Məhkəmə qərarları › İş №1(124)-517/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-517/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-517/2024 24.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə 14 avqust 1987-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan külli miqdarda 150 manat pul müqabilində bir ədəd bükümdə çəkisi 7,563 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə çəkisi 1,336 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisinə daşımış və üzərində saxlamış, Abşeron RPİyə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 13 oktyabr 2023cü il tarixdə saat 03:10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsi 16 saylı evin yaxınlığında saxlanılıb Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilib, orada xidməti otaqların birində həmin tarixdə saat 04:20-dən 04:40-a kimi üzərinə keçirilən şəxsi axtarış zamanı həmin 7,563 qram çəkidə narkotik vasitə heroin və 1,336 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan şalvarın sağ yan cibində aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, məhəllədə olanda polis əməkdaşları tərəfindən təxminən gecə 11-12 radələrində saxlanılmışdır. Saxlanılan zaman üzərində təxminən 0,5 qram psixotrop maddə olan metamfetamin və 1,5 qram narkotik vasitə olan heroin olmuşdur. Oradan da o, polis idarəsinə aparılmışdır. Baxış keçirilən zaman ona qarşı təzyiq olunmuşdur. Narkotik vasitəni 80 manat pul müqabilində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Əvvəllər narkotik vasitələrdən istifadə etmiş və məhkum olunmuşdur. İbtidai istintaqa verdiyi ifadəni təsdiq etməmişdir. İfadəsini təzyiq altında vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən uzun müddət istifadə etmişdir. 12 oktyabr 2023-cü il tarixdə şəxsi işi ilə əlaqədar olaraq Sumqayıt şəhərinə getmiş, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 13 saylı ATS-in qarşısında olduğu zaman təsadüfən bir nəfərlə tanış olmuş və söhbət əsnasında sonuncunun “patı” yəni metamfetamin istifadəçisi olduğunu öyrənmişdir. Həmin vaxt həmin şəxsdən üzərində psixotrop maddə olan metamfetamin olub- olmamasını soruşmuşdur. Adını bilmədiyi həmin şəxs isə üzərində həm “patı” yəni metamfetamin həmdə “kakos” yəni heroin olduğunu bildirmişdir. Həmin şəxsdən həm narkotik vasitə heroin, həm də psixotrop maddə olan metamfetamin istəmişdir. Satan şəxs isə heroinin çəkisinin təxminən 7 qramdan biraz çox, metamfetminin çəkisinin isə 1 qramdan biraz çox olduğunu, ikisini birlikdə 150 manata satdığım bildirmişdir. Həmin şəxslə razılaşaraq bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini və bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini sonuncudan 150 manat pul müqabilində almışdır. Daha sonra yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsinə qayıtmışdır. 13 oktyabr 2023-cü il tarixdə, saat 03:10 radələrində yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Kamal Qasımov küçəsində olduğu zaman polis əməkdaşlarının gəldiyini görmüşdür. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. O da razılaşıb polislərlə birlikdə idarəyə getmişdir. Orada hüquqlarının müdafiə olunmasından ötrü dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində psixotop maddə metamfetamin olan bir ədəd şəffaf sellofana bükülmüş bükülünü və içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxardıb təqdim etmişdir. Sonra isə ondan aşkar edilmiş psixotrop maddə və narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar protokolla tanış olmuş, doğruluğunu imzaları ilə təsdiq etmişlər. Əldə etdiyi narkotik vasitə və psixotrop maddədən istifadə etməmişdir. O, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini şəxsi istifadə üçün əldə etmişdir. Bu barədə isə kiminsə məlumatı olmamışdır. O, narkotik vasitə və psixotrop maddəni satan şəxslə təsadüfən tanış olmuş və həmin vaxt yanlarında heç bir şəxs olmamışdır. Həmin şəxsin isə anket məlumatları barədə hər hansı bir məlumatı olmamışdır. (cild 1, iş vərəqə 61-62) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil omuşdur. Həmin gün saat 03 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısı ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Abşeron RPİ-yə dəvət edilmiş, idarədə xidməti otaqlardan birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində və ya əşyalarında olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın cibindən 02 ədəd şəffaf sellofona bükülmüş bükümü çıxarıb təqdim edərək, həmin bükümdəki kütlələrin birinin psixotrop maddə metamfetamin, digərinin isə narkotik vasitə heroin olmasını və həmin maddələri xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 150 manat qarşılığında şəxsi istifadə məqsədi ilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona heç bir təzyiq göstərilməmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 oxşar məzmunlu ifadə verərək polis əməkdaşı Şahid1 göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 13 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsində narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.(cild 1, i.v. 4-5) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 oktyabr 2023-cü il tarixli istintaq hərəkətinin protokolundan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofona bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim edərək həmin bükümdəki kütlələrdən ağ rəngli kristtalik maddənin psixatrop maddə metamfetamin, qəhvəyi rəngli, tozşəkilli maddənin isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində olan psixotrop maddəni və narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 150 manat qarşılığında şəxsi istifadə məqsədi ilə aldığını bildirmişdir. Aşkar edilmiş bükümlər şəxsi axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılaraq imzalanmışdır. ( cild 1, i.v. 31-32,48) Şəxsi axtarış və götürmə aparılması haqqında, diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəməkimyəvi ekspertizasının 13 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5373 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°56” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs”sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 7,563 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 1,336 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (cild 1, i.v. 37-42) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 dair 11 dekabr 2023-cü il tarixli 8123 №-li narkoloji-ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 1, i.v. 103-104) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş 09 aprel 2024-cü il tarixli sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin polis əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin məlumatı əsasında Baş Prokurourluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Abşeron RPİ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması (təqsirləndirilən şəxs izahatında polis əməkdaşları tərəfindən heç bir zorakılığa məruz qalmadığını, polis əməkdaşlarından şikayət və tələbinin olmaması və sair) təsdiqini tapmamış və bu səbəbdən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 7,563 qram narkotik vasitə heroin və 1,336 qram psixotrop maddə metamfetamin cinayət prosesi üçün mötəbər dəlil olduğundan 16 oktyabr 2023-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab olunmuş və tədqiqatdan sonra qalıq 7,513 qram narkotik vasitə heroin, 1,286 qram psixotrop maddə metamfetamin saxlanması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir.(cild 1, i.v. 73-74, 123) “Elektron Məhkəmə” sistemindən əldə olunmuş məlumata əsasən, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X7 adlı 03 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmış və Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. (cild 1, i.v.75-76) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində külli miqdarda psixotrop maddə olan metamfetamin və külli miqdarda narkotik vasitə olan heroin olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onun bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “metamfetamin” psixotrop maddənin və “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.4-cü maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs himayəsində 03 azyaşlı övladının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq, cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edilir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış,məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə 52-53, 69-72) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 oktyabr 2023-cü tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, qalıq çəkisi 7,513 qram narkotik vasitə heroin və qalıq çəkisi 1,286 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul vəsaiti ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 13 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş qalıq çəkisi 7,513 qram narkotik vasitə heroin və 1,286 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar