Məhkəmə qərarları › İş №1(124)-52/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-52/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-52/2023 18.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, 76cı məhəllə ərazisində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 2,279 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 16 noyabr 2021-ci il tarixdə saat 19:20 dəqiqədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən yaşadığı fərdi evin qarşısında saxlanılaraq 5-ci PB-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sağ iç cibindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 1,679 qram və 0,600 qram, ümumi təmiz çəkisi 2,279 qram qəhvəyi maddə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 6-7 ildir ki narkotik vasitə heroindən istifadə edir. Onu 16 noyabr 2021-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhərində maarif idarəsinin yanında yerləşən evindən Sumqayıt ŞPİ-nin əməkdaşları tutmuşlar. Evində axtarış aparmış, şkafın içindən narkotik vasitə tapmışlar. Həmin narkotik vasitəni saxlanmamışdan 2 gün əvvəl tanımadığı şəxsdən almışdır. Daha sora 5-ci Polis Bölməsinin əməkdaşlarını çağırmışlar. Onlar gəldikdən sonra sənədləşmə aparmışlar. Saxlanılarkən üzərindən aşkar edilən narkotik vasitə ona məxsusdur, lakin tərəzi ona məxsus deyil. Aşkar edilən bükümləri özü üçün bölmüşdür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2021-ci il tarixdə təxminən saat 19:20 radələrində o, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yaşadığı evin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar onun narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və satışında şübhəli olduğunu ona bildirmişlər. Buna görə də üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 5ci PB-nə gəlmişdir. Xidməti otaqlardan birində ona yenidən nə üçün saxlanıldığı izah olunmuş və ona hüquq vəzifələri barədə bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün Sumqayıt regional vəkil bürosunun vəkili X5 təqdim olunmuşdur. O, ona etiraz etməmişdir. Bu hərəkətlər hamısı videoçəkilişdən istifadə olunmaqla aparılmışdır. Bundan sonra ona üzərində olan qanunsuz əşya və ya predmetləri təqdim etmək təklif olunmuşdur. O, əynində olan tünd göy rəngli cins şalvarın sağ iç cibindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroini və əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd gümüşü rəngli elektron tərəzini çıxarıb təqdim etmişdir. Polis əməkdaşı bükümlərin içərisində nə olduğunu soruşmuşdur. O, bükümlərin içərisində olan maddənin narkotik vasitə «kakos» yəni heroin olduğunu bildirmişdir. Ondan həmin maddəni haradan əldə etdiyini soruşduqda o, həmin maddəni Abşeron rayonu, Saray qəsəbəsi ərazidə tanımadığı şəxsdən 30 manata əldə etdiyini və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Ondan elekton tərəzini nə üçün üzərində gəzdirdiyi soruşulduqda o, bildirmişdir ki, tərəzini narkotik vasitə alan zaman ölçmək üçün üzərində gəzdirir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Birinci büküm 1,88 qram 2-ci büküm isə 0,72 qram təşkil etmişdir. O, bu çəkiyə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə olan heroin və elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılmış və möhürlənmişdir. Onla isə həmin qablaşdırılmış zərfi imzalamışlar. O, narkotik vasitə olan heroindən istifadə edir. Lakin heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. O, həmin tərəzidən özü üçün narkotik vasitə alarkən ölçmək üçün istifadə etmişdir ki, onu aldatmasınlar. O, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 077 ***-**-** NAR mobil telefon nömrəsi olmuşdur. (Cild 1, iş vərəqləri 67-69) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-in cinayətaxtarış üzrə kiçik inspektoru Şahid3 ifadəsində göstərdi ki, 2021-ci il noyabrın 16-da Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid2, Şahid1la birlikdə həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində saxlayıb Sumqayıt ŞPİ-nin 5-ci PB-nə aparmışlar. Polis bölməsində xidməti otaqlardan birində videçəkilişlə vəkilin iştirakı təmin edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş heroin və elektron tərəzi aşkar edilmişdir. Sorğu zamanı narkotik vasitəni Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən aldığını və özü istifadə eldiyi üçün götürüb üzərində gəzdirdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq Şahid1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, axtarış üzrə kiçik inspektor, polis baş serjantı Şahid3 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 19:20 dəqiqədə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 76-cı məhəllə, ərazisində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında onlar tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Mehdi nə üçün saxlanıldığını soruşmuşdur. Onlar onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək onu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Mehdi heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqlardan birində kriminalist Fərid Nəsimiyev panasonik markalı videokameranı işə salmışdır. Təqsirləndirilən şəxs Sumqayıt regional vəkil bürosunun vəkili X5 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyriqanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ iç cibindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş büküm və əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd gümüşü rəngli elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik vasitə olan heroin (kakos) olduğunu bildirmişdir. Həmin bükümə baxarkən içərisindəki qəhvəyi rəngli, spesifik iyə mailk narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Onlar ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 30 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzini nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda o, narkotik vasitə alarkən elektron tərəzidən istifadə etdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümdə olan maddə ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və çəkisinin 1,88 və 0,72 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması ilə bağlı onlardan əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələri kimlərə satması ilə bağlı heç bir əməliyyat məlumatı daxil olmamışdır. Bu barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. (Cild 1, iş vərəqləri 116-118) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Sumqayıt ŞPİ-nin 5-ci PB-in əməliyyat müvəkkili X2 ifadəsində digər Şahid1la oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 119-121) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə haqqında” 16 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində qanunla qadağan edilən hər hansı əşya varsa təqdim etsin. O isə əynində olan tünd göy rəngli cins şalvarın sağ iç cibindən iki ədəd şəffaf sellofana bükülmüş açıq qəhvəyi rəngli, toz şəklində olan spesifik iyə malik kütlələr; həmin şalvarın sol iç cibindən 01 ədəd gümüşü rəngli elektron tərəzini təqdim etmişdir. (Cild 1, iş vərəqləri 25-26) “Şəxsi axtarış və götürmə haqqında” 16 noyabr 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5083 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi…» sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,679 qram,, 0600 qram ümumi təmiz çəkisi 2,279 qram olan qəhvəyi maddə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. «Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi… elektron tərəzi…» sözləri soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd gümüşü rəngli elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkildə olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqləri 37-42) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 604 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 146-147) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 18 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,179 qram heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 149-153) Cinayət işinin materiallarında olan “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə” 18 fevral 2022-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 155-156) Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan tərəzinin ona məxsus olmaması, eləcə də polislərin onu yaşadığı evdə tutmaları ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 2,279 qram narkotik vasitə heroinin şəxsi istehlak miqdarından təxminən 15 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 11 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (Cild 1, iş vərəqləri 87-89) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkumluğu ödənilmədiyindən və həmin Məcəllənin 18-ci maddəsinə əsasən onun qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edildiyindən, hazırki cinayət əməlinə münasibətdə onun əməlində cinayətlərin residivi müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 16 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 79-80) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,179 qram heroin məhv edilməli, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 2,179 qram heroin məhv edilsin, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar