Məhkəmə qərarları › İş №1(124)-526/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-526/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-526/2023 10.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1978-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 10, mənzil 9-da qeydiyyatda olub, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 30, mənzil 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarix, saat 21 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən Qubadlı rayon icra hakimiyyətinin arxasında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncu kəllə ilə onun burun nahiyəsindən vurduqdan sonra o, üzərində olan istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs qarnına vuraraq enən çənbər bağırsağın, nazik bağırsağ müsariqəsinin, böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarının sol ön divarının bir ədəd boşluğa keçən deşilmiş-kəsilmiş yarası, hemoperitonium, hemorragik şok İİ dərəcə ilə nəticələnən dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxx 1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Orta məktəbi Sumqayıtda bitirmiş, Neft Akademiyasının məzunudur. İki il yarım hərbi xidmətdə olmuşdur. Qırx beş yaşı var, indiyədək hər hansı cinayət əməli törətməmişdir. Cinayət işi materiallarını müstəntiq sənədləşdirmiş, hadisənin vaxtını üç dəqiqə qeyd etmiş, əslində hadisə heç iki dəqiqə çəkməmişdir. Qubadlı icra hakimiyyətinin arxasındakı kameranın da görüntüləri vardır. Orada anormal bir şey olmamışdır. İki nəfər oranın sakinləri, bir də zərər çəkmiş şəxs olmuşdur. O, zərər çəkmiş şəxslə qonşu olmuşsa da, aralarında şəxsi tanışlıq münasibəti olmamışdır. Zərər çəkmiş şəxslə aralarında dava orada olan başqa bir adama görə yaranmışdır. O, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməmişdir. Bəlkə Zərərçəkmiş şəxs yerə yıxılıb. Hadisə iki dəqiqənin içərisində olmuş, ona da kəllə dəymişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs yanındakı adam gedib demişdir ki, guya o polisə işləyir. Münaqişə də bu səbəbdən yaranmışdır. Samirin qonşuları da üç-dörd dəfə məhkumluğu olan, psixoloji və narkoloji dispanserdə qeydiyyatda olmuş adamlardır. Necə olur ki, narkotik vasitənin təsirində olmuş adamların şahidliyi qəbul olunur. Hadisə zamanı Zərərçəkmiş şəxs yaxınlığında ondan başqa iki nəfər də olmuşdur. Bəlkə Zərərçəkmiş şəxs yerə yıxılıb nəsə olub, yıxılanda nəsə ona batıb xəsarət alıb. Təqsirləndirilən şəxs müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, hadisə zamanı Zərərçəkmiş şəxs yaxınlığında ondan başqa Şahid1 və Şahid2 olmuşdur. 22 fevral 2023-cü il tarixli qərarla zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla qonşudur, mübahisələri olmuş və dalaşmışdırlar. Bıçağı Təqsirləndirilən şəxs əlində görməmişdir. Zərər çəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, hadisənin üzərindən xeyli vaxt keçdiyindən iş üzrə bütün xüsusatları hazırda dəqiqliklə xatırlamamışdır. İlk olaraq o Təqsirləndirilən şəxs sifət nahiyəsinə kəllə vurmuşdur. O, kəllə vurduqdan sonra Emil yerə yıxılmamışdır. Təqsirləndirilən şəxs ona nə ilə xəsarət yetirdiyini görməmişdir. Emil onun qarın nahiyəsinə xəsarət yetirmişdir. Emilin ona nəylə xəsarət yetirdiyini görməmişdir. Avtomobilə əyləşdikdən sonra bədənindən qan axdığını görmüşdür. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Münaqişə zamanı ətrafda özləri olmuş, kənar heç kim olmamışdır. Onlar münaqişə edən zaman ətrafdan çox sayda tanımadığı adam keçmiş, daha həmin şəxslərin hadisəni görüb-görməmələri barədə məlumatı olmamışdır. Zərər çəkmiş şəxs müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla mübahisə edən zaman sərxoş olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Samir Emili yanına çağırmış və bıçaqlanma hadisəsi baş vermişdir. Onları ayırmışdır. Daha sonra Samir avtomobilinə əyləşib hadisə yerindən uzaqlaşmış, Emil də hadisə yerindən çıxıb getmişdir. Emilin Samirə bıçaqla xəsarət yetirməsinin şahidi olmamışdır. O, bıçaq görməmişdir. Emillə Samir dalaşmışdır. Münaqişə zamanı ətrafda kənar adam görməmişdir. Şahid2 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşıdır. Zərərçəkmiş şəxs isə onun qonşusudur. 20 fevral 2023-cü il tarixdə, saat 21 radələrində Samirlə məhlədə görüşmüş və bundan sonra avtomobilinə əyləşib söhbət elməyə başlamışlar. Samir Vüqarı axtarmışdır ki, ona pul verərək evinin qarşısını təmizləməsini xahiş etsin. Samirlə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qubadlı rayon icra hakimiyyətinin arxasında dayanmışlar. Bundan sonra Emil və Vüqar gəlmiş, Samir avtomobildən düşüb Vüqarla söhbət etməyə başlamış, həmin vaxt Emil ona yaxınlaşıb söhbət etməyə başlamış, bu zaman o, Samirin avtomobilində öndə əyləşmiş, bundan sonra Samir Emilə yaxınlaşaraq nə olduğunu soruşmuş, Emil cavab verəndən sonra Samir onu kəllə ilə vurmuş və mübahisə başlamışdır. Həmin vaxt avtomobildən düşmüdşür ki, onları aralaşdırsın. Samir avtomobilə əyləşmiş və onlar məhlədən çıxmışlar. Həmin vaxt Samir Emilin onu bıçaqla vurduğunu demiş, o, Samirdən avtomobildən düşməsini, idarə edib xəstəxanaya aparacağını demiş, Samir isə yaxşı olduğunu özünün sürəcəyini demiş və onlar Sumqayıt şəhər TTYX-ya gəlmişlər. Şahid2 həmçinin ifadəsində hadisənin təxminən 3 dəqiqə davam etdiyini, hadisə zamanı ucadan səs-küy olmadığını, ətrafa insanların toplaşmadıqlarını, hadisənin ifadəsində qeyd etdiyi kimi olduğunu, hadisə zamanı Zərərçəkmiş şəxs əlində bıçaq görmədiyini bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 fevral 2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən bıçaqlanaraq qarın nahiyəsinin kəsilmiş deşilmiş xəsarəti ilə xəstaxanaya müraciət etmişdir. İş materallarına əlavə edilmiş “baxış keçirilməsi haqqında” 20 fevral 2023-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində yerləşən Qubadlı rayon icra hakimiyyətinin arxasında baş vermişdir. İş materallarına əlavə edilmiş “baxış keçirilməsi və götürmə aparılması haqqında” 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd köynək götürülmüşdür. İş materallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 21 fevral 2023-cü il tarixli 325 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində enən çənbər bağırsağın, nazik bağırsağ müsariqəsinin, böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarının sol ön divarının bir ədəd boşluğa keçən deşilmiş-kəsilmiş yarası, hemoperitonium, hemorragik şok İİ dərəcə xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərər çəkmişin Sumqayıt şəhər TTYX-na qəbul ediliyi vaxtdan az əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 24 fevral 2023-cü il tarixli 228 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində burun sümüyünün natamam sınığı ilə müşayət olunmuş burun nahiyənin qançırı və şoşkinliyi, sol gözaltə nahiyəninn qançırı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə kəllə ilə yetirilən zərbənin təsirindən yarana bilərdilər və dərəcəsinə görə saölamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığıa yüngül zərərvurmaya aiddir. İş materallarına əlavə edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 31 mart 2023-cü il tarixli, 127/2023-MTKŞ saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü, kafi itilikdə olan ülgüclü və iti ucu olan yastı tiyə tipli deşicikəsici alətin (ola bilsin bıçağın) təsirindən törənmişdir. İş materallarına əlavə edilmiş məhkəmə tibbi bioloji ekspertizasının 05 aprel 2023cü il tarixli 180/2023-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs təqdim olunan portalından çıxarışın kserosurətinə əsasən qan qrupu - A/İİ//. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus köynək üzərində Abeta (H) /İİ/ qruplu insan qam aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzəri Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur, əgər onun qanında müşayiətçi ;(H” anligeni varsa. İş materallarına əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 aprel 2023-cü il tarixli, 878 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair bir psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o. öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak elmək iqtidarındadır. Təqsirləndirilən şəxs oğkunun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs 24 may 2023-cü il və xx.xx.2023cü il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndiirlməsi haqqında” qərara əsasən iş üzrə hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Sumqayıt şəhər 1 Saylı MKS-si tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin, cinayət işinin materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 4(060)- 78/2023-cü il tarixli qərarının əsaslandırma hissəsinə nəzər yetirdikdə aydın olur ki, təqsirləndirilən şəxs əməli etiraf etməsə də, zərərçəkmiş şəxsin onu sifət nahiyəsinə yumruqla vurub, sonradan bıçaqla vurmaq istəyərkən, zərərçəkmiş şəxsin əlini geri itələməsi və sonradan bıçağın zərərçəkmiş şəxsə dəydiyini bilməsi məzmunlu ifadə vermişdir. Odur ki, qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki,maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd köynək sahibinə qaytarılmalı, qəbul etmədikdə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Qeyd olunan iş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkilməsinin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək sahibinə qaytarılsın, qəbul etmədikdə məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar