Məhkəmə qərarları › İş №1(124)-525/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-525/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-525/2023 02.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (CİNAYƏT İŞİ ÜZRƏ İCRAATA XİTAM VERİLMƏSİ HAQQİNDA) Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxsin hüquqi varisi - X4, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 Saylı Vəkil Bürosu vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, subay, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksininn 6 saylı məhkəmə zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş və işə məhkəmədə baxılma müddətində təqsirləndirilən şəxs vəfat etmişdir. Cinayət işi və iş üzrə tərtib edilmiş ittham aktına əsasən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham irəli sürmüşdür ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayaraq daşımışdır Belə ki, Təqsirləndirilən şəxs “Whatsapp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan “Mehman” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitələrin 300 manat müqabilində deyəcəyi şəxsə veriməsi barədə ümumi razılığa gəlmiş, bu məqsədlə xx.xx.2023-cü il tarixdə bir qrup şəxs halında “Mehman” adlı şəxsin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Novxanı yolunun kənarında “Binəqədi Duz” gölü ilə üzbə-üz tərəvəz məhsulları saxlanılan anbarın daş hasarının dibinə qoyduğu 02 (iki) ədəd qara rəngli politilen bağlamada ayrı-ayrılıqda çəkiləri 1400 qram, 1630 qram, ümumi çəkisi 3030 qram olan külli miqdarda bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb satış məqsədilə qanunsuz əldə edərək, daşımış və üzərində saxlamış, həmin gün saat 23 radələrində Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən Mehdiabad qəsəbəsində saxlanılaraq Mehdiabad polis bölməsinə gətirilib xx.xx.2023-cü il tarixdə saat 01:29-dan saat 01:40-a kimi üzərinə şəxsi axtarış aparılan zaman əlində olan 2(iki) ədəd qara rəngli politilen sellofana bükülüdə həmin 3030 (3kq30qram) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən təqsirləndirilən şəxsin xx.xx.2023-cü il tarixdə Müalicə Müəssisəsində ölməsi barədə məlumat daxil olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ölmüş, xx.xx.2023-cü il tarixdə Nizami rayon qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 Abbas Cəmil oğlunun qardaşıdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmiş Təqsirləndirilən şəxs qardaşı X7 təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınaraq cinayət prosesinə buraxılmışdır. Məhkəmənin hazırlıq iclası zamanı dövlət ittihamçısı vəsatətlə müraciət edərək cinayət təqibini istisna edən hal aşkar edildiyindən təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina etməsini bildirmiş, vəsatətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölmüşdür, bəraətverici əsaslar yoxdur və bu səbəbdən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.5ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə təqsirləndirilən şəxsin hüquqi varisi, həmçinin müdafiəçisi hazırki iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazlarının olmamasını bildirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi səbəbindən, həmçinin təqsirləndirilən şəxsin hüquqi varisinin, o, cümlədən onün müdafiəçisinin işə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazlarının olmaması səbəbindən dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməsi və cinayət işi üzrə icraata xitam verilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar barədə qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verildiyinə görə iş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış çəkisi 3029,6 qram marixuana məhv edilməli, “X10 4” markalı mobil telefon təqsirləndirilən şəxsin hüquqi varisinə qaytarılmalı və 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5, 41.2, 300.1.7 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddəsi ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi səbəbindən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Bu qərar qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış çəkisi 3029,6 qram marixuana məhv edilsin, “X10 4” markalı mobil telefon təqsirləndirilən şəxsin hüquqi varisinə qaytarılsın və 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar