Məhkəmə qərarları › İş №1(124)-524/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-524/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-524/2024 18.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X6 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, müdafiəçi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Beyləqan rayonu, İmamverdilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, Sumqayıt Ağır Cinayətlər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsi tədbiq edilməklə və CM-nin 66.3 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 08 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmdən verilən apellyasiya protestinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək qəti olaraq 05 (beş) il 02 (iki) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Beyləqan rayonu, İmamverdilər kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olmuş bir qrup şəxs halında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlərini silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törətmiş, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini təkrarən xuliqanlıq niyyəti ilə törətmişdir. Belə ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdiyinə görə barəsində həmin maddələrlə cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılma mərhələsində olmasına baxmayaraq, təkrarən, 03 avqust 2023-cü il tarixdə, saat 20:30-da Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, M.Hüseynzadə küçəsində yerləşən 9 nömrəli binanın yanında, tanışları istintaqa adları Yusif, Emin, Fariz, Murad, Fəxri, Mahir kimi məlum olan şəxslər və qeyriləri ilə əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında əvvəllər tanımadıqları yetkinlik yaşına çatmayan X4, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə, sonuncunun onların tələbi ilə siqaret verməməsinə görə mübahisə edib, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib öz şəxsiyyətlərini digərlərinin şəxsiyyətinin fövqində qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan insanların gözü qarşısında nalayiq ifadələr işlədib dalaşaraq istintaqa məlum olmayan qrupun digər üzvüləri ilə birlikdə yumruq və təpik zərbələri ilə zərərçəkmiş Zərərçəkmiş şəxs3 sifət və bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub, sonuncuya sağ qulaq seyvanının və bel nahiyəsinin qançırları ilə nəticələnən sağlamlığına zərərvurmayan, Zərərçəkmiş şəxs2 sağ qol nahiyəsinə qəsdən vurub, sonuncuya sağ saidin sıyrılmış yarası ilə nəticələnən sağlamlığına zərərvurmayan və Zərərçəkmiş şəxs4 sağ ayaq nahiyəsinə qəsdən vurub, sağ ayağının qançırı ilə nəticələnən sağlamlığına zərərvurmayan xəsarətlər yetirmiş, sonra isə o, dalaşma zamanı baş nahiyəsindən yumruqla vurulmasından əsəbiləşib cüzi səbəb gətirərək xuliqanlıq hərəkətlərini davam etdirib qrupun üzvü Emin adlı şəxsin əlindən aldığı tiyəsinin uzunluğu 103 mm, maksimal eni 23 mm, maksimal qalınlığı 2,8 mm, dəstəyin uzunluğu 127 mm, orta hissədən eni 26 mm, qalınlığı 17 mm olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ilə Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ nahiyəsinə bir dəfə qəsdən vuraraq, ona döş qəfəsinin sağ ön səthinin sağ yarısının, sağ plevra boşluğuna nüfuz edən, sağ ağciyərin aşağı payını yaralayan, sağtərəfli hemopnevmotoraks (plevra boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərəri təkrarən xuliqanlıq niyyəti ilə vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2023-cü il avqustun 3-ü axşamtərəfi evdən zibil atmaq üçün çıxıb, zibili atdıqdan sonra yaşadığı binanın ətrafında həmyaşıdı olan bir neçə şəxsin bir yerə toplaşıb mübahisə etdiklərini görüb. Onlara nə baş verdiyini soruşmaq üçün yaxınlaşıb və bu zaman dava başlayıb. Dava zamanı ona da yumruq dəyib və o da özünü müdafiə etmək üçün dalaşmağa başlayıb. O, yerə yıxılıb və bir neçə saniyəlik huşu özündən gedib, ayılanda əlinin qanadığını görüb. Əlini Zərərçəkmiş şəxs1 yaraladığını düşünüb və yanındakı bıçağı götürüb Zərərçəkmiş şəxs1 sinəsinə bir bıçaq zərbəsi vurub. O, davadakı uşaqların heç birini tanımayıb, heç kimin əlindən bıçaq almayıb, bıçağı yerdən götürüb. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, dava zamanı tanımadığı şəxslərlə əlbəyaxa olub, onlara yumruq-təpik vurub. Dava siqaret üstündə düşüb. Mübahisə edən şəxslərin sayı təxminən 10 nəfər olardı. Dava başalyanda onu ilk dəfə kimin vurduğunu bilmir. Nhad Abbasovu vurduğu bıçağı dava bitəndən sonra özü ilə yaşadığı evə aparıb və polis əməkdaşlarına təhvil verənə qədər bıçağı özündə saxlayıb. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 21 radələrində yaşadığı evdən zibil atmaq üçün evlərinin yaxınlığında olan zibilxanaya getmişdir. Zibili atdıqdan sonra yaxınlıqda yerləşən binanın yanında təxminən 8-10 nəfər oğlanların bir yerə yığışaraq mübahisə etdiyini görmüşdür. O, zibili atıb həmin kütləyə yaxınlaşanda Xırdalanda Heydər parkından tanıdığı təxminən 15-16 yaşı olan Muradı, 13-14 yaşlı Vahidi və Emin adlı şəxsi tanımışdır. Həmin vaxt onların yanlarında tanımadığı oğlanlar da olmuşlar. Bu zaman tanıdığı Murad, Emin, Vahid və digər oğlanlar arasında dava düşmüş və kütlənin içərisində olduğundan onu da kimsə başından yumruqla vurmuşdur. Onu kimin vurduğunu görməmiş və o, da bundan sonra dalaşmağa başlamışdır. Dava zamanı Emin cibindən bıçaq çıxararaq həmin 4 nəfər şəxsin üzərinə cumaraq getmələrini bildirmişdir. Həmin vaxt o, baş nahiyəsindən vurulduğu üçün ağrıdığından əsəbləşərək həmin şəxsləri qorxutmaq məqsədi ilə sağ əli ilə Eminin əlindən bıçağı almaq istərkən bıçaq əlinin ovuc hissəsini kəsmiş və baxanda görmüşdür ki, əlindən qan axır. O, əlinin ovuc hissəsinin kəsildiyindən də əsəbləşib Eminin əlindən dartıb bıçağı almış və həmin 4 nəfər oğlanlara qorxutmaq məqsədi ilə yaxınlaşmışdır. Lakin necə olmuşsa əlindəki bıçaq adı ona sonradan məlum olan Nihad adlı şəxsin sinəsinə batmışdır. Bundan sonra hər kəs dağılışmış və vuduğu şəxs də, yanındakı 3 nəfər şəxslərlə həmin yerdən uzaqlaşmağa başlamışlar. Bundan sonra o, yaxınlıqdakı aptekə gedib özünə pambıq və bint alıb əlini sarımış və evə getmişdir. Bu gün isə polis əməkdaşları yaşadığı evə gələrək onu Abşeron RPİ-nə gətirmişlər. Əlavə olaraq bildirmişdir ki, hadisədən sonra qorxduğundan polisə məlumat verməmiş və təslim olmamışdır. Mübahisəyə səbəbi o, bilməmiş, o, zibili atıb gələndə həmin şəxslərin tanışları Emin, Vahid, Murad və tanımadığı oğlanlarla sözlə mübahisə etdiklərini görüb onlara yaxınlaşmışdır. Mübahisə 03 avqust 2023-cü il tarixdə təxminən saat 20:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseyn 26 ünvanında yerləşən binanın qarşısında baş vermişdir. O, Zərərçəkmiş şəxs1 və onun yanında olan oğlanlara qorxutmaq məqsədi ilə bıçaqla yaxınlaşmış və gözlənilmədən bıçaq Nihadın sağ döş qəfəsi nahiyəsindən dəymiş və xəsarət yetirmişdir. Həmin mübahisə zamanı onun baş nahiyəsindən kiminsə tərəfindən yumruqla vurmasından əsəbləşmiş və bu zaman tanışı Eminin əlində bıçaqla həmin şəxslərin arxasınca qaçdığını görüb ona yaxınlaşıb bıçağı Eminin əlindən alarkən hətta bıçaq əlini kəsmiş və o, da bıçağı Eminin əlindən alıb həmin şəxslərə yaxınlaşmış, bu zaman Zərərçəkmiş şəxs1 əlindəki bıçaqla sağ döş nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Onun məqsədi Zərərçəkmiş şəxs1 bıçaqla vurmaq deyil, qorxutmaq olmuşdur. Mübahisə zamanı o, Emin adlı dostunun əlindən bıçağı almaq istərkən ehtiyatsızlıqdan bıçaq sağ əlinin ovuc hissəsini kəsmişdir. Bununla bağlı onun heç kimdən şikayəti və tələbi olmamışdır. Eyni zamanda Zərərçəkmiş şəxs1 və onunla olan digər oğlanlarında əllərində bıçaq və ya silah qismində istifadə edilən hər hansı bir əşya görməmişdir. Mübahisə zamanı orada o, Emin, Vahid, Murad, tanımadığı oğlanlar, digər tərəfdən həmin 4 nəfər oğlanlar və tanımadığı yaxın ətrafda yaşayan oğlanlar olmuşlar. O, Zərərçəkmiş şəxs1 vurduğu bıçağı mübahisə zamanı Emin adlı tanışının əlindən almış və hadisədən sonra isə həmin bıçağı qorxduğu üçün yaşadığı evin həyətində gizlətmişdir. Onun Zərərçəkmiş şəxs1 bıçaqla vurmaq niyyəti olmamış, sadəcə o, onları qorxutmaq istəmiş, lakin ehtiyatsızlıqdan əlindəki bıçaq Zərərçəkmiş şəxs1 sağ döş nahiyəsinə batmışdır. O, etdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra bildridi ki, həmin ifadənin bəzi hissələri düzgün yazılmayıb, çünki o, davada olan heç bir şəxsi tanımayıb, bıçağı da Emin adlı şəxsdən almayıb, yerdən götürüb. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 onun dostlarıdır. Hadisə günü 03 avqust 2023-cü il tarixdə, saat 21 radələrində yaşadıqları binanın yaxınlığında o, Nihad və Ağahüseyn dostları Rəvan başqa bir neçə şəxs tərəfindən təkləndiyini dediyi üçün ona kömək etmək məqsədilə toplaşıblar. Onlarla dava edən şəxslər sonradan tanıdığı Təqsirləndirilən şəxs və onun dostrları olub. Onlar əlbəyaxa dava ediblər və bir də Zərərçəkmiş şəxs1 sinəsindən qan axdığını görüblər və onu təcili xətəxanaya aparıblar. Sonradan bilib ki, Nihadı Maqsud bışaqla vurub. O, halhazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən maddi ziyan ödənilmişdir və heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 2023-cü ilin avqustun 3-ü evdə olduğu vaxt Ravil ona zəng edib və bir neçə şəxsin qardaşı Zərərçəkmiş şəxs3 sataşıb əl-qol atdığını deyib. O, qardaşı Rəvana sataşanlardan yalnız Muradı tanıyıb, digər şəxsləri tanımayıb. Ravilin zəngindən sonra binanın həyətinə düşüb və orada Muradı gördükdə niyə qardaşına qarşı elə hərəkətə yol verdiklərini soruşduqda, Murad heç nə eləmədiyini, siqaret üstündə Ravillə digər uşaqlar arasında mübahisə yarandığını, onun isə əksinə uşaqları aralayıb mehribançılıq yaratdığını deyib. Sonradan Ağahüseyn, Rəvan Muradla onun söhbət etdiyi yerə gəliblər. Onlar binanın yaxınlığındakı marketin arxasına keçiblər və bundan sonra 7-8 nəfər şəxs birlikdə onlara yaxınlaşıb və 1 nəfər onunla söhbət etmək istədiyini deyib. Onlar söhbət etməyə başlayan kimi həmin şəxs onu vurub və dava düşüb. Sonradan bilib ki, həmin şəxsin adı Maqsuddur. Bir də görüb ki, sinəsindən qan axır və onda bilib ki, bıçaqlanıb. Sonra dostlarının köməyi ilə xəstəxanaya gedib. Onu kimin bıçaqladığını görməyib, sonradan polisdə müəyyən olunub ki, onu Təqsirləndirilən şəxs vurub. O, halhazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən maddi ziyan ödənilmişdir və heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 03 avqust 2023-cü il tarixdə saat 19 radələrində o, dostu Zərərçəkmiş şəxs4 ilə söhbət edərkən digər dostu Zərərçəkmiş şəxs3 həyəcanlı halda ora gələrək Xırdalanda təxminən bir neçə oğlan tərəfindən təkləndiyini bildirib. Həmin vaxt Ravil Nihada zəng edərək qardaşı Rəvanın Xırdalanda təxminən bir neçə oğlan tərəfindən təkləndiyini bildirib. Onlar yəni, o, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 həmin vaxt Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parka getməyi qərara alıblar və yolda gedəndə Rəvanın qardaşı Nihadın bir nəfər şəxslə söhbət etdiyini görüblər. Həmin vaxt dostu Rəvan onlara onu təkləyənlərdən birinin həmin şəxsin olduğunu və adının Murad olduğunu deyib. Həmin vaxt orada o, Rəvan, Ravil, Nihad və Murad, adını bilmədiyi 2 nəfər dostları ilə olublar. Söhbət zamanı həmin yerə yaşca böyük oğlan yaxınlaşmış və onlara «bunların böyüyü mənəm, nə məsələdir?» deyə soruşub. Həmin vaxt Nihad və həmin şəxs arasında mübahisə başlayıb. Həmin vaxt həmin oğlanlardan biri əlində bıçaq onun üzərinə gəlməyə başlayıb. O, tez arxaya doğru çəkilərkən kimsə onu vurub və o, xəsarət alıb. Ara qarışıb və bu zaman Nihadın qarın nahiyəsini əli ilə tutaraq onu təcili xəstəxanaya çatdırın deməsini və qarın nahiyəsində qan olduğunu görüb. Həmin oğlanlar bunu görüb oradan qaçıblar. Onlar tez Nihada kömək edib, onu xəstəxanaya aparıblar. Həmin vaxt ara qarışıq olduğundan o, Nihadı kimin vurmasını görməyib, lakin sonradan ona məlum olub ki, Nihadı orada olan adı ona sonradan məlum olan Maqsud adlı oğlan əlindəki bıçaqla qarın nahiyəsindən vuraraq xəsarət yetirib. O, hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən maddi ziyan ödənilmişdir və heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Abşeron Gənclər şəhərciyinə dostları ilə gedən vaxtı bir neçə şəxs ona sataşıb və əl-qol atıb. O başına gələnləri qardaşı Ravilə danışıb və qardaşı Ravil də digər qardaşları Nihada zəng edib həmin hadisəni danışıb. Bundan sonra qardaşı Nihad binanın həyətinə düşüb və orada Muradla söhbət etməyə başlayıb. Daha sonra onlar söhbətlərinə binanın yaxınlığındakı marketin arxasında davam etmək qərarına gəliblər. Bu zaman onlara 7-8 nəfər şəxs yaxınlaşıb və onlardan 1 nəfər özünü onların böyüyü kimi təqdim edib və qardaşı Nihadla təklikdə söhbət etmək istədiyini deyib. Həmin şəxs bir az kənara çəkilən kimi qardaşı Nihadı vurub və dava düşüb. Dava başlayandan bir az sonra qardaşı Nihadın sinəsindən qan axdığını görüb və təcili onu xəstəxanaya aparıblar. Qardaşı Nihadı kimin bıçaqladığını görməyib. Sonradan bilib ki, Nihadı Maqsud bıçaqla vurub. O, hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən maddi ziyan ödənilmişdir və heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, 2023-cü il avqustun 3-ü tanışı Murad adlı şəxslə tanımadığı başqa şəxs arasında mübahisə yarandığını görüb. Sonradan onlar aralanıblar və bir az sonra səs gəldiyini eşidib. Səs gələn tərəfə gedib və orada uşaqların dava elədiyini görüb. Sonradan Maqsud da ora gəlib və o, Maqsudun bir nəfəri bıçaqladığını görüb. Eşitdiyinə görə bıçaq əvvəl Emil adlı şəxsin əlində olub, amma o, bıçağın kimdə olduğunu görməyib. O, Təqsirləndirilən şəxs tanımayıb, onu ilk dəfə həmin davada görüb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 21 radələrində o, yaşadığı evə gələndə görmüşdür ki, Maqsud və bir neçə nəfər oğlan yığışıb nəsə sözlə mübahisə edirlər və yüksək səslə danışırlar. O, kənardan adamların keçdiyini görüb onlara yaxınlaşaraq gedin kənarda söhbət edin deyib və özü oradan yaşadığı evə gəlib. Həmin günün səhərisi yəni xx.xx.2023-cü il tarixdə o, Vahidi oxuduqları məktəbin ətrafında görmüş və söhbət əsnasında Vahid ona bildirmişdir ki, dünən həmin yerdə tanımadıqları oğlanlarla dava baş vermiş və həmin tanımadıqları oğlanlardan biri bıçaqlanmışdır. O, Vahiddən nə qədər soruşsa da o, ona kimin kimi bıçaqlamasını deməmişdir. Əlavə olaraq bildirmişdir ki, o, ifadəsində də göstərdiyi kimi həmin şəxslərə yaxınlaşıb qışqırmamalarını, gedib kənarda söhbət etmələrini bildirmişdir. Lakin kimin kimi bıçaqlamasını görməmiş və şahidi olmamışdır. Məhkəmədə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşı oğludur. 03 avqust 2023-cü il tarixdə, təxminən saat 23:00-da o, yaşadığı evdə olarkən ona qardaşı Əlizaman zəng vuraraq oğlu Nihadın Xırdalan şəhəri, «Mətanət A» zavodu ilə üzbə-üz «Bazarstorenin» yanında naməlum şəxs tərəfindən ağ ciyər nahiyəsindən vuraraq xəsarət yetirildiyini və hal-hazırda X5qlarını bildirmişdir. O, da tez X11 gəlmişdir. Orada ona məlum olmuşdur ki, qardaşı oğlu Nihadı əməliyyat etmişlər. Ona görə də o, DİN-nin 102 xidmətinə zəng vuraraq qardaşı oğlu Zərərçəkmiş şəxs1 ağ ciyər nahiyəsindən bıçaqlanması barədə məlumat vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 19 avqust 2023-cü il tarixli 2320 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı Psixi Xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental- psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.) intellektinin normaya uyğun olması müəyyən olunur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Onda xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır. Təqsirləndirilən şəxs mübahisə etməyə meyillilik, eqosentrizim, inadkarlıq, emosionallıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerililik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əqliintellektual imkanları nəzərə alınmaqla, etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 3/1308 №-li ekspert rəyində göstərilmişdir ki - tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 2361 №-li ekspert rəyində X1 bədən səthi üzərində - döş qəfəsinin sağ önsəthinin sağ yarısının, sağ plevra boşluğuna nüfuz edən, sağ ağciyərin aşağı payını yaralayan, sağtərəfli hemopnevmotoraks (plevra boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən bir (1) ədəd deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli Ə40 №-li ekspert rəyində Zərərçəkmiş şəxs3 Əlizamin oğlunun bədən səthi üzərində - sağ qulaq seyvanının və bel nahiyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yarana bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli Ə41 №-li ekspert rəyində Zərərçəkmiş şəxs2 bədən səthi üzərində - sağ saidin sıyrılmış yarası küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yarana bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli Ə42 №-li ekspert rəyində Zərərçəkmiş şəxs4 bədən səthi üzərində - sağ ayağın qançırı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yarana bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, Zərərçəkmiş şəxs1 03 avqust 2023-cü il tarxidə, saat 20:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, M.Hüseynzadə küçəsində yerləşən binanın yan tərəfində bıçaqla vuraraq xəsarət yetirdiyi yeri əyani şəkildə göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və qərardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt Ağır Cinayətlər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsi tədbiq edilməklə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdən 04 avqust 2023-cü il tarixədək ev dustaqlığında saxlandığı 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılmış və onun üzərində qəti cəza olaraq 01 (bir) il 08 (səkkiz) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmdən verilmiş apellyasiya protestinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 02 (iki) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Beləliklə, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.4, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş və üzərində saxlanılmış 05 il 02 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4, 221.3 və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Qeyd edilən qərarın 8 və 9-cu bəndlərinə əsasən isə xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərə dəyən maddi ziyanı tam ödəməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddi barədə CM-nin 60.1-ci maddəsinin tələblərini xatırladır. Belə ki, CM-nin 60.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə, CM-nin 60.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Abşeron Rayon Məhkəməsinin 06 avqust 2023-cü il tarixli qərarı ilə “həbs” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 01 (bir) ədəd ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 126.2.1 və 126.2.4-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş və üzərində saxlanılmış 05 il 02 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 01 (bir) ədəd ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar