Məhkəmə qərarları › İş №1(124)-521/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-521/2024

07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-521/2024 07.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçi - Şimal Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 4 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə baxaraq məhkəmə, müəyyənetdi: 15 fevral 2024-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuş və 23 fevral 2024-cü il tarixdə iş üzrə məhkəmənin hazırlıq iclası keçirilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə məhkəməyə verilməsi və iş üzrə məhkəmə baxışının təyin edilməsi qərara alınmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, hazırkı cinayət işinin məhkəmə aidiyyəti Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür, ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 7,884 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda, yəni 19,116 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisinə daşımış və üzərində saxlamış, Abşeron rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 oktyabr 2023-cü il tarixdə saat 01:10 radələrində Bakı şəhəri, Xəzər rayonu, Südçülük sovxozu ərazisində saxlanılaraq Abşeron rayon Polis İdarəsinin inzibati binasına gətirilib həmin gün xidməti otaqların birində saat 03:15 dəqiqədən 03:25 dəqiqəyə kimi orada üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə yəni 7,884 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, hər birində müvafiq olaraq 4,827 qram və 14,289 qram, ümumilikdə 19,116 qram olmaqla iki ədəd şəffaf sellofan bükümündə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hazırkı cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlama və daşıma cinayət əməlinin törədilməsində təqsirləndirilir və həmin əməl Bakı şəhəri ərazisində törədilmişdir. Belə olan halda, ərazi aidiyyəti üzrə hazırki cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(124)-521/2024 saylı cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Odur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclası keçirilənə və qətimkan tədbiri ilə bağlı müvafiq qərar qəbul edilənə qədər Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə sözügedən qərarın mövcudluğu nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29, 69, 74, 75-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərarının olması nəzərə alınsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar