Məhkəmə qərarları › İş №1(124)-523/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-523/2025

24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-523/2025 24.02.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Azərelektroterm” B/Y-nin, S 65/66 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyətləri istintaqla araşdırılan “Rəsul” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Rəsul” adlı şəxsin və qeyrilərinin sifarişi və pul təklifi ilə sonuncuların dediyi ünvanlara və ya ayrı-ayrı müştərilərə çatdırılması üçün İran İslam Respublikasının vətəndaşı “Rəsul” adlı şəxs və ya qeyriləri tərəfindən naməlum tarixdə, vaxtda və şəraitdə satış məqsədi ilə Abşeron rayonu, Bakı-Sumqayıt şossesinin 7-ci kilometrliyində yerləşən “Ər-Riyad” ticarət mərkəzinin yaxınlığında yerləşdirilən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda 12 kq 900 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə həmin yerdən qanunsuz olaraq əldə edib tanışı, cinayətə aidiyyəti olmayan Şahid2 etibarnamə əsasında idarə etdiyi “Chevrolet Aveo” markalı, **- VB-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla Bakı-Quba magistral avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 9-cu kilometrliyinin yaxınlığına daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 04 avqust 2025-ci il saat 23:30-da Bakı-Quba magistral avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 9-cu kilometrliyinin yaxınlığında “Chevrolet Aveo” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında Şahid2 ilə birlikdə müəyyən edilərək saxlanılmış, bundan dərhal sonra həmin tarixdə saat 23:40-dan etibarən Təqsirləndirilən şəxs üstü yoxlanılmaqla, ardınca qeyd olunan avtomobilə onların razılığı və iştirakı ilə keçirilən baxış zamanı həmin avtomobilin arxa oturacaq hissəsindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 01 ədəd narıncı rəngli polietilen torbanın içərisindən 10 ədəd qara rəngli sellofan bağlamalarda tərkibinə görə eyni və ayrı-ayrılıqda təmiz çəkiləri 1080 qram, 1035 qram, 1135 qram, 1040 qram, 1135 qram, 1055 qram, 1080 qram, 1055 qram, 1070 qram və 1230 qram olmaqla ümumi çəkisi 10915 qram və 02 ədəd yaşıl rəngli sellofan bağlamalarda isə tərkibinə görə eyni və ayrıayrılıqda təmiz çəkiləri 1010 qram və 975 qram olmaqla ümumi çəkisi 1985 qram olan ümumilikdə 12 ədəd bağlamada külli miqdarda 12900 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək aşağıdakıları göstərmişdir: “Rəsul adlı iranlı şəxs mənə narkotik vasitə götürməyimi demişdi. Pul və.s danışmamışdıq. Mənə demişdi narkotik vasitəni götürərsən, mən sənin “hörmətini” edəcəm. Mən narkotik vasitəni götürüb başqa yerə qoymalı idim. ” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İttiham aktında saxlanılma yerim düzgün göstərilmişdir. Mənə polis əməkdaşları təzyiq göstərməmişdir. Asif adlı şəxsin maşındakılardan xəbəri olmamışdır. “Nəşə” istifadə etmişəm. Asifə maşına əşyalarımı qoyduğumu demişdim. Asif narkotik vasitəni maşına qoyduğum zaman onun narkotik vasitə olduğunu bildi. Asif ilə “Ekologiya” postunu keçdikdən sonra saxlanılmışıq. Asifə narkotik vasitəni haraya qoyacağımı deməmişəm. Asif “niyə maşınıma narkotik vasitə qoyursan” və.s demədi. Məni müvafiq ünvana aparmağa razılaşdı. Asifin polis bizi saxlayanadək narkotik vasitədən xəbəri olmuşdur.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək aşağıdakıları göstərmişdir: “Elvin mənə zəng vurdu və mən onu evlərindən götürdüm. Mən taksi fəaliyyəti ilə məşğul oluram, mənə Xırdalana gedib-gələcəyimizi bildirdi. Xırdalana müvafiq ünvana çatdıq, bir çanta götürüb maşına qoydu, biz bir qədər getdikdən sonra yol polisi əməkdaşları bizi saxladılar. Daha sonra polis əməkdaşları bizi saxladılar və maşını axtarmağa başladılar. Elvinin maşına, arxa oturacağa qoyduğu çantadan narkotik vasitə aşkar edildi.” Şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mənim narkotik vasitədən xəbərim olmamışdır. Narkotik vasitə çantada idi. Elvin çantanı maşına qoyduğu zaman da narkotik vasitə olduğunu bilmədim. Elvin maşından düşüb getdi, mən görmədim. Çantanın içərisi görsənmirdi, çantada narkotik vasitə olduğundan şübhələnmədim. Elvin ilə birlikdə narkotik vasitə istifadə etməmişəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək aşağıdakıları göstərmişdir: “Rəhbəri mən olduğum əməliyyat qrupu ilə Bakı-Quba magistral yolunda, avtomobilin yanında təqsirləndirilən şəxsə yaxınlaşdıq və özümüzü təqdim etdik. “Aveo” markalı maşın idi. Asiflə birlikdə idilər və onlar da özlərini təqdim etdilər. Elvin üzərində narkotik vasitə olmadığını, lakin maşında narkotik vasitə olduğunu və təqdim edə biləcəyini bildirdi. Hər ikisinin üzərinə baxış keçirildi və narkotik vasitə aşkar edilmədi. Elvin maşını açdı və sol arxa tərəfdən narkotik vasitəni bizə təqdim etdi.12 ədəd bağlamada, təxminən 13 kq narkotik vasitə idi. Elvin narkotik vasitəni iranlı şəxsdən əldə etdiyini və “ünvan” edəcəyini bildirdi. Narkotik vasitə qablaşdırıldı, daha sonra idarəyə gətirdik və çəkilişlə təhqiqatçıya təqdim etdik.” Şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Asif narkotik vasitəni əşya kimi bildiyini dedi. Satışı ilə bağlı məlumat daxil olmuşdu, lakin təsdiqini tapmadı. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Cinayət işinin materiallarında olan: -xx.xx.2025-ci il tarixli “raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həçminin “Chevrolet Aveo” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobildə külli miqdarda narkotik vasitələr saxlaması barədə məlumatı daxil olmuşdur. (cild 01, iş vər 03) -xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04-05). -“Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsi haqqında” 05 avqust 2025-ci il tarixli protokola və həmin prosesin həyata keçirilməsinə dair videogörüntüyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin “Chevrolet aveo” markalı, **-VB-*** nömrəli avtomobildə külli miqdarda narkotik vasitələr saxlaması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 04 avqust 2025-ci il tarixdə, 23:30 dəqiqədə Abşeron rayonu ərazisindən keçən Quba-Bakı magistral avtomobil yolunun 9-cu km-nin yaxınlığında “Chevrolet aveo” markalı, ** VB *** nömrəli avtomobilin qarşısında sürücü Şahid2 ilə birlikdə saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində, sərnişin qismində əyləşdiyi sözügedən avtomobildə narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstünün yoxlanılması başlanılmış, üstünün yoxlanılması, avtomobilə baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli qısa şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Honor” markalı mobil telefonunu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı əlavə olaraq hər hansı əşya aşkar olunmamışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon götürülmüşdür. Daha sonra sürücü Şahid2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Şahid2 əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefonu və sağ yan cibindən isə 1 (bir) ədəd avtomobil açarını təqdim etmişdir. Sonra Şahid2 üstü yoxlanılmış, yoxlama zamanı əlavə olaraq 1 (bir) ədəd sonuncuya məxsus sürücülük vəsiqəsi aşkar edilmişdir. Mobil telefon və sürücülük vəsiqəsi götürülmüş, açar isə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi “Chevrolet aveo” markalı, ** VB *** nömrəli avtomobildə gizlətdiyi narkotikləri təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşmış və sürücü Şahid2 isə avtomobili açarla açmışdır. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, həmin avtomobilin arxa sərnişin hissəsində saxladığı 1 (bir) ədəd narıncı rəngli, polietilen torbanı təqdim etmiş, həmin torbanın içərisindən 12 (on iki) bükümdə, yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumillikdə çəkisi isə 13 kq 850 qram(on üç kq səkkiz yüz əlli qram) olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş, götürülmüşdür. Avtomobilin digər hissələrinə baxış keçirilmiş, əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni özünü “Rəsul” adı ilə təqdim iran İslam Respublikası vətəndaşının vasitəsi ilə Abşeron rayonu ərazisində yerləşən “Ər riyad” ticarət mərkəzinin yaxınlığından əldə etdiyini, ünvanlara çatdırıb pul qazanmaq məqsədinin olduğunu, metamfetamindən istifadə etdiyini, avtomobilin sürücüsü Asifin onunla hər hansı əlbirliyinin olmadığını, avtomobildən aşkar olunan narkotik vasitələr barədə sonuncunun məlumatsız olduğunu, Asifin taksi sürücüsü kimi fəaliyyət göstərdiyini bildirmişdir. Şahid2 verilən suallara cavab olaraq aşkar olunan narkotik vasitələr barədə məlumatının olmadığını, taksi sürücüsü kimi fəaliyyət göstərdiyini, narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. Üstünü yoxlama, avtomobilə baxış Abşeron rayonu ərazisindən keçən Quba-Bakı magistral avtomobil yolunun 9-cu km-nin yaxınlığında keçirilmiş, üstünü yoxlama və avtomobilə baxış zamanı «İphone» markalı mobil telefonun videokamerası vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru, Şahid1 tərəfindən video çəkiliş aparılmışdır. Üstünü yoxlama və avtomobilə baxış xx.xx.2025-ci il tarixdə saat 23:40 dəqiqədə başlamış, xx.xx.2025-ci il saat 23:56 dəqiqədə başa çatmışdır.(iş vərəqi 8-10) -"Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 05 avqust 2025-ci il tarixli protokola və həmin prosesin həyata keçirilməsinə dair videogörüntüyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması həmçinin, “Chevrolet aveo” markalı, ** VB *** nömrəli avtomobildə külli miqdarda narkotik vasitələr saxlaması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 04 avqust 2025-ci il tarixdə, saat:23:30 dəqiqədə Abşeron rayonu ərazisindən keçən Quba-Bakı magistral avtomobil yolunun 9-cu km-nin yaxınlığında "Chevrolet aveo" markalı, ** VB *** nömrəli avtomobilin qarşısında sürücü Şahid2 ilə birlikdə saxlanılaraq üstü yoxlanılmış və sərnişin qismində əyləşdiyi avtomobilə baxış keçirilmişdir. Həmin avtomobildəki 1 (bir) ədəd narıncı rəngli, polietilen torbanın içərisindən 12(on iki) bükümdə, yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumillikdə çəkisi isə 13 kq 850 qram (on üç kq səkkiz yüz əlli qram) olmuşdur, həmin kütlələr 1(bir) ədəd aşkar olunduğu qeyd olunan narıncı torbada qablaşdırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 ədəd mobil telefon, Şahid2 üzərindən aşkar edilmiş 1 ədəd mobil telefon və sürücülk vəsiqəsi götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs BNMİ-yə gətirilmiş, sürücü Şahid2 isə dəvət edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunmuş və videoçəkiliş 1 DVD-yə qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 (bir) ədəd torbaya, 2 (iki) mobil telefona, 1 (bir) ədəd sürücülük vəsiqəsinə 1(bir) ədəd DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması və avtomobilə baxış zamanı götürülərək təqdim olunan torbadan 12 (on iki) bükümdə qurudulmuş marixuanaya bənzər kütlələri aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs və Şahid2 üzərindən aşkar olunan mobil telefonlar və sürücülük vəsiqəsi götürülmüşdür. Həmçinin üstünün yoxlanılması və avtomobilə baxış video görüntüləri mobil telefona göndərilmişdir. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1 ədəd DVD-yə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi, həmçinin sürücü Şahid2 avtomobildə saxladığı narkotik vasitələrdən məlumatsız olduğunu bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı «SONY» markalı videokamera vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru, Şahid1 tərəfindən video çəkiliş aparılmışdır. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə tarixdə saat 01:40 dəqiqədə başlamış, 05 avqust 2025-ci il tarixdə saat 01:50 dəqiqədə başa çatmışdır.(iş vərəqi 14-15) -“Mobil telefona baxış keçirilməsi haqqında” 08 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və maddi sübut hesab edilməklə iş materiallarına əlavə edilmiş, ona məxsus olan 01 ədəd “Honor” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara istintaq zamanı baxış keçirilmiş, baxış zamanı həmin mobil telefonda ana ekranda yerləşən “мои файлы” adlı proqram təminatını daxilindəki “Android” qovluğunda yerləşən “WhatsApp İmages” qovluğundan Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinin təşkil edilməsinə şübhə yarada biləcək bir ədəd elektron tərəzi üzərinə yerləşdirilən və narkotik vasitə olması ehtimal edilən sellofan bükümlərin 03 ədəd fotoşəkili mobil telefondan çıxarış edilərək fotocədvəl halında toplanmış materiala əlavə edilmişdir.(iş vərəqi 143-144) - Məhkəmə-bioloji ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 05 avqust 2025-ci il tarixli 3-16-16/2- 7/1040/2025 nömrəli materialların məhkəmə ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir:-Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs üzərindən, ** VB *** d.q.n. avtomobildən götürülmüş kütlə" yazılar və imzalar olan narıncı rəngli sintetik torbada ümumi sayı 12 ədəd üzərləri skoçla bağlanmış bağlamalardan: 10 ədəd üzərləri skoçla bağlanmış qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1080,0 qram; 1035.0 qram; 1135.0 qram; 1040.0 qram; 1135.0 qram; 1055.0 qram; 1080.0 qram; 1055.0 qram; 1070.0 qram; 1230.0 qram, ümumi çəkiləri-10915.0 qram, 2 ədəd yaşıl rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri- 1010.0 qram; 975.0 qram, ümumi çəkisi- 1985.0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Qeyd: Marixuanaların ümumi çəkisi - 10915.0 qram (1-10 №-li ob.); 1985.0 qram (11- 12№-li ob.) cəmi tədqiqata istifadə olundu - 1,0 qram; 0,2 qram (hər obyektdən 0,1qram), qalıqlar - 10914.0 qram; 1984.8 qram.: (iş vərəqi 43-47) -Məhkəmə-narkoloji ekspertizasının 6186 nömrəli xx.xx.2025-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtyacı vardır.(iş vərəqi 158-159) Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 133-134). -“Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 14 noyabr 2025-ci il tarixli qərardan görünür ki, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” 05 avqust 2025-ci il tarixli protokol və həmin prosesin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk, həmçinin 04 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsi prosesinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Şahid2 idarə etdiyi **-VB-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Aveo” markalı nəqliyyat vasitəsini yerləşdidiyi 12 kq 900 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və ekspertiza təqdiqatına sərf edildikdən sonra qalıq çəkisi 12 kiloqram 898.8 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (iş vərəqə: 161-179) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyətləri istintaqla araşdırılan “Rəsul” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Rəsul” adlı şəxsin və qeyrilərinin sifarişi və pul təklifi ilə sonuncuların dediyi ünvanlara və ya ayrı-ayrı müştərilərə çatdırılması üçün İran İslam Respublikasının vətəndaşı “Rəsul” adlı şəxs və ya qeyriləri tərəfindən naməlum tarixdə, vaxtda və şəraitdə satış məqsədi ilə Abşeron rayonu, Bakı-Sumqayıt şossesinin 7ci kilometrliyində yerləşən “Ər-Riyad” ticarət mərkəzinin yaxınlığında yerləşdirilən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda 12 kq 900 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə həmin yerdən qanunsuz olaraq əldə edib tanışı, cinayətə aidiyyəti olmayan Şahid2 etibarnamə əsasında idarə etdiyi “Chevrolet Aveo” markalı, **- VB-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla Bakı-Quba magistral avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 9-cu kilometrliyinin yaxınlığına daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 04 avqust 2025-ci il saat 23:30-da Bakı-Quba magistral avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 9-cu kilometrliyinin yaxınlığında “Chevrolet Aveo” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında Şahid2 ilə birlikdə müəyyən edilərək saxlanılmış, bundan dərhal sonra həmin tarixdə saat 23:40-dan etibarən Təqsirləndirilən şəxs üstü yoxlanılmaqla, ardınca qeyd olunan avtomobilə onların razılığı və iştirakı ilə keçirilən baxış zamanı həmin avtomobilin arxa oturacaq hissəsindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 01 ədəd narıncı rəngli polietilen torbanın içərisindən 10 ədəd qara rəngli sellofan bağlamalarda tərkibinə görə eyni və ayrı- ayrılıqda təmiz çəkiləri 1080 qram, 1035 qram, 1135 qram, 1040 qram, 1135 qram, 1055 qram, 1080 qram, 1055 qram, 1070 qram və 1230 qram olmaqla ümumi çəkisi 10915 qram və 02 ədəd yaşıl rəngli sellofan bağlamalarda isə tərkibinə görə eyni və ayrıayrılıqda təmiz çəkiləri 1010 qram və 975 qram olmaqla ümumi çəkisi 1985 qram olan ümumilikdə 12 ədəd bağlamada külli miqdarda 12900 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Götürülmüş kütlələr məhkəmə fiziki-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 04 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə və “Chevrolet Aveo” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Adı çəkilən Plenum qərarını rəhbər tutan məhkəmə iş materiallarını da əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı narkotik vasitə qurudulmuş marixuananın miqdarının şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin külli miqdarı daxil olmaqla, aşağı həddindən dəfələrlə çox olması (qurudulmuş marixuananın 500 qramı külli miqdar daxil olmaqla, aşağı hədd olması üçün kifayət etsə də şəxsin üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın miqdarı 12 kiloqram 900 qram olmuşdur), həmçinin narkotik vasitənin 12 ədəd bağlamalar şəklində olması, Təqsirləndirilən şəxs mobil telefonundan onun tərəfindən narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinin təşkil edilməsinə şübhə yarada biləcək elektron tərəzi üzərinə yerləşdirilən və narkotik vasitə olması ehtimal edilən sellofan bükümlərin 03 ədəd fotoşəkilinin aşkar edilməsi və təqsirləndirilən şəxsin bu halları təsdiq edən ifadələri bir daha şəxsin məqsədinin məhz narkotik vasitələrin satışı olmasının bariz sübutudur. Eyni zamanda, sözügedən qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi özünün məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxsnın əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Təqsirləndirilən şəxsnın əməlində CM-in 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən, CM-in 61-ci maddəsinə əsasən isə ağırlaşdıran hallar müəyyən edilmir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, törətdiyi əməli səmimi etiraf edərək peşman olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxsnın əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 05 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2025-ci il tarixdə saat 03:30 radələrində şübhəli şəxs qismində tutulmuş, “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsi haqqında” 05 avqust 2025-ci il tarixli protokoldan isə görünür ki, Təqsirləndirilən şəxs azadlığı isə faktiki olaraq 04 avqust 2025-ci il tarixdə saat 23:30-dan etibarən məhdudlaşdırılmışdır, belə ki, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı 04 avqust 2025-ci il tarixdə, 23:30 dəqiqədə Abşeron rayonu ərazisindən keçən Quba-Bakı magistral avtomobil yolunun 9-cu km-nin yaxınlığında “Chevrolet aveo” markalı, ** VB *** nömrəli avtomobilin qarşısında sürücü Şahid2 ilə birlikdə saxlanılmışdır. Bakı şəhəri Nərimanov Məhkəməsinin 06 avqust 2025-ci il tarixli qərarından görünür ki, əvvəli 04 avqust 2025-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (vərəqə: 109-114). Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 04 avqust 2025-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmənarkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq çəkisi 12 kiloqram 898.8 qram olan qurudulmuş marixua hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman aşkar olunmuş “Honor” markalı mobil smartfon telefon Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarına qaytarılmalı, 02 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 72 AZN (yetmiş iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq çəkisi 12 kiloqram 898.8 qram olan qurudulmuş marixua hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman aşkar olunmuş “Honor” markalı mobil smartfon telefon Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarına qaytarılsın, 02 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 72 AZN (yetmiş iki) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar