Məhkəmə qərarları › İş №1(124)-520/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-520/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-520/2023 17.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi: X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikasında doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləmiş, Rusiya Federasiyası, Dağıstan Respublikası, Qayakənd rayonu, Buynatskoqo küçəsi ev 22 ünvanında qeydiyyatda olmaqla hazırda Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 21 mart 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında əldə etdiyi, tərkibindəki preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 1,35 qram təşkil edən 9 kapsul və tərkibindəki tropikamid güclü təsiredici maddəsinin ümumi miqdarı 0,43 qram təşkil edən “Mydrax 0,5%...10ml” göstəricili 3 flakon, “Rhinop 20ml” göstəricili 2 flakon və “Rinozoline 15 ml” göstəricili 1 flakon güclü təsir edən maddələri əynindəki gödəkçənin sol iç cibinə yerləşdirib “Volvo” markalı, P732MP39/AH597039 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edib 21 mart 2023-cü il tarixdə saat 2 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bundan sonra o, 21 mart 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında əldə etdiyi həmin, tərkibindəki preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 1,35 qram təşkil edən 9 kapsul və tərkibindəki tropikamid güclü təsiredici maddəsinin ümumi miqdarı 0,43 qram təşkil edən “Mydrax 0,5%...10ml” göstəricili 3 flakon, “Rhinop 20ml” göstəricili 2 flakon və “Rinozoline 15 ml” göstəricili 1 flakon güclü təsir edən maddələri əynindəki gödəkçənin sol iç cibində daşıyaraq Azərbaycan Respublikası ərazisindən tranzit qaydada keçməklə idarə etdiyi “Volvo” markalı, P732MP39/AH597039 qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Rusiya Federasiyasına gedərkən həmin gün saat 19 radələrində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə, təkrar qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün “Samur” gömrük postunda üzərində aparılmış şəxsi yoxlama zamanı qeyd olunan güclü təsir edən maddələr saxladığı yerdən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün tam etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edir. Dərman preparatlarını İran İslam Respublikasında yuxuya getməməsi üçün almışdır. Astaradan keçən zaman onu tutmamışdırlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu ona mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq göstərmişdir ki, 1 il olar ki üzərindən aşkar olunmuş dərman vasitələrindən, preqalabindən istifadə etmişdir. Həmin dərman vasitələrindən fasilələrlə istifadə etmişdir. Dərman preparatlarını İran İslam Respublikasında aptekdən almışdır. İran İslam Respublikasında həmin dərman preparatlarını almaq üçün resept tələb olunmamışdır. Gömrük postundan keçərkən qorxduğu üçün üzərindəki dərman preparatlarını gömrük əməkdaşlarına bəyan etməmişdir. Azərbaycanın qanunlarını bilmədiyindən dərman preparatlarının burada qadağan edildiyini bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olara göstərmişdir ki, İrandan keçən zaman gömrük postunda onu yoxlamışdırlar, sadəcə olaraq üzərindəki dərman preparatlarını tapmamışdırlar. Dostu ilə avtomobillə gəlmişdir. Şimal postunda dostunun üzərindən qadağan olunmuş dərman preparatları aşkar olunandan sonra onu da yoxlamışdırlar. “Mydrax 0,5...100ml” göstəricili dərman preparatı göz üçündür. “Rhinop 20ml” göstəricili dərman preparatı burun üçündür. “Rinozoline 15 ml” göstəricili dərman preparatı burun üçündür. O, üzərindəki maddələri avtomobildə gizlətməmiş, üzərində saxlamışdır. Baş hissəsi qırmızı rəngli olan dərmanlar göz üçün olmuşdur. Ağ dərmanların qadağan olunmuş preparatlara aidiyyatı yoxdur, burun üçündür. Burnun tutulmaması üçün istifadə olunur. Dərman həblərini və dərman preparatını qəbul etdikdən sonra gümrah olmuşdur. Dərman həblərini və dərman preparatını qəbul etdikdən sonra iyirmi dörd saat fasiləsiz avtomobil sürə bilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs və başqa sürücü Danial adlı şəxsin “Samur” gömrük postunda saxlanılması xəbəri gəlmişdir. Latipovgil onların postundan keçəndə qış ayları olmuşdur. Saat gecə dördə qalmış idi. Postdan keçən zaman Orazaigil yoxlamadan keçirilməmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərindən “Mydrax 0,5...100ml” göstəricili göz damcısı dərman preparatının aşkar olunduğunu öyrənmişdir. Onlar gömrük postundan keçən hər kəsi yoxlamamış, seçmə üsulu ilə şəxsləri yoxlamışdırlar. Əməliyyat məlumatı olduqda və ya sürücü özünü şübhəli apardıqda şəxslərin üzərində baxış keçirmişdirlər. Təqsirləndirilən şəxs və digər şəxs onların gömrük postundan keçən zaman hər hansı şübhəli bir hal müəyyən edilməmiş və ya həmin şəxslər barəsində əməliyyat məlumatı da daxil olmamışdır. Şəxsləri üzdən yadda saxlamağı mümkün deyildir. Amma müşahidə kameralarından şəxslərin onaların postdan keçdiyi əks olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onların işi respublikadan çıxan avtomobillərə gömrük nəzarətini həyata keçirməklə görmrük baxışı aparmaqdan ibarət olmuşdur. Maşınları bir-bir yoxlamışdırlar. Qaçaqmalçılıq şöbəsinin əməkdaşlarından ona demişdirlər ki, Təqsirləndirilən şəxs üzəri diqqətli şəkildə yoxlanılsın. Təqsirləndirilən şəxs yoxlama otağına dəvət etmişdirlər. İlk olaraq Orazaidən gömrük nəzarətindən gizlətdiyi predmet olub-olmadığını soruşmuşdurlar. Orazai də onlara üzərində qanunsuz predmet olmadığını bildirmişdir. Yoxlama otağına dəvət olunduqdan sonra Təqsirləndirilən şəxs ciblərində nə varsa çıxarmasını söyləmişdirlər. Bundan sonra Orazai cibindəkiləri çıxarmağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində gödəkçə olmuşdur. Təqsirləndirilən şəxs üzərindən doqquz ədəd kapsula, beş ədəd də buruna sıxılan sprey aşkar olunmuşdur. Üzərindən qeyd etdiklərindən başqa heç nə aşkar olunmamışdır. Daha sonra aşkar olunanları qaçaqmalçılıq şöbəsinin əməkdaşlarına təhvil vermişdirlər. Şəxsin üzərində axtarış aparılan zaman o da orada olmuşdur. Şəxsi axtarış zamanı onunla Təqsirləndirilən şəxs başqa post rəisi, rəis müavini, növbə rəisi, sərhəd qoşunlarının əməkdaşlarından olmuşdur. Təqsirləndirilən şəxs onlarla rus dilində danışmışdır. Şəxsi axtarış zamanı tərcüməçi dəvət edilməmişdirlər. Dərman preparatlarının Təqsirləndirilən şəxs özü üzərindən çıxararaq stolun üzərinə qoymuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 mart 2023-cü il tarixli “yoxlama və götürmə haqqında” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Qusar” gömrük postunun ixrac nəzarət zonasına idarə etdiyi “Volvo” markalı, P732MP39/AH597039 qeydiyyat nişanlı nəqliyyat vasitəsilə daxil olmuş, gömrük nəzarətini keçən zaman idarə etdiyi nəqliyyat vasitəsində aparılmış gömrük yoxlaması zamanı gömrük nəzarətinə bəyan olunmayan və qanunla qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş diskin məhkəmə istintaqı zamanı tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərinə yoxlama aparılacağı barədə məlumat verilməklə hüquq və vəzifələri, məsuliyyəti izah edilir. Təqsirləndirilən şəxs əynindəki gödəkçədən 9 ədəd kapsul, 3 ədəd üzərində “Mydrax 10 ml” yazısı əks olunmuş qırmızı rəngli göz damcıları, 1 ədəd üzərində “Rinozoline 15 ml” yazısı əks olunmuş sprey, 2 ədəd “Rhinop 20 ml” yazısı əks olunmuş spreyləri stolun üzərinə qoyur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 3 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin “Xidməti məlumatlar” bölməsinin “Gömrük baxışının nəticəsi” alt bölməsinə və Təqsirləndirilən şəxs sərhədkeçmə hesabatına baxış keçirdikdə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 2 radələrində İran İslam Respublikasından “Volvo” markalı, P732MP39/AH597039 qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Azərbaycn Respublikası ərazisinə “Astara” gömrük postuna daxil olduğu, həmin vaxt inspektor Şahid1 tərəfindən gömrük baxışı keçirildiyi, baxış nəticəsində qanunvericiliyin tələblərinin pozulması halı aşkar edilmədiyi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində idarə etdiyi həmin nəqliyyat vasitəsilə Rusiya Federasiyasına getmək üçün “Samur” gömrük postuna daxil olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş gömrük Risklərinin İdarə olunması və Audit Baş İdarəsindən daxil olmuş 7 aprel 2023-cü il tarixli, 34/160/014218 nömrəli xidməti qeyddə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Rusiya Federasiyasına “şüyüd cəfəri” yükü aparan Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, P732MP39/AH597039 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin üzərinə xx.xx.2023-cü il tarixdə saat 03:07-də 010473 nömrəli GPS qurğusu bağlanmışdır. Saat 04:47-də “Astara” gömrük postundan çıxan nəqliyyat vasitəsinin marşrut üzrə hərəkəti zamanı iki yerdə (Salyan rayonu ərazisində yolüstü istirahət yerində 2 saat 49 dəqiqə və Sumqayıt yaxınlığında 33 dəqiqə) uzunmüddətli dayanması qeydə alınmışdır. Nəqliyyat vasitəsi xx.xx.2023-cü il saat 16:08 radələrində “Samur” gömrük postunun yaxınlığında olan terminala çatmış, sonra terminala daxil olmadan dönmə hərəkəti etməklə Quxuroba istiqamətində hərəkət etmiş, 16:22-də yenidən gömrük terminalı istiqamətində hərəkət etmiş, 16:27-dən 16:58-dək gömrük terminalının yaxınlığında dayanmış, 17:03-dən 19:03-ə qədər “Samur” gömrük postunun qarşısında dayanmış 19:04-də posta daxil olmuş, 19:11-də üzərindəki GPS qurğusu açılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunun idxal nəzarət zonasında idarə etdiyi “Volvo” markalı, P732MP39/AH597039 qeydiyyat nişanlı nəqliyyat vasitəsilə xx.xx.2023-cü il tarixdə gömrük nəzarətini keçən zaman qeydə alınmış görüntülərin əks olunduğu DVD diskə baxış keçirilməsi haqqında 26 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs gömrük nəzarətini keçən zaman üzərində gömrük nəzarətinə mütləq bəyan edilməli olan hər hansı predmet olması barədə məlumat verməmiş, ona yaxınlaşmış gömrük əməkdaşı nəqliyyat vasitəsinə gömrük baxışı keçirdikdən sonra, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edib gömrük nəzarətini tərk etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 mart 2023-cü il tarixli, 6/1705 №-li məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şimal Ərazi Baş Gömrük İdarəsi…Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs…34/019/002527… » və s. yazılar olan kağız paketdəki 9 ədəd narıncı/göy rəngli dərman kapsullarının tərkibində ümumilikdə 1,35 qram (1 kapsulda 0,15 qram) preqabalin təsiredici maddəsi müəyyən edildi, 3 ədəd üzərlərində «Mydrax 0,5 %...10 ml» göstəriciləri olan plastik flakonlardakı mayelərin tərkibində ümumilikdə 0,15 qram, 2 ədəd üzərində «Rhinop 20ml» göstəriciləri olan plastik flakonlardakı mayelərin tərkibində ümumilikdə 0,2 qram, 1 ədəd üzərində « Rinozoline 15 ml» göstəriciləri olan plastik flakondakı mayenin tərkibində 0,08 qram tropikamid: 6 ədəd flakonda ümumilikdə çəkisi 0,43 qram) təsiredici maddəsi müəyyən edildi. Preqabalin və tropikamid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına» (1 nömrəli əlavə) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 25 aprel 2023cü il tarixli, 2404 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalinin qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Maddi sübutun tanınması və saxlanca qəbul edilməsi hqqında 30 mart 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş preqabalin kapsullarının ilkin sayı 9 kapsul, içərilərindəki mayedə tropikamid güclü təsir edici maddəsi olan «Rhinop 20ml» göstəricili 2 flakondakı mayenin ilkin həcmi ümumi 40 ml, «Rinozoline 15 ml» göstəricili 1 flakondakı mayenin ilkin həcmi 15 ml və «Mydrax 0,5 %...10 ml» göstəricili 3 flakondakı mayenin ilkin həcmi 30 ml hesab olunmaqla maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarına istifadə olunan hissə çıxılmaqla qalmış 7 preqabalin kapsulu, «Rhinop 20ml» göstəricili 30 ml həcmindəki 2 flakon, «Rinozoline 15 ml» göstəricili 10 ml həcmindəki 1 flakon və «Mydrax 0,5 %...10 ml» göstəricili 15 ml həcmindəki 3 flakon məhkəmənin yekun qərarına və hökmünə kimi saxlanılmaları üçün DGK-nin Əməliyyat- İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statisik və İnformasiya İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il ptarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 02 iyun 2016-cı il tarixli Qərarının 10-cu bəndində göstərilmişdir ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 mart 2023cü il tarixdən hesablanmışdır. Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-264/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəməyə qədər icraat dövründə və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Cinayət qanunun həmin normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və DGK-nin Əməliyyat İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatlarına istifadə olunan hissə çıxılmaqla qalmış 7 preqabalin kapsulu, « Rhinop 20ml » göstəricili 30 ml həcmindəki 2 flakon, « Rinozoline 15 ml » göstəricili 10 ml həcmindəki 1 flakon və « Mydrax 0,5 %...10 ml » göstəricili 15 ml həcmindəki 3 flakon məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli 21 mart 2023-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə maddi sübut kimi tanınmış, DGK-nin Əməliyyat İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatlarına istifadə olunan hissə çıxılmaqla qalmış 7 preqabalin kapsulu, « Rhinop 20ml » göstəricili 30 ml həcmindəki 2 flakon, « Rinozoline 15 ml » göstəricili 10 ml həcmindəki 1 flakon və « Mydrax 0,5 %...10 ml » göstəricili 15 ml həcmindəki 3 flakon məhv edilsin. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar