüyü bıçaq olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, X15 həmin tarixdə Abşeron Rayon Polis İdarəsinə müraciət edərək xx.xx.2023-cü il tarixdə Xırdalan şəhərində Təqsirləndirilən şəxs 2007-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi barədə məlumat vermiş və tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, X4 həmin tarixdə Abşeron Rayon Polis İdarəsinə müraciət edərək xx.xx.2023-cü il tarixdə Xırdalan şəhərində Təqsirləndirilən şəxs 2008-ci il təvəllüdlü oğlu Şahid bıçaqla xəsarət yetirməsi barədə məlumat vermiş və tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısıdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, müvafiq foto şəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 10-13). Cinayət işinin materiallarında olan “Götürmə haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şahid və Zərərçəkmiş şəxs xəsarət yetirdiyi ümumi uzunluğu 23 sm, tiyəsinin uzunluğu 13 sm olan 01 ədəd bıçaq müvafiq qaydada götürülmüş və foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 14-15) Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1949 saylı rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin sağ yarısının sağ plevra boşluğuna nüfuz edən, pnevmohemotoraks (döş boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən 1 (bir) ədəd, sol said nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları iti deşici-kəsici əşyanın (əşyaların) və ya alətin (alətlərin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə, bıçağın tiyəsinin təsirindən əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə döş qəfəsinin sağ yarısının sağ plevra boşluğuna nüfuz edən, pnevmohemotoraks (döş boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol said nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 01, iş vər. 138-139). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1948 saylı rəyindən görünür ki, 2008-ci il təvəllüdlü Şahid məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin sağ yan səthinin plevra boşluğuna nüfuz etməyən 1 ədəd, qarın nahiyəsinin sağ yan səthinin qarın boşluğuna nüfuz etməyən 1 ədəd, sağ said nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları iti deşicikəsici əşyanın (əşyalatrın) və ya alətin (alətlərin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şarəitdə, yəni xx.xx.2023-cü il tarixdə, bıçağın tiyəsinin təsirindən əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pzulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 01, iş vər. 137). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1967 saylı rəyindən görünür ki, 2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - başın alın və sol qaşüstü nahiyələrinin şişkinlikli qançırı və sıyrığı, sağ bazu və sol dirsək oynağı nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-5 gün əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və ayrı-ayrılıqda hər biri sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 01, iş vər. 135-136). Cinayət işinin materiallarında olan məhkəmə ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16- 16/2-3/1918 saylı rəyindən görünür ki, bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir (cild 01, iş vər. 160-162). Cinayət işinin materiallarında olan, məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3374 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı bir psixi xəstəliklərdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs ona elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də Zərərçəkmiş şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Zərərçəkmiş şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək iqtidarındadır. Zərərçəkmiş şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs idrak prosesləri, dünyagörünüşü, intellektual normaya uyğun olması müəyyən edilir. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur (cild 01, iş vər. 180-183). Cinayət işinin materiallarında olan, məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3373 №li rəyindən görünür ki, Şahid Dəşad oğlu hal-hazırda hər hansı bir psixi xəstəliklərdən əziyyət çəkmir. Şahid Dəşad oğlunda ona elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Şahid Dəşad oğlunun idrak prosesləri, dünyagörünüşü, intellektual normaya uyğun olması müəyyən edilir. Şahid Dəşad oğlunun əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur (cild 01, iş vər. 176-179). Cinayət işinin materiallarında olan, məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3379 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliklərdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörünüşü, intellektual normaya uyğun omlası müəyyən edilir. Təqsirləndirilən şəxs hadisə zamanı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur (cild 01, iş vər. 184-187). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməlində cinayət tərkibinin əlamətləri olmadığı üçün CM-in 29,120.1, 126.2.3, 221.3 və 228.4-cü maddələri ilə, o cümlədən Şahidlə bağlı epizod üzrə cinayətin subyekti olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatmadığı üçün CM-in 128-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 173-183). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma -qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə ilə bağlı hadisə zamanı əlində olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə 2 dəfə vuraraq qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ayrı-ayrılıqda ağır və yüngül zərər yetirmişdir. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli məhkəmə istintaqı zamanı özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə, o cümlədən ekspertizanın rəyləri və işdə olan biri-digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə (onun zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməsini bilməməsi ilə bağlı qeyd etdiklərinə) gəldikdə isə məhkəmə kollegiyası onun həmin ifadəsinə tənqidi yanaşır və həmin ifadəni müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə heç bir təsir və təzyiq altında qalmadan müdafiəçinin və qanuni nümayəndənin iştirakı ilə verdiyi ifadəsində bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirməsi ilə bağlı qeyd etdikləri iş materialları ilə üst-üstə düşür və biri digərini tamamlayır. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadəsini əsaslı sayır və təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs yazılı ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxsla aralarında olan mübahisə zamanı Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirdiyini bildirmiş, hazırda onunla barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını qeyd etmişdir (cild 01, iş vər. 190). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 143). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını CM-in 59.1.2-ci maddəsinə əsasən, Zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını isə CM-in 59.1.12-ci maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi ilk növbədə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, ona hazırki halda məhz azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Məhkəmə kollegiyası bu qənaətə gələrkən təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan şəxs olmasını, o cümlədən Zərərçəkmiş şəxslə barışmasını, habelə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alır, lakin eyni vaxtda qeyd edir ki, bu cinayət hadisəsinin baş verməsinin əsas səbəbkarı və təşəbbüskarı məhz təqsirləndirilən şəxsin özü olmuş, hadisənin gedişində təkcə zərərçəkmiş şəxs deyil, eyni zamanda digər şəxs Şahid də ciddi xəsarət almışdır. Belə ki, iş materialları və məhkəmə istintaqı ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs heç bir səbəb olmadan yoldan keçən özünün də əvvəldən tanıdığı öz yaşında olan iki gəncə öz aləmində zarafatyana söz ataraq sual ünvanlayır, sonra qarşı tərəfdən onun ünvanladığı suala eyni sualla cavab verildiyi üçün özünə qarşı həmin sualın ünvanlanmasını öz eqosuna sığışdırmır və qəbul etmir, özü bilə, istəyə heç nədən mübahisə yaradır, bütün bunlar gedişatda əlbəyaxa dava ilə nəticələnir və bütün bunların fonunda o, yəni təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə şahid qismində keçən (əslində isə faktiki zərərçəkmiş şəxs olan) Şahid əlində olan bıçaqla 3 ədəd xəsarət yetirir (CM-in 128-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa yüngül dərəcəli zərər vurma cinayətini törədir, lakin cinayət qanunvericiliyinin tələbinə görə subyekt sayılmadığı üçün həmin epizodla bağlı onun barəsində cinayət təqibinin başlanması rədd edilib), daha sonra isə dostuna yardıma gələn Zərərçəkmiş şəxslə dalaşır və ona da əlində olan bıçaqla 2 dəfə vuraraq qəsdən onun sağlamlığına ağır dərəcəli zərər vurmaya aid xəsarət yertirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hazırki iş üzrə sadalanan hallar, yəni təqsirləndirilən şəxsin özünü digər şəxslərdən üstün görməsi, onun tanıdığı şəxslərlə istədiyi kimi zarafat etmə hüququna malik olması ilə bağlı özünü haqlı görməsi, eqosunun, öz məninin yüksək olması, lakin özünə qarşı edilən ilk hərəkətdə artıq özünə yox, əlində olan alətə və vasitəyə güvənməsi və ictimai təhlükəli əməl sayılan cinayəti heç düşünmədən törətməsi və bunun gedişində hər iki şəxsə bıçaqla xəsarət yetirməsi həm törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinin, həm də təqsirləndirilən şəxsin özünün şəxsiyyətinin kifayət qədər təhlükəli olduğunu göstərir. Qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası hesab edir ki, məhz bu halda Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkərsə islah oluna və gələcəkdə cəmiyyətə məhz islah olunmuş formada dönə bilər. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təyin olunancaq azadlıqdan məhrum etmə növündə cəzanın həddi onun təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində deyil, daha az həddə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, xüsusən də təqsirləndirilən şəxsin yaşını əsas götürərək, həmçinin “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun sözügedən qərarında sadalananları və Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(cild 01, iş vər. 41- 42). Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-676/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur (cild 01, iş vər. 60-65). Cinayət işinin materiallarında olan “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 120- 121). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olduğu üçün CM-nn 85.5.1-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla cəzaçəkməsinin əvvəli hökm çıxarılan tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında həbsə alınmalı, həmçinin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 64 AZN (altımış dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanaraq çıxılmaqla üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin “Yetkinlik yaşına çatmayanlar üçün Penitensiar Müəssisəsi”nə yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin Sumqayıt Məhkəmə Kompleksində xidmət aparan polis əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 64 AZN (altımış dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-514/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-514/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver